İngiltərə və Fransanın rəqabəti kontekstində “Erməni məsələsi”. Paul Tərziyanın layihəsi

Post image

Ayşə Nərimanova
Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları
və Təlim Mərkəzinin mütəxəssisi
E-mail: [email protected]

 

Giriş
Fransa inqilabından sonra yayılan millətçilik anlayışı XIX əsrin əvvəllərindən başlayaraq Balkanlardan Osmanlı ərazisinə nüfuz etməyə başladı. Balkan yarımadasında baş verən üsyanlar nəticəsində Yunanıstan və Bolqarıstanın müstəqillik qazanması Osmanlı daxilində yaşayan azlıqlara da təsirsiz ötüşmədi. Bu təsir erməni probleminin yaranmasında müəyyən bir rol oynamışdır. XIX əsrdən etibarən Qərb dövlətləri tərəfindən gündəmə gətirilən bu problemin əsasında Osmanlı dövlətini siyasi, iqtisadi baxımdan zəiflədərək parçalamaq məqsədi daşıyan “Şərq məsələsi” dayanırdı. “Şərq məsələsi”nin mühüm hissəsi olan “Erməni məsələsi” isə artıq XIX əsrin ikinci yarısından Qərb dövlətlərinin Osmanlı imperiyasının daxili işlərinə qarışmaq üçün önəmli bir vasitə halına gəlir. “Erməni məsələsi” ilk dəfə XIX əsrin sonlarında Avropa qəzetlərinin bəzi siyasi yazarları tərəfindən irəli sürülmüş, daha sonra 1877-1878-ci illər Osmanlı-Rusiya müharibələrinin sonunda imzalanan Yeşilköy və Berlin müqavilələrinin maddələrinə daxil edilərək beynəlxalq bir siyasi terminə çevrilmişdir. [2, 285] Qərb dövlətlərinin rəqabəti kontekstində yaranmış bu qondarma məsələ Osmanlı imperiyasını parçalamaq və müstəqillik əldə etmək istəyən ermənilər tərəfindən istifadə edilmişdir.
Qərb dövlətləri arasında Osmanlı ilə qarşılıqlı əlaqə yaradan ilk dövlət Fransa olmuşdur. Hələ səlib yürüşləri dövründən başlayan əlaqələr XVI əsrdə imzalanmağa başlayan kapitulyasiyalar vasitəsi ilə rəsmiləşdirilmişdir. Əlaqələrin qurulduğu digər Avropa dövləti isə İngiltərə olmuşdur. Tarixən bu iki Avropa dövlətinin bir-birinə rəqib olduğu bizə məlumdur. Bu rəqabət Osmanlı ilə olan münasibətlər fonunda toqquşan maraqlarda da özünü göstərmişdir.
Qərb dövlətlərinin Osmanlı ilə münasibətlərində burada yaşayan azlıqlar, əsasən, xristianlar xüsusi önəm kəsb etmişdir. Azlıqları Osmanlı əleyhinə qaldırmaq və onlardan bölgədəki siyasi maraqları təmin etmək üçün vasitə kimi istifadə etmək bu münasibətlərin əsasını təşkil edirdi. Bu məqsədin bariz nümunəsi olaraq 1604-cü ildə kapitulyasiya yeniləndikdən sonra Fransanın İstanbuldakı səfiri tərəfindən hazırlanan “Osmanlı dövlətini devirmək və məhv etmək üçün mütləq çarələr” adlı hesabatında qeyd olunan fikirlərə diqqət yetirək: “...Anadoluda erməniləri, rumları və gürcüləri üsyana çıxararaq müharibə ilə birlikdə Osmanlı dövlətinə bəlalar gətirmək...” [13, 727]. Buradan da müxtəlif dövrlərdə, əsasən də XIX əsrin ikinci yarısında Osmanlı əleyhinə baş vermiş üsyanların əsl səbəbkarları bizə aydın olur.
Osmanlının coğrafi baxımdan strateji məkanda yerləşməsi, iqtisadi potensialı, Avropa ilə Asiya və Afrikanı bir-birinə bağlayan quru və dəniz yollarına sahib olması, Orta Şərqdə İngiltərə üçün Suriya üzərindən Misiri və İraq üzərindən Hindistan yollarına nəzarət etməsi xüsusi əhəmiyyət daşıyırdı. İngiltərənin Osmanlı və Cənubi Asiya coğrafiyalarından uzaq olması səbəbindən bölgədəki maraqlarını qazanmaq, qorumaq və davam etdirmək üçün ticarət ortağına ehtiyac duyulurdu. Şübhəsiz ki, bu tərəfdaş XIV əsrdən etibarən İngiltərə ilə siyasi əlaqələr qurmağa çalışan və Kiçik Asiyada geniş ticarət şəbəkəsinə malik ermənilər idi [1, VII]. Başqa sözlə desək, əgər ingilislər İran və Hindistanda daimi qalmaq, İran və onun hüdudlarından kənarda hökmranlıq etmək istəyirdilərsə, Erməni Ticarət Şəbəkəsindən öz mənfəətləri üçün istifadə etməli idilər.
