PANDEMİYA VƏ POSTPANDEMİYA DÖVRÜNDƏ REGİONAL TURİZMİN İNKİŞAFININ AKTUAL PROBLEMLƏRİ

Post image

NURAN HÜSEYNLİ
Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı

Е-mail: [email protected]

Müasir dövrdə turizm sektoru ilə bağlı problemlər kifayət qədər aktualdır və bu sahənin problemlərinin zəmanənin çağırışlarına uyğun həlli yollarının müəyyənləşdirilməsi tələb olunur. Xüsusilə, pandemiya səbəbindən turizm sektoru iflic vəziyyətinə düşmüşdür və onun fəaliyyətinin postpandemiya dövründə reabilitasiyasına, inkişaf tempinin bərpa olunmasına xeyli vaxt lazım gələcəkdir. Turizmin şaxələndirilməsində regional turizm amili kifayət qədər önəmli yer tutur və istərdik ki, bu sahənin aktual problemlərinə və inkişaf perspektivlərinə daha çox diqqət yetirək.
Regional turizmin inkişafının nəzəri-metodeoloji əsasları və konseptual baxışları ilə bağlı mexa­nizmilər və müddəalar mürəkkəb bir sistemdir [1]. Burada planlaşdırma, prozqnozlaşdırma, idarəetmə, marketinq, sosial- iqtisadi proseslər və onların təsiri ciddi rol oynayır [2]. Regional turizmin inkişafına təsir edən amillər iş prosesində elmi yanaşmalardan kənarlaşıb, artıq praktiki yanaşma ilə əvəzlənir. Burada müxtəlif yanaşmalar, onların tətbiqi və spesifikliyi ön plana çıxmış olur [3]. Əslində turizmin həm spesifik sadəcə turizmə aid xidmət növləri, həm də dolayı olaraq turizm ilə kəsişən xidmət növlərinin cəmi olaraq qiymətləndirilib, regional turizmə təsirləri ümumiləşdirmək olar. Bu proseslərdə baş verən hadisələrə, spesifik xüsusiyyətlərə və hallara nəzəri-metodoloji baxımdan, buradakı problemlərin mahiyyətini açıqlamaq vacib şərtlərdəndir [4]. Problemlərin mahiyyətini açıqlamaq məqsədilə bir qrup metodlara, o cümlədən bu sahənin - turizmin funksiyaları: mədəni, dərketmə, dünyagörüşü və istehsal funksiyaları ilə bağlı metodlara daha çox üstünlük verilmişdir.
Qeyd edək ki, 4 iyun 1999-cu ildə qəbul olunmuş “Turizm haqqında Azərbaycan Respublikasının Qanunu”nda göstərilir ki: “Turizm - Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələridir” [5]. Turizm anlayışının ekskursiya anlayışından fərqləri olması, eləcə də turizmin rekreasiya anlayışından fərqlərinin mövcudluğuna baxmayaraq, turistlər üçün kəsişmə nöqtələrindən istifadə edərək, burada çoxfunksiyalı regional turizmə dəstək verməklə, ümumilikdə turizm sektorunun inkişafına daha geniş töhfə verəcək çoxvektorial mühim bir sistem yaratmaq üçün səylərin birləşdirilməsi və dövlət-özəl parntyorluğunun səmərəli inkişaf etdirilməsi istiqamətində sistemli və kompleks tədbirlərin görülməsinin təşkili mümkündür. Bunun üçün ölkə regionlarında füsunkar təbiət, ixtisaslaşmış kadrlar və biznes fəaliyyəti ilə məşğul olmaq üçün münbit şəraitə ehtiyac vardır ki, ölkəmizdə bunların əhəmiyyətli hissəsi vardır və bu istiqamətə fokuslanıb mövcud potensialdan istifadəni təmin etmək lazımdır.
Ölkəmiz üçün regional turizm sadəcə 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq minimum fəaliyyət səviyyəsinə enmişdir. Halbuki, pandemiyaya qədər olan son 5 ildə regional turizm sahəsi davamlı olaraq inkişaf etmişdir və bu sahə ölkəmizin postneft dövründə dinamik inkişaf edən qeyri-neft sahələrindən biri kimi xarakterizə olunur. Ümumilikdə, ölkəmizdə turizm sektoruna dövlət dəstəyi mexanizmlərinin və alətlərinin olması da öz təsirini regional turizimin yeni çeşidlərinin formalaşdırılmasına, xidmətin yüksəldilməsinə, heyətin peşəkarlığının artırılmasına, ən ucqar regionlarda belə infrastrukturun güclənməsinə müsbət mənada təsir göstərə bilmişdir. Ölkə Prezidentinin 16 mart 2016–cı il tarixli “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2020-ci ilə qədər strateji baxış formalaşdırılmış, 2025-ci ilə qədər və ondan sonrakı dövrü əhatə edən uzunmüddətli hədəflər müəyyənləşdirilmişdir [6].
