Giriş
Mövzunun aktuallığı. Tarixən ağır sınaqlardan çıxmış Azərbaycan xalqı ən çətin zamanlarda birlik, həmrəylik nümayiş etdirmişlər. Azərbaycan xalqının ana yurdu əlverişli geostrateji mövqedə yerləşdiyindən daim güclü dövlətlərinin maraqlarının kəsişmə nöqtəsinə çevrilmişdir. Təbii ki, xalqımızın birliyi onun mövcudluğunu davam etdirməsinin əsas şərti vəziyyətinə gəlib. Müasir dövrdə, dünyanın qloballaşdığı bir zamanda hər bir xalqın nümayəndələri xarici dövlətlərə miqrasiya edir. Bu miqrasiya axını nəticəsində Azərbaycan xalqı da dünyanın çox sayda ölkəsində təmsil olunur. Müasir dövrdə geosiyasi əhəmiyyətini nəinki itirməyən, möqveyinə və sərvətlərinə görə daha da çox dəyər qazanan gənc müstəqil dövlətimiz dünyanın hər bir qitəsində təmsil olunan Azərbaycan xalqının həmrəyliyi ilə daha da güclənəcək. Müasir beynəlxalq münasibətlər sistemində diasporlar özünəməxsus yer tutur. Dövlətin diasporla əlaqəsinin düzgün qurulması və diasporların səmərəli fəaliyyəti dövlətin xarici siyasət məqsədlərinin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra diasporun təşkilatlanması xarici siyasətin əsas prioritetləri sırasında yer tuturdu. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarını vahid amal ərtafında birləşdirdi, diaspor quruculuğu prosesini başlatdı və azərbaycanlıların doğma vətəni ilə əlaqələrinin güclənməsi üçün hüquqi və siyasi əsaslar yaratdı. Məqalədə işıqlandırılan mövzunun aktuallığı ondan ibarətdir ki, dünya azərbaycanlılarının həmrəyliyinin diaspor səviyyəsində özünü əks etdirməsi, Azərbaycan diasporunun fəaliyyət istiqamətlərinin artması, Azərbaycan Respublikasının xaricdə mövqelərinin güclənməsi və söz sahibinə çevrilməsi dövlət siyasəti çərçivəsində getdikcə daha mühüm önəm kəsb edir.
Dünya azərbaycanlılarının təşkilatlanmasında Ümummilli lider Heydər Əliyevin rolu
Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlının yaşadığı bildirilir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O hadisələrin şahidlərinin sözlərinə görə, “Berlin divarı”nın sökülməsindən sonra parçalanmış xalqların birləşməsi ideyası Azərbaycanda da möhkəm kök salmışdı. Həmin vaxt həm Azərbaycan Sovet Sosialist Respublikasında, həm də İranda yaşayan eyni xalqa mənsub insanlar tikanlı sərhəd məftillərini söküb bir-birlərinə sevgilərini bildiriblər. İki yüz il davam edən əsarət qorxusuna sinə gərən azərbaycanlılar həftələrlə sərhəd zolağında toplaşaraq, birlik şüarları səsləndirdilər. Arazı keçərək əl-ələ tutdular, milli həmrəylik nümayiş etdirdilər.
SSRİ-nin iflası və Azərbaycanda müstəqil dövlət quruculuğu dövrü miqrasiya kütləvilik və könüllülük xarakteri qazandı. Azərbaycanlıların xarici ölkələrdə məskunlaşması faktı azərbaycanlıların həmrəyliyi hərəkatını mümkün və tələb edən əsas amilə çevrildi. [9, s. 20]
Həmrəylik günü ideyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü” haqqında 1991-ci ilin 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur [5].
Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır. Görülmüş məqsədyönlü işlərin nəticəsində Dünya Azərbaycanlılarının Həmrəylik Gününü 70-dən çox ölkədə 50 milyonluq dünya azərbaycanlılarının və beynəlxalq aləmdəki dostlarımızın-tərəfdarlarımızın bayram etməsi artıq bir ənənə halını almışdır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir [16].