XIX əsrdə Aralıq dənizində ticarəti ələ almış Fransa İngiltərənin Aralıq dənizi və Orta Şərq ticarətində üstünlük qazanmaq cəhdlərindən narahat olmağa başladı. Çünki Şərqlə aparılan ticarətin demək olar ki, hamısı Fransanın əlində idi. Bu səbəblə İngiltərə Aralıq dənizində hakim mövqeyə sahib olmaq, Hindistanda ağalığını davam etdirmək, iqtisadi baxımdan yeraltı və yerüstü qaynaqlara sahib olan Hindistanı digər imperialist dövlətlərdən qorumaq məqsədi güdürdü. Bu məqsədlə Aralıq dənizində hakim mövqedə olan Fransanı həm siyasi, həm də iqtisadi baxımdan əldə etmiş olduğu üstünlükdən məhrum etməyə çalışırdı. Bu siyasət XIX əsrdə İngiltərənin Orta Şərqdə yeritdiyi və həmçinin də ingilis xarici siyasətinin əsasını təşkil edirdi. Bölgədə əsas mövqeyə sahib Osmanlı ilə əlaqələr zəminində bu iki dövlət daha asan mənfəət təmin etmək məqsədi ilə siyasi məsələlərlə yanaşı iqtisadi məsələlərdən də istifadə etməyə başladılar. Bu məqsədlə İngiltərə Osmanlı ilə iqtisadi əlaqələrini möhkəmləndirmək üçün 1838-ci ildə geniş imtiyazlar əldə etdiyi bir müqavilə imzaladı. Bununla da bəzi müəlliflərin qeyd etdiyi kimi, “İngilislər Şərqə ticarət məqsədilə gəlib siyasi məqsədlərlə yerləşdilər” [14, 612]. Osmanlı imperiyası Krım müharibəsinin iqtisadiyyata vurduğu zərbəni nisbətən aradan qaldırmaq məqsədi ilə ilk dəfə İngiltərə və Fransadan kredit almaq məcburiyyəti ilə qarşılaşır [19, 172]. İki dövlət o dövrün iki maliyyə mərkəzi olan Paris və Londonda Osmanlı istiqrazlarının satışında vasitəçi oldular. Bununla da, 1854-cü ildən sonra Osmanlı iqtisadiyyatı 2 imperialist dövlətin təsir dairəsinə düşür. Sonrakı dövrdə ingilislərin Aydın vilayəti ilə başlayan dəmir yolu sərmayələri fransızların diqqətini çəkir. Bu səbəbdən, fransızlar da Anadolu Dəmiryolunu işə salaraq ingilislərə bu sahədə də rəqib oldular. Nəticədə, Osmanlı İmperatorluğunun Şərqi Aralıq dənizində gücünü itirməsindən sonra yaranan səlahiyyət boşluğunu fransızlar və ingilislər doldurdu [5, 339] .İki dövlət rəqib gördükləri rusların Aralıq dənizinə çıxmasının qarşısını almaq üçün bəzi zamanlarda birlikdə hərəkət etsələr də, ümumiyyətlə, Aralıq dənizindəki ticarət fəaliyyətlərini nəzarətdə saxlamaq üçün bir-birləri ilə daim rəqabət halında olmuşlar.
