TÜRKİYƏDƏ İDARƏÇİLİK SİSTEMİ DƏYİŞİKLİYİNİN XARİCİ SİYASƏTƏ TƏSİRİ

Post image

Züriyə Qarayeva
Azərbaycan Milli Elmlər Akademiyası

E-mail: [email protected]

Giriş
Xarici siyasət, ayrı-ayrı dövlətlərin digər dövlətlərlə qarşılıqlı əlaqələrini əhatə edir. Qloballaşmanın ardınca, 21-ci əsrdə dövlətlərin qarşılıqlı inteqrasiyası çərçivəsində bu, xüsusilə vacibdir. Beynəlxalq cəmiyyətin və qloballaşmanın meydana gəlməsi ilə hər bir dövlət üçün xarici siyasətin təsirləri daha qabarıq olur. Buna görə də xarici siyasətin öyrənilməsi getdikcə daha vacib hala gəlir. Xarici siyasət ayrı-ayrı dövlətlər arasında beynəlxalq qarşılıqlı əlaqə üçün zəmin yaratdığına görə beynəlxalq münasibətlərdə bu iş xüsusilə vacibdir. Xarici siyasətin öyrənilməsi hər hansı bir siyasi elm məktəbi ilə məhdudlaşmır, hamı üçün aktual bir mövzudur.

  1. Prezident idarəçiliyi və xarici siyasət
    Demokratik sistemdəki konsensusa sahib olmayan hər hansı bir xarici siyasət uğurla nəticələnə bilməz. Nə olursa olsun, hər hansı bir siyasi sistemdə daxili siyasət xarici siyasət qərarlarına müdaxilə edir. Rəhbər şəxs beynəlxalq və daxili məcburiyyətlərlə eyni vaxtda mübarizə aparmalı və yerli və beynəlxalq səviyyədə uğurlu ritorika icra etməlidir. Daxili vəziyyət və beynəlxalq maraqlar arasında ziddiyyət yaranarsa, dövlət başçısı, ilk növbədə daxili siyasətə üstünlük verəcək. Müvafiq problemlərin həllinin ardınca beynəlxalq səviyyədəki məsələlərin müzakirəsinə başlayacaq.
    Xarici siyasət, mürəkkəb daxili və beynəlxalq mühitdə hazırlanır və aparılır. Dövlət başçısının verdiyi qərarlar, qarşılıqlı əlaqələrin nəticəsidir. Dövlət başçısı tərəfindən qərar qəbul edilməsinin təməli ondan ibarətdir ki, hansı idarəçilik sisteminin tətbiq edilməsindən asılı olmayaraq, dövlət başçısının son məqsədi hakimiyyətdə qalmaqdır.[7] O, istənilən məqamda xarici siyasətlə əlaqədar qərarı qəbul etməzdən əvvəl müəyyən dərəcədə daxili gözləntiləri yerinə yetirmək məcburiyyətindədir. Çünki, mütləq hakimiyyətə sahib monarxın belə devrilmə qorxusu var. Bu səbəbdən daxili siyasətdəki tamamlıq onun üçün çox vacibdir.
    Daxili siyasətdə demokratikləşmə islahatları, liberal strukturlaşmanın aparılması uğurlu xarici siyasət kursunun aparılmasına təsir göstərir. Məqalə Türkiyə nümunəsində prezident idarəçiliyinin xarici siyasətə təsirindən bəhs etdiyi üçün bu məqamda üstünlüyü idarəçilik formaları içərisində prezident üsul-idarəsinə verəcəyik.
    Prezident idarəçilik forması icraedici hakimiyyətin sürətli qərar qəbul edə bildiyi sistemdir. Nəticədə proseslərə anında adekvat addım atmaq asanlaşacaqdır. Parlament idarəçilik formasında qərar qəbulu mexanizmlərində yavaşlıq və bundan qaynaqlanan problemlər ortadan qalxır. Parlament sistemində icraedici hakimiyyət prezident ilə Baş nazir arasında bölüşdürülüb. Müəyyən qərarlarda həm prezidentin, həm Baş nazirin imzası lazım olduğu üçün hər ikisinin ortaq məxrəcə gəlməsi çətin ola bilir. Prezident idarəçiliyində isə səlahiyyətlər prezidentdə olduğu üçün vahid qərar qəbulu mexanizmi sürətlənir. Həmçinin, koalisiya hökumətlərini aradan qaldırır. Parlament idarəçiliyində xaos rejiminin səbəbi koalisiya hökumətləri olduğu üçün, prezident üsul-idarəsi dolayısı ilə qarışıqlığı aradan qaldırır. Məsul şəxs əvvəlcədən bəlli olduğu üçün xarici siyasətdə yol verilən qüsurlara görə kimdən hesab sorulacağı bəllidir. Koalisiya qurulma ehtimalı olmadığı üçün xalq kimə səs verdiyini dəqiq bilir. Partiyalar seçkiqabağı vədlərini yerinə yetirmədiklərinə görə koalisiya ortaqlarını ittiham edə bilmirlər. Seçici növbəti seçkilərdə kimi mükafatlandıracağını, kimi cəzalandıracağını bilir. [2, 37]

