Bakı şəhərinin tarixi memarlıq baxımından böyük əhəmiyyətə malik məkanları sırasında Dənizkənarı bulvarın adı iftixar hissi ilə çəkilir. Bu il Bakı bulvarının yaranmasından yüz on il keçir. Burada Qərb və Şərqin çoxəsrlik memarlıq, landşaft mədəniyyətlərinin sintezi duyulur, Azərbaycanın keçmişi və müasirliyi spesifik ahəngdarlıqla uzlaşır. Bakı bulvarı özünün yüksək inkişaf səviyyəsinə görə dünyanın ən müasir dənizkənarı parklarından biridir. Paytaxtın gözəllik rəmzlərindən sayılan Dənizkənarı bulvar yerli sakinlər və qonaqların mənalı istirahətinin təmin edən əvəzolunmaz guşədir.
Sahil boyunca uzanan füsunkar gözəlliyə malik olan Dənizkənarı bulvar Bakı şəhərini dünyanın müasir şəhərlərindən fərqlərindirən əsas səbəblərdən biridir. Vaxtılə bu məkana yüksək qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Bakı bulvarının əhəmiyyətini nəzərə alan Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzalamışdır. Məhz bu Fərmandan sonra Dənizkənarı bulvar yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.
Hazırda Bakı bulvarı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində inanılmaz dərəcədə dəyişib. Azərbaycanda baş verən sosial-iqtisadi inkişaf Bakı şəhərinin memarlıq baxımından görünüşünə və eyni zamanda Dənizkənarı Milli Parkın inkişafına da öz təsirini göstərmişdir. Dövlət başçısının tapşırığı ilə Dənizkənarı Milli Parkda aparılan yenidənqurma və abadlıq işlərinin nəticəsində onun ərazisi sahilboyu uzadılaraq 16 kilometrə çatdırılmış, burada yüksək tələblərə cavab verən müasir infrastruktur yaradılmışdır.
“Bulvar” sözü fransız mənşəlidir və sahil boyunca “gəzinti zolağı” anlamını verir. Lakin əvvələr “bulvar” kəlməsi “dairəvi müdafiə istehkamı”, “qala” mənasını daşıyırdı. İlk belə bulvarı ingilislər 1428-ci ildə Orlean şəhərinin mühasirəsi zamanı yaratmışlar. Həmin dövrdə də holland mənşəli “bolwerg” kəlməsi “dairəvi qala divarları” - şəhər ətrafında tikilən müdafiə tikilisini bildirirdi. [13, s.116] Müasir yozumunu bu söz XVII-ci əsrin sonunda, Fransa kralı XIV-cü Lüdovikin sayəsində qazanmışdır. Onun fərmanı ilə istehkam qurğularının yerində gəzinti üçün yaşıllıq zolağı salınmışdır. [14]
Bakı bulvarının yaranma tarixi XX-ci əsrin əvvələrindən - 1909-cu ildən başlayır. Məhz yüz on il əvvəl Xəzərin Bakı sahili və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi arasında yaşıllıq zolağı – bulvar – salınmışdır. Bulvar böyük inkişaf yolunu keçmişdir. 1859-su ildə Şamaxı şəhərində baş vermiş zəlzələ nəticəsində quberniya mərkəzinin Bakıya köçürülməsi şəhərin yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Qeyd etmək lazımdır ki, Bakı bulvarının salınması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı məsələ idi. Bu ərazidə tikinti işlərinin başlanması XIX-cu əsrin ikinci yarısına təsadüf edir. Sahil zolağında ilk mühəndis işləri azərbaycanlı memar Qasım bəy Hacıbababəyov (1811-1874) tərəfindən aparılmışdır. O, 1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi haqqında layihə tərtib etmişdir. Burada 1867-ci ildə su kəməri çəkilmiş, fəvvarə və digər tikililər də inşa edilmişdir. [6, s.36; 10, s.31] 1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi general-leytenant M.P. Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran köhnə qala divarının sökülməsinə görə icazə verilir. [12]Qala divarının daşları dənizkənarı sahilin və sahil boyunca yeni evlərin tikintisinə istifadə olunmuşdu.
