Giriş
Azərbaycanın xarici siyasətinin mürəkkəb istiqamətlərindən birini Yunanıstanla əlaqələr təşkil edir. Qarşılıqlı münasibətlərə mürəkkəblik gətirən amil bu ölkənin Azərbaycanın strateji müttəfqi olan və qardaş ölkə sayılan Türkiyə ilə ziddiyyətli və münaqişə elementlərinə malik əlaqələrinin olmasıdır. Baxmayaraq ki, hər iki ölkə NATO daxilində müttəfiq hesab olunurlar onların münasibətləri zaman-zaman gərginlik və qarşıdurma həddinə çatır. Belə şəraitdə Azərbaycan Yunanıstanla siyasi əlaqələrini qurarkən və inkişaf etdirərkən həm Türkiyə ilə əlaqələrini mənfi təsirdən qorumalı idi, həm də mümkün olduğu qədər Yunanıstanın işğalçı Ermənistana dəstək verməsini önləməli idi.
Siyasi əlaqələrin qurulması və inkişafı
Azərbaycanla Yunanıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelində yaradılıb. Yunanıstanın Azərbaycandakı səfirliyi 1993-cü il mayın 27-də, Azərbaycanın Yunanıstandakı səfirliyi isə 2004-cü il aprelin 16-da fəaliyyətə başlayıb.
1994-2004-cü illərdə iki ölkə arasında iqtisadi, sənaye, texnologiya, enerji, elm, təhsil, mədəniyyət, nəqliyyat, investisiyaların qorunması, gömrük sahələrində sazişlər imzalanıb. Yalnız 1997-ci ildə iki ölkə arasında üç mühüm sənəd imzalanmışdır ki bunlardan ikisi – Xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol, səfirliklərin konsulluq şöbələrinin funksiyaları haqqında saziş, bilavasitə siyasi əlaqələrin inkişaf etdirilməsinə yönəlmişdir.
Müxtəlif dövrlərdə Azərbaycanda səfərdə olmuş Yunanıstan nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində BMT qətnamələrinin yerinə yetirilməsini, istənilən ölkə ərazisinin işğal olunmasına qarşı çıxdıqlarını bildiriblər.
18 iyun 2003-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev Yunanıstanın xarici işlər nazirinin müavini İoannis Maqriotisi qəbul edib. Söhbət zamanı Heydər Əliyev qeyd edib ki, Yunanıstanın Avropa Birliyinə sədrlik etdiyi dövrdə Qafqaz ölkələri, o cümlədən Azərbaycanla çox səmərəli əlaqələr yaradıb. Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda geniş fəaliyyət göstərməyi yüksək qiymətləndirən Heydər Əliyev bütün sahələrdə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğunu bildirib. İoannis Maqriotis isə çıxışında bildirib ki: “Cənab Prezident, Sizin bildiyiniz kimi, Yunanıstan Avropa Birliyinə sədrlik etdiyi dövrdə, ilk dəfə olaraq, Qafqaz ölkələri məsələsini Avropa Birliyinin gündəliyinə çıxarıb..... Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinə Avropa Birliyinin xüsusi nümayəndəsi təyin olunması bizim sədrliyimiz dövründə baş verib”. [3]
İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafı daha da sürətləndi. Yunanıstan prezidenti Konstantinos Stefanopulos 2004-cü il iyunun 20-22-də Azərbaycana rəsmi səfəri qarşılıqlı siyasi əlaqələrin inkişafında yeni mərhələnin əsasın qoydu. Səfər zamanı keçirilən təkbətək görüşdə Prezident İlham Əliyev bildirdi ki, onun ölkəmizə səfəri ikitərəfli əlaqələrin daha da dərinləşməsində yeni mərhələ olacaq. İlham Əliyev bildirib ki, o, Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.
Azərbaycana rəsmi səfərə dəvətə və yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkür edən Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və ölkələrimiz arasında daha geniş əməkdaşlığa nail olmaq üçün imkanlar olduğunu söyləyib.
Həmin gün Yunanıstan prezidentinə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilib, həmçinin, prezident müasir yunan dili və mədəniyyəti mərkəzinin açılışında iştirak edib. Yunanıstan prezidentinin səfəri zamanı Azərbaycan Respublikası hökuməti və Yunanıstan Respublikası hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması, beynəlxalq avtomobil daşınmaları və gömrük işi sahəsində qarşılıqlı yardım haqqında sazişlər imzalanıb.(3)
2004-cü il avqustun 12-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Afinada keçirilən XXVIII Yay Olimpiya oyunlarının açılış mərasimində iştirak etmək üçün Yunanıstana səfər edib.
