DİN VƏ İQTİSADİYYAT: NORMATİVLİYİN RASİONAL SƏRHƏDLƏRİ

Post image

ƏVƏZ BAYRAMOV
İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universiteti
E-mail: [email protected]

GİRİŞ
Ümumbəşəri miqyasda “yeganə” sivilizasiyanın formalaşacağına, qlobal kontekstdə müxtəlifliklərin “eyniyyətə” gələcəyinə, dünyanın “vahidləşəcəyinə” və s. tipli neoliberal “nağıllara” artıq heç kim inanmır... Həqiqət – bütün bunların əks – tərəfində yer almaqdadır. Görünən bu ki, son orta əsrlərdən başlanan proses – sekulyar cəmiyyət ideyasının “müqəddəsləşdirilməsi” nəinki məcmu fəaliyyət sferalarına dayanıqlılıq keyfiyyəti əxz etmədi, tam şəkildə əks – effektlə yekunlaşdı... Bəli, məhz yekunlaşdı! Ümumbəşəri potensial primitiv “eqoizmin” israfçı, dağıdıcı təsirinə məruz qalmaqla, tarix boyu analoqu olmayan yeni məzmunlu və böyük dağıdıcılıq gücünə malik olan yeni qlobal problemlər doğurdu... Bəşəriyyətin neoliberal “aldanışı” - çox ağır çəkili fəsadlı situasiyaların – “növbələşmə” ardıcıllığı ilə - təzahürünə gətirib çıxardı.
Başqa sözlə, monoteist dini cərəyanların, ilahi öngörmə kontekstində gələcəklə bağlı verdikləri proqnozlar artıq gerçəkləşməyə başlamışdır. İnsan – özünün insan kimi yaşayısını təmin edən ekosistemi, böyük canfəşanlıqla məhv etməkdədir...
Amma, nədən? Sadəcə olaraq, “iqtisadi insan” – biət etdiyi və ali dəyər saydığı neoklassikanın ona məqsəd keyfiyyətində təlqin etdiyini, yəni, “nəyin bahasına olursa – olsun” mənfəətin maksimumlaşdırılmasını həyata keçirməklə məşğuldur.
Neoklassika – “iqtisadi insanı” iqtisadi prosesin əsas abstrakt – nəzəri subyekti keyfiyyətində təsvir edir: o, həm rasionalistdir, həm də “əxlaqlı eqoistdir”. Bu rakursdan da nəzəriyyənin irrasional hesab etdiklərindən, o cümlədən dini dəyərlərdən uzaqdır, yaxud uzaq dürmalıdır. Daha konkret formada: “iqtisadi insan” – canlı insanla eyniyyətdə deyildir: onun – asbtrakt obrazıdır. Yəni, onun yaşam arealı – iqtisadi prosesdir. Bu prosesdən kənarda mövcud deyil­dir. Bu qəbildən olan anlaşılmazlıqların problem yaratmayacağına olan inam A. Smit tərəfindən irəli sürülmüşdür: dini inancın həlledici roluna istinadla!
Beləliklə, uzun minilliklər boyu cəmiyyətin birgə yaşayış qaydalarını formalaşdıran, onun mental – dəyər modeli kimi çıxış edən dinin təlqin etdikləri (ələlxüsus, sosio – iqtisadi sferada), doğurdanmı irrasionaldır? Yaxud, bir sıra tədqiqatlarda söylənildiyi kimi, cəmiyyət inkişaf etdikcə dini inancın təsiri zəifləyirmi? Yaxud, dini dəyərlərin iqtisadiyyatda problemlər yaradacağına inanlar, həqiqətdə səmimidirlərmi? Suallar çoxdur! Bizim məqsədimiz konkret olaraq, deyilənlər (və deyilməyənlər) kontekstində həqiqətin axtarışını həyata keçirməkdən, bu aspektdən müasir gerçəkliyə konseptual baxış formalaşdırmaqdan ibarətdir.

Nəzəri baxış: istiqamət müxtəlifliyi problemi
Dini inancın iqtisadiyyata təsiri problemi çoxsaylı tədqiqatçılar tərəfindən araşıdırılmış və bu tədqiqatlar bu gün də davam etməkdədir.
Dini konfessiyaların iqtisadiyyata təsir gücünün eyniyyətdə olmadığı, fərqli məzmun daşıdığı qənaətinə gələn bir sıra tədqiqatlarda qeyd olunur ki, protestant, iudaizm və konfusian cəmiyyətlər katolik, müsəlman və provaslav cəmiyyətlərdən daha çox nailiyyət əldə ediblər [11,səh.282].
E. Dyürkqeym, hələ keçən əsrin əvvəllərində yazırdı ki, iqtisadiyyatın inkişafı səbəbdir, dinin zəifləməsi isə nəticə [10]. Yəni, inkişaf – dünyəvilik keyfiyyətini (cəmiyyətdə) yüksəldir və yekunda dinin təsiri ifrat dərəcədə məhdudlaşır! M.Veberin yanaşması bu baxışdan fərqlənir: əvvəlcə sekulyarizm baş verir – cəmiyyət “dünyəviləşir” və paralel olaraq, dinin təsiri azalır, din zəifləyir ki, bu da iqtisadi inkişafı stimullaşdırır...[8].
2000-ci ildən başlayaraq tərəflərarası əlaqənin empirik verifikasiyası yönümündə müxtəlif sorğular həyata keçirilmişdir. Verifikasiyası tələb olunan nəzəri müddəa belə idi ki, ölkənin inkişaf səviyyəsi nə qədər yüksəkdirsə, həmin cəmiyyətdə dinin rolu bir o qədər aşağıdır, yəni tərəflər arasında tərs mütənasib əlaqə mövcuddur... Araşdırmaların nəticəsi birmənalı olmadı: məsələn, iqtisadi cəhətdən geri qalmış yaxud aşağı gəlirli ölkələrin bir çoxun­da dindarların xüsusi çəkisi 90-95% - civarında olmuşdur.
Orta gəlirli ölkələrdə 70%, yüksək gəlirli ölkələrdə isə 50% - dən az təşkil etmişdir. Lakin, ABŞ – da (adambaşına ÜDM – 60 min dol. çox) sözügedən göstərici 65%, ABŞ-dan yüksək gəlirliyə malik Körfəz ölkələrində 98-100%, Rusiyada (11 min dol.) 35% təşkil etmişdir...
“...Ölkənin iqtisadi cəhətdən geri qalmasının ya­xud inkişafın səbəbləri mədəniyyət fərqliliyi, eləcə də ölkə əhalisinin böyük əksəriyyətinin biət etdiyi dindir” [7]. Tərəflərarası əlaqənin gerçək məzmunu məhz budur. Milli iqtisadiyyatda, həmçinin ictimai həyatın bütün sferalarında dini dəyərlərin rolu kifayət qədər yüksəkdir.
Qlobal iqtisadi gerçəklik- bunun həqiqətən də belə olduğunu ortalığa qoymaqdadır.
Şübhə yoxdur ki, dinlə iqtiasdiyyatın qarşılıqlı bağlılığı, dinin – iqtisadi sferaya, eləcə də ictimai həyatın bütün spektrinə həm birbaşa, həm də dolayısı ilə (hətta, iqtisadi subyektlərin “şüuraltı” dəyərlərinə qədər) təsiri son orta əsrlərdən başlayaraq aktual olmuş və bu aktuallıq bu gün də davam etməkdədir.
- “... Din – protestant etikasından fərqli olaraq, iqtisadi təfəkkürə dolayısı ilə də təsir göstərə bilər” [9,səh.168].
- “...Kapitalizm – ümumi həmrəylik və individual avtonomiyanın simasız aspektlərini tarazlaşdırmaq prizmasından ictimai institutların mövcudluğuna möhtacdır” [5, səh.146].
- K. Dobbeler – din – iqtisadiyyat münasibətlə­rində 3 iyerarxik səviyyəni fərqləndirir: 1) Makrosəviyyə:cəmiyyət miqyasında; 2) Mezosə­viyyə: dini institutlar; 3)Mikrosəviyyə: individual şüur [20].
Bu qəbildən olan konseptual yanaşmalar çox saylıdır.
Və aydındır ki, müsbət yönümlü konseptual müddəaların çoxluğu – sosial bütövlük fenomeninin həyati əhəmiyyət daşıdığı qənaətindən qaynaqlanır...
Bu aspektin önəmliliyi inkişaf səviyyəsindən asılı olmayaraq əksər ölkələr üçün keçərlidir. Zatən, cəmiyyətin inkişafının istinad sütunları sırasında yer alır. Yəni, inkişafı “doğuranlara” aiddir.
Ümumiyyətlə, din → iqtisadiyyat qarşılıqlı münasibətləri ikili səciyyə daşıyır: 1)Dini dəyərlərin iqtisadiyyat üzərində proyeksiyası; 2)İqtisadi metodların dini fenomenləri araşdırması.
Dinin iqtisadiyyatı - əgər belə ifadə etmək caizsə - çərçivəsində aparılan araşdırmalar da ikili yönümlüdür: 1) Dini dəyərlər çərçivəsində (yəni, “xalis” məzmunda) davranışın mikroiqtisadi təhlili; 2) Dinin iqtisadi göstəricilərə təsirindən alınan effektin ekonometrik tədqiqi [24].
Digər tərəfdən, dini dəyərlərin iqtisadiyyat üzərində proyeksiyası müstəvisində iqtisadi – münasibətlərin və iqtisadi institutların dini çərçivədə normativ dəyərləndirilməsi yönümlü tədqiqatlar da aparılmaqdadır. Bu istiqamətdə ilkin araşdırmalar A. Smitə [16] məxsusdur. Onun məşhur “Xalqların sərvəti”... əsərinin birinci fəsli xristianlığın iqtisadi aspektinə həsr olunmuşdur. Onun bu yönümdə apardığı araşdırmaların əsas hədəfi katolik kilsəsi ətrafında iqtisadi stimulları, institut və rəqabəti özündə ehtiva edən konkret modelin qurulması idi. Dinin iqtisadiyyata təsirinin həlledici əhəmiyyət daşıdığı M. Veberin araşdırmalarında da yer almışdır: Kapitalizm – protestant etikası bazasında formalaşmışdır [23].
Qeyd edilən yönümlüyə paralel olaraq, dinin iqtisadiyyata təsiri bir sıra tədqiqatlarda inkar olunurdu: din irrasional hesab edilirdi.
N. Toumza yazırdı ki: “... İqtisadiyyat – kökündən Allahsızdır. Dini inanc... və davranış “homoeconomicus”un həyatında heç bir rol oynamır”[22].
Yalnız ötən əsrin sonlarında – rasional seçim nəzəriyyəsinin təsiri altında teoloji amilin roluna yenidən baxılmağa başladı.
Daha dəqiqi, proses 1975 – ci ildə K.Azzi və R. Erenberqin – dinin mikroiqtisadiyyatına istinadla formalaşdırdıqları evtəsərrüfatı modeli ilə bərpa olunmuşdur [18].
Beləliklə, çağdaş zamanda din – iqtisadiyyat cütlüyünün qarşılıqlı bağlılığına həsr edilmiş iki əsas konseptual baxış mövcuddur:
1. Sekulyar nəzəriyyə (M.Veber və b.): din – iqtisadiyyatın təşkili və dəyişikliyi prosesinin mədəni fundamenti keyfiyyətində çıxış edir;
2. Rasional seçim nəzəriyyəsi (U. Beynbric, R.Finke və b.) Din – iqtisadi dəyişikliklərin bir hissəsidir. Hətta, dini bazar mövcuddur və bütövlüklə iqtsiadi qaydalarla tənzimlənir. Rasional seçim tərəfdarları bu tezisi absurda qədər inkişaf etdirirlər: Dini bazarda satışa çıxarılan əmtəə- həmin dinə xas olan dəyərlərdir (Ruhi – mənəvi dəyərlər) Bu aspektdən, dini cərəyanın tərəfdarlarını da mömin deyil, “müştəri” adlandırırlar...
Şübhə yoxdur ki, bu cür ifrat inkarçı mövqelərin meydana çıxmasının kökündə “iqtisadimərkəzçiliyin” iqtisadi şüurda (oxu:təfəkkürdə) artıq qərarlaşmış dominantlığı dayanır. İnkarçılığın əsas səbəbi isə iqtisadiyyata dini dəyərlərin təsirinin kəmiyyətcə ölçmə imkanının yoxluğudur. “İqtisadimərkəzçilik” – rəqəmlərlə ifadə olunmayan, kəmiyyətcə qiymətləndirilməsi imkanlarının olmadığı hər şeyi – o cümlədən, dini dəyərləri – mənasız hesab edir. Və bu məntiqlə də problemə əks – yönümlü yanaşma tətbiq edilir: yəni, dəyərlərin iqtisadi prosesə, iqtisadi həyata təsirinin deyil, özünün “əmtəə”ləşdirilməsinə start verilir. Yuxarıda da, qeyd etdiyimiz kimi, “dinin iqtisadiyyatı” – absurd anlayışdır... Problemə baxışda spekulyativ məzmunluluğun aktuallaşması, əslində “iqtisadimərkəzçiliyin” daxili məntiqi ilə determinə olunur. Belə ki, ictimai həyatın bütün spektrinin “iqtisadiləşdirildiyi” bir situasiyada – dini dəyərlər kənarda qala bilməzdi.
Yəni, elmi fikirdə (bu problemlə bağlı) qarşılaşdığımız mənzərə - sırf nəzəri təxəyyülün formalaşdırdığı mənzərədir: iqtisadi gerçəkliklə hansısa bir formada real bağlılığı yoxdur, hansısa bir formada sübut edilməyən yanaşmadır.
Bununla belə, iqtisadiyyatın dini ideyalara təsiri məsələsi bu gün də diskurs obyekti olaraq qalmaq­dadır. Praqmatizmlə “yoğrulmuş” iqtisadiyyatla, böyük əksəriyyətin iddia etdiyi kimi – irrasional və ehkamçı məzmun daşıyan dinin qarşılıqlı təsiri problemi müxtəlif yönümlü fəlsəfi spekulyasiyaların “yeminə” çevrilmişdir.
Əlbəttə, sırf nəzəri müstəvidə, ələlxüsus iqtisad elminin “müstəbeh”liyinin sərhəd tanımadığı müasir zamanda tərəflərarası bağlılığın rasional sərhədlərini “görmək” çox müşkül məsələdir: İqtisadi nəzəriyyə - iqtisadi gerçəkliyə öz prizmasından-faydanın maksimumlaşdırılması – baxır. İqtisadi nəzəriyyə - gerçəklikdə həqiqəti axtarmır. O, faydalılıq funksiyası üzərində bərqərardır. Bu anlamda, yuxarıda qeyd etdiyimiz “uyuşmazlıq” – gerçəkliyin deyil, nəzəriyyənin gəldiyi nəticədir. Yəni, iqtisadi nəzəriyyə - gerçəkliyin mental dəyərlərini, ən azı görməməzlikdən gəlir. Dinə xas olan mənəvi – etik dəyərlərin iqtisadi prosesdəki yeri və rolu bəribaşdan inkar olunur... Dini dəyərlər – iqtisadi axınlarla birlikdədirlər, ən azı ona görə ki, iqtisadi nəzəriyyənin əsas subyekti – “iqtisadi insan” abstraktsiyasının yüksəldiyi konkretlik – canlı insan formasında təzahür edir.


