Əlimusa İbrahimov, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru
E-mail: [email protected]
Rusiya ilə İran arasındakı əməkdaşlığın əhəmiyyəti göz qabağındadır: qarşılıqlı faydalı münasibətlərin inkişafı, digər istiqamətlərlə yanaşı, İranın Rusiyanın yüksək texnoloji məhsullarının idxalçısı olması ilə müəyyən edilir. İranın nüvə probleminin həllində vasitəçi rolunu oynamağa çalışan Avropa Birliyi, yəni Fransa, Almaniya və Böyük Britaniya tərəfindən artan potensial rəqabət təhdidinə rəğmən, Rusiya İranın yüksək texnologiyalar və nüvə energetikası bazarında ən böyük iştirakçı kimi mövqeyini qoruyur.
İranın nüvə proqramı öz inkişafında iki böyük mərhələ keçmişdir. Birinci mərhələ İranın son şahının hakim olduğu dövrə, 1960-1979-cu illərə təsadüf edir. Bu mərhələdə İranın nüvə proqramının yaradılması və inkişafı Almaniya, Fransa və ABŞ tərəfindən dəstəklənirdi. İranın nüvə proqramı ABŞ-ın dəstəyi ilə başlanmışdı. İran rəhbərliyi 1970-ci ildə təsdiq edilmiş Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni imzaladı. Nüvə energetikası sahəsində Qərbin İranla əməkdaşlığı 1979-cu il inqilabına qədər davam etdi. İnqilabdan sonra şah devrildikdə ölkəni yalnız Qərb tədqiqatçıları və nüvə sahəsində mütəxəssisləri deyil, həm də nüvə layihəsində iştirak edən çoxsayda iranlı tərk etdi. Qərbin dəstəyini dayandırması nəticəsində İran həm nüvə proqramının dondurulduğunu, həm də AES inşasına son verildiyini bəyan etmək məcburiyyətində qaldı[1, s. 35].
İnqilabdan sonrakı ikinci mərhələ də iki dövrə bölünür. Birinci dövr nüvə proqramının və Buşəhr AES-in inşası prosesinin yeni İran hökuməti tərəfindən dayandırıldığı dövr hesab olunur. İranla İraq arasında hərbi əməliyyatlar bitdikdən sonra ikinci dövr başlandı. Ölkədəki vəziyyət nisbətən sabitləşdikdə, İran hökuməti atom-elektrik stansiyasının inşasına yenidən başlandığını elan etdi. Lakin hadisələr elə inkişaf etdi ki, Buşəhrdə nüvə reaktoru qurmağa başlayan Almaniya və bəzi digər Qərb ölkələri Vaşinqtonun təzyiqi altında İrana dəstəyi dayandırdı. Lakin Sovet İttifaqı bu sahədə İranla əməkdaşlığa hazır idi.
1989-cu ildən sonra iki ölkənin münasibətlərində müsbət dəyişikliklərin baş verdiyini və nüvə daxil olmaqla müxtəlif sahələrdə perspektivli və səmərəli əməkdaşlığın inkişaf etdirilməsi kursunun seçildiyini nəzərə alaraq, İran və SSRİ arasında əməkdaşlığın keyfiyyətcə yaxşılaşmasından danışmaq olar. 1989-cu ildə İran və Sovet İttifaqı arasında uzunmüddətli elmi-texniki ticarət və iqtisadi əməkdaşlıq proqramı hazırlanıb təsdiq edildi, bu sənəd M.S.Qorbaçov və Haşimi Rəfsəncani tərəfindən imzalandı. Proqram qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişafının başlanğıcı oldu. Digər istiqamətlərlə yanaşı, saziş iki ölkə arasında atom tədqiqatları sahəsində tərəfdaşlığın inkişafını nəzərdə tuturdu: müvafiq sovet qurumunun və İİR Atom Enerjisi Təşkilatının üzərinə ortaq strategiyanın müzakirəsi və müxtəlif fəaliyyət istiqamətlərində atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində ölkələr arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri sənədlərin hazırlanması məqsədi ilə çoxşaxəli danışıqlar aparmaq vəzifəsi qoyulmuşdu[7, s. 222].
