Giriş
Müasir qlobal çağırışlar fonunda informasiya təhlükəsizliyinin təmini hər bir dövlətin arzuolunmaz xarici və daxili təhdidlərdən qorunması, milli mənafelərini qətiyyətlə müdafiə etməsi, diplomatik-siyasi və təbliğati müstəvilərdə üstünlük qazanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Xüsusən də fövqəladə və ya hərbi vəziyyət rejimlərində ölkənin təhlükəsizliyinə yönəlmiş məqsədli informasiya manipulyasiyalarının neytrallaşdırılması və ictimai rəyin düzgün istiqamətləndirilməsi son dərəcə zəruridir. Milli informasiya məkanının mühafizəsi məqsədilə məhdudlaşdırılması, qanunvericiliklə zəruri hesab edilən məlumatların əhatə dairəsinin dəqiq müəyyənləşdirilməsi də bu baxımdan xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikasının 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərinin azad edilməsi məqsədilə sentyabrın 27-də noyabrın 10-dək həyata keçirilmiş əks-həmlə əməliyyatlarının – Vətən Müharibəsinin gedişi ölkəmizin informasiya müstəvisində mühüm uğurları ilə yanaşı, bəzi nöqsan və qüsurları, zəif nöqtələri də aşkara çıxarmışdır.
Hərbi əməliyyatlar müddətində və sonra qarşıda duran əsas vəzifələrdən biri Ermənistanın və ermənipərəst dairələrin ölkəmizə qarşı apardıqları ideoloji terrorun – informasiya təxribatlarının qarşısının alınması və səmərəli əks-hücumun təşkili məsələləri olmuşdur. Müşahidələr göstərmişdir ki, hərbi və siyasi müstəvilərdə sarsıdıcı zərbələrə, məğlubiyyətə düçar olmuş Ermənistan məhz KİV-lər, sosial şəbəkələr və digər yeni media alətləri üzərindən ölkəmizə qarşı informasiya təxribatlarını genişləndirməyə çalışmışlar. Buna baxmayaraq, respublikamız təkcə döyüş meydanında deyil, həm də diplomatiya və informasiya cəbhəsində Ermənistan üzərində üstünlüyünü qorumuş və təcavüzkar dövlətin beynəlxalq miqyasda ifşasına nail olmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hərbi əməliyyatların başlanmasından xeyli əvvəl, eləcə də müharibə və postkonflikt dövründəki fəaliyyəti – yerli və xarici mediada müsahibələri, xalqa müraciətləri, mühüm açıqlama və bəyanatları ölkəmizə qarşı informasiya təxribatlarının qarşısının alınması və milli həqiqətlərin dünya arenasına çıxarılması baxımından xüsusilə əhəmiyyətli olmuşdur. Xatırlatmaq lazımdır ki, hələ 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında təşkil edilmiş debatda Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanı ciddi fakt və arqumentlərlə işfa etməsi, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatlı sammitində Ermənistanın danışıqları pozmaq cəhdlərini xüsusi vurğulaması, sentyabrın 21-də BMT-nin videokonfrans formatlı 75-ci sessiyasında kəskin və qətiyyətli çıxışı informasiya cəbhəsində Azərbaycanın mühüm üstünlüyünü təmin etmişdir.
Vətən Müharibəsinin davam etdiyi 44 gün ərzində 30-dək əcnəbi media quruluşuna müsahibə verən Prezident İlham Əliyev yüksək diplomatik məharətlə münaqişənin tarixi, danışıqlar mərhələsinin nəticəsiz qalmasının əsas səbəbləri, Ermənistanın qeyri-konstruktiv davranışlarının və ərazi ilhaqı siyasətinin region üçün təhdidləri, beynəlxalq təşkilatların qətiyyətsiz davranışları, habelə Azərbaycanın hərbi əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq hüquqa əsaslanan şərtlərini bəyan etmiş, hücum diplomatiyasını uğurla davam etdirərək real faktlar, konkret arqumentlər əsasında Ermənistanın və onu açıq şəkildə dəstəkləyən dövlətlərin beynəlxalq miqyasda ifşasına nail olmuşdur. Bu müsahibələrdə bəzən peşəkar jurnalist etikası ilə bir araya sığmayan qərəzli, birtərəfli, obyektivlikdən, həqiqətdən uzaq yanaşmaları özündə ehtiva edən suallara rast gəlinsə də, prezident İlham Əliyev bu cür yanaşmalara münasibətdə yüksək diplomatik təmkin, bilik, təcrübə nümayiş etdirmişdir. Fikirlərini ingilis və rus dillərində səlis ifadə etməsi, beynəlxalq hüququn ümumqəbuledilmiş norma və prinsiplərinə əsaslanması, strateji məsələlərə konstruktiv yanaşması onun yüksək liderlik keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin müsahibə və xalqa müraciətləri münaqişənin tarixi, səbəbləri və bu günü ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olmuş, eyni zamanda, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin ifşasına, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyi və münaqişənin həllinin regionun gələcək taleyi baxımından mühüm əhəmiyyətinə dair dünya ictimaiyyətində dolğun təsəvvürün formalaşdırılmağa xidmət etmişdir.
Ölkə başçısı “Əl-ərəbiyyə” və digər televiziya kanallarına müsahibəsində ölkəmizin hərbi əməliyyatların dayandırılması üçün prinsipial və qətiyyətli mövqeyini ifadə etmişdir: “...Hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik” [1].
Həmin müddətdə “Əl-Cəzirə”, “TRT Haber”, CNN-Türk, “CNN İnternational”, “Sky News”, “Fox News”, “Figaro”, “La Republica”, “Perviy kanal”, “Rossiya-1” telekanallarına müsahibələr verən Prezident İlham Əliyev Ermənistanın münaqişənin yenidən alovlanmasına gətirib çıxaran açıq təxtribatlarını, beynəlxalq konvensiyaları pozaraq ağır müharibə cinayətlərinə əl atmasını məntiqi arqumentlərlə dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Hərbi əməliyyatların gedişində müşahidə
edilən informasiya təhdidləri
Hərbi əməliyyatların ilk günlərindən Ermənistan ölkəmizə qarşı açıq informasiya təxribatlarına əl ataraq rəsmi Bakını guya Türkiyə vasitəsilə Yaxın Şərq dövlətlərindən muzdlu döyüşçülər cəlb etməkdə ittiham etmiş və bir sıra ölkələrdəki diaspor və lobbi təşkilatlarını bu istiqamətdə təlimatlandırmışdır. Ermənistan xüsusi xidmət orqanları bu məqsədlə “ssenariləşdirilmiş”, saxta videogörüntülər hazırlayaraq sosial şəbəkələrdə yaymış, “Azərbaycan tərəfindən guya hərbi əməliyyatlara cəlb olunmuş ərəb əsilli şəxsləri əsir götürdüklərini” iddia etmişlər. Təxribat məqsədli videogörüntülərdə ərəb dilində şəxslərin guya Azərbaycan tərəfindən döyüşdükləri və erməni hərbçiləri tərəfindən əsir götürüldükləri iddia olunmuşdur. Ermənistan belə saxta videogörüntülər hazırlamaqla, öz dezinformasiyalarına “haqq qazandırmağa”, guya “ciddi fakt əldə etdiklərini” nümayiş etdirməyə çalışmışdır.
