İran İslam Respublikasının Suriya böhranının tənzimlənməsində rolu: siyasi-ideoloji və geosiyasi aspektlər

Post image

ELDAR ƏMİROV, Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq ETL-in baş elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, E-mail: eldar.ado.85@ mail.ru

Suriyada 2011-ci ilin yazında, “Ərəb baharının” ən qızğın dövründə Bəşər Əsəd rejiminə qarşı keçirilən kütləvi etiraz aksiyaları ilə başlayan və sonradan on minlərlə insanın ölümü, milyonlarla suriyalının qaçqın düşməsilə müşayiət olunan vətəndaş müharibəsi bu gün də davam etməkdədir. Bir çox xarici dövlətin cəlb olunduğu münaqişədə əsas tərəf kimi 3 siyasi qüvvənin iştirak etdiyini demək mümkündür. Onlardan birincisini ölkənin bütövlüyünü qoruyub saxlamağa çalışan qanuni hökumət, yəni Bəşər Əsəd iqtidarı və ona yaxın olan qüvvələr təşkil edir. İkinci mühüm qüvvə Bəşər Əsəd rejiminə qarşı fəal şəkildə mübarizə aparan, onun devrilməsinə çalışan, bütün siyasi qüvvələri özündə birləşdirən “Azad Suriya Ordusudur”. Münaqişədə maraqlı və aktiv tərəf kimi çıxış edən başqa bir hərbi-siyasi amil isə radikal sələfi ideyaları üzərində formalaşmış, maliyyə və silah qaynaqları, insan resursları haqqında hər hansı real, səhih məlumatın olmadığı “İŞİD” (“İraq – Şam İslam dövləti”) terror təşkilatıdır. Doğrudur, münaqişə gedişində digər siyasi qruplar da (kürd silahlı dəstələri, “Ən – Nusra cəbhəsi” kimi müxtəlif radikal islamçı dəstələr və s.) öz mövcudluğunu ortaya qoymağa çalışsalar da, onların prosesin gedişinə təsir imkanları olduqca məhdud idi. Bu səbəbdən də onların müstəqil, real münaqişə tərəfi kimi qəbul edilməsi yanlış olardı.
2012-ci ildən etibarən, yəni ölkə ərazisində müxalif qruplarla hökumət qüvvələri arasında qanlı döyüşlərin vüsət aldığı dövrdən başlayaraq mərhələli şəkildə bir sıra xarici dövlətlər hadisələrə müəyyən siyasi qüvvənin tərəfində açıq şəkildə müdaxilə etməyə başladılar. Belə ki, Rusiya 2015-ci ilin sentyabr ayından etibarən Suriya hökumətinin müraciəti əsasında bu ölkədə “İŞİD”-ə və siyasi müxalifətə qarşı hökumət qüvvələrinin apardığı hərbi əməliyyatlara fəal şəkildə qoşuldu. Öz qərarını əsaslandıran Rusiya prezidenti Vladimir Putin bu addımın Suriyadakı terrorçu qrupların məhv edilməsinə, ölkədəki qanuni hakimiyyətin qorunub saxlanılmasına, həmçinin münaqişənin siyasi yollarla həlli üçün şəraitin formalaşdırılmasına xidmət etdiyini bildirdi. [7].
Rusiyadan fərqli olaraq Türkiyə və Qərb “Azad Suriya Ordusuna” və ümumilikdə Suriya müxalifətinə açıq hərbi-siyasi və iqtisadi dəstək verdiyi bəyan etdi və bunu sübuta yetirən bir sıra əməli addımlar atdılar. Məsələn, NATO-nun aparıcı üzvlərindən olan Böyük Britaniyanın hərbi qüvvələri 2012-ci ildən başlayaraq aktiv şəkildə Suriya müxalifətinə yardım göstərməyə başladı. İlkin mərhələdə bu yardım tibbi ləvazimatlardan və rabitə vasitələrindən ibarət olsa da, sonradan Britaniya hərbi aviasiyasi Suriya üzərində mütəmadi kəşfiyyat uçuşları həyata keçirməyə və bu məlumatları müxalif qüvvələrlə bölüşməyə başladı. 2015-ci ilin sonlarından etibarən isə Britaniyanın o dövrdə baş naziri olan D.Kemeron parlament səsverməsindən ordunun Suriyada “İŞİD”-ə qarşı təşkil edilən hava əməliyyatlarında iştirakına dair qərarı uğurla keçirə bildi. Nəticə Britaniya ordusu ABŞ aviasiyası ilə birlikdə Suriyadakı mövqelərə mütəmadi təşkil edilən hücumlarda fəal şəkildə iştirak etməyə başladı. [6, стр. 43-44].
