Azərbaycanda innovativ biznes və onun inkişaf prespektivləri

Post image

Mikayıl Nəbiyev, Azərbaycan Dövlət İqtisad Universiteti
“Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi”nin magistrantı

E-mail: [email protected]

Giriş
Müasir bazar iqtisadi sisteminə malik olan hər bir ölkənin sosial-iqtisadi tərəqqisi elmin, insan kapitalının və innovasiya amillərinin inkişafından asılıdır. İnnovativ milli biznesin formalaşması ölkənin milli iqtisadi gücünün və mənafelərinin səmərəli formada reallaşması istiqamətlərini müəyyən edir. Bu baxımdan, məqalənin mövzusu aktuallıq kəsb edir. Digər tərəfdən mövzunun aktuallığını səciyyələndirən arqumentlər aşağıdakılardan ibarətdir:
- Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş vəzifələrin reallaşdırılması;
- Ölkənin texniki-iqtisadi rəqabət gücünün formalaşdırılması;
- Milli məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması;
- Müqayisəli üstünlüyə malik olan istehsal sahələrinin innovativ inkişafına dövlət dəstəyinin artırılması;
- İnnovativyönümlü məhsulların beynəlxalq bazarlara çıxışının təmin olunması;
- Regionlarda innovativyönümlü sahələrin inkişafının dövlət tərəfindən həvəsləndirilməsi və s.
Dünya ölkələrində müasir bazar münasibətləri sisteminin formalaşması və inkişafında innovativ milli biznes fəaliyyətinin daha da genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Tarixi baxımdan hər bir ölkədə innovativ milli biznesin meydana gəlməsi hər şeydən əvvəl onların iqtisadi inkişaf səviyyəsindən asılıdır. Özlüyündə biznes fəaliyyətinin sərhədi yoxdur. Bütün ölkələrin milli biznesi xalqın milli iqtisadi mənafelərinə (maraqlarına) uyğun olaraq inkişaf edir və son nəticədə beynəlmiləlləşir, dünya iqtisadiyyatının inkişafının “məhək” daşına çevrilir. Dünya ölkələri beynəlxalq və milli biznes əlaqələrinin inteqrasiyası əsasında öz məqsədlərinə nail olurlar. Biznes fəaliyyəti müasir innovasiyaların formalaşmasına imkan verir, onun nəticələri (məhsulları) dünya bazarında öz təcəssümünü tapır və onlar arasında rəqabət baş verir. Beynəlxalq və milli səviyyədə biznesin inkişafı ilə innovativ inkişaf arasında səbəb-nəticə əlaqələri baş verir. Konkret formada yanaşıldıqda insan kapitalı, innovativ inkişaf, biznes fəaliyyəti və rəqabət arasında fasiləsiz olaraq tsiklik əlaqə vardır. Rəqabət isə bu tsiklik əlaqənin baş verməsində lokomotiv rola malikdir. İnnovativ milli bizne­sin formalaşması və inkişafı dünya ölkələri arasında rəqabətqabliyyətli iqtisadiyyatın meydana gəlməsi və onun səmərəliliyinin artması əsasında özünü daha çox büruzə verir. Məntiqi baxımdan yanaşdıqda innovasiyaların yaranmasını həm də rəqabətin nəticəsi kimi dəyərləndirmək olar. Belə ki, müasir innovasiyalardan səmərəli istifadə olunması iqtisadiyyatın rəqabətqabliyyətliliyinin yüksəlməsinə gətirib çıxarır. Ölkədə Milli İnnovasiya Sisteminin (MİS) yaradılması innovativ milli iqtisadiyyatın yeni strateji istiqamətlərini müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, innovativ iqtisadiyyatın strateji istiqamətlərinin şəffaf surətdə reallaşmasında inhisarçılıq meyillərinin aradan qaldırılması olduqca zəruridir. İnhisarçılıq innovasiya bazarında ona olan tələb və təklifin nisbətinin pozulmasına birbaşa təsir göstərir. Belə ki, innovasiya bazarında iştirak edən subyektlərin sayının artması, tələb və təklifin həcminin yüksəlməsi, bu bazara daxil olmada heç bir süni maneənin olmaması sağlam rəqabət mühitinin yaxşılaşmasına gətirib çıxanır. Odur ki, innovativ inkişafin təmin olunması üçün innovasiya bazarında sağlam rəqabətin mövcudluğu da əsas şərtlərdən biridir.
