Kəskinləşən “tullantı böhranı”ndan bu və ya digər formada bütün ölkələr əziyyət çəkir. Daha az inkişaf etmiş ölkələrdə bu xroniki xarakter daşıyır [15, s. 20-21]. Funksiyasını itirmiş və yararsız hala gəlmiş hər cür material zibil adlandılır. Zibillərin ətrafa zərər verməməsi üçün düzgün çeşidlənməsi və emalı lazımdır.
Qablaşdırma maddələri və yemək artıqları xaricində batareyalar, boya artıqları, işıqlandırmada istifadə edilən müxtəlif lampalar, təbii və ya sintetik hazır şablon məhsulları, kağız və müxtəlif törəmələri, elektron əşyalar və s. evlərdə istifadə edilən hər şey zaman keçdikcə tullantı halına gəlir. Məişət tullantılarının təkrar emala yararlı ola bilməsi üçün zibillərin çeşidlənməsi şərtdir.[5]
Məişət tullantıları əmələ gəldiyi mənbəyə görə belə təsnif olunur:
-bərk məişət tullantıları;
-maye məişət tullantıları;
-təhlükəli məişət tullantıları;
-məişət xarakterli sənaye tullantıları (divar boyası və s.) ;
-evdə istifadə olunan tibbi tullantılar;
-ictimai iaşə müəssisələrinin tullantıları;
-ticarət və müəssisələrin tullantıları və s.
Məişət tullantılarının çeşidlənməsi dünyada, xüsusilə də Azərbaycanda (tullantılar qarışıq şəkildə evlərdə toplanır) mühüm sosial-iqtisadi və ekoloji problemlərdən biridir. Ümumiyyətlə, tullantılar dedikdə məhsulların istehsalı və istehlakı prosesində yaranmış zibillər, qalıqlar, eləcə də istifadəyə yararsız maddələr başa düşülür. Məişət tullantılarına məhz məişətdə yaranan təhlükəli/ təhlükəsiz tullantılar aiddir.
Tullantılar əgər düzgün sortlaşdırılarsa paradoksal əhəmiyyətə malikdir. Belə ki, bir tərəfdən tullantılar ətraf mühitə və sağlamlığa zərərdirsə, digər tərəfdən enerji mənbəyi və yeni xammal olaraq çox sərfəlidir.
Effektiv emal prosesinin əsasında effektiv çeşidlənmə, təsnifat dayanır. Ekoloji bazarda çox müxtəlif çeşidləmə texnikaları var və burada beş ən məşhur olanı göstərəciyik.[13]
Tullantıların sortlaşdırılması ilə maraqlanan şirkətlər əsasən beş üsuldan birini istifadə edirlər:
Trommel ekranlar və ya tamburlu ekranlar: Bu maşınlar, tullantıları ölçülərinə görə ayırır. Azərbaycanda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu tullantıların çeşidlənmə prosesində ilkin çeşidləmə, əl ilə çeşidlənmədən öncə məhz bu Trommel ekrandan istifadə edir.
İnduksiya çeşidləmə: tullantı müəyyən olunmuş və aşağı hissəsi sensorla örtülmüş kəmər ilə gəlir və sensorların sayəsində çeşidlənir.
Burulğan çeşidləmə: bu üsul metal növlərinin ayrılması üçün istifadə edilir. Bir keçirici, dəyişən bir maqnetik sahəyə məruz qaldığında “burulğan axını” meydana gəlir. Təməl olaraq, dəmirli və dəmirsiz metalların maqnetik olaraq bölünməsidir.
Yaxın infraqırmızı sensorlar: Tullantılar çeşdilənərkən, əksəriyyəti yaxın infraqırmızı dalğa boyu spektrindəki işığı əks etdirir və buna uyğun olaraq çeşidlənirlər.
X-şualanma texnologiyası: X-şüaları sıxlığına bağlı olaraq fərqli tullantı növlərini ayırd etmək üçün istifadə edilir.
Əllə ayırma: keçmişdən bu günə kimi tətbiq olunan metod.
Çeşidlənmiş tullantının təkrar emala yararlı olması, iqtisadi dəyərinin qiymətləndirilməsi həmin tullantının tərkibinin təmiz və qatqısız olmasından çox asılıdır. Belə ki, tullantının xammal kimi dəyərləndirilməsi üçün mütləqdir ki, təkrar emala yararlı olmaq şərtlərini yerinə yetirsin. Adətən xarici təcrübələrə nəzər yetirsək, görərik ki, tullantıların çeşidlənməsi onların toplandığı yerdə aparılır, yəni mənbədə çeşidlənir və bu prosesi istehlakçılar, insanlar özləri həyata keçirir [6-10].