Dinin yayılma səviyyəsi və proqnozu...
Hər şeydən əvvəl, qlobal sosiumun dini mənsubiyyət prizmasından bölgüsünə nəzər yetirək. Bu yönümdə müxtəlif proqnoz qiymətləndirmələr irəli sürülmüş və hal – hazırda da bu proses davam etməkdədir. Qeyd edilən müxtəlifliyin təxmini ortalamasına istinadla yaxud proqnoz hesablamalarının orta göstəricisini əsas götürdük.

Cədvəl 1.

Bəşəriyyətin dini mənsubiyyət üzrə bölgüsü: artımın dinamikası


Dinamik sıradan göründüyü kimi, əhatə dairəsinə görə əsas yeri xristianlıq və islam tutur. Hal – hazırda xristianların sayı müsəlmanlardan 20% civarında çoxdur (ümumbəşəri sayda xüsusi çəkisinə görə isə 6%). Proqnoz hesablamaları göstərir ki, əsrin sonuna qədər bu nisbət dəyişəcəkdir.
Müsəlmanların sayı xristianlardan 1,5% (xüsusi çəki:0,5%) çox olacaqdır. Gələcək 80 il ərzində baş verməsi ehtimal olunan dəyişikliyin əlbəttə də ki, səbəblər çoxluğu mövcuddur:
1) Demokrafik situasiya ilə bağlı hər iki “dünya” arasındakı fərqlərin getdikcə dərinləşməsi!
Müsəlman ölkələrində fertillik göstəricisi kifayət qədər yüksəkdir: Niger (reytinqdə 1 – ci ölkə) 6,7; Somali 5,9, Nigeriya – 5,2, Həbəşistan – 4, Pakistan -3,5 və s. Xristian ölkələrində isə millətin “qocalması” prosesi gedir: İsveç – 1,8; Fransa – 1,8; Belarus – 1,7; Norveç – 1,7; İsveçrə - 1,5; İtaliya – 1,3; Yunanıstan – 1,3 və s. Yəni, ölkə əhalisinin sadə təkrar istehsalı belə baş vermir. İslam dünyasının 57 ölkəsindən yalnız 4 – də (Bəhreyn – 1,9; Qətər – 1,8; Maldiv – 1,8; BƏƏ – 1,4) fertillik göstəricisi 2 – dən aşağıdır. Qeyd edək ki, “Şərq” dünyasının əsas aparıcı ölkələrində də demoqrafik situasiya Qərblə eyniyyətdədir; Çin – 1,7; C.Koreya – 1,1; Sinqapur – 1,2; Yaponiya – 1,4 və s. Yalnız Hindistanda bu göstərici 2,2 – dir.
2) Həyat standartlarının yüksəkliyi ilə bağlılıq; Belə ölkələrdə üçüncü demoqrafik keçid baş verir. Yuxarıda qeyd etdiyimiz 4 müsəlman ölkəsi də yaşam səviyyəsinin yüksəkliyi ilə fərqlənirlər.
3) Artımın əsas ağırlığı iki monoteist dinin üzərinə düşür. Digər dini cərəyanlarda – Daoizm, Sikxizm və s. bu aspekt elə bir rol oynamır. Amma, induizmin əhatə dairəsinin genişlənəcəyi gözlənilir. Artıq tərəfdarların sayına görə xristianlıq və islamdan sonra üçüncü yerdə qərarlaşıbdır. Eyni zamanda, yaranışından etnomənsubiyyətli din olan induizm tədricən dünya dinləri sırasında yer almaqdadır. Lakin, induizm, buna rəğmən, kifayətqədər “dolaşıq” məzmunu ilə müqayisəyə gəlmir. Ona görə də, dinin iqtisadiyyatda yeri prizmasından induizm barəsində yığcam dəyərləndirmə aparmaq məcburiyyətində qaldıq.
Dini dəyərlərin sosio – iqtisadi proyeksiyası
Din sosio – iqtisadi inkişaf dinamikasının güc­lü amilidir. Sosial dəyişikliyin qaynaqlandığı əsas mənbə mədəni sistemlərdir (din də daxil olmaqla). M.Veber bu aspektdən real gerçəkliyi olduğu kimi ifadə edə bilmişdir...
Tədqiqatlar da göstərir ki, dini inancın təsir dairəsi kifayət qədər genişdir. İqtisadi fəaliyyət konstruktsiyasının fərqli təzahür formalarının mövcudluğunda dini dəyərlər əhəmiyyətli rol oynayırlar. Məsələn, protestant baxışlara uyğun gələn iqtisadi quruluş – liberal bazar iqtisadiyyatıdır; Katolisizmdə - korporativ quruluş, provaslaviyedə isə sosialist təsərrüfat sistemidir. (bax. cədvəl.2)
Eyni zamanda, cəmiyyətin siyasi quruluşu, siyasi rejiminə münasibətdə də yekdil yanaşma mövcud deyildir. Anlayışın müasir Qərb interpretasiyası çərçivəsinə yalnız protestantizm “sığır”.
Bu tezis demokratiya anlayışına münasibətdə də keçərlidir. Demokratiyanın liberal/neoliberal interpretasiyası inkişaf etmiş kollektiv Qərbi tam şəkildə əhatə etmir: yalnız protestant cəmiyyətlərdə yer almaqdadır. Provaslav və katoliklərdə, eləcə də iudaizmdə əsaslı mahiyyət fərqliliyi müşahidə edilir. Konfutsiçi cəmiyyətlərdə demokratiya milli spesifikadan “süzülmüş” məzmunda mövcuddur:
Onun neoliberal interpretasiya ilə elə bir bağlılığı yoxdur. İslam cəmiyyətində isə situasiya əsaslı mahiyyət fərqliliyi ilə nəzər – diqqəti cəlb edir. İslamda – demokratiya mövcuddur, lakin neolibe­ral anlam daşımır. Belə ki, islamda cəmiyyətin siyasi rejimi, birgə yaşayış qaydaları yaxud həyat tərzi eyni mənbədən (şəriətdən) qaynaqlanır: yəni, eyni dəyərlərin formalaşdırdığı məna “yükünə” sahibdirlər. Buna görə də, islam cəmiyyətində siyasi plüralizm teokratiyanın çərçivəsindən kənara çıxmır.

