Multikultural media: Azərbaycanda yaşayan xalqların mətbuatı

Post image

Niyaz Niftiyev, 
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, araşdırmaçı-jurnalist

 

Azərbaycanda yaşayan hər hansı bir azsaylı xalqın öz media orqanını təsis etməkdə problemi yoxdur. Bu cür KİV-lər əsasən, təşkilatlara məxsus olur, bütün etnik təşkilatlar isə cəmiyyət formasındadır. Multikultural subyektlərin mətbuat tarixini araşdıranda onların heç də hamısının maliyyə imkanlarının o qədər də yaxşı olmadığını müşahidə edirik. Amma bütün çətinliklərə baxmayaraq, onların bəziləri ayda bir dəfə də olsa öz qəzetləri, hər gün yenilənən saytları ilə özləri haqqında cəmiyyətə informasiya ötürə bilirlər. Çap mediasına imkanı çatmayanlar isə internet resurslarından və yaxud da sosial şəbəkələrin imkanlarından istifadə edərək müxtəlif mövzularla cəmiyyətə öz mesajlarını çatdırırlar. Onların yazılı və internet yayım mediası ilə tanış olduqda bunu aydın görə bilərik.
Azərbaycan dövləti də ölkədə yaşayan milli azlıqların, azsaylı xalqlar və etnik qrupların öz KİV alətlərini açmasında maraqlıdır. Ayrı-ayrı zamanlarda da dövlət bu kimi media orqanlarının maliyyələşməsində mühüm rol oynayıb.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin sahələri” (V) bölməsində dövlətin, əsasən, hansı sahələr üzrə proqram və layihələrin həyata keçirilməsini dəstəklədiyi xüsusi qeyd olunur. Burada da “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” xüsusi bənd kimi göstərilir. (1)
Azərbaycanda rəqəmsal yayıma keçidlə əlaqədar Şimal bölgəsində (bu bölgədə milli azlıqlar kompakt halda yaşayır) yeni rəqəmsal avadanlıqlar quraşdırılıb. Ölkənin bu bölgəsini (Şabran, Quba, Qusar və Xaçmaz) rəqəmli televiziya ilə təmin etmək üçün Xaçmazın Yergüc kəndində 77 metr hündürlüyündə radio və televiziya qülləsində rəqəmsal cihazlar istifadəyə verilib. Bu cihazlar vasitəsilə təkcə, Qubanın 40-dan çox dağlıq kəndi artıq peyk antenalarından istifadə etmədən ölkədə yayımlanan TV-lərə çox rahatlıqla baxa bilirlər. Yəni Şabran-Quba-Qusar-Xaçmaz-Yalama və Nabran ərazisində bu məsələ ilə bağlı heç bir problem yoxdur. Ölkənin hər yerində olduğu kimi, müasir telecihaz­lar rəqəmli tezliyi birbaşa paket şəklində qəbul edir, köhnələrdə isə dekoderlərdən istifadə olunur.
“Sputnik Azərbaycan”ın 1 yaşı ərəfəsində (25 may 2016) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov agentliyin suallarını cavablandırarkən ölkədəki rus dilli medianın perspektivlərindən bəhs etmişdi. Ə.Həsənov qeyd etmişdir ki, media dinamik və innovativ yeniliklərə daha açıq olduğundan, orada cəmiyyətlərimizdə hökm sürən əhval-ruhiyyə, qarşılıqlı əlaqələrin xarakteri qabarıq formada özünü göstərir: “Bilirsiniz ki, Azərbaycan cəmiyyətinin bir hissəsi, xüsusilə intellektual təbəqə uzun illərdir rus dilində informasiya alır, bu dildə yenilikləri mənimsəyir. Çünki Sovet İttifaqı dağıldıqdan sonra bir çox post-sovet respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinin əhəmiyyəti, ona olan maraq azalmadı. Ölkəmizdə rusdilli ali və orta məktəblər fəaliyyətini davam etdirdi, bir çox təhsil ocaqlarında rus sektorları vardır. Azərbaycanda çoxlu sayda rus dilində media orqanı fəaliyyət göstərir, aparıcı internet resurslarının isə rusdilli versiyaları mövcuddur. Əlbəttə, bütün bunlar Azərbaycanda rus xalqına, onun mədəniyyətinə və dilinə olan hörmətin əyani təzahürüdür”.
