İKİNCİ QARABAĞ MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN – TÜRKİYƏ MÜNASİBƏTLƏRİ

Post image

Sani Hacıyev
BDU Asiya və Afrika ölkələri tarixi kafedrası. Professor

E- mail: [email protected]

İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir.
Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona siyasi və diplomatik dəstək göstərmişdir. Son hadisələr bir çox regional vəzifələrin həllində Azərbaycanın, Rusiyanın və Türkiyənin qarşılıqlı əməkdaşlığının effektliyini bir daha göstərmişdir.

İlk növbədə qeyd etməyi vacib bilirik ki, məqalədə “İkinci Qarabağ müharibəsi” ifadəsi şərti olaraq istifadə edilmişdir. Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında 2020-ci il 27 sentyabr – 9 noyabr tarixləri arasında Qarabağda davam etmiş silahlı qarşıdurma müxtəlif qaynaqlarda “Vətən Müharibəsi” və ya “Ermənistanı sülhə məcburetmə əməliyyatı” kimi də göstərilməkdədir [1; 2; 3]. Hesab edirik ki, bu tarixi hadisənin adekvat məfhumu Vətən tarixşünaslığında ən qısa zamanda elmi dövriyyəyə buraxılacaqdır.
Azərbaycan Respublikasının 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini bərpa etməsindən sonra istər daxili, istərsə də xarici siyasətində aparıcı yer alan məsələ – Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların azadedilməsi məsələsi olmuşdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribat və terror fəaliyyətlərinin durduğu şübhəsizdir.
1987-ci ilin sonlarından etibarən Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası ilə başlayan münaqişə 1988-1989-cu illərdə isə Ermənistanın başqa rayonlarından azərbaycanlıların deportasiyası ilə davam etmişdir [4]. Hadisələrin xronologiyasına diqqət etsək, Ermənistan tərəfinin bu məsələdə çox cəld hərəkət etdiyini, öz ərazisində həyata keçirdiyi deportasiya və soyqırımı prosesini qısa bir zamanda Azərbaycan ərazisinə keçiridiyini görə bilərik. 1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilmiş, fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilmişdir [4]. 1988-ci il iyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edərək əslində bu aktla Azərbaycanın ərazi bütövlüyünə zidd hüquqi addım atmış, SSRİ rəhbərliyi tərəfindən heç bir ciddi cəza almadığı üçün bunun davamında 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul etmişdir. Hətta 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil etmişdir [4].
O dövrdə Azərbaycan siyasi rəhbərliyinin zəifliyi, ölkədə siyasi və milli liderin olmaması respublikanın vəziyyətinə, eləcə də münaqişənin dərinləşməsinə çox ciddi təsir göstərmişdir. Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması Ermənistan tərəfi üçün istər bölgədə, istərsə ümumi siyasi məkanda əlverişli şərait yaratmışdı. Bu şəraitdən istifadə edərək, 1991-ci il sentyabrın 2-də DQMV-də qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilmişdir. Bu qanunsuz akt əslində münaqişənin yeni mərhələyə girməsindən xəbər verirdi.*
Ermənistanın hərbi təcavüzü, həmçinin 1992-ci ilin ortalarına doğru Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, siyasi səriştəsizlik və iqtisadi böhran ölkəni böyük təhlükələrlə üzbəüz qoymuşdu və məhz belə bir böhranlı şəraitdə, 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Heydər Əliyev Azərbaycanı ən qısa zamanda böhranlı vəziyyətdən çıxarmağın labüdlüyünü əsas alaraq böyük Vətən təssübkeşliyi və dövlətçilik təcrübəsinə dayanaraq, milli strategiyanın hazırlanması prosesini başlatdı. İstər daxili vəziyyəti, istərsə də regional və beynəlxalq vəziyyət nəzərə alan Ümummilli liderin bu strategiyası “ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ətrafında birləşdirilməsini özündə ehtiva edirdi” [4].
Ermənistanın təkcə regional deyil, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən işğalçılıq siyasəti bu illər ərzində istər beynəlxalq təşkilatlar, istərsə də ikitərəfli münasibətlər çərçivəsində ciddi müzakirələrə və münaqişə ilə bağlı bir sıra mühüm sənədlər qəbulu ilə nəticələnmişdir. BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsi, 29 iyul 1993-cü il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnaməsi, 14 oktyabr 1993-cü il tarixində Ermənistan qoşunlarının ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnaməsi və 11 noyabr 1993-cü il tarixində Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyən, Zəngilan rayonu və Horadiz qəsəbəsindən və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edən 884 saylı qətnaməsi qəbul edilmişdir. Həmçinin 1996-cı il ATƏT-in Lissabon sammitində qəbul edilən bəyanatda Azərbaycan Respublikasının ərazi bütövlüyü öz əksini tapmışdır [6, s.5-12, 549-550]. 