1930-cu il Nuxa-Zaqatala üsyanının yatırılmasında Dövlət Siyasi idarəsinin hissələrinin iştirakı barədə

Post image

Ənvər Məmmədov, 
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent

 

Kolxoz quruculuğu istiqamətində həyata keçirilmiş tədbirlər zamanı yerlərdə sovet hakimiyyət orqanları tərəfindən yol verilmiş zorakılıqlara qarşı baş vermiş 1930-cu il Nuxa-Zaqatala üsyanının yatırılmasına Qızıl Ordu ilə yanaşı Dövlət Siyasi İdarəsinin hissələri də cəlb olunmuşdu. Təsadüfi deyildi ki, üsyanın yatırılmasından sonra onun qalıqlarının aradan qaldırılması məqsədilə həyata keçirilmiş tədbirlərdə xüsusi fəallıq göstərdiyinə görə Dövlət Siyasi İdarəsinin hissələrinin şəxsi heyətinin bir qrupu Azərbaycan İnqilab Komitəsi tərəfindən müxtəlif dərəcəli mükafatlarla təltif olunmuşdu.
Nuxa-Zaqatala qəzasında üsyanın başlanması barədə xəbər alınan kimi ilk olaraq aprelin 12-də Gəncədən Dövlət Siyasi İdarəsinin 24-cü alayın 100 nəfərlik iki bölüyü Kravsovun başçılığı altında Nuxaya göndərilir. Həmin gün təxminən saat 16 radələrində Cəfəabada çatan bu dəstə Nuxadan göndərilmiş iki kommunist vasitəsilə şəhərdə üsyanın başlanması, eləcə də üsyançılar tərəfindən Nuxa Partiya Komitəsinin binasının tutulması barədə məlumat alır. Nuxa Qəza İnqilab Komitəsinin sədri tərəfindən xüsusi tapşırıqla göndərilmiş bu nümayəndələr həmin hissələrə qəza rəhbərliyinin onlara yardım göstərilməsi barədəki xahişini çatdırırlar. Nuxanın bir kilometrliyində isə şəhərdən qaça bilmiş, şəhər poçtunun rəisi Çudov və Dövlət Siyasi İdarəsinin Nuxa şöbəsinin müvəkkilinin də olduğu 5 nəfərlik qrup tərəfindən şəhərdə baş verənlər – islah evində saxlanılan 200-ə kimi dustağın buraxılması, onların bir hissəsinin üsyançılara qoşulması, şəhərdə olan 1000 nəfərə kimi üsyançının 70-80 faizinin silahlı olması barədə xəbər alınır [4, 32 arxa-33].
Şəhərin yuxarı hissəsini ələ keçirən üsyançılar islah evində saxlanılan üç yüzə yaxın dustağı (bəzi məlumatlarda dustaqların sayının 183 nəfər olduğu göstərilir – Ə.M.) azad edir [7, 840], şəhərdəki bir sıra dövlət idarələrini tutaraq sovet-partiya işçilərinin sığındığı poçtu mühasirəyə almışdılar. Dövlət Siyasi İdarəsinin 24-cü alayın Kravsovun başçılığı altında Nuxaya göndərilmiş 100 nəfərlik iki bölüyü poçtu mühasirəyə almış üsyançıları geri oturdub poçta daxil ola bilsələr də özləri burada mühasirə vəziyyətinə düşürlər. Şəhər poçtunu mühasirəyə almış 200 nəfərlik üsyançı dəstə ilə bura sığınmış Dövlət Siyasi İdarəsinin 24-cü alayının 100 nəfərlik qruplaşması arasında gedən döyüş zamanı aprelin 13-ü günortaya olan məlumatda hökumət qüvvələrindən bir nəfərin öldürüldüyü, 4 nəfərin yaralandığı bildirilirdi [7, 18]. Bundan sonra Bakıdan Dövlət Siyasi idarəsinin daha iki bölüyü də təcili olaraq üsyan rayonuna göndərilir [7, 127].