10 mart 2017-ci ildə Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliklər qəbul olundu. Qəbul olunan dəyişikliklərin biri də “Zorakılığın və dini ekstremiz­min təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin kons­titusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə” yönələn açıq çağırışların qadağan edilməsidir.
Bu gün Azərbaycanda təkcə 60-a yaxın mətbu və şəbəkə nəşri, habelə 7 böyük informasiya agentliyi rus dilində fəaliyyət göstərir.
AzərTAc-ın Moskvadakı xüsusi müxbiri Fəridə Abdullayeva 10 oktyabr 2015-ci il tarixdə, “Xalq qəzeti”ndə dərc etdirdiyi “Rusiya-Azərbaycan: vahid informasiya məkanına doğru hərəkət amilləri” məqaləsində qeyd edir ki, Azərbaycan KİV-nin ümumi sayının, təxminən, 15 faizini “rus sektoru” təşkil edir: “Bunun praktikada nə demək olduğunu nümayiş etdirmək üçün statistik göstəricilərə müraciət edək: “AzərTAc-ın saytına müraciətlərin sayına görə, Azərbaycandan sonra ikinci yeri Rusiya tutur. Bundan əlavə, həmin saytın rusdilli versiyasına ən çox müraciət edənlər Rusiyadan olan istifadəçilərdir. AzərTAc-ın video saytında rus dilində xüsusi reportajlar, müsahibələr və başqa materiallar yerləşdirilir. Burada da Rusiyadan olan istifadəçilərin sayı başqa dillərdə olan bölmələrlə müqayisədə xeyli çoxdur”.
Ölkədə yaşayan ləzgilər bu məsələdə çox fəaldırlar. 1992-ci ildə yaratdıqları “Samur” qəzetinin ilk redaktoru jurnalist Feyruz Bədəlov olub. Onun redaktor olduğu 8 ay ərzində qəzetin 24 sayı işıq üzü görüb. Bundan sonra incəsənət elmləri doktoru Nurəddin Həbibov redaktor təyin olunub. Onun redaktorluğu dövründə qəzet fasilələrlə 21 dəfə çıxıb. 1997-ci ildə yazıçı-jurnalist Sədaqət Kərimova “Samur”un baş redaktoru kimi fəaliyyətə başlayıb. Qəzet ləzgi xalqının tarixindən, mədəniyyətindən, dilindən, adət-ənənələrindən, problemlərindən bəhs edir. 1997-2007-ci illərdə 68 gənc müəllifin əsərləri ilk dəfə olaraq “Samur” qəzetində işıq üzü görüb. Artıq, həmin yazarlardan bir neçəsinin ayrıca kitabları çap olunub. 2000-ci ildə redaksiya öz hesabına gənc şairlərin əsərlərindən ibarət “Yaxşı yol!” adlı şeirlər kitabını oxuculara təqdim edib. Qəzetin baş redaktoru Sədaqət Kərimovanın təşkil etdiyi ləzgi dili kurslarında onlarca gənc ana dilində yazıb-oxumağı öyrənib.
Samurpress.net “Samur” qəzetinin rəsmi saytıdır. Saytda “Samur” qəzetinin yayımladığı məlumat və xəbərlər yerləşdirilir. Bundan əlavə, saytda müxtəlif reportajlar, fotolar və videolar yayımlanır. Samurpress.net saytı da öz məlumat və xəbərlərini qəzetdə olduğu kimi, üç dildə - Azərbaycan, ləzgi və rus dillərində yayımlayır. (2)
“Qusar” (ləzg. КцIар) - 1932-ci ildə Hil (indiki Qusar) rayon partiya təşkilatı və rayon Fəhlə, kəndli və əsgər Deputatları Soveti İcraiyyə Komitəsinin orqanı kimi “Sosializm tempi” adı ilə ləzgi dilində nəşrə başlayıb. Daha sonra “Qızıl Qusar” adlanıb, ilk redaktoru Nurəddin Şərifov olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet “Qusar” adlanıb və səhifələrində isə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir. “Qusar” respublikanın rayon qəzetləri sırasında birinci olaraq ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Məhz, buna görə, ən çətin anlarda belə fəaliyyətini davam etdirmiş, kiçik bir kollektivin zəhməti ilə oxuculara fasiləsiz