Britaniyanın başlıca siyasi müttəfiqi olan ABŞ da Suriyada vətəndaş müharibəsinin başladığı ilk andan etibarən Bəşər Əsəd rejiminin getməsini tələb edir, eyni zamanda fəal şəkildə “Azad Suriya Ordusunun” silahlandırılması prosesini həyata keçirir. Tədqiqatçıların və ABŞ mətbuatının yazdığına görə rəsmi Vaşinqton 2013-cü ildən bu tərəfə “Azad Suriya Ordusunun” mütəşəkkil hərbi qüvvəyə çevrilməsi üçün sistemli və ciddi iş aparmaqdadır. Bu fəaliyyət çərçivəsində ABŞ –ın 1 milyard dollara qədər vəsait sərf etdiyi, o cümlədən 1000 – dən çox peşəkar hərbi təlimatçısını prosesə cəlb etməsi haqqında məlumatlar var. Məlumatlara əsasən 2013-2015-ci illər ərzində ABŞ – ın birbaşa hərbi dəstəyi nəticəsində “Azad Suriya Ordusunun” on minə qədər döyüşçüsünə Türkiyə ərazisində müvafiq təlim keçilmiş və onlar zəruri silah-sursatla təchiz olunmuşlar. [6, стр. 41]. Bir məsələni də qeyd etmək vacibdir ki, ABŞ Suriya müxalifətinin hərtətəfli dəstəklənməsi fəaliyyətini gizli şəkildə deyil, açıq şəkildə həyata keçirir. ABŞ – ın eks-prezidenti B.Obamanın 2013-cü ildə təsdiqlədiyi qərara əsasən Suriyadakı müxalif qrupların silahlandırılmasındakı bütün maneələr tamamilə aradan qaldırılmışdır. Həmçinin ABŞ 2011-ci ildən etibarən yaradılan və əsasən Körfəz ölkələrindən olan imkanlı mühacirələri özündə cəmləşdirən müxtəlif QHT-lər və fondlar vasitəsilə də “Azad Suriya ordusunun” maliyyələşdirilməsini və silahlandırılmasını davamlı şəkildə həyata keçirmişdir. [6, стр. 40].
“Azad Suriya Ordusuna” açıq şəkildə dəstək verən və Suriyadakı vətəndaş müharibəsində maraqlı tərəf kimi çıxış edən ölkələrdən biri də Türkiyədir. Ankaranın Suriya ilə bağlı başlıca narahatlığı sərhədyanı bölgələrdə cəmləşən PKK və PYD təşkilatlarına mənsub silahlı kürd qrupları ilə bağlıdır. Suriyada kürd muxtariyyəti yaratmaq uğrunda mübarizə aparan PYD qruplaşması yaranmış qarışıqlıqdan istifadə edərək öz nəzarətindəki ərazilərdə xüsusi idarəetmə forması qurmağa çalışır, həmçinin Türkiyədən ayrılmaq uğrunda vuruşan PKK –ya açıq silahlı dəstək verir. Bu isə Ankaranı iki dəfə 2016-cı ildə və 2018-ci ildə Suriya ərazisində irimiqyaslı hərbi əməliyyatlar keçirməyə vadar etmişdir. Həmin əməliyyatlar nəticəsində təmizlənən bölgələr hələ də Türkiyə ordusunun nəzarəti altındadır. [4, стр.19]. Bəşər Əsəd hakimiyyəti Türkiyənin bu addımlarını öz ölkələrinə qarşı həyata keçirilən açıq təcavüz aktı adlandırsalar da, Ankara atdığı hərbi addımları öz təhlükəsizliyini təmin etmək hüququ ilə əlaqələndirir. Belə ki, Türkiyə tərəfi belə hesab edir ki, Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində mərkəzi hökumət ölkə üzərindəki tam nəzarəti itirmiş, bu isə kürd silahlı dəstələrinə açıq şəkildə terror və separatçılıq fəaliyyətilə məşğul olmağa şərait yaratmışdır. PKK terrorçuları ilə birgə Türkiyə dövlətinə qarşı silahlı mübarizəyə başlayan PYD-nin məhdudlaşdırılması üçün yeganə yol isə məhz güc tətbiqidir. Ankara həmçinin Suriya torpaqlarını işğal etmədiyini və ölkədəki vətəndaş müharibəsi sona çatdıqdan və qanuni hökumət formalaşdırıldıqdan sonra nəzarət altına aldığı Suriya torpaqlarını Dəməşqə geri qaytaracğacını dəfələrlə bəyan etmişdir. [10].