Tullantıların kompleks emalının ilkin mərhələsi çeşidlənmə metodunun düzgün təşkilidir ki, bu da yüksək dərəcəli idarəetmə sisteminin əsasında baş verə bilər. Hər bir tullantının özünün çeşidlənmə metodu vardır ki, məişət tullantıları üçün aşağıdakı üsullar daha uyğundur:
- bərk məişət tullantılarının məişətdə insanlar tərəfindən yarandığı yerdə tullantı kodu üzrə ayrıca yığılması və daşınması. Ümumiyyətlə, məişət tullantılarının tərkibi təhlükəli olmadığı üçün, çeşidlənmə əl ilə aparılır, lakin metal hissəcikləri maqnit seperatorun köməkliyi ilə digər tullantılardan çeşidləyirlər.
- Məişətdən kənarda əmələ gələn məişət tullantıları (restoran, idarə, universitet, məktəb, marketlər və s.) fraksiyalı yığım ilə çeşidlənir.
- Məişət tullantılarının yuxarıda qeyd olunan inteqrasiya olunmuş emalı üçün təsis edilən zavodlarda çeşidlənməyi də ümumi çeşidlənmə metoduna aiddir. Burada həm əl ilə çeşidlənmə, həm də qurğular vasitəsi ilə çeşidlənmə həyata keçirilir.
Tullantıların çeşidlənməsi tullantıların ümumi həcminin azaldılması, təkrar emala yararlı məhsullar əldə etmək və ən əsası xammal kimi istifadə olunması üçün tətbiq olunur. Çünki tullantı zibil deyil, gələcəkdir.
Məişət tullantılarının çeşidlənməsi ekoloji mədəniyyətin göstəricilərindən biridir və hər kəs bunu etməlidir. Belə olan halda ölkənin iqtisadiyyatı və ətraf mühitinin sağlamlaşdırılması paralel şəkildə tərəqqi edər. Ekoloji fondlar çeşidlənmə prosesinin düzgün getməsi üçün müəyyən pul ayırmaları da edir.
Tullantıların çeşidlənməsi ekoloji bazarın formalaşmasında mühüm rol oynayaraq, təkrar istehsal biznesinin inkişafına səbəb olur. Çeşidlənən zibillər (şüşə, plastik və s.) təkrar emala yararlı olduğundan, ətraf təbii mühitə tullantıların təsiri nisbətən ləngiyir.
Tullantıların sortlaşdırılmasının asan başa gəlməsi və iqtisadi səmərəliliyi olması üçün tullantılar xüsusi kodlarla ştrixlənmiş, xüsusi rənglərlə ayrılmış zibil qutularına atılmalıdır. Belə zibil konteynerlərinin rəngi tullantıların idarə olunması sistemi tərəfindən təyin olunmuşdur və bu rənglər onun təşkil olunduğu ölkəyə görə dəyişir (yəni konkret rəng və ona atılacaq tullantı təsnifatı yoxdur). Çeşidlənmənin düzgün getməsi üçün müəyyən qaydalar vardır:
• Təkrar emala yararsız tullantılar çeşidləndikdən sonra xüsusi qablarda toplanmalıdır.
• Təhlükəli tullantılar (tibbi, elektron tullantı, batareya, akkumulyatorlar və s.) ayrıca yığılmalıdır.
• Üzvi tullantılar bir konteynerə atılmalıdır.
• Şüşə və güzgü bir qabda saxlanılmalıdır.
• Kağız, karton mütləq yağ və ya sulu tullantılardan ayrı yığılmalıdır.
• Təkrar emala yararlı olanlar da ayrı toplanmalıdır.
İstehlak tullantılarının emalı, qlobal ekoloji problemlərdən biri olan tullantıların idarə edilməsimin kompleks şəkildə həllinə yönəlmiş metoddur və daim inkişafdadır. Hələ təkcə Azərbaycanda son on ildə prioritet istiqamət kimi təkrar emal sahəsinə qeyri-neft sektorunun bir hissəsi kimi baxılır və bu sahədə müəyyən tədbirlər görülür.
Tullantı kimi baxdığımız kanalizasiya sularının emalının gələcək istiqamətlərindən biri olan onun tərkibindəki üzvi maddələr, mikroelementlərdən gübrə kimi istifadə edilmişdir.