Buşəhr AES-in tikintisinin başa çatdırılmasına dair müqavilənin imzalanması ilə bağlı danışıqlar 1991-ci ildə başlandı. 1992-ci ilin avqustunda İran və Rusiya Federasiyası “Atom enerjisindən dinc məqsədlərlə istifadə haqqında” saziş imzaladılar. Bu sazişdə Rusiya Federasiyası ilə İran arasında nüvə enerjisindən dinc istifadə sahəsində əməkdaşlığı tənzimləyən ən mühüm müddəalar təsbitini tapmışdı. Həmin müddəalara görə:
- nüvə və qeyri-nüvə mənşəli bütün materiallar nüvə silahı, partlayıcı maddə istehsalı, hərbi məqsədlər üçün tətbiq edilməməli;
-bütün istismar müddətində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təminatları onlara şamil olunmalı;
-obyektlərin fiziki müdafiəsi tədbirləri BAEA-nın müəyyən etdiyi səviyyədən aşağı olmamalı idi[5].
Atom enerjisindən dinc məqsədlə istifadə haqqında Saziş layihələrin yaradılmasını, icrasını və nüvə reaktorlarının istismara verilməsini; nüvə reaktorlarında istifadə üçün zəruri olan komponentlərin və materialların quraşdırılmasını, layihələndirmə və təlimi nəzərdə tuturdu. Son iki ildə daha iki əməkdaşlıq istiqaməti - enerji reaktorlarının inşası və istismarı və iranlı kadrların hazırlığı həyata keçirildi[4].
Rusiya 1995-ci ildə “Buşəhr şəhərində Atom Elektrik Stansiyasının birinci blokunun layihəsinin tamamlanması haqqında” Saziş imzaladı. Əvvəlcə tikintinin 1999-cu ildə tamamlanması planlaşdırılırdı, lakin maliyyələşdirmə problemləri atom elektrik stansiyasının istismara verilməsinin Rusiya tərəfindən 2007-ci ilə qədər təxirə salınmasına səbəb oldu. İşlənmiş nüvə yanacağının (İNY) atılması ciddi çətinlik törədən faktora çevrildi. Lakin Rusiya və İran arasında davam edən danışıqlar tikintinin davam etdirilməsinə dair razılaşmalarla başa çatdı və faktiki olaraq inşaat 2010-cu ildə tamamlandı, stansiyanın şəbəkəyə qoşulması isə 2011-ci ilin sentyabrında baş verdi. Razılaşmalara uyğun olaraq, İran bütün işlənmiş nüvə yanacağını yenidən işlənməsi üçün Rusiyaya qaytarmaq məcburiyyətində qaldı.
BAEA göstərişlərinin icrasına dair təminatları, yəni işlənmiş nüvə yanacağının bu yanacağı göndərən ölkəyə qaytarılması 2002-ci ildə Rusiyanın atom energetikası nazirinin müavini Valeri Lebedev tərəfindən təsdiqləndi[6].Lakin 2003-cü ilin fevralında İran Prezidenti M. Xatəmi İİR rəhbərliyinin uranın hasilatından proses zamanı qalmış işlənmiş yanacağın İranın atom elektrik stansiyalarında saxlanmasına qədər tam iş tsiklini həyata keçirməyə hazır olduğunu bildirdi. Prezidentin bu açıqlamasından bunun Rusiya ilə əvvəllər əldə olunmuş razılaşmalara uyğun olmamasına baxmayaraq, İranın həqiqətən işlənmiş nüvə yanacağını öz ərazisində saxlamağa çalışdığı aydın oldu. Beləliklə, İran niyyətlərini elan edərək nüvə energetikasının inkişafında müəyyən müstəqillik əldə etməyə can atırdı.
