Müasir dövrdə ABŞ-ÇXR münasibətlərində iqtisadi aspektlərin ümumi xarakteristikası

Post image

UOT 32

XƏYYAM İSMAYILZADƏ
Bakı Dövlət Universitetinin
Beynəlxalq münasibətlər kafedrası.
Siyasi elmlər üzrə fəlsəfə doktoru

E-mail: [email protected]

Soyuq müharibə bitdikdən və sosialist düşərgəsi tənəzzülə uğradıqdan sonra formalaşan yeni dünya nizamında ABŞ və Çin münasibətləri aktuallıq kəsb etməyə başladı. Dünya siyasətinə və iqtisadiyyatına birbaşa təsir göstərən iki dövlət arasında rəqabət və əməkdaşlıq çərçivəsində münasibətlər həm dinamik, həm də intensiv surətdə inkişaf edirdi. ABŞ-ÇXR iqtisadi əlaqələri 1990-2001, 2002-2008 və 2008-ci ildən dən sonrakı dövrü əhatə edən üç mərhələyə bölünür. Bu mərhələlər müəyyən geoiqtisadi və geosiyasi hadisələrlə müşayiət olunur: Çinin canlanan iqtisadi islahatları, Ümumdünya Ticarət Təşkilatına daxil olması, bir sıra siyasi münaqişələr, dünya iqtisadi tənəzzülü və 11 sentyabr hadisələri.
1989-cu ildə Berlin divarının dağıdılması Şərqi Avropada kommunist rejimlərinin və sonrakı iki il ərzində Sovet İttifaqının tənəzzülə uğramasının xəbərini verirdi. Sovet İttifaqı təhlükəsi aradan qalxdıqca, Çin və Birləşmiş Ştatlar arasında davamlı inkişaf edən iqtisadi əlaqələr qeyri-müəyyənliyə sürükləndi. ÇXR 1993-cü ildə 27 milyard ABŞ dolları birbaşa xarici sərmayə cəlb etdi və həmin il investisiyanın cəlb olunmasına görə ABŞ-dan sonra ikinci oldu. Honq-Konq və Tayvandan sonra ABŞ Çinin ən böyük investoru oldu. Lakin siyasi gərginlik iki ölkə arasında münasibətləri pozmaqda davam edirdi. İqtisadi fəallığın səviyyəsi strateji əlaqələrdən kənar idi.
Corc Buşun vəzifədə olduğu dövrdən (1989-1993) Klintonun (1993-2001) və 2009-cu ildə Barak Obama­nın prezidentliyinə qədər, ABŞ və Çin bir sıra kritik hadisələrin öhdəsindən gəldi. Birincisi, 1989-cu ilin “Pekin baharı” indiyədək xüsusilə siyasətin qurulması və qarşılıqlı münasibətlərdə ciddi əks-səda doğurmuşdur. İkincisi, 1994-cü ildə insan hüquqları və Soyuq müharibədən sonrakı dövrdə iqtisadi məsələlərin siyasi alət kimi istifadə edilməsi idi. Üçüncüsü, Çinin 2001-ci ilin dekabrında Ümumdünya Ticarət Təşkilatına daxil olması və 11 sentyabrdan sonrakı dövrdə iqtisadi əlaqələrdə əməkdaşlığın davam etdirilməsi idi. Dördüncüsü, Çinin Corc Buşun prezidentliyinin ilk dövründə (11 sentyabra qədərki dövr) diplomatiyaya hörmətsizlik edən və Amerikanın xarici hərbi əməliyyatlarını müdafiə edən aparıcı neo-mühafizəkarların əsas hədəfinə çevrilməsi idi. ABŞ Çinə güclənən hərbi təhlükə kimi baxırdı. Beşincisi, Çinin Birləşmiş Ştatlarla ticarət əlaqələri 2010-cu ildə ABŞ-ın Tayvana silah satışı və Prezident Obamanın Dalay Lama ilə görüşü də daxil olmaqla saysız-hesabsız problemlərlə üzləşməsi idi [1, səh.49].
Münasibətlərdə ilk ciddi qarşıdurma 1989-cu ilin may-iyun aylarında Pekində baş verən Tiananmen tələbə etirazları ilə başladı. 