“Azərbaycan 2020: gələcəyə baxış” və davamlı inkişaf konsepsiyası təkrar emala yararlı olan tullantıların təkrar emal olunmasının əsasında qeyri-neft sahələrinin iqtisadi inkişafda rolunun artırılması məqsədilə tullantıların texnoloji, ekoloji qiymətləndirilməsi baxımından onun emalının prioritet istiqamətləri aşağıdakılardır:[16]
- təkrar emal edən müəssisə və zavodların sayının artırılması;
- yalnız paytaxt Bakıda deyil, əvvəlcə iri şəhərlər sonra bölgələrdə tullantıların düzgün idarə edilməsinin tətbiqi;
- tullantıları inteqrasiya olunmuş metodlarla tətbiqinin Azərbaycana gətirilməsi;
- bioloji tullantıların basdırılma deyil, kompostlama metodu ilə zərərsizləşdirilməsi;
- mövcud emal texnologiyalarının inkişaf etmiş texnoloji proseslərlə əvəz olunması;
- təkrar emal olunan xam maddələri istsimar edən sənaye sahələrinin yaranması, mövcud olanların təkmilləşdirilməsi;
- çeşidlənmə mədəniyyətinin ictimai mühitdə aşılanması;
- bağça və məktəblərdə təkrar emal metodlarının öyrədilməsi və bu sahədə müvafiq tədbirlərin keçirilməsi və s.
Sevindirici haldır ki, son illər Azərbaycanda məişət tullantılarına yeni bir iş yeri, yeni biznes növü, ekoloji biznes, ekoloji bazar üçün xam maddə istehsal edən sahə kimi baxılır. Bu səbəbdən onun emalı prosesinin ən optimal şəkildə təşkil olunmasının tətbiqinə çalışılır.
Azərbaycanda təkrar istehsal biznesi sahəsində yeni zavodların yaranmasına şərait yaratmaq, onların inkişafını stimullaşdırmaq, tullantıların həcminin maksimum şəkildə azaldılmasını təşkil etmək, istər təbii sərvətlərin, istərsə də enerjiyə qənaət baxımından istehlak, həmçinin istehsal tullantılarının texnoloji, ekoloji-iqtisadi qiymətləndirilərək, xam maddə kimi başqa sənayenin məhsulu kimi dəyərləndirilməsi əsas hədəflər olmalıdır.
Avropa birliyi Ətraf Qanunvericiliyi ekoloji risklərin qarşısını almaq və davamlı inkişafın təmin olunması məqsədilə 8 alt kateqoriya ayırmışdır:[12]
- hava keyfiyyəti
- tullantıların idarə edilməsi
- su keyfiyyəti
- sənaye çirklənməsi və risklərin idarə edilməsi
- kimyəvi çirklənmə
- fiziki çirklənmə
- təbiəti qorumaq
- səs çirklənməsi
Bəzi ölkələr tullantıların idarə edilməsində yüksək nailiyyətlər əldə etmələrinə baxmayaraq, bəzi ölkələr təkrar emal prosesini tətbiq etməkdə çətinlik çəkirlər. Aydındır ki, yeni-yeni sənaye sahələri inkişaf edtikcə problemlər də artır, bu səbəbdən tullantıların emalı prosesləri optimallaşdırılmalıdır və prioritet istiqamətləri müəyyənləşməlidir:
- Plastik üzərində qadağalar:
Plastik tullantıların fotodeqradasiyası yüz illərlə başa gəldiyi lokal ekosistemlər və canlı təbiət üçün dəhşətli dərəcədə təhlükəlidir. Birdəfəlik köpük qablar, plastik torba və plastik şüşələr üzərində müəyyən qadağaların qoyulması tullantıların idarə edilməsində mühüm addımdır.
- Kağızdan rəqəmsala keçid:
Məsələn, Estoniya bunu tətbiq edərək, tullantıların daha az əmələ gəldiyini bildirir.
- Bioloji olaraq parçalana bilən plastiklərdən istifadə:
Bioloji olaraq parçalana bilən qətrən üçün ekoloji bazar payı artmaqdadır.
- Məcburi kompostlaşdırma:
Bu o deməkdir ki, içi bizim ölkə qarışıq bəzi ölkələr var ki, torpaq üçün zəngin ehtiyat olan qida tullantıları və ya yaşıl tullantıları kompostlama edərək dəyərləndirmir, poliqonda basdırır. Halbuki, iqtisadi, ekoloji qiymətləndirildikdə, həm litosfer üçün zəngin sərvətlər olduğu aydınlaşır, həm də iqtisadi səmərəliliyi sübut olunur.
