Müasir dövrdə istənilən dövlətdə dövlət hakimiyyətinin təşkili dövlətin forması ilə müəyyən olunur ki, onun da vacib tərkib hissəsini idarəetmə forması, yəni ali dövlət hakimiyyəti orqanlarının formalaşması və fəaliyyət qaydaları təşkil edir. Dövlət başçısı vəzifəsinin tutulması üsulu baxımından idarəetmə formaları kimi monarxiya və respublikala ayrılır ki, bu da əksər dünya dövlətlərinin konstitusiyasında birbaşa qeyd olunur. Burada mahiyyətcə başlıca fərq dövlət hakimiyyətinin təşkilində öz ifadəsini tapır. Dövlət başçısının funksiya və səlahiyyətləri, həmçinin hakimiyyət qolları arasında balans cəmiyyətin siyasi inkişaf səviyyəsindən, eləcə də respublikanın növündən asılı olaraq müəyyən olunur.
Dünya konstitusiya praktikasında tətbiq olunan parlamentli, prezidentli və qarışıq (yarıprezidentli) respublika növləri şəraitində prezidentliyi səciyyələndirən xüsusiyyətlər fərqli olmaqla, dünya ölkələrində bu institutun müxtəlif modellərinin mövcud olmasını şərtləndirirlər. Bütün bunlar parlamentli respublikalarda, eləcə də XX əsrin ikinci yarısında yaranan və daha da yayılan qarışıq idarəetmə sistemində prezidentliyin xüsusiyyətlərinin araşdırılmasının həm nəzəri, həm də praktiki əhəmiyyət kəsb etdiyini göstərir.
Parlamentli respublikalarda prezidentlik
institutunun ümumi səciyyəsi
Məlum olduğu kimi, parlamentli respublika dövlət idarəçiliyi formalarından biri olan respublikanın bir növüdür (digər növünü prezidentli respublika təşkil edir). Tədqiqatçılar respublika növlərinin fərqləndirilməsi meyarlarına hökumətin formalaşması üsulunu, eləcə də hökümətin siyasi məsuliyyəti və dövlət başçısının seçilməsi üsulunu aid edirlər. Yəni başlıca meyarları dövlət başçısının formalaşması və hökumətin məsuliyyəti xarakteri təşkil edir [8, s.136-137]. Müasir parlamentli respublikaların konstitusiyalarında prezidentin dövlət başçısı statusu təsbit olunur, lakin onun mövqeyi eyni şəkildə müəyyən edilmir. Bir sıra ölkələrin konstitusiyalarında (məsələn, Yunanıstanın) prezident icra hakimiyyətinin daşıyıcısı elan edilir. Digərlərinin konstitusiyalarında isə (məsələn, İtaliya) prezident icra hakimiyyəti sferasından tamamilə istisna edilməklə yanaşı, həm də hökumətin tərkibinə daxil edilmir.
Parlamentli respublikalarda prezidentin dövlət başçısı kimi yeri və rolunu ilk növbədə onun hüquqi statusu və səlahiyyətlərini nəzərdən keçirməklə araşdırmaq olar. Bu baxımdan parlamentli respublika idarəçiliyinə malik olan Almaniyada prezidentliyin əsas səciyyələrini təhlil etmək olar. AFR-in 1949-cu ildə qəbul edilmiş Əsas Qanuna görə Federal prezident müstəqil və siyasi cəhətdən neytral olmaqla federal hakimləri və bəzi kateqoriya dövlət qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edir, qəbul edilmiş qanunları təsdiq edir, həmçinin müxtəlif aktlar qəbul edə bilər, lakin həmin aktların qüvvəyə minməsi üçün Federal kansler və ya səlahiyyətli federal nazir tərəfindən imzalanması tələb olunur. Almaniya prezidenti 5 il müddətinə seçilir, fərqli cəhət odur ki, Almaniya prezidentini parlament deyil, bu məqsədlə xüsusi yaradılmış dövlət orqanı olan Federal məclis seçir. Federal məclisin tərkibinə Bundestaqın üzvləri və torpaqların xalq nümayəndəlikləri tərəfindən seçilmiş üzvlər daxil olunur. Konstitusiyaya görə Federal prezident hökumətin və qanunverici orqanın tərkibinə daxil ola bilməz, hansısa digər haqqı ödənilən vəzifəni tuta bilməz [14]. Bütün bunlar isə prezidentin icra və qanunverici hakimiyyətlərlə münasibətində öz ifadəsni tapır. Beləliklə, Almaniyada prezident icra hakimiyyətindən kənara çıxarılır, onun hökumətin fəaliyyətinə təsiri azdır. Parlament seçkilərinin nəticələrinə əsasən prezident Federal kansler vəzifəsinə namizədi Bundestaqa təqdim edir və Bundestaq kanslerə etimad haqqında bəyannaməni dəstəkləməzsə, prezident onu buraxa bilər [7, s. 62].