Cədvəl 2.
Cəmiyyətin sosio – siyasi və sosio – iqtisadi quruluşu prizmasından fərqlilik


Göründüyü kimi, dini etikanın cəmiyyətin təsərrüfat tipinə və sosio – mədəni identikliyinə təsiri yaxud bu təsirin əhatə dairəsi və gücü əksər konfessiyalar üzrə eyniyyətdə deyildir. Bu baxımdan iudaizm (milli mənsubiyyəti müəyyənləşdirir) və islam (həyat tərzi kimi təzahür edir) fərqlənirlər. Bu fərqlilik cəmiyyətin siyasi quruluşu aspektindən də mövcuddur. Məsələn, katolisizmin cəmi bir dövləti (kilsənin idarəetdiyi) var – Vatikan – 44 sot ərazidə yerləşir. Vətəndaşlarının sayı – 800 nəfərdir. Son orta əsrlərə qədər olan zaman kəsiyində katolik kilsə bütün Qərbi Avropaya rəhbərlik edirdi. İudaizmin də bir dövləti mövcuddur – İsrail! Amma, onun dünyəvi dövlət olduğunu (baxmayaraq ki, dini inanc mühüm yer tutur) “deyirlər”. Yalnız İslamda – dinin rəsmi dövlət ideologiyasına çevrilməsi, birgə yaşayış qaydalarının dini dəyərlər (şəriətin norma və normativləri) üzərində qurulması gerçək məzmun daşımaqdadır. Bu gün dünyada mövcud olan 57 müsəlman ölkəsindən 13-ü məhz islam dövlətidir.
Yeniləşmə prosesinə münasibətdə də əsaslı fərqlər müşahidə edilməkdədir (bax:cəd.3)
Yalnız protestantizm – yeniləşməni sistemli şəkildə təqdir edir (təbii ki, sakrallıq inkar edilməklə). Ənənəyə bağlılıq (provaslav) və mühafizəkar çərçivə (katolisizm) – yeniləşmənin məhz “yeniliyini” deformasiyaya uğradır. Ənənə - “yenilikçi” deyil və sabitliyi tərcih edən fenomendir. Mühafizəkarlıq – yeniləşmədə “yeni” olanı cari situasiyanın “süzgəcindən” keçirməklə “köhnə → yeni” formalı ziddiyyətli simbiozun yaranmasına rəvac verir. Ümumiyyətlə, eləcə də iqtisadi məzmunlu yeniləşmə - nəticə etibari ilə dəyərlərin məzmun dəyişikliyinə səbəb olur. Bu anlamda islam qəti mövqe sərgiləməkdədir: dəyərlərin dəyişməsi müzakirə mövzusu ola bilməz.

Cədvəl 3.
İqtisadi məzmunlu elementlər prizmasından müqayisə


 Cədvəldən göründüyü kimi, proses → nəticə ikiliyinə münasibətdə də yekdillik yoxdur. Belə ki, həyati əhəmiyyət kəsb edən məsələ (çağdaş dünyamızın əsas problemlərindən biri) – proses və nəticənin harmoniyası yalnız konfutsiçi cəmiyyətlərdə funksional fəaliyyətin hədəfi halına gətirilmişdir.
Göründüyü kimi, müasir maliyyə - bank sferasının funksional fəaliyyətində sistemyaradan element rolunda çıxış edən sələmçilik (faiz) yalnız islamda qadağan edilmişdir.
“...Sələm yeyənlər qəbirlərindən cin vurmuş kimi qalxarlar... Allah sələm almağı qadağan etmişdir... Əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin... Belə etməsəniz, o zaman Allaha və onun Peyğəmbərinə qarşı müharibəyə girdiyinizi bilin...”[25].
Provaslaviya və katolisizm – ilkin vaxtlarda neqativ münasibət sərgiləsə də, sonralar, ələlxüsus protestantizmin təsiri altında vəziyyətlə barışmış, lakin münasibətdəki etinasızlıq komponenti olduğu kimi qalmaqdadır. İudaizm “müəllifi” olduğu sələmçilik Protestant etikası tərəfindən böyük ruh yüksəkliyi ilə qəbul edilmiş və yekun olaraq müasir maliyyə sistemi formalaşmışdır! Protestantizmin sələmçiliyə münasibəti B.Franklinin (1748) deyimində çox qabarıq şəkildə ifadə olunmaqdadır: “... Kredit – puldur... Pul – öz təbiəti etibari ilə baş verəndir və yeni pul doğurmaq qabiliyyətindədir.. Pul – yeni pullar... onların törəmələri daha çox pul yaradır və s.” [15].
İstehlaka münasibət məsələsində də yalnız iki halda mötədil mövqe sərgilənir: Konfutsiçilik və islamda! Digər dini cərəyanlarda maksimum isteh­lak (müasir dövrün əsas xarakteristikalarından biri) probleminə etinasız yanaşılır: İstehlakın artımı imandan hesab olunur!
Qurani – Kərim məsrəflərdə “orta yol” tutmağı hökm edir: “... Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan” [25].
Yaxud, digər bir ayədə: “... Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta yol tutarlar” [25], deyə buyrulur!
Xüsusi mülkiyyət və onun ictimai həyatda yeri və rolu ilə bağlı, eləcə də toxunulmazlığı ilə əlaqədar yalnız islamda və protestantizmdə birmənalı hökmlər yer almaqdadır.
İslamda - əsas çıxış nöqtəsi xüsusi mülkiyyətin halal yolla – yəni, heç bir kəsin haqqını tapdalamadan şəxsi əmək, zəhmətlə əldə olunması tələbi üzərinə düşür. Həm bu, həm də o biri dünyaya münasibətdə “... insana yalnız öz əməyi, öz zəhməti qalar” [25] hökmü keçərlidir. İudaizm isə, mülkiyyəti birmənalı olaraq Tanrıya aid edir: insan mülkiyyətdən yararlana bilər, amma, onun sahibi ola bilməz (cəd.4.).

