Giriş
SSRİ-nin süqutundan sonra keçmiş imperiyanın ərazisində yeni dövlətlərin meydana gəlməsi ilə sərhədlərin yenidən bölüşdürülməsi məsələsi vacib və aktual bir problem kimi ortaya çıxdı. Keçmiş mütəffiqlər arasında ərazi mübahisələri baş qaldırdı. Belə ərazi mübahisələri bəzən qanlı çarpışmaya çevrildi, o cümlədən, Ermənistanın Azərbaycana təcavüzü, haqsız ərazi iddiaları qanlı müharibənin meydana gəlməsinə səbəb oldu. Qorbaçovun SSRİ-də başlatdığı yenidənqurma siyasətinin uğursuzluğu nəticəsində dünyanın ən güclü dövlətlərindən biri süquta uğradı. Mövcud siyasi münasibətlər fonunda Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi alovlandı. Bu mübahisəli məsələnin həlli beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etdi, bir sıra dövlətlər və nüfuzlu təşkilatlar mübahisəli məsələlərin həlli üçün səy göstərdilər.
Münaqişənin həllinə dair danışıqlar prosesi 23 sentyabr 1991-ci ildə Rusiya, Qazaxıstan, Azərbaycan və Ermənistan prezidentlərinin Jeleznovodskda bir araya gəldiyi zaman başladı. 1992-ci ilin iyun ayında, o vaxtkı Avropa Təhlükəsizlik və Əməkdaşlıq Konfransının (ATƏM) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk Qrupu yaradıldı, lakin təssüflər olsun ki, Minsk Qrupunun fəaliyyəti gözlənilən nəticəni vermədi.
Azərbaycan-İsrail münasibətlərinə dair. Azərvbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra İsrail onu ilk tanıyan ölkələrdən biri oldu. Sevindirici haldır ki, Azərbaycanla İsrail arasında olan dostluq münasibəti tarixən yüksək səviyyədə olmuş və bu ənənə müasir dövrdə də uğurla inkişaf etdirilir. İsrail ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin mövcud olması Ermənistanın əleyhinə tutarlı bir vasitədir. “İsrailin Azərbaycanla sıx, yaxın və tarixi əlaqələri mövcuddur. Bu, İsrailin Ermənistanla olan əlaqələri ilə müqayisə olunmaz həddədir. İsrail Azərbaycanda ilk səfirlik açan dövlətlər siyahısındadır, Ermənistanda isə İsrail səfiri akkreditə olunmamışdır. Təkcə bu fakt İsrailin Azərbaycana olan münasibətinin dəyərləndirilməsinə imkan verir” [1, s.6].
Azərbaycan Respublikası ilə İsrail arasında rəsmi əlaqələr intensiv şəkildə inkişaf edir. Son illərdə İsrail ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın artdığını xüsusi qeyd etmək lazımdır. Birinci Qarabağ müharibəsi vaxtı Azərbaycanla Ermənistan arasında baş verən müharibə zamanı İsrail silah yardımı etdi. Bu silah yardımı mütəmadi olaraq artan tempdə davam etdirildi. Hazırda İsrail silahları Azərbaycanın silah ehtiyatının 60 faizdən çoxunu təşkil edir. İsrail isə neft tədarükünün böyük bir hissəsini Azərbaycandan alır. 2012-ci ildə İsrail və Azərbaycan arasında zenit və raket əleyhinə sistemlər üzrə 1,6 milyard dollar dəyərində silah müqaviləsi imzalandı. 2016-cı ilin dekabrında Baş nazir Benyamin Netanyahunun Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə ölkəsinin İsrail ilə 5 milyard dollarlıq silah alınması üçün uzunmüddətli müqavilələr imzalandı. İşağlda olan torpaqlarımızın geri qaytarılması üçün Azərbaycan silahlı qüvvələrin modernləşdirilməsi məsələsi olduqca zəruri idi, müvafiq problemin həll üçün xüsusi proqram həyata keçirildi. Bu proqram çərçivəsində İsrailin hərbi sənayesi Azərbaycan ordusunu müasir hərbi təyyarələr, pilotsuz uçuş aparatları, artilleriya, tank əleyhinə və piyadaya qarşı silahlarla təchiz etdi. Bunula yanaşı kəşfiyyat sahəsində də əlaqələr inkişaf etmişdir.