Prezidentliyin xüsusiyyətlərini digər parlamentli respublika olan İtaliya nümunəsində də nəzərdən keçirmək olan. İtaliyada formalaşmış parlamentli idarəetmə forması hakimiyyət səlahiyyətlərinin dəqiq bölünməsi ilə xarakterizə olunur. İcra hakimiyyəti Baş Nazirin rəhbərlik etdiyi Nazirlər Kabinetinə məxsusdur, ölkə prezidenti isə təmsilçilik funksiyalarını yerinə yetirir. Təhlillər göstərir ki, İtaliya prezidenti 1948-ci ildə qüvvəyə minmiş Konstitusiyaya əsasən prezident dövlət başçısı olaraq milli birliyi təmsil edir, silahlı qüvvələrin komandanıdır. Onun səlahiyyətlərinə daxildir: parlamentin hər iki palatasını yaxud onlardan birini buraxa bilər (bununla bağlı Konstitusiyanın 88-ci maddəsində müəyyən şərtlər təsbit edilmişdir);baş naziri və onun təklifi ilə nazirləri təyin edir (maddə 92);qanunları promulqasiya edir, müvəqqəti veto hüququndan istifadə etməklə məqsədəmüvafiq hesab etmədiyi qanunu yenidən baxılması üçün parlamentə geri qaytara bilər. Lakin parlament qanunu yenidən qəbul edərsə, onda həmin qanun elan olunmalıdır; Konstitusiyada nəzərdə tutulmuş hallarda referendum elan edir; diplomatik nümayəndələri akkreditasiya və qəbul edir, beynəlxalq müqavilələri ratifikasiya edir (onların bəzilərini əvvəlcədən palatalarla razılaşdırmaqla) və s. (maddə 87). Göründüyü kimi, İtaliya Konstitusiyasında dövlət başçısının məsuliyyətinin dəqiq çərçivələri müəyyənləşdirilmişdir. Konstitusiya quruluşuna təcavüz və ya dövlətə xəyanət halları aşkar edildikdə isə prezidenti yalnız Parlament mühakimə edə bilər. İtaliyada prezident, Almaniyada olduğu kimi, xüsusi yaradılmış dövlət orqanı olan seçki kollegiyası tərəfindən 7 il müddətinə seçilir. Seçki kollegiyasının tərkibinə parlamentin hər iki palatasının deputatları, həmçinin hər bir vilayətdən seçilmiş üç nümayəndə daxil edilir [3].
