Bu il Sumqayıt şəhərinin 70 yaşı tamam olur. Ölkə Prezidenti İlham Əliyevin 2019-cu il 14 fevral tarixli Sərəncamı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinin geniş miqyasda və təntənəli şəraitdə qeyd edilməsi qərara alınmışdır [1]. Bu baxımdan, Sumqayıt şəhərinin inkişafı ilə bağlı iqtisadi-tarixi aspektlərin araşdırılması və obyektiv olaraq qiymətləndirilməsi vacib şərtlərdəndir. Sumqayıtın güclü sənaye mərkəzi və inkişaf etmiş şəhər kimi formalaşmasında Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri olmuşdur [2].
1969-cu ildə Azərbaycan Respublikasının rəhbərliyinə başlamış ulu öndər Heydər Əliyevin respublika iqtisadiyyatının inkişaf dinamikasının sürətləndirilməsində və sosial-iqtisadi inkişafın intensivləşdirilməsində böyük həcmli tarixi işlərin görülməsini təmin etmişdir və bütün bunlar Sumqayıt şəhərində də öz ifadəsini tapmışdır. Belə ki, Heydər Əliyevin təşəbbüsləri sayəsində 1970-80-ci illərdə Sumqayıtda sənaye mərkəzinin yenidən qurulması, yeni istehsalat sahələrinin, müəssisələrin yaradılması, daha məhsuldar və səmərəli texnoloji qurğuların istismara verilməsi, bunlarla bərabər mövcud istehsalatların yenidən qurulması tədbirləri geniş həcmdə həyata keçirilmişdir [3].
Sumqayıt şəhərinin sənaye potensialında kimya müəssisələrinin rolunu və ümumiyyətlə, bu sənaye sahəsinin respublika üçün əhəmiyyətini nəzərə alan Heydər Əliyev vaxtilə qeyd edirdi ki, kimya sənayesi respublika üçün mühüm əhəmiyyəti olan proqressiv bir sahədir, bu səbəbdən də yeni kimya müəssisələrinin inşa edilib mənimsənilməsində geridə qalmaq, hər hansı bir lənglik yolverilməzdir. Bu cür yanaşma həmin dövrdə demək olar ki, Sumqayıtın sosial-iqtisadi inkişafının sürətləndirilməsində, onun sənaye potensialının artırılmasında, yeni müəssisələrin yaradılmasında, şəhər təsərrüfatının inkişaf etidirilməsində əsas götürülmüşdü. Ulu öndər Sumqayıtı daim diqqət mərkəzində saxlayırdı və həmin dövrdən başlayaraq, müstəqilliyin bərpasından sonrakı dövrlər də nəzərə alınmaqla, 16 dəfə Sumqayıta səfər etmişdir və onun hər dəfə Sumqayıtda olmasından sonra şəhərin sosial-iqtisadi inkişafına yeni təkan verilmiş, şəhərin dayanıqlı və tarazlı inkişafı üçün zəruri tədbirlər görülmüşdür.
İlk dəfə Ulu Öndər Azərbaycan Respublikasının rəhbəri kimi Sumqayıta 1971-ci ilin aprel ayının 7-də səfər etmiş və Rumıniyanını nümayəndə heyəti ilə “Üzvi Sintez” zavodunda olmuş, sovet-rumin dostluğu mitinqində iştirak etmişdi [4]. Həmin dövrdə “Üzvi Sintez” zavodu keçmiş SSRİ-nin və Avropanın ən iri kimya kombinatlarından hesab olunurdu. Heydər Əliyev bu sahənin inkişafı və sonrakı dövrlərdə daha geniş potensialının formalaşdırılması istiqamətində zəruri tapşırıq və tövsiyələrini verməklə, sonrakı illərdə Sumqayıtın, onun sənaye müəssisələrinin daha sürətli inkişafı üçün ruh yüksəlikliyi yaratdı, əsaslı zəmin formalaşdırdı. Belə ki, Heydər Əliyev “Üzvi Sintez” zavodunun sexlərini gəzərək, buraxılan məhsulların keyfiyyəti, insanların iş, məişət şəraiti ilə maraqlanmışdı. Məhz onun məsləhəti ilə Sumqayıtda 1971-ci ildə “Kompressorlar” zavodu istifadəyə verilmişdir. Yaponiyanın “Nippon Elektrik İndustri” şirkətinin lisenziyası, avadanlığı əsasında qurulmuş müəsissədə soyuducular və dondurucular üçün motor-kompressor istehsal olunurdu. Heydər Əliyevin bu gəlişi ilə Sumqayıtda sosial-iqtisadi inkişaf daha da sürətləndi, 1972-ci ildə Ticarət Mərkəzi, Göz xəstəxanası, 12 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildi və 12-ci mikrorayonun bünövrəsi qoyuldu.