olaraq maraqlı saylar təqdim edilmişdir. Hazırda, qəzet Azərbaycan və ləzgi dillərində Qusar rayon İcra Hakimiyyəti başçısının Aparatı və Redaksiya Kollektivinin dəstəyi ilə çap olunur, iki dildə - Azərbaycan və ləzgicə materiallar verir. Ləzgi dilində materiallar, əsasən qəzetin 3-cü və 4-cü səhifələrində işıq üzü görür. Qəzetin http://www.gusarpress.com/ saytı daimi yenilənir. Saytda qəzetin hər sayının PDF forması yerləşdirilir, “Xəbər Lenti”ndə qəzetdə gedən başlıqlar həm Azərbaycan, həm də ləzgi dilində təqdim olunur. Saytda qəzetin 2011- 2017-ci illərdə çıxan sayları da arxivləşdirilib. (3)
Alamjurnal.az “АЛАМ” jurnalının tanıtım və xəbər saytı kimi fəaliyyət göstərir. Burada ləzgilərin gündəlik həyatına, mətbəxinə, mədəniyyətinə, görkəmli nümayəndələrinə aid müxtəlif aktual xəbər və məlumatlar rus və ləzgi dillərində yayımlanır. Yazılı materiallarla yanaşı, saytda foto və video materiallar da paylaşılır. (4)
Azərbaycanda yaşayan udilərin də internet saytı mövcuddur. Udi.az saytı Alban-Udi Xristian Cəmiyyəti tərəfindən 10 aprel 2003-cü ildə yaradılıb. Həmin ilin 26 may tarixində isə cəmiyyət keçirdiyi təqdimat konfransında özünü rəsmən elan edib. Daha sonra isə cəmiyyətin rəsmi saytı - udi.az fəaliyyətə başlayıb. Bu saytda albanlar və udilərin tarixi, mədəniyyəti və məişəti haqda geniş məlumatlar yayımlanır. Cəmiyyətin ən son xəbərləri ilə də bu saytın köməyi ilə tanış olmaq mümkündür. Saytda Azərbaycan və rus dillərində müxtəlif səpkili məlumatlar yerləşdirilir. (5)
Udilərə aid başqa bir sayt isə http://www.udi-ocag.az/az/ adlanır. Bu sayt vasitəsi ilə də maraqlı informasiyalar, yeniliklər əldə etmək mümkündür. (6)
“Axısxa” qəzeti Azərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin rəsmi mətbuat orqanı kimi 2012-ci ildə Ədliyyə Nazirliyində qeydiy­yatdan keçib. 2012-ci ildən nəşr olunan “Axısxa” qəzetinin təsis edilməsində heç bir çətinlik olmayıb. Azərbaycan dilində çap olunan qəzetin səhifələrində “Vətən” İçtimai Birliyinin gördüyü işlər, Azərbaycan və digər ölkələrdə yaşayan Axısxa türkləri haqqında məlumatlar işıqlandırılır.
İctimai Birliyin http://ahiska.az/ saytı da fəaliyyət göstərir. (7)
“Vestnik” (Carçı) qəzeti 1994-cü il aprelin 20-də qeydə alınıb. Rübdə bir dəfə olmaqla Azərbaycan Rus İcmasının (sədr deputat Mixail Zabelindir) üzvləri üçün nəşr olunur. İcmanın digər mətbu nəşri olan “OKO” qəzeti isə 2007-ci ilin dekabr ayında qeydə alınıb. 4500 nüsxə tirajla ölkə əhalisi arasında yayımlanır.
Roa.az 2015-ci ildən Azərbaycandakı Rus İcmasının saytı kimi fəaliyyət göstərir. Saytda respublikamızın daxili həyatı və rus icmasının fəaliyyəti haqda geniş məlumatlar yayımlanır. Rus icmasının iş fəaliyyəti - tədbirləri, icma rəhbərliyinin çıxışları, məqalələri, müraciətləri saytın ana xəttini təşkil edir. (8)
Polonia-baku.org saytı “Poloniya - Azərbaycan” Polşa İcmasının fəaliyyətini əks etdirən rəsmi sayt kimi fəaliyyət göstərir. Saytda Azərbaycanda yaşayan polyaklar haqda ətraflı məlumat əldə etmək mümkündür. Sayt öz məlumatlarını 3 dildə - polyak, Azərbaycan və rus dillərində əhaliyə çatdırır. Saytda Azərbaycanda yaşayan polyakların gündəlik həyatı, mədəniyyəti və s. haqda müxtəlif məlumatlar yerləşdirilir, eyni zamanda, Azərbaycanda baş verən mühüm hadisələrə də yer verilir. Məsələn, Xocalı faciəsi günü sayt bu faciəni əks etdirən şəkillər paylaşır və baş vermiş qanlı hadisələr haqda ictimaiyyəti məlumatlandırır. Burada Azərbaycanda yaşayan polyaklar haqda ən vacib və son xəbərlər verilir. (9)