5 iyun 1989-cu ildə repressiyalarına cavab olaraq, ABŞ Corc Buşun prezidentliyi dövründə Çin hökumətinə qarşı sanksiyalar tətbiq etdi, o cümlədən bir sıra ikitərəfli sazişlərin dayandırdığını elan etdi. Bu sazişlərə nüvə əməkdaşlıq sazişi, investisiya zəmanətləri, Ticarətin İnkişafı Proqramı, ixrac nəzarətinin liberallaşdırılması və s. aiddir. Bununla belə, Buş iqtisadi inkişafın Çində siyasi demokratikləşməyə gətirib çıxaracağına inanırdı. O, Konqresdə sanksiyaların artırılmasını tələb edən demokratların və respublikaçıların artan təzyiqlərinə boyun əyməkdən imtina etdi. Buna baxmayaraq, Konqres iki qanun qəbul etdi, biri polis ləvazimatlarının ixrac lisenziyalarını dayandırdı, digəri Çinli tələbələrə və alimlərə ABŞ-da daimi yaşamaq və işləmək hüququ verməklə yanaşı, Eksimbankın Çinə kreditlərini dondurdu. Vaşinqton və Pekin kommunikasiya xətlərini açıq saxlamağa çalışdılar və siyasi münasibətləri yaxşılaşdırmaq yollarını axtardılar, lakin normal münasibətlərin bərpası çətin oldu. 1989-cu il hadisələri ABŞ Konqresinin diqqətini Amerikanın Çinlə bağlı siyasətinə yönəltdi. Beləliklə, iqtisadi məsələlər tez bir zamanda insan hüquqları, daha sərt iqtisadi sanksiyalar üçün vasitəyə çevrildi.
1989-cu il Birləşmiş Ştatlar və Çin münasibətlərində gərginliyin olmasına baxmayaraq, ABŞ-Çin iqtisadi əlaqələri Tiananmen hadisələrindən sonra inkişaf etdi. Keçmişə nəzər saldıqda aydın olur ki, 1990-cı ildən 2009-cu ilə qədər olan on doqquz il ərzində iki ölkə arasındakı iqtisadi münasibətlər sabit qalmamışdır. Tiananmenin kölgəsi hələ də münasibətlərin üzərində olsa da, siyasi münasibətlərin “dost və ya düşmən” modeli 1990-2009-cu illərdə ikitərəfli ticarət münasibətlərinin sürətli artımı ilə ziddiyyət təşkil edirdi.
1993-cü ildən 2001-ci ilə qədər davamlı strateji təməlin olmaması iqtisadi münasibətlərdə qeyri-müəyyənliyə səbəb oldu. 1995-1996-cı illərdə Tayvan və Çin arasında hərbi gərginlik də daxil olmaqla, çoxsaylı böhranlar nəticəsində münasibətlər pozuldu. 1999-cu ilin mayında Belqradda Çin səfirliyinin bombalanması və 2001-ci ildə Amerikanın casus təyyarəsi hadisəsi və s. Bununla belə, bu uğursuzluqlara baxmayaraq, iki xalq arasında iqtisadi əlaqələr bu illər ərzində sürətlə genişlənməyə davam etdi.
Çin-Amerika iqtisadi əlaqələrində əsas hadisələrdən biri 11 dekabr 2001-ci ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) 142 üzv dövləti tərəfindən Çinin rəsmi qəbul edilməsi oldu. ÜTT 1 yanvar 1995-ci ildə yaransa da, onun sələfi olan Tariflər və Ticarət üzrə Baş Saziş (GATT) 1948-ci ilə yaranmışdı. Çin GATT-ı ilk imzalayanlardan biri idi, lakin millətçilər vətəndaş müharibəsində kommunistlərə uduzandan sonra 1949-cu ildə təşkilatdan çıxdı. 1986-cı ildə Çin GATT-a yenidən qoşulmaq üçün rəsmi müraciət etdi. Lakin Çin ÜTT-nin üzvlüyünə ancaq 15 il sonra qəbul edildi. Əmtəələrin beynəlxalq ticarətini tənzimləmək üçün qurulan GATT illər ərzində ticarət mübahisələrinin həllinə yönəlmiş bir neçə raund danışıqlar yolu ilə inkişaf etmişdir. Bunlardan sonuncusu və ən böyüyü 1986-1994-cü illərdə ÜTT-nin yaranmasına səbəb olan Uruqvay Raundu idi. Dünya ticarətindəki dəyişiklikləri əks etdirərək, ÜTT öz səlahiyyətlərini xidmətlər və əqli mülkiyyət ticarəti üzrə genişləndirdi. Qanuni olaraq, ÜTT-nin sazişləri və digər sənədlər ixracatçılara və idxalçılara mümkün qədər səmərəli ticarətə kömək etmək məqsədi daşıyan məcburi qaydalar təşkil edirdi. 2001-ci ildən başlayaraq ÜTT ticarət danışıqlarının yeni raunduna, 2006-cı ilin iyulunda dağılan Doha İnkişaf Proqramına ev sahibliyi etdi [1, səh.93].