Rusiya Atom Energetikası Nazirliyinin başçısı Aleksandr Rumyantsev 2003-cü ilin dekabrında İrana işlənmiş nüvə yanacağının göndərilməsi və onun geri qaytarılmasıilə bağlı daha konkret açıqlama verdikdə vəziyyət aydınlaşdı. O bildirdi ki, Buşəhr AES-dən işlənmiş nüvə yanacağının qaytarılmasına dair protokol ekspertizaya təqdim edilmişdir və yalnız bundan sonra dərhal imzalanacaq. A.Rumyantsevin fikrincə, bunun nəticəsində Rusiyadan Buşəhrə nüvə yanacağının göndərilməsi yolunda hər hansı bir maneə qalmayacaqdı. 2004-cü ilin fevralında A.Rumyantsevin İranın paytaxtına səfəri zamanı işlənmiş nüvə yanacağının qaytarılmasına dair protokolun imzalanması planlaşdırılırdı. Lakin nazirin səfəri “bəzi lazımi sənədlər hələ hazır olmadığı” üçün mart ayının sonuna təxirə salındı. İki ölkə arasında işlənmiş nüvə yanacağının Rusiyaya qaytarılması ilə bağlı məsələlərin yaratdığı anlaşılmazlıq artırdı. Öz atom elektrik stansiyaları olmayan İran işlənmiş nüvə yanacağını başqa ölkələrdə saxlanılma və emal üçün göndərən ölkələrə bunun əvəzində ödənişin həyata keçirilməsinə hazır deyildi.
BAEA hesabatlarına görə, İran 2005-ci ilə qədər təxminən 500 sentrifuqa quraşdırmağı planlaşdırırdı[10]. Lakin hətta İİR tərəfindən yeddi nüvə enerjisi blokunun inşası layihəsinin yerinə yetirməsi halında belə İran reaktorlarını lazımi miqdarda nüvə yanacağı ilə təmin etmək üçün bu kifayət deyildi. İAET uran yataqları ehtiyatlarının həcmi (təxminən 900 ton) nəzərə alınmaqla, mədənlərin 2005-ci ildə işə başlamasından etibarən 17 il ərzində tükənəcəyini proqnozlaşdırırdı. Uran filizinin süxurdan ayrılması üzrə zavod ildə U-235 təbii tərkibli 50 ton uran istehsal etmək üçün nəzərdə tutulmuşdu, lakin yanacaq istehsalı üçün bu güc kifayət deyildi, bir enerji bloku üçün bundan bir neçə dəfə çox uran tələb olunurdu.
İranın nüvə yanacağı istehsalı və urandan dinc məqsədlərlə istifadə üçün onun müstəqil zənginləşdirilməsi istiqamətində fəaliyyəti 2006-cı ildə Rusiya ilə İran arasındakı münasibətlərdə mühüm məqam təşkil etdi. Lakin bəzi ziddiyyətlər mövcud idi. Qeyd olunduğu kimi, İranın nüvə proqramı ilə əlaqədar Rusiya “ikili standartlar”ın tətbiqinə və İran böhranının hərbi yolla həllinə qarşı çıxırdı. Rusiya İrana qarşı hər hansı birtərəfli (iqtisadi və ya siyasi) sanksiyaların tətbiqini də məqbul hesab etmirdi. Eyni zamanda, Rusiya Federasiyası nüvə silahlarının yayılmamasının və İran tərəfindən yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalının məhdudlaşdırılmasının tərəfdarı idi. 2006-cı ildən etibarən Rusiya Federasiyasının İranın nüvə proqramı ilə bağlı mövqeyində bəzi dəyişikliklər baş verdi, nəticədə ABŞ, BMT və Avropa Birliyi sanksiyalar rejimini sərtləşdirdi.
