AZƏRBAYCANDA AQRAR SAHƏDƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏTBİQİNİNİN QANUNVERİCİLİK BAZASININ TƏKMİLLƏŞDİRİLMƏSİ

Post image

GÜLSÜM BƏDİRZADƏ, 
Azərbaycan Kooperasiya Universitetinin doktorantı

E-mail: [email protected]

Son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qlobal iqtisadi çağırışlara uyğun olaraq milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, onun rəqabətqabiliyyətinin artırılması və dayanıqlılığının yüksəldilməsi istiqamətində strateji hədəflərin reallaşdırılması prosesləri gedir. Perspektiv iqtisadiyyat sahələri üzrə yaxın və uzunmüddətli dövrü əhatə edən prioritet vəzifələrin və hədəflərin reallaşdırılması hesabına ölkə iqtisadiyyatının yeni inkişaf mərhələsinə transferi kifayət qədər aktuallığı ilə fərqlənir. Başlıca məqsəd iqtisadiyyatın neft və qaz amilindən asılılığının aşağı salınması, məhsuldar və çoxşaxəli vergiqoyma bazasına malik olan qeyri-neft sektoru sahələrinin inkişafının intensivləşdirilməsi, ölkənin valyuta ehtiyatlarının gücləndirilməsində və büdcə gəlirlərinin mənbələrinin genişləndirilməsində daha etibarlı və dayanıqlı iqtisadi mexanizmlərin və fəaliyyət istiqamətlərinin təmin olunmasıdır. Bütün bunlar xeyli mürəkkəb məsələlərdir və qoyulan problemlər üzrə daha dərin araşdırılmaları şərtləndirir, problemlərin mahiyyətinin açıqlanması və bunların əsasında fəaliyyət strategiyasının formalaşdırılması mühüm önəm kəsb edir, eyni zamanda işlək qanunların olmasını şərtləndirir.
Bir məsələ də xüsusi yanaşmanı tələb edir, bu iqtisadiyyatın bütün sahələrinin yeni texnologiyalara, xüsusilə informasiya-kommunikasiya texnologiyalarına (İKT) olan tələbatın ildən-ilə artması, iqtisadiyyatın rəqəmsallaşması, elektron xidmətlərin çeşidinin və həcminin genişlənməsi, bunlarla əlaqəli iqtisadiyyat sahələrinin yeni imkanlarının formalaşması ilə bağlıdır. Məlumdur ki, bu istiqamətdə müəyyənləşdirilən məqsəd və vəzifələr, strateji hədəflər ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmışdır [1]. Artıq ölkədə mərkəzi dövlət və idarəetmə strukturlarında, regionlarda, özəl subyektlərdə İKT-dən səmərəli istifadə edilməsində əhəmiyyətli irəliləyişlər diqqət çəkir. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən aqrar sahədə İKT-dən istifadənin maksimum səmərəli təşkili və təkmilləşdirilməsi bir sıra məsələlərin daha çox diqqət mərkəzində saxlanılmasını və mütləq şəkildə nəzərə alınmasını tələb edir. Bu – qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır. Aqrar sahənin inkişafının və dayanıqlı olmasının mürəkkəb xüsusiyyətlərindən yanaşdıqda, həmin sahədə qanunların və qanunvericilik aktlarının əsas etibarı ilə stimullaşdırıcı və yönəldici xarakterdə olması mühüm əhəmiyyət kəsb edir. Qanunlar aqrar sahibkarların və bu sahəyə investsiya yatıranların – investorların maraqlarını və məhsuldar şəkildə fəaliyyət göstərmək üçün tələb olunan xüsusi halları maksimum özündə ehtiva etməlidir və əvvəldə qeyd etdiyimiz kimi onların maksimum işlək olması vacibdir.
Ölkəmizdə qanunvericilik aktlarının səmərəli olması sahəsində, qanunvericilik təşəbbüslərinin dəyərləndirilməsi istiqamətində müstəqillik illərində müəyyən təcrübə toplanmışdır və bu məsələlər aqrar sahədən də yan keçməmişdir. Azərbaycanda neft strategiyasının icrasına başlanıldığı dövrdən iqtisadiyyatın müxtəlif sahələrində köklü islahatlara start verilmişdir və bununla bağlı olaraq aqrar sahədə aparılan islahatlar yüksək sosial-iqtisadi səmərəliliyi ilə fərqlənmişdir. Ölkəmizin kənd təsərrüfatı regionlarının və aqrar təsərrüfatların məhsuldar fəaliyyət göstərməsi üçün dövlət tərəfindən müvafiq istehsal və kommersiya infrastrukturunun, aqrar sahənin maddi-texniki bazasının yaradılımasına ardıcıl şəkildə və planlaşdırılmış formada əsas kapitalın yatırılması, müxtəlif mənbələrdən, o cümlədən xaricdən investisiyaların cəlb edilməsi təmin edilmişdir. Aqrar sahənin elmi əsaslarla və müasir texnologiyalar üzərindən idarə edilməsinə, xidmətlər göstərilməsinə daha çox önəm verilməkdədir. Müxtəlif istiqamətlərdə İKT mexanizmlərinin fəal şəkildə tətbiq edilməsi və elektron xidmətlərin göstərilməsi də bu qəbildəndir.