Suriyadakı münaqişənin ən aktiv və əsas xarici iştirakçısı isə heç şübhəsiz ki, Rusiya ilə birlikdə Bəşər Əsəd iqtidarını açıq şəkildə müdafiə edən İran İslam Respublikasıdır. Tehranın Suriyadakı maraqları öz strateji əhəmiyyətinə görə sözün həqiqi mənasında həyati mahiyyət daşıyır. Tehranın Suriyadakı vətəndaş müharibəsindəki iştirakına dair statistik rəqəmlər İranın bu ölkə ilə bağlı maraqlarının əhəmiyyətini istənilən təhlildən daha yaxşı göstərmək iqtidarındadır. Belə ki, son məlumatlara əsasən Suriyada vətəndaş müharibəsi başladığı andan etibarən Tehran Bəşər Əsəd ordusunun, həmçinin bu ölkəyə yolladığı İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”), həmçinin İranmeyilli şiə “Hizbullah” hərəkatının döyüşçülərinin maliyyələşdirilməsi üçün hər il öz büdcəsindən 8-10 milyard dollara qədər vəsait sərf edir. [4, стр.17]. Ekspertlər qeyd edirlər ki, İran həmçinin Suriya münaqişəsində ən çox hərbi qüvvə ilə təmsil olunan xarici ölkədir. Son məlumatlara əsasən Suriyada İran hərbçilərinin və İrana bağlı şiə qrupları qüvvələrin (“SEPAH” və “Hizbullah” döyüşçülərinin, Əfqanıstan və İraq şiələrindən təşkil olunmuş dəstələrin) ümumi sayı 140.000 –dən artıqdır. Müharibə başladığı andan etibarən İran hərbçilərinin verdikləri itkilərin miqyası da gözdən qaçmır. Belə ki, təkcə 2016-ci ilə aid olan və İran tərəfindən etiraf edilən statistikaya əsasən Tehran Suriyada 438 hərbçisini itirib ki, onların arasında SEPAH-ın bir neçə tanınmış generalı da var. Bununla yanaşı Suriyada İrana bağlı müxtəlif şiə dəstələrinin də 1500 qədər döyüşçü itirdikləri qeyd olunur. [2].
Heç şübhəsiz ki, Suriyada vətəndaş müharibəsi tam şəkildə başa çatmadıqca, bölgədəki ictimai-siyasi və hərbi mənzərə aydınlaşmadıqca İranın Suriya münaqişəsindəki fəal iştirakı da davam edəcəkdir. 2019-cu ilin 26 fevralında Suriya prezidenti Bəşər Əsədi qəbul edərkən ali dini lider, ayətullah Əli Xamneinin səsləndirdiyi fikirlər Tehranın bu məsələdəki prinsipiallığına işarədir: “İran bundan sonra da Suriyanı dəstəkləməyə davam edəcəkdir. Belə ki, İran Suriya iqtidarına və xalqına göstərdiyi köməyi müqavimətə edilən yardım kimi qiymətləndirir, eyni zamanda bununla qürur duyur. Suriya hakimiyyətinin və xalqının mətanəti ABŞ-ın və onun regiondakı muzdlularının məğlubiyyətini şərtləndirən başlıca amildir” [9].
Tehranın Suriyadakı maraqları öz strateji əhəmiyyətinə görə sözün həqiqi mənasında həyati mahiyyət daşıyır. İslam respublikasının sözügedən problemə olduqca həssas münasibətini şərtləndirən başlıca amillər isə Bəşər Əsəd rejiminin şiə azlığına mənsub olması, Suriyanın İrana coğrafi yaxınlığı və ən nəhayət Tehranın Livandakı “Hizbullah” qruplaşmasına göndərdiyi böyük həcmdə silah-sursatın və maliyyə yardımının məhz Suriya ərazisindən ötürülməsidir. Yəni, şərti olaraq, İranın Suriyadakı maraqlarını siyasi-ideoloji və hərbi olmaqla iki qrupa bölmək mümkündür. Təbii ki, Tehranın Suriya məsələsindəki davranışını tam şəkildə anlamaq üçün həm siyasi-ideoloji, həm də hərbi element ətraflı şəkildə təhlil olunmalıdır.
