Avropa İttifaqının Cənubi Qafqazda “Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı”: mahiyyəti və gözləntiləri

Post image

Kamran Məmmədov
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dissertantı

E-mail: [email protected]

Müasir dövrdə Avropa İttifaqının Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrin güclənməsi, işbirliyinin genişlənməsi və əməkdaşlığın dərinləşməsi baxımından hazırda həyata keçirilməkdə olan "Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı" xüsusi əhəmiyyətə malikdir. Bu plan demək olar ki, bütün sahələr üzrə tərəflər arasında işbirliyinin qurulmasında mühüm rol oynamaqla yanaşı, region dövlətlərinin Avroatlantik məkanına inteqrasiyasında ciddi əhəmiyyət kəsb etməkdədir ki, bunu hazırda birliklə Cənubi Qafqaz ölkələri arasında intensiv işbirliyinin toplanmış təcrübəsi və həyata keçirilməkdə olan layihələr açıq şəkildə nümayiş etdirməkdədir.
Azərbaycan Respublikası üçün Fəaliyyət planın daha mühüm əhəmiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində suveren dövlətin ərazi bütövlüyünun beynəlxalq hüquq normalarına uyğun şəkildə dəstəklənməsidir. Fəaliyyət planının təhlili göstərir ki, beynəlxalq normalar və ATƏT-in “Bəyannamə prinsipləri” kontekstində Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin dinc vasitələrlə nizamlanması sahəsində görülən işləri dəstəkləyir.
Azərbaycan Respublikasının Avropa ölkələri ilə əlaqələrinin dərinləşməsində mühüm əhəmiyyət kəsb edən layihələrin içərisində Avropa Qonşuluq Siyasəti mühüm əhəmiyyətə malikdir. Məhz bu siyasətin uğurla həyata keçirilməsi sonrakı əməkdaşlıqda mühüm rol oynamışdı. Hələ keçən əsrin 90-cı illərinin ortalarında Aİ-nin postsovet məkanı ölkələrinə münasibətdə həyata keçirməyə başladığı yeni kurs – Tərəfdaşlıq və Əməkdaşlıq Sazişlərinin (TƏS) imzalanması və onların qüvvəyə minməsi ikitərəfli münasibətlərdə mühüm rol oynamışdı. TƏS Aİ-nin yeni müstəqillik əldə etmiş ölkələrə maddi, siyasi və hüquqi dəstək aləti idi. Belə dəstəyin köməyi ilə Azərbaycan və Gürcüstan qısa müddətə dövlət müstəqilliklərinin möhkəmləndirilməsi yolunda həyati əhəmiyyətə malik işlər görmüşdülər [8, 3].
Qarşılıqlə əməkdaşlığın dərinləşdirilməsi gedişində yeni-yeni layihə və proqramlar meydana gəlmiş, həyata keçirilməyə başlamışdı. Belə layihələrin içərisində Şərq tərəfdaşlığı və Avro­nest layihələri ilə yanaşı hər bir ölkə ilə fərdi qayda­da imzalanan fəaliyyət planları da mühüm rol oynayırdı. Azərbaycanla Avropa İttifaqı arasında başlanan Fəaliyyət planı xeyli davam etmiş müzakirələrdən sonra 2006-cı il noyabrın 14-də Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Bununla da əvvəllər ikitərəfli əməkdaşlıq Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən tənzimlənirdisə, bundan sonrakı mərhələdə Qonşuluq siyasəti çərçivəsində Fəaliyyət planına əsasən münasibətlərin inkişaf etdirilməsi nəzərdə tutulurdu [3]. Qeyd edək ki, Fəaliyyət planı konkret mərhələlərə bölünməklə həyata keçirilir, belə plana malik olan ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın həyata keçirilməsi və demokratik dəyərlərin inkişafına yardım göstərilməsi nəzərdə tutulurdu.
Dövlət müstəqilliyinin elan olunmasından sonra keçən illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq sahəsində münasibətlərin siyasi-hüquqi əsasları yaradılmışdır. 2006-cı ildə Fəaliyyət planinin qəbul edilməsi ilə ikitərəfli əməkdaşlığın ikinci mərhələsi başlamışdır. Avropa Komissiyasının Azərbaycandakı xüsusi nümayəndəsi A.Vaddamsa görə, ilk dəfə fəaliyyət planı çərçivəsində AQS-yə daxil olan respublikaların hökumət, vətəndaş cəmiyyəti və Avropa strukturları nümayəndələri bir araya gəlməyə və müzakirələrə başlamağa nail olmuşlar. Məlum olduğu kimi, AQS Aralıq dənizi hövzəsi və MDB məkanının 12 dövlətini əhatə edir, Rusiya ilə münasibətlər isə ayrıca layihəyə əsasən qurulur və inkişaf etdirilir. Fəaliyyət planına əsasən 2007-ci il üzrə respublikamıza proqram üzrə 19 mln. avroluq büdcə müəyyənləşdirilmiş və uğurla həyata keçirilmişdir. Qeyd edək ki, Aİ-nin 2007-2013-cü illəri əhatə edən "Yeni Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı"na əsasən birliyin büdcəsindən 11 mlrd 181 mln avro miqdarında vəsait ayrılmışdı ki, həmin vəsait Avropa İttifaqının qonşuluq siyasətinə əsasən tərəfdaşlıq etdiyi dövlətlərlə qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün milli və beynəlxalq proqramların həyata keçirilməsinə xərclənməsi nəzərdə tutulmuşdu və təyinatı üzrə də sərf edilmişdi [6].