Qeyd edək ki, mühüm ərzaq məhsullarının istehsalının stimullaşdırılmasında və onun emal sahələrinin formalaşdırılmasında aqrar sahənin önəmli rolu vardır. Xüsusilə, bu istiqamətdə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi və motivasiyalaşdırılması üçün güclü qanunvericilik bazasının formalaşdırılması vacib şərtlərdəndir. Məsələn, ölkəmizdə heç də sirr deyildir ki, əsas ərzaq xammalı – ərzaq buğdasının istehsalı və tədarükündə müəyyən problemlər hələ də qalmaqdadır və ərzaq buğdasının zəruri ehtiyatlarının formalaşdırılması və tələbatın tam olaraq ödənilməsi üçün idxaldan asılılıq qalmaqdadır. Buna görə də taxıl istehsalının maksimum səmərəli təşkilinə və ehtiyatlarının yaradılmasına ciddi zərurət vardır. 16 iyun 2000-ci il “Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu”nda taxıl istehsalının, tədarükünün və bazarının təşkilinin, taxılın və taxıl emalı məhsullarının keyfiyyətinin idarə edilməsinin hüquqi əsasları müəyyənləşdirilmişdir [2]. Qanunun 7.2 maddəsində taxılçılığın və toxumçuluğun elmi təminatı, taxıl proqramlarının hazırlanması və dövlət taxıl fondunun yaradılması kimi vacib məsələlər diqqət mərkəzində saxlanılmışdır. Bu proseslərdə kifayət qədərə mürəkkəb məsələlər vardır. Məsələn, taxıl məhsullarının istehsalı və tədarükü ilə yanaşı, onların saxlanılması, daşınması, idxal və ixracının səmərəli təşkili, taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə nəzarətin təşkili tələb olunur. Hesab edirik ki, bu proseslərdə müasir İKT alətlərinin və rəqəmsallaşma mexanizmlərinin geniş tətbiqi səmərəli nəticələrə gətirib çıxarar, itkiləri azaldar və ölkəmizdə taxıl ehtiyatlarının daha uzunmüddətli dövr üçün etibarlı şəkildə yaradılmasını təmin edər. Kənd təsərrüfatı subyektlərinin və aqrar müəssisələrin fəaliyyətinin təşkilində müxtəlif xidmətlərdən istifadə olunması istiqamətindəki problemlərin tənzimlənməsində 23 oktyabr 2004-cü il tarixli “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətini qeyd etmək olar [3]. Bu Sərəncamda aqrar sahədə texniki vasitələrdən və digər zəruri avadanlıqlardan istifadənin təminatında beynəlxalq təcrübənin fəal şəkildə öyrənilməsi və tətbiq edilməsi, son nəticədə isə, istehsalçıların vacib kənd təsərrüfatı texnikası ilə təchizat səviyyəsinin yüksəldilməsi, daha keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasının təmin edilməsi problemləri tənzimlənmiş, müvafiq tapşırıqlar verilmiş, mexanizmlər müəyyənləşdirilmişdir. Digər mühüm bir məsələ isə min bir əziyyətlə yetişdirilən kənd təsərrüfatı və aqrar məhsulların vaxtında, minimum itkilərlə son istehlakçılara çatdırılması, operativ şəkildə yerli, regional və milli bazarlara bərabər, dünya bazarına çıxarılması, ixrac potensialının formalaşdırılması ilə bağlıdır. Bu baxımdan, elektron vasitələrdən, o cümlədən elektron ticarətdən bəhrələnməklə, daha çox müştəri kontingentinin formalaşdırılması, əlaqələrin yaradılması və alqı-satqı əməliyyatlarının həcminin artırılmasının hüquqi mexanizmlərinin müəyyənləşdirilməsi tələb olunurdu. 10 may 2005-ci il tarixli “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə elektron ticarətin və yeni texnologiyaların tətbiqində hüquqi baza yaradılmışdır [4].
Qeyd edək ki, aqrar sahənin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsində, idarəetmə orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində, xüsusilə bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə məhsuldarlığın artırılmasında böyük ehtiyatların olduğu məlumdur. Uzun illər ərzində bu sahədə formalaşmış ənənəvi yanaşmalar və mexanizmlərin yüksək texnologiyalar əsasında və elmi yanaşma ilə təkmilləşdirilməsi, daha doğrusu modernləşdirilməsi, yeni xidmətlərin yaradılması, texnologiyaların hazırlanması və tətbiq eilməsi daha yüksək nəticələrin əldə edilməsinə imkan verir. Bu strateji