Təəssüflə qeyd etmək lazımdır ki, bu cür saxta təbliğatın təsiri altında Fransa və Rusiya rəsmiləri tərəfindən də münaqişə regionunda guya “cihadçı muzdluların sayının çoxalması” ilə bağlı əsassız iddialar səsləndirilmişdir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2020-ci il oktyabrın 27-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində hərbi əməliyyatların aparıldığı ərazilərdə “Yaxın Şərqdən gətirilən cihadçı muzdlu döyüşçülərin sayının artmasından” narahatlığını ifadə etmişdir.
Ermənistan rəsmilərinin apardıqları əsassız kampaniyaya Rusiya rəsmilərinin də qoşulması bu cəfəng təbliğatın vahid mərkəzdən idarə olunduğunu göstərmişdir. Bu cür dezinformasiyalar, əslində, yeni də deyildi – hələ 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanın guya “İŞİD” terror qruplaşması üzvlərini döyüşlərə cəlb etməsi kimi dezinformasiyalar dövriyyəyə buraxılmışdı.
Prezident İlham Əliyev xalqa 26 oktyabr 2020-ci il tarixli müraciətində, eləcə də İtaliyanın “RAİ-1” televiziyasına müsahibəsində Ermənistana kütləvi şəkildə hərbi texnika və silah-sursat ötürülməsi faktları ilə bağlı ciddi narazılığını bəyan etmişdir. Qeyd etmişdir ki, Ermənistanın uzun illər ərzində silahlandırılması təcavüzkar ölkənin Azərbaycana qarşı davamlı hərbi təxribatlarının və nəticə etibarilə sentyabrın 27-dən genişmiqyaslı hərbi əməliyyatların alovlanmasının əsas səbəblərindən biridir: “Əgər Ermənistana maliyyə, iqtisadi, hərbi, siyasi dəstək verilməsə, onlar ayaq üstə dura bilərmi? Yox! Mən indi Azərbaycan xalqına bəzi məlumatları verəcəyəm, biz onların nə qədər texnikasını məhv etmişik. Hər kəs hesablaya bilər, internetə girə bilər, baxsın o texnikanın qiymətinə və sual versin. Haradandır bu pul kasıb, yoxsul ölkədə? Problemlər içərisində çabalayan bir ölkədə haradandır bu pul? Nə qədər məhv etmişik, yenə də gətirirlər” [2].
Ermənistana silah ötürülməsi ilə bağlı narahatlığın açıq şəkildə nümayiş etdirilməsi göstərmişdir ki, rəsmi Bakı ölkəmizin milli təhlükəsizliyini və informasiya mühitini təhdid edən xoşagəlməz geosiyasi proseslərə qətiyyətli və çevik reaksiya vermək əzmindədir. Azərbaycan dövləti Rusiyaya tərəfdaş kimi yanaşsa da, bu ölkənin ikitərəfli münasibətlərin yüksək xarakterinə, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri statusuna cavab verməyən davranışlarını açıq şəkildə ifadə etmişdir. Dövlət başçısı vurğulamışdır ki, Ermənistanın silahlanması prosesi qeyri-şəffaf şəkildə, “qara bazar” prinsiplərindən istifadə etməklə, eyni zamanda, xarici yardımlar hesabına həyata keçirilir. Bu ölkənin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatlar saxtadır və beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmişdir. Ermənistan qeyri-qanuni və ödənişsiz qaydada əldə etdiyi hərbi texnikanı əsasən işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirərək hesabatlara daxil etməmişdir. Bu bir daha göstərmişdir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindən beynəlxalq hüquqla qadağan olunmuş hərbi cinayətlər üçün istifadə edir.
Prezident İlham Əliyevin bu açıqlamalarından sonra müəyyən xarici dairələrin “cihadçı muzdlu döyüşçülər” mövzusunu yenidən gündəmə gətirməsində, bu mövzuda dezinformasiyaların geniş miqyas almasında əsas məqsəd Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə kölgə salmaq, dünya ictimaiyyətində azərbaycanlılar və türklər barədə mənfi rəy formalaşdırmaq olmuşdur.
Ermənistanın və onun işğalçılıq siyasətinə açıq formada dəstək vermiş bəzi dövlətlərin KİV-lərinin bu cür əsassız məlumatları yaymaqda məqsəd və “gözlənti”lərini aşağıdakı kimi qruplaşdırmaq olar:
• Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə kölgə salmaq, dünya ictimaiyyətində azərbaycanlılar və türklər barədə mənfi rəy formalaşdırmaq, informasiya cəbhəsində üstünlüyü ələ almaq;
• beynəlxalq ictimaiyyətin diqqətini işğal faktından yayındırmaq, bölgədə guya “terrorçuların sayının artması” iddiası ilə narahatlıq yaratmaq;
• Türkiyənin guya münaqişədə “üçüncü tərəf” olması kimi əsassız iddialarla qardaş ölkənin regional və qlobal miqyasda güclənən nüfuzundan narahat olan bir sıra dövlətləri Azərbaycana qarşı qoymaq;
• Türkiyə və Azərbaycanın guya terrorçulardan hərbi məqsədləri üçün istifadə etmələri və onları maliyyələşdirmələri barədə saxta rəy formalaşdırmaq;
• Azərbaycanın apardığı əks-həmlə əməliyyatlarını “terrorçuluq” kimi təqdim etmək, İslam dinini terrorla əlaqələndirmək;
• dünya siyasətinə təsir imkanları olan ölkələrin əks-həmlə əməliyyatlarını dayandırması üçün Azərbaycana təzyiq göstərmələrinə nail olmaq;
• əks-həmlə əməliyyatları nəticəsində qısa müddətdə sarsıdıcı zərbələr alan Ermənistan silahlı qüvvələrinin düşdüyü rəzil və rüsvayçı duruma “bəraət” qazandırmaq;
• Azərbaycan Ordusunun döyüş əzmi və peşəkarlığının, habelə təchizatının Ermənistan silahlı qüvvələri ilə müqayisədə qat-qat yaxşı olmasını gizlətməyə çalışmaq;
• Dağlıq Qarabağda məcburi qaydada məskunlaşdırılmış ermənilərin guya “terrora məruz qalması” kimi yalan iddialarla digər dövlətlərin hərbi-siyasi dəstəyinə çalışmaq;
• Rusiyanı və onun təsirində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Türkiyə və Azərbaycanla üzbəüz qoymaq;
• Ermənistanın Livan və digər ölkələrdəki erməni əsilli şəxsləri, habelə PKK terror qruplaşmasının üzvü olan “yezidi kürdləri”ni qeyri-qanuni şəkildə Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərimizdə yerləşdirməsi ilə bağlı rəsmi Bakının ittihamlarından “sığortalanmaq”;
• dezinformasiyaları gücləndirməklə, Azərbaycanın təklənməsinə nail olmaq, rəsmi Bakını “şantaj” etməklə ciddi hərbi müdaxilələrdən çəkindirmək.