Bu arada Baş Göynük üsyançılarının digər bir dəstəsi Qax istiqamətində hücuma keçir [7, 840]. Kürmükçayda mövqe tutmuş Dövlət Siyasi İdarəsi Nuxa-Zaqatala şöbəsinin sədr köməkçisi Arininin dəstəsinə üsyançıların Göynükdən Qax istiqamətindəki hücumunu dəf etmək tapşırılmışdı. Aprelin 14-də Baş Göynük üsyançılarının Qaxingiloyu tutmaq üçün etdiyi ilk cəhdin qarşısı Ari­ninin dəstəsi tərəfindən alınmışdısa da, artıq həmin gün axşam saat 19-da olmuş ikinci hücum zamanı onlar kəndi ələ keçirə bilmişdilər [7, 358 arxa]. Bu döyüşlərdə Arininin tabeliyindəki qüvvələrdən dörd nəfər, o cümlədən Dövlət Siyasi İdarəsi dairə şöbəsinin müvəkkili Sergeyev öldürülmüşdü. Üsyançılar isə İlisu və Sarıbaş kəndləri istiqamətində sıxışdırılmışdılar [7, 108]. Qaxda vəziyyətin təhlükəli həddə çatdığını görən Qəza İnqilab Komitəsi oraya sərəncamında olan kommunarlar və Dövlət Siyasi İdarəsinin qüvvələrindən ibarət otuz nəfərlik əlavə dəstə göndərir. Lakin yerli üsyançıların Baş Göynükdən gəlmiş dəstə ilə birləşmiş qüvvələri şəhərdəki hərbi hissə və yerli kommunarlarla apardığı döyüşlərdən sonra rayonda hakimiyyəti ələ ala bilirlər [7, 53, 81].
Aprelin 14-də hökumət qüvvələrinin Nuxa şəhərinə başlanan ümumi hücum zamanı Dövlət Siyasi İdarəsinin hissələrinə şəhərdəki ayrı-ayrı üsyan mərkəzlərini ləğv etmək həvalə olunmuşdu. Buna uyğun olaraq Azərbaycan Dövlət Siyasi İdarəsinin 24-cü alayın bir pulemyot və bir atıcı olmaqla iki bölükdən ibarət dəstəyə şəhərin baş küçəsi olan Lenin küçəsi boyunca hücuma keçmək əmri veri­lir. Alayın bölük komandiri Movsesovun başçılığı altındakı bu dəstəyə bələdçiliyi poçtun rəisi Çudov edirdi. Movsesov sərəncamındakı qüvvələrdən atıcı bölüyü sol istiqamətdə göndərməklə onlara bilavasitə hücumu həyata keçirəcək birinci dəstənin sol cinahını qorumağı tapşırır, özü isə yerdə qalan qüvvələrlə birinci dəstənin sağ cinahında mövqe tutur. Sursat ehtiyatı olan maşınların mühafizəsi 4 əsgərə tapşırılır. Şəhərin mərkəzinə doğru hücumu həyata keçirən birinci dəstə cəmi 200 metr irəlilədikdən sonra bütün istiqamətlərdən evlərdə və bağlarda mövqe tutan üsyançıların güclü atəşi ilə qarşılaşır. Belə olduqda Movsesov əsas qüvvələrə üsyançılar tərəfindən xüsusilə ciddi müqavimətin göstərildiyi poçtun binasını tutmaq əmrini verir. Lakin hökumət qüvvələrinin bu istiqamətdəki həmlələrinin qarşısı üsyanşılar tərəfindən dəf edilir. Qranat və qumbaraların köməkliyi ilə poçtda mövqe tutmuş üsyançı dəstəni geri oturtmağa müvəffəq olan hökumət qüvvələri poçtun binasını ələ keçirə bilsələr də məscidin həyətindən onlara qarşı hərəkətə başlayan çoxsaylı üsyançıların qarşısında duruş gətirə bilməyərək geriyə çəkilərək poçtun binasına sığınırlar. Burada onların ətraf aləmlə əlaqəsi kəsilərək mühasirə vəziyyətində qalırlar. Lakin axşama doğru rabitənin bərpa edilməsi ilə poçtdakı hökumət qüvvələrinin komandiri Movsesov M.C.Bağırovla əlaqə saxlayaraq Nuxa şəhərindəki vəziyyətlə bağlı məlumat verir. Bağırov son patrona kimi müdafiə olunmaq barədə göstəriş verməklə axşama kimi Bakıdan köməyin gələcəyini vəd edir.