vəzifələr baxımından ölkə Prezidentinin 16 aprel 2014-cü il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında bir çox mühüm müddəalar, hüquqi əsaslar yer almışdır [5]. Həmin fərmanla Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin, aqroparkların yaradılması, beynəlxalq təcrübəyə uyğun olaraq, aqrar sahənin dövlət tərəfindən dəstəklənməsində şəffaflığın və hesabatlılığın təmin olunması məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin təşkili qərara alınmışdır. Bundan əlavə, bu sektorda özəlləşdirilmənin intensivləşdirilməsi, heyvandarlığın inkişaf etdirilməsi məqsədilə məlumat bazasının yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, məhz bu Fərmanla aqrar sahədə yeni texnologiyaların tətbiqinin intensivləşdirilməsi və müvafiq ölkə qanunlarının hazırlanaraq qəbul edilməsi üzrə zəruri tapşırıqlar verilmişdir. Aqrar sahədə reallaşdırılan təsirli tədbirlər İKT texnologiyalarının daha geniş şəkildə tətbiqinə münbit şərait yaratmışdır [6]. Digər tərəfdən, kənd təsərrüfatı sahələrində və bütövlükdə aqrar sektorda fəaliyyət istiqamətlərinin şaxələndirilməsi, dünya təcrübəsində özünü doğrultmuş fəaliyyət formalarının təşkilində motivasiyanın artırılması üçün yeni qanunlar qəbul olunmuşdur. Məsələn, 14 iyun 2016-cı il tarixində qəbul olunmuş “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının qanunu buna misal ola bilər [7]. Bu qanunun qəbul edilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliklərinin yaradılmasına, onların arasında maddi və sosial tələbatların müştərək şəkildə formalaşdırılmasına hüquqi əsaslar yaradılmışdır. Bunlarla bərabər, İKT-nin geniş imkanlarından bəhrələnməklə kooperasiya hərəkatı iştirakçılarının maksimum səmərəli fəaliyyətinin təmin edilməsi imkanlarını qeyd etmək olar.
Məlumdur ki, dünya təcrübəsindən yanaşdıqda İKT-nin inkişafının sürətləndirilməsinin və informasiya cəmiyyətinin inkişaf etdirilməsi əksər dünya ölkələrində prioritet və strateji vəzifələr kimi qiymətləndirilir. Bunun əsas səbəbi dünya səviyyəsində iqtisadi proseslərin, o cümlədən aqrar sahənin fəaliyyətinin müxtəlif istiqamətlərində İKT mexanizmlərinin və alətlərinin fəal şəkildə istifadə edilməsi nəticəsində səmərəliliyin maksimum yüksəldilməsi və proqnozlaşdırılan göstəricilərə nail olmağın təmin edilməsidir. Ölkə Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi ilə bağlı hüquqi mexanizmlər və əsaslar müəyyənləşdirilmiş, eyni zamanda geniş şəkildə zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır [8]. Bu proqramda İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunması, tranzit informasiya dəhlizlərinin yaradılması, beynəlxalq internet magistrallarına alternativ və yüksək sürətli birləşmələrin təşkili nəzərdə tutulmuşdur və keçən dövr ərzində göstərilən tədbirlərin əhəmiyyətli hissəsinin reallaşdırılmasını göstərmək mümkündür. Eyni zamanda, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalının artırılması, milli brendlər formasında dünya bazarlarına çıxarılması məsələləri də vacib şərtlərdəndir. Bir sözlə, ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə İKT-dən istifadənin daha çox fəallaşdırılması və elektron xidmətlərin çeşidinin genişləndirilməsi müasir dövrün mühüm vəzifələri kimi xarakterizə olunurlar. Bu görülən tədbirlər sahəsində ölkəmizin aqrar sahəsinə xarici investorların marağının artırılması və cəlb ediləcək investisiyaların həcminin yüksəldilməsi mümkündür, başqa sözlə, aqrar sektorda İKT mexanizmlərinin tətbiqinin genişləndirilməsi sayəsində əlavə dəyərin yeni mənbələrinin formalaşdırılması da baş verəcəkdir. Həmin tədbirlərin daha səmərəli təşkilində ölkə Prezidentinin 22 may 2018-ci il tarixli Fərmanı ilə yaradılmasına başlanılmış Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin rolunu da qeyd etmək olar [9]. Burada məqsədli tədqiqatların aparılması, aqrar sahədə İKT-nin tətbiqi vasitəsilə müxtəlif investisiya-innovasiya layihələrinin, proqramların və strategiyaların hazırlanması istiqamətində