Sonrakı illərdə ABŞ və müttəfiqləri İranın nüvə proqramına istinad edərək, Tehranın nüvə silahına yol axtardığını və beynəlxalq sistemin təhlükəsizliyi üçün ciddi təhdidə çevrildiyini elan etdilər. Amerika Birləşmiş Ştatları BAEA İdarə Heyətinin bütün üzv-ölkələrini öz tərəfinə çəkməyə nail oldu. 8 mart 2006-cı ildə İranın nüvə məsələsi ilə bağlı sənədlər BAEA İdarə Heyəti tərəfindən BMT Təhlükəsizlik Şurasına göndərildi. Təhlükəsizlik Şurası İranın nüvə məsələsi ilə bağlı sənədlərə dair altı qətnamə qəbul etdi, onlardan dördündə İrana qarşı ən sərt sanksiyalar yer aldı. Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə əlaqədar qəbul etdiyi qətnamələr Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin qlobal sülhün təhdidlər qarşısında Təşkilatın məsuliyyətindən bəhs edən 8-ci maddəsinə əsaslanırdı.
Bölgədəki sabitliyi qorumaq və müharibənin başlanmasının qarşısını almaq üçün Rusiya İranın nüvə böhranının idarə olunmasında iştirak etməyə çalışdı. İranın AB ilə danışıqların dəstəklənməsi və Rusiyada İran üçün uranın zənginləşdirilməsi kimi bəzi layihələrin irəli sürülməsi Moskvanın strategiyalarından biri idi. Heç şübhəsiz, İranın nüvə məsələsi ilə bağlı sənədlərin BMT Təhlükəsizlik Şurasına göndərilməsi və İrana qarşı iqtisadi sanksiyaların tətbiqi Tehranla Moskva arasındakı ikitərəfli münasibətlərə ziyan vururdu. Lakin İranın nüvə fəaliyyəti Qərb mediasının geniş təbliğatı sayəsində beynəlxalq təhlükəsizlik üçün “təxirəsalınmaz vəzifə”yə çevrildikdə Rusiya İranın nüvə proqramına dəstəyini tədricən azaltdı və Təhlükəsizlik Şurasının İrana qarşı bütün qətnamələrinin lehinə səs verdi[2].
Əlbəttə, Rusiya əvvəlcə İranla imzalanan nüvə və hərbi əməkdaşlıq müqavilələrini nəzərə alaraq Təhlükəsizlik Şurasının İrana qarşı qətnaməsinin mətninə müdaxilə etməyə və sanksiyaları azaltmağa çalışdı. Təhlükəsizlik Şurasında Rusiya inşa etdikləri Buşəhr atom elektrik stansiyasını İranın digər nüvə layihələrindən kənarda saxlaya bildilər ki, Təhlükəsizlik Şurasının sanksiya qətnamələri bu elektrik stansiyasının tikintisini başa çatdırmaq üzrə əməkdaşlığın davam etdirilməsinə mane olmasın.
Nəhayət, 5 may 2008-ci ildə V.Putin Rusiyanın BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalara qoşulmasına dair fərman imzaladı. Fərmana uyğun olaraq, 3 mart 2008-ci ildən etibarən nüvə məqsədləri üçün istifadə olunan avadanlıq və materialların Rusiya Federasiyasının ərazisindən İrana tranziti, ixracı, habelə Rusiyadan kənarda İrana verilməsi qadağan olunurdu. Fərmana əsasən, eyni qadağan raket silahlarının yaradılmasında istifadə edilə biləcək bütün maddələrə aid idi.
