Geosiyasi xarakteristika vacib element olduğu üçün Türkiyə xarici siyasət nümayəndələri xarici siyasəti müəyyənləşdirərkən bu amili nəzərə alır ki, bu da Türkiyənin strateji cəhətdən əhəmiyyətli mövqedə yerləşməsi ilə bağlıdır. Geosiyasi amil ölkələrarası əlaqələri analiz etmək üçün xüsusi əhəmiyyətə malikdir, lakin onun məzmunu həm nəzərdən keçirdiyimiz ölkə, həm də onun digər ölkələrlə əlaqəsinin xarakterindən asılıdır.
Düzdür, gosiyasət bütün daxili və xarici siyasət strategiyalarının müəyyənləşdirilməsində iştirak edən amil olmur. Lakin ölkə öz geosiyasi vəziyyətinə əsasən siyasətini müəyyənləşdirir. Ölkənin geosiyasi üstünlük və zəiflərini nəzərə alır.
Kolin Flintə görə ölkələrin dünyaya münasibətdə meyl etdiyi istiqamət geosiyasi kodeks adlanır. Flintə görə bu kodeksdə 5 amil mövcuddur.
1) ölkənin cari və potensial müttəfiqləri kimdir.
2) ölkənin cari və potensial düşmənləri kimdir.
3) müttəfiqləri necə qoruyub saxlamalı.
4) düşmənlərə və təhlükələrə qarşı necə mübarizə aparmalı.
5) ölkə ictimaiyyəti və qlobal səviyyədə bu dörd amili necə əsaslandırmalı.
Hər bir ölkə üçün ilk növbədə qonşuluq amili, qonşu ölkələrin xarakteri vacibdir. Müttəfiqləri iqtisadi, mədəni, hərbi, təhsil əlaqələri ilə saxlamaq olar. Düşmənlərə qarşı isə hərbi və qeyri-hərbi (sanksiyalar, boykot, diplomatiya) metodlardan istifadə etmək olar (7, s:3).
Türkiyənin geostrateji mövqeyinin üstün və zəif cəhətləri mövcuddur. Üstünlüklər ondan ibarətdir ki, Asiya, Afrika və Avropanın kəsişməsində yerləşən, Aralıq, Qara və Egey dənizləri ilə əhatə olunan, Bosfor və Dardanel boğazlarına sahib olan Türkiyə strateji cəhətdən əlverişli mövqeyə malikdir. O, təbii resurslarla zəngin olan Yaxın Şərq və bu resurslara ehtiyacı olan Avropa arasında yerləşir və bu resursların Avropaya nəqlində tranzit cəhətdən mühüm əhəmiyyət kəsb edir. Hər bir enerji-nəqliyyat layihələri onun rolunu daha da artırır. Mənfi cəhətlər isə ondan ibarətdir ki, Türkiyə terrorizm, mütəşəkkil cinayətkarlıq, miqrasiya məkanına çevrilə bilər (7, s:4).
Türkiyənin əlverişli geostrateji mövqeyi onun dünya enerji siyasətində mövqeyinə də təsir göstərir. Belə ki, o, təbii ehtiyatlarla zəngin olan bölgələrdən enerjinin qərbə nəqlində əsas tranzit ölkələrdən biridir.
Strateji nöqteyi-nəzərdən Türkiyəyə müxtəlif adlar verilmişdir: 1. pikdə dayanan, 2. həyati, 3. periferial, 4. mərkəzi. Şiner Aktürkə görə Türkiyənin dünya siyasətində milli maraqlarını başa düşmək üçün 4 istiqamətə fikir vermək lazımdır: 1. Pan-İslamçılıq, 2. Pan-Türkçülük, 3. Qərbçilik, 4. Avrasiyaçılıq. Pan-İslamçılıq Ərəb –İslam ölkələrinə yönəlik siyasəti nəzərdə tutur. Pan-Türkçülük türk dünyasında lider rola malik olmağa əsaslanır. Qərbçilik Avropa və Atlantik strukturlarına gələcək inteqrasiyanı nəzərdə tutur. Avrasiyaçılıq isə Rusiya meylli oriyentasiyaya əsaslanır (2).
