SOSİAL NƏZARƏT

Post image

XƏTAİ SALMANOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, doktorant

E-mail: [email protected]

İdarəetmə fəaliyyətinin ən mühüm funksiyalarından biri hesab olunan nəzarət, idarəetmənin qanunauyğun və səmərəli fəaliyyətini təmin edir, qəbul olunmuş standartlardan kənara çıxma hallarının aşkarlanması və aradan qaldırılması kimi prosesləri əhatə edir. Müasir dövrdə istər idarəçilik fəaliyyətini, istərsə də cəmiyyəti nəzarət olmadan təsəvvür etmək mümkün deyil. Son dövrlər idarəçilik fəaliyyətinin şaxələnməsi, bu sahədə köklü islahatların aparılması, cəmiyyətin mürəkkəblik xüsusiyyətinin artması nəzarət sisteminin rolunu və əhəmiyyətini daha da artırır.
Ümumi mənada nəzarət dedikdə, fəaliyyətin qiymətləndirilməsi məqsədilə mövcud nəticələrin müəyyən olunmuş standartlarla müqayisə edilməsi, kənarlaşmaların müəyyən edilərək aradan qaldırılması kimi proseslər başa düşülür. Nəzarət, fəaliyyətin qanunauyğun təşkilinin ən fundamental elementlərindən biridir [6].
Nəzarət prosesi dörd mərhələdə həyata keçirilir:
Birinci mərhələ - bu mərhələdə standartlar və digər qiymətləndirmə meyarları müəyyən edilir. Nəzarət prosesinin bu mərhələsi çox önəmlidir. Çünki nəzarət obyektinin fəaliyyəti bu standartlar əsasında qiymətləndirilir. Nəzarət prosesinin gedişatı zamanı standartlara yenidən baxıla və ya standartlar dəyişdirilə bilər.
İkinci mərhələ- nəzarət obyektinin mövcud faktiki nəticələri ilə qəbul edilmiş standartların müqayisəsi aparılır. Nəticədə idarəetmədə mövcud olan kənarlaşmalar və digər neqativ hallar ortaya çıxır.
Üçüncü mərhələ- mövcud olan qanuna zidd halların və kənarlaşmaların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Dördüncü mərhələ- mövcud kənarlaşmaların və neqativ halların gələcəkdə təkrarlanmaması üçün müvafiq qabaqlayıcı addımlar atılır.
Nəzarət fəaliyyəti müəyyən prinsiplər əsasında təşkil olunur. Bu prinsiplər nəzarətin şəffaflığını və effektivliyini təmin edir. Nəzarət sistemi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1.Müstəqillik prinsipi
2.Qanunçuluq prinsipi
3.Obyektivlik prinsipi
4.Aşkarlıq prinsipi
5.Məxfilik prinsipi
6.Səmərəlilik prinsipi
- Müstəqillik prinsipi nəzarət fəaliyyətinin əsas prinsipi hesab olunur. Bu prinsipə görə nəzarət fəaliyyəti heç bir asılılıq olmadan, müstəqil formada həyata keçirilməli və müstəqilliyə mane olan amillərin qarşısı alınmalıdır.
- Qanunçuluq prinsipi nəzarət fəaliyyətinin müvafiq qanunvericilik əsasında demokratik tələblərə uyğun həyata keçirilməsini ehtiva edir. Bu prinsipə əsasən nəzarət fəaliyyəti zamanı qanun pozuntularına yol verən şəxslər məsuliyyətə cəlb olunmalıdır.
- Obyektivlik prinsipi nəzarət fəaliyyəti düzgün təşkil edilməli, yanlış informasiyaların, neqativ təsirlərin və nəzarət fəaliyyətinin obyektivliyinə təsir edən amillərin qarşısı alınmalıdır.
- Aşkarlıq prinsipi nəzarət prosesinin nəticələri barədə ictimaiyyətə məlumat verilməlidir. Aşkarlıq prinsipi idarəetmə fəaliyyətinin mövcud vəziyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.
Məxfilik prinsipi nəzarət prosesi zamanı əldə olunmuş informasiyaları icazəsiz və xəbərsiz paylaşmaq, yaymaq, ötürmək, şəxsi məqsədlər üçün istifadə etmək qəti qadağandır.
Səmərəlilik prinsipi resurslardan qənaətlə və məqsədəuyğun istifadə olunmalı və lazımsız itkilərin qarşısı alınmalıdır [9].