Almaniya və İtaliyadan fərqli olaraq bir çox parlamentli respublikalarda (Yunanıstan, İsrail, Latviya, Çexiya və s.) prezident bilavasitə parlament tərəfindən seçilir və onun hakimiyyəti bir növ parlamentdən törəmə olur. Belə seçkilərin birinci turunda qalib gəlmək üçün adətən mütləq səs çoxluğu tələb olunur, sonrakı turlarda isə tələblər aşağı salınır. Bununla belə, bəzi parlamentli sistemə malik olan dövlətlərdə (məsələn, Avstriya, İrlandiya, Bolqariya, İslandiya və b.) prezident birbaşa seçkilərdə seçilir. Belə ölkələrdən birini Bolqariya təşkil edir. Parlamentli respublika olan Bolqariyada, artıq qeyd olunduğu kimi, prezident ümumi və birbaşa seçki hüququ əsasında beş il müddətinə seçilir. Konstitusion statusu baxımından prezident dövlət başçısı və Silahlı qüvvələrin ali baş komandanıdır, millətin birliyini təcəssüm etdirir və Bolqariya Respublikasını beynəlxalq münasibətlərdə təmsil edir. Prezident qanunvericilik təşəbbüsü, eləcə də Xalq məclisini buraxmaq hüququna malikdir. Onun həmçinin Xalq məclisinin qərarlarına veto qoymaq hüququ var və bu qərarlar yalnız onun tərəfindən imzalandıqdan sonra qüvvəyə minmiş hesab olunurlar. Lakin, prezidentə parlamentin istənilən qərarını üç dəfədən çox geri qaytarmaq hüququ verilmir. Əgər Xalq məclisi prezidentin rəyini nəzərə almadan eyni qərarı ardıcıl olaraq dördüncü dəfə qəbul edərsə, həmin qərar qüvvəyə minmiş hesab olunur. Qeyd edək ki, Bolqariyada hökumətin parlament qarşısında birbaşa məsuliyyəti mexanizmi mövcuddur. Bolqariyada hökumət parlamentə seçkilərin nəticələri əsasında formaşır və parlament qarşısında hesabat verir. Xalq məclisi baş naziri (nazir-sədri) və onun təklif etdiyi Nazirlər Şurasını seçir və baş naziri vəzifədən azad edir, həmçinin hökumətdə dəyişiklik edir. Xalq nümayəndələrinin 1/5-i Xalq məclisinə Nazirlər Şurasına etimadsızlıq haqqında məsələyə baxmağı təklif edə bilər, etimadsızlıq votumu buna xalq nümayəndələrinin yarısından çoxu səs verdikdə öz ifadəsini tapmış hesab olunur. Xalq məclisi nazir-sədrə yaxud Nazirlər Şurasına etimadsızlıq göstərərsə, nazir-sədr hökumətin istefasını bəyan edir. Göründüyü kimi, Bolqariyada prezident mərkəzi icra hakimiyyəti orqanı olan Nazirlər Şurasının, eləcə də nazir-sədrin seçilməsində iştirak etmir [1;9].
Təcrübənin təhlili göstərir ki, istənilən ölkədə respublikanın tipindən asılı olmayaraq prezident vəzifəsinə namizədə müəyyən tələblər irəli sürülür: həmin ölkənin vətəndaşlığı, seçki gününədək ölkədə yaşayış müddəti, yaş senzi (məsələn, əksər ölkələrdə dövlət başçısının yaşı 35, yaxud 40 yaşından az ola bilməz), ali təhsilli olması və s. Prezidentin səlahiyyət müddəti 4-7 il arası müəyyən olunur, bəzi ölkələrdə bir şəxs həmin vəzifədə 2 dəfədən artıq ola bilməz, bir sıra ölkələrdə isə həmin vəzifəyə bir neçə dəfə seçilə bilər (məsələn, ən uzun müddət hakimiyyətdə olan Fidel Kastro Kubaya 50 ilə yaxın (1959-2008) rəhbərlik etmişdir).
Parlamentli respublika idarəçilik formasının əsasını parlamentlə icra hakimiyyətinin qarşılıqlı asılılığı təşkil edir. İcra hakimiyyəti parlament tərəfindən formalaşdırılır və onun qarşısında tam şəkildə siyasi məsuliyyət daşıyır. Parlament də öz növbəsində hökümətə etimad göstərməli və ona qarşı (baş nazirə) lazım gələrsə etimadsızlıq votumunu tədbiq edir.