Türkiyənin geostrateji əhəmiyyəti aşağıdakı faktorlarla əlaqəlidir:
O, Qara dəniz regionunu stabilləşdirir,
Boğazlara nəzarət edir,
NATO-nun cənub dayağı rolunu oynayır,
Bütün cənub-şərqi ərazidə Rusiyanı balanslaşdırır,
O, regionda yeni müstəqillik qazanmış ölkələr üçün model rolunu oynayır və onların dünya birliyinə inteqrasiyasına kömək edir,
Xəzər hövzəsi və Mərkəzi Asiya ilə Qərb dünyasının enerji əlaqələrinin qurulmasında vacib rol oynayır,
Balkan və Yaxın Şərq məsələlərində həyati əhəmiyyət kəsb edən ölkə rolunu oynayır (8).
Türkiyənin Osmanlı imperiyası kimi tarixi bir mirasa sahib olması onun Soyuq müharibədən sonra Balkanlarda, Qafqazda aktiv xarici siyasət yürütməsinə yol açmışdır (1, s:22).
Türkiyənin gənc və artan əhaliyə malik olması da onun mühüm güc faktorlarından biridir. Ölkənin tarix, əhali, mədəniyyət, coğrafiya kimi sabit imkanları ilə yanaşı, iqtisadi, texnoloji və hərbi bacarıqları kimi potensial imkanları da vardır. Bu imkanlardan xarici siyasətdə səmərəli istifadə dövlətin beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına səbəb olar (1, s:24).
Ölkənin nüfuzunun artmasına səbəb olan əsas amillərdən biri də texnoloji inkişafdır. Buna görə də dövlətlər texnoloji üstünlüyə səy göstərirlər. Bir ölkənin sabit (tarixi, coğrafi, demoqrafik və mədəni) ünsürlər və dəyişkən (texnoloji, iqtisadi, hərbi imkanlar) ünsürləri çox üstünlük qazanmağa imkan versə də, siyasi iradə, strateji zehniyyət və strateji planlamanın yüksək səviyyədə olmaması onların daha irəli getməsinə mane olar.
İnsan faktoru, ümumiyyətlə, dövlətin roluna təsir edən mühüm cəhətlərdən biridir. Belə ki, biz tarix və coğrafiyamızı dəyişdirə bilmərik. Amma keyfiyyətli insan faktoru bu ünsürlərdən yaxşı istifadə edib dövlətin gücünü artırar. Keyfiyyətsiz insan faktoru isə əksinə həmin gücü zəiflədər. Həmçinin, iqtisadi, hərbi və texnoloji inkişaf da insan amilindən asılıdır (1, s:35).
Qeyd edək ki, Türkiyə xarici siyasi məqsədlərinə aşağıdakılar aiddir: 1) təhlükəsizliyə mane olmadan mülki azadlıqları gücləndirmək, 2) qonşularla sıfır problem siyasəti yürütmək, 3) qonşu regionlarla əlaqələri inkişaf etdirmək, 4) çox ölçülü siyasətə sadiq qalmaq, 5) ritmik siyasət icra etmək (yəni dünyanın istənilən yerində problem olsa, Türkiyə də həmin məsələ ilə bağlı öz sözünü demək iqtidarına malik olmalıdır). Bütövlükdə, Türkiyə mərkəzi dövlətdən qlobal gücə çevrilməlidir (7, s:5).
Türkiyə xarici siyasətinin əsas prinsiplərindən biri Qərbə oriyentasiyasıdır. M.K.Atatürk Türkiyə Cümhuriyyətini yaradarkən qərb dəyərlərini, qərb strukturlarına inteqrasiyasını, bir sözlə, qərbləşməni vacib elementlərdən biri hesab etmişdi. İkinci element tarixin roludur. Üçüncü element təhlükəsizlik və təhlükəsizlik yönümlü xarici siyasətin olmasıdır (4).
Strateji cəhətdən əlverişli mövqedə yerləşən Türkiyə bir sıra mühüm məsələlərdə ABŞ üçün əhəmiyyət kəsb edir. İraq məsələsinin həlli, Yaxın Şərqdə təhlükəsizlik, Suriya, İran, ərəb-müsəlman dünyasında təsir, İran və İraqa KQS-nin yayılmasının qarşısını almaq, Mərkəzi Asiya və Cənubi Qafqazda təsir, Mərkəzi Asiyada Rusiya və Çinin güclərinin balanslaşdırılması kimi məsələlərdə ABŞ-ın Türkiyəyə ehtiyacı vardır (7, s:5).
