QƏRBİ AVROPADA MULTİKULTURALİZM VƏ İSLAMOFOBİYANIN QARŞILIQLI ƏLAQƏSİ

Post image

Tərlan Orucova
Xəzər Univeristeti. Siyasi elmlər və Fəlsəfə departamentinin müəllimi

E-mail: [email protected]

II Dünya müharibəsindən sonra Avropa ölkələri işçi qüvvəsi çatışmazlığını inkişaf etməkdə olan ölkələrdən gələn miqrantlar hesabına həll etməyə çalışırdılar. 1950-ci ilin əvvəllərindən miqrantlar Avropaya can atırdılar. Həmin dövrdə Avropada on minlərlə əmək miqrantı məskunlaşmağa müvəffəq oldu. Nəticədə fərqli mədəniyyətə, dinə, kimliyə sahib miqrantlarla avropalılar bir yerdə yaşamağa məhkum oldular. Birgəyaşayış bir çox problemlərə yol açdı. Yaranmış çoxmədəniyyətli cəmiyyəti idarə etmək üçün uğurlu siyasət modeli lazım idi. Bu model isə multikulturalizm idi. Multikulturalizmə, Brittanica ensiklopediyasında “mədəniyyətlərin, irqlərin və etnik qrupların, xüsusən də azlıq qruplarının fərqliliyinin hakim siyasi mədəniyyət daxilində xüsusi qəbul edən baxış bucağı” kimi tərif verilir [13]. Məlum olduğu kimi, Avropanın önəm verdiyi insan haqları, demokratik dəyərlərə uyğun olan “multikulturalizm” anlayışı müəyyən sərhədlər daxilində bir mədəniyyətin deyil, birdən çox mədəniyyətin mövcudluğunu vurğulayır və bunu tolerantlıq, bərabərlik və qarşılıqlı anlayış üçbucağı ilə dəstəkləyir. Buna görə də multikulturalizm və mədəni cəhətdən “başqa”sının sistem içərisində yer almasının hüquqi bazasına dair mübahisələr qərb demokratiyasının təkamülündə ən mühüm imtahanlardan biri halına gəlmişdir. Miqrantların, xüsusilə də müsəlman ölkələrindən Avropaya pənah gətirən miqrantların burada sayının çoxalması tədricən islamofobiyanın artmasına səbəb olan əsas amillərdən birinə çevrildi. Merriam Vebster lüğətində isə, islamofobiya “İslama və ya müsəlmanlara qarşı irrasional qorxu, nifrət və ya ayrıseçkiliyi” ifadə edir [4].
Müasir dövrdə islamofobiya Avropada geniş yayılmaqdadır. Ayrı-seçkiliyin, homofobiyanın bir forması olan islamofobiyanın Avropada artması onun öz mahiyyətinə görə demokratik inkişaf yolunu təhdid edir. Avropa dövlətlərinin əksəriyyəti cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə həyata keçirdiyi siyasət kimi multikulturalizmi seçməsinə baxmayaraq, son dövrdə İngiltərə, Fransa, Almaniya kimi Avropada söz sahibi olan dövlət rəsmilərinin multikulturalizmin iflasa uğraması ilə bağlı söylədikləri fikirlər narahatlıq doğurur. [15, 18].
Digər tərəfdən, Avropa İttifaqının ikinci ən böyük dini qrupunu təşkil edən müsəlmanların son zamanlar Avropada cəmiyyət həyatının bütün sferasında qərəz, ayrı-seçkilik, təcridedilmə, zorakılıqla üzləşməsi, ümumilikdə islamofobiya təzahürlərinin artmasına, bütün bunların nəticəsi kimi isə müsəlmanların yaşadıqları cəmiyyətə yadlaşması, Avropaya aidlik hisslərinin sarsılmasına gətirib çıxarır. Eyni zamanda, Avropada siyasi səhnədə radikal və millətçi partiya və təşkilatların tərəfdarlarının sayının artması, onların islam və müsəlmanlar əleyhinə şüarlar səsləndirməklə hakimiyyətdə təmsil olunmağa başlaması İslam dininə, müsəlmanlara qarşı Avropada kinin, qərəzi artırır [1].