- Davamlı innovasiya:
İnnovasiyanın, texnologiyanın inkişafı təqdirə layiqdir, lakin bu inkişaf əgər ətraf mühit nəzərə alınmadan gedərsə, o zaman frontal inkişafa gətirib çıxarır. Lakin inkişafı, innovasiyanı elə tətbiq etmək lazımdır ki, hər iki ünsür (iqtisadi artım və ətraf mühit) nəzərə alınsın.
- 3D Print [23]:
3D çap, daha əvvəl heç düşünülməmiş olan müəssisələrdən və istehsal proseslərindən, hətta evdə şəxsi istifadəyə qədər, istehsal üçün qapıları açdı. 3 Ölçülü çap texnologiyası, hətta bir gün içində bir ev inşa edə bilər. Əlbəttə bu texnologiya ilə plastik üzərindəki asılılığın daha da artırması riski var.
- Orqanik tullantılardan bioqazın alınmasının inkişafı [14]:
Anaerob fermentasiya ilə bioqazın alınması, tullantıların emalında prioritet istiqamətlərdən biridir. Çünki bioqaz tutularaq həm atmosfer çirklənməsi azalır, həm də enerji əldə olunur.
- Siqaretlərin təkrar emalı:
Bu emal prosesi ingilis dilində “TerraCycle” adlanır və ən sərfəli metodlardan biridir. Belə ki, işlənmiş siqaretin külü yığılaraq gübrə halına salınır, özündən isə müxtəlif maddələr hazırlanır.[28]
- Artan korporativ məsuliyyət:
Nəinki məişətdə, işlədiyimiz müəssisələrdə, restoranlarda və s. məkanlarda təkcə pul qazanmağı deyil, eyni zamanda ətraf təbii mühiti də düşünmək məcburiyyətimiz prioritetlərdən biri olmalıdır.
- 0 tullantı prinsipi [26]:
“Sıfır Tullantı”, bir prosesdən və ya texnologiyadan çox bir fəlsəfədir, və mütləq bir yenilik olaraq düşünülməlidir. Bu prinsipə görə tullantı deyə bir maddə yoxdur, yəni enerji kimi “tullantı yaranmır, itmir, bir haldan digər hala keçir”.
Sıfır Tullantı prinsipi, tullantıların və materialların həcm və sistematik olaraq qarşısını almaq və aradan qaldırmaq, bütün qaynaqları qorumaq və xilas etmək və onları yandırmamaq və ya basdırmaq üçün məhsul və prosesləri hazırlamaq və idarə etmək mənasını verir. Şotlandiyada 2008-ci ildən Sıfır tullantı prinsipi üçün işlər planlaşdırılır və hədəfə çatma müddəti 2025-ci ildir. Sıfır Tullantılar həmçinin şirkətlər və təşkilatlar tərəfindən də tətbiq edilir. Sıfır tullantı prinsipi ilə fəaliyyət göstərmək istəyən müəssisələr: Kseroks (Roçester, Nyu York), Hyulett Pakard (Kaliforniya), Fitzir üzüm bağları (Kaliforniya) və s.
- Tullantıdan yanacağın alınması [27]:
Tullantıdan yanacağın alınması son zamanlar daha çox tətbiq olunan istiqamətlərdən biridir.
Qida tullantıları, onu istehsal edən hər hansı bir müəssisə, ev, hotel və s. üçün böyük bir problemdir. Digər məişət tullantı növləri qida tullantılarına görə nisbətən emal olunması asandır. Şüşə, plastik, alüminium və hətta metallar faydalı ikinci məhsullar halına çevrilə bilir. Lakin qida tullantıları haqqında bunu demək olmur.
Yuxarıda qeyd olunan problemləri qismən də olsa həll etmək üçün, təklif olunur ki, həm iqtisadi səmərəli olan, həm də qida tullantılarını israf etməyən, digər ölkələrdə uğurlu şəkildə istifadə olunan, qida tullantılarının idarə edilməsində innovativ metod olan “Imperial Machine Company”-ə məxsus olan Waste Pro II IMC qurğusudur [19].
Əgər təklif olunan, Waste Pro II IMC qida tullantıları əmələ gələn yerlərdə istifadə olunarsa, bu və ya digər problemlərin bir çoxu aradan qaldırılar və ya azaldılar, beləliklə, bir çox sahədə böyük qənaət təmin edilər.
Qida tullantıları tipik olaraq ümumi məişət tullantılarının təxminən% 40-nı təmsil edir. Bu 40 %-dən təxminən 77% i maye halındadır [17].