Neft sənayesinin inkişafı nəticəsində Bakı böyük ticarət limanına çevrilir. Bakı limanı Rusiya imperiyasının ən böyük limanlar sırasına daxil idi. Burada yük və sərnişin daşımaları həyata keçirilirdi. O zaman iqtisadi məqsədlər üçün istifadə olunan ensiz sahil zolağında yerləşən müxtəlif körpülər və anbarlar buranı tamamilə baxımsız, yararsız vəziyyətə salmışdı. Sahil zolağı iki hissəyə ayrılırdı: qərbdə Aleksandrovski, şərq istiqamətində isə Petrovski sahili. Belə bir vəziyyət vahid sahil küçəsinin salınmasına məhdudiyyət yaradırdı. Eyni zamanda, şəhər əhalisinin dənizə çıxışına da əngəl olurdu. [7, s.179-180]
Bakı şəhərinin inkişafı, əhali sayının artması, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, qala divarları söküldükdən sonra şəhərin sahilə doğru genişlənməsi sahil zolağının formalaşmasına, ümumiyyətlə paytaxt şəhərinin ümumi görünüşünün daha da inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə zərurət yaratmışdı. XIX-cu əsrin sonunda sahil zolağının nizamlanmasına dair müxtəlif layihələr hazırlanmışdı.
1897-ci ildə Şəhər İdarəsi Petrovski və Aleksandrovski küçələrinin nizamlanmasına dair təkliflərini Bakı şəhər Dumasının plan komissiyasına təqdim etdi. Təqdim olunan layihədə Qara Şəhərdən Mixaylovski küçəsinə qədər daş səddin tikilməsi və 30 metr enində sahil zolağının çəkilməsi təklif olunurdu. Plan komissiyası şəhərin gözəllik, həm də hərəkət sərbəstliyinin təmin edilməsi baxımından nəzərdə tutulan sahilin 50 metr civarında müəyyən edilməsinə qərar verir. [1,s. 1-2] Lakin sahil zolağında müəyyən işlər aparılsa da, çoxsaylı körpülərin və anbarların olması vahid sahil küçəsinin yaradılmasına mane olurdu. Burada aparılan abadlaşdırma işləri heç bir nəticə vermirdi. Şəhərin dəniz fasadı demək olar ki, yaradılmamışdı.
1898-ci ildə Bakı şəhərinin ilk Baş planı mülki mühəndis N.Fon der Nonne tərəfindən tərtib edilmişdir. O, plan komissiyasının sahil küçəsini Dadaşovun dokundan Qara şəhərə qədər uzadılması təkliflərini nəzərə almışdır. Lakin sahil zolağında özəl şirkətlərə məxsus körpülərin yerləşməsi səbəbindən o yalnız bu ərazinin boş hissəsini genişləndirilməsi və burada bulvarın salınmasını təklif etdi. [фатуллаев энциклопедия с. 66] Beləliklə, Fon Der Nonnenin planında Dənizkənarı sahilin nizama salınması ilə bağlı məsələ özəl şirkətlərin maraqları ilə toqquşduğuna görə öz həllini tapmamışdır.
Sahil ərazisində yaşıllığın salınması bu ərazinin bulvar şəklinə salınması üçün mühüm rol oynayırdı. Qeyd etmək lazımdır ki, şəhər hakimiyyəti Bakıda bağ və parkların kifayət qədər olmadığı üçün sahil boyunca yaşıllıq bağının yaradılmasına böyük önəm verirdi. Bulvarın salınması ilə bağlı məsələ 1902-ci il avqustun 12-də Bağ Komissiyasının iclasında müzakirə olunmuşdur. Bu iclasda dənizkənarı sahilin nizamlanmış hissəsində şəhər bağından “Qafqaz və Merkuri” cəmiyyətinin binalarına qədər bağın salınması nəzərdə tutulurdu. Bununla bağlı mühəndis K.B.Skureviç və şəhər bağbanı A.E.Vasilyev sahildə bağın salınması və burada çiçəklərin və ağacların əkilməsi ilə bağlı lahiyə təqdim etmişdilər. Bu layihəyə əsasən çiçəklərin salınması və ağacların əkilməsi sahil zolağının yalnız geniş hissəsində nəzərdə tutulurdu. Bu məqsədlə dənizkənarı sahilin bir hissəsinə münbit torpağın tökülməsi, sahilin nizamlanmış hissəsində isə arabaların hərəkəti və yüklərin daşınması üçün sahil boyunca yeni bir küçənin salınması təklif olunurdu. Tikinti komissiyası bulvarın salınması ilə bağlı məsələnin müzakirəsi zamanı yüklərin daşınması üçün sahil küçəsinə “Qafqaz və Merkuri” şirkəti və Daş körpü istiqamətindən iki çıxışın ayrılmasını təklif etmişdir. Bundan əlavə şəhər sakinlərinin gəzintisinin rahatlığı üçün bulvarda iki xiyabanın salınmasına qərar verildi.[1, s.20-21] Şəhər İdarəsinin və Bağ komissiyasının növbəti iclasında şəhər bağbanı A.E.Vasilyev sahil zolağında yaşıllığın salınmasına dair ətraflı təkliflərini təqdim edir. Onun tərəfindən yerli iqlimin xüsusiyyətləri nəzərə alınaraq xeyli ağac və kol əkilmişdi. Maliyyənin ayrılmaması və təbii səbəblərdən – daimi əsən külək, su qıtlığı və s. Yaşıllıq sahəsinin ömrü çox olmamışdı. [11] Beləliklə, bulvarın salınması Bakı Şəhər Duması tərəfindən dəfələrlə müzakirə olunsa da, təqdim olunan layihələrin maliyyələşdirilməməsi ucbatından məsələ öz həllini tapmırdı.