Azərbaycan ordusu 2012-ci ildə İsrail istehsalı olan “Arrow” raketdən müdafiə sistemi ilə təhciz edilmişdir. ““Arrow” raketdən müdafiə sistemi dünyada “yer-yer” tipli istənilən raketləri zərərsizləşdirə bilən yeganə sistemdir. Sistemin tərkibinə daxil olan radar kompleksi “Yer-Yer” tipli raketləri hələ çox uzaqda ikən, onların start nöqtəsindən qeydə alır və eyni vaxtda izləməklə yanaşı “Arrow” raketlərini hədəfə buraxır. Raketlər hədəfi ən yüksək məsafədə yüz faiz dəqiqliklə zərərsizləşdirir”. (2)
Ümumiyyətlə, İsrailin digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanla münasibəti ikitərəfli əməkdaşlıq şəklində qurulmuşdur. İşğal altında olan torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatların gerçəkləşdirilməsi günün əsas və zəruri tələblərindən biri idi. Məhz bu nöqteyi-nəzərdən də ordumuzun İsrailin inkişaf etmiş hərbi texnologiyasından yararlanması olduqca həlledici bir addım idi. Ordumuzun İkinci Qarabağ müharibəsinə yüksək səviyyədə hazırlanması üçün müasir İsrail silahlarının tətbiqi mühüm əhəmiyyət kəsb edirdi.
12 iyul 2020-ci il tarixində erməni yaraqlılarının Tovuz rayonuna hücumu 27 illik dondurulmuş münaqişəni yenidən alovlandırdı və Azərbaycan ordusu 44 gün ərzində işğal altında olan bütün əraziləri azad etdi. “27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar nəticəsində 27 oktyabr tarixinədək Azərbaycan hərbi qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisində yerləşən 182 kənd, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Xocavənd rayonunun Hadrut və Suqovuşan qəsəbələri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, strateji Murov dağ silsiləsi işğaldan azad edilmişdir” [3, s.6].
27 sentyabr 2020-ci ildə başlayan “Dəmir yumruq” əməliyyatı 9 noyabr 2020-ci ildə uğurla başa çatdı, bu əməliyyat nəticəsində Azərbacan silahlı qüvvələri tarixi zəfərə imza atdı. Bəzi siyasi müşahidəçilər bu qarşılaşmanın 2016-cı ildə olduğu kimi oxşar qısa müddətli olacağını proqnozlaşdırsa da, bu proqnoz özünü doğrultmadı və münaqişə genişmiqyaslı hücuma çevrildi. Azərbaycanın Dağlıq Qarabağı azad etməsinə, ordumuzun irəliləməsinə Türkiyə və İsrail pilotsuz təyyarələri böyük dəstək verdi.
10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli atəşkəs bəyanatı imzalandı. Atəşkəs bəyanatının şərtlərində ordumuzun parlaq qələbəsi təcəssüm olunmuşdur. Heç şübhəsiz ki, ordumuzun bu zəfər salnaməsində Azərbaycan əsgərinin rəşadəti ilə yanaşı müasir silahlar da böyük rol oyanmışdır. Hər zaman olduğu kimi İkinci Qarabağ müharibəsi ərəfəsində də İsrail Azərbaycanın yanında olmuş, hərbi sahədə dəstəyi ilə yanaşı, beynəlxalq arenada da ölkəmizə siyasi dəstək vermişdir. Atəşkəs şərtlərinin İsrail-Azərbaycan münasibətlərinə mühüm təsiri vardır. İllərdir çözülməyən Qarabağ düyününü həll etmiş Azərbaycan İsrail ilə münasibətləri daha geniş sferada qura bilər. Gələcəkdə İsraildə Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca önəmlidir.