Müasir dövrdə idarəetmə sistemində mövcud olan əsas nəzarət formalarından biri sosial nəzarətdir. Sosial nəzarət dedikdə, fərdlərin davranış normalarını müəyyən edən və cəmiyyətdə intizam formalaşdıran proseslərin məcmusu nəzərdə tutulur. Cəmiyyətin inkşafında xüsusi əhəmiyyət daşıyan sosial nəzarət, mürəkkəb, çoxfunksiyalı proses olmaqla, cəmiyyətlə bağlı müxtəlif prosesləri əhatə edir. Sosial nəzarət termini ilk dəfə olaraq elmə fransız sosioloqu Qabriel Tard tərəfindən gətirilmişdir. İlk öncə Qabriel Tard, sosial nəzarət termininə qısa tərif vermişdir. Belə ki, Tard sosial nəzarətə cinayət törətmiş fərdlərin normal həyata qaytarılması aləti kimi tərif vermişdir. Sonralar isə Qabriel Tard, sosial nəzarət terminini, sosiallaşma prosesinin mühüm tərkib hissəsi kimi izah etmişdir.
Elmi ədəbiyyatlarda sosial nəzarət termininə iki istiqamət üzrə tərif verilir:
1. Fərdlərin sosial davranışını nizama salmaq məqsədilə lazımi tədbirlərinin həyata keçirilməsi
2. Fərdlərin cəmiyyətdə qəbul edilmiş davranış normalarına əməl etməsinə nəzarət etmək.
Sosial nəzarət mexanizmi sabit və nizamlı cəmiyyətin formalaşmasında və cəmiyyətin hüquqi baxımdan inkşafında mühüm rol oynayır [1].
Sosial nəzarətin tətbiqi zamanı proseslər üç istiqamət üzrə icra olunur:
- I istiqamətə fərdləri mövcud olduqları cəmiyyətin normalarına uyğun şəkildə hərəkət etməyə məcbur edən proseslər daxildir;
- II istiqamətə fərdlərin sosial inkşafını təmin edən proseslər daxildir;
- III istiqamətə sanksiyaların tətbiqinin zəruri olduğu proseslər daxildir.
Müasir dövrdə sosial nəzarət cəmiyyətdə baş verən prosesləri tənzimləyir, cəmiyyəti nizamsızlıqdan və xaotiklikdən qoruyur. Bu mənada sosial nəzarət iki funksiya daşıyır. Bu funksiyalar aşağıdakılardır:
- mühafizəedici funksiya
- sabitləşdirici funksiya
Mühafizəedici funksiya cəmiyyəti sosial partlayış, xaotiklik və bu kimi digər problemlərdən mühafizə edir.
Sabitləşdirici funksiya sosial baxımdan sabit cəmiyyətin formlaşmasını təmin edir. Sosial nəzarətin hər iki funksiyası bir-biri ilə sıx şəkildə bağlıdır. Ümumi mənada sosial nəzarətin funksiyasalarını belə ifadə etmək olar:
Sosial nəzarətin mühafizə funksiyası insanların hüquq və azadlıqlarını təmin edir və qoruyur. Hüquqların qorunması və mühafizəsi nəticəsində sabit cəmiyyət formalaşır [10].
Müasir dövrdə rolu və əhəmiyyəti durmadan artan sosial nəzarət mexanizmini bir sıra tədqiqatçı-alimlər tədqiq etmişdir. Amerikalı sosioloq Edvard Ross sosial nəzarəti cəmiyyətdə sağlam mühitin formalaşdırılması məqsədilə davranışların qanunauyğun tənzimlənməsi formasında izah etmişdir. Edvard Ross, sosial nəzarətin fərdlərin xüsusiyyəti ilə bağlılıq təşkil etdiyini və sosial nəzarəti uzunmüddətli zamanın inkişaf nəticəsi kimi xarakterizə etmişdir.
Sosial nəzarət sahəsində mövcud olan problemləri tədqiq edən Robert Park sosial nəzarət anlayışına daha geniş tərif vermişdir. Robert Park sosial nəzarətin mahiyyətini cəmiyyətdə mövcud olan sosial qüvvələrlə fərdlər arasında nisbətin təmin olunmasının əsas aləti kimi ifadə etmişdir [2]. Robert Park sosial nəzarətin üç formada həyata keçirildiyini qeyd etmişdir:
1. sosial sanksiyalar;
2. ictimai rəy;
3. sosial institutlar.
Görkəmli sosioloq P. Berger, sosial nəzarətin xüsusiyyətlərindən (tipindən, növündən, formasından) asılı olaraq fərdlərə təsir dərəcəsinin dəyişdiyini ifadə etmişdir. Onun fikrincə, hər bir fərd konsentrik dairələrin mərkəzində mövqe tutur ki, bu dairələrin hər biri sosial nəzarət sistemidir. Berger fikrincə sosial nəzarət sistemi beş dairədən ibarətdir:
I dairə - ən böyük hesab dairə olunur və bu dairəyə siyasi-hüquqi sistem daxildir. Siyasi-hüquqi dairə dövlətin qanunvericilik mexanizmi ilə təmsil olunur və hər bir fərd bu dairənin tələblərinə tabe olmalıdır. I dairəyə fərdlərin daşıdıqları öhdəliklər (vergilərin ödənilməsi, hərbi xidmətə çağırış, mövcud qanunlara tabe olmaq və s.) daxildir.
II dairə - bu dairənin əsas alətləri ictimai əxlaq, adət və ənənələrdir. Mövcud cəmiyyətdə fərdlərə daima müxtəlif nəzarət olunur. Bu nəzarət müxtəlif subyektlər tərəfindən və hər bir subyektin öz səlahiyyətləri çərçivəsində həyata keçirilir.
III dairə - bu dairəyə iş fəaliyyəti zamanı peşə vəzifələrinə və müəyyən olunmuş məhdudiyyətlərə riayət olunması daxildir. Fərdlərə iş fəaliyyəti zamanı müxtəlif vasitələrlə nəzarət olunur. Misal olaraq, lizensiya təşkilatları, müxtəlif birliklər və həmkarlar ittifaqları tərəfindən həyata keçirilən nəzarəti göstərmək olar.
IV dairə - bu dairənin əsas aləti ictimai mühitdir. İctimai mühit dedikdə, fərdləri əhatə edən insanlar nəzərdə tutulur. Cəmiyyətdə xüsusi rol oynayan ətraf mühit, fərdləri öz tələblərini çərçivəsində hərəkət etməyə sövq edir.
V dairə - Bu dairə fərdlər üzərində ailənin, şəxsi dostların müəyyən formada nəzarət etdiyini ehtiva edir. Fərdlərə ailənin və şəxsi dostların düzgün nəzarəti onun psixoloji inkşafına səbəb olur.
Sosial nəzarətin ilk iki (I və II dairə) dairəsi məcburi xarakter daşıyır. Sosial nəzarətin bütün dairələri fərdin sosiallaşmasında, sosial inkşafında və fəaliyyətinin nizamlı, tarazlı olmasında mühüm rol oynayır [8].
Sosial nəzarət üç element vasitəsilə icra olunur. Bu elementlər aşağıdakılardır:
1. Məcburilik, sosial sanksiyaların tətbiq olunması vasitəsilə.
2. Tərbiyə və sosiallaşma vasitəsilə.
3. Siyasi, maliyyə, hüquqi, mənəvi və məsuliyyətin digər formaları vasitəsilə.
- Məcburilik, sosial sanksiyaların tətbiqi dedikdə, qanun pozuntuları, müəyyən olunmuş norma və standartlardan kənarlaşma halları baş verdikdə, kənarlaşmaların və qanun pozuntularıının qarşısını almaq və qanun aliliyinin təmin olunması məqsədilə məcburi tədbirlərin və sosial sanksiyaların tətbiq olunması nəzərdə tutulur.
- Tərbiyə və sosiallaşma dedikdə, fərdlər məqsədyönlü və şüurlu olaraq cəmiyyətdə mövcud olan adət-ənənələri, norma və standartları qəbul edirlər.
- Siyasi, maliyyə, hüquqi, mənəvi və məsuliy­yətin digər formaları dedikdə, bütünlükdə qrup normaları- mədəni dəyərlər, adət-ənənələr başa düşülür. Sosial nəzarət mexanizmi mürəkkəb sturktura malik olub, bir çox elementlərin birləşmə­sindən təşkil olunur. Elmi mənbələrdə sosial nəzarət mexanizminin üç əsas struktur elementi göstərilir:
1. Hakimiyyət;
2. Normalar;
3. Sanksiyalar.
Hakimiyyət - sosial nəzarətin icrasının əsas ele­menti hesab olunur. Hakimiyyət qanunlar, davranış normaları formalaşdırır və formalaşmış normaların icrasına nəzarəti həyata keçirir. Sosial nəzarət və hakimiyyət terminləri bir-biri ilə bağlıdır. İstənilən bir fərd hakimiyyətin müəyyən funksiyasını həyata keçirə bilər. Misal olaraq, istənilən fərd baş vermiş qanun pozuntuları haqqında öz iradını bildirərsə və müəyyən mənada qanun pozuntularının qarşısının alınmasısına çalışarsa, bu zaman həmin fərd hakimiyyətin kiçik funksiyanı daşımış olur [3]. Hakimiyyətin üç əsas aspekti mövcuddur:
1. Direktiv aspekt- hakimiyyətin qəbul etdiyi qərarların, qanunların, normativ aktların icra olunmasını təmin edir. Bu aspekt hakimiyyət aspektləri içərisində aparıcı aspekt hesab olunur.