Avropa ölkələrində multikulturalizmin tari­xi və Multikulturalizm Siyasəti İndeksinə əsasən hal-hazırkı vəziyyətini təhlil edəndə Avropa dövlətlərinin qarşılaşdıqları multikultural quruluşa qarşı fərqli siyasətlər izlədiyini müəyyən edirik. Belə ki, Böyük Britaniya Multikulturalizm Siyasəti İndeksinə daxil olan 8 meyardan 5-ni tam (Multikulturalizmin məktəb tədris planında mənimsənilməsi; İctimai mediada etnik nümayəndəliyin/həssaslığın təmin edilməsi; Geyimə qanunlarla və ya iddialarla sərbəstlik verilməsi; İkili vətəndaşlığa icazə verilməsi; Mədəni fəaliyyətlər üçün etnik qrup təşkilatlarına maddi dəstəyin təmin edilməsi; Əlverişsiz mövqedə olan mühacir qrupları üçün güzəştlərin edilməsi), 1-ni isə qismən (Multikulturalizmin məktəb tədris planında mənimsənilməsi) yerinə yetirməklə etnik, irqi və dini müxtəlifliyi açıq şəkildə tanıyan multikulturalizm formasını ehtiva edir [9]. Fransa rəsmi olaraq multikulturalizm siyasətini tətbiq etməmişdir. Əksinə multikulturalizmin əleyhinə çıxdığı belə deyilə bilər. Ancaq o, yerli əsasda siyasi iştirakı gücləndirərək bu problemi həll etməyə çalışmışdır. Almaniya isə Multikulturalizm Siyasəti İndeksinin 1 meyarını tam (Mədəni fəaliyyətlər üçün etnik qrup təşkilatlarına maddi dəstəyin təmin edilməsi), 3 meyarını isə qismən (Mərkəzi, regional, bələdiyyə səviyyələrində multikulturalizmin konstitusiya, qanunvericilik və parlament tərəfindən qəbulu; Geyimə qanunlarla və ya iddialarla sərbəstlik verilməsi; İki dildə və ya ana dilində təhsilin maliyyələşdirilməsinin təmin edilməsi) yerinə yetirmişdir [10]. Almaniyanın multikulturalizm siyasəti qaçqınlar probleminə ikinci dərəcəli əhəmiyyət verir, elə buna görə xeyli tənqid olunur .
Angela Merkel [20], Devid Kemeron [21] kimi Avropa liderlərinin milli kimliyin dirçəldilməsi, eləcə də inteqrasiya və miqrasiya siyasətinin sərtləşdirilməsinə çağırmasıyla Avropada multikulturalizmin tərk edilməsinə dair güclü göstəricilərin olmadığı qənaətinə gəlirik. Belə ki, Multikultura­lizm Siyasəti İndeksinə daxil olan ölkələri təhlil edəndə aydın olur ki, multikultualizm siyasətlərinin yayılmasına dair bir tendensiya var. (Hollandiya, Danimarka, İtaliya kimi bəzi ökələr istisna olmaqla) [11]. Multikulturalizmin uğursuzluğu siyasi dairələrdə qeyd olunsa da, multikulturalizmdən çəkilmə faktiki siyasətlərdə deyil, ancaq ritorikadadır. Multikulturalizmin demək olar ki, tamamilə tərk edilməsinə yönəlik çağırışlara qarşı beynəlxalq terrorizmə qarşı bir sıra tədbirlərin görülməsindən başqa, “multikulturalizm öldü” ritorikalarını müşayiət edən siyasi dəyişikliklər yalnız miqrasiya və vətəndaşlıq verilməsinin məhdudlaşması ilə bağlıdır.
Multikulturalizm və miqrasiyanın qarşılıqlı təsirinin təhlili göstərir ki, miqrantların axını zəif olan ölkələr miqrasiyanın yüksək olduğu ölkələrlə müqayisədə daha tolerant miqrasiya mövqeyinə malikdir.