Aİ-nin Bakıdakı koordinatoru V.Şporer qeyd edirdi ki, Azərbaycanda Fəaliyyət planinin həyata keçirilməsi üçün Birlik 92 mln. avro ayırmışdı ki, bu, Gürcüstan və Ermənistan üçün ayrılan məbləğlərdən xeyli azdır. Bununla belə, vəsaitlərin bölgüsü zamanı ölkələrin adam başına düşən ÜDM-si nəzərə alındığına, həm də vəsaitlər ölkələrin özlərinin sorğularına əsasən tərtib olunmuş kon­kret layihələrə yönəldiyinə görə fərqlərin olması qaçılmazdır. Lakin regional sərhədyanı əməkdaşlıq layihələrində iştirak və pay əldə etməsi baxımından Azərbaycanın əlavə yardımlar əldə etməsi mümkün hesab edilirdi [16]. Ümumiyyətlə, 1992-ci ildən sonra keçən dövr ərzində Aİ müxtəlif layihələrə əsasən Azərbaycana 400 mln. avrodan yuxarı yardım edilmişdir [13, 22-23].
AQS təsis edilərkən Avrasiya regionunda
sabitliyin, inkişafın və demokratiyanın möhkəmləndirilməsi vəzifələri hədəflənmişdi və ictimai quruluşun bütün institutlarını - hökuməti, bələdiyyələri, həmkarlar ittifaqlarını, qeyri-hökumət təşkilatlarını əhatə edirdi. Azad ticarətin təşviq edilməsi Avropa Qonşuluq Siyasətinin mühüm istiqamətlərindən biri olsa da, ekologiya və idarəçilik sahələrində islahatların həyata keçirilməsini, hüquqi quruculuğu, məhkəmə sistemi­nin təkmilləşdirilməsini, Qərb dəyərləri bazasında demokratiyanın inkişaf etdirilməsini nəzərdə tuturdu. Xüsusilə, azad ticarət rejimi­nin inkişafı üzrə tədbirlərin dəstəklənməsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması prosesini tezləşdirilməsinə xidmət edirdi. Fəaliyyət planında digər sahələr də diqqətdə saxlanılır və deyilirdi ki, "qonşuluq siyasəti sərhədlərdən sərbəst keçidi, viza rejimi­nin sadələşdirilməsini, miqrasiya sahəsində əməkdaşlığı, enerji təhlükəsizliyinin təmin edilməsini də nəzərdə tuturdu. AQS-nin əsas vəzifələri sırasına həmçinin demokratiyanın inkişafı məsələləri də daxildir". Plana görə, İttifaqın Bakıda öz nümayəndəliyini açması, Azərbaycana demokratiya və insan hüquqları ilə məşğul olan xüsusi nümayəndə təyin edilməsi məsələləri də gündəmdə idi [7].
Fəaliyyət Planında nəzərdə tutulanların ayrıca təhlil edilməsinə ehtiyac ilk növbədə onun gözləntiləri ilə bağlıdır. Belə ki, onun həyata keçirilməsi Azərbaycan qanunvericiliyinin, norma və standartlarının Avropa dəyərlərinə yaxınlaşmasını təmin etməyə istiqamətlənmişdir. Sənədə görə, məhz bu prosesdə “ticarət, investisiya qoyuluşu və artım potensialı olan iqtisadi və ticarətlə əlaqəli qaydaların qəbulu və həyata keçirilməsinə əsaslanan gələcək iqtisadi inteqrasiyanın möhkəm əsasını qoyacaq... iqtisadi artım və sosial birliyin inkişafı, yoxsulluğun azaldılması və ətraf mühitin qorunması ilə bağlı siyasət və tədbirlərin işlənilməsi və həyata keçirilməsinə kömək edəcək, bunun vasitəsilə də uzun müddətli və davamlı inkişafa töhfə verəcəkdir” [1, 1].
Qeyd edək ki, Azərbaycanın Avropaya inteqrasiyası prosesində qeyri-hökumət təşkilatlarının fəaliyyəti də əhəmiyyətli rol oynayır. Bu baxımdan İnteqrasiya üzrə Milli İctimai Komitənin həmsədri İ.Bağırova qurumun Azərbaycanın Avropa strukturlarına inteqrasiyası proseslərinə yardım etmək məqsədilə yaradıldığını qeyd edərək komitənin Fəaliyyət planına əlavələrlə bağlı təkliflər hazırlandığını da diqqətə çatdırmışdı. Analoji mövqeni "Avropa Evi"nin Bakıdakı koordinatoru V.Şpörer də sərgiləmiş və göstərmişdi ki, Azərbaycanın Fəaliyət planında nəzərdə tutulan prioritetlər çoxşaxəli xarakterə malik olmuşdur: "Avropa İttifaqı 2007-2010-cu illərdə Qonşuluq siyasətinin həyata keçirilməsi üçün 12 mln avro qrant ayırmışdır, Avropa Yenidənqurma və Bərpa Bankının da həmin miqdarda vəsait ayıracağı gözlənilir" [12].
