Bakı neftinə xarici kapitalın cəlb edilməsində Çar Rusiyasının əks mövqeyi

Post image

Nubar Bəşirli
AMEA-nın Tarix İnstitutunun doktorantı

E-mail: [email protected]

Azərbaycan sahibkarlarının formalaşmasının və inkişafının başlıca mərkəzi Bakı şəhəri idi. XIX əsrin axırlarında - XX əsrin əvvəllərində sahibkarların ən iri nümayəndələri, Azərbaycan ziyalıları Bakıda cəmləşmişdi. İslahatlardan sonrakı dövrdə Rusiyada sənayenin inkişafı, neftə artan tələbat, 1872-ci ildə neft sənayesində icarə sisteminin ləğv olunması ona gətirib çıxardı ki, əsrin axırlarında Bakı dünyanın ən iri neft mərkəzinə çevrildi (Seyidzadə, 2004: 15).
İlk dövrlərdə əsas sərmayəçilər Rusiyanın Zaqafqaziya və bəzi daxili quberniyalarının nümayəndələrindən ibarət idi. 70-ci illərin ortalarından isə Qərbin işgüzar dairələri də Azərbaycan neft sənayesinə xüsusi maraq göstərməyə başlayırlar (Mehdiyev, 2000: 46).
Əvvəllər neft sənayesində aparıcı qüvvə yer­li kapital idi. Tezliklə, neft sənayesinə rus və xarici kapital axını başlandı. Neft hasilatına iri kapital qoyuluşları, bu sahədə sənaye-texniki çevrilişin baş verməsinə gətirib çıxartmışdı. 70-ci illərdə neft quyularının yeni buruq və zərbə üsulları ilə qazılmasına başlanılmışdı. 1873-cü ildən qazma işində əl əməyini buxar mühərrikləri əvəz etməyə başladı. Bu texniki yeniliklər neft sənayesində manufaktura mərhələsinin fabrik- zavod mərhələsi ilə əvəz olunması demək idi. (Abdullayev, 2014:200). 1873-cü ildə milliyətcə isveç olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur.1879-cu ildə Nobel qardaşları “Nobel qardaşları birliyi”nin əsasını qoydular. 80-ci illərdə Bakıya Rotşildin simasında fransız kapitalı nüfuz etdi. Neft sahəsinə kapital axını neftin çıxarılması, emalı texnikasının yaxşılaşdırılmasına, neft məhsullarının daşınma vasitələrinin təkmilləşdirilməsinə gətirib çıxardı. Neft istehsalının inkişafı onunla bağlı neft emalı, neftayırma sənayesinin sürətli inkişafına səbəb oldu. Neft və neft məhsullarının ixracında da irəlləyiş var idi. Bakıdan Rusiyaya daşınan neft məhsullarının keyfiyyəti dəyişirdi, daşınan məhsullar içərisində ağ neftlə bərabər benzin, sürtkü yağları və s. də vardı. Bakı ağ nefti Amerika ağ neftini rusiya bazarlarından sıxışdırıb çıxardı (Həsəsov, 2018:174).
1879-cu ildə Lianozov şirkəti tərəfindən Balaxanı-Qara şəhər ikinci ağ neft kəmərinin çəkilişinə başlanıldı. Əcnəbi kapitalistlər neft kəmərlərinin əhəmiyyətini tez bir zamanda qiymətləndirmiş və səmərə dalınca qaçaraq, magis­tral neft kəmərlərinin tikintisinə icazə almağa çalışırdılar. Fransız kapitalının nümayəndəsi Rotşild Bakı-Batum neft kəmərinin tikintisinə icazə verilməsi üçün hökumətə xüsusi xahişlə müraciət etmişdi. Rotşilddən sonra ABŞ təbəəsi olan Herbert Tvidl kamerqer (saray xadimi) H.Bodinsko ilə birlikdə çar hökumətindən neft kəmərinin tikintisi üçün icazə almağa cəhd göstərmişdi. Hətta Tvidl tərəfindən 1877-ci ildə Rusiya imperiyasının Maliyyə Nazirliyinə layihə də təqdim edilmişdi. Lakin hökumət onun təkliflərindən imtina etmişdi. 1887-ci ilin avqustunda Dövlət Əmlak Nazirliyi yanında Bakı-Batum və yaxud Xəzər-Qara dəniz neft kəmərinin çəkilişi ilə bağlı xüsusi şəxslərin təkliflərinə qabaqcadan baxılması üçün müşavirə təşkil olundu. Təqdim olunmuş layihələrin müqayisəsi nəticəsində konsessiya haqqında məsələ dağ-mədən mühəndisi İ.P.İlimovun xeyrinə həll olundu (Kərimov, 2015: 16).