Miqrant İnterqasiya Siyasəti İndeksininin Britaniya barədə olan nəticələrin təhlilinə əsasən [7], bu qənaətə gəlirik ki, Birləşmiş Krallıq yalnız anti-diskriminasiya sahəsində əlverişli şərait yaradıb, digər sahələrdə isə miqrantların inteqrasiyası üçün qismən əlverişli şərait yaradıb və açıq şəkildə müxtəlifliyi ehtiva etsə də, ağ Britaniya əhalisinin əksəriyyəti digər irqi və dini qrupların xalqa məxsus olduğunu qəbul etmir. Etnik, linqivistik və dini fərqlərə əsaslananaraq, onlar yerli Britaniya vətəndaşlarından mədəni cəhətdən fərqli qruplara, xüsusən də müsəlman azlıqlara qarşı daha çox ayrı-seçkilik nümayiş etdirirlər.
Miqrant İnteqrasiya Siyasəti İndeksinə əsasən, Fransada miqrantlar üçün əlverişli şəraitin yaradılmadığı qənaətinə gəlirik. Multikultura­lizm Siyasəti İndeksində 8 meyardan yalnız 2-sini yerinə yetirən (İkili vətəndaşlığa icazə verilməsi; Mədəni fəaliyyətlər üçün etnik qrup təşkilatlarına maddi dəstəyin təmin edilməsi) Fransanın Miqrant İnteqrasiya İndeksində də yaxşı nəticə göstərməməsi [5] bizə onu deməyə əsas verir ki, multikulturalizm siyasətinin zəif həyata keçirildiyi təqdirdə miqrantların cəmiyyətə uğurlu inteqrasiyasından söhbət gedə bilməz.
Amma Almaniya nümunəsində belə qənaətə gəlirik ki, Multikulturalizm Siyasəti İndeksində 8 meyardan 1–ni tam olaraq, 3-nü isə qismən yerinə yetirməklə multikulturalizm siyasətini az tətbiq etməsinə baxmayaraq [12], Miqrant İnteqrasiya Siyasəti İndeksində daha yaxşı nəticə əldə edib [6].
Multikulturalizm və miqrasiyanın qarşılıqlı təsirini əyani formada ölçmək üçün Avropa ölkələrinin Multkulturalizm Siyasəti İndeksi ilə Miqrant İnteqrasiya Siyasəti İndeksi nəticələrini müqayisə edərək bu qənaətə gəlirik ki, MİPEX üzrə miqrant siyasətinin ən uğurlu dövlətləri İsveç (orta balı 78/100), Portuqaliya (75/100), Yeni Zelandiya (70/100), Finlandiya (69/100), Norveç (69/100), Kanada (68/100), Belçika (67/100), Avstraliya (66/100) olduğu halda, eləcə də, Multikulturalizm Siyasəti İndeksi üzrə ən uğurlu ölkələr Avstraliya (orta balı - 8/8 bal), Kanada (7.5/8), İsveç (7/8), Yeni Zelandiya (6/8), Finlandiya (6/8), Böyük Britaniya (5.5/8), Belçikadır (5.5/8) [8].Göründüyü kimi, multikulturalizm siyasətinin tətbiq olunduğu ölkələrdə miqrantlar cəmiyyətə daha asanlıqla inteqrasiya edirlər. Əksinə miqrantların az olduğu və anti-miqrant əhval-ruhiyyənin yüksək olduğu ölkələrdə (Estoniya, Latviya, Litva, Yaponiya, Mərkəzi və Cənub-Şərqi Avropa - MIPEX-dəki orta balları 41/100) miqrantlar daha çox maneələrlə üzləşirlər. Zəngin, çoxmədəniyyətli və demokratik ənənələrə sahib olan ölkələrdə isə miqrantlar üçün bərabər hüquqlar və imkanlar təmin edilir. Nümunə kimi Qərbi Avropa (MİPEX orta balı 60/100) və ənənəvi miqrasiya ölkələrini (Avstraliya, Kanada, Yeni Zelandiya, ABŞ - orta balı 67/100) göstərə bilərik.