Azərbaycan müstəqillik qazandıqdan sonra dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi məsələsi ən aktual vəzifələrdən biri kimi qarşıda dururdu. Əlbəttə, bunun kifayət qədər ciddi səbəbləri mövcud idi. Birincisi, dünya azərbaycanlılarının təşkilatlanması müstəqil Azərbaycan dövlətinin sosial və siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib idi. İkincisi, bu, müxtəlif yerlərdə məskunlaşmış soydaşlarımızın Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə imkan yaradan amil kimi qiymətləndirilirdi. Nəhayət, Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin vahid bir güc mərkəzi kimi özünütəsdiqinə və dünyada cərəyan edən ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasına əsas yaradırdı. Azərbaycan dövləti dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq və mütəşəkkil qüvvə təşkil etmək səylərinə ciddi fikir verir.
Azərbaycan naminə həmvətənlərimizin birləşib güclənmə zərurəti, həm də müstəqil dövlətimizin qarşılaşdığı ən böyük problemdən – Ermənistanın torpaqlarımızın bir hissəsini işğal etməsi və bununla da beynəlxalq hüququn müvafiq normalarını cinayətkarcasına pozması faktından qaynaqlanır. Məhz bu məsələdə dünya azərbaycanlılarının maraqları mütləq şəkildə birləşir və burada heç bir fikir ayrılığı yoxdur. Həmin maraqların təmin olunmasına yönəlmiş təşəbbüslərin vahid bir məqsəd ətrafında səfərbər edilməsi bu gün dünya azərbaycanlılarının fəaliyyətinin məğzini təşkil edir [5, s. 8].
Dünya Azərbaycanlılarının birliyini və həmrəyliyini Azərbaycançılıq kontekstindən kənarda düşünmək olmazdı. Milli birliyin ideoloji əsası olan Azərbaycançılıq ideologiyası məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Heydər Əliyev “Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına Müraciəti”ndə öz konseptual ifadəsini tapmışdı [2, s. 30-31].
Azərbaycançılıq milli çərçivələrdən kənara çıxan, millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir məfkurədir. Onun məzmunu Heydər Əliyev tərəfindən belə açıqlanmışdır:
“... Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (Heydər Əliyev).
Heydər Əliyev azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış edirdi [10, s. 26; 126].
Hər bir ideologiyanın gücü cəmiyyətin strukturunu və dövlətin quruluşunu təşkil etmək imkanı ilə müəyyən olunur. Ən parlaq ideyaların məcmusundan ibarət mükəmməl bir nəzəriyyə belə cəmiyyətin həyatına tətbiq olunmazsa, sadəcə eklektik səciyyə daşıyar, beləliklə də, öz tarixi missiyasını yerinə yetirə bilməz [14, s. 179 ].
Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Heydər Əliyevin Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay soydaşlarımızın milli ideologiya olan azərbaycançılıq ideyası ətrafında birləşməsini və həmrəyliyini nümayiş etdirdi. Qurultayda xaricdə yaşayan həmvətənlərimizlə səmərəli iş aparmaq, onlar arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. 2001-ci il 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor təşkilatlarının fəaliyyətində canlanma yaratdı, soydaşlarımızın birləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha geniş fəaliyyət göstərməyə başladılar [1].
Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, deməli, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi [17].
Müasir mərhələdə Azərbaycan diasporunun inkişafı və perspektivləri.
Diaspor termini yunan dilində “diasperia” sözündən götürülüb, - səpələnmə, dağılma, yayılma, parçalanma mənalarını ifadə edir. Heredot və Sofoklun əsəsrlərində rast gəlinən bu termin dağıtmaq (pulu), səpələmək (ordunu) mənasını versə də, sonradan daha geniş mənalarda işlədilib. Müasir dövrdə diaspor dedikdə “xalqın və ya etnik birliyin mənsub olduğu ölkənin hüdudlarından kənarda yaşayan müəyyən hissəsi” başa düşülür [7, s.67].
Xalqların tarixi inkişafının səviyyəsi və istiqamətləri ilə sıx bağlı olan mühacirət prosesi, təbii ki, azərbaycanlılardan da yan keçməyib. Bu proses azərbaycanlıların timsalında XX əsrin əvvəllərindən bu günə qədər xüsusi ilə intensiv şəkildə davam etməkdədir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqı özünün say-demoqrafık göstəriciləri baxımından həqiqətən də böyük diaspora malik xalq hesab edilə bilər [6, s. 36].
Azərbaycanlıların mühacirəti uzun dövr ərzində (ADR-in süqutundan sonra, repressiyalar zamanı) məcburi xarakter daşısa da, XX əsrin sonlarında artıq könüllülük xarakteri qazanmışdı. Azərbaycan müstəqilliyini bərpa edən dövrə qədər diasporumuzun təşkilatlanmış olduğunu demək çox çətindir. Bunun əsas obyektiv səbəbi kimi birləşdirici ideyanın mövcud olmamasını göstərmək olar.