Şərqi Aralıq dənizində ticarətə nəzarət etmək üçün dəniz üstünlüyü ilə yanaşı, Osmanlı torpaqlarında qeyri-müsəlman ünsürlərə qarşı missionerlik fəaliyyətləri başqa bir rəqabət sahəsinə çevrildi. Xüsusilə katolik təbliğatı apararaq erməniləri öz tərəfinə çəkməyə çalışan Fransa 1830-cu ildə katolik erməni icmasının “millət” kimi tanınmasını təmin edərək ermənilərin bir qismi üzərində müdafiə hüququ əldə etdi [12, 181]. Fransızların illərdir həyata keçirdikləri katolikləri qorumaq siyasətinə ingilislər müxtəlif qruplarla əməkdaşlıq edərək və protestantlığı təbliğ etməklə cavab verdilər. 1842-ci ildə Osmanlı ərazisində ilk anqlikan kilsəsi fəaliyyətə başlayır. 1847-ci ildə isə ingilislər Babı-Alidən muxtar icma yaratmaq hüququ əldə etdilər [21, 55]. Açılan yeni kilsə İngiltərə və Amerikadan gələn missionerlər vasitəsi ilə başqa məzhəbdən olan Osmanlı təbəələrini, xüsusən erməniləri protestant məzhəbinə çəkməyə başladı. Bu fəaliyyətin İngiltərə üçün önəmi 25 mart 1878-ci ildə İngiltərənin İstanbuldakı səfiri Henri Layardın ingilis xarici işlər naziri Lord Derbiyə göndərdiyi məktubun məzmununda öz əksini tapmışdır. Məktubda Fransanın İngiltərənin məqsədlərinə zidd olaraq Osmanlı torpaqlarındakı siyasətini həyata keçirmək üçün katolik məzhəbini ermənilər arasında yaymasının böyük bir təhlükə olaraq qiymətləndirilir. Buna qarşılıq olaraq, Anqlo-sakson kilsəsinin ermənilər üçün açdığı məktəblər, xəstəxanalar və b. müəssisələrin bölgədə ingilis nüfuzunun yayılmasında önəm kəsb edəcəyi vurğulanır. Bununla da İngiltərə rəqibi Fransa kimi Osmanlı dövlətinin bölüşdürüləcəyi təqdirdə öz payını ala bilmək üçün Osmanlı daxilində zümrəyə sahib olacaqdı. Ruslar, fransızlar və ingilislər tərəfindən islah edilən ermənilər və erməni kilsəsi Osmanlı coğrafiyasında böyük rəqabətin yeni elementləri oldu [1, 142].
Ermənilərin avropalı himayədarlarından kənar öz dövlətlərini qurmaq siyasəti mümkün deyildi. Bu məqsədə ancaq böyük dövlətlərin köməyi ilə nail ola bilərdilər. Bunun qarşılığında isə yeni yaradılacaq bu dövlət həmin o dövlətlərin siyasətinə uyğun olmalı idi [1, 142].
İngiltərə V.Pitt (1783-1801) höküməti dövründən başlayaraq rus təhlükəsinə qarşı Osmanlı imperiyasının ərazi bütövlüyünü müdafiə etmişdir. Çünki zəif Osmanlı İmperiyasının ərazi bütövlüyünün qorunub saxlanması İngiltərəyə, xüsusən də Rusiyaya qarşı bir çox üstünlüklər təmin edirdi [10]. Lakin 1860-cı illərdən etibarən Osmanlı-İngilis münasibətləri yeni mərhələyə qədəm qoydu. Fransanın İngiltərə üçün əhəmiyyətli yer olan Misirdəki fəaliyyətləri, Rusiyanın Balkanlardakı panslavist fəaliyyətləri, Prussiyanın 1866-cı ildə Avstriyanı və 1870-ci ildə Fransanı məğlub etməsi, İngiltərə səfirlərinin Şərqi Anadoluda qeyri-müsəlman təbəələrə qarşı pis rəftarlarına dair xəbərlər İngiltərənin Osmanlılara qarşı siyasətinin dəyişməsində mühüm amillər oldu.
1877-1878-ci illər rus-türk müharibəsinin sonunda San-Stefano müqaviləsi imzalanır. Bu müqavilədə erməni məsələsi gündəmə gətirilir və erməni adı ilk dəfə olaraq beynəlxalq bir müqaviləyə daxil edilir. Bu səbəbdən, San-Stefano müqaviləsi ermənilərin müstəqilliyi yolunda mühüm bir addım kimi qiymətləndirilir. Ermənilərin Osmanlı dövlətindən ilk ayrılma istəkləri də məhz bu müqavilə ilə ortaya çıxmışdır [15, 48]. Müqavilənin 16-cı maddəsində qeyd olunurdu ki, rus əsgərləri ən qısa zamanda Şərqi Anadolunu boşaldacaq və bu torpaqları yenidən öz ərazisinə qatan Osmanlı dövləti ermənilərin cəmləşdiyi bölgələrdə islahatlar aparacaqdır. Lakin Avropa dövlətləri müqavilənin şərtləri ilə razılaşmır. Çünki Rusiya bu müqavilə ilə Yaxın Şərqdə dövlətlərarası balansı pozurdu. Nəticədə, 1878-ci ilin iyunun 13-də Berlində konqres toplanır. Hələ bundan öncə, 4 iyun 1878-ci ildə Osmanlı ilə İngiltərə arasında Kiprdə gizli müqavilə imzalanır. Bu müqaviləyə əsasən, İngiltərə bir tərəfdən faktiki olaraq, Kipri nəzarət altına alır, digər tərəfdən isə Şərqi Anadoluda müdafiə və müdaxilə hüququna sahib olurdu. Beləliklə, oradakı yaşayan ermənilər də bir növ ingilislərin himayəsinə keçirdi. Osmanlı dövləti Kiprin idarəsini İngiltərəyə buraxdıqdan sonra ada erməni komitələrinin fəaliyyət meydanına çevrildi. Osmanlı hökuməti cənub sahillərindən gizli yollarla silah və quldurların keçirilməsinin qarşısını ala bilmədi və nəticədə Anadoluda çoxlu sayda erməni üsyanları baş verdi. Kipr bu üsyanlar zamanı Anadoluya göndərilən silah və sursatların anbarına və erməni üsyançılarının təlim keçdiyi düşərgəyə çevrildi [6, 124-125].