Avqustun 15-də XXVIII Yay Olimpiya oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib. İlham Əliyev avqustun 16-da Yunanıstanın Baş naziri K. Karamanlislə görüşdü. Görüşdə Azərbaycan - Yunanıstan münasibətlərinin hazırkı vəziyyətinə toxunan İlham Əliyev iqtisadi əlaqələrin, o cümlədən enerji və digər sahələrdə əməkdaşlığın uğurlu inkişaf etməsindən məmnunluğunu bildirdi.
16-18 fevral 2009-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanda ilk dövlət səfərində olmuşdur. Səfərin birinci günü Azərbaycan Prezidenti İlham Əliyevin və Yunanıstan Prezidenti Karolos Papulyasla görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu səfərin qarşılıqlı əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
Bu səfər gedişində iki ölkə arasında energetika və iqtisadi sahədə əməkdaşlıq məsələləri daha da geniş müzakirə və təhlil edilmiş və əməkdaşlığın yeni istiqamətləri müəyyyən edilmişdir. Səfər gedişində Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında konvensiya, hava əlaqələri haqqında saziş, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikasının İnkişaf Nazirliyi arasında bərpa olunan enerji ehtiyatları və enerji səmərəliliyi sahəsində anlaşma memorandumu imzalandı.
Prezidentlərin nümayəndə heyyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşündə cənab İlham Əliyev qeyd etdi ki, səfər zamanı imzalanacaq sənədlər siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daha da genişlənməsi üçün yaxşı hüquqi əsas yaradacaqdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın fəal iştirakını xatırladan dövlətimizin başçısı bu baxımdan Yunanıstan ilə də enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Türkiyə–Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirakını və həmin tədbiri məmnunluqla xatırladan prezident İlham Əliyev qeyd etdi ki, həmin qaz xəttinin açılması Azərbaycan–Yunanıstan əlaqələri, eyni zamanda, regional enerji əməkdaşlığı üçün yeni bir mərhələnin başlanğıcı olmuşdur(5, XXXV kitab s.40). Səfər gedişində keçirilən müxtəlif görüşlərdə prezident İlham Əliyev vurğulamışdır ki, “Mən Yunanıstanla Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm. Yunanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq aləmdə uğurlu əməkdaşlıq edir. Beynəlxalq və regional təşkilatlarda, o cümlədən Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” proqramı və NATO-nun fərdi tərəfdaşlığın fəaliyyət planı çərçivəsində sıx əlaqələrimiz məmnunluq doğurur. Son illərdə irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, xüsusən Böyük İpək Yolunun bərpası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılması, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səylərimiz bəhrəsini verməkdədir”(5,XXXV kitab,səh.48).
17 fevral 2009-cu ildə Prezident İlham Əliyev Afinada Azərbaycan-Yunanıstan biznes forumunda iştirak etdi. Afinada “İşgüzar əməkdaşlığın imkanları” mövzusunda keçirilən biznes forumda Azərbaycan prezidenti çıxış etmiş, hər iki ölkədə biznes imkanlarına və sərmayə mühitinə dair təqdimatlar, şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmişdir. Biznes-forumda Yunanıstanın 100-dək, Azərbaycanın isə 20-yə yaxın şirkəti təmsil olunmuşdur.