Cədvəl 4.
İqtisadi fəaliyyətin təşkili aspektindən müqayisə

Ümumiyyətlə, xristianlıqda – ilkin mənbəyi Moiseyin qanunlarıdır – mülkiyyət toxunulmaz hesab olunur! Və, hətta onu ələ keçirmək niyəti belə böyük günah sayılır. Bu aspektdən, maraqlı bir məqam ondan ibarətdir ki, torpaq üzərindəki mülkiyyət, ələlxüsus Tanrının İsrail oğullarına vəd etdiyi torpaqlar öz sahibinə məxsus olmalıdır [26].
Bununla belə, torpağı müvəqqəti olaraq satmaq olar. Amma, bu torpaq, Tanrı tərəfindən verildiyi üçün, öz sahibinə geri qaytarılmalıdır.
Anlaşılan bu ki, topraq – konkret insana deyil, Tanrıya məxsusdur. Və, insan onu həmişəlik kiməsə sata bilməz [14].
Həmçinin, provaslav və katolik baxışlarda xüsusi mülkiyyətin məhz “xüsusiliyi” qətiyyən qabardılmır. Bu aspektdən icmaçılıq və dövlət paternalizmi açıq şəkildə müşahidə edilə bilir.
Konfuçilikdə də “xüsusilik” önəmli rol oynamır yaxud nə qədər ziddiyyətli səslənsə də, “xüsusi”lik sosial bütövlük, sosial harmoniyanın doğurduğu əlahiddəlikdir. Yəni, Qərb dünyasının heç bir halda “anlaya” bilməyəcəyi fenomenal yaranışdan söhbət gedir.
Xüsusi mülkiyyətlə birbaşa bağlılıqda olan sərvəttoplama istəyinə münasibətdə ifrat kənar mövqelərin olduğunun məntiqi əsaslandırılması haradasa, mümkünsüz görünür (ələlxüsus, monoteist dinlərin baxış bucağından).
İslam dinində sərvətə münasibət birmənalıdır.
Var- dövlətə, sərvətə aşırı düşkünlük – cəzalandırılan əməllər sırasındadır: “... O gün (qiyamət günü) yığdıqları qızıl – gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq...” [25].
“... O kimsə ki mal yığıb onu dönə - dönə sayar (çoxaldar)”, “... Və, elə zənn edər ki, mal – dövləti onu əbədi yaşadacaqdır...”
Müqəddəs kitabda bu qəbildən çoxsaylı ayələr yer almaqdadır. İudaizmdən fərqli olaraq, islamda var – dövlət sahibi olmaq üstünlük deyil yaxud o şəxsin əsl mömin olduğuna dəlalət etmir. Var – dövlət (islamda) bir imtahandır, sınaqdır.
Eyni zamanda, sərvət sahibi olmaq – günah deyildir. Bir şərtlə ki, onun (sərvətin) toplanması halal yollarla həyata keçirilsin. Yəni, müasir terminologiya ilə ifadə etsək: Xalqın yaxud ayrıca götürülmüş bir insanın haqqını, var - dövlətini haqsız olaraq mənimsəmək olmaz; sələmçilik (faiz) qəti qadağandır; Haqsız rəqabət və yalançı reklam günahdır; Mənfəətliliyin konkret “sərhədi” olmalıdır, yəni gəlirin maksimumlaşdırılması haramdır; Bütün mübadilə aktlarında qarşılıqlı razılıq olmalıdır; ölçüdə və çəkidə düz olmaq; insanların haqqını azaltmamaq tələb olunur və s.
Digər tərəfdən, sərvətin qeyri – bərabər bölgüsü – ilahi hikmətlə şərh edilir: “ Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməklə) yer üzündə həddi aşardılar. Lakin, o öz bəndələrinə istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, onları görəndir...” [25].
Yaxud, başqa bir surədə deyilir ki: “ ...Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir...” [25].
İlahi hikmətlə tətbiq edilən qeyri – bərabərlik iki amala xidmət edir:
1) Mömün bəndələr üçün sınaq imtahan anlamında qəbul edilir. Yəni, Allahın bəxş etdiklərini digər insanlar (yoxsullara, müsafirlərə və s.) arasında yardım olaraq (Allah xatirinə) bölüşdürürmü?
2) Kafirlərə - daha çox günaha batmaları və Allah tərəfindən daha ağır şəkildə cəzalanmaları üçün: “...Mömin bəndələrimdən arxayın olsaydım (çaşmayacaqlarından), kafirlərin evinin tavanını gümüşdən, nərdivanını qızıldan düzəltdirərdim”.
Bir sözlə, sərvət və onun çoxluğu islamda arzu edilən deyil. Ümumiyyətlə, “orta yol”dan istənilən formada kənarlaşma – problem yaradan prosesdir.
Müqəddəs Kitabda sərvət toplama birmənalı şəkildə qınanır. Xristianlığın ən mütərəqqi cərəyanı kimi səciyyələndirilən protestantizmdə də yanaşmanın mahiyyəti dəyişmir. Amma... protestantizm – xristian cameədə “sürü” anlayışını aradan qaldırmaqla sərvət hərisliyinə yol açan kardinal dəyişiklik həyata keçirdi: 1) İndividualizmin mütləqləşdirilməsi; Xristianlıqda, eləcə də digər dünyəvi dinlərdə insan – “sürü”nün bir üzvüdir. Yəni, insanın varlığı – dini “sürü”də məna kəsb edir. Protestantizm isə insana – sən müstəqilsən, unikalsan, seçim azadlığın var və taleyin öz əlindədir – dedi: Başqa sözlə, əsas vurğu insan eqoizminin üzərinə yönəldi; 2) Dini baxışa görə, iqtisadiyyatda əsas məqsəd sərvət toplamaq, varlanmaq deyil, cəmiyyətin tələbatlarını normal standartlar çərçivəsində ödənilməsini təmin etməkdir. Protestantizmin tarix səhnəsinə çıxardığı “eqoist” – tələbatların ödənilməsini sərvəttoplama kontekstində həyata keçirməyə başladı. Yəni, zahiri görünüşcə Müqəddəs Kitabın söylədiklərinə əməl edilir, batini aspektdə isə, bu yanaşma Aristotelin xresmatikasından o qədər uzaqda deyil.
3) Sərvəttoplama – şəxsin varlanmasına, təmtaraq içində yaşamasına deyil, digər insanlara yardım etmək məqsədi daşımalıdır. Bu ilahi tələb – gerçəklikdə yer alır (simvolik səciyyə daşısa da). Amma... hətta bu halda da belə (yeni ərazilərə, bazarlara çıxış və s.) həqiqi hədəf şəxsi varlanma istəyi olur.
Bibliyada ziddiyyətdə olan iki yanaşmanın ikincisi “sərvət hərisliyi”, ki ruhu məhv edir – Evanqeliyada açıq formada əks edilmişdir: “... Heç kim iki ağaya qulluq edə bilməz... Həm Tanrıya, həm də mammona eyni anda xidmət edə bilməzsiniz [26].Yəni, “alın təri” ilə öz ehtiyaclarınızı ödəməlisiniz, amma sərvət, var – dövlət dalınca qaçmamalısınız. Əhdi – Ətiqdə (Новый Завет) maddi sərvət nemət deyil, əlavə yük hesab edilir: “... Dəvənin iynə deşiyindən keçidi daha rahatdır, nəinki varlının Tanrı dərgahına daxil olması” [26]. Bununla belə, sərvəti dağıtmaqla insan istədiyinə nail ola bilməz. Bu yalnış yoldur. “Təmizlənməsi” zəruri olan – acgöz­lük, hərislik, xəsislik və s. dir. Bu halda – sərvətdən düzgün istifadə imkanı yaranır.
Qeyd edək ki, Vetxiy Zavetdə (Əhdi – Cədid), iudaizmdə yanaşma təzri fərqlidir. Belə ki, sərvət sahibi olma – kamil iman sahiblərinə məxsusdur. Başqa sözlə, insan nə qədər çox varlıdırsa, o qədər yüksək iman sahibidir.
Konfutsiçi baxışlarda sərvət – ağırlıq yaradan, ruhi “yükləmə” doğuran anlamda qəbul edilir. Sərvət – sosial məsuliyyətliliyi yüksəldir, əlavə qayğılar (sosiuma münasibətdə) doğurur və s.
Dinlərarası yanaşma fərqliliyinin təzahür etdiyi növbəti anlayış - əməyə münasibətlə bağlıdır.
Yanaşmanın mükəmməlliyi nöqteyi – nəzərindən ən yüksək səviyyə islam dininə məxsusdur.
Qurani – Kərimdə əməyə xüsusi diqqət yetirilir: saya bildiyimiz qədər 469 ayə məhz əməyə həsr olunmuşdur: “...Sizin dinc əməyiniz üçün gecəni qaranlıq və gündüzü işıqlı yaradan Allahdır” [25]. Yaxud: “... Biz insanı məşəqqətdə yaratdıq...” [25].
İslam insanların hamısının fərdi və ictimai faydalı əməkdə iştirakını, özgənin hesabına yaşamamasını, başqalarının hesabına yüksək güzəran sürən təbəqələrin olmamasını təbliğ edir.
İslam - əməyi insanın substansiyası keyfiyyətində görür: işləmək, çalışmaq – ibadətdir.
Yanaşmanın spesifik cəhətlərinə aşağıdakıları aid etmək olar:
1. Əmək azadlığı: Dinc və sərbəst fəaliyyət;
2. İstismar və məcburetmə (zorakılıq) rədd edilir;
3. Əmək sərfi – səmərəlilik və sosial ədalətlilik prinsiplərinə istinad etməlidir;
Görülən işlərin ən üstünü halal yolla ruzi qazanmaqdır. Qazancın ən təmizi insanın əməyi ilə əldə etdiyi qazancdır (Hz.Məhəmməd); [2,səh.76, 82-83]
4. Ədalətli bölgü – yalnız əməyə görə aparılan bölgüdür.
5. Və nəhayət heç bir dini cərəyanda yer olmayan ilahi tələb: əmək alınıb – satıla bilməz. Alınıb – satılan yalnız əməyin məhsuludur. Yəni, əmək bazarı institutsional struktur kimi rədd edilir. Pulla bərabər əməyə də alqı – satqı obyekti kimi yanaşma qadağan edilir.
Əməyin alqı – satqı obyekti olması, cəmiyyət üçün problem yaradan əsas komponentlərdən biridir. Bu halda:
1) İnsanın sosio – mənəvi varlığı deformasiyaya uğrayır. Əmək – insanın substansiyasıdır... insanı... “yaradandır”.Onun ticarət obyekti olması... nəticə etibari ilə insanın özünün alınıb – satılması deməkdir;
2) İnsan – sosio – iqtisadi prosesin əsas subyekti “statusunu” itirir... Prosesin digər elementləri ilə bir sırada sırasında yer alır;
3) İqtisadi sistem – insanın (cəmiyyətin) xidmətçisi funksiyasını “itirir”... “Özü üçün” varlığa çevrilir... insan – iqtisadiyyatın inkişafına xidmət etməyə başlayır. Yəni, sosial rollarda kardinal yerdəyişmə baş verir.
Xristianlıq insan fəaliyyətinin xarakterinin Tanrı tərəfindən müəyyənləşdirildiyini, yəni ilahi hikmətlə təsbit edildiyini qeyd edir: “... в поте лица твоего будешь есть хлеб…” [26]. Yəni, əmək prosesinin xarakteri “üzündəki tərdir”. Və əmək sərfinin intensivliyinə adekvat olaraq ədalətli nəticələrə sahiblənilir. İudaizmdə ədalətli nəticəlilik yaxud müasir terminologiya ilə - effektivlik, maddi nemətlərin çoxalması anlamını daşıyır.
Eyni mənbəyə istinad edilsə də, bu aspektdən tərəflərarası fərqlilik kifayət dərəcədə dərindir. Bu “dərinlik” iqtisadi müstəvidə daha qabarıq şəkildə təzahür edir.
Xristianlıq – insanlararası münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı əlaqələrdə, birgə fəaliyyətdə əsas prinsip kimi itaətkarlıq ortalığa qoyulur. Yəni, qarşılıqlı güzəşt, kompromis belə kifayətedici hesab olunmur.
Evanqeliyada, qeyd edilən anlamda çox saylı, hökmlər yer almaqdadır.
Məsələn: “...и кто захочет судиться с тобою и взять у тебя рубашку, отдай ему и верхнюю одежду...” [26].
Xristian “iqtisadiyyatının” (normativ iqtisadiy­yat) əsas prinsipi insanlara münasibət (yaxın insanlara) və möminin fundamental üstünlük kimi qəbul etdiyi dəyərdən qaynaqlanır: Nemətlərə münasibətdə az alıb → çox vermək zərurəti. Yəni, əsas olan əbədi dünyanın nemətləridir! Əsas olan – maddi deyil, ruhi məmnunluqdur! Buna görə də, xristian dəyərlərinin üstün olduğu sosiumlarda fəaliyyət göstərən iqtisadi konstruktsiyanın “necəliyi” heç bir əhəmiyyət kəsb etmir.
Bu prinsip Provaslav Kilsənin (Rusiya) sosial konsepsiyasının [13] baza prinsipi kimi çıxış edir. “...Müqəddəs kitabda əməyə mənəvi stimulun iki forması vardır: Çalış ki, qidalanasan və digərlərinə yük olmayasan, həmçinin çalış ki, ehtiyacı olanlara dəstək verəsən” [26].
Müqəddəs kitabda deyilir ki: “... Muzdlu işçini incitmə... Haqqını həmin gün ver ki, Səndən Tanrıya şikayət etməsin və günaha batmayasan”[26].
“...Öz yaxınını müftə işləməyə məcbur edənin vay halına” [17].
Ən maraqlı məqam ondan ibarətdir ki, əməyin dəyəri bazar metodu ilə hesablanırdı. Xristian inançı sələmçiliyi lənətləyirdi (F.Akvinski, A.Avqustin).
Xristian inancında özünə yer etmiş iqtisadi davranış prinsipi bu gün də olduğu kimi qalmaqdadır: əsasən nəzəri çərçivədə.