30 noyabr 1973-cü ildə Heydər Əliyev ikinci dəfə Sumqayıtda olmuşdur. Bu səfər zamanı əsas məqsəd - nəhəng metallurgiya zavodu olan - “Azərbaycan Boru-Prokat Zavodu”nda vəziyyətlə yerində tanış olmaq idi və metallurqlarla görüşərək, öz irad və təkliflərini bildirmişdir. Metallurgiya müəssisələri ilə yanaşı, Sumqayıtda toxuculuq müəssisələtinin tikintisinin başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Azərbaycan Boru-Prokat zavodunun Partiya Komitəsinin Konfransında çıxışı zamanı Heydər Əliyev demişdir: “Hər dəfə zavoda gələndə, yəqin edirsən ki, burda təqribən 20 millətin nümayəndələrindən ibarət səmimi kollektiv çalışır. Kollektivin işi heç də həmişə rəvan getməmişdir. Məsələn, 1969-cu ildə zavod acınacaqlı vəziyyətdə idi. Buna görə də biz müəssisədə işlərin vəziyyəti ilə dərindən maraqlanmağa, geriliyin səbəblərinin aşkara çıxarmağa və bu geriliyin aradan qaldırmağın yollarını müəyyən etməyə məcbur oluruq... Zavodun rəhbərliyi möhkəmləndirildi və vəziyyət çox çəkmədən yaxşılaşdı... İşdə ciddi dönüş yaratmaq, təsərrüfatın idarə olunmasının intensiv metodlarına daha çox fikir vermək lazımdır. İqtisadi yüksəlişi təmin etmək üçün əmək məhsuldarlığını artırmaq, elmi-texniki tərəqqini sürətləndirmək, mövcud istehsal qurğularından istifadə etmək, təsərrüfata sərf edilmiş hər manatın, işlədilən metalın və digər materialların hər tonunun daha çox səmərə verməsini təmin etmək lazımdır [5]. Heydər Əliyevin bu proqram xarakterli çıxışı həmin dövrdə Sumqayıtda iri müəssisələrin bütün kollektivlərini və rəhbərliklərini səfərbər etdi, əmək və istehsalat intizamını gücləndirdi və ümumilikdə, şəhərin sosial-iqtisadi inkişafının intensivləşdirilməsinə əlavə stimullar verdi.
Qeyd edək ki, Sumqayıtın tarixində elə dövrlər vardır ki, onlara xüsusi yanaşmalar tələb olunur. 1970-ci illərin əvvəllərində Sumqayıtın sosial-iqtisadi inkişafının tarixində tamamilə yeni bir mərhələ başladı və bu proseslərin nəticələri 1985-ci ilədək özünü fəal şəkildə göstərdi. Həmin dövrdə Sumqayıt nəinki Azərbaycanın, ümumilikdə keçmiş SSRİ-nin ən güclü və dinamik inkişaf edən sənaye şəhərlərindən birinə çevrilmişdir. Şəhərdə sosial-iqtisadi inkişafın bütün aspektləri üzrə kompleks və sistemli tədbirlər görülmüş, şəhər təsərrüfatının müasir şəhərsalma standartlarına uyğunlaşdırılması təmin edilmiş, şəhər əhalisinin rahat yaşaması və işləməsi potensialı yaradılmışdır. Yeni məktəblər, xəstəxanalar, uşaq baxçaları, sosial obyektlər istismara verilmiş, şəhərin küçə və prospektləri abadlaşdırılmış, mənzil fondu əhəmiyyətli səviyyədə artırılmış, yeni yaşayış mikrorayonları salınmış, şəhərdə kommunal xidmət sahələrinin inkişaf etdirilməsinə, nəqliyyat sisteminin gücləndirilməsinə xüsusi önəm verilmişdir. Sənaye infrastrukturunun gücləndirilməsi və bu sahədə səmərəliliyin artırılması üçün bir-birinin ardınca yeni istehsal sahələri yaradılmış, Sumqayıtın sənaye strukturu diversifikasiyalaşdırılmışdır [6]. Ağır sənaye sahələri ilə yanaşı, digər daha perspektivli, elm və texnologiyalar tutumlu iqtisadiyyat sahələrinin inkişafına start verilmişdir [7]. Xüsusilə, şəhərdə toxuculuq sənayesi müəssisələri yaradılması hesabına həmin dövrdə artıq dinamik şəkildə artım nümayiş etdirən şəhər əhalisinin işlə təminatı problemlərinin, o cümlədən, qadınların işlə təminatı sahəsindəki çətinliklərin əhəmiyyətli hissəsi aradan qaldırıldı. Məsələn, Sumqayıtda XX əsrin 70-ci illərində “Üst trikotaj” fabriki və “Xovlu iplik” fabrikləri işə salınmışdır. Bu sahədə işləyənlərin 80 faizindən çoxu gənc qadınlardan ibarət idi. Eyni zamanda, Xovlu iplik fabriki respublikanın 20-dən çox müəssisəsi üçün xammal istehsal edirdi [8, s.71].