Azərbaycanda yaşayan talışlarında müxtəlif illərdə qəzet və saytları çap olunub. Onların bəziləri indi də fəaliyyət göstərir. “Tolışi sədo” (Talışın səsi) qəzetinin ilk sayı 20 fevral 1992-ci ildə Bakı şəhərində 8501 tirajla çapdan çıxıb. 2001-ci ilin iyul ayından başlayaraq “Tolışon sədo” adlı başqa bir qəzet çap olunub. “Tolışi sədo” ilə “Tolışon sədo” mətbu nəşrləri arasındakı yerdəyişmənin maraqlı tarixçəsi var. Talışların mətbuat tarixini tədqiq edən Allahverdi Bayramidən aldığımız məlumata görə (müəl. – N.N), 2011-ci ilin iyun ayında qəzetin baş redaktoru N.Məmmədovla məsul katibi R.Cəlilovun münasibətləri pozulur. Baş redaktor elan edir ki, o, daha qəzet nəşr etməyəcək. R.Cəlilov isə “Tolışi sədo” qəzetinin atributlarını cüzi fərqlə saxlayaraq “Tolışon sədo” adlı yeni qəzeti qeydiyyatdan keçirir. “Tolışon sədo” qəzeti talış dili, ədəbiyyatı və mədəniyyəti ilə yanaşı, ictimai-siyasi mövzulara da vaxtaşırı müraciət edib.
Bu gün talışlara aid müntəzəm çıxan qəzetlərin sırasında “Dodo” fərqlənir. Qəzetin baş redaktoru İradə Məlikovadır. Qəzet təkcə talışlar deyil, ölkədə yaşayan digər azsaylı xalqlarla da bağlı maraqlı məlumatlar yayır.
Hazırda, talışlar internet resurslarının - saytların, sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər: “Tolış.info”, “Tolış.org”, “TolışPress.org”, “Tolışi Kə”, “Tolışi poeziya”, “Toloşon”, “Əmə tolışonimon”, “Tolışə şairon”, “Tolışə şeiron” və s.
Avestatalysh.worldpress.com saytı öz xəbər və məlumatlarını ingilis, rus və Azərbaycan dillərində izləyicilərinə çatdırır. Burada talış xalqının gündəlik həyatı, Azərbaycanda baş verən mühüm hadisələr haqda məlumatlar verilir. (10)
“Aləm” jurnalı 2016-cı ilin oktyabr ayından fəaliyyət göstərir, talış və Azərbaycan dillərində nəşr olunur. Jurnal talış dilinin, ədəbiyyatının və mədəniyyətinin tədqiqi və təbliği ilə məşğuldur.
Avarulia.worldpress.com Azərbaycanda yaşayan etnik avarlara məxsus olan saytdır. Saytın “Kateqoriyalar”, “Son yazılar” və “Arxiv” bölmələri vardır. Saytda axtarış aparmaq üçün xüsusi “Axtar” bölməsi yaradılıb. Yayımlanmış yazılara şərhlər vermək mümkündür. (11)
Shahdagpeoples.az əsasən, Şahdağda yaşayan xalqlar haqda üç dildə - Azərbaycan, rus, ingilis dillərində məlumat və xəbərlər yayımlayan etnotanıtım - xəbər saytıdır. Saytda daimi olaraq Şahdağ xalqlarının gündəlik həyatı və mühüm hadisələrlə bağlı xəbərlər verilir, həmçinin, bu ərazilərin mənzərəli yerlərini əks etdirən fotolar yerləşdirilir. Saytın “Rəsmi” rubrikasında etnik azlıqlara aid müxtəlif sənədlər, qanunlar və digər ölkə saytlarının Azərbaycan və bu ölkədə yaşayan milli azlıqlar haqda yazdıqları məqalələr haqda məlumatlar verilir. “Şahdağ xalqları” bölməsində bu ərazidə yaşayan “Buduqlar”, “Qrızlılar”, “Xınalıqlar”, “Əliklilər”, “Yergüclülər”, “Haputlular” və “Ceklilər”in gündəlik həyatları haqda məlumatlar, foto və videolar yayımlanır. “Digər bölgə əhalisi” bölməsində isə “Ləzgilər”, “Türkdillilər”, “Yəhudilər” və “Tatlar” haqda müxtəlif xəbər və məlumatlar yerləşdirilir. “Layihələr” bölməsi isə boşdur. “Əlaqələr” bölməsində saytla əlaqə vasitələri qeyd olunub. Saytda axtarışın aparılması prosesini asanlaşdırmaq üçün “Axtar” bölməsi də mövcuddur. Saytın “Son xəbərlər” lentində isə ən son xəbərlərlə tanış olmaq olar. (12)