Ümumkonseptual dəyərləndirmə...
Müasir Qərb sivilizasiyası, o cümlədən kollektiv Qərbə məxsus olan iqtisadi sistemin qneosioloji kökləri çox qədim dövrlərə gedib çıxır. Doğrudur, bu prizmadan aparılan araşdırmalarda fərqli mövqelər də ortalığa qoyulmuşdur. Məsələn, modern eranın başlanmasını, bir çoxları “protestantizm ruhi” ilə (M.Veber), digərləri (M.Novak) katolik əxlaqla, üçüncüləri iudaizmlə əlaqələndirirdilər.
Qeyd edək ki, iudaizmin, katolisizmin, protes­tantizmin və provaslaviyanın vahid mənbəyi – xristianlığın müqəddəs kitabıdır (Bibliya). O, iki hissədən ibarətdir: Əhdi – Cədid (Vextiy Zavet) və əhdi - ətiq (Novıy zavet). İlkin olaraq, iudaizm - əlahiddələşmiş və müstəqil dini cərəyana çevrilmişdir: İ.Xristosun xilaskar yaxud messiya kimi qəbul etmədilər.Bu aspektdən əhdi - ətiqə (Novıy Zavet) İ. Xristosun etirazı da yer almışdır: “... Atalarımız harada Məni yoxladılar, sınaqdan keçirdilər, 40 ildə mənin etdiklərimi gördülər?... Onlar Mənim yolumu dərk etmədilər” [29]. İlk dəfə IV əsrdə Roma imperiyası xristianlığı rəsmiləşdirdi. Söhbət, katolisizmin rəsmi qəbulundan gedirdi. 1054- cü ildə Provaslav kilsəsi, 1517 – ci ildə isə protestantizm katolisizmdən ayrıldı.
Təfərrüata varmadan, qeyd edək ki, xristianlığın sadalanan cərəyanları arasında ən mütərəqqisi protestantizmdir: 1) Yalnız Tanrıya ibadət edilir; 2)Kilsələrdə ikonalar yox səviyyəsindədir; 3) Əhdi – Cədiddin (Vetxiy Zavet) 39 kitabından 11 – i qəbul edilmir; 4) Xilas – yalnız ibadətdədir, xeyir əməldə deyildir.
Protestant hərəkatı katolik kilsənin sərt norma və normativlərini aradan qaldırmaqla insan azadlığına geniş meydan verdi: Qərbi Avropa cəmiyyətində sözügedən keyfiyyət yeniləşməsi çox sürətlə sistemli xarakter kəsb etməyə başladı. Bu sistemli dəyişikliyi dövründə katolik kilsə insanların günahlarını “bağışlayır” və pulla cənnətdə yer satırdı [3]. “...Biz insanı iradəcə faili – muxtar (iradəcə azad) yaratdıq və “Allahla bəndə arasında əlaqə birbaşadır” deyən Qurani – Kərimin ilahi məntiqi protestant inancında olduğu kimi yer almışdır. Katolik zehniyyətin pressinqindən xilas olmuş və Müqəddəs Roma imperiyasının yıxılışı ilə azadlığa çıxmış sosium bir tərəfdən “milliləşməyə” başlamış, digər tərəfdən isə eqoizmin partlayış formasında təzahürü ilə qarşılaşmışdır. Dünya – daha doğrusu – Qərbi Avropa – keyfiyyət tutumu prizmasından tamamilə yeni bir eraya – modernizm erasına qədəm qoymuşdur. Keyfiyyət yeniləşməsinin (sosial varlığa münasibətdə) ictimai həyatın bütün spektrini (o cümlədən, iqtisadiyyat) əhatə edən təfərrüatı nöqteyi – nəzərindən, partlayış formasında baş verən “eqoizm” inqilabının bəşər tarixində tayı – bərabəri yoxdur.
Katolisizm – latınca catholicus – “universal”, “ümumi” mənasını verir. Xristianlığın – ilkin və klassik orta əsrlərdə mövcud olmuş (1500 il) ən güc­lü imperialardan daha mükəmməl və aşırı surətdə sərt idarəetmə sisteminə malik olan, çağdaş dövrdə də “söz sahibliyi statusunu” itirməyən bir cərəyanı olaraq mövcudluğunu davam etdirməkdədir. Katolik kilsənin tarixi – həm də müharibələr tarixidir. Məsələn , kütləvi qırğınlarla müşaiyət olunan səlib yürüşlərinin təşkilatçısı olduğu hər halda, hamının bildiyi və qəbul etdiyi bir həqiqətdir... Mütləq məsafəlilik və sərt iyerarxik struktur, inkivisiziya və s. katolik kilsənin spesifik mahiyyətini anlamaq baxımından “açar” rolu oynaya bilərlər... Əslində, E.Canetti bu anlamı dəqiq və ziddiyyətsiz formada ifadə edə bilmişdir: “... Bütün insani əməllər və təşəbbüslər arasında daimilik ən çətin əldə edilən olmasaydı, insanları övliyalardan əmələ gəlmiş kütləyə nəyin cəzb etdiyini anlamaq çətin olardı” [1, s.181].
Yəni, “seçilmişlik” yaxud “seçilmişliyin” doğurduğu daimilik – bu dünyada insan varlığının mifoloji məzmun daşıyan ilahi “libasa” bürünməsi və bununla da nicat tapması deməkdir.
Roma imperiyasının süqutundan sonra (476 – cı il) Avropada başlayan “Qaranlıq çağlara” qarşı əsas dirəniş Katolik kilsəsi tərəfindən olmuşdur.
Kilsə - Xristian toplumu iki avtoritet tərəfindən – sivil (dövlət) və kilsə - yönətilən tək toplum olduğunu, birləşmə və uyğunlaşmanın zəruriliyini ortalığa qoydu.
H.Kissincer yazır ki: “... 494 – cü ildə Papa Bizans imperatoruna yazırdı ki, bu dünyanın yönətimində iki sistem vardır: rahiblər və krallıq... Kralların yerinə də Tanrıya hesab verən rahiblər olduğu üçün, əsas ağırlığa (idarəetmədə) onlar sahib olmalıdırlar” [3, s.23].
Katolizmin mütləq hakimiyyətinə 1517- ci ildə Martin Lüter tərəfindən başlanan protestant hərəkatı son qoydu... Və kilsə 30 illik müharibəni (1618 – 1648) başlatdı.
V.Zombart – kapitalizmin yaranmasını iudaizmlə bağlayırdır.
K.Marks yazırdı ki (“К еврейскому вопросу” məqaləsində), yəhudi milləti – tacir millətidir, ümumiyyətlə, pul adamlarıdır. Bu qəbildən və bu məzmundan olan baxışların sayı çoxdur. Amma... tarixi həqiqəti heç bir halda “gizlətmək” mümkün deyildir:
- Sahibkarlıq ruhu – protestantizmin deyil, yəhudi millətinin ruhudur. Protestantizm – insan azadlığını “yaratdı” və paralel olaraq, “eqoizmin” inqilabı baş verdi. Yəni, protestantizm inqilabla gəldi... Yəhudi ruhu isə, müasir sivilizasiyanın təşəkkülü və təsərrüfat tiplərinin mahiyyət dəyişikliyi proseslərində substansional axın keyfiyyətində çıxış etmişdir: inqilabla yox, təkamül yolu ilə! Bugünkü inkişaf etmiş ölkələr və cəmiyyətlər nail olduqları yüksək həyat standartlarına görə yəhudi “ruhuna” borcludurlar. İlkin orta əsrlərdən etibarən yəhudilər ticarətlə, sələmçiliklə, sonrakı dövrlərdə qiymətli kağızlar və kapital bazarları ilə məşğul olmuş, banklarım funksiyasını yerinə yetirmişlər... Başqa sözlə, müasir iqtisadiyyatda “söz sahibi” olan komponentləri ... yaratmışlar [27].
- Tərəqqi anlayışı – XIX əsr sosioloqlarına deyil, “Vetxiy Zavet”ə (əhdi cədid) məxsusdur. İudaizm – tarixi tərəqqinin gerçək olduğuna inanır.
- Zaman anlayışının modernist interpretasiyası “Vetxiy Zavet”-dən götürülüb. Bu inanca görə, zaman – düzxətti axındır və yüksəlməyə meyllidir.
Zamanın əvvəli və sonu vardır... Sonra xilaskar zühur edəcək və bu dünyanın bütün nizamı dəyişəcəkdir (amma, İ.Xristosu nəzərdə tutmurlar).
- İudaizmdə əsas olan “əbədi” dünya deyil, bu dünyadır. Moisieyn kitablarında [26] qeyd olunur ki, Tanrının qanunlarına əməl etmək maddi bolluq yaradır. Yəni, möminin imanı nə qədər kamil olarsa, o, o qədər varlı həyat tərzi sürür. Başqa sözlə, o biri dünya yaxud cənnətə düşmək uğurunda deyil, bu dünyada varlanmaq, sərvət toplamaq yolunda çalışmaq lazımdır. İudaizmə görə, “cənnət” bu dünyadadır: Mesopatomiyada... Sadəcə olaraq, onun bərpasına ehtiyac var ki, bu da Apokalinsisdən sonra yerə zühur edəcək Xilaskar tərəfindən həyata keçiriləcəkdir. Bu prizmadan maddi bolluğa çatma, sərvət sahibi olma imanın kamilliyinin əsas ölçü vahidinə çevrilir. İbrahimin (Avraam) sərvəti qoyun və öküzlər, gümüş və qızıl, kölə və kənizlər, dəvə və uzunqulaqlardan ibarət idi [26]. Bunlar, yəni sərvət İbrahimin - hamıya Tanrının ona olan qayğısını sübut etmək lazım idi.
Konfuçiliyin əsas müddəalarını aşağıdakı kimi sıralaya bilərik:
- İnsan – cəmiyyət üçün fəaliyyət göstərən varlıqdır. İnsan – sosio - iqtisadi fəaliyyətin funksiyasından qeyri bir anlam daşımır; iqtisadi mənafelər – individual deyildir;
- Humanizm; Cəmiyyət təbəqələrə bölünür (o cümlədən, iqtisadiyyata münasibətdə də); iqtisadi münasibətlər – ailə münasibətləri eyniyyəti mövcuddur. Ağalıq → tabeçilik prinsipi ruhani “örtüyə” “bürünür”: Təbəqələşmə - təbii obyektiv prosesdir və geridönüşü yoxdur. Cəmiyyət ali və aşağı ( fiziki işlə məşğul olanlar) təbəqələrdən təşkil olunur.
- “Orta yol” ideyası: Sərvət yığımı, onun bölgüsü və istehlakının prosessual qaydası kimi çıxış edir; sərvət toplama – mümkündür, qəbahət hesab olunmur, amma ifratçılıq qəbul edilmir. Yəni, sərvət toplama – sərhədlidir... Sərvəti nə çox, nə də az olmamalıdır. Sərvətin bölgüsündə bərabərlik mümkün deyildir. Eyni zamanda, kəskin qeyri – bərabərlik də qəbul edilməzdir. Sərvətin istehlakı isə mötədil olmalı, təmtaraqdan yan keçməlidir.
Müqayisə üçün, qeyd edək ki, xristianlıq birmənalı olaraq sərvət toplamanın əleyhinədir.
Qurani – Kərimdə isə “orta yol” təbliğ edilir. Müsəlman – tərki –dünya olmamalıdır. Sərvətin qədrini bilməlidir. İfratçılıq – qınanır!
“Mömün bəndələrindən əmin olsaydım, kafirlərin tavanını gümüşdən, nərdivanlarını qızıldan düzətdirərdim” ayəsi ilə ifrat sərvətin yalnız kafirələrə verildiyi təsbit edilməkdədir.
- Tədricilik ideyası: Formalaşmaqda yaxud formalaşdırılmaqda olan yeniləşmə prosesinə şamil edilir. Məsələn, Çin sosialist təsərrüfat tipindən bazar iqtisadiyyatına keçiddə “şok terapiyasından” deyil, “qradualizm”dən istifadə etmişdir.