Parlamentarizm şəraitində səlahiyyətlərin bölünməsini müəyyən edən amil kimi dövlət başçısının rolu, baş nazir və kabinet arasındakı qarşılıqlı münasibətlərin xarakteri, kollektiv məsiliyyət və s. çıxış edir. Bu baxımdan rəhbərlik sahəsində dövlət başçısının və baş nazirin başçılığı ilə işləyən nazirlər komandası tərəfindən səmərəli idarəçilik həyata keçırılir. Bundan fərqli olaraq prezidentli republikaların əlamətlərinə aid edilir: prezident ümumxalq səsverməsində seçilmiş dövlət başçısıdır; prezident hökümətin tərkibini müəyyən edir və onun fəaliyyətinə rəhbərlik edir; prezident qanunvericilik təşəbbüsü hüququ subyekti olmaqla, qanunvericilik sahəsində xeyli səlahiyyətlərə malikdir; həm prezidentin, həm də parlamentin hakimiyyətdə olma müddəti konstitusiya ilə konkret təsbit olunur və bu müddətlər bir-birindən asılı deyil və s.
Onu da qeyd etmək lazımdır ki, məhz parlamentli respublikalarda ilk dəfə olaraq prezidentin neytral güc rolunu oynaması ideyası yayılmışdı. Bu ideyaya uyğun olaraq, bir çox parlamentli respublikalarda prezident seçilmiş şəxsin öz partiyasında əvəllər tutduğu bütün vəzifələrdən istefa verməsi ənənəsi formalaşmışdır, məsələn, Almaniyada [14].
Qarışıq respublikalarda prezidentliyin xüsusiyyətləri:
Parlamentin yaxud prezidentin (dövlət başçısının) rolunun gücləndirilməsi baxımından qarışıq respublikanın növləri kimi yarıparlamentli (parlamentli –prezidentli) və yarıprezidentli (prezidentli-parlamentli) respublikalar ayrılır. Parlamentli respublikalardan fərqli olaraq parlamentli-prezidentli respublikaların (Fransa, Polşa, Finlandiya, Litva, Ukrayna və s.) əsas əlamətlərindən biri prezidentin parlament tərəfindən deyil, xalq tərəfindən seçilməsidir. Prezidentin və parlamentin ümumxalq seçkilərdə seçilməsi ikili demokratik legitimliyə gətirib çıxarır ki, bu da onların müxtəlif siyasi cərəyanlara aid olmasını şərtləndirə bilər və bunun nəticəsi müəyyən məsələlər üzrə, o cümlədən hökumətin tərkibinin formalaşdırılması ilə bağlı rəqabətin yaranması olur [10, s.11].
Parlamentli respublikadan yarıprezidentli respublikaya keçid baxımından Fransanın bu sahədəki təcrübəsi maraq doğurur. Məlum olduğu kimi, XIX əsrin sonundan XX əsrin ortalarınadək Fransa parlamentli respublika olmuş, lakin saysız-hesabsız hökumət böhranları, dövlət başçısının zəifliyi və partiya intizamının olmaması bu ölkənin yarıprezidentli respublikaya keçidini şərtləndirmişdir. Belə ki, 1958-ci ildə general de Qolun rəhbərliyi altında mətni hazırlanmış Beşinci Respublika Konstitusiyasında güclü prezident ideyasına söykənən yarıprezidentli idarəetmə forması modelinin əsasları təsbit edilmişdir. Özünəməxsus bu modelin unikallığı prezidentli və parlamentli respublikalardan fərqli olaraq klassik üç hakimiyyət qolları ilə bərabər dördüncü qolun - prezident hakimiyyətinin mövcud olmasından ibarətdir. Bu hakimiyyət qolu dövlət institutlarının normal işləməsinin təmin edilməsinə yönəlir. Fransa dövlətçilik modelinin özünəməxsusluğu onun ikili xarakter daşımasındadır. Bu modelin işləməsinin bir üsulu prezident və parlament çoxluğunun üst – üstə düşdüyü şəraitdə reallaşır: bu zaman prezident, onun təyin etdiyi baş nazir və hökümət üzvləri bir siyasi maraqları təmsil edir, prezident faktiki olaraq hökümətə rəhbərlik edir, yəni icra hakimiyyəti birhakimiyyətliliklə səciyyələnir. Parlament çoxluğu üst – üstə düşmədikdə isə situasiya dəyişir və Fransa siyasi sisteminin işləməsinin ikinci üsulu- parlamentli üsulu reallaşır. Bu zaman prezident parlamentin aşağı palatasının çoxluğunun dəstəklədiyi şəxsi hökümətin başçısı təyin etməyə məcbur olur. Beləliklə də, dövlət başçısı ona müxalifət olan və parlamentin aşağı palatasında çoxluğa malik olan , partiyanın liderinin baş nazir vəzifəsinə təyin etmək zərurəti ilə üzləşir. Nəticədə baş nazir prezidentin siyasi rəqibinə çevrilir və bu zaman parlamentin rolu və təsir imkanları artır və ayrılmış icra hakimiyyəti şəraitində idarəetmə forması iki hakimiyyət mərkəzinin mövcudluğu ilə səciyyələnir [12].