Poçtun binasında mühasirədə qalmış Movse­so­va yardıma göndərilmiş hissələrin şəhərə daxil olması ilə onlar üsyançıların ciddi müqavimətilə qarşılaşırdılar. 24-cü alayın əsgərlərindən ibarət Lyubnevin başçılığı altındakı dəstə üsyançıların bütün ciddi-cəhdlərinə rəğmən mühasirədə olan Movsesovun dəstəsi ilə birləşə bilir. Bu alayın qalan hissəsi isə bir pulemyotla poçtdan 2,5 kilometr məsafədə şəhərin şimal-şərqində döyüş mövqeyini tutur [4, 33]. Aprelin 14-ü olmuş hücum zamanı şəhərə girə bilmiş Sommerin başçılığı altındakı dəstə də üsyançıların mühasirəsindən çıxaraq Dövlət Siyasi İdarəsinin 24-cü alayının poçtda mühasirədə olan dəstəsi ilə birləşə bilir. Nəticədə köməyin gəlməsindən sonra şəhərdəki qırmızı hissələrin ümumi sayı 200-ə çatır ki, bu hissələr poçtu mühasirə edən üsyançı dəstəni geri oturdaraq axşama doğru şəhərin cənub hissəsinə, poçt və Qəza İcraiyyə Komitəsinin binasına nəzarəti ələ keçirə bilir [7, 67, 85].
Aprelin 14-ü gün ərzində üsyançılarla baş vermiş müxtəlif toqquşmalarda Dövlət Siyasi İdarəsinin qüvvələrindən 4 nəfər öldürülmüş, 12 nəfər yaralanmışdı. Həmin gün onların Nuxa şəhərini tutmaq üçün etdiyi bütün cəhdlərin qarşısı üsyançılar tərəfindən qətiyyətlə alınmışdı [7, 359].
Şəhər uğrunda ən şiddətli döyüşlər aprelin 15-i baş verir. Şimal və qərb istiqamətlərdən Nuxaya hücum edən Sommerin 1-ci rotası şəhərin qərbində, Qoxmuq xəttindəki yüksəkliklərə çıxa bilirlər. Lisinovun başçılığı altındakı 2-ci rota Oxud kəndi istiqamətdən hərəkət edərək Nuxanın şərq və şimal-şərq hissəsindəki yüksəklikləri tutur. Nuxanın cənubundan, Nuxa-Yevlax şossesi boyu hücuma keçən 3-cü rota şəhərə cənubdan birləşən Qışlaq kəndini ələ keçirir [9, 90-94].
Əlavə itki və dağıntılara yol vermək istəməyən üsyançıların geri çəkilməsindən sonra şəhər hökumət qüvvələri tərəfindən tutulur. Nuxadakı üsyanın yatırılmasına şəxsən rəhbərlik etmiş L. Beriya və Zaqafqaziya Dövlət Siyasi İdarəsinin nümayəndəsi Qulbisin 1930-cu il aprelin 15-də SSRİ Dövlət Siyasi İdarəsinə göndərdikləri məlumatda deyilirdi: “Səhra dəstələri, bizim qüvvələrimiz (Dövlət Siyasi İdarəsinin qüvvələri - Ə.M.) və göndərilmiş əlavə qüvvələrin birgə səyi ilə Nuxa tutulmuşdur. Şəhərin alınması zamanı bizim hissələrimizdən 12 nəfər öldürülmüş, 25 nəfər yaralanmış, üsyançılardan isə 80 nəfər öldürülmüş, 40 nəfər yaralanmış, 400-ü əsir alınmışdır (onlardan 100-ü üsyan fəalı) [2, 252; 7, 52 arxa, 359 arxa, 841].
Nuxada asayişi qorumaq üçün şəhərdə Azərbaycan Dövlət Siyasi İdarəsinin 100 əsgərindən ibarət iki bölüyü saxlanmaqla qalan hissələr Zaqatala rayonundakı həyəcanların yatırılmasına səfərbər olunur.