- Cəmiyyətdə harmoniyaya aparan yol ideyası: ümumirifah-eqoizmin, müharibə və oğurluğun yoxluğu, monolit vahidliyə çatmış cəmiyyət tipi; iqtisadi inkişaf vektorunun seçimi – onun cəmiyyətə və insana istiqamətlənməsi!
Artıq 2,5 min ilin ötdüyünə baxmayaraq, konfuçiliyin məzmununda heç bir dəyişiklik baş verməmişdir. Bu fəlsəfə - müasir Çinin, eləcə də Yaponiya, Cənubi Koreya və ümumiyyətlə Asiyanın yeni sənaye ölkələrinin mental – praqmatik əsasları olmaqda davam edir.
Konfutsi rasionalizmi protestant təfəkkürdən əsaslı surətdə fərqlənir. Onun əsasında ədalətlilik və şəxsi münasibətlər dayanır: Ən alicənab insan - ən çox çalışan (cəmiyyətin mənafeyinə) insandır.
Konfuçilikdə - o dünya və “cənnət” yoxdur. Və belə bir vəd də verilmir. Sadəcə olaraq, qeyd etdiyimiz statusa (alicənablıq) yiyələnən insan sağlam və uzun ömür yaşayır (sərvətinin həcmi əsas deyil), ölümündən sonra da özü haqqında yaxşı xatirələr (yaddaş) buraxır.
Konfutsi əmin idi ki: “... İnsanlar təbiətin yolunu getməli, insanlar və ətraf mühitlə harmoniya­da olmaldır... Bu – həyatda insanın başlıca məqsədi­dir”[28].
Göründüyü kimi, konfuçilik Avropa mənşəli yaranış olan “iqtisadi insan” abstraktsiyasını qəbul etmir. Konfuçiliyin iqtisadi proyeksiyasının əsas xarakterik cəhətlərinə aşağıdakıları aid etmək olar:
1) İqtisadiyyat və onun məqsədlərinə TAMlıq, bütövlük prizmasından yanaşma;
2) Sosial həmrəylik, sosio – mədəni identikliyin formalaşdırılması və təsərrüfat həyatının əsas istinad nöqtələri – hərəkətverici qüvvələri statusunda qəbulu;
3) “İtki – fayda” dixotomiyasının fövqündə dayanma; Əmək prosesinin motivasiyasının mental dəyərlərlə “yüklənməsi”;
4) Keyfiyyət aspektinin ön planda tutulması; Kəmiyyətcə çoxalma – hələ keyfiyyət dəyişikliyi deyildir.
Bir sıra tədqiqatçılar qeyd edirlər ki, müasir “Şərq” dünyasına mənsub olan ölkələrin (Çin, Yaponiya, Honkonq, Cənubi Koreya və s.) böyük uğurlar qazanmasının kökündə konfutçilik fəlsəfəsi dayanır [4].
Məlum olan həqiqətlərdən biri onsan ibarətdir ki, induizm – monoteist çərçivəyə nəinki sığmır, heç aid də deyil və bu anlamda onun birmənalı qiymətləndirilməsi problemi mövcuddur.
Elmi camiədə induizmə münasibət kifayətqədər zidiyyətli xarakter daşıyır. Tədqiqatçıların bir qrupu hesab edir ki, induizm – bütpərəst deyimlərin yığını, xəstə insan təbiətinin dinidir... Digər qrup isə əminliklə qeyd edir ki, induizmi – yalnız Hindistanın böyük övladları anlaya və Tanrıya yüksələ bilər [12, s.123].
İnduizmdə - “elastiklik” (hətta, ateizmi də qəbul edir) – normal insan təxəyyülünün sərhədlərindən çox uzaqdadır. Ruhi – ideoloji yönümdə “yabançı” fikirlərə (oxu:dəyərlərə) heç bir məhdudiyyət yoxdur. Amma... cəmiyyətin sosial təşkilinin kasta sistemi və rituallarla bağlı hər hansı bir kompromisdən söhbət gedə bilməz. İnduizmdə - həqiqət iyerarxikdir. Onun ən dəqiq təcəssümü kasta sistemidir. Ç.Eliot yazır ki, “...induizm – dinlərin (sikxizm, caynizm, daoizm və s.) parlamentidir... üzv olmaq üçün, sadəcə brahmanlara ( ən yüksək iyerarxiya – kasta sistemində) hörmətlə yanaşmaq və Vedinin nəzəri müddəalarını qəbul etmək kifayətdir”[21].
İnduizm – tərəfdarlarının sayı baxımından – 1 mlrd. nəfərdən çox – dünyada 3-cü yeri (Xristianlıq və islamdan sonra) tutur. İnduizmin – təkcə Hindistanda deyil (əhalinin 87% - i), eləcə də qonşu ölkələrdə və hətta Qərb ölkələrində də tərəfdarları vardır...
Bununla belə, çox maraqlıdır ki, aparılan çoxsaylı tədqiqatlara baxmayaraq, bugünə qədər induizmin fəlsəfi, dünyagörüşü, mənatutumluğu sərhədlərini müəyyənləşdirmək mümkün olmamışdır. Bu aspekt induizmin iqtisadi proyeksiyasında da dərketmə diskomfortu yaradır.
Beləliklə, induizmin iqtisadi məzmunu “Artxaşastra” adlı qədim traktatda yer almışdır. Son dövrlərdə “Ruhani iqtisadiyyat” konsepsiyası populyarlaşmağa başlamışdır.
- Mülkiyyət və şəxsi mənafe anlayışlarına münasibət birmənalıdır və doğurdan da “xəstə insan” təxəyyülünün gəldiyi qənaət kimi səslənir: “... Sən öhdəliklərini yerinə yetirə bilərsən, amma... sənin əldə etdiklərin sənə məxsus deyildir... Bununla belə, öhdəliklərini yerinə yetirməlisən... Krişnaya xidmət edənlər kimi – doğum → ölüm dövriyyəsindən xilas olmanın yolu maddi dünyada fəaliyyətinin məhsullarından imtina etməkdir” [19]. Başqa sözlə, əmək prosesi – sırf dini dəyərlər kontekstindədir və ona əməl olunması mütləqdir. Lakin, prosesin nəticələri (istehsal edilmiş məhsul) sənə aid deyildir. Nəticələrə “bağlanmaq” insanı haqq yoldan azdırır. İnsan – heyvanla müqayisə edi­lir: Heyvanın heç nəyi yoxdur, hətta öz bədəninin də sahibi deyildir. Dahası da var: sahibi onu öldürəndə də, heyvan ona müqavimət göstərmir. Krişnanın nəzərində insan məhz belə olmalıdır. Bu cür dəyərin iqtisadi proyeksiyası, birmənalı olaraq rəqabətin şər olduğunu və ondan uzaqlaşmağın zəruriliyini ortalığa qoyur. İnsan özünə deyil, cəmiyyətə xidmət etməlidir. Amma, mahiyyətcə, inqilabi xarakter daşıyan dəyişikliyin həyata keçmə mexanizmi necə olacaq? sualının cavabı yoxdur. Sabiq SSRİ – nin təcrübəsi bu qəbildən olan yanaşmaların nəyə yaxud nələrə gətirib çıxardığını çoxdan ortalığa qoymuşdur.
Digər bir “dəyər” – istehlakın minimal səviyyəyə qədər azaldılmasıdır. Yəni, insanlar “aza qane olarlarsa” resursların qıtlığı problemi kəskinləşməz. Amma... “aza qane olmaq” – nə deməkdir yaxud yarı – ac, yarı – tox yaşam tərzindənmi söhbət gedir – qeyri – müəyyəndir. Və bütün bunların hamısı, məcmu şəkildə həyata keçirilərsə, onda mütləq formada sinergetik effekt meydana çıxacaqdır... Hesab edirik ki, qismən də olsa, təsvir etdiyimiz “indus təxəyyülün” empirik təsbiti, sadəcə olaraq mümkünsüzdür. Həqiqətən də, utopik səciyyə daşıyan yanaşmanın gerçəkliyə transferi, elə onun özü kimi, utopik istək olaraq qalacaqdır.
Digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, sərvət pislənilir, amma cəmiyyətin kastalarıa bölgüsü məqbul hesab edilir. Buna rəğmən sosial bərabərlik ideyasına sadiqlik nümayiş etdirilir. Əslində isə, bərabərlik ideyası – kastadaxili (4 səviyyəli kasta sistemi) məsələ kimi ortalığa qoyulur... Daha tam təsəvvürün yaranması üçün qeyd edək ki, kasta sistemində ən yüksək səviyyə - Brahmanlardır. Tanrının yerdəki canişinləri. Bazar iqtisadiyyatında isə - indus yanaşma aspektindən – bir çox hallarda kastanın ən aşağı səviyyəsində duranlar – şudrlar (fiziki əməklə məşğul olanlar) cəmiyyətin liderinə çevrilə bilirlər... Hipotetik olsa da, anlaşılan bu ki, induizm – nəyin bahasına olursa – olsun kasıbın liderə çevrilməsini önləməklə mükəlləfdir.
Müəyyən fərqlərin olmasına baxmayaraq, Buddizmlə induizm arasında həm konseptual ideya­larla, həm də gündəlik yaşam tərzi ilə bağlı kəsişən xəttlər kifayət qədərdir. Elə induizmin tədqiqatçıları da, qeyd edirlər ki, buddizm – induizmin tarixi prosesdə ayrılmış qoludur [6]. Buddizmin əsasını qoyan Budda Şakyamuni induizmdə Vişna tanrısının təzahürlərindən biri hesab olunur. Buddizm – induizmi təltiş etmə yolu ilə bəzi fərqliliklər ortaya “çıxarmışdır”: Məsələn, Kasta sistemi qəbul edilmir. İnsanı ucaldan etikasıdır, mənşəyi deyil;
Nəhayət sonuncu və ən mükəmməl din olan islamın konseptual mahiyyətini apardığımız müqayisəli təhlildə ərtaflı məzmunda əks etdirdik.
Dinin ictimai həyat üzərində proyeksiyasının doğurduğu mənzərənin ənənəvi iqtisadi yanaşmadan fərqli məzmun daşıdığını ümumiləşdirilmiş formada ifadə etməyi də məqsədəuyğun hesab edirik.
Blok – sxemdən göründüyü kimi, neoklassika və ümumiyyətlə, müasir dövrdə qərarlaşmış elmi baxış iqtisadi artımın faydanın maksimumlaşdırılması hesabına əldə edildiyindən və onun milli rifaha müsbət yönümlü təsirinin “spontan qayda” mexanizmi vasitəsilə gerçəkləşdiyindən tam şəkildə əmindir. Və biznes (iqtisadi subyekt, individium) özü bilməsə də, faydanın maksimumuna can atır və bu prosesdə paralel şəkildə tələbatların ödənilməsini həyata keçirir (özündən asılı olmadan). Eyni zamanda, hər iki yönümlü fəaliyyət birmənalı şəkildə rasional xarakter daşıyır. Bütün bunlar isə spontan qaydanın “diqtəsi” altında baş verir... Çox maraqlıdır. Sırf konretliklərdən ibarət olan hərəkət trayektoriyası
abstrakt “örtüyə” bürünür. Sosio – iqtisadi gerçəkliyin ifadə etdiyimiz məzmunda nəzəri təsəvvürü – deduktiv əqli – nəticələrin dominant səviyyədə olduğunu ortalığa qoyur. Bu – artıq real deyil, nəzəri “gerçəklikdir”. Bu “gerçəklikdə”canlı insanı görmək mümkünmü yaxud onu görə bilən varmı?
Axı, iqtisadiyyat “simasız” deyil!
Sosio – iqtisadi gerçəklikdən neoklassikanın anlaqdıları yaxud görə bildikləri – A.Marşallın dövründən bu yana – həmişə “yarımçıqlıq” xarakteri daşıyıb. Və bu “yarımçıqlıqdan” faydalanan yalnız və yalnız qlobal kapitaldır.