Xarici İşlər İdarəsinin eksperti Steven A.Kuk bildirmişdir ki, Obama administrasiyası Türkiyəni təkcə geostrateji nöqteyi-nəzərdən qiymətləndirmir, həmçinin, onu Yaxın Şərqdə potensial tərəfdaş hesab edir. Bu gün Türkiyə Qafqaz, Balkan, Yaxın Şərqdə aktiv siyasət yürüdür. Qeyd edək ki, Beynəlxalq Strateji Araşdırmalar Təşkilatı belə hesab edir ki, Türkiyə hələ də regional lider hesab edilə bilməz. Çünki, bunun üçün iqtisadi, diplomatik, təşkilati bacarıqdan əlavə hərbi güc də lazımdır. Yaxın Şərq ölkələri Türkiyəyə model ölkə kimi yanaşsalar da, bu, onun siyasi sisteminə görə deyil, iqtisadi inkişafına görədir.
Türkiyə apardığı siyasətə əsasən müxtəlif adlar qazanıb: “tarixi böyük qardaş”, “regionun lideri”, “müsəlman azlıqların müdafiəçisi”.
Tarixi böyük qardaş roluna baxsaq, bunu onun Qafqaz, Yaxın Şərq və Balkan regionundakı mövqeyi ilə nəzərdən keçirmək olar. Türkiyənin bu regionlarda artan nüfuzunu “yeni osmançılıq” adlandırırlar və belə hesab edirlər ki, Türkiyə tarixi Osmanlı imperiyasının keçmişinə qayıtmaq istəyir.
Regionun təbii lideri müsəlman azlıqların müdafiəçisi rolunu Türkiyənin müsəlman ölkələrinə və sünni qruplarına yardımı ilə əlaqələndirirlər. Ərdoğanın Suriyadakı sünni qruplarına yardımı və 2011-ci ildə Liviyaya səfərini onun özünü xəlifə hesab etməsi ilə əlaqələndirmişdilər.
Türkiyə beynəlxalq proseslərə təsir göstərə bilən mühüm aktora çevrilmək istəyir. Bunun üçün o, addımlar da atmışdır. Belə ki, qonşu ölkələrlə əlaqələri gücləndirmək üçün viza rejimini ləğv etmişdir. İran və eləcə də ərəb ölkələri ilə ticarət əlaqələrini gücləndirmişdir. Həmçinin, müxtəlif hadisələrdə, məsələn, İran və beynəlxalq birlik, Suriya və İsrail, Pakistan və Əfqanıstan arasında danışıqlar aparılmasına səy göstərmişdir (9).
Qeyd edək ki, 1990-cı illərdə xarici borcların artması, büdcə kəsiri, yüksək inflyasiya nəticəsində iqtisadiyyat daxili və xarici təsirlərə qarşı çox zəif idi. 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsi ilə siyasət, iqtisadiyyat və digər sahələrdə islahatlar aparılmaqla “Yeni Türkiyə” konsepsiyasına uyğun siyasət yürüdülür (3, s:115).
2001-ci il dünya iqtisadi böhranından sonra dünya bazarlarından inkişaf edən ölkələrə kapital artmağa başlayır. Türkiyə də belə ölkələrdən biri idi. Nəticədə, məhsul və xidmətlərin ixracı artmaqla bərabər, sağlam daxili tələb mühiti də formalaşır və Türkiyənin iqtisadiyyatı sürətlə güclənməyə başlayır. Nəticədə, Türkiyə 2011-ci ildə Çindən sonra (9,2%-lik artım) 8,5%-lik illik artımla dünya iqtisadiyyatının sürətlə inkişaf edən II ölkəsi olmuşdur (3, s:117).
XXI əsrin əvvəllərində neftin qiymətinin qalxması ilə dövlətlər neftlə zəngin olan bölgələr uğrunda mübarizə başlayır. Türkiyə Yaxın Şərq, Rusiya, Xəzər hövzəsi ölkələri ilə həmsərhəd olmaqla dünya neft və təbii qaz ehtiyatlarının 70%-nin cəmləşdiyi bölgəyə qonşu olmaqla mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Türkiyə beynəlxalq su yollarının üzərində yerləşir. Hər iki faktor onun dünya enerji ehtiyatlarının nəqlində vacib rol oynamasına müsbət təsir göstərir (5, s:97).
Türkiyənin ümumi enerji təminatı aşağıdakılardan ibarətdir: neft – 38%, təbii qaz – 23%, kömür – 27%, bərpa olunan enerji – 7%. Türkiyənin ən çox enerji istehlak edən sahələri sənaye (45%), yaşayış sektoru (31%), nəqliyyat sferasıdır (19%).