Ekspertlərə görə, Fəaliyyət planının təkcə Avropa İttifaqının imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmamışdır, çünki, Azərbaycanda yerinə yetirilməsi nəzərdə tutulan böyük sayda öhdəliklərin reallaşması xeyli vəsait tələb edir, buna görə də digər maliyyə mənbələrinə müraciət olunmalıdır. Sənəddə habelə əsas fəaliyyət istiqamətləri kimi iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni və humanitar sahələrdə əlaqələr, sərhəd əməkdaşlığı və s. nəzərdə tutulmuşdu. Nəzərdə tutulanların həyata keçirilməsi isə həmin sahələrdə bir sıra genişmiqyaslı quruculuq işlərinin aparılmasını və milli qanunvericiliyin təkmilləşdirməsini tələb edirdi.
Nəzərə alsaq ki, hazırda Avropa İttifaqının genişlənməsi ilə bağlı perspektivlər uzaq gələcəyin işidir, onda Fəaliyyət proqramı çərçivəcində Birliyin öz qonşuları ilə yaxınlaşması təhlükəsizlik, strateji sabitlik, əhalinin rifah halının yüksəldilməsi, demokratiyanın inkişafı və qeyri-qanuni mühacirətin əngəllənməsi məqsədlərinə xidmət etməsi nəticəsini alarıq. Planın mühüm xüsusiyyətlərindən biri də İttifaqın qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını əks etdirməsidir. Belə çıxır ki, Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, müqabilində insan hüquqlarının qorunması şəraitində bazar iqtisadiyyatı prinsipləri bazasında vətəndaş cəmiyyətinin qurulacağını görmək istəyir. Məhz buna görə də Azərbaycan politoloji fikri Avropa Qonşuluq Siyasətini mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqram kimi qiymətləndirir [4, 70-71].
Politoloqlara görə, Fəaliyyət planı Cənubi Qafqaz dövlətləri ilə Aİ arasında yenı tərəfdaşlıq münasibətlərinə start verməklə onların Avropaya yaxınlaşması üçün yeni perspektıvlər yaradır. Bu baxımdan "Yeni Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planı"nın əhəmiyyəti böyük, tərəfdaşlıq perspektivləri və gözləntiləri uzağagedəndir. Beynəlxalq Mediaya Dəstək qeyri-hökumət təşkilatının dəstəyi ilə nəşr olunmuş hesabatda deyilirdi ki, “özünün Azərbaycan üçün nəzərdə tutulmuş demokratiyanın təşviqi strategiyasında Avropa Birliyi daha çox “yumşaq güc” kimi çıxış etmiş və dialoqa, əməkdaşlığa və maarifləndirməyə əsaslanan strategiyadan istifadə etmişdir. Bu gün Azərbaycanda siyasi nüfuzunu artırmaq və ölkədə insan hüquqlarının pisləşməkdə olan durumunu yaxşılaşdırmaq üçün Avropa Birliyi daha sərt və daha düşünülmüş yanaşmadan istifadə etməlidir” [2].
Toplanmış materialların elmi-politoloji təhlili göstərir ki, perspektivlər baxımından Fəaliyyət planının gözləntilərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Avropa İttifaqının daxili bazarında pay əldə edilməsi imkanı və Cənubi Qafqaz dövlətlərinin qurumun siyasət və proqramlarının əsas aspektlərində daha çox iştirakı daxil olmaqla, əməkdaşlıqdan inteqrasiyanın daha yüksək səviyyəsinə dogru irəliləmə perspektivləri;
- müqaviləyə gələn tərəflərin maraqlarına təsir edən təhlükəsizlik məsələləri üzrə siyasi dialoq və məsləhətləşmələr üçün mexanizmlərin daha da inkişafı vasitəsilə siyasi əməkdaşlıgın əhatə dairəsinin və intensivliyinin genişləndirilməsinin mümkünlüyü;
- Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi də daxil olmaqla qurumun ixtiyarındakı vasitələrdən istifadə edərək regiondakı münaqişələrirn nizamlanmasının dəstəklənməsi istiqamətində Avropa İttifaqının güclü səy göstərməsinin davam etdirilməsi. Əlavə olaraq qeyd edə bilərik ki, Avropa İttifaqı regiondakı sessionist münaqişələrin həlli və münaqişədən sonra bərpa prosesi ilə baglı özünün cəlb olunmasının daha da gücləndirilməsi üçün yollar axtarışını nəzərdən keçirməyə hazır olduğunu dəfələrlə bəyan edib, baxmayaraq ki, fakt və sənədlərin təhlili Cənubi Qafqaz münaqişələrinin latent vəziyyətdə saxlanmasında Aİ-nin maraqlı olduğunu göstərir, Aİ daha çox enerji maraqlarlnln təmin edilməsinə və enerji ixracı kəmərlərinin təhlükəsizliyi qayğısına qalır;
- Ticarət və iqtisadi sahələrdə əlaqələrin dərinləşdirilməsi; iqtisadi qanunvericiliyin Qərb standartlarına uyğunlaşdırılması imkanının təmin edilməsi, iqtisadiyyatların qarşılıqlı olaraq açılması və ticarətə sərmayə qoyuluşu və inkişafı stimullaşdıracaq qeyri-tarif maneələrin davamlı olaraq azaldılması prosesinin davam etdirilməsi;
- Avropa İttifaqının Cənubi Qafqaza artmaqda olan maliyyə dəstəyinin davamlı xarakter daşıması. Bu proses həyata keçirilməkdə olan layihələrin uğurlarından və gətirdiyi gəlirdən asılı olaraq inkişaf etdirilir, məlum olduğu kimi beynəlxalq təşkilatlar başlıca diqqəti regional xarakterli layihələrə yönəldirlər, lakin bu kontekstdə Avropa qurumlarının Ermənistana siyasi və iqtisadi xarakterli dəstəkləri “ikili standartlardan” başqa bir şey deyildir.
