“Vilayəti-fəqih” nəzəriyyəsinə əsasən İranın ali dini liderinin xarici siyasət məsələlərindəki vəzifələrinə dair

Post image

Eldar Əmirov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Dillər Universiteti

E-mail: [email protected]

Giriş


“Vilayəti-fəqih”nəzəriyyəsi və onun formalaşma tarixçəsi
Ərəb dilindən tərcümədə “Ədalətli fəqihin (ilahi hökmləri dərindən mənimsəmiş, şəriətin tələblərinə müvafiq həyat tərzi keçirən din aliminin, dini rəhbərin) hakimiyyəti, səlahiyyəti” mənalarını verən “Vilayəti-fəqih” anlayışı 1979-cu il İran İslam İnqilabının lideri Ayətulla Xomeyni tərəfindən işlənib-hazırlanan eyniadlı dini-siyasi nəzəriyyənin təməl elementini təşkil edir. “Vilayəti-fəqih” nəzəriyyəsinin başlıca müddəa və prinsipləri İmam Xomeyninin “İslam hökuməti” adlı kitabında öz əksini tapmışdır. Kitab Xomeyninin İraq mühacirəti dövründə, daha dəqiq desək, 1969-1970-ci illərdə Nəcəf şəhərində ilahiyyat tələbələrinə oxuduğu mühazirələr toplusundan ibarətdir. Hal-hazırda “Vilayəti-fəqif” nəzəriyyəsi İran İslam Respublikasının dövlət idarəçiliyinin başlıca ideoloji komponenti hesab olunur. [5; s.19].
“Vilayəti-fəqih” nəzəriyyəsinə əsasən yer üzündə mütləq hakimiyyətin mənbəyi Allahdır və o, öz qanunlarını, iradəsini peyğəmbərləri vasitəsilə bəşəiyyətə çatdırmış və yer üzündə bərqərar etmişdir. Allahın sonuncu elçisi, İslam peyğəmbəri Hz.Məhəmmədə (s) nazil edilmiş “Qurani-Kərim” və peyğəmbərin öz sünnəsi (qərarları, davranışları) ümumilikdə şəriəti təşkil etməklə yanaşı, səmavi qanunlar sisteminin ən mükəmməl nümunəsidir. Peyğəmbərin vəfatından sonra ilahi qanunların düzgün təfsiri və onların ədalətli icrasına nəzarət onun nəslindən gələn imamların (Əhli-beyt) üzərinə düşür. Şiə inancına görə isə imamların xəttində Meh­di adlı XII imamın naməlum zamana qədər qeybə çəkilməsinədək tarixi fasilə meydana çıxmışdır. Lakin şiələr inanırlar ki, Mehdi nə zamansa mütləq zühur edəcək və Allahın qanunlarının icrasına əngəl törədən qüvvələri aradan qaldıracaq. Həmin zühur dövrünə qədər isə şiələr mütləq dini hökmlərini dərindən mənimsəmiş, öz həyatında, qərar və davranışlarında onları rəhbər tutan mötəbər din alimlərinə, fəqihlərə tabe olmalıdırlar. Çünki, həqiqi islam alimləri imamların varisləridir və onların ümmətin taleyüklü məsələlərinə dair həlledici qərarlar vermək səlahiyyəti var. İmam Xomeyninin nəzərincə bu səlahiyyətlərini tam mənada və effektiv bir şəkildə icra edə bilmək üçün vilayəti-fəqih, yəni dini rəhbər ölkənin birbaşa siyasi hakimiyyətinə başçılıq etməlidir. “Vilayəti-fəqih” nəzəriyyəsi siyasətlə din arasındakı ayrılmanı birmənalı şəkildə rədd edir, dini rəhbərin şəriətin hökmlərini bərqərar edə bilməsi üçün siyasi hakimiyyətə sahib olmasını mütləq şərt kimi irəli sürür. [4; ss. 80-86].