Azərbaycan diasporu Heydər Əliyevin prezidentliyi dövründə inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev xarici ölkələrə səfər edən zaman həmin dövlətlərin rəsmiləri ilə yanaşı, soydaşlarımızla da görüşür, onların qarşısında təşkilatlanma ilə bağlı aktual problemləri qaldırırdı [8, s. 11].
Kütləvi informasiya vasitələri son dövrlərdə aktiv geosiyasi aktora çevrilib. Azərbaycan diasporunun fəaliyyəti araşdırılarkən diasporların KİV-lərdən istifadəsinə də diqqət yetirmək məqsədəuyğun olardı:
- “Azərbaycan” radiosu – Almaniyada yaşayan azərbaycanlıların əsas informasiya vasitələrindən sayılır. Əsası 2002-ci ildə qoyulan bu radio Azərbaycan Akademik Birliyi tərəfindən yaradılıb. Adət-ənənələrimiz, mədəniyyətimiz, müstəqil respublikamızın beynəlxalq münasibətlər sistemində qazandığı uğurlar barədə dinləyicilərə ətraflı məlumat verir. Proqramlar Azərbaycan və alman dillərində yayımlanır;
- Danimarkada yaşayan həmvətənlərimiz “Azərbaycan” radiosu yaratmağa nail olublar. Radio 2009-cu ildən başlayaraq, hər çərşənbə 22.00-dan 24.00-a kimi Arhus FM, Kanal2, Frekans 98,7 MHz tezlikdə yayımlanır. Radionun “AzərDiaspora”, “AzərXəbər”, “AzərRadio” və “AzərDərs” adlı xüsusi proqramları vardır. Bundan əlavə, “Azərbaycan” radiosunun internet saytı (www.azeri.dk) və soydaşlarımızla müntəzəm əlaqə saxlamaq üçün e-mail ([email protected]) ünvanı fəaliyyət göstərir;
- 2004-cü ildən başlayaraq Fransada “Azərbaycan səsi” radiosu işə başlayıb. Radio Azərbaycan haqqında operativ məlumatlar ötürməklə diaspor nümayəndələrimizin zəruri informasiyalarla tanış olmasında mühüm rol oynayır;
- Daha bir radiomuz İsveçrədə fəaliyyət göstərir. 2004-cü ildən başlayaraq dinləyiciləri salamlayan “Azərbaycan səsi” radiosu istər Azərbaycanda, istərsə də İsveçrədə yaşanan ən son ictimai-siyasi, sosial-iqtisadi hadisələr barədə informasiyanı operativ olaraq çatdırmağa çalışırlar;
- Eyni adlı radiomuzdan daha biri Norveçdə yaradılıb. 2006-cı ildə əsası qoyulan “Azərbaycan səsi” radiosu daha çox mədəniyyət və tarix mövzusunda hazırladığı verilişlərlə diqqəti cəlb edir;
- ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən televiziya - “Günaz TV” 2005-ci ilin aprel ayından yayıma başlayıb. “Günaz TV”nin 24 saatlıq proqramları Hotbird peyki vasitəsilə yayımlanır. Televiziyanın əsas məqsədi Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması, İran şovinizmindən əziyyət çəkən həmvətənlərimizin istiqlaliyyət uğrunda mübarizəsinin təbliğidir;
- 20 noyabr 2011-ci ildə fəaliyyətə başlayan “Heydərbaba” televiziya kanalı Kanadada yayımlanır. Telekanal həftədə üç dəfə - cümə axşamı, cümə və şənbə günlərində tamaşaçıların görüşünə gəlir. Verilişlər Azərbaycan, türk və ingilis dilində hazırlanır. Qarşıya qoyulan əsas məqsəd isə Azərbaycanın tarixini, musiqisini, zəngin mədəniyyətini yerli və dünya ictimaiyyətinə çatdırmaqdır;
- “AzCAN” TV kanalı da 2007-ci ilin 15 sentyabrından etibarən Kanadada yayıma başlayıb. Kanal hələ ki, müstəqil yayım tezliyi əldə etməsə də, yerli “Rogers” TV-nin imkanlarından istifadə etməklə 10-cu kanaldan yayımlanır. Televiziyanın təsisçisi “Kanada Azərbaycan Dərnəkləri Federasiyası” nın prezidenti Əkbər Məcidovdur. “AzCAN” TV-nin qarşıya qoyduğu məqsəd Azərbaycanın coğrafiyası, təbiəti, mədəniyyəti, xalqımızın adət-ənənələri, Kanadada Azərbaycan diasporunun fəaliyyəti, əldə olunan uğurlar barədə məlumat verməkdir [12, s. 225-229].