2007-ci ildə Minsk qrupu münaqişənin sülh yolu ilə həlli prinsiplərini hazırlasa da, Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə edilməmişdir. Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli təxribatları isə danışıqlar prosesinin intensivliyini aşağı salmışdır. 2016-cı il Aprel hadisələri status-kvonun saxlanmasının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə bölgəsində gərginliyin əsas səbəbi olduğunu və Azərbaycanın heç vaxt işğalla barışmayacağını növbəti dəfə nümayiş etdirmişdir. Ermənistanın baş naziri Nikol Paşinyan 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması ilə çıxış etməsi isə Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunu rəsmi şəkildə də sübut etmişdir [4].
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir [7]. 44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri düşməndən azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağ münqaişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması [8, maddə 1], 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən (Kəlbəcər, Ağdam, Laçın) çıxarılması [8, maddə 2 və 6] və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi [8, maddə 9] elan edilmişdir. Bundan əlavə, bəyanata müvafiq olaraq Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda sülhməramlı kontingenti yerləşdirilmişdir [8, maddə 3].
İkinci Qarabağ müharibəsi gedişində Azərbaycan Respublikası hərbi zəfərlə yanaşı, böyük diplomatik-siyasi uğurlarını da davam etdirmişdir. Belə ki, Azərbaycanı bu müharibədə birbaşa dəstəkləyən Türkiyə Respublikası və Pakistan ilə yanaşı, İsrail, Ukrayna, Gürcüstan da Azərbaycanyönlü mövqeyini gizlətməşmişdir. Eyni zamanda KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Ermənistanla müttəqif olan Rusiya Federasiyasının rəsmi dairələri, o cümlədən prezident V.Putin [9; 10] Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan Respublikasının suveren torpaqları olduğunu bəyan etdilər. Qeyd edək ki, diplomatik müstəvidə Azərbaycanın belə güclü mövqeyə sahib olması - əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və son iki onillikdə uğurla davam etdirilmiş böyük dövlət strategiyasının nəticəsi olaraq qəbul edilməlidir.
İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir. Belə ki, müharibənin başladığı tarixdən etibarən, sentyabrın 27-də Türkiyənin Müdafiə naziri H.Akar Azərbaycanın tərəfində olduğunu bildirərək Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır [11]. Türkiyə prezidenti R.T.Ərdoğan isə həmin gün “Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır,” deyə mövqeyini bəyan etmişdir [12]. Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq Xarici işlər naziri M.Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər gedişində Türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatlar gedişində hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir [13; 14].
Müharibənin başa çatıb sülhməramlıların bölgəyə yerləşdirilməsi gedişində də Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı aktual qalmışdır. Bu istər siyasi, istərsə də diplomatik müstəvidə davam etmişdir. Belə ki, artıq noyabrın 10-da Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri M.Çavuşoğlunu, milli müdafiə naziri H.Akarı və Milli Kəşfiyyat idarəsinin rəisi H.Fidanı qəbul etmişdir. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı” [15]. Qeyd edək ki, istər müharibə gedişində, istərsə də müharibədən sonrakı günlərdə Türkiyənin rəsmi dairələri ilə yanaşı, türk ictimaiyyətinin də Azərbaycan dövlətinə və xalqına dəstəyi yüsək olmuş, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində zəfəri Türkiyə vətəndaşları tərəfindən də böyük sevinclə qarşılanmışdır. Bu böyük zəfərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları, dəstək mesajları göndərilmişdir [16].