Hərbi əməliyyatların başlanmasından cəmi iki gün sonra – 2020-ci il sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında təşkil olunmuş debatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər ciddi arqumentlərlə bu saxta iddiaların əsassızlığını sübuta yetirmiş, Ermənistanın baş naziri Nikol Paşinyanı debat çərçivəsində çıxılmaz vəziyyətə salmışdır [3].
Dövlət başçısı İlham Əliyev Ermənistanın və onu dəstəkləyən bəzi dövlətlərin mediasında aparılan bu qarayaxma və iftira xarakterli kampaniyanın təkzib olunması və əsassızlığının sübuta yetirilməsi üçün təkzibedilmız arqumentlərə istinad etmişdir. Bildirilmişdir ki, Azərbaycanı muzdlu döyüşçüləri hərbi əməliyyatlara cəlb etməkdə təqsirləndirən Ermənistan rəsmiləri, habelə ermənipərəst dairələr, KİV-lər bununla bağlı heç bir fakt ortaya qoya bilməmişlər.
Ali Baş Komandan həmçinin demişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı Ermənistan ordusu ilə müqayisədə üç dəfə çoxdur. Ölkəmiz apardığı əks-həmlə əməliyyatları ilə bağlı qismən səfərbərliyə ehtiyac duyduğu halda, Ermənistan tam səfərbərlik elan etmişdir. Azərbaycanda əsasən 35 yaşınadək olan gənclər səfərbərliyə cəlb olunduqları halda, təcavüzkar ölkənin 50 yaşadək olan vətəndaşları polis və zor gücünə döyüş bölgəsinə göndərilmişlər. Əhalisinin sayı 10 milyon nəfər təşkil edən, 100 min nəfərlik yüksək döyüş qabiliyyətli və texniki təchizatlı peşəkar orduya, habelə 300 min nəfərlik ehtiyat qüvvəyə malik Azərbaycanın Yaxın Şərqdən hansısa muzdlu döyüşçü cəlb etməyə ehtiyacı yoxdur.
Dövlət başçısı vurğulamışdır ki, yüksək texnologiyaların, uzaqgörmə cihazlarının mövcudluğu, kosmosdan yüksək dəqiqliklə foto və videoçəkilişlərin aparıldığı bir zamanda muzdlu döyüşçülərdən istifadə faktının gizlədilməsi mümkün deyildir. Bu cəfəng iddiaları təkrarlayan Fransa və Rusiya rəsmilərinin isə heç bir tutarlı faktı, sübutu yoxdur. Azərbaycandan fərqli olaraq, Ermənistanın 90-cı illərin əvvəlində Dağlıq Qarabağ və ətraf bölgələrin işğalı zamanı Yaxın Şərq bölgəsindən terrorçular cəlb etməsi, onların xidmətindən faydalanması barədə məlumatlar da diqqətə çatdırılmışdır. İşğal olunmuş ərazilərimizə qanunsuz köçürülənlər sırasında “ASALA” terror təşkilatının rəhbərlərindən birinin – Monte Melkonyanın da olması, ona “milli qəhrəman” adının verilməsi kimi faktlar xarici KİV-lərin diqqətinə çatdırılmışdır.
Ermənistan və ermənipərəst dairələrin ilk gündən səsləndirdiyi cəfəng iddialardan biri də guya Türkiyə Respublikasının hərbi hava qüvvələrinə məxsus “F-16” qırıcı təyyarəsinin təcavüzkar ölkənin “Su-25” qırıcı təyyarələrini vurması ilə bağlı olmuşdur. Bununla ermənipərəst dairələr dünya ictimaiyyətində Azərbaycanın guya müharibədə Türkiyənin hərbi dəstəyindən istifadə etməsi ilə bağlı saxta rəy formalaşdırmağa çalışmışlar.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Fiqaro” qəzetinə və digər nüfuzlu xarici KİV-lərə müsahibələrində bu iddiaların əsassızlığını bəyan etmiş, Ermənistanın hərbi cinayətlərini gizlətmək üçün davamlı olaraq dezinformasiya və “feyk” xarakterli məlumatlardan istifadə etdiyini vurğulamışdır [4]. Bildirmişdir ki, belə yalanların məqsədi Türkiyənin münaqişədə guya “hərbi tərəf kimi iştirakı” barədə saxta rəy formalaşdırmaq, Rusiya Federasiyasının da təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) regiondakı hərbi əməliyyatlara cəlb etməkdir: “Müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq [3].
Azərbaycanın Vətən müharibəsi günlərində informasiya cəbhəsində mühüm uğurlarından biri də Ermənistanın saxta məlumatlar əsasında KTMT-ni hərbi əməliyyatlara cəlb etmək cəhdlərinin zərərsizləşdirməsi olmuşdur. Azərbaycanın həm siyasi-diplomatik, həm də təbliğati uğurları fonunda Rusiya Federasiyasının hərbi əməliyyatlara loyal və bitərəf münasibəti təmin edilmişdir. Rusiya Prezidenti Vladimir Putin ilk günlərdən hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini bildirməklə, KTMT-nin prosesə hər hansı bir formada müdaxilə etməyəcəyinə və Ermənistanın qurumdan hərbi dəstək gözləntilərinin mənasızlığına açıq eyham vurmuşdur. Rusiya Prezidenti bu açıqlaması ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistanın işğalçı tərəf olduğunu açıq mətnlə vurğulamışdır.