Siyasi-ideoloji maraq dedikdə biz ilk növbədə İran İslam Respublikasının rəsmi dövlət ideologiyasının şiəlik, daha doğrusu bu məzhəbin cəfərilik qolu olduğunu nəzərə almalıyıq. 1979-cu ildən, yəni ölkədə İslam inqilabı baş verdiyi vaxtdan etibarən Tehran Yaxın Şərqdə şiələrin yaşadığı bölgələrə nüfuz etməyə, onları öz ideoloji-siyasi çətiri altına daxil etməyə çalışır. Bu mənada Suriya xüsusi əhəmiyyətə malik ölkələrdən biridir. Suriyanı Tehran üçün vacib istiqamətə çevirən başlıca amil sözügedən ölkədəki şiə əhalisi deyil. Statistik məlumatlara görə Suriya əhalisinin yalnız 10-12% şiə hesab edilən və ələvilər adlanan dini qrupa mənsubdur. Hətta ələvilərin şiə hesab olunmasına dair ayətullah Xomeyninin 1982-ci ildə xüsusi fətva verdiyi faktı da məlumdur. [3, стр. 14].
İranın Bəşər Əsəd rejiminə xüsusi dəstək verməsinin, onu qoruyub-saxlamaq naminə olduqca böyük maliyyə və hərbi resurslar sərf etməsinin başlıca səbəbi sözügedən iqtidarın timsalında şiə azlığının sünni çoxluğu üzərində hakim olması faktıdır. Suriya vətəndaş müharibəsinə qədər Yaxın Şərqdə şiələrin azlıq təşkil etməsinə baxmayaraq iqtidar sahibi olduqları yeganə ölkə idi. Məlum olduğu kimi həm Bəşər Əsəd, atası, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd kimi ələvilərə, yəni şiə azlığına mənsubdur və İranla daim sıx əməkdaşlıq, müttəfiqlik siyasi həyata keçirməsilə fərqlənmişdir. Belə bir nümunənin mövcud olması, Yaxın Şərqdə, xüsusilə də Körfəz ölkələrində İranın aktiv ideoloji təbliğat imkanlarını artırır. Körfəz regionunda, xüsusilə də Bəhreyndə şiə qruplarını hər vəchlə hakimiyyətə gətirmək üçün çalışan İran Suriyanın timsalında bunun praktik baxımdan mümkün olduğunu göstərərək, silahlı mübarizəni bir qədər də qızışdırır. Analitiklərin haqlı olaraq qeyd etdikləri kimi Suriyada şiə-ələvilərin iqtidardan məhrum olmaları əslində İrandakı siyasi rejimin gələcəyi, onun daxili nüfuzu üçün ciddi təhdid törədə bilər. Belə ki, hadisələrin bu cür inkişafı iranlılarda rejimin əhəmiyyətli dərəcədə zəiflədiyi haqqında rəy yaradacaq, onun ən yaxın müttəfiqini belə müdafiə etmək gücündə olmadığını əyani şəkildə nümayiş etdirəcək. Bu isə İranda hər vəchlə İslam rejimini dəyişməkdə maraqlı olan qüvvələrin aktivləşməsinə, həmçinin cəmiyyətin iqtidara qarşı siyasi müqavimətinin güclənməsinə gətirib çıxara bilər. Qeyd edildiyi kimi İranın Suriyadakı vətəndaş müharibəsinə olduqca böyük həcmdə maliyyə vəsaiti və hərbi güc yönəltməsi Tehranın geri çəkilmək imkanlarını olduqca məhdudlaşdırır. Bu qədər resursun yönəldildiyi müharibədə məğlub olmaq və Suriya üzərində nəzarəti itirmək gələcəkdə İranın öz maraqlarının müdafiəsi naminə xarici əməliyyatlar qoşulmaq imkanlarının üzərindən də əhəmiyyətli dərəcədə xətt çəkmiş olacaq. Yaranan vəziyyət müvafiq olaraq Bəhreyndə və Yəməndəki silahlı şiə hərəkatlarının vəziyyətinə də olduq­ca dağıdıcı təsir göstərəcək. Sadalanan amilləri ümumiləşdirdikdə Suriyanın İran üçün kəsb etdiyi siyasi-ideoloji dəyəri anlamaq o qədər də çətin deyil.