Təhlükəsizlik Şurasının qətnamələrinə əlavə olaraq, ABŞ hökuməti İranın neft və qaz sənayesinin ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi olduğunu əsas götürərək İranın nüvə proqramına qarşı birtərəfli sanksiyalar qəbul etdi. Prezident B.Obama ABŞ Konqresinin İran İslam Respublikası Mərkəzi Bankına qarşı sanksiyalara dair qəbul etdiyi qanunu da imzaladı, bu qanuna əsasən ABŞ İran Mərkəzi Bankı ilə maliyyə mübadiləsi aparacaq bütün xarici şirkətlərə və banklara sanksiya tətbiq etdi. Dünyanın müxtəlif ölkələri ilə geniş iqtisadi və ticarət əlaqələri sayəsində ABŞ praktik olaraq digər ölkələrə İrana qarşı birtərəfli sanksiyaları qəbul etdirə bildi. Əsas payı ABŞ investorlarına və təşkilatlarına məxsus olan ABŞ-dan kənar şirkətlər də praktik olaraq ABŞ sanksiyalarına riayət etmək məcburiyyətində qaldılar. Bir çox xarici ölkə və şirkət ABŞ-ın qorxusundan ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına riayət etdi. Bu baxımdan ABŞ-ın birtərəfli sanksiyaları və bu ölkənin Rusiya şirkətləri kimi İrana yatırım üçün müraciət edən ölkələrə göstərdiyi təzyiq onların İran bazarında iştirakla bağlı səylərini dayandırmalarına gətirib çıxardı. Keçmişdə Rusiya şirkətləri İranın neft-qaz və neft-kimya sektorlarında fəal iştirak etməyə çalışırdısa, artıq bu əməkdaşlıq bir çox beynəlxalq çətinliklərlə üzləşmişdi. Rusiyanın “Qazprom” şirkətinin İranla Türkmənistan arasında qaz mübadiləsi və İranın cənubundakı Pars əyalətində qaz yataqlarının işlənməsində iştirak etməsi nəzərdə tutulurdu. “Qazprom”un Xəzər dənizindən Oman körfəzinə enerji nəqli üçün Neka-Cask boru kəmərinin inşasında və Gülüstan əyalətində neft emalı zavodunun yaradılmasında iştirakı da planlaşdırılırdı. Lakin bu sazişlərin həyata keçirilməsi İrana qarşı beynəlxalq iqtisadi sanksiyalar üzündən bir çox maneələrlə qarşılaşdı və əksər hallarda dayandırıldı.
İranlılar, demək olar ki, bütün Rusiya banklarının ABŞ-ın qanunsuz tətbiq etdiyi birtərəfli sanksiyaların təsiri altına düşmək təhlükəsi altında İran qurumları ilə maliyyə əlaqələrini azaltmağa tələsdiklərinin şahidi oldular. Yaranmış vəziyyətdə İran Rusiya Federasiyası ilə dolğun əməkdaşlığa ümid edə bilməzdi. Bu səbəbdən İranın nüvə proqramı ilə bağlı böhran, ABŞ-ın İrana qarşı beynəlxalq və birtərəfli sanksiyaları Moskva ilə Tehran arasında iqtisadi, texnoloji və hərbi əməkdaşlıq potensialının mühüm bir hissəsinin dayandırılmasına səbəb oldu. Keçmişdə amerikalılar artıq bir neçə dəfə İranla texnoloji əməkdaşlıq edən Rusiya şirkətlərinə və təşkilatlarına qarşı sanksiyalar tətbiq etmişdilər. 1999-cu ildə ABŞ İrana mühüm texnologiyalar satmaqda ittiham olunan 10 Rusiya şirkətini hədəf almışdı. 2002-ci ildə digər üç Rusiya şirkəti eyni ittihamla sanksiyalara məruz qalmışdı. 2008-ci ildə bir Rusiya ixracat şirkəti ABŞ-ın sanksiyalarına məruz qaldı, bu da Rusiya hökumətinin sərt tənqidinə səbəb oldu. Lakin Moskva ilə Tehran arasında ikitərəfli əməkdaşlıqda başlanan müsbət proseslərə baxmayaraq, son onillikdə İranın nüvə proqramı ətrafında böhran iki ölkə arasında iqtisadiyyat və ticarət sahəsindəki geniş əməkdaşlığa böyük maneələr yaratdı. Sanksiyalar İran və Rusiya arasındakı iqtisadi və ticarət əlaqələrinə oldquca mənfi təsir göstərdi. Bu dövrdə iki ölkə arasındakı əməkdaşlığın ən aşağı səviyyəsi qeydə alındı.