İqtisadi, siyasi, hərbi və digər müstəvilərdə Azərbaycanla rəqabət imkanları olmayan Ermənistan Respublikası müxtəlif ölkələrdəki diaspor və lobbi təmsilçilərinin dəstəyilə ölkəmizə qarşı ideoloji informasiya təxribatlarını gücləndirməyə çalışmışdır. Rusiyanın ermənipərəst dairələrə yaxınlığı ilə tanınan “www.dossier.center” informasiya saytında Azərbaycanın bir qrup tanınmış jurnalist və ziyalısı barəsində təxribat xarakterli yazının dərc edilməsi də ölkəmizə qarşı informasiya təxribatının təzahürü olmuşdur. Həmin saytda konkret adlar, iş yerləri göstərilməklə, 76 nəfər azərbaycanlı jurnalist və ictimai fəallığı ilə seçilən digər peşə sahibləri Rusiya Federasiyasının “xüsusi xidmət orqanları ilə əməkdaşlıqda” ittiham olunmuşlar.
Sözügedən saytın müflis elan edilmiş “YUKOS” neft şirkətinin keçmiş prezidenti, ciddi maliyyə maxinasiyalarına görə əvvəllər məhkum olunmuş iş adamı Mixael Xodorkovskinin nüfuz dairəsində olması məqalənin təxribat məqsədilə hazırlandığına şübhə yeri qoymamışdır. M.Xodorkovskinin Rusiyadakı erməni diasporu və iş adamları ilə sıx əlaqələrinin olması barədə təkzibedilməz informasiyalar da mövcuddur.
Sosial şəbəkə və rəqəmsal platformalarda
informasiya təhdidlərinə qarşı mübarizə
Ermənistanın və ermənipərəst dairələrin sosial şəbəkələrdə və rəqəmsal platformalarda ölkəmizə qarşı apardıqları ideoloji terrorun – informasiya təxribatlarının qarşısının alınması da diqqət mərkəzində olmuşdur. Bu ölkənin rəsmiləri Azərbaycanın Müdafiə Nazirliyinin guya daha çox “talış, ləzgi, avar və s. əsilli hərbçiləri ön cəbhəyə, döyüşlərə göndərməsi”, həmçinin milli azlıqların guya “ayrı-seçkiliyə məruz qoyması” kimi əsassız açıqlamalar vermişlər. Əks-həmlə əməliyyatlarının davam etdiyi günlərdə “Azərbaycanda milli azlıqlar” mövzusunu saxta formada ortaya atan Ermənistan bu yöndə informasiya təxribatlarını gücləndirməyə çalışmışdır. Lakin Azərbaycan hakimiyyəti səmərəli əks-tədbirlərlə ermənilərin bu iddialarının əsassızlığını sübuta yetirmişdir. Həmin dövrdə azsaylı xalqların nümayəndələrinin əsrlər boyu azərbaycanlılarla dinc, mehriban qonşuluq, həmrəylik şəraitində yaşamaları, Azərbaycanı özlərinə doğma Vətən saymaları, ümummilli məsələlərdə birlik nümayiş etdirmələri, habelə təcavüzkar Ermənistan rəhbərliyinin bundan ciddi narahatlıq keçirməsi mövzusunda təhlili yazılar yerli və xarici KİV-lərdə üstünlük təşkil etmişdir. Qeyd olunmuşdur ki, Ermənistan rəsmilərinin bu mövzudakı açıqlamaları informasiya təxribatı məqsədi daşıyır və erməni xüsusi xidmət orqanlarının zaman-zaman milli azlıqlar arasında azərbaycanlılara qarşı inamsızlıq yaratmaq cəhdlərinin təzahürüdür.
44 günlük Vətən müharibəsi zamanı Ermənistan və ermənipərəst dairələrin əsasən “facebook” sosial şəbəkəsi və “Telegram” kanalı üzərindən ölkəmizlə bağlı yalan və iftira xarakterli məlumatlar paylaşmasına geniş təsadüf olunmuşdur. Müxtəlif ölkələrdə yaşayan ermənilər şəxsi “Telegram” kanalları üzərindən Azərbaycana qarşı məkrli təbliğat aparmış, Dağlıq Qarabağdakı qondarma, iflasa uğramış marionet rejimi və qondarma “status” məsələsini qabartmağa çalışmışlar. Erməni blogerləri regiondakı proseslərin mahiyyətini təhrif olunmuş formada beynəlxalq ictimaiyyətə çatdırmağa cəhd göstərmişlər. Postkonflikt mərhələsində isə qarşı tərəfin üçtərəfli 10 noyabr sazişinin mahiyyəti, “hərbi əsirlər” və digər məsələlərlə bağlı beynəlxalq rəyi çaşdırmaq cəhdləri özünü qabarıq göstərmişdir.
Azərbaycan tərəfi “Telegram” kanalında fəal iş apararaq müəyyən informasiya təhdidlərinin zərərsizləşdirilməsini təmin etmişdir. Hazırda “Telegram”ın fəal istifadəçiləri arasında rusiyalılar, habelə rusdilli auditoriya çoxluq təşkil edir. Bu auditoriyada Azərbaycanla bağlı obyektiv ictimai rəyin formalaşdırılması isə son dərəcə zəruridir. Sirr deyildir ki, ermənilər uzun illər ərzində dini yaxınlıq amili üzərindən Rusiya cəmiyyətində ölkəmizlə bağlı həqiqəti əks etdirməyən rəy formalaşdırmağa çalışmışlar. Rusiyalı blogerlər tərəfindən idarə olunan “Telegram” kanallarında Azərbaycanla bağlı neqativ və qeyri-obyektiv informasiyaların çoxluq təşkil etməsi də narahatlıq doğuran məqamlardan olmuşdur.
Rusiya KİV-lərində (“İnfoteka.ru”, “Regnum.ru”, “Lifenews” TV, “Vzqlyad.ru” və s.) Azərbaycanın müharibədə guya “islamçı muzdlu döyüşçülərdən istifadə etməsi” barədə əsassız və yalan məlumatlara geniş yer verilmişdir. Həmin KİV-lərin rəhbərlərinin geniş maliyyə imkanlarına malik erməni diasporu və lobbisinin təsirində olması nəzərə alınmaqla, bu təhdidlərin neytrallaşdırılması istiqamətində iş aparılmışdır.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər fonunda Azərbaycan xalqının maraqlarının beynəlxalq və regional müstəvidə etibarlı qorunması, obyektiv yanaşmanın təmin edilməsi zərurəti aparıcı region ölkələrinin kütləvi informasiya vasitələri ilə fəal iş aparılmasını obyektiv zərurət kimi aktuallaşdırmışdır. Ümumilikdə, xaricdə ölkəmizlə bağlı təbliğat işinin səmərəli qurulması, bəzi hallarda özünü qabarıq göstərən əsassız və qərəzli meyillərin neytrallaşdırılması baxımından qeyd olunan KİV-lərin ölkəmizlə bağlı maraq dairəsi və mövzuların dəqiq müəyyənləşdirilməsi, onlarla həm dövlət, həm də ictimai sektor səviyyəsində fəal iş aparılması zəruridir. Son ayların aktual, vacib hadisələri ilə bağlı xəbər və məlumatların analizi region ölkələrinin mediasının baxış bucağındakı kəskin fərqləri, əksər hallarda hətta qərəzli və qeyri-obyektiv yanaşmaları qabarıq nümayiş etdirmişdir.