Türkiyə parlamenti 2001-ci ildə enerji sferasının liberallaşmasına dair qərar qəbul etmişdir. Məqsəd hökumətin bu sferada monopoliyasına son qoymaq və özəlləşdirməni sürətləndirmək idi.
Türkiyə iqtisadiyyatının güclü tərəfləri: cavan və çoxsaylı əhali, investisiya cəlb olunmasına dair islahatlar, turizm, sənayenin vacib sahələri. İmkanlar: əhali və işçi qüvvəsi artımı, uzunmüddətli iqtisadi inkişaf layihələri, bazar potensialı, vergi və sosial təhlükəsizlik islahatları, infrastruktur layihələri, enerji və nəqliyyat üçün əlverişli geostrateji mövqeyi, özəlləşdirmə prosesləri.
İqtisadiyyatın zəif tərəfləri: cari hesab defisiti, işsizlik, dar vergi bazası, struktur islahatların çatışmazlığı, inflyasiya, xarici enerjidən asılılıq, yüksək elektrik qiymətləri, regional qeyri-bərabərlikdir. Hədələr: lirənin devalyasiyası, hakimiyyət mübarizəsi, daxili enerji böhranıdır.
Türkiyənin hərbi büdcəsi ÜDM-nin 5%-ni təşkil edir. 1996-cı ildə Türkiyə 2030-cu ilə kimi hərbi büdcəsi 150 mlrd.ABŞ dolları səviyyəsində təsdiqləmişdir (12, s:25).
Bəzi mütəxəssislər belə hesab edirlər ki, Türkiyədə hərbi xərclər həddən artıq çoxdur. Bu isə iqtisadi və sosial rifahın artmasına mane olur. Ona görə də hərbi xərclər azalmalı, hərbi sferanın rolu zəifləməlidir (6, s:30-31).
Türkiyənin inkişafında əsas faktorlardan biri iqtisadi irəliləyiş olmuşdur. Türkiyə milli iqtisadiyyatı Avropada 6-cı yerdə dayanır. Türkiyə iqtisadiyyatı sürətlə inkişaf edir. 90-cı illərdə kənd təsərrüfatı sahəsi liderlik edirdisə, indi ÜDM-də 60%-lik payla I yeri xidmət sahəsi tutur. Sənaye 30%-lik payla II yerdə dayanır. Kənd təsərrüfatı sahəsi isə iqtisadiyyatda 10%-lə III yerdə dayanır. AKP-nin hakimiyyətə gəlməsi ilə iqtisadi (özəlləşdirmə, liberallaşdırma), siyasi və sosial sferalarda (söz azadlığı, mətbuat azadlığının inkişafı, ölüm cəzasının ləğvi, milli təhlükəsizlik şurasında islahatlar, hərbi sferanın hakimiyyətinin məhdudlaşdırılması, Aİ standartlarına uyğun olaraq mülki və cinayət hüququnun təkmilləşdirilməsi və s.) çoxsaylı islahatlar həyata keçirilmişdir (14).
Türkiyənin əmək bazarı onun iqtisadiyyatının inkişafına təsir göstərmək qabiliyyətinə malikdir. Belə hesab edilir ki, 2040-cı ilə kimi əhali 90 milyona qədər artacaq. ÜDM-nin göstəricisinə görə Türkiyənin 2040-cı ilə kimi 12-ci yerdə dayanacağı proqnozlaşdırılır. Qeyd edək ki, Türkiyədə qida sənayesi, kənd təsərrüfatı və xidmət sahəsi, alternativ enerji, avtomobil istehsalı və turizm sahələrinin potensial beynəlxalq inkişafı mümkündür (16).
2016-cı ildə Dünya Bankının məlumatında qeyd olunmuşdur ki, Türkiyənin əhalisi 78,6 milyon nəfər, ÜDM-si 856 milyard dollar, adambaşına düşən ÜDM isə 10807 dollar olmuşdur (11).