Vurğulanan ikinci amil, yəni Suriyanın İranın geosiyasətində oynadığı hərbi rol, heç də siyasi-ideoloji amildən daha az çəkiyə malik deyil. Çünki, Suriya ərazisi ötən əsrin 80-ci illərindən etibarən İran tərəfindən Livandakı “Hizbullah” hərəkatının silahlandırılması, həmçinin maliyyə qaynaqları ilə təmin edilməsi üçün təhlükəsiz və ən etibarlı dəhliz qismində fəal şəkildə istifadə edilir. “Hizbullah” hərəkatı isə məlum olduğu kimi İranın İsrailə qarşı mütəmadi olaraq işə saldığı, onun sərhədlərinə yaxın yerləşən kəskin hərbi alətlərindən biridir. Yarandığı vaxtdan, yəni ötən əsrin 80-ci illərindən etibarən İsrail üçün ciddi başağrısına çevrilmiş “Hizbullahin” məhvi istiqamətində Təl-Əviv tərəfindən həyata keçirilmiş çoxsaylı hərbi aksiyalar indiyədək heç bir səmərə verməmişdir. Əksinə məhz “Hizbullahın” müqaviməti və çoxsaylı insan itkilərilə nəticələnən intensiv hücumları İsraili 1985-ci ildə öz ordusunu Livandan çıxarmağa məcbur etmişdi. [1, стр. 440].
İsraillə “Hizbullah” hərəkatı arasında 2006-cı ilin yayında baş verən və 33 gün davam edən müharibədə Təl-Əvivə hər hansı hərbi-siyasi üstünlük qazandırmadı, əksinə şiə hərəkatının Livandakı nüfuzu bir qədər də artdı. İsrailin söözügedən əməliyyatlar gedişində verdiyi cid­di itkilər isə “Hizbullahın” ötən illər ərzində öz hərbi imkanlarını əhəmiyyətli dərəcədə artırdığını bütün dünyaya nümayiş etdirdi. Açıqlanan məlumatlara əsasən sözügedən münaqişənin gedişində İsrailin ümumilikdə 170 hərbçisi həlak olmuş, 120 hərbçi də daxil olmaqla 2500 - ə qədər vətəndaşı isə yaranlanmışdır. [5]. Yaxın Şərqdə hərbi dominantlığa iddialı olan bir dövlət üçün bir hərəkatla müharibədə bu qədər itki ilə üzləşmək rüsvayçılığa bərabər idi. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, “Hizbullah” hərəkatına dövlət səviyyəsində açıq dəstək yalnız İrandan deyil, Suriya tərəfindən də göstərilirdi. K.V.Jarinov qeyd edir ki, Bəşər Əsəd hakimiyyəti uzun illər boyunca “Hizbullahı” zəruri silah-sursatla, rabitə vasitələrilə fəal şəkildə təmin etmiş, həmçinin bu təşkilata davamlı şəkildə təchiz edən İran tərəfinə Dəməşq hava limanından istifadə icazəsi vermişdir. Həmçinin “Hizbullah” döyüşçülərinə təlimlərin keçildiyi bir sıra baza və mərkəzlər də Suriya ərazisində yerləşir. [1, стр. 435-436].
Şübhəsiz ki, Suriyada vətəndaş müharibəsi başladığı andan etibarən İranın Livanla, daha doğrusu “Hizbullahla” rabitəsi əhəmiyyətli dərəcədə çətinləşmişdir. Bu ölkədə gedən müharibədən, həmçinin hava məkanının əhəmiyyətli dərəcədə nəzarətsiz olmasından istifadə edən İsrail aviasiyası tez-tez “Hizbullah” üçün nəzərdə tutulan silah-sursatla dolu anbarları, maşın karvanlarını məhv edir, bu təşkilatın, həmçinin İranın Suriya ərazisində formalaşdırdığı hərbi ifrastrukturun məhv edilməsinə çalışır. Lakin o da bir həqiqətdir ki, Suriya üzərində nəzarətin tamamilə itirilməsi İranla “Hizbullah” arasındakı rabitənin birdəfəlik kəsilməsinə gətirib çıxaracaq. Belə bir vəziyyət isə Tehran üçün əsla yolverilməzdir. Bu səbəbdən də İranın sonadək Suriyanı, ən azı Suriya-Livan sərhəddini nəzarət altında saxlamaq uğrunda var güclə mübarizə aparacağını deməyə əsas verir.