2. Funksional aspekt- hakimiyyətin ictimai idarəetmə funksiyasının icrasını nəzərdə tutur.
3. Kommunikativ aspekt- hakimiyyətin anlaşılan və başadüşülən vasitələrlə həyata keçirilməsini nəzərdə tutur.
Normalar - cəmiyyətdə nizamlı davranış qaydalarını formalaşdıran tələblərdir. Normalar nəyi etmək olmaz və nəyin edilməli olduğunu müəyyən edir. Cəmiyyətin idarə olunmasında xüsusi rol oynayan normalar aşağıdakı amillər baxımından əhəmiyyətlidir:
- Sabit cəmiyyət mühitinin formalaşmasını və inkşafını təmin edir
- Cəmiyyəti nizamsızlıqdan qoruyur
- Cəmiyyəti sıx birləşdirir
Sosial nəzarət zamanı istifadə olunan normalar bir sıra özünəməxsus xüsusiyyətlər daşıyır. Bu xüsusiyyətlər aşağıdakılardır:
- normalar elmi əsaslandırılmış, dərk olunmuş ümumi qaydalar toplusudur;
- normalar fərdlərin və sosial qrupların davranışları nəticəsində meydana çıxır;
- normalar fərdlərin davranışını, cəmiyyətdəki sosial əlaqələri və münasibətləri nizamla salır.
Sanksiyalar - qəbul edilmiş sosial normalara fərdlərin riayət etməsini stimullaşdıran tədbirlərin məcmusudur. Bu baxımdan sanksiyalar iki yerə ayrılır: Neqativ və pozitiv.
Neqativ - normaların pozulduğu təqdirdə cəzalandırma tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Pozitiv isə normalara əməl olunduqda mükafatlandırmanı nəzərdə tutur [7].
Sanksiyalar və normalar bir-biri ilə qarşılıqlı əlaqədədir. Sanksiyalar sosial normaları müdafiə edir və onlara riayət olunmasını olunmanı təmin edir.
Sosial nəzarətin tətbiqi zamanı istifadə olunan sanksiyalar dərəcəsinə görə təsnifləşdirilir. Dərəcələrinə görə sanksiyaların aşağıdakı formaları var:
- sərt;
- yumşaq;
- birbaşa;
- vasitəli.
Müasir dövrdə sosial nəzarətin iki növündən istifadə olunur:
Formal sosial nəzarət
Qeyri-formal sosial nəzarət
Formal sosial nəzarət iki istiqamət üzrə xarak­terizə olunur. Birinci istiqamətə, qanuna zidd fəaliyyət sahələrinin müəyyən edilməsi və həmin sahələrə lazımi sanksiyaların tətbiq edilməsi daxildir. İkinci istiqamətə isə qanunla qadağan olunmamış fəaliyyət sahələrinin stimullaşdırılması daxildir. Formal sosial nəzarətin icrası xüsusi nəzarət təlimi keçmiş və nəzarət funksiyalarının həyata keçirilməsi üçün əmək haqqı alan səlahiyyətli nümayəndələr və agentlər tərəfindən həyata keçirilir [4].
Qeyri-formal sosial nəzarət qarşılıqlı müna­si­­bət­lərin təzahürü nəticəsində formalaşır. Sosial nəzarətin qeyri-formal növünün əsas funksiyası cəmiyyətdə cərəyan edən qarşılıqlı əlaqələrin normativ qayada tənzimlənməsidir. Qeyri-formal sosial nəzarətin icrası sosial qruplar, sosial təşkilatlar və müəyyən səlahiyyətli nümayəndələr tərəfindən həyata keçirilir.
Formal sosial nəzarət miqyasına görə qeyri-formal sosial nəzarətdən daha geniş xarakter daşıyır. Bu mənada formal sosial nəzarət dövlət idarəçiliyinin bütün fəaliyyət istiqamətlərində əks olunur. Qeyri-formal sosial nəzarət fərdlərin əhatə etdiyi miqyasına görə kiçik qruplar ilə məhdudlaşır. Ona görə də bəzi elmi mənbələrdə qeyri-formal nəzarətə lokal, məhəlli, yerli nəzarət formasında təriflər verilir [5].
Sosial nəzarət cəmiyyətin idarə olunmasında, sosial mexanizmin inkşafında, qarşıya qoyulmuş sosial-iqtisadi hədəflərə müvəffəqiyyətlə nail olmaqda mühüm rol oynayır. Sosial nəzarətin düzgün formalaşdırılması idarəetmə fəaliyyətinin effektivliyini yüksəldir, insanların davranış normalarını nizamlayır və sosial sahələrin inkşafına səbəb olur.