Beynəlxalq auditoriyaya çxış və təsir imkanları olan Türkiyə və Rusiya KİV-lərinin Azərbaycanla bağlı mövzulara münasibətində kəskin fərqlər heç də təəccüblü deyildir. 2020-ci ilin bir sıra mühüm hadisələri – xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyətin gərginləşməsi, məlum Tovuz döyüşləri, nəhayət, sentyabrın 27-dən başlayan Vətən müharibəsinə Türkiyə mediasının münasibəti beynəlxalq hüquqa və obyektivliyə söykənsə də, bunu Rusiya KİV-ləri barəsində söyləmək qeyri-mümkündür. Bütövlükdə, dövlətlər və cəmiyyətlər arasındakı münasibətlərin xarakterindəki fərqlər media müstəvisinə də ciddi sirayət edir. Aparılan təhlillər hərbi əməliyyatlar dövründə Rusiyaının digər televiziya və informasiya agentliklərinin (“Rossiya 24”, “NTV”, “ORT”, “TASS”, “İnfoteka.ru”, “lenta.ru” və s.) Azərbaycanla bağlı xəbər və təhlillərə geniş yer verdiklərini göstərmişdir.
2020-ci ilin iyul ayından Türkiyə Respublikasının mediasında Azərbaycanla bağlı xəbərlərin yayım dinamikasında yüksəlmə qeydə alınmışdır. Qardaş ölkənin “Haber Qobal”, “SNN Türk”, “TRT Haber”, “ATV”, “Haber türk”, “Star” və digər telekanalları təkcə Tovuz döyüşləri zamanı deyil, Vətən Müharibəsi günlərində də Azərbaycana informasiya cəbhəsində ciddi siyasi-mənəvi dəstək vermişlər.
Bütün bu reallıqlar fonunda hazırki mərhələdə Azərbaycanın daha çox Rusiya KİV-ləri ilə fəal iş aparmasına, bu ölkənin mediasında ölkəmizlə bağlı obyektiv rəyin formalaşdırılmasına ciddi zərurət duyulur. Vətən Müharibəsindəki hərbi-siyasi qələbədən sonra ən vacib və aktual məsələlərdən biri də ermənilərin təsir dairəsində olan KİV-lərin Azərbaycan əleyhinə apardıqları saxta təbliğatın əsassızlığını sübuta yetirmək və informasiya təhdidlərini neytrallaşdırmaqdır.
Daxili informasiya məkanının mühafizəsi
və ictimai maarifləndirmə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi məhz rəsmi Yerevanın qeyri-konstruktiv davranışları və işğalçılıq siyasətini davam etdirmək cəhdləri səbəbindən nəticə verməmişdir. Son iki ildə bir sıra qəbulolunmaz və absurd təkliflər irəli sürən Ermənistanın baş nazirinin danışıqlar prosesindən qeyri-müəyyən müddətədək imtina etmək, mövcud “status-kvo”nu süni şəkildə qoyurub saxlamaq niyyəti özünü qabarıq göstərmişdir. Bütün bunlarla yanaşı, Ermənistanın yeni hərbi təxribatları Azərbaycanın son zərurət kimi ərazilərini işğaldan azad etmək, ərazi bütövlüyünün bərpasına nail olmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başlamasına gətirib çıxarmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı ilə sentyabrın 28-i saat 00:00-dan etibarən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət elan edilmişdir [5]. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vətəndaşların internetdən istifadə hüquqlarının qismən məhdudlaşdırılması zərurəti ölkənin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədindən irəli gəlmişdir [6].
Xüsusi vurğulamaq lazımdır ki, Ermənistan Respublikasının hələ 2014-cü ildə Ağdam və Tərtər, 2016-cı ildə Tərtər, Goranboy və Cəbrayıl rayonları ərazisində qoşunların təmas xəttində, eləcə də 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində törətdiyi məqsədli təxribatlar müharibənin hər an başlaya biləcəyi ehtimalını istisna etmirdi. Əvvəlki lokal hərbi əməliyyatlar şəraitində KİV-lərin və bəzi dövlət qurumlarının mətbuat xidmətlərinin informasiya yayımı sahəsində yol verdiyi ciddi nöqsanlar, eləcə də sosial şəbəkələrdə dövlət maraqları baxımından arzuolunmaz informasiya xaosunun yaşanması dövlətin bu sahədə müəyyən tənzimləmə tədbirləri həyata keçirməsini, habelə gözlənilən risk və təhdidlərin ciddiliklə nəzərə alınmasını zəruri etmişdir.
Hərbi əməliyyatlar zamanı dövlət və hərbi əhəmiyyətli sirlərin qanunvericiliyə müvafiq şəkildə qorunması (silahlı qüvvələrin hissələrinin dislokasiyası və hərəkəti, şəhid olmuş hərbçilərin sayı, eyni zamanda cəbhə bölgəsində yaşayan əhaliyə dezinformasiyalar verilməsi, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s.), habelə erməni tərəfinin informasiya təxribatlarının qarşısının alınması, cəmiyyətə dürüst informasiyaların verilməsi, ictimai ovqatın daim yüksək saxlanılması baxımından preventi tədbirlərin həyata keçirilməsi məsələləri xüsusi diqqət mərkəzində olmuşdur.
Bütün bunlar müharibə şəraitində operativ əlaqələndirmə qurumunun – Müdafiə Nazirliyinin Hərbi İnformasiya Mərkəzinin (HİM) yaradılmasını zəruri etmişdir. Mərkəzə hərbi əməliyyatlar dövründə Azərbaycanın hərbi informasiya siyasətini idarə etmək, tənzimləmək, informasiya təhdidlərini dəf etmək istiqamətində fəaliyyət göstərmək tapşırığı verilmişdi. Cəbhə bölgəsindəki vəziyyətlə bağlı bütün informasiyaların, foto və videosüjetlərin yalnız Müdafiə Nazirliyinə və onun nəzdindəki Hərbi İnformasiya Mərkəzinə istinadla yayımının təmin edilməsi media və ictimaiyyət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdi. Bu məhdudiyyətlər “Dövlət sirri haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərindən irəli gəlmişdir.