Suriya böhranında İranın iştirakından danışarkən onun Bəşər Əsəd rejiminin digər dayağı hesab olunan Rusiya ilə münasibətlərinə də toxunmaq lazımdır. Ümumən həm İran, həm də Rusiya eyni cəbhədən çıxış edir və Bəşər Əsəd rejiminin saxlanılması uğrunda çalışırlar. Hər iki dövləti Qərbin Suriyada möhkəmlənməsi və hakimiyyətin müxalif qüvvələrə ötürülməsi əsla qane etmir. Eyni zamanda həm Tehran, həm də Moskva “İŞİD”-in və bu kimi radikal ideologiyaya malik terrorçu təşkilatların Suriyada dərin kök salmasına qarşıdır. Əgər Rusiya bu qəbildən olan təşkilatların bu ölkənin müsəlmanların yaşadığı bölgələtə nüfuz etməsindən ehtiyatlanırsa, İran da öz növbəsində Suriyada şiəliyin ciddi təhdidlə qarşılaşacağından, ölkənin əsasən Səudiyyə Ərəbistanının təsiri altında olan qrupların əlinə keçməsindən narahatdır.
Lakin bir ümumi nöqtələrin olmasına baxmayaraq, son aylarda tərəflər arasındakı soyuqluq, verilən bəyanatlar və ən əsası baş verən açıq toqquşmalar xeyli müddət ört-bastır edilən ixtilafların üzə çıxmağa başladığını göstərir. 2019-cu ilin 19 yanvarında Həma vilayətinin Səhl-əl-Qab şəhəri yaxınlığında Suriya ordusunun 4-cü və 5-ci korpusları arasında baş verən və mətbuatın yazdığına görə 200 qədər döyüşçünün öldürülməsilə nəticələnən döyüş Moskva və Tehran arasındakı ziddiyyətlərin nə qədər böyük miqyas almasının bariz sübutu sayılmalıdır. [8]. Ekspertlər Suriya ordusunun 4-cü korpusunun komandanı, Bəşər Əsədin qardaşı – Mahir Əsədin İrana yaxın şəxs olduğunu bildirir və onun Rusiyanın Suriyadakı strateji məntəqələr üzərindəki tam nəzarətinə mənfi yanaşdıqlarını yazırlar. 5-ci korpusunun komandanı, general əl-Həsən isə əksinə, Rusiyaya yaxınlığı ilə tanınır və Suriyadakı Rusiya komandanlığı ilə sıx əməkdaşlıq edir. Qeyd olunan döyüşdən sonra Mahir Əsədin və İrana yaxın qüvvələrin itkilər verərək geri çəkildikləri qeyd olunur. [8].
Suriyada Rusiya və İran arasında ixtilaf yaradan məsələlərdən daha biri İsrailin mütəmadi avihücumları zamanı Moskvanın tabeliyində olan hava hücumundan müdafiə vasitələrinin “SAXAL” təyyarələrinə qarşı mübarizə aparmamasıdır. Rusiya hərbçilərinin bu cür bitərəf mövqeyi İsrailə İrana bağlı silahlı qruplara, həmçinin “Hizbullah” döyüşçülərinə aktiv və maneəsiz zərbələr endirməyə şərait yaradır. Baş verənlərin fonunda İranın müxtəlif dövlət rəsmilərinin dili ilə Rusiyanı İsrailin hava zərbələri zamanı hava hücumundan müdafiə vasitələrini qeyri-aktiv vəziyyətə gətirməkdə, İrana, həmçinin “Hizbullaha” məxsus obyektlərin, silah anbarlarının vurulmasına şərait yaratmaqda ittiham edir. Belə bəyanatlardan ən kəskinini İran parlamentinin Təhlükəsizlik və xarici siyasət kommisiyasının başçısı H.Fəlahətpişeh mətbuata açıqlamasında səsləndirmişdi. O, öz bəyanatında faktiki olaraq Rusiyanı İsraillə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdə günahlandırmış, Moskvanın müttəfiqlik münasibətlərinə kölgə salmasına işarə etmişdi. Buna cavab olaraq isə, Rusiya Xarici İşlər Nazirinin müavini, S.Ryabkov İranla Rusiyanın müttəfiq olmadıqlarını, sadəcə Suriyada birlikdə fəaliyyət göstərdiklərini bildirmişdi. O, İsrailin təhlükəsizliyinin Moskva üçün böyük əhəmiyyətə malik olduğunu və hər kəsin bunu yaxşı bildiyini sözlərinə əlavə etməklə Tehrana onun Təl-Əvivə qarşı atdığı addımlarında dəstək verməyəcəyini açıq şəkildə dilə gətirmişdi. [8].