XIX əsrin 80-ci illərinin əvvəlində “Nobel Qardaşları” şirkəti Rusiyanın daxili bazarında neft məhsulları ilə ticarət sahəsində üstünlüyü ələ aldı. Birliyin kapitalının böyük hissəsi nəqliyyat və satışın təşkilinə yönəldildi. Qüdrətli çoxsahəli istehsal-nəqliyyat-satış kombinatına çevrilmək istiqamətində inkişaf edən “Nobel Qardaşları” şirkətində neft anbarları, gəmilər, sistemlər və neft kəmərləri 80-ci illərdə əmlakın 75%-ni təşkil edirdi. 1882-1883-cü illərdə “Nobel Qardaşları” şirkəti Rusiyada ağ neftlə ticarəti bütünlüklə özünə ram etmək üçün ilk dəfə cəhd göstərdi və bu məqsədlə ağ neft ticarəti sindikatının layihəsini irəli sürdü. Elə həmin vaxt şirkət Bakı ağ neftini Qərbi Avropada satmaq üçün özünün xüsusi təşkilatını yaratmağa başladı. 1898-ci ildə Bakı neft hasilatına görə ABŞ-ı ötüb keçdiyi bir dövrdə, Neft istehsalının inhisarlaşması uğranda başlanmış mübarizənin qızğın çağında 1884-cü ildə Bakı Neft Sənayeçilərinin Qurultayı Təşkilatı təşəkkül tapdı (Hüseynova A, Abbasova N, Melikova A, 2009: 53).
Qərb sahibkarlarının öz fəaliyyət dairələrini genişləndirmələri Rusiya hökümətinin narahatlığına səbəb olurdu. Nəhayət, bu narahatlığın ilk ciddi əlaməti kimi 1887-ci ildə Xəzər-Qara dəniz neft kəmərinin tikintisinə dair layihələrlə əlaqədar qərb sahibkarlarının neft sənayesində iştirakının məhdudlaşdırılması haqqında məsələ Rusiyanın hakim dairələrində ilk dəfə müzakirə edilməyə başladı Torpaq və Dövlət Əmlak Nazirliyinin layihə ilə bağlı təklifini öyrənən Nazirlər Komitəsi 1887-ci il aprelin 8-də bu planın yalnız Rusiya kapitalının gücü ilə həyata keçirilməsinin qeyri mümkünlüyü qənaətinə gəldi. Ona görə də qərb kapitalının bu işə cəlb edilməsini nəzərdə tutan Nazirlər komitəsi “Qafqazda neftli torpaqların əcnəbilərin mülkiyyətinə keçməsini məhdudlaşdırmağın nə qədər mümkün olmasını” aydınlaşdırmaq barədə qərar verdi. Dağ- mədən departementinin 1 may 1887-ci il tarixli məxfi məktubuna cavab olaraq, Qafqaz dağ-mədən işləri üzrə idarə rəisi may ayının sonunda “Sahiblərinin adı və vətəndaşlığı göstərilməklə, Qafqazda əcnəbilərə məxsus və ya onlar tərəfindən icarəyə götürülmüş neftli sahələr və neft emalı zavodlarının sayı haqqında” məlumatı Peterburqa göndərdi.
Azərbaycan neft sənayesinin təşəkkül tapmağa başladığı dövrün ilkin mərhələsində neft hasilatı və emalı sahələrinə böyük vəsait sərf etmiş Rusiya kapitalının nümayəndələri daxili və xarici bazarlara birbaşa çıxışın təşkil edilməsi məqsədilə zəruri olan nəqletmə vasitələrini əldə etmək üçün kifayət qədər kapitala malik deyildilər.1890-cı illərin əvvəlində meydana gəlmiş, ilk inhisar birlikləri Rusiya kapitalını təmsil edən neft şirkətlərinin fəal iştirakı ilə yaradılmışdı. Rotşildin və “Nobel qardaşları” cəmiyyətinin bu proseslərdə aparıcı rol oynamalarına baxmayaraq, onlar öz mənafelərini kifayət qədər ardıcıllıqla və müəyyən dərəcədə uğurla müdafiyə edən digər neft sənayeçilərinin mövqelərini nəzərə almağa məcbur olurdular.