Bundan əlavə, kimya və neft kimya kompleksinin sürətli inkişaf mərhələlərindən biri kimi 1970-1980-ci illər daha çox yadda qalmışdır. Belə ki, respublikada kimya sənayesinin geniş və hərtərəfli inkişafına diqqət və qayğı göstərən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə kimya sənayesinin əsasını təşkil edən Sumqayıtın sənaye iqtisadi kompleksinin potensialını artırmaq üçün tarixi işlər görülmüşdür. Heydər Əliyev Sumqayıtda növbəti dəfə 1974-ci il yanvar ayının 31-də olmuş və Sumqayıt Şəhər Partiya Təşkilatının XVIII Konfransında iştirak etmişdir. Bu Konfransda şəhərin sosial-iqtisadi inkişafındakı nöqsanlar açıq şəkildə verilmiş, xüsusilə, yeni yaşayış rayonlarının su və yanacaqla təchiz olunması məsələsinə məsuliyyətsiz yanaşanlar tənqid olunmuşlar. Gənclərlə aparılan işlərin gücləndirilməsinin vacibliyi bildirilmişdir. Konfransda böyük nitq söyləyən Heydər Əliyev demişdir: “İqtisadiyyatın inkişafında, ictimai-siyasi həyatda, şəhər tikintisində Sumqayıt əməkçilərinin nailiyyətləri şəksizdir... Boru-Prokat zavodunda, sintetik kauçuk zavodunda və xüsusən, ötən il yarıtmaz işləmiş Sumqayıt Kimya Sənayesi Müəssisələri Birliyində böyük ehtiyat mənbələri vardır. Kompressorlar zavodunun sənaye qurğularından yol verilməz dərəcədə ləng istifadə edilir, halbuki bu zavod üçün avadanlıq satınalınmasına dövlət xeyli valyuta sərf etmişdir. Ötən il əsas fondların işə salınmasına dair planını yerinə yetirməmiş Sumqayıt inşaatçılarının da öz işlərini yaxşılaşdırmaq üçün hər cür şərait vardır” [9]. Təhlillər göstərir ki, məhz Heydər Əliyevin bu sağlam və obyektiv tənqidi nitqindən sonra Sumqayıtda sosial-iqtisadi inkişaf xeyli intensivləşmişdir və təsadüfi deyildir ki, 1970-80-ci illər Sumqayıtın sosial-iqtisadi inkişafında intibah dövrü kimi qiymətləndirilir. Həmin illər ərzində neft kimya kompleksi əsaslı surətdə yenilənmiş və karbohidrogen ehtiyatlarından səmərəli inkişafı üçün xeyli iş görülmüşdür [10]. Bu kompleksdə geniş miqyasda yenidənqurma işlərinin aparılması Sumqayıt kimya kompleksinin Azərbaycanda Respublikasının iqtisadiyyatında aparıcı yerlərdən birini tutmasına imkan verdi. Belə ki, 1980-ci illərin əvvəllərində Sumqayıtın kimya kompleksində respublikanın ümumi sənaye potensialının 20 faizi cəmlənmişdi və sənayedə çalışanların hər 8 nəfərindən biri bu kompleksdə işləyirdi. Qеyd еtmək lаzımdır ki, bu kimi аmillər Sumqаyıtın özünün inkişаfı ilə yаnаşı, bu şəhərin digər rеspublikаlаrdа və dövlətlərdə də tаnınmаsını və оnun iri sənаyе mərkəzi оlmаsı imicini əsаslı şəkildə аrtırırdı. 1980-ci illərdə, ümumilikdə, sintеtik yuyucu vаsitələr, supеrfоsfаt gübrələri, divinil, butаdiеn-nitril lаtеksi kimi məhsul burахаn böyük müəssisə və kоmplеkslər işə sаlındı, yüksək təzyiqli pоliеtilеn, еpоksid və pоliеfir qətrаnlаrı və s. istеhsаl еdən müəssisələrdə isə yеnidənqurmа işləri həyаtа kеçirildi, оnlаrın istеhsаl gücü аrtırıldı. Supеrfоsfаt zаvоdundа 1975-ci ildə gücü 450 min tоn/il оlаn sulfаt turşusu, 1980-ci ildə gücü 136 min tоn/il оlаn dənəvər supеrfоsfаt sехləri istifаdəyə vеrilmişdir.