Çinin ÜTT-yə üzv olması rifahın yüksəlməsinə, ticarətin liberallaşdırılmasına və qlobal inteqrasiyaya yönəlmiş iqtisadi islahatların yeni mərhələsini həyata keçirməyə sövq etdi. Xarici bankların daxili bazarda rəqabət aparmasına şərait yaratması ilə birlikdə maliyyə sektoru da liberallaşdırıldı. Çinin ÜTT öhdəliklərinə yerli və xarici özəl firmalar üçün aşağı tariflər və ayrı-seçkiliyə yol verməyən ticarət hüquqları daxildir. Orta tarif dərəcəsi 1992-ci ildəki 43%-dən 1999-cu ildə 17%-ə, 2004-cü ildə isə 10%-ə qədər endirildi. Həmçinin, orta kənd təsərrüfatı tarifləri 15%-ə endirildi. Hazırda faktiki olaraq bir çox mallar ölkəyə rüsumsuz daxil olur. Nəticədə, 2006-cı ildə idxalın dəyərinə nisbətən tutulan faktiki tariflər cəmi 2% təşkil etmişdir [1, səh.95].
2005 və 2006-cı illərdə ABŞ-ın Çinlə olan ticarət kəsiri tarixdə qeydə alınan ən böyük kəsir idi. Çinin tənqidçiləri kəsirin ABŞ-ın istehsal sektorunda iş yerlərinin itirilməsi və ABŞ-ın Çin ixracatına qarşı olan maneələrin səbəb olduğunu bildirdilər. Bu səbəblərə Çin mallarının və xidmətlərinin aşağı qiyməti, valyutanın (Yuan) devalvasiyası, bazara çıxışda maneələrin olması, əqli mülkiyyət hüquqlarının zəifliyi və hökumətin şəffaflığının aşağı səviyyəsini də əlavə etdilər.
ABŞ-Çin iqtisadi əlaqələrinə təsir edən ikinci əsas amil Şərqi Asiyanın dünya iqtisadiyyatında rolunun dəyişməsi oldu. Ticarət əlaqələrinin sürətlə inkişaf etməsinə baxmayaraq, 1997-ci ildən 2006-cı ilə qədər olan onillik ərzində Çinin ABŞ-ın qlobal ticarət kəsirindəki payı 27%-dən 28%-ə yüksələrək demək olar ki sabit qaldı. 2004-cü ildə Honq-Konq, Yaponiya, Cənubi Koreya, Sinqapur və Tayvandan gələn vəsaitlər Çinə cəlb olunan xarici investisiyaların təxminən 60%-ni təşkil edirdi. İsveçrə investisiya bankı və ABŞ-Çin Biznes Şurasının məlumatına görə, dəyər etibarilə ÇXR ixracatının 50%-dən çoxu Çində fəaliyyət göstərən xarici şirkətlərin məhsulları olsa da, bu firmaların əksəriyyəti Honq Konq, Tayvan və Koreyada yerləşirdi.
ABŞ-Çin iqtisadi əlaqələrinə təsir edən üçüncü əsas amil Çinin beynəlxalq ticarətə açıq olması və ondan asılılığının artmasıdır. 1998-ci ildən bəri Çinin idxal və ixracatının artım tempi demək olar ki eyni səviyyədə davam etdi. Çinin ÜTT-yə daxil olmasından sonrakı altı il ərzində (2002-2008) ABŞ-ın Çinə ixracı artdı. Çin yalnız dünyada mikroprosessorlar və təyyarələrin ən böyük idxalçısı deyil, həm də Sinqapur, Malayziya, Tayvan, o cümlədən, bir sıra ölkələr üçün həm xammal, həm də istehsal üçün mühüm ixrac bazarı idi. Çin Oxford Economics və Signal Group-un 2006-cı ilin yanvarında hazırladıqları hesabatda son onillikdə qlobal iqtisadi inkişafın əsas lokomotivlərindən biri olmuşdur.
ABŞ-Çin iqtisadi əlaqələrinə təsir edən dördüncü amil isə 2008-ci ildə baş verən qlobal iqtisadi bohran oldu. 2008-ci ildən sonrakı maliyyə böhranına cavab olaraq, yeni dünya iqtisadi nizamının tərəfdarları qlobal tələbin yenidən balanslaşdırılmasını təklif etdilər. Şübhəsiz ki, bu təkliflər “qeyri-sabitliyi” aradan qaldırmaq üçün lazım olan tədbirlərlə bağlı mübahisələri əhatə edirdi. Bəziləri üçün bu o deməkdir ki, ABŞ öz kəsirini əhəmiyyətli dərəcədə azaltmalı, daha çox qənaət etməli və daha az xərcləməlidir, halbuki inkişaf etməkdə olan bazarlar və böyük profisiti olan iqtisadiyyatlar – məsələn, Çin – daha çox xərcləməli və ixracı azaltmalıdır. Digər tərəfdən, tənqidçilər Çinin “valyuta manipulyatoru” kimi səciyyələndirilməsinin əsassız olduğunu və qlobal iqtisadiyyatın yenidən balanslaşdırılmasının BVF, Dünya Bankının və digər beynəlxalq təşkilatların qərar qəbuletmə strukturlarının dəqiq tənzimlənməsi yolu ilə baş verəcəyini iddia etdilər.