Türkiyə iqtisadiyyatına nəzər saldıqda qeyd etmək lazımdır ki, ÜDM-nin illik artımı 2014-cü ildə 3%, 2015-ci ildə 4%, 2016-cı ildə isə 3,3% təşkil etmişdir. ÜDM-nin sektorlar üzrə bölgüsündə isə kənd təsərrüfatı 8,6%, sənaye 7,1%, xidmət sahəsi 64,3% paya sahibdir. 2016-cı ildə sənaye istehsalının artım göstəricisi 4,5%-ə bərabər olmuşdur. İşçi qüvvəsi isə 2016-cı ildə 30,24 milyon nəfər təşkil etmişdir. İşçi qüvvəsini sektorlar üzrə bölsək onun 25,5%-i kənd təsərrüfatı, 26,2%-i sənaye, 48,4%-i isə xidmət sahəsinin payına düşür. 2016-cı ilin büdcəsinə nəzər salsaq gəlirin 184,3 milyard dollar, xərcin 198, 8 milyard dollar olduğunu görərik. İnflyasiya səviyyəsi isə 2015-ci ildə 7,7%, 2016-cı ildə isə 8% təşkil etmişdir. İxrac dəyəri 2015-ci ildə 152 milyard dollar, 2016-cı ildə isə 150,1 milyard dollara bərabər olmuşdur. Əsas ixrac tərəfdaşları isə Almaniya (9,3%), Böyük Britaniya (7,3%), İraq (5,9%), İtaliya (4,8%), ABŞ (4,5%), Fransadır (4,1%). İdxal dəyəri isə 2015-ci ildə 200,1 milyard dollar, 2016-cı ildə 197,8 milyard dollar təşkil etmişdir. Əsas idxal tərəfdaşları Çin (12%), Almaniya (10,3%), Rusiya (9,9%), ABŞ (5,4%), İtaliyadır (5,1%). Hərbi xərclər isə büdcənin 2011-ci ildə 2,28%-ni, 2012-ci ildə 2,31%-ni, 2013-cü ildə 2,39%-ni, 2014-cü ildə 2,36%-ni, 2015-ci ildə isə 2,1%-ni təşkil etmişdir (10).
Türkiyənin regional və beynəlxalq təhlükəsizlik sistemində rolunun güclənməsi bir sıra səbəblərlə bağlıdır. I onun iqtisadi gücünün artması. Bildiyimiz kimi dövlətin güclü olmasının əsas səbəblərindən biri onun iqtisadiyyatının güclü olmasıdır. Nəticədə Türkiyə dünya iqtisadiyyatında 15-ci yer tutmaqla qonşu ölkələrlə, həmçinin, Afrika və Uzaq Şərq ölkələri ilə iqtisadi əlaqələrini gücləndirir və onlara investisiya yatırır. II Türkiyənin xarici siyasətində əsaslı dəyişikliklərin baş verməsi. Nəticədə, Türkiyə, xüsusilə, müsəlman ölkələri üçün model ölkə rolunda çıxış etməyə başlayır. Bütövlükdə, Türkiyə öz iqtisadi, siyasi və hərbi bacarıqlarına görə beynəlxalq siyasətə təsir göstərən aktor kimi çıxış edə bilər. III Geostrateji mövqe. Türkiyənin əlverişli geostrateji yerləşməsi, əsas enerji və ticarət yollarının üstündə yerləşməsi, Rusiya və Ukrayna ilə dəniz sərhədlərinin olması da onun regional güc kimi peyda olmasına təsir göstərir. Nəticədə, o, regional konfliktlərin qaçılmaz aktoruna çevrilir (13).
Ümumiyyətlə, regional gücə dair bir sıra parametrlər irəli sürülür. 1) Regional güc hesab olunan dövlət coğrafi, iqtisadi və siyasi-ideoloji cəhətdən sərhədlənən regionun bir hissəsidir. 2) Regionda aparıcı mövqeyə malik olmağa iddia edir. 3) Regionun geosiyasi bölünməsinə və siyasi-ideoloji təşkilinə təsir edir. 4) Regional güc layihələrdə maddi, təşkilat və ideoloji mənbələrlə təminatı təşkil edir. 5) İqtisadi, siyasi və mədəni cəhətdən regionla qarşılıqlı əlaqədədir. 6) Həqiqətən, regional məsələlərdə böyük təsirə malikdir. 7) Regional təhlükəsizlik gündəliyini müəyyən edir. 8) Regionda aparıcı dövlət kimi tanınır.