Maraqlıdır ki, İmam Xomeyni “İslam hökuməti” əsərində “Vilayəti-fəqih” haqqında bəhs edərkən, onun səlahiyyətlərini Məhəmməd peyğəmbərin (s) və məsum imamların siyasət, idarəetmə sahəsindəki haqlarına bərabər tutur. O, bildirir ki, gələcəkdə qurulacaq İslam dövlətində “Vilayəti-fəqih” məhz bu cür geniş hüquqlara sahib olmalıdır. [1; s.64].
Qeyd etmək lazımdır ki, İran konstitusiyasında ali dini rəhbərin hüquq və səlahiyyətlərinə, həmçinin vəzifələrinə dair müvafiq müddəalar da məhz bu nəzəriyyənin prinsiplərinə uyğun işlənib-hazırlanmışdır. Xomeyninin “Vilayəti-fəqih” üçün tələb etdiyi geniş səlahiyyətlər, xüsusilə də, hakimiyyətin bütün qollarına total nəzarət hüququ İran konstitusiyasının 57-ci maddəsilə rəsmiləşdirilmişdir. Həmin maddədə bildirilir ki, İran İslam Respublikasında hakimiyyətin bir-birindən asılı olmayan 3 qolu var – qanunverici, icraedici və məhkəmə. Həmin qolların hamısına nəzarət isə “Vilayəti-fəqih”, yəni ölkənin ali dini rəhbəri tərəfindən həyata keçirilməkdədir. [8]. “Vilayəti-fəqihin” səlahiyyət dairəsi yalnız hakimiyyət qollarına nəzarətlə yekunlaşmır. Belə ki, güc nazirlərini vəzifəyə təyin və azad etmək, ölkədə keçirilən prezident seçkilərinin nəticələrini təsdiqləmək, müharibə elan etmək və sülh bağlamaq, dövlət maraqlarına təhlükə törətdiyi təqdirdə ölkə prezidentini vəzifəsindən kənarlaşdırmaq, İranın ümumi dövlət siyasətini müəyyənləşdirmək, məhkəmə rəhbərlərinin təyinatları, dövlətin vəqflərinə və xeyriyyə təşkilatlarına nəzarəti həyata keçirmək İran konstitusiyasına əsasən “Vilayəti-fəqihin” müstəsna səlahiyyətlərinə aid məsələlərdir. [2; s. 926].
Vəqflərə və xeyriyyə qurumlarına nəzarət “Vilayəti-fəqihi” ölkənin yalnız siyasi deyil, həm də iqtisadi həyatında həlledici söz sahibinə çevirir. Tədqiqatçıların ümumi hesablamalarına əsasən İranda dövlət və xeyriyyə vəqflərinin sərəncamında olan vəsait ümumilikdə İranın maliyyə potensialının təxminən 40%-ə bərabərdir. [2; s. 926].
Tarixi arayış məqsədilə bir vacib məqamı vurğulamaq lazımdır ki, “Vilayəti-fəqih” anlayışı ictimai-siyasi dövriyyəyə və şiə fiqhinə Xomeynidən təxminən 150 il öncə, XIX əsrdə, Qacarlar dövründə yaşamış tanınmış şiə ruhanisi Molla Əhməd Nəraki (ö.1829) tərəfindən gətirilmişdir. “Mənacihül – Üsul və Əvaidül-Əyyam” adlı əsərində Molla Əhməd Nəraki fəqihin fəqihin yalnız dini mahiyyət daşıyan hadisələrə deyil, həm də siyasi proseslərə münasibət bildirmək haqqına sahib olduğu fikrini irəli sürmüş, özü də onun əməli nümunəsini təqdim edərək, 1826-1828-ci il Rusiya-İran müharibəsinin başlanması ərəfəsində ruslarla hərbin vacibliyinə dair fətva vermişdir. [4; s. 79].