Xarici kapitalın Azərbaycan neft sənayesinə cəlb olunmasının şərtləri haqqında XIX əsrin 80-90-cı illərində hökumət dairələrində qızğın müzakirə edilən məsələ, nəhayət, xarici sərmayeçilərin bu sahədə geniş fəaliyyətinin zəruriliyinin etiraf edilməsi və müvafiq qanunların qəbulu ilə öz həllini tapdı.
Neft sənayesi inkişaf etdikcə, kapital axını artdıqca, sənayedə təmərküzləşmə, inhisarın yaranması prosesi də sürətlənirdi. Rusiya sənayesinin bir çox sahələrində olduğu kimi, neft sahəsində də səhmdar cəmiyyətlər yaranır, bu cəmiyyətlər neft istehsalı və ticarətini öz əllərində cəmləşdirirdilər. (Bünyadov, 2007: 635).
1893-cü ildə neft sənayeçilərinin Peterburq müşavirəsində hökumətin himayəsi ilə yaradılan “Bakı ağ neft zavod sahibləri ittifaqı” 92 iri və xırda şirkəti birləşdirirdi. Bakı ağ neft sahibkarlarının demək olar ki, 90%-i həmin ittifaqa daxil idi və Bakıda emal edilən neft məhsullarının 97%-i onların zavodlarının payına düşürdü. İttifaqda aparıcı rol oynayan “Nobel qardaşları” şirkəti 1894-1895-ci illərdə ABŞ-ın neft maqnatı Rokfellerin “Standart oyl” neft şirkəti ilə dünyadakı ağ neft satışı bazarlaının bölüşdürülməsi üzrə saziş bağlamışdı (Abdullayev, 2014:200). 90-cı illərin ikinci yarısında qərb kapitalının Azərbaycan neft sənayesinə axını güclənir. Tarixən Rusiya üçün xroniki hal olan sərbəst kapitalın azlığı, müəyyən tarixi dövrdə isə ümumiyyətlə olmaması xarici kapitalın Rusiya sənayesinə nüfuz etməsinə əlverişli şərait yaradırdı. Qərb kapitalistləri neft sənayesində fəaliyyət göstərmək üçün ciddi maneə ilə üzləşmədən çar nazirlərinin razılığını alırdılar. Neft sənayesinə daha çox kapital cəlb etməyə çalışan çar hökuməti, eyni zamanda, neftli torpaqların hərracı gedişində sahibkarlar arasında rəqabəti gücləndirmək yolu ilə xəzinənin gəlirini artırmağa səy göstərirdi. Amma hökumətin bu addımları müəyyən dairələrdə, o cümlədən Qafqaz idarəsinin məmurları arasında narazılıq doğururdu. Təsadüfü deyil ki, Qafqazda mülki işlər üzrə baş rəis 1897-ci ilin aprelində dövlət əmlak nazirinə yazdığı məktubda qeyd edirdi ki, neft sənayesinin xarici kapitalistlərin əlinə keçməsini məhdudlaşdırmaq məqsədilə qəbul edilmiş qanun əcnəbilərə çox tez-tez icazələrin verilməsi nəticəsində öz əhəmiyyətini itirməyə başlayır. Ona görə də bu qanunun səmərəliliyini artırmaq üçün Qafqazda mülki işlər üzrə baş rəis knyaz Qolitsın artıq fəaliyyətdə olan neft mədənlərinin əcnəbilər tərəfindən alınmasını qadağan etməyi və neft sənayesinin daha da inkişaf etməsinə imkan yaratmaq məqsədilə həmin kapitalın yalnız yeni neft yataqlarının kəşfiyyatına və istismarına yönəltməyi təklif edirdi. İki il sonra isə Qafqazda mülki işlər üzrə baş rəis bir qədər də sərt mövqe tutaraq təklif edirdi ki, neft sənayesində fəaliyyət göstrəmək istəyən səhmdar cəmiyyətlərinin yaranmasına “onlara idarə heyətinə yalnız xristian dininə sitayiş edən rus tələbələrinin seçilməsi şərti ilə icazə verilsin.