- Mədəniyyət, təhsil, ətraf mühit, texniki və elmi əlaqələri təşviq edən müəyyən Avropa İttifaqı proqramlarına tədricən qoşulma və daha geniş iştirak imkanlarının açılması;
- Texniki yardım və tvinninq proqramı da daxil olmaqla Avropa İttifaqının norma və standartlarına uyğunluq üçün dəstəyin verilməsi, həmçinin hədəfli məsləhət və TAIEX (məlumat mübadiləsi üzrə texniki yardım) kimi mexanizm vasitəsilə qanunvericiliyin Qərb meyarlarına uyğunlaşdırılmasına dəstək verilməsi;
- Avropa İttifaqı və Cənubi Qafqaz ölkələri arasında insanların hərəkəti ilə baglı məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi və buna uyğun olaraq dialoqun təsis edilməsi. Zaman və toplanmış təcrübə belə dialoqun vacibliyini göstərir və məhz həmin prosesdə yeni formaların, vasitə və üsulların meydana gəlməsinin şahidi oluruq [11].
Aparılmış təhlil göstərir ki, "Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət planı"nın məqsədlərinin həyata keçirilməsi təşkilatla Cənubi Qafqaz dövlətləri arasında əlaqə və əməkdaşlığın mahiyyət və məzmunca dərinləşməsinə, habelə ümumi inkişafının daha da sürətləndirilməsinə xidmət edir.
AQS-nin Azərbaycanla bağlı Fəaliyyət Planında 10 prioritet istiqamət müəyyənləşdirilmişdir ki, bunlar aşağıdakılardır:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi;
- demokratiyanin gücləndirilməsi sahəsində tədbirlərin görülməsi;
- qanunun aliliyinin, insan hüquqlarının və başlıca azadlıqların müdafiəsinin gücləndirilməsi;
- sahibkarliq və investisiya mühitinin yaxşılaşdırılması;
- gömrük xidməti işinin yaxşılaşdırılması;
- balanslaşdırılmış və davamlı iqtisadi inkişafa dəstək verilməsi;
- iqtisadi qanunvericiliyin və inzibati praktikanın yaxınlaşdırılması;
- Avropa İttifaqı ilə Azərbaycan arasında ener­ji və nəqliyyat sahələrində əməkdaşlığının gücləndirilməsi;
- məhkəmə, azadlıq və təhlükəsizlik sahələrində, o cümlədən sərhəd işində əməkdaşlığın dərinləşməsi;
- regional əməkdaşlığın gücləndirilməsinin daim nəzarətdə saxlanması və müntəzəm olaraq inkişaf etdirilməsi [1, 1-2].
Göstərilən priorititlərin elmi-siyasi təhlili onların mahiyyətinin açılmasına xidmət edir. Göründüyü kimi, həmin priorietlərdən başlıcası və Azərbaycan üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ münaqişəsidir ki, artıq çoxdan regionallıqdan çıxmışdır. Fəaliyyət planına əsasən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin də vasitəçiliyi ilə diplomatik səylərin artırılması və bütün regional münaqişələrin sülh yolu ilə həllinə dəstək priotriet olaraq davam etdirələcəkdir. Fəaliyyət planında bu məqsədlə BMT TŞ-nın müvafiq qətnamələri, AŞPA və ATƏT-in sənəd və qərarları əsasında nizamlama prosesinə siyasi dəstəyin artırılması yer almışdı.
Fəaliyyət planında iknici prioritet sahə kimi region ölkələrində, o cümlədən də Azərbaycanda demokratiyanin gücləndirilməsi nəzərdə tutulmuşdu. Buna isə ilk növbədə beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçkilərin keçirilməsi yolu ilə nail olunması mümkün hesab edilirdi. Sənəddə həmin prioritet üzrə 4 vəzifə müəyyənləşdirilmişdi ki, bunlar aşağıdakılardır: Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT/DTİHB-in (Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu) tövsiyələri əsasında seçki islahatlarının həyata keçirilməsinin davam etdirilməsi, seçkilərin ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara uyğun keçirilməsinin təmin edilməsi, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq, icraedici və qanunverici hakimiyyətlərlə bağlı institusional islahatların davam etdirilməsi, yerli özünü idarəetmənin gücləndirilməsinə yönəlik islahatların davam etdirilməsi [1, 3].
Üçüncü prioritet sahəyə müvafiq olaraq 6 xüsusi tədbirin reallaşdırılması nəzərdə tutulurdu. Belə ki, region dövlətləri TƏS, AŞ, ATƏT və BMT qarşısında götürdükləri beynəlxalq öhdəliklərə uyğun olaraq insan hüquqlarının, əsas azadlıqların və qanunun aliliyinin müdafiəsini gücləndirməli, hakim və prokurorların təyinat və yüksəlmə proseduraları və məhkəmə sistemi­ni təkmilləşdirməli, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəza əleyhinə Konvensiyasına olan Könüllü Protokolun ratifikasiyası (2006-cı ildən) və tətbiqini, habelə məlumat azadlığı haqqında qanunun düzgün tətbiqini təmin etməli, vətəndaş cəmiyyəti və onun təşkilatlanmış formalarının (QHT-lər, cəmiyyətlər və s.) inkişafını təşviq etməli və s. tədbirlər həyata keçirməli idi.