1993-cü ildən İsrailin Azərbaycanda səfiriliyi fəaliyyət göstərməsinə baxmayaraq, təəssüflər olsun ki, Azərbaycanın İsraildə səfirliyi hələ də təsis edilməmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan İsrail hökümətinin Qafqaz siyasətinin mərkəzi xəttini təşkil edir. Ölkəmizdə yəhudilərə qarşı tolerant münasibətin mövcud olması, xalqlarımızın dərin tarixi əlaqələri İsrail və Azərbaycanı bir-birinə daha da yaxınlaşdırdı. İsrail höküməti həmişə ölkəmizin ərazi bütövlüyünə hörmət edib. Hazırda İsrailin Ermənistanda səfirliyi yoxdur və buna görə də İsrailin Ermənistanla münasibətləri yalnız konsulluq səviyyəsindədir. Düzdür, Ermənistan İsrail ilə münasibət qurmaq istəsə də, İsrail hər zaman seçimində Azərbaycanın xeyrinə istifadə etmişdir. Ermənistanın Təl-Əvivdə səfirliyinin açılmasına baxmayraq, İsrailin Azərbaycana silah satışını bəhanə edən İrəvan rəsmiləri səfirlərini iki həftə sonra geri çağırdı. 1 oktyabr 2020-ci ildə Ermənistanın İsraildəki səfiri Armen Smbatyan öz diplomatik missiyasını uğursuz bir şəkildə sona çatdırdı.
Məlumdur ki, Ermənistan 30 ilə yaxındır ki, Azərbaycanın dilbər guşəsi olan Qarabağı işğal altında saxlayırdı. SSRİ-nin dağılmasından sonra erməni yaraqlıları təcavüzkar şəkildə Azərbaycan ərazisinin 20 faizini işğal etdi və mülki insanlar da daxil olmaqla Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirtdilər. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən Qarabağın Azərbaycan ərazisi olması və Ermənistanın bu torpaqları dərhal tərk etməsi barədə 4 qətnamə qəbul edilsə də bu qətnamə icra edilmədi. Ermənistanın işğalçı siyasəti nəticəsində bir milyondan çox insan doğma yurdlarından didərgin düşdü və Qarabağ bölgəsindəki Azərbaycana aid bütün tarixi-mədəni abidələr yerlə yeksan edilidi. Terrorçulardan böyük dəstək alan erməni yaraqlıları bəşər tarixinə qara ləkə kimi düşən Xocalı qətliamını törətdilər. 1992-ci ilin fevralında Xocalıda ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım qurbanlarının xatirəsi İsraildə də dəfələrlə yad edilmişdir. Xocalıda qətlə yetirilən 613 nəfərin xatirəsini əbədiləşdirmək məqsədilə Vayzmanın meşəsində 613 ağac əkilmişdir.
Birinci Qarabağ müharibəsi vaxtı işğal olunan torpaqların qaytarılması artıq mənəvi borc kimi bizim nəslin öhdəsinə düşürdü. Yəhudilərlə Azərbaycanlılar uzun müddət bir-biri ilə dost və qarşılıqlı anlaşma şəraitində yaşamış, bir-birinə mənəvi dəstək vermişlər. Bu fakt Birinci Qarabağ müharibəsi vaxtı da özünü doğrultdu. Təsadüfi deyil ki, Azərbaycanın ilk milli qəhrəmanlarından biri Albert Aqarunov da yəhudi mənşəli idi.
Birinci Qarabağ müharibəsi 1994-cü ildə bitdikdən sonra Azərbaycanla İsrail arasında bütün sahələrdə, o cümlədən də, hərbi əməkdaşlıq sahəsində münasibətlər dövlət səviyyəsində bərqərar oldu. İsrail ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın qurulmasında ulu öndər Heydər Əlyev böyük rol oynamışdır. Bu gün İsrail ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində sıx əlaqələr mövcuddur. Xüsusilə də, İsrail hərbi və təhlükəsizlik sahəsində Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. Azərbaycanın İsraildən aldığı hərbi texnikanın dəyəri 5 milyard dollardan çoxdur. İsrail Müdafiə Nazirliyi ölkələrə görə satışların təfərrüatlarını dərc etməsə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ildə Azərbaycanın İsrail dövlətindən 4 milyard 850 milyon dollarıq müdafiə avadanlığı aldığını vurğulamışdı. “İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır” [4].