Hazırda Avropada Azərbaycanlıların Koordinasiya şuralarında birləşməsi diaspor hərəkatında ciddi dönüş yaradıb. 2018-ci ilin oktyabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Almaniya, Fransa və İsveçrəyə səfər edərək oradakı soydaşlarımızla bir sıra görüşlər keçirdilər. Azərbaycanlıların birləşərək yeni mərkəzdə cəmlənməsi diasporda yeni və böyük bir hərəkatın başlanğıcıdır. Onun çərçivəsində dil kurslarının, Azərbaycan məktəblərinin açılması da əsas tədbirlərdəndir. Həmvətənlərimiz artıq pərakəndə deyil, vahid qüvvə ilə - Koordinasiya Şurası olaraq fəaliyyət göstərəcək ki, bu da Avropada azərbaycanlıların istənilən proseslərdə iri güc olmasından xəbər verəcək. Artıq Almaniya, Fransa və İsveçrəyə azərbaycanlıların Koordinasiya Şuraları yaradılıb, fəaliyyət planları tərtib edilib [11, s. 5].
Azərbaycan xalqı milli mənafelərimizin qorunması, müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə sıx birləşərək daha səmərəli fəaliyyət göstərməlidir. Bu sahədə Azərbaycan diasporunun işi əhəmiyyətlidir. Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə olaraq daim diqqətdə saxlayır, bu mühüm prosesə hərtərəfli dəstək verir. Diaspor quruculuğu sahəsində aparılan işlər artıq öz müsbət nəticələrini verməkdədir.
Bu gün soydaşlarımız yaşadıqları dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına hərtərəfli inteqrasiya olunur, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə fəal yardım göstərirlər. Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloji fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın rolu danılmazdır. Azərbaycan diasporu yenicə təşkilatlanmağa başladığı dövrdən etibarən onun qarşısına qoyduğu əsas məqsədlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Rusiyada, Yaxın Şərq bölgəsində, Türkiyədə xüsusi fəallıq göstərilmişdir.
Azərbaycan diasporunun fəaliyyət istiqamətləri
Diaspor sahəsində ən vacib və strateji məsələlərdən biri müxtəlif ölkələrin siyasi dairələri ilə əlaqələrin qurulmasıdır. Bu amil həm xalqlararası, həm də dövlətlərarası münasibətlərin inkişafında mühüm əhəmiyyətə malikdir. Dünya azərbaycanlılarının əsas sosial-siyasi və milli-mənəvi vəzifələrindən biri Azərbaycan dövlətçiliyini hər hansı halda müdafiə edib qorumaqdan, onun lideri ətrafında birləşməkdən ibarətdir.
Yaxın Şərq regionunda Azərbaycan diasporunun ən fəal olduğu ölkələrdən biri İsraildir. 2007-ci ilin aprelin 12-də İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində böyük rol oynamışdı. Təşkilatın bu ölkədə 50 mindən çox üzvü vardır. İsraildə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından olan və 2017-ci ilin aprelində Tel-Əviv şəhərində təsis olunmuş İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası yarandığı gündən Azəbaycan haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davamlı olaraq çalışır.
Azərbaycanlıların milli həmrəyliyinin həm miqyasca, həm keyfiyyətcə əsasını Azərbaycanın şimal və cənubu arasındakı əlaqə təşkil edir. Bu, olduqca mürəkkəb etnososial, etnosiyasi hadisədir [4, s. 4].
Ən çox azərbaycanlı Cənubi Azərbaycan ərazisində yaşayır. Onların hüquqlarının bir çox sahədə sıxışdırılmasına baxmayaraq soydaşlarımız çoxsaylı qüvvə kimi İran siyasətində mühüm rol oynayırlar.