Doğrudur, Nərakinin Qacar hökmdarı Fətəli şahla isti münasibətlərinin olması onun bu məsələdə nəzəriyyədən çox da uzağa getməsinə mane oldu. Şiə ruhanisi hökmdarın iradəsini kölgədə qoyacaq, onu ikinci plana salacaq hökm və xütbələrdən çəkinərək, öz təlimini nəzəriyyə çərçivəsində inkişaf etdirməklə kifayətləndi. Üstəlik bir faktı da nəzərə almaq lazımdır ki, Qacarlar sülaləsi dövlət idarəçiliyi məsələlərində nüfuzlu din xadimlərinin mövqeyinə daim böyük hörmət və həssaslıqla yanaşır, şiəliyi müdafiə edir və onun yayılmasına hər cür şərait yaradırdılar. Tədqiqatçılar qeyd edirlər ki, Qacarlar zamanında təhsil və məhkəmə sisteminin əhəmiyyətli hissəsi şiə ruhanilərinin nüfuz dairəsinə daxil idi. Sözügedən dövrdə təhsil sisteminin əsasən mədrəsələrdən ibarət olması, həmçinin əksər cinayət işlərinin şəriət məhkəmələrinin icraatında olması ruhanilərin cəmiyyətdəki təsirini əhəmiyyətli dərəcədə genişləndirmişdi. O dövrdə istər məişət xarakterli, istərsə də siyasi əhəmiyyətli cinayət işlərinə şəriət məhkəmələri baxırdılar. Onların bu məsələlərdəki rəyi yekun qərar hesab olunurdu və əsla dəyişdirilə bilməzdi. 1906-1907-ci illərdə İran konstitusiyasına qəbul edilmiş əlavələrdə isə ruhanilərə hətta qəbul edilən qanunlara veto qoymaq hüququ verilirdi. [7; s. 121].
Əlavələrin I maddəsində isə qeyd olunurdu ki, şah mütləq şiə məzhəbinə mənsub olmalı və onu himayə etməyə borclu idi. [7, s. 121].
Şiə ruhanilərinin belə bir vəziyyətdə özlərinə daha artıq səlahiyyətlər tələb etmələri, yekunda şahla onlar arasında ciddi münaqişəyə gətirib çıxara və mütləqiyyətə kölgə sala bilərdi. Bu vəziyyət Nərakinin “vilayəti-fəqih” nəzəriyyəsinə əsas etibarı ilə uyğun olduğundan ruhanilərin etirazları üçün xüsusi səbəblər yox idi.
Ancaq bütün hallarda Nərakinin meydana qoyduğu baxışlar “Vilayəti-fəqih” anlayışının formalaşmasında mühüm mərhələ kimi yadda qaldı və Xomeyninin müvafiq nəzəriyyəsi üçün baza rolunu oynadı. Təsadüfi deyil ki, İmam Xomeyni də “Vilayəti-fəqih” nəzəriyyəsinin müəllifi kimi özünü yox, məhz Molla Əhməd Nərakini göstərir, baxışlarını əsaslandırmaq üçün hər zaman onun kitabına istinad etməyi üstün tuturdu. [5; s.19-20].
İmam Xomeyni “Vilayəti-fəqih” nəzəriyyəsinin müəlliflik hüququnu hər nə qədər Əhməd Nərakinin adı ilə bağlamağa çalışsa da, bu iki alimin baxışları arasındakı kəskin fərq açıq-aşkar ortadadır. Bu fərqi qısa şəkildə səciyyələndirməli olsaq, deməliyik ki, Əhməd Nəraki fəqihin siyasi proseslərdə və dövlət idarəçiliyinə dair qərarların qəbulunda fəal iştirakını müdafiə edirdisə, Xomeyninin təlimi fəqihin bilavasitə dövlətə rəhbərliyi ideyasının üzərində qurulub. Qeyd etmək lazımdır ki, istər müasirləri, istərsə də sonrakı dövrün müsəlman alimləri arasında Xomeyninin baxışlarına etiraz edən kifayət qədər nüfuzli müctəhidlər olmuşdur ki, onlardan Ayətullah Şəriətmədarinin, Ayətullah Xoinin, Ayətullah Müntəzirinin, Ayətullah Beyat Zəncaninin və digərlərinin adlarını çəkmək mümkündür. [3].