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin “Walla” xəbər saytına verdiyi müsahibədə Ermənistan ordusu ilə baş verən hərbi toqquşmalarda Azərbaycan ordusunun İsrail tərəfindən istehsal olunan pilotsuz uçuş aparatlarından, o cümlədən “Kamikadze” adlandırılan pilotsuz təyyarələrdən Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyini açıq şəkildə bildirdi [5]. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan İsraildən mütəmadi silah təchizatı həyata keçirdi. Ermənistan İsrailin bu dəstəyinə etiraz olaraq Təl-Əvivlə diplomatik əlaqələri kəsdi.
İkinci Qarabağ müharibəsi ərəfəsində İsrail Azərbaycanı açıq şəkildə dəstəklədi və İsraildə yaşayan 70 mindən çox Azərbaycan yəhudiləri Qarabağı dəstəkləmək üçün mütəmadi olaraq mitinqlər keçirtdi. İsrailin hərbi texnikasının Azərbaycan ordusu tərəfindən səmərəli istifadəsi, S-300-lər də daxil olmaqla Ermənistanın strateji və hərbi mərkəzlərinə zərbə vurması Ermənistan və İsrail əlaqələrinə mənfi təsir göstərdi. Məhz bu səbəbdən də Ermənistan İsraildəki səfirini geri çağırdı. Ancaq bütün bunlar İsrailin Azərbaycanı dəstəkləməsinə mane olmur.
İsrailin Azərbaycana hərbi və siyasi dəstəyi İsraildə yaşayan ermənilər tərəfindən xoş qarşılanmadı. İsrail erməniləri 22 oktyabr 2020-ci ildə Qüdsdə Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirdilər. Bununla yanaşı, 26 mart 2021-ci ildə İsrailin erməni icmasının nümayəndələri Netanya şəhərində silahlar, xüsusən də pilotsuz uçuş aparatları istehsal edən “Elbit Systems” binasının qarşısında etiraz etdilər. İsraildə yaşayan ermənilər İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun İsrail silahlarından istifadə etdiyini qeyd edərək Azərbaycana silah tədarükünün dayandırılmasını tələb etdilər. Bundan əlavə, etirazçılar Bakı ilə Tel-Əvivin hərbi-texniki əməkdaşlıqla bağlı yeni müqavilələr imzaladıqlarını da qeyd etdilər.
Ermənistan höküməti dəfələrlə İsrailin Azərbaycanla uzun illərdir davam edən hərbi-texniki əməkdaşlığından və müharibə şəraitində Bakıya silah ixracının dayandırılmasından imtina etməsi tələbi ilə çıxış etsə də Yerevanın bu gülünc tələbi cavabsız qaldı. 1997-ci ildə Azərbaycanın İsrailə ixracatı cəmi 2 milyon dollar idisə, 2004-cü ilə qədər neft qiymətlərinin artması səbəbindən bu rəqəm 323 milyon dollara yüksəldi. 2015-ci ilə qədər İsrail ilə Azərbaycan arasındakı ticarət balansı 266 milyon dollara çatdı, bunun 260 milyon dolları İsrailin Azərbaycana ixracatı və 6,2 milyon dollarlıq idxaldır. İsrail İqtisadiyyat Nazirliyinin rəsmi məlumatlarına görə İsrail ilə Azərbaycan arasındakı ticarət balansı rəsmi olaraq ildə yalnız 130 milyon dollar civarındadır, amma praktik olaraq Prezident Əliyevin izah etdiyi kimi milyardlarla dollara çatır.
2016-cı ildə Dağlıq Qarabağda münaqişə yenidən alovlandı və Azərbaycan ordusu ilə Ermənistan ordusu arasında şiddətli toqquşmalar baş verdi. Bu qarşıdurma 1994-cü ildəki atəşkəsdən bəri baş verən ən şiddətli döyüş idi. 2016-cı ildən bəri Azərbaycan silah xərclərini daha da artırdı və İsrail də daxil olmaqla digər ölkələrdən ağır silah və hərbi texnika aldı. 2017-ci ildə də Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar baş verdi. Bu toqquşmalardan sonra Azərbaycan xaricdən silah idxalını daha da artırdı. Azərbaycanın silah tədarük etdiyi ölkələr arasında Rusiya və İsrail xüsusi yer tutur.
12 oktyabr 2020-ci ildə İsrail Yüksək Ədalət Məhkəməsi Azərbaycana silah satışının qadağan edilməsi barədə vəsatəti rədd etdi və İsrailin keçmiş prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu göndərdi. “Bu çətin dövrdə Sizə dəstəyimizi ifadə edir və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrini bir daha vurğulayıram. Son günlərdə mülki insanların qətlə yetirilməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir” [6].
İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi zəfərə nail olmasında bir çox faktor həlledici əhəmiyyət kəsb edir, bu faktorların arasında İsraildə aldığı müasir silahların istifadəsi və İsrailin Bakıya siyasi dəstəyi də mühüm yer tutur. İsrail Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən məmnun olsa da, bu qələbənin İranla toqquşmada əlavə strateji maraqlar təmin edib etməyəcəyi bəlli deyil. Bakı ilə Təl-Əviv arasındakı münasibətlər İsrailin Azərbaycana silah satması və əvəzində neft alması barədə imzalanmış müqaviləyə əsaslanır.
Birinci Qarabağ müharibəsində olduğu kimi İkinci Qarabağ müharibəsində də ermənilər öz çirkin əməllərindən əl çəkmədilər, mülki əhalini ağır silahlarla atəşə tutdular. Erməni yaraqlıları 4-17 oktyabr 2020-ci il tarixlərində ballistik raketlərlə Gəncədə yaşayış məntəqələrini atəşə tutdular. İrəvan bu faktı inkar etməyə çalışsa da beynəlxalq ictimaiyyət bu vəhşi və qeyri-insani hücumlar barədə məlumatlandırıldı. Gəncə şəhərinə edilən beş hücum nəticəsində 25 nəfər mülki şəxs həlak oldu, 125 nəfər yaralandı. 25 oktyabr 2020-ci ildə İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə gələrək, münaqişə zonasından kənardakı bölgələri hədəf alan raket hücumlarından zərər çəkən dinc sakinlərə başsağlığı verdi. Eyni zamanda İsrail Azərbaycana tibbi avadanlıqlar daxil olmaqla humanitar yardım çatdırdı.
Azərbaycan-Ermənistan münaqişəsi zamanı tərəflər arasında silah və hərbi texnologiya tarazlığının tənzimlənməsi böyük əhəmiyyət kəsb edirdi. Silah və hərbi texnologiyanın bu tarazlığı diplomatik güc və beynəlxalq arenada dəstəklə birlikdə müharibənin taleyini təyin etdi. Bu məqamda İsrailin Azərbaycana verdiyi son model silahlar çox təsirli oldu. “Qarabağ münaqişəsində Bakı əsasən İsrail istehsalı olan pilotsuz təyyarələrdən – “Aerostar”, “Hermes”, “Heron” və “Harop” istifadə edir. Onlar 50 kiloqrama qədər yük götürə və 250 kilometr məsafəyə qədər uça bilirlər. Belə uçan aparatlar kəşfiyyat, atəşin korrektəsi və düşmənin canlı qüvvəsi və yüngül zirehli texnikası ilə mübarizə aparmaq üçün idarə olunan döyüş sursatı kimi istifadə edilə bilər” [7].
İkinci Qarabağ müharibəsi vaxtı İsrailin Azərbaycanın yanında olması faktı həm Azərbaycan, həm də İsrail dövləti üçün əlverişli imkanlar yaratdı. Azərbaycan İsrailin müasir hərbi avandlığından istifadə edərək müharibə zamanı düşmənə sarsıdıcı zərbə vurdu. İsrailin Azərbaycan ilə əlaqələrinin hərtərəfli və geniş müstəvidə olması Təl-Əviv höküməti üçün olduqca faydalıdır. Xatırladaq ki, Azərbaycan enerji baxımından zəngin bir ölkədir, eyni zamanda Avropaya və Yaxın Şərqə enerji nəqlinin nəhəng bir mərkəzidir, ölkədən keçən bir çox xətt və infrastruktur kəsişmələri var. Bu səbəbdən İsrail tolerant, zəngin, nüfuzlu bir müsəlman ölkəsi ilə strateji əlaqə saxlayır.
Qüds Strateji və Təhlükəsizlik İnstitutunun prezidenti Efraim İnbar mətbuata verdiyi müsahibədə ölkəmizə bağlılığını qeyd etmişdir. “Azərbaycan bizim üçün vacib bir ölkədir. Gərginlik dövründə də hər zaman yaxşı bir təchizatçı olmağa çalışırıq. Azərbaycanla bağladığımız müqavilələri yerinə yetirmək məcburiyyətindəyik” [8].