Korrupsiya qarşı mübarizəni gücləndirməklə biznes və investisiya mühitinin yaxşilaşdirilmasi Fəaliyyət planında 4-cü prioritet sahə kimi nəzərdə tutulmuşdu. Plana əsasən aşağıdakı tədbirlər həyata keçirilməli idi: 2005-ci ildən qüvvədə olan Anti-kor­rupsiya qanununun və Korrupsiyaya qarşı Dövlət proqraminin icrasının gücləndirilməsi və müddəti başa çatdıqdan sonra yenidən davam etdirilməsi, adekvat ittiham və məhkumiyyətin təmin edilməsi məqsədilə Cinayət Məcəlləsi və digər beynəlxalq sənədlərə əsasən rüşvətxorluq və korrupsiya ilə bağlı cinayətlərin təyini, konkret beynəlxalq hüquq normaları bazasında korrupsiyaya qarşı mübarizə sahəsindəki normativ-hüquqi bazanın təkmilləşdirilməsi; şəffaf özəlləşdirmə prosesinin aparılması, biznes mühitinin yaxşılaşdırılması üçün hərtərəfli proqramın tərtib edilməsi və həyata keçirilməsi, vergi orqanlarında müasirləşmənin, sadələşmənin və informasiya kommunikasiya texnologiyalarının istifadəsinin davam etdirilməsi.
Növbəti – 5-ci prioritet sahə gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi olub özündə beş xüsusi tədbirin həyata keçirilməsini əks etdirirdi. Planda Aİ-nin və beynəlxalq standartların etalon götürülməklə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və proseduraların sadələşdirilməsi məsələləri yer almışdı. Belə ki, xüsusi tədbirlərin içərisində gömrük məmurları üçün etika üzrə Aİ təcrübəsinin öyrənilməsi, yeni qəbul olunmuş idxal-ixrac qaydaları və proseduraları haqqında məlumatın təmin edilməsi və bu sahədə biznes qrupları ilə mütəmadi görüşlərin təşkil edilməsi, tariflər haqqında ictimaiyyətə tam və müntəzəm məlumatlın verilməsi, gömrük qiymətləndirmə qaydalarının beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi, gömrük məmurlarının səriştələrinin artırılması üçün Aİ-nin ən yaxşı praktikası və təcrübəsinə əsaslanan müvafiq təlimlərinin keçirilməsi, gömrük orqanlarının informasiya texnologiyaları sahəsində lazımi texniki vasitələrlə və digər operativ imkanlarla təchiz edilməsi, gömrük məmurlarının təliminin gücləndirilməsi və s. kimi məsələlər aparıcı hesab olunurdu.
Altıncı prioritet sahədə - iqtisadi fəaliyyətlərin diversifikasiyası, kənd ərazilərinin inkişafı, yoxsulluğun azaldılması və sosial/ərazi birliyə xüsusi diqqət yetirilməsi, tarazlanmış və davamlı iqtisadi inkişafın dəstəklənməsi üçün 12 xüsusi tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Tədbirlərin içərisində qeyri-neft fiskal kəsirin və aşağı səviyyəli inflyasiyanın sabit saxlanılmasına xüsusi diqqət yetirərək düşünülmüş maliyyə və pul siyasəti vasitəsilə sabit iqtisadi artım siyasətinin aparılması, səmərəliliyi, məsuliyyəti, şəffaflığı və proqnozlaşdırmanı təkmilləşdirmək üçün dövlət maliyyəsinin islahatı prosesinin davam etdirilməsi, strateji müəssisələrin özəlləşdirilməsi də daxil olmaqla “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi haqqında İkinci Dövlət Proqramı”nın və Regionların İnkişafı üzrə Dövlət Proqramının icrasının davam etdirilməsi, icrasının sürətləndirilməsi, beynəlxalq təcrübəyə uyğun olaraq ARDNŞ-in və dövlətə məxsus digər böyük şirkətlərin restrukturizasiyasının davam etdirilməsi, həmçinin ətraf mühitin qorunması da daxil olmaqla davamlı inkişafın təşviq edilməsi əsas məqamlardan biri kimi göstərilirdi.
Növbəti prioritet sahəyə əsasən, Cənubi Qafqaz dövlətləri iqtisadi qanunvericiliyin və idarəetmə təcrübəsinin daha da yaxşılaşdırılması siyasətini dönmədən həyata keçirməli idilər. Bunun üçün həyata keçirilməli olan xüsusi tədbirlərin sırasına standartlaşdırma və akkreditasiya sahələrində uyğunluğun qiymətləndirilməsi, metrologiya və bazara nəzarət üzrə müvafiq dövlət qurumlarının fəaliyyətinin gücləndirilməsi, Əqli Mülkiyyət Hüquqları ilə bağlı qanunvericiliyin Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin tələblərinə tam cavab verməsi və onun səmərəli tətbiqi, habelə dövlət investisiya siyasəti sahəsində islahatların davam etdirilməsi kimi məsələlər yer almışdı.