Waste Pro II IMC, qida tullantılarını incə hissəciklər halında üyüdür, bu hissəciklər birbaşa mövcud olan susuzlaşdırma sisteminə girir. Sentrifuqa hərəkəti ilə yumşalan tullantıdan artıq suyun çıxmasınının qarşısısını alaraq tullantıların həcmini 80%-ə qədər azaldır. Quru qalıqdan əlavə əmələ gələn “boz su” (texniki su) isə, asan idarə olunan, qapaqlı bidonlarda toplanılır və təkrar emala hazır hala gəlir.
Quru qalıq isə kompostlama ilə gübrəyə asan şəkildə çevrilərək, faydalı məhsul halını alır və poliqona basdırılmadan ümumi tullantı həcmini azaldır
Məişət tullantılarının təsnifatına nəzər yetirdikdə, məişətdə, restoranlarda, iş yerlərində, bir sözlə insan yaşayışı olan hər yerdə əmələ gələn və təkrar emala yararlı tullantı kimi qiymətləndirilən plastik tullantıları görə bilərik. Plastik tullantıların həcminin əsas hissəsini gündəlik istifadə etdiyimiz pet butulkalar təşkil edir. Su, süd, hər cür içki maddəsi, benzin kimi gündəlik həyatda tez-tez istifadə edilən maddələr şüşədən əlavə pet butulkalar içində mühafizə edildiyindən, kommunal-məişətdə demək olar ki, hər gün istehlak edilir və ətraf mühitə atılır. Lakin düzgün ekoloji qiymətləndirilərsə, həm iqtisadi, həm ekoloji baxımdan dəyərləndirilərək, təkrar emal oluna bilər [11, 18, 20, 21, 22].
Ətraf mühit və insan sağlamlığına təsir edən proseslərdən biri tullantıların düzgün idarə edilməməsidir ki, bu vəziyyətin yaxşılaşdırılması məqsədi ilə inteqrasiya edilmiş tullantı idarəetmə sistemi bütün müəssisələrdə, ölkələrdə tətbiq olunmalıdır.
Düzgün qiymətləndirilməmiş suyun hamamda, kənd təsərrüfatında , içməli su kimi məişətdə istifadə olunması orqanizmləri və insanı xəstəliyə yoluxdurur. Amerikanın İctimai Sağlamlıq Xidmətinin verdiyi məlumata görə insan xəstəliklərinin əksəriyyəti tullantıların düzgün idarə edilməməsindən əmələ gəlmişdir. [24]
İnkişaf etməkdə olan ölkələrdəki zibilyığan işçilər (toplayıcılar), birbaşa təmas və yaralanmaya qarşı nadir hallarda qorunur və təhlükəli və tibbi tullantıların təsirlərindən əziyyət çəkir. Bu kimi hallar yaşanmasın deyə, tullantının təhlükəlilik dərəcəsinə əsasən tullantı yığan insanlar xüsusi geyimlərlə təchiz olunmalıdır. Tullantıların toplanması vasitələrindən gələn tüstülər, toz və tullantıların açıq yandırılması da ümumi sağlamlıq problemlərinə təsir edir.
Dünyamız, üzərində yaşayan milyardlarla canlıya ev sahibliyi etdiyi kimi, eyni zamanda, insanların çıxardıqları milyonlarla əşyaya (tullantıya) da ev sahibliyi etməkdədir. Bu əşyaların, müəyyən bir istifadə müddəti var. Təbiətə atılan bəzi əşyalar, dünya üzərində aylarla, illərlə qalır və yox olmur. Bu da həm ətraf mühitin çirklənməsinə gətirib çıxardığı kimi, dünyaya da zərər verməkdədir. Hansı tullantı, təbiətdə nə qədər müddətdə itir, hansının nə qədər zərəri var, bunları bilmək lazımdır.
Son illərdə ölkəmizdə edilən təkrar emal işləri sayəsində, şüşə, kağız kimi tullantılar, həm iqtisadiyyata qatqı təmin etmək, həm də dünyanın bu tullantılardan zərər görməsini maneə törətmək üçün müxtəlif yerlərdə geri çevrilmə işləri aparılır. Tullantılar, təbiətə və suya zərər verir. Suya atılan tullantılar balıqlar tərəfindən udulur və ya saçdığı mikroblar səbəbi ilə suyu çirklədərək, canlıların yaşamasına əlverişsiz bir mühit yaradır. Eyni şəkildə, təbiətə atılan tullantılar da torpağı çirklədərək məhsuldarlığı azaldır [1-4].