Bu istiqamətdə işlər yalnız 1909-cu ildə Bakı Şəhər İdarəsinin tikinti şöbəsinin rəhbəri olmuş, istedadlı təşkilatçı Məhəmməd Həsən Hacınskinin zamanında həyata keçmişdir. Rusiyada təhsil almış M.H.Hacınski Bakı Şəhər İdarəsində fəaliyyəti dövründə şəhərin abadlaşdırılması və yenidən qurulmasında bilavasitə iştirak etmişdir. O, Bakının ən məhşur abidələrindən biri olan Şirvanşahlar sarayının qorunması və bərpasında da mühüm işlər görmüşdür. Bu dövrdə maarifpərvər, vətənpərvər, Avropa təhsili almış ziyalıların yetişməsi və onların doğma şəhərini daha da inkişaf etdirmək və gözəlləşdirmək arzusu Bakı bulvarının salınmasında əsas rol oynamışdır.
1909-cu il aprelin 7-də Məhəmməd Həsən Hacınski Bakı Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Onun bu iclasda qətiyyətli çıxışı dənizkənarı bulvarın salınması məsələsində əhəmiyyətli rol oynadı. Həmin məruzə 1909-cu il aprelin 9-da “Kaspi” və “Bakı” qəzetlərinin 77-ci nömrələrində çap olunur. M.H.Hacınski məruzəsində Aleksandr sahil küçəsində bulvarın salınması haqqında tikinti komisiyyasının müzakirəsinin nəticələrini diqqətə çatdırır və əhali üçün yeni bulvarın salınmasının vacib olduğunu sübut edir. O, çıxışında şəhərdə olan Mixayloviski bağının şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün azlıq etdiyini və bu məqsədlə geniş bir yerin ayrılmasının zəruriliyini qeyd edir və yeni salınacaq dənizkənarı bulvarın şəhər büdcəsinə ayda 4-6 min rubl mənfəət gətirəcəyi fikri ilə bu layihənin iqtisadi cəhətdən sərfəli olduğunu vurğulayırdı. [8, s.4] Bakı Şəhər İdarəsi Bakı şəhər Dumasına bulvar üçün Daş körpüdən Aleksandrovski çimərliyinə kimi torpaq ərazisinin ayrılmasını və bulvarın salınması üçün smeta xərclərinin təsdiq olunmasını təklif edirdi. Nəticədə Bakı şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq bu layihənin icrasına 10 min rubl vəsait ayırır və onun saxlanması üçün illik 2500 rubl vəsaitin ayrılmasını təklif edir. [3, s.3] Şəhər İdarəsi ümüd edirdi ki, sərf olunan maliyyə xərcləri bulvar ərazisində torpaq sahələrinin icarəyə verilməsi ilə öz həllini tapacaq. M.H.Hacınskinin bu məruzəsi duma tərəfindən yüksək razılıqla qarşılanır və Şəhər İdarəsinə bu layihənin tezliklə həyata keçirilməsi tövsiyyə olunur. M.H.Hacınskinin layihəsi bulvarın salınmasına maliyyənin ayrılmasına dair ilk sənəd idi. Beləliklə, M.H.Hacınski tərəfindən Bakı şəhər Dumasının iclasında Dənizkənarı bulvarın salınması məsələsinin müzakirəyə çıxarılması bulvarın yaradılmasına böyük təkan verdi. Bakı şəhər Dumasının növbəti iclaslarında Dənizkənarı bulvarın tədricən genişləndirilməsi müzakirə olunurdu. 1909-cu ildə bulvarın artıq üçdə bir hissəsi hazır idi: “Daş körpü”dən Gömrük körpüsünə (indiki Azneft meydanından Bulvar idman klubunun binasına kimi) qədər ərazidə bulvarın salınması ilə bağlı işlər tamamlanmışdı. Bulvarın “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına kimi) qədər ərazinin uzadılması isə 1910-cu ildə baş verdi. [9, s.3]
Yuxarıda göstərilən tarixi faktlar Dənizkənarı bulvarın və eyni zamanda Bakı şəhərinin memarlıq baxımından quruculuq, inkişaf tarixinin öyrənilməsində mühüm rol oynayacaqdır.