İslamofobiyanın mahiyyətinin və yaranma səbəblərinin təhlili göstərir ki, islamofobiya mədəni, tarixi, siyasi, iqtisadi, teoloji, psixolo­ji zəminə söykənən səbəblərdən qaynaqlanır. Qərb dünyasında islamofobiyanın səbəbləri sırasında həmçinin multikulturalizm və bir yerdə yaşamaq düşüncəsinin zəifləməsi, iqtisadi maraq münaqişələri və müsəlmanların Qərb cəmiyyətlərində vizuallığnın artması kimi amillərdir. Eləcə də İngiltərədə “Tell Mama” [19], Fransada yerləşən “Racism İslamophobia Watch” qeyri-hökumət təşkilatları [14], Avropa Şurasının “İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası”nın 2018-ci il hesabatı [16], 2017-ci il Avropa İslamofobiya Hesabatı [3] və s. sənədlərdəki konkret faktlar əsasında Avropa ölkələrində islamofobiyanın artması tendensiyası müəyyən olnur.
Avropada müsəlmanların yaşadıqları cəmiyyətin ictimai-siyasi, iqtisadi həyatında iştirakını təhlili göstərir ki, Avropadakı müsəlmanların əksəriyyətinin sosial-iqtisadi vəziyyəti aşağıdır və onlar nəinki ev və iş tapmaqda, həmçinin təhsil sahəsində də ayrı-seçkiliyə məruz qalırlar, əmək bazarına inteqrasiya oluna bilmirlər. Bu isə müsəlman icmalar arasında seqreqsiya və ya gettolaşmanın baş verməsinə gətirib çıxarır.
Avropada müsəlmanların siyasətdə təmsili məsələsinə gəldikdə isə onu deyə bilərik ki, Fransa, Avstriya, İspaniya və İtaliyada müsəlman azlıqların təmsilçiliyi çox aşağı səviyyədədir [17].İnteqrasiya eyni zamanda həm miqrantın gəldiyi ölkə ilə əlaqələrin saxlanması, həm də qəbul edən cəmiyyətin üzvləri ilə sıx əlaqə qurmaq deməkdirsə və siyasi iştirakçılıq inteqrasiyanın vacib halqasıdırsa, bu nəticələrə əsasən deyə bilərik ki, qeyd etdiyimiz bu dörd ölkədə müsəlmanların cəmiyyətə inteqrasiyası baş vermir. Araşdırmalardan məlum olur ki, miqrasiyanın zamanı sosial qəbul üçün əhəmiyyətlidir. Belə ki, əhali ölkəyə yeni gələnlərdən daha çox bu ölkədə uzun müddətdən bəri yaşayan xarici mənşəli xalqa maliyyə və sosial cəhətdən daha çox dəstək verir. Fransa, Avstriya, İspaniya, İtaliya nümunəsində müsəlmanların təmsili baxımından bu müddəa özünü doğrultmur[17]. Əks halda Avropanın bu 4 ölkəsində müsəlmanların təmsil olunması digər ölkələrlə müqayisədə daha yüksək səviyyədə olardı. Çünki Fransa, Avstriya, İspaniya, İtaliya kimi dövlətlərin müsəlmanlarla tanışlığının müddətinin daha çox olmasına baxmayaraq, müsəlmanların sosial qəbulu ən aşağı səviyyədədir.
Almaniya, İsveçrə, Danimarka və Norveç coğrafi, mədəni və müsəlman azlıqlara sahib olma baxımından (yəni II dünya müharibəsindən sonra işçilər qüvvəsinin cəlb olunması üçün müqavilələr) oxşardır. Bu dörd ölkə Fransa ilə müqayisədə müsəlman azlıqlar daha yaxın zamanda qarşılaşmalarına baxmayaraq, siyasətdə orta səviyyədə müsəlman təmsilçiliyinə malikdir. Hollandiya, Belçika, İsveç, Böyük Britaniya isə müsəlmanların parlamentdə daha yüksək səviyyədə təmsil olunduğu Avropa ölkələridir.
