İNVESTİSİYA MÜHİTİNİN FORMALAŞDIRILMASI PROSESLƏRİNİN VƏ MEXANİZMLƏRİNİN MÜASİR ASPEKTLƏRİ

Post image

ELNURƏ MƏMMƏDOVA, iqtisad üzrə fəlsəfə doktoru

 

İnvestisiya mühitinin formalaşdırılması prosesləri hər bir ölkənin iqtisadi siyasətinin strateji istiqamətlərindən biri kimi diqqət çəkir. Bunun əsas səbəbi iqtisadi inkişaf proseslərində davamlı şəkildə investisiya resurslarına və maliyyə təminatına zərurətin olması ilə bağlıdır. Dövlətin investisiya siyasətinin optimal formalaşdırılması üçün bütün məsələlər kompleks şəkildə təhlil olunmalı və investisiya siyasətinin ana xətti kimi qəbul edilən mexanizmlər uzunmüddətli dövrü əhatə etməklə əsaslandırılmalıdır [1]. Eyni zamanda, investisiya mühitinin işlək və səmərəli olmasında seçilən təhlil metodlarının və strateji yanaşmaların mühüm əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır [2]. Aparılan davamlı tədqiqtlar və araşdırmalar göstərmişdir ki, ölkədəki iqtisadi və sosial problemləri tam şəkildə özündə əks etdirən balanslaşdırılmış investisiya siyasəti olmadan mövcud sosial-iqtisadi problemlərin həll edilməsi və iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdırılması qeyri-mümkündür. Başqa sözlə, investisiya resursları və axınları multiplikativ təsirin nəticəsində iqtisadi inkişaf proseslərinə təkan verir və onları sürətləndirir [3]. Dövlətin də rolu bu məsələlərdə, ilk növbədə investisiya fəaliyyətinin səmərəli təşkili üçün sistemli tədbirlərin görülməsi və cəlbedici investisiya mühitinin yaradılmasından ibarətdir. Dövlət, xüsusilə investisiya mühitinə təsir edən daxili və xarici amilləri ciddi şəkildə qiymətləndirməli və bunlara adekvat şəkildə kompleks tədbirlər görməlidir [4]. Ümumilikdə, ölkədəki investisiya mühitinin formalaşdırılması proseslərinə və onların mexanizmlərinin səmərəliliyinə təsir edən hər bir elementin və komponentin iqtisadi-siyasi, təşkilati-hüquqi aspektlərinin öyrənilməsi, yaranma səbəblərinin müəyyənləşdirilməsi, buraxılmış nöqsanların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi və investisiya proseslərinin sabitliyinin təminatına imkan verən çoxfunksiyaslı fəaliyyət mexanizmlərinin dövriyyəyə cəlb olunması təmin olunmalıdır.
Qlobal iqtisadi çağırışlar və baş verən transformasiyalar ölkə iqtisadiyyatının müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni tələbləri ortaya çıxarmaqla bərabər, kompleks və sistemli tədbirlərin görülməsini şərtləndirir. Belə olduğu halda, müxtəlif iqtisadiyyat sahələrinin modernləşdirilməsi, müasir texnologiyalar əsasında yenidən inkişaf etdirilməsi, daha çox əlavə dəyər yaratmaq qabiliyyətinə malik iqtisadiyyat sahələrinin potensialından səmərəli istifadə olunması problemləri ortaya çıxır. Şübhəsiz, bütün bu problemlərin həlli üçün institusional və iqtisadi islahatların sürətləndirilməsi və bunlarla bağlı olaraq külli məbləğdə əsaslı kapital qoyuluşları, əvvəldə qeyd etdiyimiz kimi, investisiyaların yatırılması və xüsusilə xarici investisiyaların daha intensiv şəkildə cəlb edilməsi tələb olunur. Bu amillər baxımından, qlobal iqtisadi çağırışlar kontekstində investisiya mühitinin və strukturunun səviyyəsinin qiymətləndirilməsi prinsipləri və meyarlarının təkmilləşdirilməsi, yenilənməsi hesabına, investisiya fəallığının artırılması, xüsusilə, xarici investisiyaların daha fəal cəlbinin təmin edilməsi üçün əlavə imkanlar yaratmaq mümkündür [5;6;7;8]. Dövlətin investisiya siyasətində mütərəqqi dünya təcrübəsi və onun ölkənin milli iqtisadi maraqlarına cavab verən səviyyədə tətbiq edilməsi amillərindən çıxış etməklə, mövcud və perspektivli iqtisadi inkişaf xüsusiyyətlərinə uyğun şəkildə işlək mexanizmlərin tətbiq edilməsi daha çox səmərə verə bilər. İqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların cəlbi mexanizmlərin uzunmüddətli dövrü əhatə etmək iqtidarında olan konseptual yanaşmalarının müəyyənləşdirilməsi, mövcud mexanizmlərin tamamilə yenilənməsi təmin olunmalıdır [9;10;11]. İnvestisiya mühitinin cəlbediciliyinin yüksəldilməsi və onun strukturunun diversifikasiyalaşdırılması prioritetləri üzrə təsirli tədbirlər görülməli, investisiya fondlarının yaradılması institutunun inkişaf etdirilməsi və investisiyalardan istifadənin səmərəlilik səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi problemləri həll edilməlidir [12;13;14;15].
İnvestisiya mühitinin formalaşdırılması proseslərinin və mexanizmlərinin müasir aspektlərindən yanaşdıqda, bu proseslərə təsir edən çoxsaylı amilləri sistemli şəkildə araşdırmaq, onların təsir dairəsini müəyyənləşdirmək, ölkənin iqtisadi inkişaf prioritetləri kontekstində fokuslaşdırmaq, inkişaf səmtlərini proqnozlaşdırmaq və s. bu kimi tədbirlərə kompleks şəkildə yanaşmaq vacib şərtlərdəndir.
Şəkil 1-də müasir dövrdə investisiya mühitinin formalaşdırılması proseslərinin və mexanizmlərinin blok-sxemini vermişik.