Təhlillərdən həm də Beşinci 1958-ci il Fransa Respublikasının idarəçilik modelinə Rusiyanın idarəçilik formasının oxşar olduğu məlum olur. Hər iki ölkənin Konstitusiya müddəalarının nəzərdən keçirilməsi əsasında göstərmək olar ki, həm Fransada, həm də Rusiyada prezident birbaşa ümumi seçkilərdə seçilir və prezident dövlət başçısı olaraq Konstitusiyanın təminatçısı (Fransa Konstitusiyasının 5-ci, Rusiya Konstitusiyasının 80-ci maddəsi), silahlı qüvvələrin Baş komandanıdır (Fransa Konstitusiyasının 15-ci, Rusiya Konstitusiyasının 87-ci maddəsi), yüksək hərbi vəzifələrə təyinat edir (Fransa Konstitusiyasının 13-cü, Rusiya Konstitusiyasının 83-ci maddəsi), Baş nazirin təqdimatına əsasən nazirləri təyin edir və onları vəzifədən azad edir (Fransa Konstitusiyasının 8-ci, Rusiya Konstitusiyasının 83- maddəsi), həmçinin hər iki ölkədə prezident hökumətin iclaslarında sədrlik etmək, əfv etmək, qanunları promulqasiya etmək, beynəlxalq müqavilələr bağlamaq və bir sıra digər eyni səlahiyyətlərə malikdir. Bununla belə, Fransa və Rusiyanın dövlət başçılarının səlahiyyətlərində vacib fərqlər də mövcuddur. Məsələn, əgər Fransada Baş naziri prezident özü təyin edirsə (Fransa Konstitusiyasının 8-ci maddəsi), Rusiyada prezident Baş naziri parlamentin aşağı palatasının - Dövlət Dümasının razılığı ilə təyin edir, lakin Konstitusiyanın 111-ci maddəsinə əsasən namizədlər Dövlət Duması tərəfindən üç dəfə geri qaytarıldıqda, Hökümətin sədrini Prezident özü təyin edir və Dövlət Dumasını buraxaraq, yeni seçkiləri təyin edir (Rusiya Konstitusiyasının 111-ci maddəsinin 1və 4-cü bəndləri) [5].
Parlamentli-prezidentli respublikalara misal olaraq Finlandiyanı da göstərmək olar. Qeyd etmək lazımdır ki, hazırda parlamentli-prezidentli respublikalara aid edilən Finlandiyada 2000-ci ilin mart ayının 1-nədək prezidentli respublika olmuşdur. Bu ölkənin dövlət quruluşu Konstitusiyaya görə, prezidentə indi də həm icra, həm də qanunvericilik hakimiyyəti sahələrində geniş səlahiyyətlərə malik olmasına imkan verir. O, qanunvericilik aktlarını təsdiq edir, hökumət üzvlərini təyin edir, Müdafiə Qüvvələrinin Baş komandanıdır. Prezident dövlət üzvlərinin təyin edilməsi, onların istefası, növbədəkənar parlament seçkilərinin keçirilməsi, əfv etmək və s. məsələləri həll edir. Finlandiyada prezident dövlət başçısı kimi birbaşa, gizli seçkilərdə 6 il müddətə seçilir [6].