Dünyada innovativ biznes daim yeniləşir, təkmilləşir və beynəlmiləşmiş bir prosesə çevrilir. İnnovativ milli biznesin beynəlmiləlləşməsinin maddi əsasını beynəlxalq əmək bölgüsü, ölkələr arasında istehsalın ixtisaslaşması və kooperativləşməsi təşkil edir. Bunlarla yanaşı, innovativ milli biznes innovativ sahibkarlığın mühüm tərkib hissəsidir. Milli biznesin inkişafı müxtəlif inkişaf səviyyəsində yaşayan ölkələrin milli iqtisadi mənafelərinə və sövqedici motivlərinə əsaslanır.
Yeni biliklər, texnologiyalar və onların sosial-iqtisadi inkişafa səmərəli tətbiqi ölkənin dünya birliyində yerini və milli təhlükəsizliyinin təminatını müəyyən edir [6].Bir cəhəti də xüsusi vurğulamaq lazımdır ki, innovativ resursların məhdudluğunu nəzərə alaraq, bütün iqtisadi sistemlərdə onlardan istifadənin səmərəli davranış normalarına əməl olunmalıdır.
Azərbaycanda innovativ milli biznesin formalaşması vəziyyətinin təhlili.
Dünya ölkələrində maddi-iqtisadi resursların qeyri-bərabər inkişafı ölkələr arasında milli biz­nesin formalaşması və tərəqqisinə birbaşa təsir göstərir. Lakin dünya ölkələrində milli biznesin inkişafında qarşıda duran qlobal səbəb (vəzifə) həmin məhdud resurslardan necə və nəyin vasitəsi ilə istifadə etməklə ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək və insanların sonsuz tələbatlarını hərtərəfli ödəməkdir. Bu məqsədə nail olmaq üçün müasir tələblərə cavab verən innovativ texnologiyalar yaradılmalı və onlardan səmərəli istifadə təmin edilməlidir. Dünya ölkələrində məhsuldar qüvvələrin inkişaf səviyyəsi və qanunauyğunluqları baxımından yanaşdıqda innovativ texnologiyaların yaradılması və onların dünya bazarında biznes obyektinə çevrilməsi qlobal bir iqtisadi prosesdir. Hazırda müasir innovativ texnologiyaların istehsalında və dünya bazarına çıxarılmasında ÇXR, ABŞ, Almaniya, İtaliya, Yaponiya, Cənubi Koreya Respublikası, Malayziya, Sinqapur, Tayvan və digər ölkələri misal gətirmək olar. Azərbaycan əlverişli biznes mühitini təmin edərək 2016-cı ildə Dünya Bankının hazırladığı “R Business” hesabatında 189 ölkə arasında 63-ci yeri tutmuşdu. Eyni zamanda Dünya Bankında əks olunan 10 göstəricidən 5-i üzrə Azərbaycan dünya ölkələri arasında ilk 40-cı yerdə qərarlaşmışdır. Bunlarla yanaşı, özəl sektorun qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmaq məqsədilə əlverişli biznes mühitinin daha da təkmilləşdirilməsi və onun institusional əsaslarının gücləndirilməsi irəli sürülür. Azərbaycanda innovativ milli biznesin inkişaf strategiyasında xarici bazarlara çıxış məqsədilə azad ticari sazişlərinin bağlanılması və müasir innovativ texnologiyaların yaradılması və reallaşdırılması mühüm vəzifə­lərdən biridir. Azərbaycan iqtisadiyyatı və milli biznesi dünya iqtisadiyyatını tərkib hissəsidir. XX əsrin 90-cı illərində Yaponiya alimi K.Ohtac “Sərhədsiz dünya” kitabında göstərmişdir ki, ayrı-ayrı dövlətlərin milli iqtisadiyyatı haqqında danışmaq artıq mənasızdır və dünya iqtisadiyyatı bundan sonrakı üç mərkəzin, yəni ABŞ, Avro­pa İttifaqı və Yaponiyanın qarşılıqlı əlaqəsi ilə müəyyən edilir.O, iddia edirdi ki, artıq milli dövlətlər deyil, “qlobal firmalar” iqtisadi arenadə əsas oyunçulardır [3].
Qloballaşan dünyada irəli sürülən, yaranan bütün axtarışların, ideyaların, yeniliklərin və innovasiyaların heç bir “sərhəd”i yoxdur və onlar beynəlxalq ixtisaslaşma və əmək bölgüsü əsasında özünü büruzə verir. Hər bir ölkənin innovativ yenilikləri onun milli rəqabət gücünün möhkəmlənməsinə, inteqrasiya əlaqələrinin genişlənməsinə və iqtisadiyyatın hərtərəfli inkişafına təsir göstərir. Hansı ölkə beynəlxalq əmək bölgüsü sistemində fəal iştirak edirsə, xarici kapitalın və meyillərin üstünlüklərindən istifadə edirsə, onun iqtisadi gücü də artmış olur. Dünya ölkələrində innovasiya texnologiyalarının inkişafında xarici iqtisadi əlaqələrin mühüm rolu vardır. Xarici iqtisadi əlaqələr ölkələr arasında elmi-texniki və innovativ texnologiyaların mübadiləsinin intensiv xarakter almasına təsir göstərir. Xarici iqtisadi fəaliyyətdə investisiya resurslarının, informasiya vasitələrinin, elmi-texniki ideyaların xarici kapitalın mübadiləsinə üstünlük verilir. Bununla yanaşı, xarici iqtisadi əlaqələrin formalaşması və inkişafında innovativ sənaye biznesinin genişləndirilməsinə xüsusi diqqət yetirilir. Belə ki, inkişaf etmiş sənaye ölkələri sənaye sferasında innovativ texnologiyaların dünya bazarlarına çıxarılması və onların rəqabətqabliyyətliliyinin artırılmasına daha çox diqqət yetirirlər. Hazırda sənaye klasterlərinin yaradılmasında innovasiya biznesinin fəallaşmasına daha çox üstünlük verilir. Belə yönümlü innovasiyalar qara və əlvan metallurgiya, yanacaq sənayesi, maşınqayırma, neft-kimya, elektrotexnika və digər sahələrdə özünü təzahür etdirir. Bunlarla yanaşı, innovasiya istiqamətli sahələrə dəmir yolunu, nəqliyyat infrastrukturu sistemini, regional sənaye zonalarını, avtomobil nəqliyyat vasitələrini aid etmək olar. Hazırda dünya ölkələrində istehsal və sosial infrastruktur sistemlərinin formalaşması və idarə olunmasında innovasiya metodlarından və yeniliklərindən daha çox istifadə olunur. O cümlədən belə sahələrə “Asan xidmət” sistemini, rabitə və kommunikasiya vasitələrini, elektron dövlət, elektron ticarət, elektron xidmət və digərlərini göstərmək olar. Ümumiyyətlə, dünya ölkələrində innovativ milli biznesin inkişafinın müxtəlif modelləri mövcuddur. İnkişaf etmiş bazar sistemli ölkələrdə innovativ milli biznesin formalaşması və inkişaf modelinin maddi əsasını xarici və daxili investisiya qoyuluşları hesabına yeni sənaye inqilabı dövrünün yaranması prosesi təşkil edir. Bu proses isə XX əsrin 50-60-cı illərindən başlayaraq, həmin ölkələrdə özünü daha çox təzahür etdirmişdir. Müasir sənaye cəmiyyətlərinin, elmi-texniki komplekslərin, yaradıcılıq cəmiyyətlərinin, avtomatik idarəetmə sistemlərinin və s. formalaşması neoindustrial dövrün innovativ xarakterini özündə əks etdirir.
Ölkəmizdə də bu sahədə əhəmiyyətli tədbirlər görülür. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafi, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra priori­tet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. 2013-cü il ölkəmizdə “İnformasiya kommunikasiya texnologiyaları ili” elan edilmiş və fevral ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır [2].
Dünyanın bir çox ölkələrində innovativ biz­nesin inkişafında kiçik və orta sahibkarlığın dövlət tərəfindən stimullaşdırılması modeli tətbiq edilmişdir. Bu modeldə insan kapitalının rolundan və imkanlarından daha çox istifadə olunmuşdur. Həmin ölkələrə Çin Xalq Respublikasını, Almaniya Federativ Respublikasını, Yaponiyanı, İtaliyanı, Fransanı və digər müasir sənaye ölkələrini misal göstərmək olar.
Azərbaycanda innovativ biznesin formalaşması və inkişafında dövlət tərəfindən innovasiyaların təşviqini stimullaşdıran fəaliyyət proqramları hazırlanır, elmi araşdırmalar aparılır, geniş diapazonlu bilik şəbəkəsi yaradılır və onun yaradıcı imkanlarından istifadə olunur. İnsan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi innovativ yeniliklərin əldə olunmasına təkan verir.
İnsan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi təhsil və elm sahələrində infrastruktur sisteminin təkmilləşdirilməsi əsasında həll oluna bilər. İnsan kapitalının innovativ milli biznesin inkişafına təsirini həyata keçirmək məqsədi ilə “təhsil-elm-istehsal” tsiklinin kompleks surətdə idarə edilməsinə nail olunmalıdır. Məhz buna görə hazırda Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafi, biz­nes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində islahatlar aparılır. Bu islahatların davam etdirilməsi orta və uzunmuddətli dövrdə təhsilin (xüsusilə təhsilin ixtisaslı kadr hazırlığı pillələrində) keyfiyyətinin yüksəldilməsi, infrastrukturun və “elm-təhsil-istehsal” əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyətli hesab edilir.