Həmin gün Prezident İlham Əliyev Afinada Yunanıstan Baş naziri Kostas Karamanlis ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub, iqtisadi sahədə, xüsusilə də, enerji sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfər zamanı prezident İlham Əliyev, həmçinin, fevralın 17-si Yunanıstan parlamentində də olmuşdur. Parlamentin sədri Dmitris Siufas Azərbaycan prezidentinə müraciətində imzalanmış dördtətrəfli sazişin vacibliyini vurğulamış və bildirmişdir ki, Xəzər dənizində hasil olunan təbii qaz ilk dəfə olaraq Avropaya daxil olur. Sədr prezidentin səfərinin Azərbaycan-Yunanıstan arasında nəinki enerji sahəsində, həm də tədqiqatlar, texnologiyalar, sərmayələr, ticarət sahələrində münasibətlərdə yeni mərhələni açacağını bildirmişdir. Prezident İlham Əliyevə yunan parlamentinin qızıl medalı – “Şərəf” – və digər rəmzi hədiyyələr təqdim edilmişdir. İlham Əliyev öz çıxışında təşəkkürünü bildirərək, ikitərəfli münasibətlərin uğurla inkiş etdiyini və ikitərəfli münasibətlərin tarixində Azərbaycan Respublikası Prezidentinin Yunanıstana ilk dövlət səfəri olduğunu və bundan sonra da əlaqələrin daha uğurla yeni pilləyə qədəm qoyacağına ümidvar olduğunu qeyd etmişdir. Prezident, Yunanıstanın Avropa İttifaqı ölkəsi kimi Azərbaycan qazını qəbul edən ilk ölkə olduğunu və bunun hələ ki, məhdud çərçivədə olmasına baxmayaraq, yaxın zamanlarda həcm baxımından daha da böyük müqavilə imzalanmasına ümid etdiyini nəzərə çatdırmışdır.
2009-cu ildə prezident İlham Əliyevin Afinaya rəsmi səfəri zamanı Yunanıstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair mühüm razılaşma əldə edildi. Bu razılaşmaya əsasən Yunanıstan artıq Azərbaycan qazını Türkiyənin BOTAŞ şirkətindən deyil, birbaşa alacaq, Türkiyə isə bu qazın nəqlindən yalnız traznzit haqqı alacaqdır. Yunanıstanın baş naziri Kostas Karamanlis və Azərbaycan prezidenti İlham Əliyev danışıqlar zamanı Azərbaycan qazını Avropaya çatdırmaq üçün daha yaxından əməkdaşlıq etmək qərarına gəldilər. Karamanlis danışıqlardan sonra bildirdi ki, Avropa İttifaqı Rusiya qazından olan asılılıqdan qurtarmaq baxımından Azərbaycanı strateji partnyor hesab edir. Bildirilirdi ki, Yunanıstanla Azərbaycan arasında əldə edilmiş razılaşma sayəsində Xəzər dənizindən İtaliya və Qərbi Avropaya qazın nəqli reallaşa bilər.
Qeyd edək ki, Azərbaycan 2007-ci ildən etibarən Yunanıstana qaz ixrac etməyə başlayıb. Mavi yanacaq Gürcüstan ərazisindən keçməklə Türkiyəyə, oradan isə yeni istifadəyə verilən kəmərlə Yunanıstana nəql edilir. Bu kəmərin açılışında Türkiyə, Yunanıstan və Azərbaycan rəhbərləri birgə iştirak etmişdi. Hazırda Yunanıstana nəql edilən Azərbaycan qazının həcmi elə də böyük deyil, lakin gələcəkdə TGİ kəməri vasitəsilə daha çox miqdarda Azərbaycan qazının nəql edilməsi planlaşdırılır. Bu qaz tranzitində Türkiyə əsas oyunçu olmaq niyyətindədir. Yəni Türkiyə çalışır ki, Azərbaycan qazının birinci alıcısı olsun, daha sonra qazı daha baha qiymətə Yunanıstan və İtaliyaya satsın. Bu zaman Türkiyə həm də tranzit ölkə kimi gəlir götürmək imkanları əldə edir.