Zaqatala rayonundakı üsyanın yatırılması əməliyyatına bölgədəki üsyan mərkəzi olan Baş Göynüyün və başgöynüklü üsyançıların nəzarətində olan Qaxingiloyun tutulmasından sonra başlamaq qərara alınır. Qaxa hücum etmiş Baş Göynükdəki dəstənin ləğv edilməsi, bununla da Zaqatala ilə əlaqənin bərpa edilməsi məqsədilə artıq üsyan yatırılmış Nuxa şəhərindəki hökumət qüvvələri aprelin 16-ı səhər tezdən iki istiqamətdə hərəkətə başlayırlar. Onlardan 4-cü Qafqaz atıcı alayının üç atıcı və bir pulemyot rotalarından ibarət Patseviçin başçılığı altındakı birinci dəstəyə Göynüyü tutmaq və oradakı üsyançı dəstəni ləğv etmək tapşırığı verilmişdi. Azərbaycan Dövlət Siyasi İdarəsinin iki rotası və bir zirehli maşından ibarət ikinci dəstə isə Nuxa-Zaqatala şossesi ilə hərəkət edərək Qaxingiloydakı üsyançı dəstəni ləğv etməli, bundan sonra isə Zaqatala ilə əlaqəni bərpa etməli idi. Baş Zəyzid və Aşağı Zəyzid kəndlərindəki üsyançı dəstələrin ləğv edilməsi əmr olunmuş bir zirehli maşına malik Qafqaz eskadronu, bundan sonra əvvəlcə Göynüyə, oradan da Qaxingiloya hərəkət etməli idi. Göynük və Qaxingiloyun tutulması əməliyyatına rəhbərlik Nuxada olan 2-ci diviziya komandiri Tuxareli və Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri Bağırova həvalə olunmuşdu [7, 65-66, 91].
Tərəflər arasında bir-neçə saat davam etmiş döyüşdən sonra hökumət qüvvələri zirehli maşının köməkliyi ilə üsyançıları geri oturdaraq həmin günü saat 16-da Qaxingiloyu ələ keçirə bilir. Kəndin hökumət qüvvələri tərəfindən tutulması ilə buradakı 200 nəfərlik üsyançı dəstə ələ keçirdikləri 4 avtomaşında Zaqatala istiqamətində geri çəkilir [7, 108; 4, 34 arxa].
Yaranmış təhlükəli vəziyyət hakimiyyət orqanlarından qəti tədbirlərin görülməsini tələb edirdi. Qəza rəhbərliyi və bölgədəki hərbi hissələrin komandanlığı əlavə kömək gələnə kimi sərəncamında olan qüvvələrlə ilk olaraq Zaqataladakı üsyan mərkəzini yatırmağı qərara alır. Aprelin 16-da Lepinovun dəstəsi qısa döyüşdən sonra Əliabadda üsyançıların müqavimətini qıraraq kəndi tutur. Bu döyüşdə üsyançılardan dörd nəfər öldürülür.
Hərbi komandanlıq Balakən və Qabaqçöl kəndlərinin tutulması əməliyyatına başlamazdan əvvəl üsyançıların müqavimətinin qırıldığı ərazilərdə təhlükəsizliyi təmin etmək üçün əlavə tədbirlər görür, ayrı-ayrı məntəqələrdə Dövlət Siyasi İdarəsinin hissələri yerləşdirilir. Bu məqsədlə 24-cü alayın bir bölüyü zirehli maşınla Zaqatala şəhərində, dördüncü Qafqaz piyada alayının ikinci bölüyü bir pulemyotla Tala kəndində, birinci bölüyü isə iki pulemyotla Əliabad kəndində, həmin alayın birinci rotasının bir bölüyü üç pulemyotla Qaxingiloyda, Qafqaz eskadronu Almalı kəndində yerləşdirilir. Dördüncü alayın Baş Göynük və Aşağı Göynükdəki hissələri Zaqatalaya gətirilərək 24-cü alayın qərargah rəisi Ferapontov şəhərin komendantı təyin olunur [2, 209-210].
Üsyanın sonuncu mərkəzi olan Qabaqçölün tutulması üçün Dövlət Siyasi İdarəsinin hissələri cəlb olunmuşdu. Balakən və Qabaqçölün tutulması məqsədilə hələ aprelin 16-da Dövlət Siysi İdarəsinin 8-ci alayından 265 nəfərlik dəstə ayrılmışdı. Bu birləşmə iki hissəyə ayrılmaqla birinci dəstə cənub-qərb istiqamətdən Balakənə, ikinci dəstə isə şimaldan Laqodexiyə hücum edərək yolda qarşılarına çıxan üsyançı dəstələri dağıdaraq Qabaqçöldə birləşməli idi [4, 7].