Mərkəzi Asiya və Yaxın Şərqdəki nüfuzunu möhkəmləndirməyə çalışan Rusiyanın siyasətini təhlil edərkən İranın strateji əhəmiyyətini azaltmamalıyıq. Eyni zamanda, yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya Federasiyası ilə İran arasındakı siyasi münasibətlərə müəyyən ziddiyyət xasdır. Bir tərəfdən, Rusiya üçün İran, Şimali Qafqaz və Mərkəzi Asiyadakı radikal vəhhabilərin fəaliyyətinə müqavimət göstərmək sahəsində əsas tərəfdaşıdır. İki ölkə güclərini birləşdirərək kənar qüvvələrin Mərkəzi Asiya və Xəzər regionuna müdaxiləsinə müqavimət göstərmək üçün mübarizə aparırlar, eyni zamanda bölgədəki gərgin vəziyyətin İranın anti-Qərb və anti-Amerika yönümlü xarici siyasəti üzündən kəskinləşməsi təhlükəsi mövcuddur. Rusiya üçün bu, öz sərhədləri yaxınlığında ehtimal olunan təhlükənin və hərbi qarşıdurma halında arzuolunmaz vəziyyətin yaranması perspektivi doğurur. Lakin İranın nüvə proqramı ilə bağlı razılaşma və Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlar bölgədə vəziyyəti qismən sabitləşdirməyə imkan vermişdir.
Rusiya Federasiyası daim İrana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasına qarşı çıxır. 12 fevral 2013-cü il tarixli Rusiya Xarici Siyasət Konsepsiyası mərhələli yanaşmaya, qarşılıqlı əlaqəyə və nüvə silahının yayılmaması rejiminin tələblərinin yerinə yetirilməsinə əsaslanaraq, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti tənzimləmək üçün çoxvektorlu diplomatik fəaliyyətin qurulmasına təkan verəcək ardıcıl və balanslaşdırılmış siyasi strategiya qəbul etdi[3].
15 iyul 2015-ci ildə İran və “altılıq” ölkələri İranın nüvə proqramına dair razılığa gələ bildi. Bunun müqabilində “altılıq” ölkələri anti-İran sanksiyalarını ləğv edəcəklərinə söz verdilər. Razılaşma İranın BAEA müfəttişlərinin nüvə layihələrinə qeyd-şərtsiz buraxılması ilə bağlı öhdəliklərini tənzimləyirdi, bunun müqabilində Qərb ölkələri addım-addım İrana tətbiq olunan sanksiyaları ləğv etmək öhdəliyi götürdülər. Əldə olunan razılaşmanın əsas bəndləri aşağıdakıları nəzərdə tuturdu:
-İrandan zənginləşdirilmiş uranın əhəmiyyətli hissəsinin xaricə məcburi ixracı;
-İranın nüvə obyektlərinin sökülməsinin tam qadağan edilməsi;
-Fordo zavodunun elmi-tədqiqat nüvə fizikası mərkəzinə çevrilməsi və uran zənginləşdirmə qabiliyyətindən məhrum edilməsi;
-nüvə proqramının dinc məcrada inkişafını izləmək üçün 20 il ərzində BAEA-nın İranın nüvə obyektlərinə girişinin təmin edilməsi;
- bəzi məhdudiyyətlərin müəyyən müddət saxlanılması və sonradan tam ləğvi şərtilə ABŞ, AB və BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının ləğvi[9].