San-Stefano və Berlin müqavilələri arasındakı vaxt ərzində ermənilər boş dayanmamış, Avropa dövlətlərinə öz müraciətlərini göndərmişlər. Erməni patriarxı Nerses Varjabetyan və tanınmış ermənilər Balkanlardakı qeyri-müsəlman təbəələrin müstəqilliyə doğru fəaliyyətinin Şərqi Anadoluda da təkrarlanmasını istəyirdilər [9, 166]. Bu məqsədlə 6 bənddən ibarət Anadolu torpaqlarında “Erməni dövləti” yaradılması haqqında müraciətnaməni Berlin konqresində iştirak edəcək bütün Avropa ölkələrinə çatdırırdılar [15, 48].
17 mart 1878-ci ildə patriarx Nerses İstanbuldakı ingilis səfiri H.Layardı ziyarət edərək demişdir:
“…Şərqdə müstəqil bir Ermənistan istəyirik…” Səfir Ermənistan dedikdə haranı nəzərdə tutduğunu soruşduqda isə o Van, Sivas, Diyarbəkir və Kilikiyanı qeyd etmişdir. H.Layard bu böyük bölgənin əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu bildirdikdə, patriarx bunu təsdiqləyir. Səfir belə bir böyük layihənin reallaşma şansına şübhə ilə yanaşdığını bildirdikdə isə patriarx qeyd edib ki, ermənilərin haqlı tələblərinə məhəl qoyulmasa, bu bölgə türk hakimiyyətinə qarşı üsyan edərək Rusiyaya qoşulacaq [8, 106-107]. Bütün bu cəhdlərə baxmayaraq ermənilər əsl məqsədlərinə çatmadı. Berlin traktatına San-Stefano müqaviləsində göstərilən “Ermənistan” sözü çıxarılaraq “ermənilər yaşadığı ərazi” ifadəsi əlavə edilmişdi. Lakin San-Stefano sazişi ondan sonra imzalanan Berlin traktatı ilə birgə Osmanlı imperiyası üçün Anadoluda islahat adında yeni problemlər ortaya çıxarmaqla, uzun sürəcək “erməni məsələsi”ni ortaya çıxardı [15, 48]. Bununla belə, başda Nerses Varjabetyan olmaqla ermənilərin görkəmli şəxsləri öz işlərində mühüm addım atdıqlarını bəyan etmişlər. Digər mühüm məqam isə budur ki, diqqətlə araşdırıldıqda, San-Stefano müqaviləsinin 16-cı maddəsi ilə Berlin müqaviləsinin 61-ci maddəsi arasında çox da fərq yoxdur. Lakin Osmanlı dövləti San-Stefano müqaviləsində yalnız Rusiya qarşısında məsul olduğu halda, Berlin müqaviləsində isə bu müqaviləni imzalayan bütün Avropa dövlətləri qarşısında məsuliyyət daşıyırdı. Daha sonrakı dövrdə İngiltərə və Fransa bu islahatların həyata keçirilməsi üçün Osmanlı dövlətinə müxtəlif təzyiqlər göstərir. İngilis sənədlərindən öyrənirik ki, Sultan bu təzyiqlər qarşısında islahatın həyata keçirilməsi üçün 6 milyon funt sterlinq kredit almaq məqsədi ilə İngiltərə hökumətinə müraciət etmişdir. Ancaq İngiltərənin kredit imkanlarının olmadığı anlaşılır. Bu səbəbdən, islahatlar həyata keçirilmir [8, 114]. Bu məsələdən sonra İngiltərənin erməni məsələsi ilə bağlı siyasətində qısa müddətlik bir durğunluğu müşahidə edirik [19, 154].