Bunun üçün İKT sistemi təkmilləşdirilməli, cihaz və avadanlıqlar, laboratoriyalar, təcrübə-sınaq stansiyaları (mərkəzləri), fondlar, innovasiya müəssisələri, konsaltinq və mühəndislik xidmətləri sahəsində mühüm işlər aparılmalıdır.
Bunlarla yanaşı, bir məsələni qeyd etmək olar ki, ölkənin bir sıra regionlarında hələ də innovativ geriliklər nəzərə çarpır. Belə bir şəraitdə İKT bilik sistemi müasir insan kapitalının formalaşmasında öz rolunu göstərə bilməz. Odur ki, regional innovasiya siyasətinin konseptual müddəalarının və təcrübədə uğurlu realizə edilməsinin vacibliyi əsaslandırılır.Regional innovasiya siyasətinin gücləndirilməsi 2000-ci ildə Avropa Şurasının Lissabon sammitində də vurğulanmışdır [4].
Sosial innovasiya sisteminin bazasını möhkəmləndirmək məqsədi ilə təhsil sistemində elektron məktəb idarəetmə formasından, elektron kitabxanaların imkanlarından, təhsilin bütün səviyyələrində kurikulumların rəqəmsal tədris materiallarından (məsələn: elektron kitablar, elektron seminarlar, açıq tədris materialları və s.) daha geniş istifadə olunmalıdır. “Təhsil-elm-istehsal tsiklinin optimallaşdırılması və onların maddi-texniki bazasının müasir tələblər səviyyəsinə uyğunlaşdırılması sosial innovasiyaların ümumi məzmununu daha geniş formada əks etdirir.
Dövlətin innovasiya siyasətinin reallaşmasında elmin, elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin inkişafının stimullaşdırılması bir sıra yollarla həyata keçirilə bilər. Belə ki, Azərbaycanda elmin milli strategiyasına uyğun olaraq, elmi işçilərin maliyyə dəstəyi gücləndirilməli və onun maliyyələşdirilməsi sisteminə daha çox üstünlük verilməlidir. Elmi tədqiqatlarda güzəştli vergi dərəcələri tətbiq olunmalıdır.
Qeyd etmək lazımdır ki, dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra durğunluq vəziyyəti (böhran) elm və təhsil sisteminə də öz təsirini göstərmişdir. Ölkədə sosial-iqtisadi çətinliklər nəticəsində elm və təhsilin mövcud potensial imkanlarından lazımi səviyyədə istifadə olunmaması çoxsaylı aparıcı alimlərin və bacarıqlı mütəxəssislərin xarici ölkələrə getmələrinə səbəb olmuşdur. Bu proses həmin dövrdə Azərbaycan elminə sarsıdıcı təsir göstərmişdir. Həmin dövrdə ölkədə innovativ irəliləyişlərdən söhbət gedə bilməzdi. Yəni Azərbaycanda keçid dövrünün doğurduğu çətinliklər və ziddiyyətlər innovativ böhran vəziyyətinə öz ciddi təsirini göstərdi. Lakin 1994-cü ildə “Əsrin müqaviləsi” neft strategiyasından sonra birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması bir neçə ildən sonra sosial-iqtisadi inkişafda öz müsbət bəhrəsini verməyə başladı. Ölkədə bir sıra zəruri dövlət proqramlarının qəbul olunması kiçik və orta sahibkarlığın (biznesin) inkişafına hüquqi-iqtisadi baza yaratdı. Sahibkarlıq (biznes) fəaliyyəti genişləndikcə müasir dövrün tələblərinə cavab verən insan kapitalının formalaşması prosesinə şərait yarandı. Özlüyündə yaradıcı insan kapitalının yaranması innovativ yeniliklərin meydana gəlməsinə birbaşa təsir göstərdi. Beləliklə, tədricən innovativ böhran vəziyyətindən çıxış imkanları özünü büruzə verməyə başladı və iqtisadiyyatın bir sıra sahələrində innovativ yeniliklər nəzərə çarpmağa başladı. Son 15 il ərzində Cənubi Qafqaz regionunda Azərbaycan bütün sahələrdə mütləq üstünlüyə malik olaraq iqtisadi inkişaf potensialının 70 faizini özündə cəmləşdirir. Bu baxımdan, Azərbaycan iqtisadiyyatı innovasiyayönümlüdür və bir çox geniş sahələri əhatə edir. Həmin sahələrə neft sənayesini, emal sənaye sahələrini, tikinti sahəsini, xidmət sferasını, İKT və s. aid etmək olar.