Aprelin 19-da Nuxa-Zaqatala rayonuna əlavə olaraq 64-cü süvari alay, birinci Azərbaycan alayının bir rotası, ikinci Azərbaycan alayının iki rotası və Azərbaycan diviziyasının əlahiddə Qafqaz eskadronu gətirilir [7, 865]. Kəndə gələn şosse yollarını nəzarətə almaq, Kaxetiya istiqamətdən yolları bağlamaq və Qabaqçölü hər tərəfdən mühasirədə saxlamaq üçün Napareulidən doqquzuncu alayın bir rotası Laqodexiyə gətirilərək Sığnaq ilə Zaqatala qəzalarının sərhəddində yerləşdirilir. Tiflisdən əlavə olaraq səkkizinci alayın daha 80 əsgəri də bu bölgəyə gətirilir. Qabaqçöl əməliyyatına rəhbərlik Sumbatov, Lordkipanidze və Lepindən ibarət üçlüyə həvalə olunur [7, 84]. Balakən-Qabaqçöl əməliyyatına bilavasitə rəhbərlik etməli olan Azərbaycan Dövlət Siyasi İdarəsinin rəisi Mircəfər Bağırov və diviziya komandiri Tuxareli aprelin 17-i Zaqatalaya gəlirlər [2, 209].
Sonuncu üsyan mərkəzinin tutulmasından sonra Nuxa-Zaqatala qəzasının kəndlərində cəza dəstələrinin iştirakı ilə təmizləmə əməliyyatı keçirilir. Üsyanın yatırılmasından dərhal sonra həm üsyan iştirakçıları, həm də üsyan zamanı səbatsızlıq göstərmiş partiya-sovet işçilərinin üzə çıxarılaraq cəzalandırılması üçün bu bölgəyə Azərbaycan SSR Ali Məhkəməsinin Fövqəladə Sessiyası göndərilir [7, 851].
Mayın sonunda Nuxa-Zaqatala qəzasında banditizmin ləğv edilməsi və əhalidə olan silahların toplanması əməliyyatına rəhbərlik etmək məqsədilə Azərbaycan Dövlət Siyasi İdarəsinin rəis müavini Aqrbanın sədrliyi ilə diviziya komandiri Frinovski və Azərbaycan Dövlət Siyasi İdarəsi Nuxa-Zaqatala şöbəsinin rəisi Şabanbəyovdan ibarət siyasi üçlük təşkil olunur. Üçlüyə xüsusilə təhlükəli “bandit”lərin və qolçomaqların qohumlarına qarşı cəza tədbirləri görmək tapşırığı verilmişdi. Azərbaycan Dövlət Siyasi İdarəsinə Nuxa şəhərini əksinqilabi elementlərdən təmizləmək və fəaliyyətdə olan “bandit” qruplarını parçalamaq işini sürətləndirmək tapşırılır. Azərbaycan Dövlət Siyasi İdarəsinin qəzadakı 8-ci və 24-cü alayları Dövlət Siyasi İdarəsinin Leninqrad və Belarusiya məktəblərinin hissələri ilə əvəz olunur [6, 304].
Üsyanın əsasən yatırılmasından sonra pərakəndə şəkildə fəaliyyət göstərən üsyançı dəstələrə qarşı mübarizə hökumət qüvvələrinə daha çox itkilər hesabına başa gəlirdi. Cənubi Qafqazda banditizmin ləğvinə dair iyunun 18-ə olan operativ məlumata görə həmin vaxta kimi hökumət qüvvələrinin verdiyi itkilər (bura aprel üsyanı zamanı verdiyi itkilər də daxildir - Ə.M.) aşağıdakı kimi göstərilirdi: Ümumilikdə hökumət qüvvələrinin verdiyi itkilərin (73 nəfər öldürülmüş, 70 nəfər yaralanmış, 18 nəfər əsir alınmışdı) xeyli hissəsi Dövlət Siyasi İdarəsinin hissələrinin payına düşürdü. Belə ki, üsyançı qüvvələrə qarşı əməliyyatlarda Dövlət Siyasi İdarəsinin hissələrindən 21 nəfər öldürülmüş, 44 nəfər yaralanmış, 2 nəfər əsir alınmışdı [6, 311-312, 343].