Dünyada bərk məişət tullantılarının ətraf mühitə təsirinin optimallaşdırılmasının üç təməl prinsipi vardır. Bunlar az tullantı çıxarılması, tullantıların geri qazanılması və tullantıların ətraf mühitə zərər vermədən yox edilməsidir. Zibillərin toplanması, saxlanılması və ya yox edilməsinə qədər bütün xidmətlərin bir plan çərçivəsində ələ alınması və əvvəlcə bu tullantıların qiymətləndirilməsi və ya geri qazanılmasına, onun təsirlərinin optimallaşdırılması deyilir.
Uyğun şəkildə depolanmamış tullantılar yer altı və səthi su çirkliliyinə, həşəratların törəməsinə, ətraf mühitə pis qoxuların yayılmasına, görünüş (estetik) çirkliliyinə və müxtəlif heyvanlar vasitəsi ilə daşıyıcı mikrobların yayılmasına səbəb olmaqdadır.
Bu maddələr içində xüsusilə tullantıların batareyaların ətraf mühitə və insan sağlamlığına olan zərəri çox böyükdür. Batareyaların tərkibində olan civə, kadmium, qurğuşun, sink, litium və nikel kimi kimyəvi maddələr, batareyaların zibilləri təsadüfi atılması nəticəsində torpağa və yer altı sularına qarışır. Bunun nəticəsində torpaq zəhərlənir və istifadə olunmaz hala gəlir. Tullantı batareyaların səbəb olduğu başlıca xəstəliklər sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir.
Bərk məişət tullantıları kimi, maye tullantılar da ətraf mühitə təsirlər göstərir. Maye tullantıların böyük hissəsinin tullantı suları təşkil edir. Bu sular; məişət, sənaye, kənd təsərrüfatı və digər məqsədlər nəticəsində çirklənmiş sular, mədən ocaqları və cövhər hazırlama təsislərindən qaynaqlanan sular ilə şəhər bölgələrindən gələn kanalizasiya sularıdır.
Maye tullantıların sularda meydana gətirdiyi çirklilik və təsirləri fiziki, kimyəvi və bioloji olmaq üzrə üç qrupa bölünür:
- Fiziki təsirlər: suyun istilik, dad, qoxu xüsusiyyətlərinin dəyişməsi.
- Kimyəvi təsir: müxtəlif ağır metalların (güllə, civə və s.), orqanik və qeyri-üzvi maddələrin suda yığılması.
- Bioloji təsir: orqanik tullantıların təsiri ilə suda, oksigeni istehlak edən yosun, bakteriyalar və kif meydana gəlməsi.
Sulara qarışan civənin insan və ətraf sağlamlığına olan təsirləri olduqca çoxdur. Suya bağlı qida zəhərlənmələrinin əhəmiyyətli hissəsi civədən qaynaqlanan zəhərlənmələrdir.
Məsələn, 1951-ci ildə Yaponiyadakı Minamata Körfəzi yaxınlarında qurulan plastik zavodunun tullantı sularının körfəzə qarışmasından bir müddət sonra yüzlərlə insan ciddi xəstəliklərə tutulmuşdur. [29] Tullantılardan sulara qarışan civə döşəməyə çökür və burada bakteriyalar tərəfindən həll edilir. Daha sonra sudakı planktonlar civəni tərkibinə alır. Planktonlarla bəslənən balıqlara, oradan da bu balıqlarla qidalanan insanlara keçir.
Yağışlardan sonra zibil sahələrindən sızan suların torpağa keçərək bu yolla yeraltı sularının çirklənməsinə səbəb olur. Zibil tökülən sahənin ətraf mühitə olan təsirlərindən biri də, parçalanma nəticəsində ortaya çıxan və qoxu problemi olan qazların, ətraf mühitə pis qoxularının yayılmasına səbəb olmasıdır.
Texnikasına görə zərərsizləşdirilməyən və depolanamayan məişət tullantıları orta əhəmiyyətli dərəcədə ətraf çirklənməsinə səbəb olmaqla, əhali sağlamlığına mənfi təsir edir.
İnkişaf edən texnologiya ilə birlikdə artıq, təmizlik edilərkən bir çox sahədə kimyəvi maddədən istifadə edilir. Bu kimyəvi maddələr, təmizlik mövzusunda yaxşı bir nəticə verə bilər, ancaq bunların tullantıları təbiət üçün nə kimi mənfiliklər meydana gətirir bunu da bilmək lazımdır. İstifadə edilən kimyəvi maddələr, istifadədən sonra tullantı olaraq təbiətə atılır. Bunun içərisindəki xarici maddələr torpağa çatdığında, torpağa zəhər təsiri yaradır və torpağın bitkilərə həyat verəbilmə qabiliyyətini məhdudlaşdırır.