daha çox işlərin görülməsi mümkündür. Mütəxəssislərin aqrar sahə subyektləri ilə əməkdaşlığının təşkilində, mövcud problemlərin mahiyyətinin açıqlanması baxımından da bu Mərkəzin fəaliyyətinin faydalı olması potensialı vardır. Təsadüfi deyildir ki, məhz bu kimi müxtəlif qurumların və mərkəzlərin təşkili, fəaliyyətlərinin genişlənməsi sayəsində aqrar sektorda müasir texnologiyaların tətbiqi daha çox diqqət mərkəzindədir [10]. Digər tərəfdən, AR Nazirlər Kabinetinin 21 yanvar 2019-cu il tarixli “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Qərarı ilə aqrar sektorda idarəetmə orqanlarının inkişafında və modernləşdirilməsində İKT mexanizmlərindən istifadənin vacib olaraq qiymətləndirilməsi də, bu sahədəki işlərin sürətləndirilməsinə imkan vermişdir [11]. Bunlarla bərabər, ölkə Prezidentinin 21 may 2019-cu il tarixli “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərmanı ilə yeni və mühüm mərkəzi dövlət qurumunun prioritet vəzifələri, funksiyaları və hüquqları müəyyənləşdirilmişdir [12]. Bu kimi tədbirlərin sistemli şəkildə reallaşdırılması, idarəetmə və xidmət strukturlarının hüquqi bazasının gücləndirilməsi, hüquqi aktların beynəlxalq standartlar səviyyəsinə qaldırılması, dövlət dəstəyi mexanizmlərinin fəal şəkildə tətbiqinin hüquqi əsaslarının yaradılması, aqrar sahə subyektlərinin fəaliyyətinin genişləndirilməsinə mane olan baryerlərin aradan qaldırılması işlərində hüquqi elementlərin rolunun artırılması təqdirəlayiq amillər və yanaşmalar kimi xarakterizə oluna bilər. Həm də, elektron xidmətlərin hesabına görülən tədbirlərin şəffaflığının yüksəldilməsi, operativliyin təmin olunması, müraciətlərin qısa zaman kəsiyində işlənməsi, sənədlərin qəbulu və qərarların qəbul edilməsi reallaşdırılır [13]. Məsələn, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində ümumilikdə sistemin inteqrasiyası və mövcud funksionallığın təmin olunması məqsədilə daha çox şəffaflığa və operativliyə nail olmaq mümkündür [14].
Son dövrlərdə aqrar sahədə olan fəaliyyətin daha güvənli və etibarlı şəkildə təşkili problemləri də çoxalmışdır. Qlobal təhdidlər, fors-major hadisələr, yanğınlar və digər hallarla bağlı sahibkarlıq subyektlərinin itkilərinin ən azından müəyyən hissəsinin kompensasiya edilməsinin müxtəlif mənbələri və mexanizmləri mühüm əhəmiyyət kəsb edir. Bu problemlər aqrar sahə üçün də kifayət qədər xarakterikdir və xüsusilə, İKT mexanizmlərinin tətbiqinə investisiyalar yatıran, yüksək texnologiyalar gətirən investorların kapitalının və fəaliyyətinin sığortalanması vacib məsələlərdəndir. Bütün bunlar nəzərə alınmaqla, 19 avqust 2019-cu ildə qəbul olunan “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun əhəmiyyətini qeyd etmək lazımıdır [15]. Bu qanun İKT-nin aqrar sahədə tətbiqi proseslərində risklərin müştərək sığorta mexanizmi ilə bağlı mühüm məsələləri tənzimləyir, eyni zamanda, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati aspektlərini müəyyənləşdirir.
Beləliklə, yaxın illərdə aqrar sahədə İKT-nin tətbiqində daha təsirli tədbirlərin görüləcəyini və bu istiqamətdə səmərəliliyin artacağını proqnozlaşdırmaq mümkündür. Bununla əlaqəli olaraq, hesab edirik ki, İKT-nin qanunvericilik bazasının gücləndirilməsi, mövcud qanunların, hüquqi aktların və mexanizmlərin daha da təkmilləşdirilməsi, yeni qanunların hazırlanması və qəbul edilməsi prosesləri intensiv olaraq qalacaqdır və bunlarla bağlı bir sıra məsələlərə daha çox diqqət yönəldilməlidir:
– Azərbaycanda aqrar sahənin inkişafında və dünya təcrübəsinin daha geniş surətdə bu sahəyə tətbiqində nəzərdə tutulan tədbirlərin səmərəliliyinin təmin olunmasında İKT-nin rolu ilbəil artmaqda davam edəcəkdir;
– aqrar sahədə İKT-nin tətbiqinin sistemli və kompleks təşkili mexanizmləri hazırlanmalı və bunun üçün müvafiq İKT infrastrukturunun yaradılması, xüsusilə regionlarda fəaliyyət sahələrinin və xidmətlərin elektronlaşdırılması, rəqəmsal mexanizmlərdən istifadənin genişləndirilməsi təmin olunmalıdır və s.