Üsyanın yatırılmaSından Sonra onun Qalıqlarının tamamilə aradan qaldırılması məqsədi ilə Dövlət Siyasi İdarəsinin hissələrinin cəlb olunması ilə bölgədə qəfil təmizləmə (hərbi-çekist – Ə.M.) əməliyyatı keçirilmişdi. Bu məqsədlə 1931-ci ilin yanvarın əvvəllərindən etibarən Zaqatala qəzasına əlavə hərbi hissələr gətirilir. Onlardan 466 nəfərlik əsgər heyəti Balakəndə, bir batalyon, bir Qafqaz piyada atıcı alayı Qabaqçöldə, Car-Muxax məntəqəsində Cənubi Qafqaz Dövlət Siyasi İdarəsinin 189 əsgəri, Danaçıda üçüncü gürcü atıcı alayının üçüncü batal­yonu, Varxiyanda bu alayın ikinci batalyonu, Qax-in­qiloyda Cənubi Qafqaz Dövlət Siyasi İdarəsinin 305 əsgəri və Qafqaz piyada alayının bir batalyonu, Əliabadda Cənubi Qafqaz Dövlət Siyasi İdarəsinin 222 əsgəri, Zaqatala şəhərində isə Dövlət Siyasi İdarəsinin əsgəri hissələri yerləşdirilmişdi. Bu hissələrə hərbi-çekist əməliyyatının gedişi zamanı yerləşdiyi ərazilərdə baş verə biləcək iğtişaşı dərhal, yerindəcə boğmaq vəzifəsi tapşırılmışdı. Bundan əlavə Zaqatalada yerləşmiş əməliyyata rəhbərlik edəcək dairə fövqəladə üçlüyünün sərəncamına 60 piyada, 42 süvari əsgər, bir zirehli və bir yük maşını ehtiyat qüvvəsi kimi verilir.
Nuxa və Zaqatala qəzasında 1930-cu il üsyanının yatırılmasındakı “xüsusi xidmətləri”nə görə Dövlət Siyasi İdarəsinin və Qızıl Ordu hissələrinin şəxsi heyətinin bir qrupu Azərbaycan İnqilab Komitəsi tərəfindən müxtəlif dərəcəli mükafatlarla təltif olunur. ZSFSR Dövlət Siyasi İdarəsinin sədri Beriya ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinə göndərdiyi 1931-ci il 27 aprel tarixli məktubunda 1930 və 1931-ci illərdə üsyançı qüvvələrə qarşı apardığı əməliyyatlarda 21 nəfərin öldürüldüyü, 30 nəfərin yaralandığı Dövlət Siyasi İdarəsinin 8-ci, eləcə də 24-cü alaylarının “əksinqilabi qüvvələrə qarşı mübarizədəki xidmətlərinə” görə “Qırmızı bayraq” ordeni ilə təltif edilməsi məsələsinə baxmağı xahiş edirdi [4, 2].
Özünün 29 iyun 1931-ci il tarixli iclasında bu müraciətə baxan ZSFSR Mərkəzi İcraiyyə Komitəsi Dövlət Siyasi İdarəsinin 8-ci və 24-cü alayların “Qırmızı bayraq” ordeni ilə təltif edilməsi barədə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qarşısında məsələ qaldırmağı qərara alır [4, 1, 20].
SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin katibliyi tərəfindən 1931-ci il 19 sentyabr tarixli qərarla ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin Dövlət Siyasi İdarəsinin 8-ci və 24-cü alayların “Qırmızı bayraq” ordeni ilə təltif edilməsi barədəki təqdimatı təsdiqə göndərilir [4, 41-42].