1898-ci ilin martında böyük knyaz Aleksandr Mixayloviç imperatora məktyub göndərərək, neftli torpaqların bir hissəsini hərracsız, “hökümətin icazəsi olmadan torpaqları heç kimə verməmək öhdəliyi götürmək şərti ilə öz mövqeyi, şöhrəti və s. İlə tanınmış rus təbəələrinə” verməyin zəruriliyini qeyd edirdi. Eyni məzmunlu çoxsaylı müraciətlərdən sonra imperatorun fərmanı ilə 1898-ci ilin mart ayında “Xüsusi müşavirə” yaradıldı. Dövlət şurası Qanunlar departementinin sədri, maliyyə, daxili işlər, dövlət əmlak nazirlərinin və Qafqazda mülki işlər üzrə baş rəisin daxil olduğu müşavirə qüvvədə olan 1892-ci il neft mədənləri haqqında qanuna yenidən baxmalı və zəruri hesab edilərsə, yeni qanunun hazırlanması barədə qərar çıxarmalı idi (Mehdiyev, 2000: 185).
“Xüsusi müşavirə” torpaq və dövlət əmlak naziri A.Yermolov tərəfindən təqdim olunmuş “Bakı neft mədənlərinin istismar şərtləri haqqında” qeydləri müzakirə etdi. Nazir göstərirdi ki, “neft mədənləri haqqında 1892-ci il qanunlardan əsaslı şəkildə kənara çıxmaq” neft sənayesinin mənafeyinə cavab vermir və neft sahələrinin hərracsız istifadəyə verilməsi məqsədəuyğun deyil. Bununla yanaşı, Azərbaycandakı neftli torpaqların qərb kapitalistləri tərəfinfən ələ keçirilməsinin qarşısını almaq məqsədilə təklif edilirdi ki, neftli torpaqların hərracında yalnız yalnız Rusiya təbəələri iştirak etsinlər və bu torpaqlar gələcəkdə digər şəxslərin istifadəsinə “ancaq daxili işlər və maliyyə nazirləri, eləcə də Qafqazda mülki işlər üzrə baş rəis ilə razılaşdırıldıqdan sonra torpaq və dövlət əmlak nazirinin xüsusi icazəsi əsasında” verilsin. Qanunun pozulacağı təqdirdə bütün torpaqlar əvəzsiz olaraq dövlətin xeyrinə müsadirə edilməli idi.
Müzakirələrin gedişində qeyd edilirdi ki, neft sənayesində qərb kapitalının müstəsna təsirə malik olması məqəsəduyğun deyil ki, “sənayenin bu sahəsi artıq formalaşmışdır və əcnəbi pionerlərin yardımına ehtiyacı yoxdur”. Amma onların fəaliyyətinin tamamilə qadağan olunması da arzuolun­maz hesab edilirdi.
Məsələnin müzakirəsinə yekun vuran “ Xüsusi müşavirə” belə nəticəyə gəldi ki, qərb kapitalının neft sənayesində iştirakı onun inkişafı üçün “nəinki zərərlidir, hətta faydalı və arzuolunandır”. Buna görə də 1898-ci il iyunun 3-də qərara alındı ki, “hazırda qüvvədə olan Dağ-mədən nizamnaməsinin neft hasil etmək üçün neftli dövlət torpaqlarının fərdi şəxslərə verilməsi və eləcə də əcnəbilərin Qafqazın neft mədənlərinə buraxılması qaydasına heç bir dəyişiklik edilməsin” (Azərbaycan tarixi, 2008:38).