Rusiya İranla nüvə sahəsində əməkdaşlığı inkişaf etdirir. Rusiya Federasiyası hazırda dünyada İranla nüvə sahəsində əməkdaşlıq edən yeganə dövlətdir. Üstəlik, İran hazırda Avropa Birliyi və ABŞ tərəfindən güclü təzyiq altındadır, bu səbəbdən Qərb ölkələri ilə danışıqlarda əhəmiyyətli rol oynayan Rusiya Federasiyası ilə əməkdaşlığı qoruyub möhkəmləndirmək İran üçün hər zaman olduğundan daha vacibdir.
Həm xarici siyasətdə, həm də beynəlxalq münasibətlərdə İranın nüvə proqramı ən mühüm elementdir. İran dinc nüvə texnologiyalarının inkişafına, nüvə energetikasının inkişafına və ondan dinc məqsədlər üçün istifadə edilməsinə ölkənin siyasi arenadakı mövqeyini yaxşılaşdıracaq milli nüfuzun əhəmiyyətli hissəsi kimi baxır.
Qeyd etmək lazımdır ki, Donald Trampın ABŞ prezidenti kimi fəaliyyəti dövründə İran və “altılıq” ölkələri arasında razılaşma ciddi mübahisələrə səbəb oldu. Tramp bu razılaşmadan narazılığını dəfələrlə dilə gətirdi, eyni zamanda, ABŞ İrandakı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq etdi. Bu vəziyyəti şərh edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd etdi ki, ABŞ-ın “Altılıq” üzvü kimi qəbul etdiyi bu müqavilənin imzalanması Obama administrasiyasının müstəsna seçimi deyil, bütövlükdə Amerika Birləşmiş Ştatlarının mövqeyidir. Buna görə də Trampın həmin öhdəliyi pozmaq haqqı yoxdur[8]. ABŞ-ın bu razılaşmaya qeyri-konstruktiv yanaşması Rusiya və Avropa Birliyi tərəfindən tənqid edildi.
Ümumiyyətlə, İranın nüvə proqramının Rusiyaİran münasibətlərindəki ən vacib komponentlərdən biri olduğu qənaətinə gəlmək olar. Ölkələr arasında bu sahədə əməkdaşlıq Sovet İttifaqının dağılmasından əvvəl başlanmış və bundan sonra Buşəhr atom stansiyasının tikintisini başa çatdırmaq məqsədi ilə davam etdirilmişdir. Bu layihənin tamamlanması Qərbin və xüsusən də ABŞ-ın təzyiqləri səbəbindən çoxsaylı ləngimələrlə üzləşdi. 2003-2004-cü illərdə İranın məxfi uranın zənginləşdirilməsi proqramının mövcudluğuna dair materialların yayımlanması nəticəsində Tehrana təzyiqlər artırıldı. İranın BAEA ilə lazımi işbirliyinin olmaması İranın nüvə işinin 2006-cı ildə BMT Təhlükəsizlik Şurasına göndərilməsinə təkan verdi, bu da İrana qarşı bir sıra beynəlxalq sanksiyaların tətbiqi üçün başlanğıc nöqtəsi oldu. Sanksiyaların tətbiqi 2012-ci ilə qədər davam etdi. O dövrdə Rusiya Federasiyası, xüsusilə sanksiya rejiminin səbəb olduğu Buşəhr AES layihəsini başa çatdırmaq üçün öz öhdəliklərini yerinə yetirə bilmədi. Nəhayət, 2013-cü ildə Həsən Ruhaninin İran Prezidenti seçilməsi ilə “altılıq ölkələri” ilə razılaşmanın imzalanması ilə nəticələnmiş nüvə probleminin həllinə dair danışıqlar başlandı və daha sonra BMT Təhlükəsizlik Şurasının 20 iyul 2015-ci il tarixli 2231 saylı qətnamə qəbul etməsi nəticəsində İrana qarşı əvvəllər qəbul edilmiş bütün qətnamələr və sanksiyalar ləğv olundu. Hal-hazırda İran və Rusiya arasında nüvə energetikası sahəsində əməkdaşlığın real perspektivləri mövcuddur.