Turizm – rekreasiya sisteminin mahiyyəti ilə bağlı qeyd etmək olar ki, turizmə təsir edən amillərin müxtəlifliyi, spesifikliyi və stereotiplərdən asılılığı, mentalitetlərdən, ictimai həyat, adət-ənənələrdən, antropagen dəyişikliklərdən, iqtisadi, maliyyə, eləcə də spekulyativ hadisələrin həyatımıza qlobal təsirlərindən çox ciddi şəkildə asılıdır. Baxdığımız problemin aktuallıq səviyyəsi onun pandemiya dövründəki tendensiyalarından əvvəl və sonra özünü təzahür edir. Burada daxili turizmə yönəlmə, kapitalın ölkə ərazisində qalması və ölkənin müxtəlif dövlət proqramları vasitəsi ilə regionların inkişaf planları strategiyalarından əmələ gələn yeni, yüksək texnologiyalar əsaslı infrastruktur, sosial həyat, əhalinin yaşayış səviyyəsində özünü göstərmiş olur.
Azərbaycanda regional turizmə kompleks halında baxılmalı və onun fərqli xüsusiyyətlərindən istifadə edərək, hər regionun özünəməxsusluğundan çıxış etməklə, həmin regionda turizmin potensial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi vacibdir. Turizm vasitəsi ilə fərqli adətlər və mədəniyyətlərlə tanış olmağın sülhü və beynəlxalq anlayışı möhkəmləndirməkdə vacib bir faktor olduğuna və təhlükəsizliyin turizmin uğurlu şəkildə inkişaf etməsinə inanaraq qəbul edilməyə başlayan bir Osaka deklarasiyasını nəzərə alsaq, beynəlxalq münasibətlərin insanların həyatında səyahət, turizm anlayışlarının inkişafında insanların daha təhlükəsiz bir dünyada yaşamağının iqtisadi mənada da onlara necə də müsbət təsir etdiyini anlamağa bəs edər [7].
Ərazinin rekreasiya cəhətdən dinamikliyi, həmçinin ətraf mühitin antropogen təsirə az məruz qalması turizm ehtiyatlarından istifadənin səmərəliliyini artırır. Bununla yanaşı, turizm ehtiyatlarından istifadənin uzunmüddətliyi onun orijinallığından, yerləşdiyi ərazinin coğrafi mühitindən və ona yönəldilən kapitalla birbaşa əlaqəli olur. Regional turizmin ərazi planlaşdırması və onun idarəedilməsi yanaşmalarına baxarkən, regional turizmin ən böyük problemlərindən birinin-turizm ehtiyatlarından qaynaqlandığını görmək mümkündür. Turizm ehtiyatları deyərkən nəzərdə tutulan, onların istifadə edilə bilmək və ya istifadə edilmək istənməyi mənası ilə intensiv, ekstensiv, az mənimsənilən və ya heç mənimsənilməyən torpaq və ərazi qruplarına bölündüyü nəzərə alınmalıdır. Regional turizmin elmi aspektində nəzəri olaraq bu ərazilərin hamısına eyni baxıla, hamısı üçün ümumiləşdirmə vermək düzgün yanaşma kimi qəbul olunmazdır. Ümumiyyətlə, turizm ehtiyatlarından səmərəli istifadə həm iqtisadi, həm sosial tərəfdən vacib və regional turizmin inkişaf konsepsiyasına uyğun olmalıdır.
Ölkənin yüksək potensiala və investisiya cəlbediciliyi baxımından əksər şərtlərə cavab verən Cənub regionu – Lənkəran iqtisadi rayonu regional turizm imkanları baxımından kifayət qədər ehtiyat mənbələrinə malikdir. Belə ki, bu regionda postpandemiya dövründə zəmanəmizin dünyəvi dəyərlərə və əhəmiyyətə malik olan bir çox xüsusiyyətlərini özündə birləşdirən və çoxsaylı millətlərin mehriban, birgə yaşaması əsasında multikultural turizm – rekreasiya komplekslərinin yaradılması üçün münbit mühit və şərait vardır. Məsələn, Yardımlı rayonunda füsunkar təbiətə malik və rekreasiya imkanları ilə zəngin olan bir ərazi seçilir və orada Xəzər dənizi hövzəsi ölkələrindən olan turizm firmaları ilə birlikdə müştərək regional turizm kompleksləri yaradılır.