1. Xomeyninin “Vilayəti-fəqih” konsepsiyasında dini rəhbərin xarici siyasət məsələlərindəki vəzifələri
“Vilayəti-fəqih” nəzəriyyəsinin konseptual müddəaları arasında xarici siyasət məsələləri olduq­ca mühüm yer tutur. İmam Xomeyniyə görə, “Vilayəti-fəqihin” xarici siyasətdə həll etməli olduğu bir neçə vacib məsələ var. Onlardan birincisi müsəlman dövlətləri və xalqları arasında möhkəm vəhdətin təmin edilməsilə bağlıdır. Vəhdəti təmin etməyin yeganə yolunu İmam Xomeyni müsəlman dünyasında hakim olan və Qərbin kuklası funksiyalarını icra edən mürtəce rejimlərin devrilməsində görür. O, belə hesab edir ki, əgər həmin rejimlər devrilməsə və müsəlman ölkələrində xalqın həqiqi mənafelərinə xidmət edən, imperia­list təfəkkürə qarşı olan, İslam təəssübkeşliyi çəkən hökumətlər qurulmasa ümmətin vəhdətini təmin etmək üçün atılacaq bütün cəhdlər iflasa uğra­ya­caqdır: “Müsəlmanların vəhdət və hürriyyətini təmin edə bilmək üçün zalım, oyuncaq dövlətləri yıxmaq, onların yerində xalqın xidmətində dayanacaq adil bir İslam dövləti qurmaq lazımdır. Dövlətin qurulması müsəlmanların vəhdətini qorumaq, birlik və nizamlarını mühafizə etmək üçün lazımdır”. [1; s.48].
İmam Xomeyninin nəzərincə “Vilayəti-fəqih” fasiləsiz olaraq çalışmalı, bütün imkanlarını səfərbər etməlidir. Çünki, müsəlman ölkələrinin əksəriyyətində mövcud olan, Qərbin dəstəklədiyi və imperialist dairələr tərəfindən himayə edilən oyuncaq rejimlər sıradan çıxarılmadıqca nəinki ümmətin vəhdəti mümkün olmayacaq, həm də İslam dininin özünün gələcəyi təhlükə altına düşəcəkdir. İmam Xomeyni belə hesab edirdi ki, bənzər rejimlərin hakimiyyəti altında yaşayan müsəlmanların həyatlarını dinin hökmləri əsasında, əqidələrinə müvafiq tənzimləmələri qeyri-mümkündür. [1; s.47].
İslam dünyasını əsarətdə saxlamağa çalışan, onun təbii sərvətini talamağa can atanlarla müasibətlərdə “Vilayəti-fəqih” mütləq şəkildə güzəştsiz mövqedən çıxış etməli, onlara aldanmamalı və müstəmləkəçilərdən ədalət gözləməməlidir. Həmin qüvvələrin çıxaracağı hökmün “Vilayəti-fəqih” nəzərində hər hansı qanuni hökmü ola bilməz. Çünki, “Vilayəti-fəqih” üçün bütün məsələlərdə olduğu kimi xarici siyasət istiqamətində də yeganə hökm sahibi Allahdır. Allahın hökmünə zidd olan heç bir hökm və təklif İslam dövlətinin başçısı üçün məqbul deyildir. [1; s.108].
“Vilayəti-fəqihin” xarici siyasət sahəsindəki digər prioritet vəzifələrindən biri isə dinindən və irqindən asılı olmayaraq zülmə, istismara məruz qalmış xalqların qurtuluş mübarizəsinə yardım etməkdən ibarətdir. İslam nöqteyi-nəzərindən zülm Uca Allahın nəzərində ən böyük günahlardan biri hesab olunur və bu səbəbdən də zülmlə mübarizə müsəlmanların rəhbəri qarşısında dayanan mühüm vəzifələrdəndir. [1; s. 48].
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, zülmlə mübarizə, məzlum xalqların hüquqlarının bərpası, yer üzündə ədalətin və haqqın, Allahın hökmünün bərqərar edilməsi, mənəviyyatın islahı İmam Xomey­ninin nəzərində İslam dövlətinin, onun başçısının ən mühüm hədəfi olmalıdır. İmam Xomeyni “Vilayəti-fəqihin” İslam alimləri arasından seçildiyini qeyd edir, fəqihlərin isə Allah qarşısındakı ən böyük vəzifələrinin zülmlə, haqsızlıqla mübarizə olduğunu xatırladaraq sözügedən hədəfin mühümlüyünü təkidlə vurğulayır. Bu mənada dövlət və siyasi hakimiyyət “Vilayəti-fəqih” üçün məqsəd yox, Allahın müəyyən etdiyi hədəflərə çatmaq, vəzifələri həyata keçirmək üçün bir vasitədir. Həmin prinsip istər daxili, istərsə də xarici siyasət məsələləri üçün keçərlidir. [1; s. 69-70]
Təbliğat işinin düzgün bir şəkildə qurulması, İslam hökmlərinin təhriflərdən və xarici qüvvələrin ideoloji təxribatlarından mühafizə edilmiş bir şəkildə həm ümmətə, həm də başqa xalqlara çatdırılması Xomeyninin fikrincə, “Vilayəti-fəqihin” mühüm vəzifələri sırasına aid məsələlərdəndir. İdeoloji mübarizənin effektiv şəkildə aparılmasına, düşmənlərin İslamı gözdən salmaq, müsəlmanlarda ruh düşkünlüyü yaratmaq istiqamətindəki cəhdlərinin qarşısının vaxtlı-vaxtında alınmasına birbaşa “Vilayəti-fəqih” cavabdehdir. O, müsəlmanların əqidəsinin təmizlinin qorunmasına, döyüş əhval-ruhiyyələrinin qorunmasına xüsusi həssaslıqla yanaşmalı, onların öz düşmənlərini yaxşı tanımalarına kömək etməlidir. [1; s.151-152].
Əgər biz İmam Xomeyninin “Vilayəti-fəqihin” xarici siyasət məsələlərindəki vəzifələrinə dair ba­xış­larını ümumilədirsək, əsas məğzin total nəza­rətlə bağlı olduğunu görə bilərik. Yəni, Xo­mey­­ninin
fikrincə, “Vilayəti-fəqih” daxili siya­sətdə oldu­­ğu kimi, xarici siyasətin ana xəttinin müəyyən­ləşdiril­məsində və onun icra metodlarının seçilməsində həlledici söz sahibi olmalıdır.