2004-cü ilin noyabr ayında qəbul olunmuş Bakı Nazirlər Konfransının məqsədlərinə nail olmaq məqsədilə, Aİ ilə Azərbaycan arasında enerji üzrə ikitərəfli əməkdaşlığın və enerji və nəqliyyat üzrə regional əməkdaşlığın gücləndirməsi 8-ci prioritet sahəyə aid edilirdi [9,53]. Bu prioritetlə bağlı təxirəsalınmaz tədbirlərin içərisində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığın təsis edilməsi haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi və icrasına müntəzəm olaraq nəzarət edilməsi, yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramının (2005-2015-ci illər) həyata keçirilməsi və davamlı olaraq yenilənməsi, Aİ-nin enerji siyasəti məqsədləri ilə daha çox uyğunlaşmasının təmin edilməsi, İNOGATE və onun davamı kimi Aİ-Qara dəniz-Xəzər hövzəsi ölkələrinin Bakıda keçirilmiş Nazirlər Konfransı çərçivəsi daxil olmaqla, Xəzər dənizi və Qara dəniz regional enerji məsələləri üzrə əməkdaşlığın davam etdirilməsi, 2004-cü ilin noyabrinda Bakıda keçirilmiş Aİ-Qara dəniz və Xəzər hövzəsi ölkələri Nazirlərinin Nəqliyyat Konfransında qəbul edilmiş sənədlərə uyğun olaraq əməkdaşlığın inkişaf etdirilməsinin dəstəklənməsi kimi məsələlər mühüm yer tuturdu. Qeyd edək ki, Azərbaycanla Aİ ölkələri arasında enerji layihələrində əlaqələndirici rolunda çıxış edən Türkiyə bir tərəfdən ölkənin entejiyə olan tələbatını ödəyir, digər tərəfdən Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirir, üçüncü tərəfdən Avropaya təsir göstərmək üçün son dərəcə güçlü təsir vasitəsi əldə edir və nəhayət özünü Qara dəniz-Cənubi Qafqazda regional səviyyədən daha yüksək səviyyəli “oyunçu” kimi təqdim edirdi. Hadisə və proseslərin təhlili göstərir ki, Rusiya-Türkiyə yaxınlaşmasının bu templə davam etməsi Avropanı perspektivdə Şərqdən daha ciddi olaraq enerji məsələsində asılı edəcəkdir[10].
Doqquzuncu prioritet sahədə isə ədliyyə, azadlıq və təhlükəsizlik, o cümlədən sərhədlərin idarə edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulurdu. Bu prioritet üzrə respublikamızın həyata keçirəcəyi təxirəsalınmaz tədbirlərin sırasına aşağıdakılar aid edilirdi: 2006-cı ildən etibarən inteqrasiya edilmiş sərhəd idarəçiliyi strategiyasının inkişaf etdirilməsi və müvafiq sərhəd demarkasiyası və mövcud ikitərəfli sərhəd əməkdaşlığı sazişləri və protokollarının tam icrası da daxil olmaqla (xüsusilə Gürcüstan, İran, Rusiya Federasiyası və Türkiyə ilə), sərhədlərin idarə edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi, çirkli pulların yuyulması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin axtarişi, həbsi və müsadirəsi haqqında 1990-cı il Avropa Şurası Konvensiyasının həyata keçirilməsi və onun təbii davamı olan terrorizmin maliyələşdirilməsinə qarşı yeni konvensiyanın imzalanması, readmissiya və viza məsələləri də daxil olmaqla, insanların yerdəyişməsi ilə bağlı məsələlər üzrə dialoqun təsis edilməsi, 2003-cü ildə qəbul edilmiş İnsan alveri ilə mübarizə üzrə Milli Fəaliyyət planinin icrasının nəzərdən keçirilməsi və növbəti tədbirlərə baxılması, BMT-nin transmilli mütəşəkkil cinayətkarliğa qarşı Konvensiyası və onun insan, xüsusilə qadin və uşaq alverinin qarşisinin alınması, miqrantlarin müxtəlif yollarla qanunsuz daşınmasına qarşı, odlu silahlar, onların hissələri və sursatlarının qanunsuz istehsali və alverinə qarşı üç protokolun icrasının təmin edilməsi.
Nəhayət, sonuncu – 10-cu prioritet sahə üçün regional əməkdaşlığın gücləndirilməsi tədbirləri nəzərdə tutulurdu. Əldə edilmiş razılığa əsasən, göstərilən prioritetin həyata keçirilməsi üçün ətraf mühit, təhsil, sərhədlərin idarə edilməsi, nəqliyyat və parlamentlərarası sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, Narkotiklər üzrə Cənubi Qafqaz Fəaliyyət Planı (SCAD) kimi Aİ tərəfindən maliyyələşdirilən regional yardım təşəbbüslərində Azərbaycanın iştirakının gücləndirilməsi, Qafqaz Regional Ekoloji Mərkəzinin regionda hökumət və qeyri-hökumət qurumları arasında əməkdaşlıqda daha fəal iştiraka cəlb edilməsi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə (QİƏT) davamlı birgə əməkdaşlıq da daxil olmaqla, Qara dəniz regionun­da və Qara dəniz ilə Baltik dənizi regionları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional səviyyədə gənclərin mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi tədbirləri gündəmə gətirilirdi.