6 aprel 2011-ci ildə Bakıda keçirilən Azərbaycan Yunanısatn Biznes Forumu inkişaf edən siyasi əlaqələrin təzahürü oldu. Forumda Yunanıstanın prezidenti Karolos Papulyas da iştirak edirdi. Biznes forumda hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi, səhiyyə və əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, logistika, tikinti və digər sahələrdə fəaliyyət göstərən 250-dək iş adamı iştirak etmişdir. Forumda çıxışında Azərbycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin danışıqlar və qarşılıqlı imzalanmış sənədlər sayəsində gələcəkdə daha da inkişaf edəcəyini və dərinləşəcəyini bildirmişdir: “İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün Hökumətlərarası birgə komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar, toplantılar keçirir və iqtisadi sahədə əməkdaşlığın istiqamətlərinin müəyyən edilməsi məsələləri öz həllini tapır. Biz istəyirik ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələr çoxşaxəli olsun. Prezidentin səfəri çərçivəsində bu məsələlər müzakirə olundu və əminəm ki, iş adamları da iqtisadi əlaqələrimizin inkişafına öz töhfələrini verəcəklər”, - deyə prezident öz sözlərində bildirmişdir. [4]
Bundan başqa Azərbaycan və Yunanıstan arasında əlaqələrin kənd təssərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm nəqliyyat, inşaat sahələrində də qarşılıqlı əlaqələrin qurulmasının mümkün olduğu vurğulanmışdır. Prezidetnt, xüsusilə, energetika, neft-qaz sahələrində əməkdaşlığı vurğulamış, və Azərbaycanla Yunanıstan arasında bu sahədə əməkdaşlığın artıq bir neçə ildir ki, mövcud olduğunu bildirmişdir. 5 aprel 2011-ci ildə imzalanmış memoranduma əsasən bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu demişdir. [4]
Yunanıstanın prezidenti Karlos Papulyas isə öz çıxışında Azərbaycanın Qafqazda mühüm coğrafi məkanda yerləşdiyini və xüsusilə bu regionda mühüm rol oynadığını vurğulamışdır. Qarılıqlı biznes forumlarının keçirilməsinin iki ölkə arasında ticari münasibətlərinə böyük təkan verdiyini nəzərə çatdırmışdır. Prezident ikitərəfli iqtisadi və ticari münasibətlər baxımndan bir çox ortaq nöqtələrin olduğunu, xüsusən Yunanıstan iqtisadiyyatının məhsullarının, tikinti materiallarının, kosmetika və əczaçılıq məhsullarının ixracını daha da təşviq etməklə əməkdaşlığın qurulmasının tərəfdarı olduğunu bildirmişdir.[4]
O, həmçinin, bildirmişdir ki, forumda 21 yunan şırkəti təmsil olunmuşdur, bu isə onu göstəriri ki, ikitərəfli əlaqələrimizdə, əməkdaşlığımızda böyük potensial mövcuddur. O da ikitərəfli əlaqələrdə neft-qaz sektorunun mühüm rol oynadığını nəzərə çatdıraraq, bunun ikitərfli münasibətlərin daha da gücləndirəcəyinə və bu əməkdaşlıqdan irəli gələrək, digər sahələrdə də iqtisadiyyatlarını möhkəmləndirəcək birgə layihələri həyata keçirə biləcəyinə inandığını söyləmişdir.
Müsahibələrinin birində Yunanınstanın Azərbaycandakı səfiri bildirmişdir ki, maliyyə böhranı Azərbaycan-yunaıstan əlaqələrinə heç bir neqativ təsir göstərməyib. İkitərəfli əlaqələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan səfir heç bir amilə bu gün əldə olunan nailiyyətlərin üzərinə kölgə salmağa imkan verilməməsinin vacibliyini söyləyib. [6]
Qarşılıqlı siyasi əlaqələrin inkişafı baxımından prezident İ.Əliyevin Yunanıstana 2014-ci ilin iyun ayında gerçəkləşən səfəri mühüm rol oynamışdır. Bu səfərə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, Azərbaycanla Yunanıstan ikitərəfli əlaqələri inkişaf etdirilir.
İkincisi, iki ölkə arasındakı əməkdaşlıq Avropa İttifaqının proqramları kontekstində yeni məzmun kəsb edir. Səfər gedişində imzalanan mühüm sənədlərdən birinin “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum” (İnkişaf) olması yuxarıdakı fikri sübut edir. Bu sənəd Azərbaycanın Aİ ilə strateji tərəfdaşlıq proqramının artıq konkret məzmun aldığını ifadə edir. Afina ilə Bakı Avropa İttifaqı kontekstində əməkdaşlığın yeni müddəalarını müəyyənləşdiriblər. Onlar iqtisadi, enerji, siyasi, elm, təhsil, kənd təsərrüfatı, gənclərlə iş sahələrini əhatə edirlər.(2)
Səfər zamanı keçirilən görüşlərdə Yunanıstan prezidenti Karlos Papulyas siyasi münasibətlərin səviyyəsinin çox yüksək olduğunu vurğuladı. Qafqaz ərazisi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Yunanıstanın Avropa İttifaqı Şurasına sədrliyi İttifaqla Azərbaycan arasında münasibətlərin daha sürətli inkişafına yardım edir. (5, LXIII kitab s.223-224)
Öz növbəsində Azərbaycan prezidenti qeyd edib ki, “Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir”(5, LXIII kitab s.205).