Burada bir tərəfdən yerli turizm ehtiyatları dövriyyəyə daxil edilir, infrastruktur inkişaf olunur, daxili və xarici investisiyalar cəlb edilir, regional əməkdaşlıq formalaşdırılır və turizm müəssisələrinə ölkə daxilindən, digər ölkələrdən, ilk növbədə region ölkələrindən gələnlərin sayının əhəmiyyətli artımı üçün əsas yaradılır. Belə unikal turizm-rekreasiya kompleksləri vasitəsi ilə həm qısamüddətli (daha çox daxili turizm), həm də uzunmüddətli turizm fəaliyyəti üçün çox əlverişli innovativ destinasiya olmaqla turizmcəlbediciliyi baxımından çox səmərəli bir investisiya, layiqli iş yerləri və regionların iqtisadi inkişafına ciddi töhfələr verə bilən, insanlara gəlir gətirən qədər təsiredici amillər vasitəsi ilə ölkəmizin turizm sektorunu müəyyən mənada elastikləşdirmiş olar. Daxili turizm potensialı və bir neçə ölkəni gəzmək, onları öyrənmək və bu arada sanitar-gigiyenik çəkinmə riskinidə (qloballaşan dünyada pandemiyaya görə turistlərin ölkələrə gedərkən COVİD - 19 pasportu və psixoloji qorxu nəzərdə tutulur) minimuma endirmiş olacaqdır.
Ölkəmizə xarici valyutanın gəlməsi və eləcə də kapitalın ölkə ərazisindən çıxmaması fikrinin formalaşdığı davamlı və dayanıqlı iqtisadiyyata kifayət qədər ciddi dəstək fonunda bunu etmək ölkə iqtisadiyyatının differensiallaşması və diversifikasiya edilməsi istiqamətində dövlət və özəl partnyorluq zəminində daha çox səmərə verə bilər.
Bundan əlavə, Azərbaycan Respublikası Meşə Məcəlləsinin birinci fəslində qeyd olunur ki, yaşıllıq zonalarının meşələri – şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələrdir [8]. Yaşıllıq zonalarının meşələri ölkənin turizm-rekreasiya kompleksinin obyektlərindən biri kimi çıxış edir və bu imkanların mühafizəsi və eləcə də səmərəli istifadə olunması üçün təqdim edilməsi çox vacib olan sahələrdən biridir. Digər tərəfdən, əvvəldə bildirdiyimiz kimi, Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi iki əsas məqsəd üzərində qurulmuşdur: sektor üzrə əsas stimullaşdırıcı mexanizmlərə əlavə olaraq, ixtisaslaşmış turizm sahələri üzrə Bakı və regionların inkişaf etdirilməsi. Nəzərdə tutulan məqsədlərə nail olunması və prioritetlərin uğurlu icrası turizm sektorunun inkişafına məqsədyönlü yanaşmadan asılıdır. Bundan əlavə, regionların sürətli inkişafına uyğun olaraq, səmərəli idarəetmənin formalaşdırılması və hər bir regionun coğrafi mövqeyi nəzərə alınmaqla, xüsusi turizm tədbirlərinin həyata keçirilməsi zəruridir. Bu yanaşmalardan biri də turizm potensialı zəngin olan müvafiq ərazilərdə turizm və rekreasiya zonalarının yaradılmasıdır [9, s.28]. Regional turizmin imkanlarının və mövcud problemlərin həlli üçün dərindən təhlillərin aparılması çox vacib məsələlərdəndir. Regional turizmin təhlil edilməsi, onun statistik göstəricilərinin yenilənməsi və təkmilləşdirilməsi, ümumiyyətlə şəffaflığın artırılması və müvafiq strukturun bu işlə məşqul olması ümumi olaraq ölkədə gedən proseslərə öz müsbət təsirini göstərmiş olar. Burada sistemli və kompleks təhlildən, eləcə də analitik təhlildən istifadə etmək səmərəli ola bilərdi. Müəyyən müddətlik statistik məlumatların turizm assosiasiyaları tərəfindən yığılması və bu işin təkcə statistika komitəsinin öhdəsinə saxlanılmaması daha şəffaf göstəricilərin üzə çıxmasına şərait yarada bilər. Regional turizmin spesifikliyi elə onun nəzəri yanaşmalarında özünü büruzə verərək kompleks şəkildə nəzərə alınmaqla həm menecmentə, həm quruluşa, həm də şaquli və üfüqi quruluşun inkişafına özü-özlüyündə təkan verəcək bir sistemin altsistemləri kimi çıxış edirlər. Burada müxtəlif turizm növlərinin, iqlimin, antropogen göstəricilərin, digər mühim daxili və xarici amillərin təsirindən əmələ gələn vəziyyətin analitik informasiyası formalaşır və bu vəziyyətə uyğun olaraq regional turizmin formalaşmasının ilkin inkişaf istiqamələrini və fəaliyyət mexanizmlərini müəyyənləşdirmək mümkündür.