Facebook sosial şəbəkəsindəki “Şahdağ xalqları” səhifəsi shadagpeoples.az saytının rəsmi Facebook səhifəsidir.
Azərbaycanda yaşayan kürdlər mətbuatda iki qəzetlə təmsil olunur. Bunlar - müstəqil qəzet kimi nəşr edilən “Diplomat” və “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin mətbuat orqanı olan “Dənge kurd” (Kürdün səsi) qəzetləridir. Dövlətin maliyyə dəstəyi ilə Azərbaycan radiosunda həftədə üç dəfə olmaqla, 15 dəqiqə kürd dilində radio veriliş yayımlanır.
Stmegi.com STMEGİ Fondunun rəsmi saytıdır. Burada Fond və Dağ yəhudiləri haqqında müxtəlif xəbər və məlumatlar, foto və video materiallar yayımlanır. Eyni zamanda, saytda beynəlxalq xəbərlər də yerləşdirilir. Burdakı yazılar rus, ingilis və yəhudi dillərində ictimaiyyətə təqdim olunur. Saytın 7 əsas bölməsi var: “Fond”, “Xəbərlər”, “STMEGİ TV”, “STMEGİ Junior”, “Dağ yəhudiləri”, “İudaizm” və “Fikirlər”. Dağ Yəhudilərinin Beynəlxalq Fondu Rusiyada daimi əsaslarla fəaliyyət göstərir, İsrail, Azərbaycan və ABŞ-da isə Fondun filialları vardır. Hazırda, Çində və Avropada fəaliyyət göstərmək üçün proqram hazırlanır. STMEGİ Fondu Dağ yəhudilərinin mədəniyyəti haqda disklərin, kasetlərin buraxılmasını və yayılmasını, eləcə də Azərbaycanda “Birlik - Единство”, ABŞ-da “Yeni Üfüq”, İsraildə “Qafqaz qəzeti” qəzetlərinin maliyyələşməsini həyata keçirir. (13)
“Soxnut” Yəhudi cəmiyyəti “Əziz”, “Azİz” Azərbaycan-İsrail Dostluq Cəmiyyəti “Azərbaycan-İsrail” adlı qəzetlərini, Qırmızı Qəsəbədəki “Yedinstvo” (“Birlik”) cəmiyyəti isə “Qudyal” adlı jurnal nəşr edir.
“Birlik-Yedinstvo” qəzeti 2002-ci ildən Qubada nəşr olunur. Qəzet dağ yəhudiləri icmasının həyat mənzərəsini özündə əks etdirməklə yanaşı, daim Azərbaycan-İsrail, Azərbaycan-Rusiya dövlətləri arasında dostluq münasibətlərinin inkişafından, sosial-iqtisadi, mədəni əlaqələrdən bəhs edən yazılar təqdim edir.
“Facebook”da (facebook.com/www.yahudi.az) yəhudilərin “Azərbaycan Yəhudiləri-Beyt David” adlı səhifələri mövcuddur. Onlar sosial şəbəkənin bu imkanından istifadə edərək müxtəlif səpkili məlumatları orada yayımlayırlar. Bu səhifənin 3 mindən çox izləyicisi vardır. Səhifədə Yəhudi cəmiyyəti, yəhudilərin Azərbaycanda yaşayışı, fəaliyyəti, onların ölkədə baş verən hadisə və proseslərə verdikləri reaksiya haqda müxtəlif məlumatlar yerləşdirilir. Məsələn, Xocalı soyqırımı ilə bağlı keçirdikləri aksiyadan ətraflı məlumat və videogörüntülər yerləşdiriblər. Əlavə olaraq, burada Azərbaycan-İsrail və Türkiyə-İsrail münasibətləri haqda xəbərlər və müxtəlif məlumatlar yayımlanır. Yəhudi millətinin tarixi, mədəniyyəti və əldə etdikləri nailiyyətlərə bu səhifədə geniş yer verilir.
Gürcü icmasının rəhbəri Rafael Qvaladze ilə söhbətdə (müəl.–N.N.) aydın oldu ki, Azərbaycanda yaşayan gürcü icmasının heç bir müstəqil media vasitəsi yoxdur. Azərbaycan radiosunda gürcü dilində yayımlanan verilişdə icmanın və ölkədə yaşayan gürcülərin fəaliyyəti ilə bağlı müxtəlif informasiyalar verilir.