İngiltərənin 1880-ci ildən sonra Osmanlıya qarşı siyasəti dəyişir. Buna səbəb hakimiyyətə gələn E.Qlad­stonun yevangelist inancları əsasında İngil­tərənin daxili və xarici siyasətini dəyişməsi olmuşdur. Ermənilərin müstəqillik tələbləri 1878-ci ildə imzalanmış San-Stefano və Berlin müqavilələri ilə başlasa da, bu tələblərin faktiki hərəkata çevrilməsi və ermənilərin silahlı mübarizə yolu ilə müstəqilliklərini əldə etmək cəhdləri 1880-ci ildən sonrakı illərə təsadüf edir. Görünür, Ərzurumda başlayan Vətən Müdafiəçiləri Hadisəsi və ondan sonrakı terror hərəkatları Qladstonun 1880-ci ildə hakimiyyətə gəlməsi və ermənilər üçün islahat tələblərini gündəmə gətirməsi ilə birbaşa bağlıdır. Erməni yazıçısı L.Nalbadian qeyd edir ki, ermənilərin bu məsələdə ruhlanmaları Qladstonun hakimiyyətə gəldikdən sonra tutduğu siyasətlə, xüsusən də “Ermənistana xidmət etmək sivilizasiyaya xidmət etməkdir” ifadəsi ilə bağlıdır [17, 84]. Qladstonun bu həvəsləndirici davranışları ilə 1880-ci ildən sonra erməni istiqlal hərəkatları geniş vüsət almağa başladı və qısa müddətdə ermənilər tərəfindən terror təşkilatları yaradıldı. Yeni qurulan Armenakan, Hnçak və Daşnaksütyun partiyaları inqilab və silahlı mübarizə yolunu seçərək açıq şəkildə Osmanlıya müharibə elan etdilər [11, 204]. Hətta bu barədə Fransanın İstanbuldakı səfiri M.Kanbon qeyd edir: “Erməniləri üsyana çıxarmaq üçün, ilk növbədə, onların arasında milli məqsəd və istiqlal ideyalarını yaymaq lazım idi. Erməni komitələri bu məqsədlərin yayılmasını və bərqərar olmasını təmin etdilər. Qurulmuş gizli cəmiyyətlər Osmanlı hökumətinin pis və qüsurlu tərəflərini qabardaraq ətrafa yayırdı. Beləliklə, onlar müstəqillik ideyasının ermənilər arasında yayılmasında əsas amil oldular” [16, 31]. Ermənilərin xarici ölkələrdə fəaliyyət göstərən komitələrinin də yaranmış bu çıxışlardakı rolu danılmazdır. Bunlardan Fransadakı erməni komitələrinin fəaliyyətindəki əsas məqsəd Osmanlı imperiyasında yaşayan erməniləri təxribata çəkmək cəhdləri idi. Xüsusilə, London və Marsel Erməni Komitələrinin Birgə Katibliyinin 1892-ci il avqustun 9-da Adana Erməni Arxiyepiskopuna göndərdiyi məktublar və erməni ruhaniləri tərəfindən Osmanlı imperiyasının digər böyük erməni komitələrinə çatdırılan məktublar göstərir ki, komitələr və ruhanilər birgə iş aparırdılar [4, 345].
Bu məsələlər fonunda bölgədə öz nüfuzunu qoruyub saxlamağa çalışan İngiltərə və Fransa arasında mövcud vəziyyəti öz lehinə istifadə etmək üçün rəqabət davam edirdi. Bir sıra hallarda Osmanlı ilə münasibətləri pozmamaq məqsədi ilə yaranmış qarışıqlıqda günahkar olaraq digər dövlət göstərilirdi. Belə ki, 1895-ci ilin may ayında Fransa Parlament stenoqrafının rəhbərliyi ilə Anadoluda baş verən qarışıqlıq və erməni məsələsinə dair keçirilən konfransda müzakirələr zamanı İngiltərənin o bölgədə yaşayan xristianların lehinə hərəkət edərək üsyana təhrik etdiyi qeyd olunur. Həmçinin bildirilir ki, erməni məsələsi sırf ingilislər tərəfindən ortaya atılmışdır. Materialda qeyd olunur: “Xüsusilə İngiltərənin uydurduğu bir nağıl olan erməni məsələsinə Paris əhalisinin diqqətini cəlb etmək üçün bu salonda üç toplantı keçirilib…Məsələnin həqiqəti araşdırılarsa, görünəcək ki, İngiltərənin məqsədlərinə xidmət edənlər vətənlərindən didərgin salınmış bir dəstə lal və avara ermənilərdən ibarətdir”(s.47). 10 noyabr 1895-ci ildə Osmanlı Xarici İşlər Nazirliyinə Fransa Parlamentinin nümayəndəsi Çiseren tərəfindən göndərilən məktubun tərcüməsində də mövcud vəziyyətdə İngiltərənin günahkar olduğu və ermənilərdən istifadə etdiyi bildirilir [18, 58].