Ədəbiyyat siyahısı:
1. Арбатов А. У ядерного порога: уроки ядерных кризисов Северной Кореи и Ирана для режима нераспространения. Москва: Российская политическая энциклопедия, 2007. – С. 35.
2. Галами, Т. Ядерная проблема Ирана: Международная безопасность и сотрудничество крупных держав / Т. Галами // Тегеран: Международный Центр исследований мира. –2010. -Режим доступа: http://peace-ipsc.org/fa/%D9%85% (Сноска дана в переводе с фарси)
3. Концепция внешней политики Российской Федерации от 12.02.2013//http:// www. mid.ru/foreign_policy/official_documents/-/asset_publisher/CptICkB6BZ29/content/id/122186
4. Первая иранская АЭС «Бушер» подключена к электросети // РИА НОВОСТИ. // [электронный ресурс] URL: http://ria.ru/world/20110904/429729035.html#13640451053713&message=resize&relto=register&action=addClass&val ue=registration
5. Постановление правительства РФ «О подписании соглашений между Правительством РФ и Правительством Исламской Республики Иран о сотрудничестве в области мирного использования атомной энергии и в сооружении в Иране атомной электростанции» от 17 августа 1992 г. N 592.//http://pravo.gov.ru/proxy/ips/?docbody=&nd=102017974&rdk= &link_id=19&intelsearch
6. Российско-иранское сотрудничество в области ядерной энергетики. // http://rusrand.ru/analytics/ rossijsko-iranskoe-sotrudnichestvo-v-oblasti-jadernoj-energetiki
7. Хабиби Р.Р. Ядерная программа Ирана в контексте российско-иранских отношений // Теория и практика общественного развития. – 2013. – № 5. – С. 222.
8. Iran's foreign minister urges Europe to defy US if Trump sinks nuclear deal. //https: //www. theguardian. com/ world/ 2017/ sep/29/iran-foreign-minister-zarif-europe-trump-nuclear
9. Joint Comprehensive Plan of Action and restrictive measures, 2015.//http:// www. consilium. europa. eu/ en/ policies/sanctions/iran/jcpoa-restrictive-measures/
10. Implementation of the NPT Safeguards Agreement in Iran, 2 September 2005// https:// www. iaea. org/ sites/ default/files/gov2005-67.pdf
Xülasə
Məqalədə müasir dövrdə İran-Rusiya münasibətləri nəzərdən keçirilir. Müəllif İran-Rusiya münasibətlərinə İranın nüvə proqramı ətrafında böhranın təsirinin təhlilini təqdim edir. İran-Rusiya münasibətlərində bu amilin təsiri altında son onilliklərdə baş verən dəyişikliklərə xüsusi diqqət yetirilir.
Açar sözlər: İran, Rusiya, nüvə proqramı, münasibətlər, maraqlar
Влияние кризиса вокруг ядерной программы Ирана на ирано-российские отношения
Резюме
В статье рассматриваются современные ирано-российские отношения. Автор представляет анализ влияния кризиса вокруг ядерной программы Ирана на ирано-российские отношения. Особое внимание уделено изменениям ирано-российских отношений под влиянием этого фактора в последние десятилетия.
Ключевые слова: Иран, Россия, ядерная программа, отношения, интересы
Impact of the Iranian Nuclear Crisis
on Iranian-Russian relations
Summary
The article deals with modern Iranian-Russian relations. The author presents an analysis of the impact of the crisis around Iran's nuclear program on Iranian-Russian relations. Particular attention is paid to the changes in Iranian-Russian relations under the influence of this factor in recent decades.
Keywords: Iran, Russia, nuclear program, relations, interests