Ölkənin informasiya təhlükəsizliyi üçün ciddi risk və təhdidlər əsaslandırılmaqla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən internetdən istifadəyə, eləcə də bəzi sosial şəbəkələrə girişə qismən və müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Müharibə dövründə cəmiyyətin informasiya tələbatını dolğun şəkildə ödəmək, habelə operativliyi və çevikliyi təmin etmək məqsədilə Hərbi İnformasiya Mərkəzində KİV-lər üçün müntəzəm mətbuat konfransları təşkil olunmuş, ən son hərbi məlumatlar açıqlanmışdır.
Hərbi əməliyyatlar dövründə dövlət sirlərini açan, yaxud milli maraqlara zidd olan, ictimaiyyətdə çaşqınlıq yaradan informasiya, foto, video yayımı edən şəxslərin qanunvericiliyə müvafiq qaydada cəzalandırılması istiqamətində də müəyyən tədbirlər görülmüş, ictimaiyyətə xəbərdarlıqlar edilmişdir.
Dünyanın aparıcı KİV-lərinin nümayəndələrinin cəbhə bölgəsinə səfərlərinin təşkili də informasiya cəbhəsində üstünlüyün əldə olunması baxımından əhəmiyyətli olmuşdur. Eyni zamanda, sosial şəbəkələrdə auditoriyanın diqqəti informasiya savaşının aparılması zərurətinə yönəldilmiş, geniş əhatə dairəsinə nail olmaq üçün qabaqcadan hazırlanmış video və fotoların sosial şəbəkə istifadəçiləri arasında yayımlanması, geniş paylaşılması təmin edilmişdir. Erməni silahlı qüvvələrinin canlı qüvvə və texnika baxımından itkilərinin yalnız Müdafiə Nazirliyinin foto və videogörüntüləri əsasında ictimaiyyətə təqdim edilməsi də müsbət məqam kimi diqqəti çəkmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi “Twitter”, “facebook” və “instagram” səhifələrindəki paylaşımları Azərbaycanın Ermənistan üzərində informativ-siyasi və psixoloji üstünlüyünün təmin edilməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
İnformasiya cəbhəsində buraxılan nöqsanlar və onların fəsadları
Müharibə günlərində Azərbaycan Silahlı Qüvvələrinin apardığı hərbi əməliyyatlar, habelə azad etdiyi ərazilərlə bağlı qeyri-rəsmi və mübaliğəli məlumatların sayının artması narahatlıq doğuran əsas məqamlardan olmuşdur. Əks-həmlə əməliyyatları barədə qeyri-rəsmi mənbələrdən alınmış xəbər və məlumatların KİV və sosial şəbəkələrdə yayılmasının milli maraqlar baxımından yolverilməzliyi barədə maarifləndirici məlumatların yayılmasına baxmayaraq, bu neqativ proses geniş miqyas almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlarının gedişində əldə etdiyi üstünlüklər barədə qeyri-rəsmi mənbələrə əsaslanan məlumatların yayılması “psevdovətənpərvərlik” əlaməti olaraq ölkənin informasiya təhlükəsizliyini ciddi təhdid etmişdir. Mahiyyətcə milli ruhun və vətənpərvərlik ovqatının gücləndirilməsi məqsədi daşısa belə, hansısa ərazininn işğaldan azad edilməsi barədə qeyri-rəsmi, eyni zamanda mübaliğəli xəbərlərin yayılması informasiya təhlükəsizliyi baxımından ziyanlı olmuşdur.
Cəbhə bölgəsinə yaxın ərazilərdə yaşayan vətəndaşlardan, eləcə də həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan alınmış məlumat, foto və videokadrlar əsasında sosial şəbəkə və KİV-lərdə hərbi əməliyyatların gedişi, habelə işğaldan azad edilmiş ərazilərlə bağlı informasiyaların yayımı narahatedici məqamlar olmuşdur. Təəssüflə bildirmək lazımdır ki, sərt qadağalara baxmayaraq döyüş əməliyyatlarından, eləcə də azad edilmiş kənd, rayon və qəsəbələrdən foto və videogörüntülərin yayılmasında bəzi hallarda hərbi qulluqçular özləri də yaxından iştirak etmişlər. Müdafiə Nazirliyi və Baş Prokurorluq bununla bağlı bir neçə dəfə ictimaiyyətə müraciət edərək hərbi sirlərin yayılmasının hüquqi məsuliyyət doğurduğunu bəyan etmişlər. Eyni zamanda, hərbi xarakterli məlumatları yayan bir qrup hərbi qulluqçu barəsində hərbi prokurorluq orqanları tərəfindən cinayət işi başlanmışdır.
Bundan əlavə, aidiyyəti dövlət qurumlarının çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatları, hərbi texnika və canlı qüvvələrin hərəkəti, dislokasiyası barədə məlumatlar ictimailəşdirilmiş, bu kimi hallar hərbi sirrlərin mühafizəsini çətinləşdirmişdir. Azərbaycan Ordusunun döyüş əməliyyatlarında iştirak edən bir qrup hərbçisinin smartfonlardan istifadə ilə bağlı qadağalara riayət etməməsi də ölkənin informasiya təhlükəsizliyini təhdid etmişdir.
2020-ci ilin avqust ayında cəbhənin Goranboy istiqamətində Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupunun rəhbəri, baş leytenant Qurgen Alaverdiyanın tutulmasında iştirak edən Azərbaycan hərbçilərinin hərbi diversantın fotosunu mobil telefonla çəkərək sosial şəbəkələrdə yerləşdirmələri ciddi nöqsanlardan biri olmuşdur. Həmin hərbi qulluqçular hərbi nizamnamə tələblərini kobud şəkildə pozduqlarına görə Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarından xaric olunmuşlar.
Dövlət informasiya siyasətini “feyk” məlumatlar əsasında quran Ermənistan sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan görüntüləri müxtəlif texnoloji vasitələrlə saxtalaşdıraraq ölkəmizin və silahlı qüvvələrimizin beynəlxalq imicini sarsıtmağa cəhd göstərmişdir. Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə, eləcə də Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirmək məqsədilə hazırladığı aşkar təxribat xarakterli video görüntülərin sosial şəbəkələrin Azərbaycan seqmentində kor-koranə yayılması xüsusilə narahatedici məqam olmuşdur. Düşmən tərəf ideoloji informasiya terroru məqsədilə müxtəlif proqramlardan istifadə etməklə hazırladığı saxta foto və videoları xarici KİV-lərdə yerləşdirməklə Azərbaycan Ordusunun hərbi əsir və mülki şəxslərlə davranış zamanı guya müvafiq “Cenevrə Konvensiyasını pozması” barədə saxta rəy yaratmağa çalışmışdır. Hüquq-mühafizə orqanları ermənilərin “feyk” xarakterli məlumatlarının dərhal aşkarlanması və ifşası, habelə onların yayılmasının hüquqi məsuliyyət doğurması barədə ictimai məlumatlandırmanın təmini istiqamətində ciddi iş aparmışlar.