Yuxarıda adı çəkilən Avropa ölkələrində müsəlmanların siyasətdə təmsil olunmalarını bu ölkələrin Multikulturalizm Siyasəti İndeksi [11] ilə qarşılıqlı əlaqəsini təhlil edərək bu nəticəyə gəlirik ki, Multikulturalizm Siyasəti İndeksində yüksək və orta nəticə göstərən ölkələrdə (İsveç, Belçika, Böyük Britaniya, Hollandiya) müsəlmanların siyasətdə təmsili yüksək və ya orta həddədir. Əksinə Multikulturalizm Siyasəti İndeksində aşağı nəticə göstərən ölkələrdə (Norveç, Danimarka, Almaniya, Avstriya, Fransa və s.) isə müsəlmanların siyasətdə təmsil olunmaları yetərsiz və ya ifrat yetərsizdir.
Multikulturalizm siyasətinin zəif tətbiq olunduğu və ya multikulturalizmdən imtina meyllərinin mövcud olduğu ölkələrdə islamafobik tendensiya daha güclü müşahidə olunur. Bundan başqa biz multikulturalizm siyasətlərinin müəyyən dövrlərdə tətbiq edildiyi ölkələrdə son illər islamofobiyanın artmasını (qurban kəsimi, oğlan uşaqlarının sünnəti, müsəlman qadınların hicabları və məscid minarələrin inşası kimi qadağalar) müşahidə edirik ki, bu proses Avropa ölkələrinin bir çoxunun multikulturalizm siyasətinin iflas etdiyini bildirdikdən sonra daha da şiddətlənir.
Miqrant böhranı və islamofobiya arasındakı münasibətin təhlili göstərir ki, miqrant böhranı nəticəsində Avropada sayı artan müsəlmanların Avropanın mədəniyyətinə və həyatına inteqrasiya edə bilməməsi, cəmiyyətə inteqrasiyaya təsir edən mədəni, etnik və dini keçmişlərindən qaynaqlanan davranış formaları Avropadakı İslam düşmənçiliyi üçün səbəb olaraq göstərilir. İnteqrasiya problemi yaşayan müsəlmanların özlərini cəmiyyətdən təcrid etməsi, avropalıların müsəlmanlara münasibətinin getdikcə daha da sərtləşməsi islamofobiyanın artması ilə nəticələnir. Belə dəyişkən siyasi və təhlükəsizlik mühitində, sağçı siyasətçilər və təşkilatlar miqrant böhranından istifadə edərək avropalıları müsəlman miqrantları, ümumiyyətlə müsəlmanları öz təhlükəsizliyinə ciddi təhdid kimi qəbul etməyə yönəldir [1]. İslamofobiyanı bəzi Avropa hökumətləri və müsəlmanlara qarşı fikirlərini açıq şəkildə ifadə edən sağ yönümlü siyasətçilər daha da şiddətləndirir. İslamofobiya meyllərinin artması Fransa, Avstriya, Hollandiya, Danimar­ka, Macarıstan kimi Avropa ölkələri ilə yanaşı Skandinaviya ölkələrində də müşahidə olunur. Bu ölkələrin siyasi səhnəsində irəliləyən ultra sağçı partiyaların təbliğat kampaniyalarında islamofob şüarlar özünü daha açıq şəkildə büruzə verir [22].
İslam və ya müsəlman qorxusunun ən əsas səbəblərindən biri önyarqı və KİV-də yaradılan müsəlmanların mənfi obrazıdır. Terror hücumları, medianın da təsiri ilə terrorizm, dini ifadə və miqrasiya kimi mövzularda ictimai müzakirəni daha da qızışdırdı və irqçi, ksenofobik və islamofobik önyarqıları legitimləşdirir.
Avropa liderlərinin multikulturalizmə baxışları da islamofobiyanı qidalandırır. Çünki Avropada müxtəlif irqlərdən və millətlərdən olan bir çox müsəlman var. Bu qrupların cəmiyyətə inteqrasiya olunmadığını irəli sürərək təcrid etmə və birlikdə yaşamaq mədəniyyətinin uğursuz olduğunu iddia etmək islamofobiyanı daha da artırır. Bir sözlə, ksenofobiya, mədəni və ya dini irqçilik qaçılmaz olaraq anti-islamçılığa gətirib çıxarır və bu da islamofobiyanı qidalandırır.