Qeyd edək ki, hazırda bütün dünyada turizm sektorunun, o cümlədən regional turizmin postpandemiya dövründə inkişaf trendlərinin formalaşdırılması və reallaşdırılmasına hazırlıq prosesləri gedir, diskussiyalar aparılır və yeni mexanizmlər müəyyənləşdirilir. Ümumdünya Turizm Təşkilatının mütəxəssisləri postpandemiya dövründə turizmin dirçəlməsi istiqamətində fəaliyyətin gücləndirilməsini, rəqabətqabiliyyətli yeni xidmətlərin göstərilməsini vacib sayırlar [10]. Ölkəmizdə də turizm sektorunun, xüsusilə regional turizmin postpandemiya şəraitində inkişafının imkanları qiymətləndirilməkdədir. Belə hesab olunur ki: “Pandemiya dövründə Azərbaycanda daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanmalı, müvafiq qurumlara və ictimaiyyətə təqdim edilməlidir” [11]. Eyni zamanda, COVİD – 19 pandemiyası turizm sektoruna və regional turizmin rəqabətqabiliyyətliliyinə mənfi təsiri obyektiv olaraq qiymətləndirilməlidir. Dünya səviyyəsində də bu problemlərə ciddi önəm verilir. Məsələn: “Dünyada turizm iqtisadiyyatının itkisi təxminən 1,2 trilyon ABŞ dollarından çoxdur. Turizm sahəsində 120 milyon iş yeri təhlükə altına düşmüşdür” [12].
Buna görə də, postpandemiya dövründə turizm müəssisələrinin gəlirlilik səviyyələrinin daha tez bərpa olunması vacib şərtlərdəndir. Bunun üçün isə turizm xidmətlərinin əlçatanlığına və keyfiyyət parametrlərinə ciddi önəm verilməlidir. “Postpandemiya dövründə fərqli turizm şəraiti olacaq. İnsanların həm psixoloji durumu fərqlənəcək, həm onların səyahətlərdən çəkinməsi halları olacaq, həm də təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirəcəklər” [13]. Bu amillər baxımından, postpandemiya şəraitində regional turizmin inkişaf istiqamətlərinin və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə mövcud aktual problemlərin daha səmərəli həlli yollarının müəyyənləşdirilməsi vacib olaraq qalmaqdadır.
YEKUN
Beləliklə, bu qənaətə gəlmək olur ki regional turizm özünəməxsus modelləri, konseptual sistem və altsistemləri ilə mürəkkəb bir kompleks halında dialektik üsul və digər üsullarla tədqiqata zərurəti olan bir sahədir. Bu baxımdan, hələ də tədqiq edilməyən bir sıra aktual istiqamətlərdən və ya az tədqiq edilən sektorların məcmusundan ibarətdir. Burada bir sıra məsələlərə dair fikirlərimizi və təkliflərimizi ümumimiləşdirməyi vacib hesab etmişik:
- ilk növbədə, postpandemiya şəraitində ölkəmizdə regional turizmin inkişafına və daha tez reabilitasiya edilməsinə dair konseptual yanaşmalar formalaşdırılmalı və qlobal təzyiqlərə adekvat olan fəaliyyət mexanizmləri hazırlanmalı, tətbiq edilməlidir;
- regional turizmin inkişaf istiqamətlərinin şaxələndirilməsi məqsədilə Regional Turizm-Rekreasiya Komplekslərinin təşkilinə ciddi önəm verilməli, bu istiqamətdə region ölkələrinin turizm şirkətləri və potensial investorlarla əməkdaşlıq gücləndirilməlidir;
- regional turizmin dünya standartlarına cavab verən rəqabətqabiliyyətli infrastruktur şəbəkəsinin formalaşdırılması və inkişaf etdirilməsi üzrə daha səmərəli dövlət dəstəyi mexanizmlərinin tətbiq edilməsi vacibdir;
- postpandemiya şəraitində regional turizm subyektlərinin maliyyə sabitliyinin təmin olunması və dövriyyə vəsaitlərinə olan tələbatın ödənilməsi, pandemiyadan yaranan zərərlərin aradan qaldırılmasının tezləşdirilməsi məqsədilə ən azından 5 illik müddətə vergi güzəştlərinin müəyyənləşdirilməsi məqsədəuyğundur;
- regional turizm subyektlərinin fəaliyyətinin elmi-metodiki əsaslarla öyrənilməsi, bu sahədə dövlət siyasətinin təkmilləşdirilməsi üçün obyektiv informasiya bazasının yaradılması məqsədilə regional turizm fəaliyyətinin statistikası dünya təcrübəsi sıviyyəsində təşkil edilməlidir;
- regional turizmin postpandemiya şəraitində inkiaşfının intensivləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə “dövlət-özəl sektor” əməkdaşlığının gücləndirilməsi, özəl turizm subyektlərinin maliyyə-kredit əlçatanlığının təmin olunması tədbirləri görülməlidir;
- postpandemiya şəraitində ölkəmizdə regional turizmin inkişafının modelləşdirilməsi və səmərəliliyinin artırılmasını sürətləndirmək üçün “2021-2025-ci illərdə Azərbaycanda regional turizmin rəqabət qabiliyyətliliyinin və dayanıqlılığının artırılması üzrə Dövlət Proqramı”nın hazırlanması və reallaşdırılması məqsədəmüvafiq hesab olunur və s.