Hərbi əməliyyatlar zamanı zərərsizləşdirilmiş erməni hərbçilərin nəşinə qarşı qeyri-sivil davranışları əks etdirən bəzi video və foto görüntülərin ictimailəşdirilməsi də Azərbaycanın informasiya təhlükəsizliyinə xələl gətirmişdir. Ermənistan tərəfi emosional və ruhi həyəcan vəziyyətində telefonla çəkilmiş bu videoları sosial şəbəkələr vasitəsilə əldə edərək Azərbaycan dövləti əleyhinə istifadə etməyə çalışmışdır. Təəssüflə qeyd etmək lazımdır ki, belə xoşagəlməz görüntülərin xarici KİV-lərdə də geniş yayılması narahatedici məqam kimi Azərbaycanın informasiya cəbhəsindəki haqlı mübarizəsinə mənfi təsir göstərmişdir.
Postmüharibə dövründə Azərbaycanın dövlət informasiya siyasəti
Azərbaycan atəşkəs rejiminin bərpasını və Ermənistanın hərbi kapitulyasiyasını təmin edən 10 noyabr tarixli atəşkəs sazişindən sonra da informasiya təhlükəsizliyinin qorunmasının təmini istiqamətində ardıcıl iş aparır. Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra verdiyi açıqlama və müsahibələr ciddi fakt və arqumentlər üzərində qurularaq ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət daşımışdır.
Vətən müharibəsinin Azərbaycanın hərbi-siyasi qələbəsi ilə başa çatması fonunda ölkə ictimaiyyətinin işğaldan azad olunmuş ərazilərlə bağlı daha geniş, dolğun və hərbi sirr kimi aktuallığını itirmiş məlumatları əldə etmək istəyi təbiidir. Bu xüsusda yerli və beynəlxalq auditoriyaya təsir imkanları olan xarici KİV-lərin, eləcə də diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərlərinin təşkili, onların müəyyən informasiyalara əyani çıxış imkanlarının yaradılması Ermənistanın ifşası baxımından da əhəmiyyətlidir. Xarici auditoriyaya çıxış imkanları olan xarici KİV-lərin işğaldan azad edilmiş ərazilərdən hazırladıqları yazı və süjetlər, reportajlar Ermənistanın ifşası prosesini daha da sürətləndirmişdir.
Həm müharibə dövrü, həm də postkonflikt mərhələsində Ermənistan ordusunun Cenevrə konvensiyalarına zidd olaraq mülki əhalini ağır artilleriyalardan – “Tocka-U”, “Elbrus” və s. kimi ballistik raketlərdən atəşə tutması, kasetli, fosforlu bomba və raketlərdən istifadə etməsi ilə bağlı faktlar xarici media tərəfindən geniş işıqlandırılmışdır. Fəal və genişmiqyaslı hərbi əməliyyatlar dövründə cəbhə bölgəsindən 20-150 kilometr məsafədə yerləşən rayon, şəhər, qəsəbə və kəndlərin artilleriya atəşinə tutulması, habelə Gəncə, Mingəçevir, Şəmkir, Xızı, Bərdə və s. ərazilərə ballistik raketlərin atılması, 100-dək mülki şəxsin həlak olması ilə bağlı faktlar dünya ictimaiyyətinə dolğun və əhatəli şəkildə çatdırılmışdır. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə, fərdi evlərə, inzibati binalara, təsərrüfatlara, ictimai iaşə və xidmət müəssisələrinə vurduğu ziyanla bağlı marteriallar hazırlanmışdır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji əhəmiyyətli obyektlərini – Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Mingəçevir su anbarını və istilik elektrik stansiyasını, habelə Bakı-Novorossiysk neft kəmərini raketlərlə vurmağa cəhdlər göstərməsinə dair faktlar da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
İşğal altında saxladığı ərazilərdə, xüsusilə Füzuli rayonunda ciddi müdafiə-istehkam baryerləri – beton sədlər və sığınacaqlar, tunellər və s. yaratması fonunda təzavüzkar ölkənin nəinki Dağlıq Qarabağı, eləcə də işğal altında saxladığı ətraf yeddi rayonu da könüllü azad etmək niyyətində olmaması xüsusi qeyd olunmuşdur.
Ermənistanın işğal altında saxladığı ərazilərdə məqsədli şəkildə dağıntılar törətməsi, mülki vətəndaşlara məxsus fərdi evləri, habelə inzibati binaları sökməklə inşaat materiallarını azğınlıqla talaması da xarici media nümayəndələrinini xüsusi diqqətini çəkmişdir. 90-cı illərin arxiv foto və videokadrlarından istifadə edilməsi və müvafiq müqayisələrin aparılması yolu ilə Ermənistanın Azərbaycana məxsus zəngin tarixi mədəniyyət abidələrini, muzeyləri, eləcə də məscidləri vandallıqla dağıtmasına dair material və süjetlər xarici KİV-lərdə yerləşdirilmişdir.
Ermənilərin məscidləri dağıdaraq ferma kimi istifadə etmələri, azərbaycanlıların və digər müsəlman xalqların dini heysiyyətini aşağılamaq məqsədilə dini ziyarətgahlarda donuz saxlamaları ilə bağlı foto və videokadrlar da təbliğati-siyasi baxımdan əhəmiyyətli olmuşdur. Bundan əlavə, yerli və xarici KİV-lərdə işğal altında olan ərazilərdə flora və faunaya dəyən zərərlə bağlı xüsusi reportajlar hazırlanmış, meşələrin yandırılması və qırılması faktlarına geniş yer verilmişdir.
İşğal altındakı ərazilərdə məqsədli şəkildə törədilmiş yanğınlar – mülki ermənilərin qeyri-qanuni məskunlaşdırıldıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən fərdi evləri, yaşıllıq və meşə zolaqlarını yandırmaları ilə bağlı materiallar hazırlanmış, ermənilərin tarixi Azərbaycan abidələrini, alban məbədlərini, habelə milli toponimləri erməniləşdirməsi, bu məqsədlə geniş saxtakarlıqlara yol verməsi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Azərbaycanın poskonflikt mərhələsində informasiya cəbhəsində əsas hədəflərindən biri də Ermənistanın işğalından azad edilmiş ərazilərdəki mina təhlükəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi-sursatdan (PHS) təmizlənməsi ilə bağlı mühüm vəzifələr müəyyənləşdirmiş, bunun “Böyük Qayıdış” proqramı nöqteyi-nəzərindən prioritet məsələlərdən biri olduğunu vurğulamışdır. Bu zərurət həm də onunla şərtlənir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə, bütün rayon və şəhərləri, yolları, yaşayış binalarını və strateji yüksəklikləri minalamışdır. Eyni zamanda, təcavüzkar ölkə hərbi əməliyyatlar zamanı və atəşkəs dövründə beynəlxalq səviyyədə qadağan olunmuş “sürpriz mina”lardan, kasetli bombalardan və s. istifadə etmişdir.