İngiloy icmasının rəhbəri Sevinc Bulacova bizimlə (müəl. – N.N.) söhbətdə bildirdi ki, Azərbaycanda yaşayan ingiloy icmasının da heç bir media vasitəsi yoxdur. İcma rəsmisi belə bir fikirdədir ki, Zaqatalada azsaylı xalqlar çoxdur və bu səbəbdən də onların hər biri mətbuat orqanı yaratsa, o zaman xaotik situasiya hökm sürər; baş verən hadisələr fərqli şəkildə əhaliyə çatdırılar, nəticədə bu Zaqatalada mənfi hal yarada bilər. Ümumilikdə isə Azərbaycanda hər hansı bir azsaylı xalqın media orqanı təsis etməsində problem yoxdur.
Respublika “Tunqantel” Tatar Mədəniyyət Cəmiyyətinin rəhbəri Gülcan Myasutova ilə söhbətdə (müəl. – N.N.) məlum oldu ki, tatar icmasının da fəaliyyətdə olan hər hansı bir media orqanı yoxdur. Maliyyə çatışmazlığı səbəbindən tatarlar qəzet, jurnal və ya sayt təsis edə bilməyiblər.
Tatların heç bir mətbu orqanı olmasa da, Facebook sosial şəbəkəsində “Tatlar” adlı səhifəsi var. Səhifədə tat, Azərbaycan, ingilis və rus dillərində məlumatlar və xəbərlər paylaşılır. Səhifə 5513 dəfə bəyənilib. Burada sosial və siyasi yönümlü foto və video materiallar, eyni zamanda, tatların gündəlik həyatını əks etdirən məlumatlar və beynəlxalq xəbərlər paylaşılır.
Qeyd edək ki, 01 sentyabr, 2019-cu il tarixdən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “İnformasiya texnologiyalarından səmərəli istifadə etməklə mədəni müxtəlifliyin təbliği” layihəsi çərçivəsində Multikultural Azərbaycan (multikultural.az) internet resursu fəaliyyətə başlayıb. “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu ölkədə yaşayan bütün xalqlara bərbər imkanlar yaradır, mədəni müxtəlifliyi təbliğ edir. Eyni zamanda müxtəlif mədəni qrupların dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin gördüyü işləri ictimailəşdiriri. Multikultural.az internet resursu həm də Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsinə çalışır. “Multikultural Azərbaycan” (multikultural.az) internet resursu Azərbaycan, rus və ingilis dillərindədir. (14)
Əlbəttə, multikultural media müxtəlifliyinin fəlsəfəsi dəqiq, obyektiv xəbər verərək azad düşüncəni ifadə etməklə ictimai maraqlara xidmət göstərməkdən ibarətdir. Ümumiləşdirmə aparsaq, həqiqətlərin olduğu kimi milli toplumlara çatdırılması əsasdır ki, bu missiyanı da onların mətbuat orqanları yerinə yetirir. Fikrin hansı səviyyədə formalaşması mətbuatın öz funksiyasını hansı səviyyədə yerinə yetirməsindən daha çox asılıdır. Obyektivlik, qərəzsizlik və dövlətçilik prinsiplərinin qorunduğu halda hansısa yanlış, mənfi fikir yaradan məlumatdan danışmaq mümkünsüzdür. Günümüzün əsas çağırışlarından birinin informasiya təhlükəsizliyinin təmin edilməsi olduğunu da nəzərə alsaq, yazılı və elektron KİV-lərlə sosial media arasında rəqabətin artdığı çağdaş dövrümüzdə jurnalistikanın inkişaf problemləri ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca aparıcı rola malik informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır.
Diqqət yetirilən digər sahə isə müasir jurnalis­tikaya ciddi təsir göstərən sosial şəbəkələrdə yerləşdirilən informasiyaların ölkəmizdə yaşayan milli azlıqlar arasında əməkdaşlığın genişləndirilməsindəki rolunu və əhəmiyyətini düzgün dərk etmək və məsuliyyətlə yanaşmaqdır. Həyatımızın ayrılmaz parçasına çevrilən, cəmiyyətin hər üzvünü hadisələr haqqında məlumatlandıran internetin ictimai rəyin formalaşdırılmasındakı rolu böyükdür. Əsas məsələ isə internetdən istifadə zamanı informasiya məsuliyyətini əsas tutaraq, məlumatların ictimaiyyətə çatdırılmasında, auditoriyanın formalaşdırılmasında peşəkarlığı artırmaqdır.