“Xüsusi müşavirənin bu qərarı 1899-cu il mayın 1-də imperator tərəfindən təsdiq edildi. Beləliklə, qərb kapitalının Azərbaycan neft sənayesinə kütləvi surətdə nüfuz etməsi və Rusiya kapitalı ilə çulğalaşması ilə səciyyələnən dövr-XIX əsrin 80-ci illərinin ikinci yarısı-90-cı illərin sonu hakim dairələrdə qərb sahibkarlarının neft sənayesində iştirakı şərtlərinin qızğın müzakirəsi ilə müşayiət olunmuşdur. Müzakirələr zamanı Rusiyanın ayrı-ayrı hökumət qurumlarının müxtəlif fikirləri toqquşurdu. Qanunun hazırlanmasında iştirak edən hökumət məmurları öz mövqelərini müvafiq qərarların qəbul edilməsinin mümkün iqtisadi və siyasi nəticələrinə istinad etməklə əsaslandırırdılar. Əgər səlahiyyət dairəsinə bilavasitə Azərbaycan neft sənayesinin daxil olduğu Qafqaz idarəsi və Torpaq və Dövlət Əmlak Nazirliyi fəal surətdə qərb kapitalının neft sənayesində iştirakını məhdudlaşdırmağa çalışırdılarsa, Maliyyə Nazirliyi bu təkliflərin əleyhinə çıxır və narahatlıqla qeyd edirdi ki, bu addımın atılması bir tərəfdən, Rusiyanın Avropa ölkələri ilə mövcud iqtisadi və siyasi əlaqələrinin, digər tərəfdən isə ölkə daxilində iqtisadi vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Qərb kapitalının Azərbaycan neft sənayesinə nüfuz etməsinin tamamilə qadağan olunmasını təkid edən bir sıra çar məmurlarının səylərinə baxmayaraq, uzun müzakirədən sonra qərb sərmayəsinin neft sənayesinə cəlb edilməsinin tərəfdarları üstünlük qazandılar. Bu isə 1890-cı illərin sonunda Azərbaycan neft sənayesinə qərb, xüsusilə ingilis kapitalı axınının güclənməsinə təkan verdi. Nəticədə XIX əsrin sonunda Azərbaycan neft sənayesində rus və Avropa kapitalının mövqeləri daha da möhkəmləndi. Bununla yanaşı, avropa kapitalının neft sənayesində geniş iştirakı bu sahənin texniki cəhətdən yüksək inkişaf səviyyəsinin inkişafı digər sənaye sahələrinin də yüksəlişinə güclü təsir göstərirdi. XX əsrin əvvəllərində Bakı iri sənaye mərkəzlərindən birinə çevrildi (Mehdiyev, 2000: 188).
Cənubi Qafqaz dəmir yolu əsasən xaricə daşımaları həyata keçirdiyindən və Xəzər-Volqa su yolu ilə naviqasiyanın qış aylarında kəsilməsi üzündən Rusiyanın mərkəzi quberniyalarının neftə getdikcə artan tələbatının ödənilməməsi Bakıdan şimal istiqamətində dəmir yolunun çəkilməsini zəruri etmişdi. Digər tərəfdən Rusiya kapitalistləri Cənubi Qafqaza fabrik və zavod məhsullarının kütləvi şəkildə gətirilməsi imkanına yiyələnmək üçün Şimali Qafqazdan Bakıya dəmir yolunun çəkilməsini təkidlə tələb edirdilər. Bu xətt üzrə inşaat işlərini həyata keçirmək hüququ verən konsessiyanı “Vladiqafqaz Dəmir Yolu Cəmiyyəti” əldə etdi. 1894-cü ildə Petrovsk limanınadək dəmir yolu rəsmən istifadəyə veril­di. Hökumət dairələrində belə hesab edirdilər ki, Petrovsk limanı ilin bütün aylarında açıq olduğu üçün Bakıdan gəmilər müntəzəm olaraq bura neft və neft məhsulları daşıya bilər və bu neft Petrovsk limanından dəmir yolu vasitəsilə lazımi istehlak məntəqələrinə çatdırılar. Lakin dəmir yolunda vaqonçənlərin xeyli az olması, texniki qüsurlar, lazım olan infrastrukturun yoxluğu və daşıma tariflərinin kifayət qədər baha olması yeni - Petrovsk-Bakı xəttinin çəkilməsini zəruri edirdi (Kərimov, 2015: 21). Məhz bunun nəticəsi idi ki, Azərbaycanda formalaşmış sahibkarlar öz tərkibinə görə çoxmillətli idi. Azərbaycanlılardan başqa onların arasında rus, erməni və əcnəbi kapitalının nümayəndələri də var idi. Sahibkarların ayrı-ayrı dəstələri arasında rəqabət şəraitində ziddiyyətlər yaranırdı. Bir tərəfdən Azərbaycan sahibkarlan, digər tərəfdən isə rus və əcnəbi sahibkarlar arasında iqtisadi bəhsləşmə yalnız iqtisadiyyatın bəzi sahələrində təzahür edirdi. XX əsrin əvvəllərində rus sahibkarlarına münasibətdə milli sahibkarların hüquqlarının məhdudluğu onlarda narazılıq doğururdu. Bu narazılıq hələ kəskin xarakter daşımasa da, onun artması istisna edilmir­di. Azərbaycanlı və erməni sahibkarlan arasında əks-cəbhələşmə getdikcə güclənirdi. Azərbaycanda məskən salmış rus sahibkarlan kimi