  2. 2. Prezident idarəçiliyinə keçiddən sonra Türkiyənin xarici siyasət uğurları
    Türkiyədə 16 Apreldə ümumxalq səsverməsi ilə qəbul edilən prezident idarəçilik sisteminin tətbiqi sadəcə daxili siyasətdə deyil, xarici siyasətdə də yeni dövrün başlanğıcı oldu. AK Partiyanın qızıl dövründə daxili siyasətdə demokratikləşmə uğurlu xarici siyasətin bazasını təşkil etdi. Sıradan bir dövlət olan Türkiyə artıq qısa müddətdə dünyanın vacib siyasi aktoruna və qlobal güc mərkəzinə çevrildi. Türkiyənin təhlükəsizlik qüvvələri AK Partiyanın uğurlu siyasəti nəticəsində DEAŞ və PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirərkən terror təhdidini ən aşağı səviyyəyə düşürməyi bacara bildi. 2017-ci ilin mart ayında “Fərat qalxanı” hərəkatı ilə sərhəd xəttini DEAŞ terror təhdidindən təmizləyən Türkiyə “Zeytun budağı” hərəkatı ilə də PKK-nın Suriyadakı qolu olan PYG-yə qarşı önəmli addım atdı. [8]
    Afrin bölgəsinə illərdir nəzarət edən YPG terrorçuları beynəlxalq səviyyədə propaqanda həyata keçirərək həm Türkiyə daxilində, həm də ölkədən kənarda müxtəlif dairələri Türkiyənyə qarşı çıxardaraq PKK terror təşkilatı üçün təbliğat dəstəyi əldə edirdi. Suriyadan Türkiyəyə sızdırılan müxtəlif silah sistemi terror ilə mübarizə əməliyyatlarında təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilmişdir. “Zeytun budağı” əməliyyatının uğurla başa çatması Türkiyə üçün bu bölgədə sərhəd təhlükəsizliyinin təminatı baxımından uğurlu addımdır. Bununla yanaşı, Afrindəki YPG terror təşkilatının məğlub edilməsi PKK-nın Türkiyənin cənub sərhədlərində terror dəhlizi qurma xəyalını puça çıxarmışdır.
    Türkiyənin müstəqil xarici siyasəti özünü həm də ABŞ-la münasibətlərdə göstərdi. 2008-ci ildə prezident seçilən Barak Obamanın hakimiyəti dövründə, Suriyadakı vətəndaş müharibəsindən sonra münasibətlər gərginləşmişdir. AK Partiya Donald Trampın prezident seçilməsinə böyük ümidlər bağlasa da, 2016-cı ildən münasibətlər nisbətən geriləmişdir. Çünki, AK Partiyanın müstəqil siyasət aparması, Türkiyənin regionda söz sahibi olan ölkəyə çevrilməsi Ağ Evi narahat etmiyə bilməzdi. Bununla yanaşı, AK Partiyanın ana xətti olan PKK Terror təşkilatının fəaliyyətinin dayandırılmasına cəhdlər Vaşinqtonun Yaxın Şərq planına maneədir. ABŞ İncirlik hərbi bazasına ehtiyacı azaldan addımlar atmağa, nüvə başlıqlarını başqa yerə daşımağa istiqamətlənmiş tədbirlər görməyə başladı. Bunun nəticəsidir ki, “F35” kimi yüksək texnologiyalı hərbi texnikanı Türkiyəyə verməməyi qərarlaşdırdı. Lakin Ərdoğan hakimiyyəti hava hücumundan müdafiə sistemi olan “S400”ləri Rusiyadan aldı. [6] Körfəz bölgəsində bir qrup ərəb ölkələri arasında narazılıqda Türkiyənin Qətəri dəstəkləməsi [5] də müstəqil siyasətin göstəricilərindəndir. Türkiyə dünyanın iri silah ixracatcılarından asılılığı minimuma endirmək üçün, son 15 ildə öz hərbi-sənaye kompleksini xeyli gücləndirərək, NATO-nun ABŞ-dan sonra ikinci böyük ordusuna çevrilmişdir. Türkiyə indi regionun qüdrətli ölkəsi olaraq, təsir gücünə malik aparıcı dövlətdir. Bu istiqamətdə atılan ən önəmli addımlardan biri 2019-cu ildə Liviya Milli Razılıq Hökuməti ilə dəniz sərhədlərinin delimitasiyası haqqında müqavilənin imzalanması olmuşdur. [3] Türkiyə dövləti Şimali Kiprin hüquqlarını nəyin bahasına olursa-olsun qoruyacağını bütün dünyaya açıq şəkildə göstərmişdir. Türkiyənin Livana biganə qalmaması, Suriyadakı hadisələrə göz yummaması, Şimali İraqın terror təşkilatlarına açılmasına imkan verməməsi, Dağlıq Qarabağ məsələsində qətiyyətlə Azərbaycanın yanında dayanması və işğal edilmiş torpaqların azad edilməsinin Azərbaycanın haqq işi olduğunu dünyaya bəyan etməsi onun müstəqil xarici siyasət yürütdüyünü sübut edən faktorlardandır.
    Hakimiyyətinin ilk illərində Kürd məsələsi, Kipr və Erməni məsələləri ilə bağlı icra etdiyi islahatlar AK Partiyanın siyasi legitimliyini gücləndirmişdir. [1, 509-510] Dinamiklik, yenilikçilik, islahatçılıq, liderlik qabiliyyəti, əzmi və inandırıcılığı AK Partiyanın 2002-ci ildə hakimiyyətə gəlməyinə və 19 ildir iqtidarda qala bilməyinə səbəb olmuşdur. Beləcə, 2002-ci ildən etibarən, heçbir seçkidə məğlubiyyətə uğramamışdır.