Açar sözlər: turizm, turizm-rekreasiya kompleksi, regional turizm, pandemiya və postpandemiya, turizm ehtiyatları, turizm xidmətləri, turizm sektorunda regional əməkdaşlıq, regional turizmin inkişaf perspektivləri.

ƏDƏBİYYAT SİYAHISI
1. Проблемы и перспективы развития туризма в Южном федеральном округе : сб. науч. тр. – Симферополь:ИТ «АРИАЛ», 2017.–300 с.
2. Рубаник А.Н. Технологии въездного туризма. – 2-е изд., исп. / А.Н. Рубаник, Д.С. Ушаков. – Ростов н/Д: Изд. центр «МарТ»; Феникс, 2010. – 384 с.
3. Кириллова, С.А. Тенденции и потенциал развития глобального и регионального рынков туристских услуг [Текст] / С. А. Кириллова // Инновационные технологии управления социально-экономическим развитием регионов России. Материалы VII Всероссийской научно-практической конференции с Международным участием в 2-х частях. – 2015. – С. 89-98.
4. Кириллова С.А., Чернуха Д.С. Развитие глобального, национального и регионального туризма: состояние, тренды, прогнозы // Интернет-журнал «Науковедение» Том 9, №6 (2017) https://naukovedenie.ru/PDF/92EVN617.pdf.
5. Turizm haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 4 iyun 1999-cu il, № 674-IQ.
6. Azərbaycan Respublikasında iştisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
7. Осакская декларация тысячелетия. Принята Конференцией лидеров туризма Тысячелетия. Осако (Япония), 30 сентября – 1 октября 2001 года.).
8. Azərbaycan Respublikası Meşə Məcəlləsi. 30 dekabr 1997-ci il tarixli N 424-IQ nömrəli “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.
9. Soltanova H.B. Azərbaycan Respublikasında turizm və onun inkişafı. AzTU, Bakı. – 2015. –475 s.
10. BMT-nin Ümumdünya Turizm Təşkilatı postpandemiya dövründə turizmin dirçəlməsi istiqamətində fəaliyyət göstərəcək. 25.08.2020. https://azertag.az/xeber/BMT_nin_Umumdunya_Turizm_Teskilati_postpandemiya_dovrunde_turizmin_dirchelmesi_istiqametinde_fealiyyet_gosterecek-1568781.
11. Azərbaycanda turizmin inkişaf perspektivlərinin dəqiq mexanizmi hazırlanacaq. 27 Aprel, 2020. https://report.az/turizm/turizmin-inkisaf-perspektivlerinin-deqiq-mexanizmi-hazirlanacaq/.
12. ООН: Потери мирового туризма из-за COVID-19 могут составить $1,2 трлн. https://www.aa.com.tr/ru.
13. Dövlət Turizm Agentliyi: Postpandemiya dövründə rəqabətə hazır olmaq üçün yeni turizm məhsullarının yaradılmasını istəyirik. 9 Sentyabr 2020. https://az.trend.az/business/tourism/3296457.html.