Lakin bu fikir ayrılıqları 1976-cı ildə Edvin O.Reyşauerin haqlı olaraq qeyd etdiyi kimi, ABŞ-Çin iqtisadi münasibətlərinin “bəşəriyyətin gələcəyinin müəyyən edilməsində böyük rol oynaması” faktını vurğulayır. Son qırx il ərzində artan iqtisadi asılılıq tez bir zamanda yeni münasibətlər yaratdı. İnsan haqları, əlverişli ölkə statusu, Tayvan və Tibet məsələsi, ABŞ-ın nəhəng ticarət kəsiri və qeyri-müəyyən qlobal iqtisadiyyat kimi məsələlərlə ikitərəfli münasibətlərdə çətinliklər və imkanlar mövcuddur. Çinin böyük güc kimi ortaya çıxması və Amerikanın ardıcıl müharibələrdə sınanmış hegemon ambisiyaları ilə, sürətlə inkişaf edən ticarət əlaqələri ilə geosiyasi və ideoloji fərqlərlə əlaqəli münaqişə arasındakı ziddiyyət iki xalq arasında münasibətlər üçün ciddi problem yaratmağa davam edəcək. Çin-Amerika iqtisadi əlaqələri çətinliklər və uğursuzluqlarla üzləşməyə davam etsə də, hər bir tərəf üçün uzunmüddətli məqsəd geosiyasi məhdudiyyətlərin girovluğunda qalmaqdansa, sabit siyasi əlaqələr yaratmaq üçün kifayət qədər güclü iqtisadi əlaqələr qurmaq daha əlverişlidir.
ABŞ hegemoniyasının tənəzzülü 2008-ci il Qlobal Maliyyə Böhranı ilə birlikdə açıq-aydın görünməyə başladı. Bu kontekstdə BRICS ölkələrinin (Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrika) beynəlxalq əmək bölgüsü iyerarxiyası daxilində beynəlxalq bazarlarda rəqabət qabiliyyəti və kapital yığımlarının inkişafı da göz qabağındadır. Bunların arasında Çin “dünyanın emalatxanası”na çevrilib. Bundan əlavə, Çin getdikcə yüksək texnologiyalı məhsulların istehsalına yönəlib və həm xaricdən investisiyalar, həm də beynəlxalq yardımlar hesabına maliyyə sahəsində çəkisini artırmışdır.
Çin Prezidenti Si Tsinpinin 7 sentyabr 2013-cü ildə Qazaxıstanda və 3 oktyabr 2013-cü ildə İndoneziyada etdiyi çıxışlar Çinin yeni dövr strategiyaları haqqında məlumatlar ilə zəngindir. 2013-cü il Çinin beynəlxalq arenada fəal iqtisadi siyasətə başladığı il sayılır. Qazaxıstandakı çıxışında Çin prezidenti, “İpək Yolu İqtisadi Zonası” layihəsindən, Si İndoneziyadakı çıxışında isə “XXI Əsr Dəniz İpək Yolu (Bir Yol)” layihəsi haqqında danışdı. Çin “Bir kəmər-bir yol” (OBOR) adlanan bu layihələr ilə həm dəniz, həm də qurudan Avropa ilə birləşmək məqsədini güdür [2, səh.44].
OBOR layihəsi təkcə Çin və Avropanı birləşdirməkdən ibarət deyil. Layihənin daha geniş və uzunmüddətli məqsədləri vardır. İlk olaraq layihə üçün nəzərdə tutulan marşruta nəzər saldıqda onun Asiya, Avropa və Afrika qitələrini əhatə etdiyi görünür. Bu mənada layihə qitələrarası əhatəyə malikdir. Bundan əlavə, layihənin iqtisadi ölçüsü ön plana çəkilsə də, layihənin sosial, mədəni və təhlükəsizlik ölçülərinin əhəmiyyətini də unutmaq olmaz.
Çin son 30 ildə xarici ticarət həcmini xeyli artırdı. Çin böyüdükcə və enerji ehtiyacları artdıqca, bu qədər böyük əhalinin ehtiyaclarını ödəmək üçün iqtisadi artımını müəyyən səviyyədən yuxarı saxlamalıdır. Bununla belə, o, təkcə daxili amilləri deyil, həm də xarici amilləri nəzərə almalıdır. Xüsusilə, son illərdə Asiya-Sakit Okean regionunda ABŞ-ın qlobal hegemonluğunu qoruyub saxlamaq marağı Çin və ABŞ arasında maraqların toqquşmasına səbəb oldu.
Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) və 12 ölkənin daxil olduğu ABŞ-ın son ticarət razılaşması Çinin bölgədə artan fəallığını pozmağa cəhddir. Xüsusilə ABŞ bu tərəfdaşlıq vasitəsilə Yaponiya ilə əlaqələrini daha da gücləndirmək məqsədi güdür. Beləliklə, Birləşmiş Ştatlar Çin və Hindistan arasında artan münasibətləri Yaponiya ilə balanslaşdırmağa çalışır. Belə bir rəqabət mühitində Çin təkcə öz strategiyalarını neytrallaşdırmaqla yanaşı, iqtisadi artımını da müəyyən səviyyədə saxlamağı hədəfləyir [2, səh. 45].
Lakin 2015-ci ildə Çin iqtisadiyyatında inkişaf ləngiməyə başladı. Bu ləngimə qarşıdakı illərdə də davam edərsə, Çində iqtisadi problemlər yaradacaq. Bundan başqa, Çində resurs problemi də var. Xüsusən də, dəmir-polad istehsalında Çində istehsal artıqlığı var və bu artıqlığın kökünü kəsmək mümkün deyil. Bu problemlər Çinin OBOR layihəsinə rəhbərlik etdiyi zaman da öz təsirini göstərir. Çin OBOR kimi layihələrlə iqtisadi artımını gücləndirmək istəyir. Bundan başqa, məqsəd layihənin icrası zamanı və sonrakı mərhələlərdə ixrac problemini aradan qaldırmaqdır.
Bu layihə Çin üçün sülh, əməkdaşlıq, iqtisadi inkişaf, şəffaflıq və bərabər imkanların simvoludur. Bu layihə vasitəsilə Çin xarici siyasətdə sabitlik, qonşuluq münasibətlərinin inkişafı və uyğunlaşması, regionda ticarət və iqtisadi artım üçün əlverişli mühit yaratmağı hədəfləyir. Xüsusilə qonşuluq siyasətinin Çin üçün ayrıca resepti var. Çünki Çin regional gücünü artırmaq üçün qonşuları ilə münasibətləri inkişaf etdirməli olduğunu bilir. Qonşuluq siyasəti 2002-2012-ci illərdə Çinin lideri olan Hu Cintao dövründə başlayıb və 2013-cü ildə Si Tsinpinin rəhbərliyi ilə daha da inkişaf etdirilmişdir.
Yeni İpək Yolu layihəsi Asiya-Sakit okean regionunda Çinin gücünü möhkəmləndirmək üçün saysız-hesabsız imkanlar yaradır. Bu layihə Çinin xarici siyasəti üçün iqtisadiyyat, enerji və təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətlidir. ABŞ-ın bölgəyə marağı da Çini regionda bu ölkəyə qarşı balanslı siyasət strategiyası yürütməyə vadar edir. Məlumdur ki, yeni İpək Yolu layihəsinin prioriteti iqtisadiyyatdır. Bununla belə, layihə xüsusilə enerji üçün təmin etdiyi üstünlüklərə görə daha vacibdir. Dünyanın ən böyük neft idxalçısı olan Çin enerji təchizatçılarını şaxələndirmək və asılılığını azaltmaq istəyir. Eyni zamanda, Çinin enerji şirkətləri Mərkəzi Asiyada, xüsusən də Qazaxıstan və Türkmənistanda müxtəlif layihələrini həyata keçirməyi hədəfləyirlər. Layihə bu aspektlər baxımından son dərəcə əhəmiyyətlidir [3, səh.9-10].
Çin ilə ticarətin təsirləri son illərdə artan müzakirələrə səbəb oldu. Xüsusilə, müzakirələr Çinin bazar qüvvələrini güclü dövlət müdaxiləsi ilə birləşdirən unikal iqtisadi modelini nəzərə alaraq beynəlxalq bazarlarda ümumi qəbul edilmiş qaydalara riayət etməməsi ilə bağlı narahatlıqlar üzərində cəmlənib.
2017-ci ilin avqust ayında Birləşmiş Ştatların Tica­rət Nümayəndəliyinin Ofisi (USTR) Çinin 1974-cü il tarixli Ticarət Aktının 301-ci Bölməsinə uyğun olaraq texnologiya transferi, əqli mülkiyyət və innovasiya ilə bağlı hərəkətləri, siyasəti və təcrübələri ilə bağlı araşdırma başlatdı. Demək olar ki, Çinlə ticarət müharibəsinin toxumlarını səpdi.