İkinci Qarabağ müharibəsi gedişində və sonrasında Azərbaycan-Türkiyə münasibətləri xarici mətbuatda və müxtəlif ictimai dairələrdə də ən çox müzakirə olunan məsələlərdən olmuşdur. Siyasi və beynəlxalq icmalçılar müharibənin Azərbaycan və Ermənistan üçün nəticələrini şərh edərkən, bölgədə qüvvələr nisbətindəki dəyişiklik, xüsusilə Türkiyənin güclənməsi amilinə böyük diqqət ayırırlar. Bəzi siyasətçilər və politoloqlar İkinci Qarabağ müharibəsində təkcə Azərbaycanın deyil, Türkiyənin də qalib gəldiyini düşünməkdədirlər. Məsələn, New York Times qəzetinin müxbiri Anton Troyanovski hesab edir ki, Qarabağ müharibəsi Türkiyənin böyüyən regional gücünü göstərmiş oldu. Müəllifə görə, “müharibənin sona çatması Türkiyə, Rusiya və İran arasında sıxışmış dəyişkən bir bölgə olan Cənubi Qafqazın təhlükəsizlik xəritəsinin əhatəli bir şəkildə yenidən cızıldığını göstərir ... və bu xəritədə Türkiyə çox önəmli bir rola sahibdir” [17]. İsveçrədə dərc olunan “Le Temps” qəzeti isə 10 noyabr bəyanatını “Türkiyə və Rusiya gələcəyin dünyasını formalaşdırır” başlığı ilə təqdim etmişdir [18].
Rusiyanın Karneqi Mərkəzinin eksper­ti A.Qabuyev isə BBC News-a verdiyi müsahi­bəsin­də qeyd edir ki, “Azərbaycan bu müharibədən zəfərlə çıxdı, lakin Rusiya və Türkiyə də əhəmiyyətli nailiyyətlər qazandı ... konkret olaraq Ankara üçün bu müharibə Cənubi Qafqazda mövqeyinin güclənməsini nümayiş etdirmək imkanı verdi” [19]. “Независимая газета”nın müxbiri V.Muxinə görə isə, “10 noyabr razılaşması Qərbdə və İranda Ankaranın strateji triumfu kimi qiymətləndirilmişdir”. Xüsusilə adı çəkilən bəyanatın beşinci maddəsi (“Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması) bəzi güclər üçün narahatçılıq doğurmuşdur, çünki bu, birbaşa Türkiyənin bölgədə hərbi gücünün təsbiti kimi qiymətləndiririlir [20]. Bəzi rus media nümayəndələri isə, hətta bundan sonra nəinki Cənubi Qafqazda, ümumilikdə postsovet məkanında NATO-nun güclənməsini də proqnozlaşdırırlar [21].
Türkiyə mətbuatında da 10 noyabr bəyanatının və ümumiyyətlə İkinci Qarabağ müharibəsinin nəticələri geniş şəkildə təhlil edilməkdədir. Türk politoloqlarına görə, Azərbaycanın zəfər əldə etdiyi müharibənin nəticəsində baş verən Türkiyə-Rusiya yaxınlaşmasının iki başlıca tərəfi vardır: birincisi, NATO üzvü olan Türkiyə Liviya, Suriya və Dağlıq Qarabağda Rusiyanın gücünü öz gücü ilə tənzimlənmiş bir hala gətirmişdir. İkincisi, bu münasibətlər gələcəkdə Qərb üçün rəqabət çıxara bilər [22; 23].
Əslində dünya mətbuatında adı çəkilən məsələ ilə bağlı çox qısa bir müddət ərzində böyük sayda analitik yazıların ortaya çıxması, siyasi debatların keçirilməsi və təhlillərin aparılması bir tərəfdən, Azərbaycan-Türkiyə dostluq münasibətlərinin analoqu olmayan bir əməkdaşlıq ənənəsindən xəbər verirsə, digər tərəfdən də, bu münasibətlərin yüksələn xətlə artmasının bəzi böyük gücləri çox ciddi narahat etdiyinin də göstəricisidir. Eyni dil, din və tarixi köklərə malik olan iki ölkənin həm də hərbi-siyasi əməkdaşlığı, iqtisadi əlaqələri və diplomatik gücü təkcə Cənubi Qafqaz bölgəsində deyil, böyük bir Avrasiya coğrafiyasında Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsi deməkdir. Azərbaycanın Avropa İttifaqının enerji və kommunikasiya layihələrində aparıcı rola sahib olması, Türkiyənin isə Yaxın və Orta Şərqdə son onillikdə üstünlük qazanması, Bakı – Tiflis – Ceyhandakı iştirakı, həmçinin Türk Akımda (ingiliscə TurkStream, rusca Турецкий Поток) aparıcı rollardan birini əldə etməsi [24] onu Rusiyanın da etibarlı tərəfdaşlarından biri halına gətirmişdir. Hətta “Valday” klubundakı çıxışında Rusiya prezidenti V.Putin Türkiyə prezidenti R.T.Ərdoğan haqqında “Belə partnyor­la əməkdaşlıq həm xoşdur, həm də güvənlidir” demişdir [25] ki, bu bəyanat da, öz növbəsində, siyasətçilər arasında birmənalı qarşılanmamışdır. Bəziləri V.Putinin bu bəyanatını zəiflik, digəriləri isə dəyişkən siyasət yeridən Qərblə müqayisədə sabit­yönlü Türkiyəni seçməsi ilə əlaqələndirmişdir.
Əlbəttə, İkinci Qarabağ müharibəsinin mühüm məqamları və müharibə ətrafında gedən beynəlxalq əhəmiyyətli hadisələri bir məqalə çərçivəsində təhlil etmək çətindir. Bu məqalədə biz müharibədən keçən az müddətdə əldə edilmiş hərbi və diplomatik-siyasi zəfərlərin fonunda Azərbaycan Respublikasının Türkiyə ilə dostluq münasibətlərinin qısa icmalını verdik. Bu münasibətlərin yüksələn xətlə inkişafı və təkcə iki ölkə arasında deyil, regional səviyyədə də böyük perspektivlərə malik olması tarixçilərin və politoloqların gələcək araşdırmaları üçün həm də elmi əhəmiyyət daşıyan mövzu obyekti olacaqdır.