Parlamentli-prezidentli respublikaların spesifikası həm də prezidentin vəzifəsindən kənarlaşdırılmasına dair konstitusiya imkanının olmasından ibarətdir. Məsələn, Polşada Konstitusiyanın, qanunun pozulmasına yaxud cinayət törətdiyinə görə prezident xüsusi məhkəmə – Dövlət triburalı qarşısında məsuliyyətə cəlb oluna bilər (maddə 145, bənd 1). Cinayətə cəlb olunması haqqında qərar isə Xalq məclisi (yəni Seym və Senatın xüsusi ümumi iclasında) onların tərkibinin üçdə ikisindən az olmayaraq səs çoxluğu ilə qəbul olunur. Parlamentli respublikalarda olduğu kimi, parlamentli-prezidentli respublikada da dövlət başçısının qanunverici orqanı buraxmaq hüququ var, lakin onun hökumətin formalaşması məsələsi ilə bağlı rəqabət aparmağa imkan verən bu vacib səlahiyyəti əhəmiyyətli xüsusiyyətə malikdir: prezident parlamentin buraxılması haqqında məsələdə azad deyil. Bu idarəçilik formasına malik olan dövlətin konstitusiyası parlamentin buraxılması üçün müəyyən olunmuş əsasların dəqiq siyahısını təsbiq edir ki, onlar da əsasən hökumətin formalaşması ilə bağlı olur. Məsələn, Polşa prezidenti Seymi vaxtından əvvəl buraxmaq hüququna malikdir, əgər Konstitusiya ilə nəzərdə tutulmuş hökumətin formalaşması proseduru nəticəsiz olubsa (maddə 154), həmçinin əgər təqdim olunduqdan sonra 4 ay müddətində dövlət büdcəsi palatalar tərəfindən qəbul olunmyıb (maddə 225). Eyni zamanda Seym özünü buraxa bilər, bunun üçün onun tərkibinin 2/3 səs çoxluğu ilə müvafiq qərar qəbul edilməlidir, bu zaman Senatın da səlahiyyət müddəti vaxtından əvvəl başa çatır [4].
Baxılan problem kontekstində müstəqil Ukraynada yarıprezidentli idarəçilik formasının təkamülünü də nəzərdən keçirmək olar. Təhlillər göstərir ki, Ukrayna 1996-ci ildə ölkə Konstitusiyası qəbul olunduqdan sonra prezidentli-parlamentli respublika olmuşdur. Bu idarəçilik formasına müvafiq olaraq prezident həm dövlət başçısı olmaqla, həm də icra hakimiyyətinə təsir etmək səlahiyyətlərinə malik idi. Lakin 2004-cü il Konstitusiya islahatı nəticəsində - Ali Rada tərəfindən prezidentli-parlamentli idarəetmə formasından parlamentli-prezidentli modelə keçidi nəzərdə tutan “Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi haqqında” 8 dekabr 2004-cü il tarixli, 2222-IV №-li UR Qanunu qəbul edilmiş, prezidentin dövlət başçısı kimi səlahiyyətləri məhdudlaşdırılmaqla, eyni zamanda parlamentin səlahiyyətləri genişləndirilmişdir [2]. Bununla belə, onun kifayət qədər səlahiyyətləri də saxlanılmışdır: icra hakimiyyəti sahəsində Prezidentin yerli dövlət administrasiyaların başçılarının Nazirlər Kabinetinin təqdimatı əsasında təyin edilməsi ( maddə 118); Nazirlər Kabinetinin Prezident qarşısında məsuliyyəti (maddə 113); Prezidentin Nazirlər Kabinetinin formalaşmasında iştirakı ( maddə 114) və s.; qanunvericilik hakimiyyəti sahəsində isə, məsələn, Prezidentin Ali Radanın buraxılması ilə bağlı səlahiyyətləri genişləndirilmişdir və s. [13, s.243]. Bu istiqamətdə gedən transformasiya prosesləri çərçivəsində 2010-cu ildə Yanukoviçin hakimiyyətə gəlməsi ilə Konstitusiya Məhkəməsi 2004-cü il siyasi islahatın, yəni “Ukrayna Konstitusiyasına dəyişikliklərin edilməsi haqqında” 8 dekabr 2004-cü il tarixli, 2222-IV №-li UR Qanununun qeyri – konstitusion olduğu barədə qərar qəbul etmiş və Ukrayna yenə prezidentli-parlamentli respublikaya qayıtmış, prezidentə isə itirilmiş səlahiyyətlərinin bir hissəsi qaytarılmışdır. Lakin 2014-cü ildə ölkədəki siyasi böhran şəraitində baş vermiş İnqilabdan sonra yenə də 2004-cü il Konstitusiya düzəlişi ilə redaktə olunmuş 1996-cı il Konstitusiyasına qayıdış olmuş, bununla da Ukrayna yenə parlamentli-prezidentli idarəçilik formasına keçmişdir [10, s.11].