İkinci Qarabağ müharibəsi ərəfəsində qızğın döyüşlərin getdiyi bir vaxtda Ermənistan prezidenti Armen Sarkisyan İsrail prezidenti Reuven Rivlinə telefonla danışaraq İsrailin Azərbaycana silah satmasından narahat olduğunu bildirmişdi. Prezident Rivlin İsrailin Ermənistanla əlaqələrini inkişaf etdirməyə və humanitar səviyyədə dəstəkləməyə hazır olduğunu söylədi. Lakin bütün bunlarla yanaşı Prezident Rivlin qeyd etdi ki, İsrailin Azərbaycanla münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib. Rivlin bölgədəki silahlı qarşıdurmalardan peşman olduğunu dilə gətirdi və Ermənistan səfirinin ən qısa müddətdə qayıdacağına ümid etdiyini bildirdi.
İkinci Qarabağ müharibəsinin elə ilk günlərində Beynəlxalq “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (Azİz) Ermənistanın işğalçı hərəkətini pisləyib. Beynəlxalq “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası Ermənistanın və İsraildəki erməni lobbisinin rəsmi Təl-Əvivin Azərbaycanla müqavilələr üzərindəki öhdəliklərindən imtina etməsi və Azərbayana silah satışını dayandırması üçün aparılan fəaliyyətin yolverilməz olduğunu bildirdi.
İsrail və Azərbaycan arasındakı sıx dostluq əlaqələrin mövcud olmasına həsəd aparan ermənilər hər zaman bu dostluğa qarşı təxribatlar törədir və əsassız məlumatlar yayırdılar. Dağlıq Qarabağda münaqişə başlayandan bəri erməni diasporları ölkəmizə verilən dəstəyə və İsrailin Azərbaycana silah satışına etiraz edirdilər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın İsrailin hərbi yardımı məsələsini şişirtdiyini və İsrail texnologiyalarının Azərbaycana vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə kömək etdiyini bildirdi [9].
İsrail ilə səmimi və uzunmüddətli münasibətlər Azərbaycan üçün çox vacibdir, həmçinin İsrail dövləti Azərbaycanla münasibətlərinin davam etdirilməsini yüksək qiymətləndirir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) verdiyi məlumata görə 2006-2019-cu illər arasında İsrail Azərbaycana 825 milyon dollar dəyərində silah tədarük edib. Müvafiq ixracata pilotsuz hava vasitələri, döyüş sursatları, tank əleyhinə raketlər və qurudan havaya raket sistemləri daxildir [10]. SIPRI-nın hesabatına görə, İsrail Azərbaycanın silah ehtiyacının 60 faizini ödəyir. Ümumiyyətlə, İsrail və Azərbaycanın strateji ittifaqı uzun illərdir davam edir. Mühüm bir enerji istehsalçısı olan Azərbaycan İsrailə neft ixrac edir, İsraildən isə bu ixracatın əvəzində silah və hərbi texnika alır. Hələ 26 iyun 2008-ci ildə Azərbaycan Republikası Silahlı Qüvvələr günü münasibətilə keçirilən hərbi paradda ordumuzun arsenalında ehtiva olunan İsrail silahları ictimaiyyətə təqdim edildi. Sonrakı illərdə keçirilən hərbi paradda da ordumuzun arsenalında İsrail istehsalı olan silahları üstünlük təşkil edirdi. “Qarabağda istifadə olunan “Harop” silahları, eyni zamanda “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsraildən gətirilib. Azərbaycan hələ 2010-2014-cü illərdə ən çox pilotsuz uçuş aparatı idxal edən ölkələrdən idi, dünyada 4-cü yeri tutmuşdu. 2012-ci ildə Azərbaycan İsraildən pilotsuz təyyarələr (PUA), zenit və raketdən müdafiə sistemləri tədarükü üçün 1.6 milyard dollarlıq hərbi razılaşmaya imza atıb. Bu müqavilə Azərbaycanın tək silahlanmaya ayırdığı ən bahalı anlaşma hesab edilir, çünki ölkənin 2012-ci ilki müdafiə büdcəsinə (1,7 milyard dollarlıq) az qala bərabərdir” [11] 2016-cı ildən başlayaraq ordumuz İsraildən zirehli maşınlar aldı. Bütün bu silahları İkinci Qarabağ müharibəsində ordumuzun düşmənə üzərində zəfər çalmasında həlledici rol oynadı.