Bundan əlavə, 1970-ci illərin əvvəllərində Sumqayıtda əhalinin məişət tələbatını ödəmək üçün yeni kimya müəssisələrinin tikintisinə başlanıldı və artıq 1978-ci ildə Sumqayıtda istehsal olunan yuyucu tozların ümumi həcmi 120 minə çatmışdır və bu proseslərin reallaşdırılmasında Heydər Əliyevin təşəbbüsləri, tövsiyələri əhəmiyyətli rol oynamışdır. Heydər Əliyevin “iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” sözləri onun respublikanın gələcək inkişafı üçün fikir və layihələrinin genişliyindən, əhatəliliyindən söz açır. XX əsrin 70-80-ci illərində respublikamıza rəhbərlik edərkən, o, kimya sənayesinin inkişafına xüsusi əhəmiyyət verirdi. Məhz Heydər Əliyevin səyləri nəticəsində yaradılmış iri kimya müəssisələri təkcə Azərbaycan iqtısadiyyatının deyil, bütövlükdə, Zaqafqaziyanın inkişafında həlledici rol oynamışdır. Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi ondadır ki, o, lazım olan strateji qərarları vaxtında qəbul edir və onları ən qısa müddətdə həyata keçirirdi. Ölkə rəhbərinin bilavasitə təşəbbüsü ilə respublikamızda geniş istehsal olunan bəzi kimyəvi məhsulların əhəmiyyətini xüsusi qeyd etmək lazım gəlir. Məlumdur ki, respublikamızın su hövzələrində su xlor vasitəsilə təmizlənir, neft sənayesində və istilik-elektrik stansiyalarında isə natrium qələvisindən istifadə edilir. Son illərədək yuyucu vasitələrin istehsalında əsas xammal kimi sulfanoldan istifadə olunurdu. Respublikanın müəssisələrində istehsal olunan bu məhsullar Azərbaycanın ehtiyaclarını təmin etməklə yanaşı, müxtəlif xarici ölkələrə də ixrac edilirdi. Heydər Əliyevin Sumqayıta növbəti səfərlərindən biri 1974-cü il 28 fevralda baş vermişdir, o, SSRİ Nazirlər Soveti sədrinin I müavini N.Tixonovla birlikdə Sumqayıta gəlmiş və Azərbaycanın qara metallurgiya sənayesinin flaqmanı olan “Boru-Prokat” zavodunda və “Kimya sənayesi” İB-də olmuşdur [11]. Bu səfər zamanı Azərbaycanın kimya sənayesinin ən dəyərli qurğularından biri olan - “EP-300” qurğusunun Sumqayıtda tikilməsi haqqında təklif verilmişdir və sonralar çətinliklə də olsa, bu unikal qurğunun Sumqayıtda tikintisi başa çatdırılmışdır. Heydər Əliyevin Sumqayıta digər bir səfəri isə 1974-cü il noyabr ayın 27-də baş vermişdir. Həmin səfər zamanı Heydər Əliyev Sumqayıt şəhərinin 25 illik yubileyi ilə əlaqədar təşkil olunmuş təntənəli iclasda nitq söyləmişdir: “Xəzər dənizinin kimsəsiz sahilində salınmış Sumqayıt indi Respublikamızın ikinci sənaye şəhəridir: burada güclü müasir müəssisələr, gözəl evlər, enli və yamyaşıl küçələr və prospektlər, çoxlu elm ocağı, tədris müəssisəsi və mədəni-maarif ocağı vardır... Sumqayıtda ən mütərəqqi, ən