Bu gün Azərbaycan hökumətinin diaspor siyasətinin prioritetlərindən biri vətənimizin hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşımızın vahid bir amal ətrafında birləşdirilməsi və Azərbaycan həqiqətlərinin təbliğ olunmasıdır. Prezident İlham Əliyev hər zaman bildirib ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər. Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qiymətlən-dirən və bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından hər zaman xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edir. Bütün bunlar son nəticədə Azərbaycanın tanıdılmasına xidmət edir.
Artıq diasporumuz təşkilatlanma prosesini arxada qoyub və praktik mərhələdə məqsəd Azərbaycan həqiqətlərini təbliğ etməkdir. Diaspor təşkilatlarımız dünya azərbaycanlılarının həmrəyliyinin informasiya təminatı istiqamətində ana dilində və ya yaşadıqları ölkələrin dövlət dilində KİV təsis etmək, milli icma üzvləri və yerli əhali arasında təbliğat və maarifçilik işi aparmaq hüququna malikdirlər. Hazırda xarici ölkələrdə 462 diaspor təşkilatı fəaliyyət göstərir. Bu isə o deməkdir ki, azərbaycanlıların yaşadığı hər bir ölkədə bir neçə təşkilat yaradılmışdır [15, s. 4-5].
Xaricdə təhsil alan tələbələrin hesabına gənclərin disapor fəaliyyətində rolu gün-gündən artmaqdadır. Azərbaycan icmaları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini gücləndirirlər.
Bu gün soydaşlarımızın geniş yayıldığı Avropa ölkələri sırasına Almaniya, Niderland, Belçika, İngiltərə, İtaliya və s. dövlətlər daxildir. Azərbaycan Respublikası, Diasporlarla İş üzrə Dövlət Komitəsi və qeyri-hökumət təşkilatları səviyyəsində görülən işlər əksər inkişaf etmiş ölkələrdə yeni icmalar, cəmiyyət və ictimai birliklərin yaranmasına səbəb olub. Onlardan bəzilərini sadalamaq yerinə düşərdi:
Təsir dairəsinin genişliyi, ictimai-siyasi hadisələrdə fəal rolu ilə seçilən həmin təşkilatlardan İsveçrədə “İsveçrə-Azərbaycan Dostluq cəmiyyəti”, İsveçdə “Azərbaycan naminə” dərnəyi, “İsveç-Azərbaycan Gənclər Federasiyası”, “Azərbaycan-İsveç Kültür və Humanitar dərnəyi”, Niderlandın Roterdam şəhərində “AzeriUnited” cəmiyyəti”, İngiltərədə “Azərbaycan Gənclər Klubu”, London İqtisad və Siyasi Elmlər Məktəbinin nəzdində “Azərbaycan cəmiyyəti”, Almaniyanın Berlin şəhərində “Azərbaycan evi”, Maqdeburq şəhərində “Azərbaycan Dostları cəmiyyəti”, Fransada “Azərbaycan evi”, Estoniyada “İrs” gənclər təşkilatı, Çexiyada “Azərbaycanlı Tələbələrin Assambleyası”, Belarusda “Azərbaycan İcmaları Konqresinin Moqilyov Regional Təşkilatı”, Ukrayna Azərbaycanlıları Konqresinin nəzdində Gənclər Komitəsi və s. göstərmək olar.