Nəticə
Prezident idarəçilik sisteminin tətbiqi prezidentə daha çox səlahiyyət verməklə sistemli və uzunmüddətli hədəflərin müəyyən edildiyi xarici siyasətin həyata keçirilməsinə şərait yaradır. Prezidentin həm ali başkomandan, həm də xarici siyasətdə əsas fiqura çevrilməsi müvafiq siyasətdə tarazlığın qurulmasına imkan yaradır. Bunların yanı sıra digər idarəçilik formalarında prezidentin səlahiyyətləri ilə müqayisə etdikdə idarəçilik sisteminin dəyişməsi ilə Türkiyədə prezidentin səlahiyyətlərinin güclənməsi, xarici siyasətlə bağlı daha aktiv qərarlar verə bilməsi, qanun hökmündə qərarnamə qəbul edə bilməsi beynəlxalq siyasətdə uğurların əldə edilməsinə böyük təsir etmişdir. Xüsusən son illərdə Türkiyənin beynəlxalq arenada formalaşan supergüc ölkə imici, dövlətlərin onunla hesablaşma ehtiyacı, güclü əks cəbhələrə baxmayaraq, regionda öz maraqlarını müdafiə edə bilməsi, ölkəmizin 44 günlük haqq savaşında Azərbaycanın yanında dayanması bu dövlətin müstəqil uğurlu xarici siyasət formalaşdırdığının göstəriciləridir. Bütün bunlar isə uğurlu daxili siyasətin davamıdır.