Şəkil 1. Müasir dövrdə investisiya mühitinin formalaşdırılması proseslərinin və mexanizmlərinin blok-sxemi (tədqiqat materialları əsasında müəllif tərəfindən hazırlanmışdır).


Şəkil 1-də verilmiş müasir dövrdə investisiya mühitinin formalaşdırılması prosesləri və mexanizmlərinin təhlilindən baxsaq, strateji əhəmiyyət kəsb edən yanaşmalar və mexanizmlər, əvvəldə qeyd etdiyimiz kimi, kompleks və sistemli münasibətləri şərtləndirir. Şübhəsiz, investisiya mühitinin səmərəlilik prinsiplərinin müəyyənləşdirilməsi üçün, ilk növbədə investisiya mühitinin formalaşması üzrə optimal dövlət siyasətinin təmin edilməsi tələb olunur, eyni zamanda bu siyasətin işlək alətlərinin, həmçinin dövlət dəstəyi mexanizmlərinin hazırlanması və tətbiq edilməsi vacibdir. İnvestisiya mühitinin müvafiq infrastruktu potensialının formalaşdırlması, texnologiyalar və innovasiyalar bazarlarının inkişaf etdirilməsi, ölkədə makroiqtisadi və makromaliyyə sabitliyinin qorunması, bank-kredit və sığorta sisteminin inkişafının təmin edilməsi və s. tədbirlərin reallaşdırılması, son nəticədə investisiya mühitinin cəlbediciliyinin yüksəldilməsinə yüksək təsir göstərə bilər.
Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı dünyada baş verən qlobal dəyişikliklərə və iqtisadi çağırışlara adekvat şəkildə modernləşmək, təkmilləşdirilmək proseslərinin intensiv fazasına keçmişdir. Belə ki, milli iqtisadiyyatımızın strateji hədəflərinin müəyyənləşdirilməsi və bunlarla bağlı milli iqtisadiyyatın 11 əsas fəaliyyət istiqaməti üzrə praktiki yanaşmaların və mexanizmlərin müəyyənləşdirilməsi tədbirlərinin reallaşdırılması və maksimum səmərəli nəticələrin əldə edilməsi üçün davamlı tədbirlər görülməkdədir [16]. Bu Strateji Yol Xəritələri sırasında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair” Strateji Yol Xəritəsi xüsusi əhəmiyyət kəsb edir və burada bir çox məsələlərlə yanaşı, ölkədə investisiya mühitinin cəlbediciliyinin təmin edilməsi ilə bağlı strateji hədəflər verilmişdir [17]. Strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün davamlı və etibarlı maliyyə mənbələri, o cümlədən intensiv şəkildə xarici investisiya axını vacibdir. Təəssüf ki, bu istiqamətlərdə ölkəmizdə son illərdə müəyyən problemlər yaranmışdır. Obyektivlik naminə qeyd etmək olar ki, dövlət tərəfindən bu problemlərin mahiyyətinin öyrənilməsi, həmin problemlərin həlli istiqamətində təsirli tədbirlərin görülməsi təmin edilmişdir və artıq ilkin nəticələr diqqət çəkir. 2017-2018-ci illərin yekunlarında ölkəmizin qeyri-neft sektorunun payı və iqtisadi artımda oynadığı rol təqdirəlayiqdir, qeyri-neft ixracında müsbət tendensiyalar müşahidə edilməkdədir [18]. Bir-birinin ardınca qeyri-neft sektorunun ayrı-ayrı sahələrində rəqabətqabiliyyətli müəssiələr, o cümlədən ixracyönlü müəssisələr yaradılmaqdadır və bu müəssisələrə 100 milyonlarla həcmində investisiyalar yatırılmaqdadır. 2004-2018-ci illərdə bütün mənbələr üzrə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 260 mlrd. ABŞ dolları həcminə qədər yüksəlmişdir və bu proseslər intensiv şəkildə davam etməkdədir.