Gərginlik 2018-ci ilin əvvəlində sürətlə artmağa başladı. ABŞ Çin məhsullarına, o cümlədən bütün günəş panelləri və paltaryuyan maşınlara 30% antidempinq rüsumları tətbiq etdi. Bunun ardınca qlobal polad və alüminium idxalına 25% tariflər tətbiq olundu, bu, milli təhlükəsizlik zəminində əsaslandırıldı və Çindən idxala əhəmiyyətli dərəcədə təsir etdi. Bundan sonra USTR 1974-cü il tarixli Ticarət Aktının 301-ci Bölməsinin araşdırmasına əsaslanaraq Çin idxalına geniş tariflər tətbiq etməyə başladı. 2018-ci ilin yayında 50 milyard dollarlıq maşın idxalına 25% tariflər, ardınca 2018-ci ilin oktyabrında 250 milyard dollarlıq sənaye təchizatına 10% tariflər tətbiq edildi. Daha sonra 2019-cu ilin mayında 15% tariflərdən əvvəl həmin mallara rüsumlar 25%-ə qaldırıldı. 2019-cu ilin sentyabrında daha 110 milyard dollarlıq istehlaka yönəldilmiş idxala tətbiq edildi. Çin ABŞ mallarına, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsullarına, neft və təbii qaza və əsas avadanlıqlara ekvivalent tariflər tətbiq etdi [4].
ABŞ-ın Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun məlumatına görə, 2019-cu ilin sonuna kimi ABŞ-ın Çindən idxalına təsirli (ticarət çəkisi) tarif 2018-ci ilin əvvəlindəki 3,1%-lə müqayisədə 21% təşkil edib. ABŞ 2018-ci ilin əvvəlindəki 8% ilə müqayisədə 20,9% təşkil edib [5].
Ticarət müharibəsinin tam təsirinin nəticəsini söyləmək hələ tez olsa da, ilkin sübutlar artıq bu müharibənin ABŞ iqtisadiyyatına ziyan vurduğunu göstərdi. Akademik tədqiqatlar nəticəsində ticarət müharibəsinin ABŞ-ın ÜDM artımını, rifahını və məşğulluğunu azaltdığı ortaya çıxdı. 2018-ci ilin sonuna qədər ABŞ iqtisadiyyatı üçün təxmin edilən xərclər 6,9-7,2 milyard dollar arasında dəyişdiyi və ticarət müharibəsinin ABŞ firmalarına bazar kapitallaşması baxımından 1,7 trilyon dollara başa gəldiyi ortaya çıxdı.
Siyasi spektrin hər iki tərəfindəki ABŞ siyasətçiləri, həmçinin Amerika ictimaiyyəti də Çinlə iqtisadi əlaqələrə şübhə ilə yanaşır. Pew Araşdırma Mərkəzinin sorğuları göstərir ki, amerikalıların 73%-i Çin haqqında mənfi fikirdədir. ABŞ Prezidenti Co Bayden, Trump administrasiyasının tariflərdən istifadəsini açıq şəkildə tənqid etsə də, tarifləri əhəmiyyətli dərəcədə genişləndirmək ehtimalı az olsa da, o, tarifləri dərhal ləğv etməyəcəyini söylədi. Ehtimallardan biri Bayden administrasiyasının növbəti dörd il ərzində tarifləri tədricən geri qaytarmaq üçün Çin ilə danışıqlar aparmasıdır. Yüksək tarif maneələri və Bayden administrasiyası altında ticarət siyasətinin necə inkişaf edəcəyi də qeyri-müəyyən olaraq qalır. Növbəti illər ərzində həyata keçiriləcək siyasət tədbirləri gələcək onilliklər üçün hər iki ölkə arasındakı iqtisadi münasibətləri yaxşı şəkildə formalaşdıra bilər.
Gələcəkdə ABŞ-Çin ticarət və iqtisadi münasibətləri ətrafında iki alternativ ssenarini formalaşdırmaq mümkündür: ya tariflər və ticarət gərginliyi qismən azalacaq, ya da onlar arasında gərginlik daha da güclənəcəkdir. Məhz buna görə də hər iki tərəf, ən azı iqtisadi sahədə heç bir problemin olmaması üçün əllərindən gələni edir, çünki dünya iqtisadiyyatı bu prosesdən ancaq xeyir görə bilər ki, bunu da bütün mütərəqqi dünya arzulayır.