perspektivli ağır sənaye sahələrinin müəssisələri yaradılmışdır və bunlar elmi-texniki tərəqqini daha da genişləndirmək üçün yaxşı bünövrədir. Sumqayıtın yaranması Azərbaycan iqtisadiyyatında yeni sənaye sahələrinin - qara və əlvan metallurgiyanın, kimya sənayesinin və başqa sənaye sahələrinin yaranıb inkişaf etməsi demək idi... Biz Sumqayıta, onun gözəlliyinə, əzəmətinə, planlı tikilməsinə və yaşıllığına ürəkdən heyranıq. Lakin siz Sumqayıtı daha yaxşı, daha gözəl bir şəhərə çevirməlisiniz, şəhərin ətrafında meşə-park zonası yarada bilərsiniz və yaratmalısınız” [12]. Sonrakı dövrlərdə Sumqayıtın intensiv inkişafında, şəhər təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsində, geniş sahədə şəhər dənizkənarı parkının salınmasında, müəssisələrin fəaliyyətinin daha da gücləndirilməsində Heydər Əliyevin bu tapşırıq və tövsiyələrinin önəmli rolu olmuşdur. Həmin dövrdə Azərbaycan və keçmiş SSRİ-də kənd təsərrüfatının inkişaf etidirilməsi üçün böyük həcmdə kənd təsərrüfatı gübrələri tələb olunurdu. Buna görə də, Heydər Əliyevin rəhbərliyi və tapşırığı ilə bu istiqamətdə ardıcıl və güclü işlər aparılmışdır. Onun sayəsində 1975-ci ildə texnoloji avadanlıqları xaricdən gətirilən və illik istehsal gücü 450 min ton olan sulfat turşusu istehsalatı yaradılmışdır və “Superfosfat” zavodunda 1980-83-cü illərdə Zaqafqaziyada ilk dəfə olaraq, dənəvər superfosfat gübrələri istehsal edən texnoloji kompleks istismara verilmişdir. Növbəti dəfə Heydər Əliyev Sumqayıtda 1978-ci il yanvar ayının 25-də olmuşdur. O, Sumqayıta Sov.İKP MK katibi M.V.Zimyaninlə birlikdə gəlmiş və Azərbaycan “Boru-Prokat” zavodunun metallurqları ilə görüşmüşlər. Heydər Əliyev M.Zimyaninlə birlikdə zavodun əsas sexlərini gəzmiş, avtomat boru prokatı stanının işini izləmiş, metallurqların məişət otaqlarında olmuş, tikilməkdə davam edən fabrik-mətbəxə baxmış, fəhlələrlə söhbət etmişlər. Daha sonra Neft və Neftkimya Sənayesində Kompleks Avtomatlaşdırma İnstitutunda alimlərin yaratdıqları cihazlara baxmışlar [13]. Heydər Əliyev 1979-cu il oktyabr ayın 5-də SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini V.V.Kuznetsov ilə birlikdə Sumqayıta gəlmişlər. Onlar Sumqayıtda “Boru-Prokat” zavodunda, şəhərin sənaye müəssisələrində istehsal olunan məmulat nümunələrinin toplandığı sərgidə olmuş, şəhəri gəzmiş və kolxoz bazarında olmuşlar. Bundan əlavə, “Boru-Prokat” zavodunun marten sexində poladəridənlərlə söhbət aparmışdır. Burada Heydər Əliyev öz çıxışında qeyd etmişdir ki: “Son illərdə müəssisədə böyük dəyişikliklər olmuş, səmimi kollektiv yaranmış, sağlam mənəvi-siyasi şərait bərqərar olmuşdur.” [14].
1980-ci illərin əvvələrində artıq Sumqayıt güclü sənaye mərkəzi ilə yanaşı, hərtərəfli inkişaf edən bir şəhərə çevrilməkdə idi. Şəhər təsərrüfatı dinamik inkişaf edir, küçələr və prospektlər daha da abadlaşdırılır və genişləndirilir, ən əsası yeni yaşayış massivlərinin və mikrorayonlarının tikintisi sürətləndirilmişdi. Nəqliyyat, təhsil və səhiyyə sistemlərinin maddi-texniki bazası xeyli gücləndirilmişdi. Heydər Əliyev Sumqayıta növbəti səfərlərindən birində - 1981-ci il aprel ayının 8-də Sumqayıtın bir sıra sənaye obyektlərində və sosial-mədəni obyektlərdə fəhlələrlə, mütəxəssislərlə, şəhər sakinləri ilə görüşmüşdür. Heydər Əliyev xovlu iplik halına düşən məhsulun hazırlanması texnologiyası ilə maraqlanmışdır. Sonra, Sumqayıt alüminium zavoduna gələrək, zavodun layihə səviyyəsinə çatdırılmasını nəinki sürətləndirmək, həm də onun gücünü xeyli artırmaq vəzifəsini irəli sürdü. İstehsal sahələri ilə yanaşı, Heydər Əliyev “Aygün” adlı yeni məişət evində, uşaq şahmat məktəbində oldu, yaşayış məhəllərini gəzərək sakinlərlə görüşdü, həmçinin Xəzərin sahilində yaradılan kütləvi istirahət zonası ilə tanış oldu, öz tapşırıq və tövsiyələrini verdi [15]. 1981-ci il aprel ayının 9-da isə Heydər Əliyevin Sumqayıta səfəri çərçivəsində Səməd Vurğun adına mədəniyyət sarayında keçirilən şəhər partiya fəalları yığıncağında nitq söylədi. Heydər Əliyev qeyd etdi ki: “Sumqayıt sənaye şəhəridir, Respublika sənaye istehsalının ümumi həcmində onun xüsusi çəkisi sanballıdır - 11 faizdən artıqdır, sənaye potensialı bir milyard manatı ötüb keçmişdir, təbiidir ki, sənaye istehsalı planlarının Respublika tərəfindən tamamilə və artıqlaması ilə yerinə yetirilməsi Sumqayıt sənaye kompleksinin bundan sonra necə işləməsindən xeyli dərəcədə asılı olacaqdır... Buna görə də, şəhər sənayesinin təkmilləşdirilməsinə dair daha geniş proqram elmi-texniki tərəqqinin nailiyyətlərinə tam müvafiq şəkildə həyata keçirilməli və istehsalın ümumi həcmində son məhsulun xüsusi çəkisinin ardıcıl surətdə artırılması təmin edilməlidir” [15]. Bütün bu kimi səylərin və kompleks tədbirlərin nəticəsində həmin dövrdə Sumqayıt sosial-iqtisadi inkişaf baxımından yüksək nəticələrə nail olmuşdur. Bu gün öz intibahının yeni mərhələsini yaşayan Sumqayıtın da sovet hakimiyyəti dövründə inkişafı və nəinki keçmiş SSRİ-də, bütün dünyada tanınması Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Heydər Əliyevin böyük qayğısı sayəsində şəhər tarixinin ən əlamətdar səhifələri yazılıb. Sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Şəhərin sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində bu dahi insanın əvəzsiz xidmətləri danılmaz bir faktdır [16].
NƏTİCƏ
Beləliklə, tədqiqat nəticəsində qeyd etmək mümkündür ki, 1970-1985-ci illər Sumqayıt şəhərinin sənaye mərkəzi kimi formalaşmasında strateji əhəmiyyət kəsb etmişdir. Həmin dövrdə bir sıra mühüm sənaye infrastrukturu təsərrüfat dövriyyəsinə daxil edilmiş və ölkə iqtisadiyyatının sənaye sektorunun iqtisadi səmərəliliyinin artırılmasında məhsuldar addımlar atılmışdır. Bütün bunların nəticələrini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
-Sumqayıt Heydər Əliyevin tarixi xidmətləri nəticəsində respublikanın və keçmiş SSRİ-nin güclü sənaye mərkəzlərindən birinə çevrilmişdir;
-Sumqayıtda o dövrün yüksək texnologiyaları əsasında sənaye mərkəzi yaradılmış və məhsul istehsalının həcmi əhəmiyyətli səviyyədə artırılmışdır;
-Sumqayıtda sənaye sahələrinin inkişafının sürətləndirilməsi, eyni zamanda şəhər təsərrüfatının gücləndirilməsinə imkan vermişdir və müasir Sumqayıt şəhərinin formalaşdırılmasında iqtisadi-tarixi və strateji əhəmiyyət kəsb etmişdir və s.