AQS-nin Fəaliyyət planında prioritet sahələrlə yanaşı Azərbaycanla Aİ arasında 40-dan artıq istiqamətdə kifayət qədər dəqiqliklə əks olunan qarşılıqlı fəaliyyət sahələrinin genişləndirilməsi də nəzərdə tutulurdu. Qeyd edək ki, Tərəfdaşlıq Planının (əvvəlcə Fərdi Tərəfdaşlıq Planı, sonralar Fəaliyyət Planı) reallaşdırılması üçün səylərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidenti İ.Əliyev 2005-ci il iyunun 1-də Dövlət komissiyasının yaradılmasına dair Sərəncam imzalamışdı ki, sənədə əsasən başlıca hakimiyyət strukturlarının rəhbərləri komissiya­ya daxil edilmişdilər. Sərəncama uyğun olaraq Komissiya çərçivəsində Azərbaycanla Aİ arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif sahələrə aid yeddi işçi qrupu yaradılmış, istiqamətləndirici qurum kimi Xarici İşlər Nazirliyi müəyyənləşdirilmişdi [15, 15-16].
Azərbaycan-Aİ əməkdaşlığının dərinləşməsində tərəflərin hər ikisinin maraqlı olması sürətlə həyata keçirilməkdə olan tədbir və dəyişikliklərdə öz əksini tapmışdı. Belə ki, Aİ müvafiq hüquqi aktlar imzalandıqdan dərhal sonra Y.Hani birliyin AQS və Genişlənmə danışıqları üzrə komissarı təyin edərək onu Azərbaycana ezam etmişdi. Azərbaycan Prezidentinin Sərəncamı ilə İqtisadiyyat və Sənaye naziri Ş.Mustafayevin rəhbərliyi altında yaradılan Avropaya inteqrasiya üzrə Dövlət komissiyası ilə Aİ komissarı arasında qısa müddətə işgüzar əməkdaşlığın təməli qoyulmuşdu. İkitərəfli əməkdaşlığın inkişafinda qarşılıqlı səfərlərin də əhəmiyyəti böyük olmuşdu. Belə ki, 2005-2015-ci illər arasındakı dövrdə Prezident İ.Əliyev Avropa İttifaqına 5 dəfə Aİ rəsmiləri isə ikiqat artıq belə səfərlər etmişdilər [5]. Təsadüfi deyil­di ki, əməkdaşlığın bütün tarixi boyu hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər görülməkdə, yeni proqram və layihələr təsis olunmaqdadır.
Azərbaycanın başlıca ticarət partnyorlarından biri kimi Aİ ölkələri ilə ticarət-iqtisadi əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. 2014-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Aİ-nin payı 47,3 faiz təşkil etmişdi, növbəti ilin yanvar-fevral aylarında isə bu göstərici 43 faiz təşkil etmişdi. Aİ-nin Azərbaycanın qeyri-enerji sektoruna maraqları ildən-ilə artmaqdadır. Ekspertlərin hesablamalarına görə son onillik ərzində Aİ ölkələrinin Azərbaycanın əsas kapitalında investisiyaları 52 faiz, qeyri-neft sektorundakı investisiyaları isə 35,3 faiz olmuşdu. İkitərəfli əlaqələrin dərinləşməsində Hökumətlərarası komissiyaların fəaliyyəti xüsusilə böyükdür, hazırda Aİ-nin üzvü olan 12 ölkə ilə Azərbaycan arasında belə komissiyalar yaradılmışdır. Aİ-nin üzvü olan 21 ölkə ilə respublikamız arasında ikiqat vergitutmanın ləğv olunması, investisiyaların təşviqi və qorunması ilə bağlı 17 ölkə ilə imzalanmış sazişlər qarşılıqlı iqtisadi inteqrasiyanın dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa ölkələrinə investisiya yatırımları da ildən-ilə artmaqdadır. Avropanın enerji təchizatında respublikamızın karbohidrogen ehtiyyatlarının rolu və yeri xüsusilə böyükdür. Təkcə 2014-2017-ci illər arasındakı dövrdə Cənub Qaz Dəhlizi, Tanap, Tap və Yeni Əsrin müqaviləsi kimi layihələrə start verilmişdi ki, bunlar enerji sahəsindəki əməkdaşlığın perspektivlərini aydın şəkildə göstərirdi.
Azərbaycanın xarici siyasət strategiyasında Avropaya inteqrasiya xəttinin güclənməsi, Avropaya inteqrasiya prosesinin sürətləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından ölkəmiz üçün strateji əhəmiyyət daşıyan və ilk beşillik üçün nəzərdə tutulan Fəaliyyət planı bir tərəfdən Azərbaycanın quruma üzv olan ölkələrin hər biri ilə ikitərəfli münasibətləri dərinləşdirməsinə imkanlar açır, digər tərəfdən isə əməkdaşlığın yeni istiqamətləri və perspektivlərini müəyyənləşdirirdi. Cərəyan etməkdə olan proseslərin nəzarətdə saxlanması üçün Fəaliyyət planı çərçivəsində yaradılan müvafiq strukturlarla yanaşı mütəmadi hesabatlar da hazırlanır və onların nəticələri ilə planın iştirakçısı olan dövlətlər tanış edilirdi.
Beləliklə, "Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət planı"nın təhlili göstərir ki, bu sənəd Cənubi Qafqaz dövlətlərinin Avropa İttifaqına inteqrasiyasında əhəmiyyətli rol oynayır. Prioritetlərin və qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi nəticəsində Avropa İttifaqı ilə Cənubi Qafqaz dövlətləri, xüsusilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha yüksək mərhələyə yüksəlişi təmin olunacaqdır.