2. İran konstitusiyasının müddəalarına əsasən “Vilayəti-fəqih” və xarici siyasət məsələləri
İlk növbədə onu qeyd etmək lazımdır ki, İran konstitusiyası “Vilayəti-fəqihə” xarici siyasət sahəsində iki mühüm səlahiyyət vermişdir. Onlardan birincisi, İran İslam Respublikasının ümumi dövlət siyasətinin müəyyənləşdirilməsilə, ikincisi isə həmin siyasətin düzgün icrasına nəzarətlə bağlıdır. [6; s. 36]. Konstitusiyanın dini rəhbərə verdiyi sözügedən hüquqlar ona istənilən vaxtda həm prezidentin, həm də İslam Şura Məclisinin (parlamentin) xarici siyasətlə bağlı atacaqları addımlara və qəbul edəcəkləri qərarlara müdaxilə etməyə imkan verir. Həmçinin, İran Konstitusiyasında “Vilayəti-fəqihin” həyata keçirməli olduğu xarici siyasət kursunun başlıca ideoloji konturları və hədəfləri də aydın bir şəkildə öz əksini tapmışdır. İranlı tədqiqatçı A.Məniçöhri İran konstitusiyasında xarici siyasətlə bağlı 4 hədəfi xüsusi olaraq vurğulayır: 1. Ölkənin qeyri-şərtsiz suverenliyinin təmin edilməsi və dünya dövlətlərindən hər hansı asılılıq formasının yaranmasına mane olmaq. 2. Dünya müsəlmanlarının haqlarının müdafiəsi və bütün dünyada əzilmiş xalqların hüquqlarının təmənnasız şəkildə qorunması. 3. “İslam inqilabı” ideyalarının ixracı. 4. Fələstin xalqının azadlıq mübarizəsinin bütün vasitələrlə dəstəklənməsi [6; s. 186].
“Vilayəti-fəqih”, yəni İranın ali dini lideri konstitusiyasının 153-cü maddəsinə görə ölkənin yeraltı və yerüstü sərvətləri, mədəni irsi, ordu­su və iqtisadiyyatı üzərində hər hansı xarici qüvvənin nəzarətini ehtiva edən bütün növ saziş və müqavilələrin qarşısını almağa borcludur. Konstitusiyanın 156-cı maddəsinə əsasən isə dini rəhbər nə İran üzərində hər hansı xarici qüvvənin, nə də İranın hər hansı xarici dövlət üzərində hegemonluğunun yaranmasına imkan verməməlidir. Ana qanunun 154-cü maddəsinə əsasən isə “Vilayəti-fəqih” əzilmiş xalqların işğalçı dövlətlərə qarşı apardıqları mübarizəni dəstəkləməli, həmçinin başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini əməli baxımdan təmin etməlidir. [6;s. 186-187].
Yuxarıda qeyd edildiyi kimi, ali dini rəhbərin xarici siyasətin icrası sahəsində olduğu kimi, ona nəzarət məsələsində də kifayət qədər geniş hüquqları var. Bu hüquqlar ona həm birbaşa, həm da dolayı yolla xarici siyasəti korrektə etməyə, ona yön verməyə imkan yaradır. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, ana qanunun 110-cu maddəsi ölkənin ali dini liderinə dövlətin maraqlarına zidd siyasət yürüdəcəyi təqdirdə prezidenti vəzifəsindən kənarlaşdırmaq hüququ verir. [6; s. 36].
Həmçinin, İran parlamentinin xarici siyasət məsələlərinə dair qəbul edəcəyi istənilən qərar da ali dini rəhbərə tabe olan Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.
İranın siyasi sistemi kimi konstitusiyası da ali dini rəhbərin xarici siyasət sahəsində ciddi nəzarətini həyata keçirməyə imkan verəcək bir şəkildə formalaşdırılmışdır.