İstifadə olunmuş ədəbiyyat
1. ARDTA: f.389, siyahı 3, iş 2103, v. 1-2
2. ARDTA: f.389, siyahı 3, iş 2362, v. 20-21 ob.
3. Bakı qəzeti, 1909, №77
4. Fətullayev Ş. Bakı memarları XIX əsrin sonu– XX əsrin əvvəlində. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, 296 s.
5. Фатуллаев Ш.С. Архитектурная энциклопедия Баку, Баку: «Шарг-Гарб», 2013,324 с.
6. Fətullayev Ş.XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, 478 s.
7. Fətullayev Ş. Bakıda şəhərsalma XIX əsr - XX əsrin əvvəllərində, Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, 340 s.
8. Kaspi qəzeti, 1909, №77
9. Kaspi qəzeti, 1909, №159
10. Ибрагимов К. Бакинская набережная // İRS – Nasledie, 2009. №3. – C30-34
11. Koлтунов С.П. Бакинский бульвар на набережной. https://www.ourbaku.com/index.php/%D0%91%D1%83%D0%BB%D1%8C%D0%B2%D0%B0%D1%80_%D0%BD%D0%B0_%D0%BD%D0%B0%D0%B1%D0%B5%D1%80%D0%B5%D0%B6%D0%BD%D0%BE%D0%B9
12. Koлтунов С.П. Ичери шехер. Крепостные стены. https://www.ourbaku.com/index.php/%D0%98%D1%87%D0%B5%D1%80%D0%B8_%D0%A8%D0%B5%D1%85%D0%B5%D1%80._%D0%9A%D1%80%D0%B5%D0%BF%D0%BE%D1%81%D1%82%D0%BD%D1%8B%D0%B5_%D1%81%D1%82%D0%B5%D0%BD%D1%8B
13. Преловская Е.С., Пуляевская Е.В. Бульвары: архитектурный облик прошлого и настоящего// Вестник ИрГТУ, 2015. №2 (97).- c. 116-120.
14. Слово «бульвар», как оно возникло, как появились первые бульвары? Французский взгляд. И сколько бульварных линий в Париже. http://www.portalostranah.ru/view.php?id=291
Konul İmamverdiyeva, Ph.D. in History,
Director of the State Flag museum
The 110th anniversary of the founding
of Seaside boulevard
Summary
Seaside boulevard is one of the most valuable objects of our material culture, representing exceptional historical and architectural significance. This article discusses the history of the foundation and development of Baku boulevard.
In the second half of the 19th century, the sustainable development of Baku, population growth, and the expansion of the city to the coastal strip after the dismantling of the fortress walls necessitated the improvement of the promenade and the construction of Baku boulevard. İn spite of the fact that the construction of the boulevard was repeatedly discussed in the Baku City Duma, but the problem was not solved due to lack of funding. The final decision to create the Baku boulevard was made at a meeting of the Baku City Duma on April 7, 1909.
The article used archival materials and a theoretical review of the scientific literature on this topic. It should be noted that in the article, based on analysis of archival documents, it was possible to establish the exact date of foundation of Baku boulevard.
Key words: boulevard, prominade, marinas, seaside park, beautification, project,City Administration.
Кенуль Имамвердиева,
доктор философии по истории,
директор Музея Государственного флага
110-летие со дня основания
Приморского бульвара
Резюме
Приморский бульвар – один из наиболее ценных объектов нашей материальной культуры, представляющий исключительную историко-архитектурную значимость.
В данной статье рассматривается история основания и развития Бакинского бульвара. Во второй половине XIХ века устойчивое развитие Баку, рост численности населения, расширение города к береговой полосе после демонтажа крепостных стен вызвали необходимость благоустройства набережной и строительства Бакинского бульвара. Несмотря на то, что постройка бульвара неоднократно обсуждалась в Бакинской Городской Думе, проблема не была решена из-за отсутствия финансирования. Окончательное решение о создании Бакинского бульвара было принято на заседании Бакинской Городской Думы 7 апреля 1909 года.
В статье были использованы архивные материалы и теоретический обзор научной литературы посвященной этой теме. Необходимо отметить, что в статье благодаря анализу архивных документов удалось установить точную дату основания Бакинского бульвара.
Ключевые слова: бульвар, набережная, пристани, приморский парк, благоустройство, проект, Городское управление.
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019