Şəkil 1. İqtisadi reallığa “insani” baxış: neoklassik və islami yanaşmaların mahiyyət fərqliliyi

Əməl, saleh (yaxşı) əməl – “Qurani – Kərimin” mərkəzi anlayışıdır. Müqəddəs kitab saleh əməl sahibi olanları müttəqi adlandırır: İnsan cəmiyyəti – saleh əməl sahibi olanların hesabına “insanlıq” keyfiyyəti əxz edir. “Qurani – Kərim” [25] saleh əməlin məzmununu təfərrüatı ilə təsvir edir:
-Allaha, axirət – gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanmaq;
- Mal – dövləti çox sevməyinizə baxmayaraq, malını (kasıb) qohum - əqrabaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf etmək;
- Namaz qılıb, zəkat vermək;
- Əhdinə sadiq olmaq;
- Ehtiyac yaxud xəstəlik zamanı, çətinliklə qarşılaşanda səbr etmək;
Digər bir ayədə isə saleh əməl anlamında tövsiyyələr yer almışdır: [25]
- Allahın sənə verdiyindən özünə axirət qazan;
- Dünyadakı nəsibini də unutma (qismətinin ancaq bir kəfən olduğunu bil);
- Pulunu mənasız yerə sağa – sola səpələmə;
- Səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil;
- Allah sənə sərvət verməklə yaxşılıq etdiyi kimi, sənə də yaxşılıq et (varından yoxsullara xərcləməklə);
- Yer üzündə fitnə - fəsad törətməyə cəhd göstərmə islama görə kamil iman -saleh əməllə ibadətin vəhdətidir.