Açar sözlər: Azərbaycan, Türkiyə, Qarabağ müharibəsi, regional təhlükəsizlik

İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR
1. Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə Ali Baş Komandan İlham Əliyevin nitqi, 25 oktyabr 2020 // https://president.az/articles/44371 (25 oktyabr 2020)
2. Hikmət Hacıyev: “Bu əməliyyatları sülhə məcburetmə əməliyyatı da adlandırmaq olar” // https://big.az/409830-hikmet-haciyev-bu-emeliyyatlari-sulhe-mecburetme-emeliyyati-da-adlan dir maq-olar.html (28 sentyabr 2020)
3. Вторая Карабахская война. Начало // https://www.kavkaz-uzel.eu/blogs/ 83781/posts/45291 (30 sentyabr 2020)
4. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi // https://president. az/azerbaijan/karabakh
5. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi ziyan, onun ödənilməsinin hüquqi aspektləri // https://mod.gov.az/az/pre/24525.html (13 oktyabr 2018)
6. Document of international organizations of the Armenia-Azerbaijan conflict //https://www.mfa.gov.az/files/shares/Documents%20of%20international%20organizations.pdf
7. Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu genişmiqyaslı təxribat törədib // https://mod.gov.az/az/news/ermenistan-silahli-quvveleri-butun-cebhe-boyu-genismiqyasli-texribat-toredib-32310.html (27 sentyabr 2020)
8. Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyanın Prezidentinin bəyanatı // https://president.az/articles/45924 (10 noyabr 2020)
9. На Армению не покушались: почему Россия не вступила в войну на Карабахе // https://www.gazeta.ru/army/2020/11/22/13371067.shtml (22 noyabr 2020)
10. Путин выступил с заявлением по Карабаху // https://iz.ru/1084914/2020-11-10/putin -vystupil-s-zaiavleniem-po-karabakhu (10 noyabr 2020)
11. Bakan Akar’dan Azerbaycan’a mesaj: Kardeşlerimizin yanındayız // https://www. yenisafak.com/video-galeri/gundem/bakan-akardan-azerbaycana-mesaj-kardeslerimizin-yanindayiz-2210581 (28 sentyabr 2020)
12. Ərdoğan: Türk milləti bütün imkanları ilə Azərbaycanın yanındadır // https://ordu.az/az/news/172169 (27 sentyabr 2020)
13. Dışişleri Bakanı Çavuşoğlu Bakü’de // https://www. trthaber.com /haber/gundem/disisleri-bakani-cavusoglu-bakude-527465.html (1noyabr 2020)
14. İlham Əliyev Türkiyənin xarici işlər və milli müdafiə nazirlərini qəbul edib // https://president.az/articles/45789 (8 noyabr 2020)
15. İlham Əliyev Türkiyənin xarici işlər, milli müdafiə nazirlərini və Milli kəşfiyyat idarəsinin rəisini qəbul edib // https://president.az/articles/46077 (10 noyabr 2020)
16. Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq // https://ordu.az/az/news/172382 (28 sentyabr 2020)
17. In Bitter Nagorno-Karabakh War, a Reordering of Regional Powers // https://www.nytimes.com/2020/11/10/world/europe/armenia-azerbaijan-nagorno-karabakh.htm (10 noyabr 2020)
18. Turquie et Russie dessinent le monde de demain // https://www.letemps.ch/opinions/turquie-russie-dessinent-monde-demain (10 noyabr 2020)