erməni sahibkarları da çarizmin himayədarlığı sayəsində diyarın bir sıra təsərrüfat sahələrində mühüm mövqe tuta bilmişdilər. Sahibkarların bu dəstələri arasında iqtisadiyyat sahəsindəki rəqabət getdikcə daha çox ictimai-siyasi həyatda öz əksini tapırdı. Bundan da tez-tez çar mütləqiyyəti istifadə edərək Rusiyada yaşayan xalqları bir-birinə qarşı salışdırmaq kimi sevimli və sınaqdan çıxmış siyasətini işə salır, bəzilərinə müstəsna hüquqlar verir, digərlərini isə ən adi hüquq normalarından məhrum edirdi. Azərbaycan sahibkarlarının çar mütləqiyyətinə münasibəti mürəkkəb və ziddiyyətli idi. Ən mütərəqqi siyasi dairələr çarizmin müstəmləkə siyasətinin Azərbaycan sahibkarlarının mənafelərini məhdudlaşdıran aspektlərindən narazılığını bildirirdilər. Bu narazılıq, məsələn, aşağıdakılardan irəli gəlirdi: emal sənayesi sahəsində azərbaycanlıların sahibkarlıq fəaliyyətinə əngəllər törədilirdi; şəhər özünüidarəsi orqanlarında onların təmsil olunması məhdudlaşdırılmışdı ki, bu da öz növbəsində şəhərin təsərrüfat həyatı məsələlərinin həllinə milli sahibkarların təsir dairəsini azaltmışdı; din, dil, mədəniyyət və s. sahəsində sıxışdırmalar var idi (Seyidzadə, 2004: 51-52).

Açar sözlər: neft sənayesi, “ Nobel qardaşları” cəmiyyəti, Rotşildlər, “Standart oyl”, Bakı nefti, Çar Rusiyası, xarici kapital.

Ədəbiyyat Siyahısı
1. Abdullayev M. Azərbaycan tarixi-Bakı 2014, 379 səh.
2. Azərbaycan tarixi, VII cilddə V cild, Bakı, 2008
3. Bünyadov Z. Azərbaycan tarixi-Bakı 2007, 719 səh.
4. Həsənov M ; Nobellər, neft, milyonçular və qoçular şəhərində. TEAS Press Nəşriyyat evi, Bakı, 2018, 168 s.
5. Hüseynova A, Abbasova N, Melikova A; Nobellər və Bakı nefti, Bakı, 2009, 188 s.
6. Həsənov M ; Nobellər, neft, milyonçular və qoçular şəhərində. TEAS Press Nəşriyyat evi, Bakı, 2018, 168 s.
7. Kərimov N, XIX əsrin sonu XX əsrin əvvəllərində Şimali Azərbaycanda Çar Rusiyasının neft siyasəti, Bakı , 2015.
8. Mehdiyev Ə, Azərbaycan neft sənayesi XIX yüzilin son rübündə, Bakı 2000,126 s
9. Seyidzadə D- Azərbaycan X X əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. Bakı 2004.

Резюме
Противоположная позиция царской России в привлечении иностранного капитала в бакинскую нефть
В этой статье представлена информация о политике России по привлечению иностранного капитала в бакинскую нефть в конце XIX века и попытках правящих кругов выдвинуть свои интересы на первый план. В статье отражена деятельность «Союза нобелевских братьев» в Азербайджане, в том числе в Баку, и вопрос привлечения французского капитала в лице Ротшильдов. В основе статьи лежат усилия России по блокированию потока западного капитала в сложившейся ситуации, а также политика царского режима, препятствующая расширению многих крупных нефтяных компаний, в том числе американского нефтяного магната Рокфеллера «Стандард ойл». Основным источником информации в статье являются исследовательские отчеты.

Ключевые слова: нефтяная промышленность, Общество братьев Нобелей, Ротшильды, «Стандард ойл», Бакинская нефть, Царская Россия, иностранный капитал

Summary
The opposite position of Tsarist Russia in
attracting foreign capital to Baku oil
This article provides information on Russia’s policy in attracting foreign capital to Baku oil in the late 19th century and the attempts of the ruling circles to bring their interests to the fore. The activity of the “Union of Nobel Brothers” in Azerbaijan, including Baku, and the issue of attracting French capital in the person of the Rothschilds are reflected in the article. Russia’s efforts to block the flow of Western capital in the current situation, as well as the Tsarist regime’s policy of obstructing the expansion of many major oil companies, including US oil tycoon Rockefeller’s Standard Oil, are at the heart of the article. The main source of information in the article is research reports.

Keywords: oil industry, Nobel Brothers Society, Rothschilds, Standard Oil, Baku oil, Tsarist Russia, foreign capital.