Beləliklə, iki ölkə arasında siyasi əlaqələr pozitiv dinamikaya malik olmuşdur. Qarşılıqlı siyasi əaqələrin inkişafı rengional məslələri də əhatə etmişdir. Yunanıstanla siyasi münasibətlərimizin inkişafı üçüncü ölkələrin maraqlarına toxunmamış və bütövlükdə regional proseslərə müsbət dinamika gətirmişdir. 2016-cı ilin mayında Salonikdə TAP qaz boru kəmərinin inşası ilə bağlı açılış mərasimində iştirak edən Yunanıstanın Baş naziri A.Tsipras bu layihənin Yunanıstanın və bütövlükdə Aİ-nin enerji təhslükəsizliyində mühüm rol oynayacağını bildirmişdir.(1, səh. 518)
Ermənistanın Azərbaycana hərbi təcavüzü və Yunanıstanın mövqeyi
Azərbaycanın Yunanıstanla qarşılıqı siyasi münasibətlərinin əsas məsələlərindən biri hər zaman Ermənistanın hərbi təcavüzünün aradan qaldırılmasında Yunan dövlətinin dəstəyinin qazanılması olmuşdur. Münasibətlərin başlanğıcında çox ehtiyatla davranan yunan tərəfi tədricən münaqişənin həllində öz mövqeyini daha aydın və konkret ifadə etməyə başladı. Belə ki, Azərbaycan prezidentinin Yunanıstana ilk səfərində 2009-cu ilin fevral ayında, Yunanıstanın baş naziri və prezidentinin bəyanatlarında problemin həllinə ümumi yanaşma ifadə olunurdu. Yunanıstan prezidenti Karlos Papulyas bildirirdi ki, Yunanıstan “ATƏT-də sədrlik edir və təşkilatın fundamental tələblərinə cavab vermək məqsədi ilə bütün səyləri göstərir. Sədrlik edən tərəf kimi, Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışır, münaqişənin həllində münasib format sayılan Minsk qrupunun yardımı ilə məsələnin dinc yolla çözülməsinə yönəlmiş qərarların qəbul olunmasını məqbul hesab edir. Problemin həlli Qafqaz regionunda, habelə dünyada sülh və sabitlik üçün həlledici əhəmiyyətə malikdir”(5, XXXV kitab səh.47). Göründüyü kimi bu fikirlərdə münaqişənin həlli prinsiplərinə dair hər hansı konkret fikir ifadə edilməmişdir.
2014-cü ildə Azərbaycana səfər edən Yunanıstan prezidenti münaqişənin həllinə dair daha konkret münasibəti özündə əks etdirən bəyanat vermişdir. Yunanıstan prezidenti bəyan edirdi: “Biz bölgədə təhlükəsizliyi və sabitliyi həmişə dəstəkləyir və inanırıq ki, bu, regional əməkdaşlığa və rifaha səbəb olacaqdır. Yunanıstan xarici siyasətində Dağlıq Qarabağ da daxil olmaqla, münaqişələrin sülh yolu ilə həllinə həmişə tərəfdar olub. Biz münaqişənin tezliklə milli suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan beynəlxalq hüquq çərçivəsində qaneedici həllinin tapılmasını arzu edirik” (5, LXIII kitab səh.224). Yunanıstan tərəfinin münaqişəyə yanaşmasındakı siyasi fərq özünü aydın şəkildə göstərir. Artıq yunan tərəfi münaqişənin ərazi bütövlüyü və milli suverenlik prinsipləri əsasında həll edilməsini ölkənin rəsmi mövqeyi kimi ifadə edirdi. Yunanıstanın, bu prinsipial mövqeyini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə qətiyyətlə bildirməsi Azərbaycan üçün əhəmiyyətlidir.
Bununla yanaşı, Yunanıstanın mövqeyi hər zaman belə aydın və dürüst olmamışdır. Yunanıstan 2008-ci ilin 14 mart tarixində BMT-nin Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” başlıqlı qətnaməyə səsvermə zamanı bitərəf mövqe tutmuşdur(7). Müxtəlif vaxtlarda qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinin Yunanıstana səfər etməsi və Yunanıstandan olan bəzi şəxslərin Azərbaycanın işğal altında olan razilərinə qanunsuz səfərlərinin baş tutması, habelə qondarma rejimlə müxtəlif sahələrdə əməkdaşlıq eməyə çalışan yunan şirkətlərinin olmasına dair məlimatlar müxtəlif vaxtlarda mətbuatda öz əksini tapmışdır. Bütün bu faktlara baxmayaraq, ikitərəfli siyasi əlaəqlərimizdə müsbət inkişaf dinamikası saxlanmışdır. Mürəkkəb geosiyasi şəraitdə inkişaf edən bu əlaqlər neqativ təsirlərdən qorunmuş və Azərbaycanın dövlət maraqları çərçivəsində inkişaf etdirilmişdir.