Nəticə
İmam Xomeyninin “Vilayəti-fəqih” konsepsiyasının təhlili göstərdi ki, bu təlimin müddəaları dini rəhbərə dövlət idarəçiliyinin bütün sahələri kimi, xarici siyasət məsələlərində də geniş hüquqlar vermişdir. Bu hüquqlar İranın ana qanunu – Konstitusiyasında da öz əksini tapmış və ali dini rəhbəri ölkənin hakimi-mütləqinə çevirmişdir. İranın dövlət strukturunda yaradılan idarəetmə nərdivanı prezidentin və xarici işlər nazirinin ölkənin xarici siyasətinə kardinal şəkildə müdaxilə imkanlarını sıfıra endirir. Müasir İranın siyasi sisteminə nəzər saldıqda əminliklə demək olar ki, 1979-cu il İslam inqilabının rəhbəri Ayətullah Xomeyninin mühacirət və təqib illərində yorulmadan təbliğ etdiyi ideyalar reallaşaraq, bu ölkənin danılmaz siyasi gerçəkliyinə çevrilmişdir.

Açar sözlər: “Vilayəti-fəqih”, Ayətullah Xomeyni, Molla Əhməd Nəraki, İran İslam İnqilabı, siyasi hakimiyyət, xarici siyasət,konstitusiya.

Ədəbiyyat siyahısı
1. İmam Humeyni. Velayet-i Fakih (İslam devleti) // https://ankara.icro.ir/uploads/islamic_government.pdf
2. Kılınç A. İran Anayasa hukukunun genel esasları // Gazi Üniversitesi Hukuk fakültesi Dergisi, C.XII, Yıl 2008, Sayı 1-2, ss. 907-948.
3. Loui Hadi Khodabandeh. İranda dini otorite ve meşruiyet tartışmaları // Anadolu Ajansı – 20.04.2018 - https://www.aa.com.tr/tr/analiz-haber/iran-da-dini-otorite-ve-mesruiyet-tartismalari/1123778.
4. Uyar M. Velayet-i Fakihin ortaya çıkışı ve değerlendirilmesi // Dini Araştırmalar Dergisi, Ocak-Nisan, 2000, C.2, ss. 77-98.
5. Üstün İ. S. Velayeti-fakih // TDV İslam Ansiklopedisi, c.43, Ankara, 2013, ss. 19-22.
6. Манучихри А. Политическая система Ирана. Санкт-Петербург, 2007.
7. Миланян М.Д. Государственный строй современного Ирана. Москва, 1973.
8. Конституция Ирана - https://constitutions.ru/?p=140.