Bundan əlavə 1930-cu ilin fevralın 2-dən noyabrın 20-ə kimi üsyançı qüvvələrə qarşı apardığı əməliyyatlara görə Dövlət Siyasi İdarəsinin 24-cü alayın şəxsi heyətindən 80 nəfərin müxtəlif mükafat­larla təltif olunması barədə ZSFSR Dövlət Siyasi İdarəsi qarşısında məsələ qaldırılmışdı. Onlardan 2 nəfərin “Qırmızı bayraq” ordeni (alay komandi­rinin köməkçisi Vasiliy Kravsov və atıcı Pavel Yemelyanov), 2 nəfərin “Mauzer” döyüş silahı (alay komandiri Sergey Qreçkin və bölük komandiri Aleksandr Movsesov), 4 nəfərin “Karonina” döyüş tapançası (alay komandirinin köməkçiləri Semyon Feropontov, Fyodor Tverentinov, Georgiy Prokuşev və alayın siyasi hissə rəisi Konstantin Vişnevskiy), 3 nəfərin gümüş saat (bölük komandirləri Nikolay Buxonin və İvan Suxmanov, atıcı Yeqor Vorobyov), 13 nəfərin metal saat, 56 nəfərin isə müxtəlif məbləğdə pul və digər mükafatlarla təltif olunması nəzərdə tutulmuşdu [4, 37-37 arxa].
Nəticə olaraq qeyd etmək olar ki, Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş 1930-cu il üsyanının yatırılmasına cəlb olunmuş Dövlət Siyasi İdarəsinin hissələri tərəfindən həyəcanın yatırılması və ondan sonra həyata keçirilmiş cəza tədbirlərinin bölgə üçün son dərəcə acı nəticələri olmuşdur. Üsyan­da iştirak etmiş əhalinin cəzalandırılması məqsədi ilə geniş ordu hissələrinin cəlb olunmasıyla həyata keçirilmiş qəfil təmizləmə, hərbi-çekist əməliyyatı zamanı heç kimə günahsızlığını sübut etmək üçün imkan verilməmiş, fəal iştirakçılar istintaq aparılmadan güllələnmiş, həbs olunanların əmlakı müsadirə olunmuşdu.

Açar sözlər: Nuxa-Zaqatala qəzası, üsyançılar, kollektivləşmə, Dövlət Siyasi İdarəsi, hərbi hissələr, əməliyyat.

İstifadə olunmuş mənbə və ədəbiyyat
1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi (ARPİİSSA), f.1, s.86, iş 24
2. ARPİİSSA, f. 1, siy. 231, iş 25
3. ARPİİSSA, f. 1, siy. 231, iş 79
4. Rusiya Federasiyasının Dövlət Arxivi (RFDA), f. 3316, siy. 64, iş 1134
5. Rusiya Dövlət Hərbi Arxivi (RDHA), f. 25873, siy. 1, iş 93
6. RDHA, f. 25873, siy. 1, iş 1205
7. RDHA, f. 25873, siy. 1, iş 1206
8. Gürcüsta Mərkəzi Tarix Arxivi (GMTA), f. 1864, siy. 2, iş 884
9. Чекисты Азербайджана (Документы, очерки, рассказы). Баку, Азернешр, 1981

Об участии частей Главного Политического Управления в подавлении Нухинско-Закатальского восстания 1930 г.

Резюме
Восстание 1930 года, охватившее большинство селений Нухинско-Закатальского уезда и явившееся по сути, народным движением, было подавлено в результате совместной военной операции, проведенной погранвойсками, частями Главного Политического Управления и отрядами милиции. В течение восстания между повстанцами и регулярными правительственными силами произошли три серьезных боя - во время взятия Нухи, у селений Тала и Габагчель.
В представленной статье на основе сведений документов, обнаруженных в азербайджанских и российских архивах и впервые введенных в научный оборот, исследуется проблема участия частей Главного Политического Управления как в подавлении восстания, так и в последующих жестких карательных действиях против местного населения.

Ключевые слова: Нуха-Закатальский уезд, повстанцы, коллективизация, Государственное Политическое Управление, воинские части, операция.

On the participation of parts of the Main Political Directorate in the suppression of the Nukha-Zakatala uprising of 1930
Summary
The uprising of 1930, which engulfed most of the villages of the Nukha-Zakatala district and was essentially a popular movement, was suppressed as a result of a joint military operation carried out by the border troops, units of the Main Political Directorate and police units. During the uprising, there were three serious battles between the rebels and regular government forces - during the capture of Nukha, near the villages of Tala and Gabagchel.
In the presented article, on the basis of information documents found in the Azerbaijani and Russian archives and first introduced into scientific circulation, the problem of the participation of parts of the Main Political Directorate is investigated both in suppressing the uprising and in subsequent tough punitive actions against the local population.

Key words: Nukha-Zakatala district, rebels, collectivization, State Political Directorate, military units, operation.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019