Üçtərəfli 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra Azərbaycanın təkcə hərbçiləri və mülki istehkamçıları deyil, xeyli sayda sıravi vətəndaşı da mina partlayışının qurbanı olmuşdur. Azərbaycan dəfələrlə minalanmış ərazilərin xəritəsini tələb etsə də, destruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi bu tələbə məhəl qoymur. Bu, təcavüzkar ölkənin kommunikasiyaların bərpası, qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətindəki regional təşəbbüslərə qeyri-səmimi yanaşdığını göstərir.
Azərbaycan informasiya savaşında mühüm taktiki gediş olaraq Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtinasının fəsadları barədə beynəlxalq miqyasda geniş iş aparır. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi ilə bağlı BMT-də qətnamə layihəsi yayması da bu istiqamətdə mühüm addımlardan biri olmuşdur. Bu və digər tədbirlər informasiya cəbhəsində ölkəmizin üstünlüyünün təmini baxımından mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl İtaliya Parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının 2021-ci il martın 2-də qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında qətnamə”də bir sıra mühüm məqamlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə minalanmış sahələrin xəritəsinin verilməsi vacibliyi də qeyd olunmuşdur [7].
Qubadlı və Zəngilan rayonlarına səfəri zamanı Prezident İlham Əliyev ermənilərin işğal altında saxladıqları rayonlarda böyük dağıntılar törətdiklərini, tarixi-mədəni abidələri məhv etdiklərini və bütün bunlara görə beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlarını bir daha bəyan etmişdir. Azərbaycandakı diplomatik korpusların nümayəndələrinin, habelə əcnəbi jurnalistlərin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərinin təşkili Ermənistanın ağır müharibə cinayətlərinin bütün dünyada ifşası ilə yanaşı, onun beynəlxalq məhkəməyə verilməsinə zəmin yaradılması baxımından da vacib addımdır. Ekspertlərin iştirakı ilə dəymiş ziyanın hesablanması və sonrakı mərhələdə Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsinə verilməsi Azərbaycan üçün təkcə hüquqi prosedur deyil, eyni zamanda, təcavüzkarın beynəlxalq miqyasda ifşasına xidmət edən vacib siyasi-mənəvi məsələdir.
Azərbaycanın iddia ərizəsində, həmçinin Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasından sonra işğaldan azad edilmiş ərazilərimizə qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum etməsi göstərilmişdir. Bu və digər faktlar 800 milyon nəfəri birləşdirən bir coğrafi məkanda Ermənistanın ifşası, təcavüzkar dövlətə qarşı səmərəli əks-hücumun təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il fevralın 26-da – Xocalı soyqırımının 29-cu ildönümü günündə yerli və xarici KİV-lər üçün keçirdiyi mətbuat konfransı da ölkəmizin informasiya cəbhəsindəki üstünlüyünün təmini baxımından əhəmiyyətli olmuşdur. Prezident İlham Əliyevin dörd saatdan çox müddətdə 50-dən çox sualı peşəkarlıqla cavablandırması, mühüm mesaj və açıqlamaları yerli və xarici KİV-lərdə geniş işıqlandırılmışdır. Mətbuat konfransını izləyən dünya ictimaiyyəti Ermənistanın regionda ciddi təhlükə mənbəyi olduğunu bir daha dərk etmişdir. Dövlət başçısının postkonflikt dövründə bölgədəki real vəziyyət barədə ciddi və əsaslandırılmış informasiyaları, konkret mesajları dünya ictimaiyyətinin diqqətinə çatdırması ölkəmizin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi və Ermənistanın ifşası baxımından uğurlu addım olmuşdur.
Açar sözlər: informasiya siyasəti, informasiya təhlükəsizliyi, informasiya təxribatı, milli təhlükəsizlik, “yumşaq güc”
Ədəbiyyat siyahısı
1. İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib. https://president.az/articles/41712
2. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa 26.10.2020 tarixli müraciəti. https://president.az/articles/44435
3. İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb. https://president.az/articles/41172
4. İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəsi. https://president.az/articles/44170
5. Hərbi vəziyyət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. https://president.az/articles/40979
6. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının Qanunu. http://www.e-qanun.az/framework/35170
7. “Ermənistan və Azərbaycan arasında razılaşmaların yerinə yetirilməsi vəziyyəti haqqında” qətnamə. https://www.virtualkarabakh.az/az/new-item/6/3199/italiya-parlamenti-terefinden-qebul-edilmis-qetnamede-azerbaycanin-minalanmis-erazilerinin-xeritelerinin-verilmesi-teleb-olunub.html
SUMMARY
Features of the state information policy
Azerbaijan during the Patriotic War and
post-conflict period
Kh.Niyazov
In article information threats during the military operations in September-November 2020, combating information threats on social networks and digital platforms, protection of internal information space and public awareness, mistakes in the information front and their consequences, as well as the main priorities of the state information policy of Azerbaijan in the post-war period are observed.
It should be noted that Armenia, which suffered crushing blows and defeats in the military-political sphere, tried to expand information provocations against our country through the media, social networks and other new media tools. Nevertheless, Azerbaijan retained its superiority over Armenia not only on the battlefield, but also in the field of diplomacy and information, and managed to expose the aggressor state on an international scale.
Key words: information policy, information security, information sabotage, national security, “soft power”
РЕЗЮМЕ
Особенности государственной информационной политики Азербайджана
в период Отечественной войны и
в постконфликтный период
Х.Ниязов
В статье рассматриваются информационные угрозы, наблюдаемые в ходе боевых действий в сентябре-ноябре 2020 года, борьба с информационными угрозами в социальных сетях и на цифровых платформах, защита внутреннего информационного пространства и общественная осведомленность, ошибки, допущенные на информационном фронте, и их последствия, а также обсуждаются основные приоритеты государственной информационной политики Азербайджана в послевоенный период.
Как отмечает автор, Армения, потерпевшая сокрушительные удары и поражение на военном и политическом направлениях, посредством СМИ, социальных сетей и других новых медиаинструментов, пыталась расширить информационные провокации против Азербайджана. Несмотря на это, Азербайджан сохранил свое превосходство над Арменией не только на поле боя, но и в дипломатической, информационной плоскости, достигнув разоблачения государства-агрессора в международном масштабе.
Ключевые слова: информационная политика, информационная безопасность, информационная диверсия, национальная безопасность, «мягкая сила»