Saxsıda olan bir çiçəyin torpağına davamlı olaraq bu kimyəvi maddənin tökülməsi, bir zaman sonra onun məhvinə gətirib çıxarır. Bu səbəbdən ötəri təmizlik işlərində mümkün olduğu qədər az, hətta heç kimyəvi maddə istifadə etməmək lazımdır. Ərəb sabunu təmizlik mövzusunda digər alternativlərini görə təbiətə ən az zərəri verən variantdır. Bununla birlikdə mətbəxdə istifadə olunan yağlar da, çox böyük miqdarda su kütlələrinin çirklənməsinə səbəb olur. 1 lt tullantı yağ töküldüyü zaman, minlərlə litr suyun çirklənməsinə səbəb olmaqdadır. Bu səbəbdən ötəri lazımlı araşdırmaların edilib, bu cür tullantıların şüurlu bir şəkildə məhv edilməsi lazımdır.
Məişət tullantılarının miqdarı və xüsusiyyətləri, insanların sosial-iqtisadi quruluşu ilə yaxın əlaqəlidir və ən çox, gəlir səviyyəsi, istehlak və istifadə vərdişləri ilə dəyişilə bilər.
“Tullantıların təsirinin optimallaşdırılması” olaraq da adlandırılan tullantıların mənbəsində azaldılması EPA (United States Environmental Protection Agency) tərəfindən, tullantının miqdarının və ətraf mühit üzərində meydana gətirəcəyi mənfi təsirlərin azaldılması üçün material və məhsulların dizayn, istehsal və istehlak mərhələlərindəki dəyişmə olaraq təsvir edilir. Tullantıların optimallaşdırılması tullantının təkrar istifadəsini da nəzərdə tutur. Məhsulun yaxşı hazırlanması tullantıların miqdarını, yaxşı qablaşdırılması isə, tökülməsi və s. vəziyyətlərdə meydana gələ biləcək zərəri azaldır. Orqanik maddələrin, yemək tullantılarının kompostlaştırılması tullantıların miqdarını azaltmaq, əldə edilən məhsul da torpaq islahedici maddə olaraq qiymətləndirilə bilər. [25]
Tullantıların meydana gəlməsinə səbəb ola biləcək fəaliyyətlərdə ediləcək modifikasiyalarla tullantıların əmələ gəlməsinə maneə törədilə bilər. Məsələn, inkişaf edən texnologiya ilə birlikdə elektron poçtların istifadə edilməsi, kağız tullantıların əmələ gəlməsinə şərait yaradır. Uzun müddətli istifadəyə uyğun olan materialların dəyişdirmə kampaniyalarıyla qiymətləndirilməsi tullantıların optimallaşdırılmasında əhəmiyyətli rol oynayır.
Təkrar istifadəyə yararlı maddələrin orijinal halları ilə və ya fərqli formalarda istifadəsi də tullantını azaldar. Məsələn, içki şüşələri toplandıqdan sonra yuyularaq təkrar istifadə ediləcək hala gətirilir.
Tullantıların anlayışı hər nə qədər “işə yaramayan, istifadə oluna bilməyən maddə/maddələr” olaraq düşünülsə də, istifadə edilən tullantıların qiymətləndirilməsi həm böyük bir iqtisadi qaynağın yox olmasına maneə törədir, həm də xammalla təmin edərək təbii qaynaq istifadəsini azaldır.
Tullantıların ətraf mühitə təsirinin optimallaşdırılması nəticəsində təbii qaynaqlar qorunur, enerji qənaəti təmin edilir, iqtisadiyyata qatqı təmin edilir, zibilliyə gedən tullantı miqdarı azalır və gələcəyə sərmayə edilir.
Açar sözlər: tullantı, tullantıların növləri, bərk tullantılar, məişət tullantıları, insan sağlamlığı, təkrar emal
ƏDƏBİYYAT SİYAHISI:
1. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Ekoloji məlumat kitabı. Bakı, 2013
2. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi - Azərbaycanın statistik göstəricisi. Bakı, 2003. – 140 səh.
3. Azərbaycan Respublikasının Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli proqramı. Bakı , Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 2002
4. Azərbaycan Respublikasının ətraf mühitə dair qanunvericilik toplusu. Bakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 2002
5. Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı dövründə ətraf mühitə təsirin qiymətləndirilməsi. Bakı, 2009. – 250 səh.