Müasir dövrdə Azərbaycan və İsrail arasında hərbi əməkdaşlığın geniş müstəvidə aprılmasında “İsrail Aerospace Industries LTD” (“İsrail Aerokosmik Sənayesi”) şirkəti mühüm rol oynayır. İsrailin ən böyük aviasiya və silah istehsalçısı olan “İsrail Aerospace Industries LTD” (IAI) şirkəti qanunun müddəalarına uyğun olaraq fəaliyyət göstərən dövlətə məxsus hərbi şirkətdir.13 sentyabr 2019-cu ildən Azərbaycanda “İsrail Aerospace Industries LTD” şirkətinin rəsmi nümayəndəliyi açılmışdır. Ölkəmizin İsrail ilə hərbi əməkdaşlığı bununla yekunlaşmır. İkinci Qarabağ müharibəsi yekunlaşdıqdan sonra da İsrail ilə Azərbaycan arasında hərbi əməkdaşlıq davam etdirilir. Belə ki, Azərbaycan İsrailin “Meteor Aerospace” müdafiə şirkəti ilə Azərbaycanın Bakı Gəmiqayırma Şirkəti (“Caspian Ship Building Company”) arasında yeni bir ortaq müəssisənin yaradılması hərbi əməkdaşlığı genişləndirir. Hər iki təşkilatın birgə səyləri nəticəsində 23 mart 2021-ci ildə “Caspian Meteor” adlı yeni bir şirkət təsis edildi. “Meteor Aerospace” müdafiə şirkəti ilə əməkdaşlıq Azərbaycanın İsrail ilə hərbi əməkdaşlığında yeni səhifədir. Bu əməkdaşlıq sayəsində İsrailin dünya səviyyəli hərbi təcrübəsindən ölkəmiz də istifadə edəcəkdir. ““Caspian Meteor” şirkətindən verilən məlumata görə, birgə müəssisənin yaradılmasında məqsəd Azərbaycanın milli ehtiyaclarını təmin etmək üçün müdafiə sahəsində qabaqcıl həllər təklif etməkdir. Bura 1400 kiloqrama qədər yükgötürmə qabiliyyəti olan pilotsuz uçuş aparatları, sürətli insanlı və insansız katerlər, yerüstü robot nəqliyyat vasitələri, o cümlədən uzaq mənzilli raketlər daxildir” [12].
Bildiyimiz kimi işğal altında olan torpaqlarımız azad edildikdən sonra illər öncə erməni vandalları tərəfindən dağıdılmış infrastrukturun bərpası olduqca zəruri əhəmiyyət kəsb edir. İsrail şirkətləri Dağlıq Qarabağın dağıdılmış infrastrukturun bərpası üçün yardım təklif edirlər. İsrail şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya qoymaqda maraqlıdırlar. Biz inanırıq ki, gələcəkdə də İsrail ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlıq geniş müstəvidə davam edəcək, İsrail və Azərbaycan dostluğu möhkəm və əbədi olacaqdır.
Açar sözlər: İkinci Qarabağ Müharibəsi, Azərbaycan-İsrail münasibətləri, İsrail silahları, hərbi əməkdaşlıq.
ƏDƏBİYYAT SİYAHISI
1. Məmmədova N. Azərbaycan-İsrail əlaqələri zamanın qovşağında. Xalq qəzeti, 25 yanvar 2017-ci il.
2. İsrailin Azərbaycana satdığı yenilməz “Arrow” - Ermənistanı neytrallaşdıran raket kompleksinin göstəriciləri. http://femida.az/az/news/95388/
3. İkinci Qarabağ müharibəsi başlama səbəbləri, yaratdığı fəsadlar və törədilən cinayətlərə dair hesabat (Sentyabr-Oktyabr 2020). Bakı, 2020, 21 səh.