1897-ci ildə Türkiyə-Yunan müharibəsinin başlaması Osmanlı-İngiltərə münasibətlərinə yeni bir istiqamət gətirdi. Bu tarixdən sonra Britaniya hökuməti ermənilərə dəstək siyasətindən əl çəkdi. Əksinə, Osmanlı dövləti ilə qarşı-qarşıya qalmamağa çalışdı [10]. Bölgədə fransız mədəniyyətinin və dilinin təsiri, həmçinin İngiltərənin siyasətindəki dəyişiklik Fransaya meyil edənlərin sayını artırdı. Bununla yanaşı, Osmanlı daxilində baş verən üsyanların nəticə verməməsi də hakim dairələrdəki erməniləri narahat edirdi. Bu səbəbdən, Adanadakı erməni yepiskopu Paul Tərziyan xəyali Ermənistan qurmaq adı ilə hazırladığı layihəni gizli məktub şəklində Fransa Xarici İşlər Nazirliyinə göndərir. Osmanlıda yaşayan ermənilərin müqəddəratı adı altında dövləti parçalamaq məqsədli 6 iyul 1898-ci ildə qeydə alınmış məktubda Fransanın himayəsi ilə Adana və Maraş ərazisində bir Erməni dövləti yaradılmasından bəhs olunur. Fransanın fransız mədəniyyətini və dilini yaymaq məqsədilə Adana, Maraş, Harput, Urfa, Antep, Diyarbəkir, Mosul, Hələb kimi ərazilərdə açdığı dini və dünyəvi məktəblər erməni yepiskopunun bu addımında böyük rol oynamışdır. Belə ki, layihənin həyata keçiriləcəyi təqdirdə ermənilərin Orta Şərqdə fransız mədəniyyətinin təbliğatçıları olacağı bildirilir. Məktubda şişirdilərək həmin ərazilərdə yaşayan ermənilərin sayı 150-200 min olaraq göstərilir. Lakin 1898-ci ildə Maraş mahalının əhalisi əvvəlki illərə nisbətən təxminən 4000 nəfər artaraq 56049 nəfərə çatmışdır. Onlardan 39968 nəfəri müsəlman, 9324 isə nəfəri erməni, qalanları isə digər millət və din mənsubları olmuşdur. Buna əsasən, əhalisinin 70%-ni müsəlmanlar təşkil edən Maraşda ermənilər əhalinin sadəcə 16,9% -ni təşkil edirdi [7]. Məqsədə çatmaq üçün məktubda bildirilir ki, bölgədə fransız hegemonluğunun artırılması, fransız mədəniyyətinin yayılması Fransanın rəqib dövlətlərə qarşı mübarizəsi yolunda atıla biləcək ən doğru addımdır. Bütün bunlarla yanaşı, P.Tərziyan məktubda bir sıra şərtlər irəli sürürdü. Birinci şərtdə bildirilirdi ki, iki erməni yepiskopluğunun olduğu Adana və Maraşa Livanda olduğu kimi xüsusi status verilməlidir. Həmçinin buraya xristian rəhbər təyin edilməli və qarışıq polis qüvvələri yaradılaraq islahatlar keçirilməli idi. İkinci şərtdə isə ermənilər Adana və Maraş bölgəsinə köçürülməli və Rusiyaya qaçmış 30 min erməni geri qaytarılmalı idi. Belə bir nəticəyə gəlmək olar ki, bölgədə müsəlmanların çoxluq təşkil etdiyini anlayan P.Tərziyan erməni nüfuzunu artırmaq məqsədi ilə belə bir şərt əlavə etmişdir.