Açar sözlər: Türkiyə, idarəçilik sistemi, prezident idarəçiliyi, xarici siyasət

Ədəbiyyat siyahısı
1. Aktaş M., Bayram C. Başkanlık Sistemi. Ankara: Liberte, 2015
2. Bayram S. Türkiye’de başkanlık sistemi tartışmaları: Algılar, argümanlar ve tezler. Ankara: İstanbul, 2016
3. “Geçici Hükümet ve Libya’nın Yakın Geleceği”, https://www.setav.org/gecici-hukumet-ve-libyanin-yakin-gelecegi/
4. Hussain Z. Z. The effect of domestic politics on foreign policy decision making. Feb. 7 2011, https://www.e-ir.info/2011/02/07/the-effect-of-domestic-politics-on-foreign-policy-decision-making/
5. ‘‘Rus uzman: Türkiye’nin Katar’a desteği, Suudi Arabistan’ın saldırısını engelleyecek’’, https://tr.sputniknews.com/analiz/201806291034076309-rus-uzman-turkiye-katar-destek-suudi-arabistan-saldiri-engelleyecek/
6. ‘‘U.S. Ejects Turkey From F-35 Fighter Program’’, https://www.wsj.com/articles/u-s-says-turkeys-purchase-of-russian-air-defense-system-undermines-nato-11563390166
7. Ulutaş U., Kemal İ., Kanat K.B. Türk Dış Politikasında Yeni Güncelleme//SETA Perspektif. May 2017. N 172. https://setav.org/assets/uploads/2017/05/172_Perspektif.pdf
8. ‘‘Zaferin adı: Fırat Kalkanı ve Zeytin Dalı Harekatı’’ https://www.gzt.com/jurnalist/zaferin-adi-firat-kalkani-ve-zeytin-dali-harekati-3460566

Summary
The article analyzes the role of domestic policy in foreign policy, the opportunities for successful domestic policy to influence foreign policy. The study examines the impact and consequences of presidential administration not only on domestic political issues, but also on foreign policy in the context of the transition from a parliamentary to a presidential system during the rule of the Justice and Development Party. In this context, domestic policy, foreign policy, forms of governance and Turkey’s modern foreign policy successes are examined. This analysis was conducted with the study of the sources related to the subject, the analysis of the results obtained, the analysis and synthesis of the arguments, and also the comparative analysis method.

Key words: Turkey, government system, presidential government system, foreign policy

Резюме
В статье анализируется роль внутренней политики во внешней политике, возможности успешной внутренней политики влиять на внешнюю политику. В исследовании рассматривается влияние и последствия президентской администрации не только на внутриполитические вопросы, но и на внешнюю политику в контексте перехода от парламентской к президентской системе во время правления Партии справедливости и развития. В этом контексте рассматриваются внутренняя политика, внешняя политика, формы управления и современные успехи внешней политики Турции. Этот анализ проводился с изучением источников, связанных с предметом, анализом полученных результатов, анализом и синтезом аргументов, а также методом сравнительного анализа.

Ключевые слова: Турция, формы государственного управления, президентская управления, внешняя политика