РЕЗЮМЕ

АКТУАЛЬНЫЕ ПРОБЛЕМЫ РАЗВИТИЯ РЕГИОНАЛЬНОГО ТУРИЗМА В УСЛОВИЯХ ПАНДЕМИИ И В ПОСТПАНДЕМИЧЕСКОМ ПЕРИОДЕ
В статье исследованы актуальные проблемы развития регионального туризма в условиях пандемии и в постпандемическом периоде. Раскрыта сущность теоретико-методологических особенностей формирования и развития сферы регионального туризма. Исходя из международного опыта, рассмотрены приоритетные направления развития регионального туризма в Азербайджане. Даны преимущественные факторы создания туристическо-рекреационного комплекса и зон отдыха в Ленкоранском экономическом районе, в частности, в Ярдымлинском районе. Обоснована эффективность усиления взаимодействия и сотрудничества субъектов сектора туризма стран Прикаспийского региона. Отмечена многофункциональность и роль регионального туризма в развитии инфраструктуры, повышении доходов населения, открытии новых рабочих мест и создании добавочной стоимости в экономике страны. Рассмотрена важность применения более эффективных механизмов государственной поддержки сектора регионального туризма в нынешнем периоде. Подготовлены рекомендации и даны предложения по актуальным проблемам развития регионального туризма в условиях пандемии и в постпандемическом периоде.

Ключевые слова: туризм, туристско-рекреационный комплекс, региональный туризм, пандемия и постпандемический период, туристические ресурсы, туристические услуги, региональное сотрудничество в сфере туризма, перспективы развития регионального туризма.

SUMMARY
MAIN ISSUES OF REGIONAL TOURISM DEVELOPMENT IN THE PANDEMIC AND POST-PANDEMIC PERIOD
Main problems of regional tourism development in pandemic and post-pandemic conditions are examined in the article. The essence of theoretical and methodological features of formation and development of the sphere of regional tourism is disclosed. Based on international experience, priority directions of development of regional tourism in Azerbaijan are considered. The factors of creation of tourism and recreation areas in Lankaran economic region, in particular, in Yardimli district are given then. The effectiveness of strengthening cooperation of tourism sector entities of the Caspian countries is justified. The multifunctional nature and the role of regional tourism in the development of infrastructure, increasing incomes of the population, opening new jobs and creating added value in the country’s economy are investigated too. The importance of more effective public support mechanisms for the regional tourism sector in the current period is considered. Recommendations and proposals on main problems of regional tourism development in pandemic and post-pandemic conditions are given in the end of the article.

Key words: tourism, tourism and recreational complex, regional tourism, pandemic and post-pandemic period, tourism resources, tourism services, regional cooperation in the field of tourism, prospects for the development of regional tourism.