Açar sözlər: Qara Dəniz, Cənubi Qafqaz, Rusiya Federasiyası, ATƏT, Türkiyə, Gürcüstan, Avropa Şurası.


Ədəbiyyat siyahısı
1. Aİ-Azərbaycan Fəaliyyət plani / http://pao.az/az/elektron-kitabxana/a-azrbaycan-sazilri proqramlar/86-a-azrbaycan-falyyt-plani/file
2. Azərbaycan və Avropa Birliyi: Siyasi Dilemma Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu www.irfs.org Sentyabr, 2013
3. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında yeni mərhələ başlayır. Zaman-Azərbaycan qəz., 2006, 14 noyabr
4. Bayramov Ş.V. Avropa İttifaqının genişlənməsi və Avropa Qonşuluq Siyasəti: müqayisəli təhlil və qiymətləndirmə / Azərbaycanın vergi xəbərləri, 2011, № 3
5. Cavadov N. Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı İqtisadiyyat və Sənaye nazirliyində. Respublika qəz., 2015, 9 aprel
6. Hacıalıyev E. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur. Azərbaycan qəz., 2009, 3 may
7. Məmmədov Q. Fəaliyyət planı Avropa Qonşuluq Siyasətinin əməkdaşlıq alətidir. Panorama qəz., 2007, 24 sentyabr
8. Esra Hatipoğlu: “Avrupa Komşuluk Politikası’nın Güney Kafkasya Boyutu” http://ec. europa.eu/ agenda2000/index_en.htm
9. Hasan Kanbolat: “ 2004 Yılında Doğu ile Batı Arasında Kafkasya: Geçmiş Doğu’da, Gelecek Batı’da Mı?, Stratejik Analiz (Aralık 2004)
10. Necdet Pamir A.: “Kafkaslar ve Hazar Havzasındakı Ülkelerin Enerji kaynaklarının Türkiye’nin Enerji Güvenliği’ne Etkileri”, Türkiye’nin Çevresindeki Gelişmeler ve Türkiye’nin Güvenlik Politikalarına Etkileri Sempozyumu Harp Akademileri, http:www. avsam.gov.tr, 10 Mart 2006
11. “European Commission, Wider Europe – Neighbourhood: A New Framework for Relations with our Eastern and Southern Neighbours”, com(2003)104 final, 11.3.2003
12. Friedrichs, Jörg and the others, “Synergies and Tradeoffs in International Cooperation: Broadening, Widening and Deepening”, European Integration online Papers (EIoP), Vol.9, No.13, 2005, < http:// eiop.or.at/eiop/texte/2005-013a.htm > (22.02.2007)
13. Fulvio Attina, Rosa Rossi, European Neighbourhood Policy: Political, Economic and Social Issues, The Jean Monnet Center “Euro-Med”,Catania, 2004
14. Helene Sjursen, “Enlargement and the Common Foreign and Security Policy: Transforming the EU’s External Policy”, Arena Working Papers, No.18/98, Oslo, 1998
15. Kahraman, S. ,“The European Neighbourhood Policy: A Critical Assessment”, Ankara Review of European Studies, Vol:5, No:3,Ankara, Spring 2006
16. “The Policy: What is the European Neighbourhood Policy?”, (20.08.2007)

Резюме
В контексте расширения отношений ЕС со странами Южного Кавказа проект Плана действий Европейской политики соседства важен с точки зрения целей и перспектив. План действий Новой политики соседства на 2007-2013 годы был разработан в рамках Программы расширения ЕС. План действий служит для сближения Европейского Союза с его соседями, создания атмосферы взаимной безопасности, стратегической стабильности и улучшения благосостояния народов.
В статье раскрываются сущность, содержание, цели, приоритеты и перспективы Плана действий, а также разъясняются способы устранения препятствий в процессе его реализации. Согласно проекту, Европейский Союз предлагает преференциальные отношения своим ближайшим соседям, а взамен рекомендует придерживаться принципов демократии, суверенитета, защиты прав и свобод человека и рыночной экономики. Цели, способы реализации и ожидания каждого из десяти конкретных приоритетов, определенных в плане, также важны с точки зрения определения новых областей деятельности.

Ключевые слова: Черное море, Южный Кавказ, Российская Федерация, ОБСЕ, Турция, Грузия, Совет Европы.

Summary
In the context of the expansion of EU relations with the countries of the South Caucasus, the draft Action Plan of European Neighborhood Policy is important from the point of view of goals and prospects. The Action Plan of the New Neighborhood Policy for 2007-2013 was developed under the EU Expansion Program. The action plan is used to bring the European Union with its neighbors, creating an atmosphere of mutual security, strategic stability and improving the welfare of peoples.
The article discloses essence, content, objectives, priorities and prospects of the action plan, and explain how to eliminate obstacles in the process of its implementation. According to the project, the European Union offers preferential relations with its closest neighbors, and in return recommends adheres to the principles of democracy, sovereignty, protection of human rights and freedoms and market economies. Objectives, ways to implement and expect each of the ten specific priorities defined in the plan are also important from the point of view of identifying new areas of activity.

Keywords: Black Sea, South Caucasus, Russian Federation, OSCE, Turkey, Georgia, Council of Europe.