Nəticə
Gələcəkdə Azərbaycanın iqtisadi inkişaf strategiyasının tələblərinə uyğun olaraq, iqtisadiyyatın bütün sahələrində innovativ milli biznesin inkişafı proporsional (mütənasib) formada təmin edilməlidir. Ölkədə innovativ milli biznesin inkişafı milli iqtisadi mənafelərin reallaşmasına xidmət etməlidir. Azərbaycanın sosial-iqtisadi inkişafında mütərəqqi irəliləyişlər baş verdikcə bir sıra sahələrdə innovativ məhsulların xarici ölkələrə ixracında mühüm addımlar atılmışdır. Onlara əsasən emal sənayesi məhsullarını, neft-kimya sənaye məhsullarını, tikinti, pambıq, tütün və digər məhsulları aid etmək olar. Lakin innovativ milli biznesin inkişafında idxalı əvəz edən məhsulların inkişafına daha çox diqqət yetirilməsi məqsədəuyğundur. Belə məhsullara emaledici və neft sənayesi üçün maşın, dəzgah və avadanlıqları, qənaətcil əvəzedici resursları və s. aid etmək olar. Xüsusilə qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində innovasiyayönümlü məhsulların istehsalına daha çox investisiya qoyuluşları nəzərdə tutulur. Bununla yanaşı, aqrar bölmədə də istehsal olunan kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və dünya bazarına çıxarılması məqsədilə innovasiya resurslarından daha geniş formada istifadə olunmalıdır. Göstərilən innovativ tədbirlərin reallaşmasında güclü maliyyə mənbəyi kimi xarici və daxili investisiyaların imkanlarından səmərəli istifadə olunmalıdır. Azərbaycanda innovasiya aktivlərini yüksəltmək məqsədilə investisiya qoyuluşlarının effektivlik (səmərəlilik) dərəcəsi nəzərə alınmalıdır. Ölkədə innovasiya fəallığını artırmaq məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsinə üstünlük verilməlidir:
- Xarici və daxili investisiyaların qeyri-neft sektorunun inkişafına yönəldilməsi stimullaşdırılmalıdır;
- İnnovativyönümlü firmaların və şirkətlərin fəaliyyətinə əlverişli rəqabət və biznes mühiti yaradılmalıdır;
- ölkədə fiziki və mənəvi cəhətdən aşınmış (köhnəlmiş) əsas fondların yenisi ilə əvəz olunmasına investisiya qoyuluşlarının həcmi artırılmalıdır;
- milli istehsal sahələrində innovativ texnologivaların tətbiqi istiqamətində investisiya qoyuluşları təşviq edilməlidir;
- xarici ölkələrə kapital axınının məhdudlaşdırılması və onun innovasiyayönümlü sahələrə yönəldilməsi imkanları genişləndirilməlidir;
- ölkədə müqayisəli üstünlüklər nəzərə alınmaqla innovasiyayönümlü prioritet sahələrin inkişafına diqqət yetirilməlidir;
- Azərbaycanın regional inteqrasiya bloklarında fəal iştirakını təmin etmək məqsədi ilə beynəlxalq bazarda innovasiyayönümlü məhsulların istehsalı stimullaşdırılmalıdır;