Göründüyü kimi, müstəqil Ukrayna Respublikasında respublika idarəçilik formasının transformasiyası gedişində bir neçə mərhələdən keçmiş qarışıq idarəçilik formasının təkamülü prosesi çərçivəsində parlamentli-prezidentli respublika modeli öz təşəkkülünü tapmışdır.
Nəticə. Beləliklə, parlamentli respublikada dövlət üçün vacib olan bütün qərarlar parlamentdə səsvermə yolu ilə qəbul olunur. Parlamentli respublikaların konstitusiyalarının təhlili göstərir ki, bu idarəçilik forması onunla səciyyələnir ki, həmin ölkələrdə prezident konstitusiyaya görə dövlət başçısıdır, lakin prezident hökumətin başçısı olmamaqla, onun tərkibinə daxil deyil. İcra hakimiyyəti sistemində onun səlahiyyətləri hökumətin kursunu müəyyən edən və hökumət siyasətini həyata keçirən baş nazirin səlahiyyətləri ilə məhdudlaşdırılır. Prezidentin səlahiyyətləri məhduddur, o, əsasən təmsilçilik funksiyalarını yerinə yetirir. O, dövlət hakimiyyətinin heç bir qoluna daxil olmur ki, bu qarşılıqlı münasibətlər formatı da prezident hakimiyyətinin dördüncü müstəqil hakimiyyət kimi tanınması məcburiyyətini şərtləndirir. Bu baxımdan prezident bölünmüş dövlət hakimiyyəti qolları arasında onların əməkdaşlığına, hərəkətlərinin əlaqələndirilməsi və inteqrasiyasına yönələn arbitraj-inteqrativ funksiyasını yerinə yetirir.
Bu ölkələrdə prezident, bir qayda olaraq, parlament (Yunanıstan, Livan, Çexiya və s.) yaxud bu məqsədlə xususi yaradılmış dövlət orqanı (Almaniya, İtaliya, Hindistan) tərəfindən seçilir. Bununla yanaşı Avstriya, İrlandiya, Bolqariya, İslandiya və s. kimi ölkələrdə parlamentli respublika şəraitində prezident birbaşa seçkilərdə seçilir ki, bu da dövlət başçısı institutunun gücləndirilməsi zərurəti ilə əlaqələndirilir.
Qarışıq (prezidentli-parlamentli və parlamentli - prezidentli) respublikalara hökumətin ikili məsuliyyətli - prezident və parlament qarşısında məsuliyyətli olması səciyyəvidir. Bu idarəetmə formasında hakimiyyət qollarının balansının saxlanılması və bərabərliyinin təmin edilməsi mexanizmi çərçivəsində parlamentin hökuməti istefaya göndərmək səlahiyyəti var, digər tərəfdən isə, dövlət başçısı parlamentə etimadsızlıq göstərə və onu buraxa bilər.
Bütövlükdə, həm parlamentli, həm də qarışıq idarəetmə modelinin səmərəli işləməsi həmin ölkənin tarixi inkişaf xüsusiyyətləri, mədəniyyəti, geosiyasi vəziyyəti və s. kimi amillərdən asılıdır.