19. Оценены результаты войны в Карабахе для России и Турции // https://lenta.ru/news/2020/11/12/benefits (12 noyabr 2020)
20. Миротворцев в Карабахе ждет турецкая засада // https://www.ng.ru/armies/2020-11-10/1_8010_peacekeepers.html (10 noyabr 2020)
21. Война за Нагорный Карабах завершилась // https://www.bragazeta.ru/news/ 2020/11/10/vojna-za-nagornyj-karabax-zavershilas (10 noyabr 2020)
22. Duran Burhaneddin. Yeni bir zamanın eşiğinde // “Sabah” qəzeti, 13 Kasım 2020
23. Son dakika haberi: Cumhurbaşkanı Erdoğan ve Putin’den kritik görüşme // https://www.hurriyet.com.tr/gundem/son-dakika-haberi-cumhurbaskani-erdogan-ve-putinden-kritik-gorusme-41659438 (10 noyabr 2020)
24. Путин и Эрдоган запустили «Турецкий поток». РИА Новости // https://news.mail.ru/politics/40122344/?frommail=1 (8 yanvar 2020)
25. Путин: Эрдоган проводит независимую политику // https://ria.ru/20201022/turtsiya-1581073246.html (22 oktyabr 2020)

ВТОРАЯ КАРАБАХСКАЯ ВОЙНА И АЗЕРБАЙДЖАНСКО-ТУРЕЦКИЕ ОТНОШЕНИЯ

Проф.Сани Гаджиев
БГУ, Кафедра истории стран Азии иАфрики


Резюме
Вторая Карабахская война закончилась победой Азербайджанской Республики, которая освободила свои оккупированные территории от вооруженных сил Армении. 44-х дневная война имеет большое значение не только для военно-политической жизни региона, но и для обеспечения международной безопасности.
Турция с первых дней военных операций поддержала Азербайджан в его справедливой борьбе, оказав политическую и дипломатическую поддержку братской республике. Последние события еще раз доказали эффективность взаимодействия Азербайджана, России и Турции в решении различных региональных задач.

Ключевые слова: Азербайджан, Турция, Карабахская война, региональная безопасность


THE SECOND KARABAKH WAR AND AZERBAIJAN-TURKISH RELATIONS

Prof.Sani Hajiyev
BSU, Department of Asian and African History
Summary
The Second Karabakh war ended with the victory of the Azerbaijan Republic, which liberated its occupied territories from the armed forces of Armenia. The 44-day war is of great importance not only for the military-political life of the region, but also for ensuring international security.
From the first days of military operations, Turkey supported Azerbaijan in its just struggle, providing political and diplomatic support to the fraternal republic. Recent events have once again proved the effectiveness of interaction between Azerbaijan, Russia and Turkey in solving various regional problems.

Key words: Azerbaijan, Turkey, Karabakh war, regional security.


* Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmaqla yanaşı, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülmüş, 50 min nəfərdən çoxu isə əlil olmuşdur. Münaqişə nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3889 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 871 nəfərin sonrakı taleyi məlum deyil. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdır (5).