Həmin cəmiyyətlərin başlıca məqsədi Azərbaycan xalqının mədəniyyətini, tarixini, adət-ənənələrini yaşadaraq geniş təbliğ etmək, Azərbaycanın bu günkü durumunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin reallıqlarını yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Hətta Cənubi azərbaycanlılar da bəzi Avropa dövlətlərində təşkilatlar yaratmışlar. Onlardan biri 1988-ci ildə təsis edilmiş “Berlin Azərbaycan Kültür Ocağı”dır. Cəmiyyət üzvləri Azərbaycan Respublikasında baş verən prosesləri izləyir və hər bir hadisə ilə bağlı öz mövqeyini nümayiş etdirirlər. Təşkilatın əsas məqsədlərindən biri də Azərbaycan mədəniyyətinin geniş təbliğinə nail olmaqdır. Cəmiyyətin nəzdində Azərbaycan yazıçılarının əsərlərindən ibarət böyük kitabxana vardır. Bu təşkilatda təmsil olunan həmvətənlərimizin böyük əksəriyyəti ziyalılardır və İran hakimiyyətinə münasibətdə müxtəlif mövqedə dayanırlar [13, s. 44; 49]
Azərbaycan dövlətinin diaspor vasitəsilə yüksək əlaqələr qurduğu ölkələr sırasında Ukrayna xüsusi yer tutur. Diasporumuzun Azərbaycan-Ukrayna əlaqələrinin mühüm tarixi əhəmiyyəti vardır. Diasporun dövlətlərarası münasibətlərin inkişafında rolunu Azərbaycan-Ukrayna nümunəsində görmək olar. Ukraynada Azərbaycan diasporu XX əsrin əvvəllərində təşəkkül tapmışdır. O zamanlar Azərbaycanlı tələbələrin (Şəfi bəy Rüstəmbəyli, Mir Əbülfət bəy Talışlı, Xəliyulla Yenikeyu) təşkilatçılığı ilə “Azərbaycan Həmyerlilər Cəmiyyəti” (Землячество) fəaliyyət göstərirdi. Buna baxmayaraq, əsrin sonuna doğru bu sahədə işlər daha intensiv xarakter almışdır. Xatırlatmaq yerinə düşər ki, ilk Azərbaycanlılar Konqresi 1999-cu ildə məhz Ukraynada yaradılmışdır. Ukraynanın hər bir vilayətində ayrı-ayrılıqda Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərirdi. Bunun əsas səbəbi Azərbaycanla Ukrayna arasında əvvəllər də münasibətlərin zəngirı tarixi keçmişə malik olması idi. Donetsk şəhərində təsis edilmiş Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin fəaliyyətini də xüsusi qeyd etmək olar.
2005-ci il dekabr ayının 2-də yaradılmış Konqresin fəaliyyətində əsas proqram Ukrayna və Azərbaycan xalqlarının humanist ənənələrini təbliğ etmək idi. 2008-ci ildə fəaliyyətini daha da genişləndirən Donetsk Vilayəti Azərbaycanlıları Konqresi nəzdində burada, ümumilikdə Ukraynada yaşayan azərbaycanlı gəncləri bir araya gətirərək, onların milli həmrəyliyinə və birliyinə nail olmaq, etnik kimliklərini qorumaq, yaşadıqları cəmiyyətə inteqrasiya etmələrinə dəstək vermək, milli dəyərlərini təbliğ etmək və ictimaiyyətə çatdırmaq məqsədilə “Gənclər Parlamenti” yaradılmış və “Konqres Azərbaycan” adlı qəzet nəşrinə başlanılmışdı. Bunun fonunda 2011-ci il dekabrın 9-da Kiyevdə keçirilən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 2-ci forumunda Ukraynanın müxtəlif vilayət və şəhərlərindən 500 nəfər gənc iştirak etmişdir [3, s. 140-143].
Azərbaycan-Fransa dövlətlərarası sosial-mədəni,siyasi və iqtisadi münasibətlərin güclənməsində də diasporun xüsusi yeri vardır. Azərbaycanlıların Fransaya mühacirət tarixi XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. ADR süqut etdikdən sonra azərbaycanlıların mühacirət etdikləri ölkələr sırasında Fransa xüsusi yer tuturdu. Məhz mövcud rejimin mühacirətə məcbur etdiyi Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli. Ümmül Banu, Yusif Vəzir Çəmənzəminli bu ölkədə sığınacaq tapmışdılar. Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixli aktla müstəqilliyi bərpa edildikdən sonra Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yaranması bu ölkədə diaspor fəaliyyətimizi gücləndirmişdir. Hazırda Fransanın Paris, Strasburq, Qrenobl şəhərlərində “Azərbaycan evi”, “Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti” (1990), “Azərbaycan Kültür Mərkəzi”, “Fransada Azərbaycan Tələbələr Assosiasiyası” (1999), “Azərbaycan-Fransa Azad Mübadilələr Assosiasiyası”, “Təhsil və Tədqiqatların inkişafı üzrə Fransa-Azərbaycan Tələbə Assosiasiyası” (2001), “Azəri-Fransız Gənclik Assosiasiyası” (2003) və s. kimi təşkilat və mərkəzlər fəaliyyət göstərməkdədir [3, s. 145-146].
Açar sözlər: həmrəylik, azərbaycançılıq, diaspor quruculuğu, xarici siyasət, diaspor siyasəti, təşkilatlanma.
ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncamı, Bakı şəhəri, 23 may 2001-ci il.
2. Azərbaycan diasporu: böyük yolun başlanğıcı. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəşri / Buraxılışa məsul: İbrahimov N. Bakı, 2006, 208 s.