ƏDƏBİYYAT SİYAHISI:
1. Wang, Dong (2010), “China’s Trade Relations with the United States in Perspective”, 189 səh.
2. Kaan Yiğenoğlu, ABD-Çin Rekabeti Bağlamında “Tek Kuşak, Tek Yol” Projesinin Değerlendirilmesi, 2017, 183 səh.
3. Ekman, A. (2015), China in Asia: What is behinq the new silk roads?, French Institute of International Relations and OCP Policy Center, 32 səh .
4. https://www.uschina.org/sites/default/files/the_us-china_economic_relationship_-_a_crucial_partnership_at_a_critical_juncture.pdf
5. https://www.piie.com/research/piie-charts/us-china-trade-war-tariffs-date-chart

XÜLASƏ
Məqalədə “soyuq müharibə” bitdikdən sonra qloballaşan dünyada bipolyar sistemin monopolyar sistem tərəfindən əvəz edilməsi, Sovetlər İttifaqının süqutundan sonra yeni dünya nizamının formalaşması, bir çox dövlətlərin sürətli inkişafı və onlar arasında əməkdaşlıq haqqında məlumat verilir. Eyni zamanda, burada qlobal nüfuz və rəqabət uğrunda mübarizə aparan ABŞ və ÇXR arasında iqtisadi aspektlərin hərtərəfli tədqiq olunması da geniş işıqlandırılmışdır.