Nəticə
Beləlikə, Azərbaycanın xarici siyasətində ən mürəkkəb siyasi əlaqələrə malik olduğu ölkələrdən biri Yunanıstandır. Siyasi əlaəqlərimiz qarşılıqlı iqtisadi maraqlar üzrəində qurulmiş və inkişaf etdirilmişdir. Yunanıstanın Cənub Qafqaz regionunda olan iqtisadi maraqları regionun başlıca iqtisadi güc mərkəzi kimi Azərbaycanla siyasi əlaəqlərini inkişaf etdirməsinə güclü təkan vermişdir. Eyni zamanda, Yunanıstanın Cənub Şərqi Avropa regionunda uğurlu coğrafi mövqeyi və Avropa strukturlarında oynadığı rol Azərbaycanın bu ölkə ilə əlaqələrini inkişaf etdirməsi üçün mühüm stimul rolunu oynamışdır. Siyasi əlaqələrimizin inkişafının ən mühüm nəticələrindən biri Yunanıstanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli və obyektiv mövqeyini dəstəkləməsi və işğalçı Ermənistana dəstək verməkdən çəkinməsidir.
Açar sözlər: siyasi əlaqələr, Dağlıq Qarabağ münaqişəsi, enerji amili, beynəlxalq əməkdaşlıq.
ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri. 1991-2016.B.,2017, 899 səh.
2. Azərbaycan-Yunanıstan: strateji tərəfdaşlığın iki aspekti// http://newtimes.az/az/organisations/2875
3. Azərbaycan-Yunanıstan münasibətlərinə dair ümumi tarixi arayış https://lib.aliyevheritage.org/az/3954050.html
4. Bakıda IV Azərbaycan-Yunanıstan biznes forumu keçirilmişdir http://www.president.az/articles/1838
5. Əliyev İlham. İnkişaf məqsədimizdir: XXXV kitab.B.,2016,396 s.; LXIII kitab.B.,2018, 408 s.
6. Yunanıstan səfiri: “Maliyyə böhranı Yunanıstan-Azərbaycan münasibətlərinə neqativ təsir göstərməyib” http://apa.az/az/news/258618
7. Yunanıstan Respublikası/ XİN Arxivi
Резюме
В статье рассматриваются одно из самых сложных направлений нашей внешней политики - политические отношения с Грецией. Автор рассматривает становление, развитие и основные проблемы двусторонних политических отношений, и приходит к выводу, что в целом положительная динамика доминирует во взаимних политических отношениях. Экономические интересы Греции в регионе Южного Кавказа дали сильный толчок развитию политических отношений с Азербайджаном как основным центром экономической мощи региона. В то же время успешное географическое положение Греции в регионе Юго-Восточной Европы и ее роль в европейских структурах сыграли важную роль в развитии отношений Азербайджана с этой страной. Одним из важнейших результатов развития наших политических отношений является поддержка Грецией справедливой и объективной позиции Азербайджана в урегулировании нагорно-карабахского конфликта и сдерживание его от поддержки агрессивной Армении.
Ключовые слова: политические отношения, конфликт Нагорного Карабаха, энергетический фактор, международного сотрудничество.
SUMMARY
The article discusses one of the most difficult areas of our foreign policy - political relations with Greece. The author considers the formation, development and the main problems of bilateral political relations, and comes to the conclusion that overall positive dynamics dominates in mutual political relations. The economic interests of Greece in the South Caucasus region gave a strong impetus to the development of political relations with Azerbaijan as the main center of the region’s economic power. At the same time, the successful geographical position of Greece in the region of Southeastern Europe and its role in European structures played an important role in the development of relations between Azerbaijan and this country. One of the most important results of the development of our political relations is the support by Greece of a fair and objective position of Azerbaijan in the settlement of the Nagorno-Karabakh conflict and its containment from supporting aggressive Armenia.
Key words: Political relations, Nagorno Karabakh conflict, energy factor, international cooperation.