Açar sözlər: aqrar sahə, informasiya-kommunikasiya texnologiyaları, aqrar sahədə elektronlaşdırma, aqrar sahədə rəqəmsallaşma, aqrar sahədə İKT, İKT-nin qanunvericilik bazası, aqrar sahədə İKT-nin hüquqi bazası.

ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
2. Taxıl haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 16 iyun 2000-ci il, № 898-IQ.
3. Aqrar Bölmədə Lizinqin Genişləndirilməsi Sahəsində Əlavə Tədbirlər Haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 23 oktyabr 2004-cü il, № 468.
4. Elektron ticarət haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı şəhəri, 10 may 2005-ci il, № 908-IIQ.
5. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı Bakı şəhəri, 16 aprel 2014-cü il, № 152.
6. Aqrar sahədə tətbiq edilən informasiya-kommunikasiya texnologiyaları nümayiş olunacaq. 19.05.2015. http://www.ictnews.az/read-36848-news-1.html.
7. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının qanunu. Bakı şəhəri, 14 iyun 2016-cı il, № 270-VQ.
8. Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il Sərəncamı ilə təsdiq edilmişdir.
9. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 22 may 2018-ci il, № 89.
10. Aqrar sektorda müasir texnologiyaların tətbiqi diqqət mərkəzindədir. 01.09.2018. http://www.movqe.az/news/layihe/121289.html.
11. Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 21 yanvar 2019-cu il.
12. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 21 may 2019-cu il, № 701.
13. Elektron xidmətlər. https://www.agro.gov.az/az/ekt/elektron-xidmetler.
14. EKTİS-də sistemin inteqrasiyası və mövcud funksionallığı. https://www.agro.gov.az/az/ekt/ektis-de-sistemin-inteqrasiyasi-ve-moevcud-funksiyonalligi.
15. Aqrar sığorta haqqında Azərbaycan Respublikasının Qanunu. 19 avqust 2019.