Ölkəmizdə iqtisadi inkişaf proseslərinin və yenidənqurma işlərinin intensivləşdirilməsi üçün sabit maliyyə və investisiya mənbələrinin formalaşdırılması vacib məsələlər kimi qiymətləndirilməlidir [19]. Xüsusilə, qeyri-neft sektoru sahələrinin inkişafına xarici investisiyaların cəlb edilməsi prioritet vəzifələrdən biri kimi baxılmalıdır [20]. Bundan əlavə, ölkəmizdə investisya mexanizmlərinin daha səmərəli iqtisadi-təşkilati mexanizmlərinin yaradılması və qanunvericilik bazasının formalaşdırılması vacibdir. Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici investisiyaların qorunması, investisiya fəaliyyətinin təşkili və investisiya fondlarının yaradılması üzrə qanunvericilk bazası formalaşdırılmış, müvafiq ölkə qanunları qəbul olunmuş və bu qanunların təkmilləşdirilməsi üzrə davamlı tədbirlər görülməkdədir. Belə ki, 15 yanvar 1992-ci il tarixli “Xarici investisiyanın qorunması haqqında”, 13 yanvar 1995-ci il tarixli “İnvestisiya fəaliyyəti haqqında”, 22 oktyabr 2010-cu il tarixli “İnvestisiya fondları haqqında”, 15 sentyabr 2017-ci il tarixli “Kredit Zəmanət Fondunun yaradılması haqqında” və 18 yanvar 2018-ci il tarixli “İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə qanunları qəbul olunmuşdur [21;22;23;24;25]. Bundan əlavə, son illərdə ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinin potensialından səmərəli istifadənin təmin edilməsi və onun neftdən asılılığın azaldılması üçün aparılan məqsədyönlü tədbirlərin sırasında xarici investisiyaların stimullaşdırılması və onların cəlbinin intensivləşdirilməsi üçün investisiya mühitinin yaxşılaşdırılması məsələlərinə geniş yer verilməkdədir. Bu amillər baxımından, investisiya mühitinin cəlbediciliyinin yüksəldilməsi və mövcud mexanizmlərin dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsi prioritetlik təşkil edir [26]. Etiraf etmək lazımdır ki, əslində, bu problem kifayət qədər mürəkkəbdir və hələ də ölkə iqtisadiyyatının neftlə bağlı olmayan sahələrinə investisiyaların cəlbi prosesləri istənilən səviyyədə deyildir və bu sahədə problemlər qalmaqdadır. Mövcud mexanizmlər xarici investorların intensiv şəkildə qeyri-neft sektoru sahələrinə investisiyaların yatırılmasına bəs etmir [27]. Ölkə iqtisadiyyatının qeyr-neft təmayüllü müxtəlif sahələrinin investisiya cəlbediciliyi üzrə müasir prinsiplər və yanaşmalar formalaşdırılmalı, investisiyaların cəlbinə əngəl yaradan baryerlərin aradan qaldırılması tədbirləri görülməlidir [28].
Qlobal iqtisadi çağırışlar şəraitində müasir dövrdə investisiya mühitinin formalaşdırılması proseslərinin səmərəliliyinin təmin olunması və bununla bağlı mövcud mexanizmlərin dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsi üçün bir qrup məsələlərə daha çox diqqətin yetirilməsini vacib hesab edirik:
- Qlobal iqtisadi və maliyyə təhdidləri şəraitində ölkəmiz özünün daha güclü fəaliyyət mexanizmlərindən ibarət investisiya siyasətini formalaşdırmalı və bununla bağlı strateji, konseptual yanaşmalar müəyyənləşdirilməlidir;
- Milli iqtisadiyyatın strateji inkişaf hədəfləri kontekstində dövlət investisiya siyasətinin gücləndirilməsi və daha işlək olan praktiki mexanizmlərin tətbiqi olunması prosesləri sürətləndirilməlidir;
- İnvestisiya cəlbediciliyinin və investisiya mühitinin səmərəliliyinin atrırılması üzrə beynəlxalq təcrübədə özünü doğrultmuş fəaliyyət modellərinin fundamental səviyyədə öyrənilməsi və ölkəmizin iqtisadi inkişaf modelinin strateji hədəfləri nəzərə alınmaqla, bu təcrübənin mütərəqqi nümunələrinin tətbiqi məsələlərinə baxılmalı və reallaşdırılamlıdır;
- Qeyri-neft sektoru sahələrinin əsas istiqamətləri üzrə iri investisiya-innovasiya layihələrinin hazırlanması və onların səmərəliliyinin təmin edilməsi tədbirləri həyata keçirilməlidir;
- Ölkədə investisiya mühitinin formalaşdırılması proseslərinin intensivləşdirilməsi və bununla bağlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi üçün investisiyaların cəlbi, hərəkəti, idarə olunması üzrə hüquqi-iqtisadi, institusional mexanizmlərin yenilənməsi, təkmilləşdirilməsi təmin olunmalıdır və s.