Osmanlı sultanı II Əbdülhəmid bu yazışmalardan xəbərdar idi [20, 218]. Lakin Fransa tərəfinin bu layihəyə göstərdiyi münasibət bizə məlum deyildir. Osmanlı daxilində ayrıca dövlət qurmaq məqsədi ilə xarici dövlət nümayəndələrinə Osmanlı təbəəsinin belə bir müraciəti qəbuledilməz idi. Bu səbəblə, 25 yanvar 1899-cu ilə aid bir hesabatda II Əbdülhəmid bu layihəni kəskin şəkildə rədd etmişdir. [3, 48] O, həmçinin bölgəyə ermənilərin köçürülməsinə qarşı çıxmışdır. Ermənilərin köçürülməsi və 30 min erməninin geri qaytarılması məsələsinə II Əbdülhəmid başqa bir həll yolu təklif edirdi. Həll təklifi 30 min erməninin Adana bölgəsinə deyil, Krit adasına köçürülməsi olmuşdur. Lakin əsl məqsəd Adanada erməni əhalisinin sayını artırmaq olduğu üçün bu təklif Erməni Nümayəndələrinin İnqilab Şurası tərəfindən qəbul edilmir.
Layihədən də aydın olur ki, Paul Tərziyan heç bir zaman 6 vilayəti əhatə edən “Böyük Ermənistan”nın yaradılmayacağını dərk edirdi. Bu səbəbdən, ümidini Adana və Maraşı əhatə edəcək “Kiçik Ermənistan” yaradılmasına bağlayır. Bunun üçün də müsəlmanların əksəriyyət daşıdığı belə bir bölgədə erməni sayını artırmağın yolunu Fransaya sığınmaqda görürdü. O, İngiltərənin tərkibində olacaq Ermənistanın yerinə Kilikiya bölgəsində Fransanın tərkibində “Kiçik Ermənistan”ı üstün tuturdu. Bütün bunlarla yanaşı, II Əbdülhəmidin yeritdiyi siyasət onun bu planı məqbul saymasında böyük rol oynayırdı. Lakin bütün bu cəhdlərinə baxmayaraq layihə həyata keçirilmir.

Nəticə
XIX əsrin ikinci yarısından etibarən ingilislərin ermənilər vasitəsilə həyata keçirdikləri fəaliyyətlərin Osmanlı imperiyasına qarşı siyasi nəticələrinin olması Osmanlı-İngiltərə münasibətlərində gərginliyə səbəb oldu. Bu gərgin münasibətlərdə ermənilər siyasi amilə çevrildilər. İngiltərə və Fransanın öz mənfəətləri üçün həyata keçirdikləri siyasət və ermənilər arasında millətçilik fikirlərinin yayılması Osmanlı imperiyası üçün dağıdıcı nəticələr verdi, bununla da ingilislər və qismən də fransızlar qazandı. Nəticədə bu işdən nə Osmanlı imperiyası, nə də ermənilər heç bir qazanc əldə edə bilmədi və hər ikisi böyük dağıntı ilə üzləşdi. Ermənilər nə azlıqda yaşadıqları İngiltərədə, ABŞ-da, Fransada, SSRİ-də, nə də yaşadıqları Ermənistanda bir vaxtlar Osmanlı imperiyasında sülh və əmin-amanlıq şəraitində vətəndaş kimi sahib olduqları nisbətən müstəqil hüquqları bir daha bərpa edə bilmədilər.

Açar sözlər: Erməni məsələsi, Şərqi Aralıq dənizi, missionerlər, İngiltərə, Fransa.


Ədəbiyyat siyahısı:
1. Avcı H.E., Türk-ingiliz ilişkilerinde ermeni faktörü. İstanbul, 2010. 488 s.
2. Aydın D., Ermeni Meselesinin Ortaya Çıkmasında Fransa’nın Rolü / Tarih Boyunca Türklerin Ermeni Toplumu İle İlişkileri Sempozyumu, 8-12 Ekim 1984, Ankara, 1985. 285-291 s.
3. Bayram Kodaman., Abdülhamit ve Paul Terziyan// Ondokuz Mayıs Üniversitesi Eğitim Fakültesi Dergisi, №2, Samsun, 1987. 42-49 s.
4. Bozkuş. Y.D., Yayımlanmış olan Osmanlı Arşiv Belgelerinde Ermeni-Fransız ilişkileri (1879-1918) / II Uluslararası Sosyal Araştırmalar Sempozyumu (EUSAS-II), XIX Yüzyılda Ermeni Milliyetçiliğinin Doğuşu ve Büyük Devletlerin Politikaları, 22–24 Mayıs 2008, Erciyes Üniversitesi, Nevşehir Üniversitesi, Kayseri. 316-353 s.
5. Çapar O., Osmanlı devletinde fransız sermayesi (1838-1914), İstanbul, 2019. 431 s.
6. Günay N., Kıbrıs’ın ingiliz idaresine bırakılması ve bunun Anadolu’da çıkan ermeni olaylarına etkisi//Akademik bakış, I cild, №1, 2007. 115-126 s.