Düzdür, regional gücə dair bir nəzəriyyə yoxdur. Lakin ümumi qəbul olunmuş fikirlərə əsasən regional güc xüsusi gücə sahib olmalıdır. Onun iqtisadi və hərbi gücündən əlavə, qeyri-maddi mənbələrə, yəni siyasi və sosial dəyərlər, mədəni cəlbetmə, xaricdə diplomatik reputasiyaya malik olması da önəmli cəhətlərdən biridir. Qeyd edək ki, regional güc, həmçinin, başqaları tərəfindən də qəbul edilməlidir.
Regional güc və orta güc arasında dəqiq sərhədi müəyyənləşdirmək nisbətən çətindir. Orta güc dedikdə böyük güc statusuna malik olmayan lakin beynəlxalq təsirə malik olan dövlətlər nəzərdə tutulur.
Regional gücün ümumi qüdrətini təşkil edən yumşaq güc (soft power) və sərt güc (hard power) kimi aspektləri vardır. Sərt güc dedikdə, əsasən hərbi güc nəzərdə tutulur. Yumşaq güc isə regional mübarizədə regional sosial birləşmə, xüsusi mədəni xarizma, regionda yaxşı imicə malik olmaq kimi başa düşülür.
Qeyd edək ki, regional güc öz sərhədlərini qorumalı, digər aktorların regiona müdaxiləsinə imkan verməməli, digər dövlətlər tərəfindən regional güc kimi tanınmalıdır.
2010-cu ildə Türkiyə İordaniya, Livan və Suriya ilə “Yaxın Qonşular İqtisadi və Ticarət Assosiasiyası Şurası” yaratmışdır. Türkiyə daha stabil, inteqrasiya olunmuş region üçün insanların, ticarət və ideyaların yayılmasının zəruriliyini vurğulayırdı.
Regional gücün əsas göstəricilərindən biri digər ölkələr tərəfindən qəbul edilməsidir. 2010 və 2012-ci illərdə TESEV tərəfindən aparılan ictimai sorğuda ərəb ictimaiyyətinin 60%-i Türkiyəni model ölkə kimi qəbul etmiş və ərəb dünyasının transformasiyasında Türkiyənin pozitiv roluna inandıqlarını bildirmişdilər. Türkiyə regionda öz rolunu gücləndirmək üçün yumşaq gücdən, yəni tələbə mübadiləsi proqramları, televiziya verilişlərinin ərəb dilində yayımlanması kimi mədəni mübadilə metodlarından istifadə edir.
İqtisadi və hərbi potensialına görə də Türkiyəni bəzən regional güc hesab edirlər. Qara və Aralıq dənizi regionlarında Türkiyənin bəzi ideyaları, məsələn Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması ideyası, Yaxın Şərqdə vasitəçilik etmək səyləri onun haqqında regional güc fikirləri formalaşdıra bilər.(17).
Bildiyimiz kimi, ərazi, əhali, iqtisadi, hərbi potensial güc göstəricilərdir. Türkiyənin əlverişli geostrateji mövqedə yerləşməsi, cavan və artan əhaliyə malik olması, iqtisadi və hərbi gücünün artması onu beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevirir. Bu gün Türkiyə beynəlxalq aləmdə baş verən proseslərə aktiv şəkildə təsir edir və bu rolu dəyərləndirməmək olmaz. Lakin o, beynəlxalq prosesləri idarə edən qlobal güc hesab edilə bilməz.
Açar sözlər: Türkiyə, geosiyasət, iqtisadi və hərbi potensial, insan faktoru, regional güc.