Yekun mülahizələr
Sübut etməyə ehtiyac yoxdur ki, istənilən cəmiyyətdə əmək və yoxsulluq anlayışlarına münasibətin dəyərtutumu, yəni konkret mənası dini inancdan qaynaqlanır. Məlumdur ki, XVII əsrin ortalarına qədər (1648 – ci il) din hər şeyin və hamının dəyər “ölçüsü” kimi çıxış edirdi. Protestant “çevrilişi” və “milliliyin” ön plana çıxışı dinin, ilkin olaraq Qərbi Avropada Katolik kilsəsinin və onun yaratdığı Müqəddəs Roma imperiyasının, hakimi – mütləqliyinə son verdi. Lakin...bütün qərb cəmiyyətlərinin təfəkkür tərzlərinin dini məzmunluluğunda əsaslı bir dəyişiklik olmadı.
Əksinə, bu dövrdən sonrakı tarixi inkişaf mərhələlərində, elə bugünə qədər milli dəyərlər, milli mentallıq adlananların formalaşma mənbəyi məhz həmin cəmiyyətin mənsub olduğu dini inancdır. Bu prosesdə şüuraltı təlqin və intuitiv konkretləşmələr mühüm rol oynamışdır...
Bu aspektdən yanaşdıqda, anlamamaq mümkün deyildir ki, iqtisadi elminin ilkin sistemli yaranışı – klassik siyasi iqtisad – nəzəri konstruktsiya olmaq etibari ilə - xristian mənşəlidir. Ümumiyyətlə, əksər monoteist dini cərəyanlarda iqtisadiyyatın əmək modeli təbliğ edilir. Bununla bahəm, yaşam standartlarının konkret məzmunu və sərhədləri (sərvətə münasibət prizmasından), elə həmin konkretliliklə müəyyənləşdirilir.
İbrani dinlər (İbrahimindən gələn) arasında sıx bağlılıq mövcuddur. Bağlılığın ana xətti:
Qanun → həqiqət → əməl üçlüyünü ehtiva edir. Moiseyin Qanunları insanın yalnış əməlini məhdudlaşdıran qadağaları əks etdirir. Xristosun gətirdiyi əməldə həqiqətin məzmun açıqlanmasıdır. Məhəmməd – Mustafanın təbliğ etdiyi, hər iki istinad sütununa uyğun gələn əməlin salehliyidir. Başqa sözlə, monoteist din – insani həyat tərzinin konstitutsiyasıdır. Məhz buna görə də, islam – sonuncu din, onun peyğəmbər də sonuncu peyğəmbər hesab olunur.
İstinad etdiyimiz üçlük cəmiyyətdə birgə yaşayış qaydalarının insanlıq (oxu:rasional) sərhədlərini və hər cür fəaliyyətin (o cümlədən, iqtisadi) məna yükünü formalaşdırır. Təfsilata varmadan da, öz – özlüyündə aydındır ki, üçlüyün bütün təfərrüatı, olduğu kimi reallaşdırıla bilsə idi, onda sözün bütün mənalarında ideal – insan cəmiyyəti qurulardı. Amma, sözügedən ideallıq gələcəkdə mümkündürmü? sualına cavabda yekdil yanaşma yoxdur. Evanqelie və Qurani – Kərim bunun mümkün olmayacağını, əksinə - situasiyanın getdikcə pisləşəcəyini və dünyanın sonunun gələcəyini yazır: Dünyanın sonunu da dünyanın özü (yəni, insanlar) gətirəcəkdir. İudaizm də apokalipsisin olacağını deyir, amma bu, dünyanın sonu olmayacaqdır. Xilaskar gələcək və mütləq ədalətli cəmiyyət formalaşacaqdır.
Elmi yanaşmaların böyük əksəriyyətində irrasio­nalizm- dinin az qala əsas keyfiyyət xarakteristikası kimi təsvir olunur; Dini deyimlər elmi prizmadan sübut edilən deyil; Deyimlər – ehkam xarakterlidir və s. Bu qəbildən olan baxışların geniş yayılmasının kökündə dini dəyərlərin mistik kontekstdə interpretasiyasına istinad edilməsi dayanır.
İqtisadi fəaliyyətlə bağlı dini baxışların strukturu, araşdırmalarımızın da göstərdiyi kimi, tam fərqli təsəvvür formalaşdırır;
1) İnsan həyatının mənası – faydanın maksimumlaşdırılmasında, israfçı istehlakda deyil;
Tarixi təcrübə birmənalı şəkildə təsbit edir ki, bu yönümdə tətbiq edilən “nəyin bahasına olursa, olsun” prinsipi – inkişafın sosial və ekoloji əsaslarını dağıtmaqla – cəmiyyəti məhvə aparır. İqtisad elmində faydanın maksimumlaşdırılması rasional hərəkət hesab olunur. Başqa sözlə, cəmiyyəti məhvə aparan hərəkət – rasionaldır tipli bir “aksioma” ortalığa qoyulur.
2) Əhdi-ətiq (Noviy zavet) və ələlxüsus, Qurani – Kərimdə faydalılığın (oxu: iqtisadi artımın) sərhəddi var və o tələbatların tam şəkildə ödənilməsi səviyyəsi ilə üst – üstə düşür. Sərvət toplama – günah deyil, əgər,
1. Halal zəhmətlə toplanırsa; və 2. Sərvətə vurğunluq, acgözlük, hərislik və s. tipli neqativlərlə müşaiət olunmursa;
Amma, ən doğru yol(varlı/kasıb bölgüsündə) “orta yoldur”. Qurani – Kərimdə bu aspektdən spesifik bir yanaşma da mövcuddur: “... Mömin bəndələrimdən arxayın olsaydım, kafirlərin evlərinin tavanını qızıldan, nərdivanını da gümüşdən düzəldərdim”. İfrat varlılıq – insanların imanına, insani fəzilətlərə mənfi təsir göstərir. Eyni zamanda, islam Peyğəmbəri “...harada yoxsulluq varsa, orada kafirlik vardır” demişdir. Yəni, hər iki qütb – varlılıq və yoxsulluq – təqdir edilmir və bu qütblərin mövcud olduğu cəmiyyətin “insani siması” görünməz hala gəlir; Bu cür baxışları “işsizliyin təbii səviyyəsini” (?) aksioma kimi qəbul edən iqtisad elmi anlama qabiliyyətində deyildir.
3) Din – cəmiyyət həyatında sosial mühafizəni ən üst qatda yerləşən prinsip kimi qəbulunu tövsiyyə edir: Tələbatından artıq qalan hissəni ehtiyacı olanlar arasında bölüşdür. Cəmiyyət daxili yaşayış standartları arasındakı fərqi “neytrallaşdırmaq” məqsədi ilə Qurani – Kərimdə Ulu Tanrının müraciəti yer almışdır: “... Yoxsullar – mənim qohum - əqrabalarımdır. Onlara baxın”. İqtisad elmi üçün sosial mühafizənin yalnız bir funksiyası var: iqtisadi artıma əngəl yaratma iqtidarında olan makrososial sabitliyin pozulmamasına xidmət göstərmək və s.
İndi, bu deyimlərin (təsbitlərin, tövsiyyələrin) hansı ehkamçı xarakterlidir, sübut edilən deyil və irrasionaldır? Əslində, həqiqi, gerçək rasionalizm məhz bu deyimlərdə yer alır. İqtisad elmi, insanı “parçaladığı” (iqtisadi insan) kimi, rasionalizmi də “özəlləşdirir”.
Rasionalizm – sosial hərəkətin məqsədə doğru zamanca ən qısa və ən az məsrəflə gedişidir. Onu “iqtisadiləşdirmək” anlayışın gerçək mahiyyətini deformasiyaya uğradır...
Məqsəd - ən ali formada – insan cəmiyyətinin insan kimi yaşayan cəmiyyət səviyyəsinə yüksəlişidir. Bu aspektdən cəmiyyətin sahə və sferaları həmin rasional sərhədlər çərçivəsində məqsədə doğru hərəkətdə olurlar. Yəni, rasionalizm – bütövlükdə sosial hərəkətə xas olandır. İqtisadi hərəkət də - bu məcmuluqda olanlardan biridir. Və rasionalizmi – faydanın maksimumlaşdırılması dərəcəsi ilə ölçmək – gerizəkalılıqla çulğalaşmış “separatçılıqdan” qeyri bir məna kəsb etmir...

Açar sözlər: din, irrasionalizm, iqtisadiyyat, mentallıq, cəmiyyət, inkişaf.

ƏDƏBİYYAT SİYAHISI
1. Canetti, E. Kütlə və hakimiyyət. Bakı: 2016,- s.181
2. Feyzullabəyli, İ. Bayramov, Ə. İslam: sosial – iqtisadi münasibətlər. Bakı:2008, səh. 82-83
3. Kissencer, H. Dünya düzəni. İstanbul, 2016
4. Белик, А. Экономическая антропология// Экономический Журнал. 2010.№4.
5. Бергер П. Капиталистическая революция/ - М.:1994, -стр.146
6. Бонгард, Г. Древнеиндийсткая цивилизация// М.:1993
7. Ванюкова И.А. Влияние религиозных ценностей на экономику и её развитие // Современные научные исследования и инновации. 2015. № 6.
8. Вебер, М. Избранные произведения: Пер. с нем./Сост., общ. ред. и послесл. Ю.Н. Давыдова; Предисл. П.П. Гайденко. — М.: Прогресс,1990
9. Гараджа, В. Социология релегии/- М.:1996,-стр.168
10. Дюркгейм, Э. Элементарные формы религиозной жизни : тотемическая система в Австралии / Эмиль Дюркгейм ; пер. с франц. В. В. Земсковой ; - Москва : Элементарные формы, 2018
11. Лоуренс Харрисон: Главная истина либерализма: Как политика может изменить культуру и спасти ее от самой себя/ М.:2008 г. - стр.282
12. Мезенцева, О,В. Роль индуизма в идеологической борьбе в современной Индии. М.: 1986, -с.123
13. Основы Социальной концепции РПЦ. VI.4.VI.6
14. Пиличев, А. Образы экономических отношений собственности и тарговли в священном писании ветхого завета// Вестник (Екатеринбуртской духовной семинарии). Вып.1. – 2011
15. Рязанов, В. Роль религиозной этики в формировании этно-экономических (национальных) систем хозяйствования, Проблемы современной экономики, N 3 (27), 2008
16. Смит, А. Исследование о природе и причинах богатство народов. М.:2007
17. Толковая Библия, или комментарий на все книги Св. Писания Ветхого и Нового Завета. Т.10. СПБ:- 1912 (ier. 22:13).
18. Azzi, L., Ehrenberq, R. Household Allocation of time and church attendance\\The Journal of Political Economy\-vol.83,-1975
19. Bhagavad Gita I Chapter 2 Verses 48 51 I Swami Sarvapriyananda
20. Dobbelaere,K. Secularization: a Multi – Dimensional Concept\\ Current sociology, 1981,- v.29
21. Elliot, Ch. Hinduism and Buddhism. An Historical Sketch. – vol.1. 1957
22. Jannaccon,L. Introduction to the Economics of Religion \\ Journal of Economic Literature/ -1998, -vol.36
23. Weber, M. The Protestant Ethic and the Spirit of Capitalism. -1905
24. Zannoccone,L.Introduction to the Economics of Religion//Journal of Economic Literature:Vol.36,1998
Elektron resurslar
25. Qurani–Kərim/ əl- Qəsəs, 77 – ci ayə, əl – Bəqərə surəsi, 177-ci ayə, əl – Bələd surəsi, 4 – cü ayə, ən –Nəhl surəsi, 71 – ci ayə, Əş –Şura surəsi, 27-ci ayə, ət – Tövbə surəsi, 35-ci ayə;əl – Huməzə surəsi, 9 – cu və 10 – cu ayələr, əl –Furqan surəsi, 67-ci ayə, əl – İsra surəsi, 29-cu ayə \https://www.academia.edu
/4138475/Quran_Tercumesi_Ziya_B%C3%BCnyadov
26. Библия (Синодальный перевод). Бытие 49:25-26, Бытие – 12.5, 13:2, 3:19, Левит- 26:3 – 13; Число 36:7; Левит – 25:23 :Мф.5:16; Иак. 2:17, Второзаконие 28:1 – 13, Vtor. 24:14-15/ Мф.5:40-41)https://www.biblegateway.com/
27. Ветхий Завет. Прогматичность и добродетельность/[элект.ресурс]/ econ.wikireading.ru/hD
28. Конфуцианство: путь гармонии и справедливости/ [элект.ресурс]http//www. tvoyhram.ru/ daosizm
29. Послание К Евреям. / intern. Resurs/ bible.ru.org/Hebrews

РЕЗЮМЕ
Д.э.н. проф. А.И.Байрамов
Азербайджанский государственный
университет экономики
Email:[email protected]

РЕЛИГИЯ И ЭКОНОМИКА: РАЦИОНАЛЬНЫЕ ГРАНИЦЫ НОРМАТИВНОСТИ
Полярность существующих концептуальных взглядов на проекцию религии на экономическую жизнь чрезвычайно широка.
Основная цель статьи - оценить адекватность концептуального толкования религии → экономического отношения действительности и дать теоретическое обобщение.
Методология исследования основана на общепринятых методах и приемах социального познания.
Обоснованность результатов, полученных в процессе исследования, имеет аксиоматическое содержание: место и роль религиозных ценностей в социально-экономической сфере актуальны и сегодня.

Ключевые слова: религия, иррационализм, экономика, менталитет, общество, развитие.

SUMMARY
Doctor of Economics Prof. A. I. Bayramov
Azerbaijan State University of Economics
Email: [email protected]

RELIGION AND ECONOMY: RATIONAL BORDERS OF NORMATIVITY
The polarity of the existing conceptual views on the projection of religion on economic life is extremely wide.
The main purpose of the article is to assess the adequacy of the conceptual interpretation of religion → economic relations to reality and to provide a theoretical generalization.
The research methodology is based on generally accepted methods and techniques of social cognition.
The validity of the results obtained in the research process has an axiomatic content: the place and role of religious values in the socio-economic sphere is still relevant today.

Keywords: religion, irrationalism, economy, mentality, society, development