 

 

Амиров Эльдар Гурбан оглы,
доктор философии по политическим наукам, доцент (Азербайджанский университет языков)

Резюме
В статье «Об обязанностях Верховного духовного лидера Ирана в вопросах внешней политики с точки зрения концепции Виляти-факих» рассматривается вопрос о роли и месте «Виляти-факих», то есть Верховного руководителя Ирана в определении и проведении внешней политики этой страны, в соответствии с одноименной религиозно-политической концепцией, разработанной в годы ссылки и преследований верховным лидером Исламской революции 1979 года. Автором дан подробный анализ этой концепции и рассмотрена история ее становления, начиная от Молла Ахмеда Нараки (ум.1829 г.) известного шиитского богослова эпохи Каджаров до самого Хомейни.
Анализ основных положений данной концепции показывает, что Хомейни в своем учении отвел ключевую роль верховному религиозному лидеру в системе исламского государства, закрепив за ним все права и полномочия, главы государства и механизмы тотального контроля за внешней и внутренней политикой страны. Основные положения этого религиозно-политического учения впоследствии нашли свое отражение в Конституции Исламской Республики Иран. Так, за духовным лидером признается право формировать и контролировать общегосударственную линию Ирана в вопросах внешней политики, утверждать внешние договора, корректировать действия президента и министра иностранных дел, заботиться об экспорте идей исламской революции и т.д.
С уверенностью можно сказать, что концепция «Виляти-факих» как в политическом, так и правовом отношении обеспечила верховному лидеру Ирана неограниченную власть в государственной иерархии, воплотив тем самым в жизнь идеи Хомейни яро проповедуемые им в годы ссылки и преследований.


Ключевые слова: Виляти-факих, Айтолла Хомейни, Молла Ахмед Нараки, Иранская Исламская революция, политическая власть, внешняя политика, конституция


Amirov Eldar Gurban oglu
Doctor of Philosophy in Political Science,
Associate Professor
(Azerbaijan University of Languages)

Summary
The article "On the duties of the Supreme Spiritual Leader of Iran in foreign policy issues from the point of view of the Vilyati-Fakikh concept" examines the role and place of the "Vilyati-Fakikh", that is, the Supreme Leader of Iran in determining and conducting the foreign policy of this country, in accordance with a religious and political concept of the same name, developed during the years of exile and persecution by the supreme leader of the 1979 Islamic Revolution. The author gives a detailed analysis of this concept and examines the history of its formation, from Moll Ahmed Naraki (died 1829) of the famous Shiite theologian of the Qajar era to Khomeini himself.
An analysis of the main provisions of this concept shows that Khomeini in his teaching assigned a key role to the supreme religious leader in the system of the Islamic state, securing to him all the rights and powers, heads of state and mechanisms of total control over the country's foreign and domestic policy. The main provisions of this religious and political doctrine were subsequently reflected in the Constitution of the Islamic Republic of Iran. Thus, the spiritual leader is recognized as having the right to form and control the national line of Iran in foreign policy, to approve foreign agreements, to correct the actions of the president and the foreign minister, to take care of the export of the ideas of the Islamic revolution, etc.
It can be said with confidence that the concept of Vilyati-fakikh, both politically and legally, provided the supreme leader of Iran with unlimited power in the state hierarchy, thereby realizing the ideas of Khomeini, fiercely preached by him during the years of exile and persecution.

Keywords: Vilyati-fakih, Aytollah Khomeini, Molla Ahmed Naraki, Iranian Islamic Revolution, political power, foreign policy, constitution