Açar sözlər: milli biznes, innovasiya potensialı, innovasiya iqtisadiyyatı, innovativ inkişaf, innovasiya strategiyası.

ƏDƏBİYYAT SİYAHISI:
1. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 6 dekabr 2016-cı il.
2. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlat Proqramı” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 27 fevral 2014-cü 11.
3. Azərbaycanın xarici iqtisadi əlaqələri: nailiyyətlər və perspektivlər. AMEA nin İqtisadiyyat İnstitutu. Bakı: “Avropa” nəşriyyatı, 2015.
4. A.Musayev. İnnovasiya iqtisadiyyatı və vergi stimullaşdırılması.
5. Z.M.Nəcəfov. Milli innovasiya sistemlərinin əsasları. Bakı: “Elm”, 2006.
6. A.D.Hüseynova. Azərbaycanda innovasiya potensialının təhlili. Bakı: “Elm və təhsil”, 2013.

Резюме
Целью написания данной статьи является определение направлений развития, характеристик и форм проявления инновационного национального бизнеса на международном уровне в соответствии со стратегией экономического развития страны.
В статье рассматриваются общие основы формирования инновационного национального предпринимательства, материальные предпосылки, роль национального и международного разделения труда. Суть статьи, которую можно рассматривать как научную инновацию, заключается в том, что на основе причинно-следственной связи науки, инноваций и развития человеческого капитала определен механизм его действия как закона «человеческого капитала». Роль развития также упоминается в вопросах и аргументах, подтверждающих эту роль.
Затем комментируются различные модели и направления развития национального бизнеса в мире, здесь приводится ряд эффективных предложений и рекомендаций о перспективах инновационного развития в Азербайджане, которые могут быть использованы для повышения эффективности хозяйствующих субъектов и стратегии социально-экономического развития страны.

Ключевые слова: национальный бизнес, инновационный потенциал, инновационная экономика, инновационное развитие, инновационная стратегия.

Summary
The purpose of writing the article is to determine the development directions, features and forms of manifestation of innovative national business at the international level in accordance with the economic development strategy of the country.
The article considers the general basis of the formation of innovative national business, the material prerequisites, the role of the national and international division of labor. The main point of the article, which can be considered as a scientific innovation, is that based on the cause-and-effect relationship between science, innovation and human capital development, the mechanism of its action as the law of “human capital” is defined. The role of development is also mentioned in the issues and arguments confirming this role.
Then, various models and directions of national business development in the world are commented. Here are a number of effective proposals and recommendations on the prospects of innovation development in Azerbaijan. These proposals can be used to increase the efficiency of economic entities and the country’s socio-economic development strategy.

Keywords: national business, innovation potential, innovation economy, innovative development, innovation strategy.