ƏDƏBİYYAT:
1. Уоррик С., Холлуорд-Дримайер М. Анализ инвестиционного климата // Журнал «Финансы и развитие», 2005.- С. 40-43.
2. Robert B. Stobaugh. How to Analyze Foreign Investment Climates. Harvard Business Review, 1969.
3. Bloomberg. Meet 2016’s worst economic performers by Bloomberg, 2016. URL: www.bloomberg.com/news/ articles/.
4. Резепин А.С. Активизация роли государства в формировании привлекательного инвестиционного климата. Дисс. канд. экон. наук. Москва, 2007.- 138 с.
5. Лаврентьева Н.Д. Оценка инвестиционного климата м привлекательности экономических систем. Дисс. канд. экон. наук. Нижний Новгород, 2009.- 225 с.
6. Анисимова Э.В. Количественная и качественная оценка инвестиционного климата. Научный журнал КубГАУ, №75(01), 2012. http://ej.kubagro.ru.
7. Кувшинов М.С. Формирование инвестиционного климата промышленных предприятий. Дисс д-ра экон. наук. Челябинск, 2009.- 406 с.
8. Фатхиев А.М. Инвестиционный климат в системе экономического развития. Дисс. канд. экон. наук. Казань, 2008.- 190 с.
9. Антипин С.А. Формирование системы организационно-экономических отношений в аграрной сфере. Дисс. д-ра экон. наук. Санкт-Петербург, 2006.-279 с.
10. Ильин Н.П. Парадигма стратегического управления в аграрном секторе экономики в условиях реформирования: теория, методология, практика. Дисс. д-ра экон. наук. Санкт-Петербург, 2007.-324 с.
11. Шабунин Н.А. Привлечение инвестиций в развитие агропромышленного комплекса России. Дисс. канд. экон. наук. Москва, 2011.
12. Топсахалова Ф.М-Г. Теоретические и методологические основы оценки инвестиционной привлекательности аграрного сектора. Дисс. д-ра экон. наук. Ставрополь, 2006.-419 с.
13. Рябинин Е.В., Худоренко Е.А. Совершенствование методики оценки инвестиционного климата страны// Журнал Статистика и экономика, Том 13, №5, 2016.- С. 18-22.
14. Аксенова Н.И., Приходько Е.А. Современные подходы к оценки инвестиционной привлекательности страны// Журнал Инвестиционный потенциал, №32(416), 2010- С.46-53.
15. Смаглюкова Т.М. Методика комплексной оценки инвестиционной привлекательности регионов с учетом их отраслевой специализации// Журнал Проблемы современной экономики, №3(23), 2007.- с.-51-59.
16. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
17. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016.-59 s.
18. Azərbaycanın rəqəmlərdə. Bakı, 2018.-264 s.
19. Ataşov B.X. Maliyyə bazarları. Bakı, “Kooperasiya nəşriyyatı”, 2016. -456 s.
20. Əliyev Ş.T. Azərbaycanın xarici iqtisadi siyasəti. Sumqayıt: Sumqayıt Dövlət Universitetinin Nəşriyyatı, 2015.-185 s.
21. Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasinin Qanunu. Bakı şəhəri, 15 yanvar 1992-ci il. № 57.
22. İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasinin Qanunu. Bakı şəhəri, 13 yanvar 1995-ci il. № 952.
23. İnvestisiya fondları haqqında Azərbaycan Respublikasinin Qanunu. Bakı şəhəri, 22 oktyabr 2010-cu il. № 1101-IIIQ.
24. Kredit Zəmanət Fondunun yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Fərmanı, Bakı şəhəri, 15.09.2017-ci il.
25. İnvestisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı, 18 yanvar 2018-ci il.
26. Гюльалиев М., Алиев Р. Динамика и отраслевая структура иностранных инвестиций, направленных в экономику Азербайджана // Экономический Вестник Донбасса, №3 (41), 2015.-С. 67-74.
27. Namazova C.B. İnvestisiya mühitinin təhlili və onun formalaşmasında vergi siyasətinin rolu. İ.e.d. dissertasiyasının avtoreferatı. Bakı, 2011.
28. Əliyev Ş.T. Azərbaycan iqtisadiyyatı. Sumqayıt Dövlət Universiteti, 2018.-384 s.