Təbii ki, Suriyada Bəşər Əsəd rejiminin qəti qələbəsi təmin edilmədikcə, ölkə tamamilə İŞİD terrorçularından və digər radikal qruplaşmalardan təmizlənmədikcə Rusiya-İran cütlüyünün vahid mövqedən çıxış edəcəkləri şübhə doğurmur. Çünki, onlar buna sadəcə məhkumdurlar. Lakin Suriyada vəziyyət tamamilə və ya qismən aydınlaşdıqdan sonra Tehran və Moskva arasındakı ixtilafların açıq şəkil alması ehtimalı olduqca yüksəkdir. Çünki, hər iki tərəf müharibədən sonrakı Suriyada əsas söz sahibi olmağa, öz hərbi mövcudluğunu mümkün qədər daha geniş ərazidə təmin etməyə cəhd göstərəcəkdir.
Ümumən qeyd olunan faktlar və aparılan təhlil onu deməyə əsas verir ki, İranın Suriyadakı maraqları bu ölkəyə açıq şəkildə müdaxilə etmiş digər xarici dövlətlərlə müqayisədə daha həyati və strateji səciyyə daşımaqdadır. Yəni, əgər Rusiya münaqişəyə müdaxilə etməklə hazırki Suriya iqtidarını və bu ölkədəki hərbi mövcudluğunu qorumaqla Aralıq dənizinə çıxış imkanlarını saxlamaq niyyəti güdürsə, Türkiyə kürd dövlətinin yaranması ehtimalını önləməyə çalışırsa, ABŞ və onun müttəfiqləri Suriya iqtidarının dəyişdirilməsini, İsrail öz sərhədlərində təhlükəsizliyin bərqərar olmasına səy göstərirsə, İran üçün Suriya böhranı “olum ya ölüm” məsələsidir. Suriya İranın Yaxın Şərqdə son illər ərzində formalaşdırdığı Yəmən və Livanın da daxil olduğu şiə qurşağının, Qərblə, həmçinin İsrail və Səudiyyə Ərəbistanı ilə siyasi-ideoloji və hərbi mübarizənin aparıldığı ön müdafiə xəttinin mühüm həlqəsini təşkil edir. Bu həlqənin qırılması mübarizənin bilavasitə İran ərazisinə sıçraması ehtimalı gücləndirdiyi kimi, Tehranın Yaxın Şərqdə real, təsirli qüvvə olması imkanlarını məhdudlaşdırır. Təbii ki, İranın Suriyadakı mövqelərini qoruya biləcəyi regiondakı digər hadisələrin də gələcək inkişafından çox asılıdr. Xüsusilə son günlər ABŞ-ın İrana artan iqtisadi və hərbi təzyiqlərinin müharibəyə keçmə ehtimallarını artırdığı bir vaxtda proseslər daha da proqnozlaşdırılmaz hal almaqdadır. Lakin bir fakt həqiqət olaraq qalmaqdadır, İrandakı mövcud rejim ABŞ-la müharibədən yayınmağı bacarsa, yaxud İranın daxilində sosial-iqtisadi amillərin təsirilə ciddi təlatümlər baş verməsə Tehran Suriya uğrunda mübarizədən əsla geri çəkilməyəcək.

Açar sözlər: İran, Suriya, vətəndaş müharibəsi, ideolo­giya, geosiyasət, Qərb, Hizbullah.

Ədəbiyyat SİYAHISI
1. Жаринов К.В. Терроризм и террористы. Исторический справочник. Под общей редакцией А.Е.Тараса. Минск, 1999.
2. Кожанов Н. Битва за «Золотое звено». На какие жертвы Иран готов ради сохранения власти Башара Асада в Сирии? https://lenta.ru/articles/2016/11/10/iranianinterest/
3. Комлева Н.А. Сирийский кризис: основные причины и участники // Вестник МГОУ. Серия: История и политические науки. №5 (2015).
4. Иванов С.М. Роль и значение внешних сил в Сирийском кризисе // Дипломатическая служба. 2018, №4.