Ədəbiyyat siyahısı
1. Davutoğlu A. Stratejik derinlik. Türkiyenin uluslararası konumu. İstanbul 2016. s.585
2. Donelli F.,Levaggi A.G. Becoming global actor: the Turkish agenda for the global south. Rising powers quarterly. Vol.1.Issue.2.2016.pp.93-115
3. Karagöl E.T. The Turkish economy during the Juctice and Development Party decade. Insight Turkey. Vol.15. №4.2013.pp.115-129
4. Oktav Ö.Z. Turkey in the 21st century Quest for a new foreign policy. New York 2016. pp.224
5. Shaffer B. Turkey’s energy policies in a tight global energy market. Insight Turkey. April-June 2006. Vol.8. №2.pp.97-104
6. Akça İ. Military-economic structure in Turkey: present situation, problems and solutions /https://www.files.ethz.ch/isn/120118/gsr-2-eng.pdf
7. Bağcı H. Changing geopolitics and Turkish foreign policy /http://edoc.bibliothek.unihalle.de/servlets/MCRFileNodeServlet/HALCoRe_clerivvate_00004940/IILP_06_09_Bagcı_Changing_Geopolitics_and_Turkish_Forei.pdf
8. Çakar N. A strategic overview of Turkey /http://sam.gov.tr/wp-content/uploads/2012/02/NezihiCakar.pdf
9. Gürzel A. Turkey’s role as a regional and global player and its power capacity: Turkey’s engagement with other emerging states. Revista de Sociologia e Politica. Vol.22. №50. June 2014 /http://dx.doi.org/10.1590/1678-987314225007
10. https:// www.cia.gov/library/publications/the-world-factbook/geos/tu.html
11.http://www.worldbank.org/en/country/turkey/overview
12. Kaartemo V. Analysis of Turkish economy /https:// www.utu.fi/fi/yksikot/tse/yksikot/PEI/raportit-ja-tietopa-ketit/Documents/kaartemo_1208.pdf
13. Müftüler-Baç M. Turkey as an emerging power: an analysis of its role in global and regional securitygovernance constellations /http://cadmus.eui.eu/bitstream/handle/1814/31325/RSCAS_2014_52.pdf?sequence=1
14. Senkyr J. Turkey on the road to becoming a regional power /http:// www.kas.de/wf/doc/kas_19452-544-2-30.pdf?100428134511
15. The economy in Turkey in 2017 /http:// www.tusiad.us/wp-content/uploads/2017/02/The-Economy-in-Turkey-in-2017.pdf
16. Turkey in 2041 Looking to the future /https:// www.pwc.com.tr/tr/publications/arastirmalar/pdf/turkey-in-2041-eng.pdf
17. Üstün Ç. Theoretical analysis of Turkey as a regional power /http:// web.isanet.org/Web/Conferences/FLACSO-ISA%20BuenosAires%202014/Archive/3baeodf8-do5d-4837-9811-73216a95bf.pdf
Резюме
Хумай ГЮЛЬМАЛИЕВА
Бакинский Государственный Университет
Место и роль Турции в системе международных отношений
В статье рассматривается роль Турецкой Республики в международной системе. Для этого его геополитическая ситуация, экономический потенциал и реформы в этой области, военная мощь оцениваются. Как известно, Турция, расположенная на пересечении Азии, Африки и Европы, с Босфором и Дарданеллами, в окружении Средиземного, Черноморского и Эгейского морей, имеет стратегически выгодное положение. Он расположен между Ближнем Востоке богатыми природными ресурсами и Европе, которые нуждаются в этих ресурсах, и имеет транзитное значение для транспортировки этих ресурсов в Европу. Кроме того, экономическое развитие в Турции привело к усилению его роли на международной арене. В целом укрепление роли Турции в региональных и международных системах обусловлено несколькими причинами. I Его возросшая экономическая мощь. II Основные изменения во внешней политике Турции. III Геостратегическое положение. Благоприятное геостратегическое положение Турции, ее расположение на ключевых энергетических и торговых маршрутах увеличивает его влияние и репутацию. Правда, Турецкая Республика активно участвует в международных процессах и может влиять на них. Но мы не можем признать его силой, способной внести изменения в мировой порядок и управлять процессами на международной арене.
Ключевые слова: Турция, геополитика, экономический и военный потенциал, региональная мощь
Summary
Humay GULMALİYEVA
Phd student, Baku State University
The place and role of Turkey in the system of international relations
The article depicts the role of the Republic of Turkey in the international system. For this, its geopolitical situation, economic potential and the reforms implemented in this field, the military strength are valued in the article. As we know, Turkey, located at the intersection of Asia, Africa and Europe, surrounded by the Mediterranean, Black Sea and Aegean seas, with the straits of Bosphorus and Dardanelles, has a strategically favorable position. It is located between Middle East rich with natural resources and Europe which needs these resources, and has the transit importance in the transportation of these resources to Europe. Also, the economic development in Turkey caused to the strengthening of its role in the international arena. In general, the strengthening of Turkey’s role in the regional and international systems is due to several reasons. I Its increased economic power. II Major changes in Turkey’s foreign policy. III Geostrategic position. The favorable geostrategic position of Turkey, its location on the key energy and trade routes increases its influence and reputation. It is true that, today the Republic of Turkey is actively involved in international processes and has the potential to influence them. But we can not accept it as a force capable of making changes in the world order and managing processes in the international arena.
Key words: Turkey, geopolitics, economic and military potential, regional power