4. İlham Əliyev və Baş nazir Benyamin Netanyahu mətbuata bəyanatlarla çıxış ediblər. 13 dekabr 2016. https://president.az/articles/22035
5. Israel under diplomatic fire over arms to Azerbaijan. https://www.globalvillagespace.com/
6. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə. Azərbaycan.-2020.- 14 oktyabr.- S.1.
7. Bakı Qarabağda əsasən İsrail istehsalı olan pilotsuz təyyarələrdən istifadə edir.30.09.2020.https://sputnik.az/expert/20200930/425073713/
8. Guillaume Lavallée. Experts believe Israel unlikely to drop lucrative arms sales to Azerbaijan. 5 October 2020. https://www.timesofisrael.com/
9. Златопольская Анастасия. Откуда в Нагорном Карабахе израильское оружие. 5 ноября 2020. https://www.bbc.com/russian/media-54833429
10. Armenia Recalls Israel Ambassador Over Arms Sales to Azerbaijan. https://www.haaretz.com/israel-news/ -1.9202125
11. Məmmədova Roza. 44 günlük müharibə neçəyə başa gəldi? 16.01.2021 / Azərbaycan yalnız İsrail və Rusiyadan azı 10 milyard dollarlıq silah alıb. http://openazerbaijan.org/en/topics/investigation/
12. Azərbaycanda yeni müdafiə sənayesi şirkəti yaradılıb. https://azeridefence.com/az
Резюме
После провозглашения независимости Азербайджанской Республики Израиль был одной из первых стран, признавших ее. Накануне Второй карабахской войны Израиль открыто поддерживал Азербайджан, а проживающие в Израиле азербайджанские евреи проводили регулярные митинги в поддержку Карабаха. Для Азербайджана очень важны искренние и долгосрочные отношения с Израилем, и государство Израиль ценит продолжение политических отношений с Азербайджаном. Во время азербайджано-армянского конфликта регулирование баланса вооружений и военной техники между сторонами имело большое значение. Этот баланс оружия и военной техники в сочетании с дипломатической деятельностью и поддержкой на международной арене определили судьбу войны. Официальные отношения между Азербайджанской Республикой и Израилем интенсивно развиваются. Следует отметить, что военное сотрудничество между Израилем и Азербайджаном в последние годы активизировалось. В настоящее время израильское оружие составляет более 60 процентов арсеналов оружия Азербайджана.
Тот факт, что Израиль был с Азербайджаном во время Второй карабахской войны, создал благоприятные условия как для Азербайджана, так и для государства Израиль. Азербайджан применил современную военную технику Израиля, чтобы нанести сокрушительный удар противнику во время войны. Мы верим, что в будущем всестороннее сотрудничество между Израилем и Азербайджаном будет продолжаться в широком масштабе, а дружба между Израилем и Азербайджаном будет крепкой и вечной.
Ключевые слова: Вторая Карабахская война, Азербайджано-Израильские отношения, Израильское оружие, военное сотрудничество.
Resume
After the proclamation of independence of the Republic of Azerbaijan, Israel was one of the first countries to recognize it. In the aftermath of the Second Karabakh War, Israel openly supported Azerbaijan, and Azerbaijani Jews living in Israel held regular rallies in support of Karabakh. For Azerbaijan, sincere and long-term relations with Israel are very important, and the state of Israel appreciates the continuation of political relations with Azerbaijan. During the Azerbaijani-Armenian conflict, the regulation of the balance of arms and military equipment between the parties was of great importance. This balance of arms and military equipment in conjunction with diplomatic activity and support in the international arena determined the fate of the war. Official relations between the Republic of Azerbaijan and Israel are developing intensively. It should be noted that military cooperation between Israel and Azerbaijan has been intensified in recent years. At present, Israeli weapons make up more than 60 percent of Azerbaijan’s weapons arsenal.
It is a fact that Israel was with Azerbaijan during the Second Karabakh War, created favorable conditions as for Azerbaijan, as well as for the state of Israel. Azerbaijan used modern Israeli military equipment to inflict a devastating blow on the enemy during the war. We believe that in the future comprehensive cooperation between Israel and Azerbaijan will continue on a large scale, and the friendship between Israel and Azerbaijan will be strong and eternal.
Keywords: The Second Karabakh War, Azerbaijani-Israeli relations, Israeli weapons, military cooperation.