Açar sözlər: ABŞ, ÇXR, SSRİ, Kommunist partiyası, Ümumdünya Ticarət Təşkilatı, investisiya, iqtisadi tənəzzül, soyuq müharibə, geosiyasət, demokratiya.

 

ХАЙЯМ ИСМАИЛЗАДЕ
Бакинский Государственный Университет,
Кафедра международных отношений,
Доктор философских наук, и.о. доцента
Е[email protected]

Общая характеристика экономических аспектов американо-китайских отношений в новейшее время
В статье представлена информация о смене биполярной системы на монополярную в глобализированном мире после окончания холодной войны, формировании нового мирового порядка после распада СССР, бурном развитии многих государств и отношении между ними. При этом также широко освещается комплексное изучение экономических аспектов между США и КНР, которые борются за глобальное влияние и конкуренцию.

Ключевые слова: США, КНР, СССР, Коммунистическая партия, Всемирная торговая организация, инвестиция, экономический спад, холодная война, геополитика, демократия.

KHAYYAM ISMAYILZADEH
Baku State University,
Department of International Relations,
Doctor of Philosophy in Political Science, Acting Associate Professor
[email protected]

General characterization of economic aspects in US-PRC relations in modern times
The article provides information on the replacement of the bipolar system by the monopolar system in the globalized world after the end of the Cold War, the formation of a new world order after the fall of the Soviet Union, the rapid development of many states and cooperation between them. At the same time, a comprehensive study of the economic aspects between the United States and the PRC, which are fighting for global influence and competition, is also widely covered.

Key words: USA, PRC, USSR, Communist party, World Trade Organization, investment, economic recession, cold war, geopolitics, democracy.