РЕЗЮМЕ
Совершенствование законодательной базы в применении информационно-коммуникационных технологий в аграрной сфере Азербайджана

В статье исследованы вопросы и проблемы совершенствования законодательной базы применения информационно-коммуникационных технологий в аграрной сфере Азербайджана. С этой целью анализирована сущность и влияние юридической базы на ускорение, а так же стимулирование применения ИКТ в аграрной сфере в стране. Рассмотрены основные проблемы электронизации процессов и деятельности субъектов в аграрной сфере. Обоснована необходимость ускорения применения цифровизации в аграрной сфере. Отмечена важность всестороннего применения ИКТ в аграрной сфере страны и необходимость совершенствования законодательной базы, способствующей интенсификации применения ИКТ в данной отрасли. Подготовлены предложения и рекомендации по проблемам совершенствования законодательной базы в применении информационно-коммуникационных технологий в аграрной сфере Азербайджана.

Ключевые слова: аграрная сфера, информационно-коммуникационные технологии, электронизация в аграрной сфере, цифровизация в аграрной сфере, ИКТ в аграрной сфере, законодательная база ИКТ, юридическая база ИКТ в аграрной сфере.


SUMMARY
Improvement of the legislative framework in the application of information and communication technologies in the agricultural sector
of Azerbaijan

The issues and problems of improving the legislative framework in the application of information and communication technologies in the agricultural sector of Azerbaijan are investigated in the article. The essence and influence of the legal framework on acceleration and stimulation of the use of ICT in the agricultural sphere of the country are analyzed for this purpose. The main problems of electronic processes and activities of subjects in the agricultural sphere are considered. The need to accelerate the application of digitalization in the agricultural sector is justified then. The importance of the full application of ICT in the agricultural sphere of the country and the need to improve the legislative framework that contributes to the intensification of the use of ICT in this sector is investigated too. Proposals and recommendations on the problems of improving the legislative framework in the application of information and communication technologies in the agricultural sector of Azerbaijan are given in the end of the article.

Key words: agrarian sphere, information and communication technologies, electronisation in the agrarian sphere, digitalization in the agrarian sphere, ICT in the agrarian sphere, the legislative base of ICT, the legal base of ICT in the agrarian sphere.