Açar sözlər: parlamentli respublika, qarışıq idarəetmə modeli, prezident, dövlət başçısı, parlament, hökumət
ƏDƏBİYYAT SİYAHISI:
1. Болгария / Конституционные основы, характеристика формы правления // http://www.hyno.ru/tom1/295.html
2. Борисов Н.А. Институт президента Украины: долгий путь к институционализации // Журнал ARS ADMINISTRANDI, 2013, № 3. С.40-57
3. Конституция Итальянской Республики / Пер. с итал. Л. П. Гринберга // Конституции государств Европейского Союза / Под общ. ред. Л А. Окунькова. М.: ИНФРА-М-НОРМА, 1997. С. 423-450.
4. Конституция Республики Польша. 2 апреля 1997 г.
5. Конституция Российской Федерации (принята всенародным голосованием 12 декабря 1993 г.; с поправками от 30 декабря 2008 г.,5 февраля, 21 июля 2014 г.)
6. Конституция Финляндии (Финляндской Республики). 11 июня 1999 г.
7. Михалев В. Институт президента в современном мире / Киев Юридический вестник, 2011, № 2, с.57-63
8. Нечкин А. В. Форма правления в государствах мира: проблемы классификации и пути их возможного решения// Журнал Lex Russica. № 5 (150) май, 2019. С.132-147
9. Политическое устройство Болгарии //http://bulgarclub.ru/bulgaria/politics/
10. Процюк Н.В. Разделенние государственной власти в парламентско-президентском республикике//Журнал Проблемы законности.2012, № 119.с.3-15//https://cyberleninka.ru/article/n/razdelenie-gosudarstvennoy-vlasti-v-parlamentsko-prezidentskoy-respublike
11. Сидорчук А. В. Эволюция формы правления на Украине: От полу к суперпрезидентской республике // Журнал «Политическая наука». 2014. № 1. C. 116-133
12. Фальшина Н.А. Парламентаризм или смешанная (полупрезидентская) форма правления? (Опыт французской республики) // Журнал Юристъ - Правоведъ. 2007, №4 // https://cyberleninka.ru/article/n/parlamentarizm-ili-smeshannaya-poluprezidentskaya-forma-pravleniya-opyt-frantsuzskoy-respubliki
13. Шатило В.А. Институт президентства в механизме государственной власти зарубежных стран и Украины // Журнал TEISĖ, 2014, № 90, с. 245-252. С.243//https://studylib.ru/doc/2260302/institut-prezidentstva-v-mehanizme-gosudarstvennoj-vlasti
14. Basic Law for the Federal Republic of Germany // https://www.btg-bestellservice.de/pdf/80201000.pdf
Нураддин Ибрагимов
доктор философии по политическим наукам
Особенности президентства в парламентских и смешанных республиках
РЕЗЮМЕ
В статье, посвященной изучению особенностей президентства в парламентских и смешанных республиках, на примере анализа форм государственного правления некоторых парламентских республик, в частности Германии, Италии и др., дается общая характеристика института президентства в условиях парламентской системы. Отдельно рассматриваются особенности президентства в смешанных республиках, при этом анализами охватываются модели президентства в смешанных формах правления, в том числе в таких странах, как Франция, Финляндия, Польша, Украина, изучается процесс их трансформации в результате осуществленных политических реформ, на основе проведенных анализов формулируются обобщающие выводы и положения.
Ключевые слова: парламентская республика, смешанная модель управления, президент, глава государства, парламент, правительство
Nuraddin Ibragimov
Ph.D in Political Science
SUMMARY
Features of the presidency in parliamentary and mixed republics
The article devoted to the study of the features of the presidency in parliamentary and mixed republics, using the example of the analysis of the forms of government of some parliamentary republics, in particular Germany, Italy, etc., gives a general description of the institution of the presidency in a parliamentary system. The features of the presidency in mixed republics are considered separately, while the analysis covers models of the presidency in mixed forms of government, including in countries such as France, Finland, Poland, Ukraine, the process of their transformation as a result of political reforms is studied, based on the analyzes formulated summarizing conclusions and provisions.
Keywords: parliamentary republic, mixed governance model, president, head of state, parliament, government