Açar sözlər: Multikultural media, Tolerantlıq, Ruslar, Avarlar, Tatlar, Tatarlar, Ahıska türkləri, Talışlar, Ləzgilər, İngiloylar, Yəhudilər, Udilər.

 

İstifadə olunan mənbələr:
1. http://kivdf.gov.az/menu/151/Konsepsiya/
2. Samurpress.net
3. http://www.gusarpress.com/
4. http://www.alamjurnal.az
5. http://www.udi.az
6. http://www.udi-ocag.az/az/
7. http://www.ahiska.az/
8. http://www.roa.az
9. http://www.polonia-baku.org
10. http://www.avestatalysh.worldpress.com
11. http://www.avarulia.worldpress.com
12. http://www.shahdagpeoples.az
13. http://www.stmegi.com
14. http://multikultural.az/az/about/

 

SUMMARY
The article provides information on press agencies created by various nations residing in Azerbaijan during the years of independence. At the same time, the state’s care and its work carried out in this direction are investigated.

Key words: Multicultural media, Tolerance, Ahiska Turks, Georgians, Girizs, Lezgins, Russians, Talushes, Jews, Ingiloys.

 

РЕЗЮМЕ
В статье дается информация о печатных органах, созданных в годы независимости некоторыми различными народами, проживающими в Азербайджане. Одновременно исследовались дела и оказанное в этом направлении внимание государства.

Ключевые слова: Мультикультуральная медиа, Толерантность, Ахахцы, Ахыскинские турки, Грузины, Ингилойцы, Курды, Крызы, Русские, Талыши, Татары, Таты, Удины, Евреи.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019