Açar sözlər: investisiya mühiti, investisiya mühitinin formalaşdırılması, investisiya mühitinin formalaşdırılması prosesləri, investisiya mühitinin formalaşdırılması mexanizmləri, investisiya mühitinin formalaşdırılması üzrə dövlət siyasəti, investisiya problemlərinə strateji yanaşmalar.

Ключевые слова: инвестиционная среда, формирование инвестиционной среды, процессы формирования инвестиционной среды, механизмы формирования инвестиционной среды, государственная политика по формированию инвестиционной среды, стратегические подходы к инвестиционным проблемам.

Key words: investment environment, the formation of the investment environment, the processes of formation of the investment environment, the mechanisms of formation of the investment environment, the state policy on the formation of the investment environment, strategic approaches to investment problems.

РЕЗЮМЕ
Современные аспекты формирования процессов и механизмов инвестиционной среды
В статье исследованы современные аспекты формирования процессов и механизмов инвестиционной среды. С этой целью анализирована сущность процессов формирования инвестиционной среды в контексте глобальных угроз и тенденций. Рассмотрена эффективность основных механизмов формирования инвестиционной среды с учетом обеспечения их эффективности. Обоснована важность совершенствования механизмов формирования инвестиционной среды, с учетом стратегической цели развития национальной экономики и потенциала его перспективных секторов. Отмечена важность совершенствования основных механизмов государственной политики по формированию инвестиционной среды и обеспечению привлекательности инвестиционной среды в стране. Анализирована сущность стратегических подходов к инвестиционным проблемам и подчеркнута необходимость определения более эффективных механизмов по повышению привлекательности инвестиционной среды. Дана блок-схема формирования процессов и механизмов инвестиционной среды в современном периоде. В конце статьи приведен ряд предложений и рекомендаций по современным аспектам формирования процессов и механизмов инвестиционной среды.

SUMMARY
Modern aspects of the formation of processes and mechanisms of the investment environment
The modern aspects of the formation of processes and mechanisms of the investment environment are examined in the article. The essence of the processes of formation of the investment environment in the context of global threats and trends is analyzed with this purpose. The effectiveness of the basic mechanisms for the formation of the investment environment with regard to ensuring their effectiveness is considered. The importance of improving the mechanisms of formation of the investment environment, taking into account the strategic goal of developing the national economy and the potential of its promising sectors, is substantiated. The importance of improving the basic mechanisms of state policy on the formation of the investment environment and ensuring the attractiveness of the investment environment in the country is noted. The essence of strategic approaches to investment problems is analyzed and the need to identify more effective mechanisms to increase the attractiveness of the investment environment is emphasized. A block diagram of the formation of processes and mechanisms of the investment environment in the modern period is given. A number of proposals and recommendations on modern aspects of the formation of processes and mechanisms of the investment environment are presented at the end of the article.

"GEOSTRATEGİYA" jurnalı №02 (50) MART-APREL 2019