Açar sözlər: Ümummilli lider Heydər Əliyev, Sumqayıt, 1970-1985-ci illər, Sumqayıt sənaye mərkəzi, Sumqayıtın sosial-iqtisadi inkişafı, Sumqayıt - 70.
ƏDƏBİYYAT:
1. Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 14 fevral 2019-cu il.
2. Alıyev H.A. Sumqayıt şəhərinin tarixi. Bakı, “Elm və təhsil” nəşriyyatı, 2011, 544 s.
3. Самедзаде З.А. Этапы большого пути - экономика Азербайджана за полвека, ее новые реалии и перспективы. Баку. «НУРЛАР». 2004, 936 с.
4. “Kommunist” qəzeti. - 1971. - 8 aprel. - s.1-2
5. “Kommunist” qəzeti. - 1973. - 2 dekabr.
6. Səmədzadə Z.Ə. Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafında töhfəsi. Elm (Xüsusi buraxılış), 2002.-10 may, S. 29-30.
7. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzinin inkişaf mərhələləri // “168 saat” qəzeti, № 06(464), 21-27 fevral, 2009-cu il, S.6.
8. Əliyev Ş.T. Sumqayıt sənaye mərkəzi: mövcud potensialdan istifadə, modernləşdirmə və müasirləşdirmə prioritetləri. Bakı:“elm və təhsil” 2012, 196 s.
9. “Kommunist” qəzeti. - 1974. - 2 fevral. - s.2.
10. Əliyev Ş.T. İri kompleks və qurğuların iqtisadiyyatımızda rolu // “İqtisadiyyat və həyat” jurnalı, №10-12, Bakı, 2003, S.64-69.
11. “Sosialist Sumqayıtı” qəzeti. - 1974. - 2 mart. - s.1.
12. “Kommunist” qəzeti. - 1974. - 28 noyabr. - s.1-2.
13. “Kommunist” qəzeti. - 1978. - 26 yanvar. - s.1.
14. “Sosialist Sumqayıtı” qəzeti. - 1979. - 9 oktyabr. - s.1.
15. “Kommunist” qəzeti. - 1981. - 11 aprel.
16. Zakir Fərəcov: “Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib”. https://sumqayitxeber.com/sumqayit-heyder-eliyevin-arzuladigi-sehere-cevrilib/.
Резюме
Исторические заслуги Гейдара Алиева в развитии Сумгайыта в качестве индустриального центра
В статье исследована исторические заслуги Гейдара Алиева в развитии Сумгайыта в качестве индустриального центра. Анализированы процессы становления Сумгайыта в качестве индустриального центра в 1970-1985-х годах. Раскрыты и обоснованы исторические заслуги и решимость Гейдара Алиева в модернизации и усилении промышленного потенциала города Сумгайыта. Отмечены стратегические аспекты социально-экономического развития города Сумгайыта и роль Гейдара Алиева в этих процессах. Обобщены исторические заслуги Гейдара Алиева в создании прочного фундамента и мощного потенциала развития Сумгайыта в качестве индустриального центра, который стал основой для современного развитого промышленного города Сумгайыта.
Ключевые слова: общенациональный лидер Гейдар Алиев, 1970-1985-е годы, Сумгайытский индустриальный центр, социально-экономическое развитие Сумгайыта, Сумгайыт – 70.
Summary
Historical merits of Heydar Aliyev in development of Sumgayit as the industrial center
Historical merits of Heydar Aliyev in development of Sumgait as the industrial center is investigated in the article. Processes of formation of Sumgait as the industrial center in the 1970-1985th years are analyzed for this purpose. Historical merits and Heydar Aliyev’s determination in modernization and strengthening of industrial capacity of the Sumgait are improved then. Strategic aspects of social and economic development of the Sumgait and Heydar Aliyev’s role in these processes are noted too. Historical merits of Heydar Aliyev in creation of the strong base and powerful potential of development of Sumgait as the industrial center which became a basis for the modern developed industrial city of Sumgayit are generalized.
Key words: the national leader Heydar Aliyev, the 1970-1985th years, the Sumgait industrial center, social and economic development of Sumgait, Sumgait – 70.
"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019