3. Babanlı Y. Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti: 1991-2011. Bakı, 2016.- 328 s.
4. Cəfərov N. Dövlətçilik məfkurəsi və dünya azərbaycanlılarının həmrəyliyi // Xalq qəzeti, 6 yanvar 2017-ci il, s. 4.
5. Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı. Naxçıvan şəhəri. 16 dekabr 1991-ci il.
6. Əliyev Z. B. Beynəlxalq münasibətlərdə diasporların rolu. Bakı, 2001.- 150 s.
7. Əliyev Z. B. Diaspor: izahlı sözlük və məlumat kitabı. Bakı, 2007. - 435 s.
8. Həbiboğlu V. Heydər Əliyev və Azərbaycan diasporu. Bakı, 2001.- 358 s.
9. Həziyeva S. A. Dünya azərbaycanlılarının həmrəyliyi (XX əsrin sonu, XXI əsrin əvvəlləri). Tarix elm.fəls.dokt..disser. Bakı, 2010.- 168 s.
10. Xəlilov S. Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. Bakı, 2002 – 232 s.
11. Qədimov C. Avropada Azərbaycanlıların Koordinasiya şuraları yaradılır // Azad Azərbaycan qəzeti, 12 oktyabr 2018-ci il, № 145 (3346), s. 5.
12. Məmmədov R. R. Avropada Azərbaycan diasporu. Bakı, 2013.- 312 s.
13. Məmmədov R. R. Azərbaycan diasporu. Bakı, 2019. – 312 s.
14. Şəmsizadə N.Ş. Azərbaycançılıq (Azərbaycan xalqının milli ideologiyası) Bakı, 2006. – 192 s.
15. Мехтиев Р. Азербайджанская диаспора: современные вызовы и организация системной деятельности // Бакинский рабочий, 9 июля 2016 года, ст. 4-5.
Elektron mənbələr
16. http://elibrary.bsu.az/books_460/N_35.pdf
17. https://mod.gov.az/az/pre/21204.html
Солидарность азербайджанцев мира: Организация и развитие Азербайджанской диаспоры
РЕЗЮМЕ
Статья посвящена солидарности азербайджанцев, Азербайджанской диаспоре, организованной в мире с момента восстановления независимости. Диаспоры, превращенные в акторы, активно принимающие участие в политических процессах современного мира, выступают в качестве защитника интересов какой-то нации, имеет большое значение во внешней политике государства. После восстановления независимости Азербайджана, как и во всех сферах, в диаспоре открылся новый путь. Цель данной статьи состоит в изучении с разных аспектов проявлений солидарности азербайджанцев мира, организационного движения диаспоры, инициированного Гейдаром Алиевым. В статье также освещается проведенная государством политика в этой сфере, представление азербайджанских общин, проживающих за рубежом в иностранных СМИ. Актуальность статьи основана на том, что организация азербайджанцев мира важна с точки зрения укрепления социально-политических основ независимого азербайджанского государства. В статье рассматривается строительство диаспоры в качестве одного из приоритетов внешней политики и делается акцент на международных усилиях по защите национальных интересов.
Ключевые слова: солидарность, азербайджанство, строительство диаспоры, внешняя политика, диаспорская политика, организация.
World Azerbaijanis Solidarity: Organization and development of the Azerbaijani Diaspora
SUMMARY
The Article deals with the World Azerbaijanis Solidarity and the Azerbaijani Diaspora which has been organized worldwide since the restoration of independence. The Diasporas that become actor attending actively in political processes in the modern world act as advocates of the interests of any nation and are of great importance in the foreign policy of the state. After the restoration of Azerbaijan’s independence, a new path was opened in the Diaspora establishment as in all spheres. The aim of the article is to study the manifestations of the World Azerbaijanis Solidarity and the Diaspora organization movement initiated by Heydar Aliyev from various aspects. Public policy pursuing in this area, as well as the representation of the Azerbaijani communities abroad in foreign mass media are also included in the article. The urgency of the article is based on the fact that the organization of the World Azerbaijanis is important in terms of strengthening the social and political foundations of the independent state of Azerbaijan. The article considers the Diaspora establishment as one of the directions of the foreign policy priorities, and focuses on efforts to protect national advantages and interests in the international world.
Key words: solidarity, Azerbaijaniism, Diaspora establishment, foreign policy, Diaspora policy, organization.