Açar sözlər: Sosial, Konstitusiya, Nəzarət, Sanksiya.

Ədəbiyyat siyahısı
1. Əfəndiyev M., Şirinov A., Sosiologiyanın nəzəri problemləri. 2001.
2. Кравченко А. И., Социология. 2006.
3. Qalenkova Z. T. Ümumi sosiologiya. Tərcüməçi fəl.e.d., prof. Rüstəmov İ.B., 2007.
4. Quliyev R., Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası. 1995.
5. Məmmədova A.N., Sosial ekologiya. 2007.
6. Məmmədov F., İdarəetmə mədəniyyəti Xarici ölkələrin təcrübəsi. Bakı, 2013.
7. Муканов Р.Ж., Формирование доктрины социального контроля над преступностью и ее развитие в Республике Казахстан “Российский юридический журнал”. 2010, N 5
8.Nağıyev Ə.T., Sosial iqtisadi inkişafın metodoloji aspektləri. Azərnəşr, 2002, s.296
9. Şahbazov K.A., “Menecment”. Bakı, 2007
10.Vahidov F., Ağayev T., Sosiologiya. 2005.

Social Control
Summary
Social control, which has a special place in control systems, regulates people’s behavior and plays an important role in the development of society. One of the main tasks facing any state in modern times is to ensure and maintain order, stability in society. Because the formation of a stable society will give impetus to the social development of the state. For this reason, the formation of effective social control is one of the priorities of the social policy of each state.

Keywords: Social, Constitution, Control, Sanction

Социальный контроль


Резюме
Социальный контроль, занимающий особое место в системах контроля, регулирует поведение людей и играет важную роль в развитии общества. Одна из главных задач, стоящих перед любым государством в современное время, - обеспечение и поддержание порядка, стабильности в обществе. Потому что формирование стабильного общества даст толчок социальному развитию государства. По этой причине формирование эффективного социального контроля является одним из приоритетов социальной политики каждого государства.

Ключевые слова: Социальное, Конституция, Контроль, Санкция