6. Bayramov K.B. Təbiətdən istifadənin iqtisadi və ekoloji problemləri. Bakı, 2011. – 108 səh.
7. Babayev Ə.İ., Səlimova N.Ə., Şahpələngova B.Ş. Mühəndis ekologiyası. Bakı, 2012. – 639 səh.
8. Əliyev A., Əliyev T. Bərk məişət tullantılarının idarə olunmasına dair terminlərin və anlayışların izahlı lüğəti. Bakı, Sosial iqtisadi araşdırmalar İctimai Birliyi, 2012
9. Ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı. Bakı, Dövlət Ekologiya və təbiətdən istifadəyə nəzarət komitəsi, 1998
10. Göyçaylı Ş.Y., İsmayılov T.Ə. Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları. Bakı, 2009. – 232 səh.
11. Chilton M., “WTE Worldwide”, Waste Management World, Nov-Dec 2008, pp. 47-49
12. Environmental Risk Assessment: Approaches, Experiences and Information Sources. https://www.eea.europa.eu/publications/GH-07-97-595-EN-C2/riskindex.html (20.04.2016)
13. Golomeova S., Srebrenkoska V., KrstevaS., Spasova S. Solid waste treatment technologies. https://core.ac.uk/download/pdf/35332149.pdf (21.02.2020)
14. Nagy V., Szabó E. Biogas from organic wastes. Studia Universitatis “Vasile Goldiş”, Seria Ştiinţele Vieţii Vol. 21, issue 4, 2011, pp. 887-891
15. Solid waste management in the world’s cities. Water and sanitation in the world’s cities // United Nations Human Settlements Programme. – L.; Wash., DC, 2010. – P. XX–XXI
16. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası. https://president.az/files/future_az.pdf (23.12.2019)
17. http://www.calrecvcle.ca.gov/Publications/Documents/LocalAsst/31002001.pdf (23.12.2019)
18. http : //edugreen.teri .res.in/explore/solwaste/types.btm (08.01.2020)
19. http : //imco.co.uk/product/wastepro-ii (02.03.2020)
20. http://tamizshahar.az (17.01.2020)
21. http://www.imu.edu/stories/student-life/festival-trash-cans.shtml (21.12.2019)
22. http://www.iswa.az (02.03.2020)
23. https://all3dp.com/2/3d-printer-recycled-plastic-tips-for-your-waste-plastic (11.01.2020)
24. https://usphs.gov (04.12.2019)
25. https://www.epa.gov/superfund/superfund-waste-management (22.12.2019)
26. https://www.goingzerowaste.com (22.12.2019)
27. https://www.researchgate.net/publication/330194022_SYNTHESIS_OF_FUEL_FROM_WASTE_PLASTIC_A_PROJECT_REPORT (21.12.2019)
28. https://www.terracycle.com/en-US (22.12.2019)
29. Minamata disease: methylmercury poisoning in Japan caused by environmental pollution. https://www.ncbi.nlm.nih.gov/pubmed/7734058 (04.12.2019)
Sebuhi Mehdizade
PhD Candidate of The Academy of Public
Administration under the President of
the Republic of Azerbaijan
CLASSIFICATION OF WASTE IN
MODERN TIMES AND ITS IMPACT
ON HUMAN HEALTH
SUMMARY
The article deals with the problem of waste classification in the modern world. It also explains the dangers posed to the human health by volumes of waste increasing proportionally with the growing rates of consumption. The article emphasizes the importance of improving waste management processes through application of modern scientific approaches with the view of minimizing or eliminating the impact of damage on human health.
Keywords: waste, types of waste, solid waste, household waste, human health, recycling
Сабухи Мехтизаде
Диссертант Академии Государственного Управления при Президенте Азербайджанской Республики
КЛАССИФИКАЦИЯ ОТХОДОВ В СОВРЕМЕННЫЙ ПЕРИОД И ИХ ВЛИЯНИЕ НА ЧЕЛОВЕЧЕСКОЕ ЗДОРОВЬЕ
РЕЗЮМЕ
В статье затрагивается проблема классификации отходов в современной мировой практике. Также раскрыта сущность опасности для здоровья человека, связанной с продолжающимся ростом отходов в соответствии с темпами потребления. В статье также доводится до внимания важность усовершенствования процессов управления отходами путем современных научных подходов, с целью доведения до минимума масштаба вреда, наносимого отходами человеческому здоровью или их полного устранения.
Ключевые слова: отходы, виды отходов, твердые отходы, бытовые отходы, человеческое здоровье, переработка