5. Лошилин А. Вторая Ливанская война: история и уроки. https://russian.rt.com/article/316635-vtoraya-livanskaya-voina-istoriya-i-uroki
6. Сирийский рубеж. Под редакцией М.Ю.Шеповаленко. 2-е издание. Москва, 2016.
7. И.А. «Интерфакс» - 11.10.2015
8. «Новая газета». №10, 30 января 2019.
9. И.А.СИНХУА. 26.02.2019.
10. TRT HABER. 14.02.2019

Эльдар Амиров
Старший научный сотрудник НИЛ Россиеведения Азербайджанского университета языков, доктор философии по политическим наукам

Роль Иранской Исламской Республики в урегулировании сирийского кризиса:
политико-идеологические и геополитические аспекты

РЕЗЮМЕ
Иранская Исламская Республика является одним из ключевых участников сирийского конфликта начавшегося с весны 2011 года, впоследствии переросшего в крупномасштабную войну, продолжавшуюся до сих пор, и сопровождающеюся многочисленными человеческими потерями и разрушениями. Именно этому вопросу, то есть причинам активного вовлечения Ирана в гражданскую войну в Сирии и посвящена данная статья, где автор пытается проанализировать основные факторы, обуславливающие стратегический интерес Тегерана к соседней стране. В статье анализ политических и военных процессов, происходящих вокруг Ирана и Сирии, сопровождается соответствующей статистикой, связанной с затратами, а также потерями Тегерана в ходе данного конфликта.
В контексте общего освещения и оценки активного вовлечения Ирана в гражданскую войну в Сирии, автор также дает короткий анализ, связанный с интересами других внешних сил, не менее активно подключившихся к этим процессам на стороне того или иного непосредственного участника этого противостояния. Иран, как известно с первого дня войны вместе с Россией выступает на стороне нынешнего президента Сирии Башара Асада и в отличие от коалиции Западных государств, Израиля, Турции и Саудовской Аравии, поддерживающих оппозицию всячески старается удержать у власти правящий режим, отвечающий его стратегическим интересам. Однако, наряду с этим в статье также указывается на противоречия и трения, периодически имеющие место между Ираном и Россией, несмотря на общность их интересов по сохранению власти Асада и территориальной целостности страны. Пользуясь малейшей возможностью каждая из сторон, пытается еще больше укрепиться в стратегических районах страны и потеснить конкурента.
В завершении автор делает выводы относительно основных факторов, подталкивающих Иран к серьёзным и непримиримым действиям в Сирии, и делает определенные предположения относительно дальнейшего хода событий.

Ключевые слова: Иран, Сирия, гражданская война, идеология, геополитика, интересы, Запад, Хезболла.

Eldar Amirov
Doctor of Philosophy in Political Science, Senior Researcher at the Russian Studies Centre Scientific-Research Laboratory, The Azerbaijan University of Languages
İnvolvement of the Islamic Republic of Iran in the Syrian Crisis:
political, ideological and geopolitical aspects

SUMMARY
The Iranian Islamic Republic is one of the key participants in the Syrian conflict, which began in the spring of 2011, which subsequently grew into a large-scale war, which has lasted until now, and is accompanied by numerous human losses and destruction. It is this issue, that is, the reasons for the active involvement of Iran in the civil war in Syria, and this article is devoted, where the author tries to analyze the main factors causing Tehran’s strategic interest in the neighboring country. The article analyzes the political and military processes around Iran and Syria, accompanied by relevant statistics related to costs, as well as the losses of Tehran during the conflict. In the context of general illumination and estimation of the active involving of Iran in civil war in Syria, an author gives the short analysis, related to interests of other external forces no less actively connected to these processes on the side of one or another direct participant of this opposition, also. Iran, as is generally known from the first day of war together with Russia comes forward on the side of present president of Syria Bashar Asad and unlike coalition of the Western states, Israel, Turkey and Saudi Arabia, supporting opposition in every way tries to retain at power the ruling mode answering his strategic interests. However, side by side with this in the article also specified on contradictions and frictions, periodically taking place between Iran and Russia, in spite of community of their interests on maintenance of power of Asad and territorial integrity of country. Using the least possibility each of parties, tries yet more to become stronger in the strategic districts of country and press a competitor.
In completion an author draws conclusion relatively basic factors, pushing slightly Iran to the serious and irreconcilable actions in Syria, and does certain suppositions of relatively further course of events.

Key words: Iran, Syria, civil war, ideology, geopolitics, interests, the West, Hezbollah