7. Günay N., XIX. Yüzyıl Sonu XX. yüzyıl başlarında Maraş ve Zeytun’un demografik yapısı içinde Ermeni nüfusu//https://turksandarmenians.marmara.edu.tr/tr/xix-yuzyil-sonu-xx-yuzyil-baslarinda-maras-ve-zeytunun-demografik-yapisi-icinde-ermeni-nufusu/
8. Gürün K., Ermeni dosyası. Ankara, Türk Tarih kurumu, 1985. 326 s.
9. İlter E., Ermeni meselesi’nin doğuşunda ve gelişmesinde İngiltere’nin rolü // Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi, VI cild, №6, Ankara, 1995. 155-171 s.
10. İngiltere ve ermeni sorunu https://satemer.sakarya.edu.tr/tr/icerik/19853/102016/ingiltere-ve-ermeni-sorunu
11. Karaca T.N., İngiliz başbakanı William Edwart Gladstone’un ermeni propogandası ve evanjelizm / Hoşgörüden yol ayrımına ermeniler, Erciyes Üniversitesi–Nevşehir Üniversitesi II Uluslararasi Sosyal Araştırmalar Sempozyumu, 22–24 Mayıs 2008, Kayseri. 195-213 s.
12. Karacakaya R., Belgelerle türk-fransiz-ermeni ilişkilerine genel bir bakiş// Osmanlı araştırmaları №XXIV, İstanbul, 2004. 182-212 s.
13. Kılıç D., Osmanlı Ermenileri Arasında Katolik Kilisesi’nin Kuruluş Faaliyetleri // Yeni Türkiye Dergisi, №38, Ankara 2001. 726-734 s.
14. Küçük C. Şark meselesine dair önemli bir vesika // Tarih dergisi, XXXII, 1979 mart. 607-638 s.
15. Muxtarova Ə. XIX əsrin II yarısında Osmanlı imperiyasında ermənilərin ingilis-rus rəqabətindən yararlanmaq cəhdləri: “Erməni məsələsi”nin meydana gəlməsi // Tarix və Onun Problemləri, №1, Bakı, 2018. 41-51 s.
16. Mustafa Ç. 1875–1925 yılları arasında Adana, Antakya, Antep, Maraş ve Mersin bölgelerinde misyonerlik faaliyetleri ve ermeni olayları, Kahramanmaraş, 2013, 240+12 s.
17. Nalbadian L. The Armenian revolutionary movement: The development of armenian political parties through the nineteenth century, Los-Angeles, University of California press, 1963. 247 p.
18. Osmanlı belgelerine göre ermeni-fransız ilişkileri (1879-1918), I cild, Ankara, 2002. 270 s.
19. Seyit S. Rus və erməni mənbələri işığında erməni problemi. Meydana çıxma prosesi (1678-1914), Ankara, 2017. 398 s.
20. Selvi H. Milleti-Sadıkada isyan: Ermeni komitacılarının gizli mektubları (1878-1923), İstanbul, Timaş, 2011. 288 s.
21. Ternor Y. Ermeni tabusu. İstanbul, Belge, 1993. 361 s.

Narimanova A.H.
In the context of rivalry between the
Britain and France, "the Armenian
question." Paul Terzian's project
Summary
Western nations initiated “The Armenian question”. The "Eastern Question," which sought to sever the Ottoman Empire, served as the foundation for this program. This circumstance benefitted Armenians in the 19th century who desired to form an independent state following the San-Stefano and Berlin treaties. Armenian aspirations to use the assistance of Western nations to establish an independent "Armenia" did not go as planned. Within this strategy, P. Terzian's initiative also fell through. The article describes the causes of the rivalry between Britain and France, how it affected the Armenian question, and how the Armenians took advantage of it.

Ключевые слова: Армянский вопрос, Восточное Средиземноморье, миссионеры, Англия, Франция.


Нариманова A. Г.
В контексте соперничества между Великобританией и Францией «армянский вопрос». Проект Паул Терзиана
РЕЗЮМЕ
Западные страны инициировали «армянский вопрос». Основой этой программы послужил «Восточный вопрос», который стремился разделить Османскую империю. Это обстоятельство пошло на пользу армянам XIX века, которые желали образовать независимое государство в соответствии с Сан-Стефанским и Берлинским договорами. Армянские стремления использовать помощь западных стран для создания независимой «Армении» не пошли по плану. В рамках этой стратегии провалилась и инициатива П. Терзиана. В статье описываются причины соперничества между Великобританией и Францией, как оно повлияло на армянский вопрос и как этим воспользовались армяне.

Key words: The armenian question, Eastern Mediterranean, missionaries, England, France.