Beləliklə, Avropa İttifaqının ikinci ən böyük dini qrupunu təşkil edən müsəlmanlara qarşı son zamanlar Avropada cəmiyyət həyatının bütün sferalarında – siyasətdə, təhsildə, əmək bazarında, iş yerlərində və s. qərəz, ayrı-seçkilik, təcrid edilmə, zorakılıq halları çoxalmış, ümumilikdə islamofobiya təzahürləri artmışdır. Müsəlmanlara qarşı münasibətin kəskinləşməsinə miqrant böhranı, iqtisadi tənəzzül, rifah sisteminin süquta uğraması qorxusu, terror hadisələrinin artması və bunlardan istifadə edərək radikal və millətçi partiya və təşkilatların öz tərəfdarlarının sayını artırması, onların hakimiyyətdə təmsil olunmağa başlaması kimi amillərin təsir göstərdiyi şübhəsizdir. Biz isə hesab edirik ki, eyni zamanda Avropa ölkələrinin multikulturalizm siyasətindən imtina nitqləri və multikulturalizm siyasətindən imtina ehtimalı islamofobiyanın leqallaşmasına səbəb olur. Əksinə multikulturalizm siyasətininin tətbiqi bu tendensiyaların qarşısını alar. Multikulturalizm siyasətini ehtiva edən kriteriyaların tətbiqi ilə müsəlmanların Avropa cəmiyyətlərinə inteqrasiyası daha uğurlu olar. İslamofobiyanın müşahidə olunduğu Avropada cəmiyyət və KİV müsəlmanların Avropa dəyərləri ilə uyğun olmadığını və cəmiyyətə inteqrasiya etmədiyini irəli sürur, halbuki islamofobiya müsəlmanların cəmiyyətə inteqrasiyasına əngəl olur və onların özlərini cəmiyyətdən təcrid etmələrinə səbəb olur. Miqrant azlıqların cəmiyyətə inteqrasiyasına istiqamətlənən multikulturalizm siyasətindən imtina isə vəziyyətin daha da gərginləşməsinə, müsəlmanların Avropa cəmiyyətinə yadlaşmasına, özlərinə qapanmasına, nəticədə islamafobiyanın artmasına gətirib çıxaracaq. Multikulturalizm siyasətinin tətbiqi, Multikulturalizm Siyasəti İndeksinə daxil olan meyarların həyata keçirilməsi isə islamofobiyanın, müsəlmanlara və İslama qarşı önyarqının azalmasına səbəb olacaq. Beləliklə, Avropada islamfobiyanın artması probleminin həll yolu multikulturalizm siyasətinin tətbiq olunmasından keçir.

Açar sözlər: multikulturalizm siyasəti, multikulturalizmin iflası, miqrasiya siyasəti, islamofobiya

ƏDƏBİYYAT SİYAHISI
1. Cas Mudde, “‘Good’ Populism Beat ‘Bad’ in Dutch Election,” The Guardian, March 19, 2017, www.theguardian.com/world/2017/mar/19/dutch-election-rutte-wilders-good-populism-bad-.
2. EUMC Raporu (2006), “Avropa Birliği’ nde Müslümanlar: Ayrımcılık ve İslamofobi”, Viyana, 18 aralık 2006 (http: // fra.europa.eu/fra/ materail/pub/muslim/EUMC-highlights-TR/pdf
3. European Islamophobia Report 2017. Enes Bayrakli, Farid Hafez (Eds). https://www.islamophobiaeurope.com/wp content/uploads/2018/04/EIR_2017.pdf
4. Islamophobia/Definition of Islamophobia by Merriam-Webster. https://www.merriam-webster.com/dictionary/Islamophobia.
5. Migrant İntegration Policy İndex 2015. Countries. France. http://www.mipex.eu/france
6. Migrant İntegration Policy İndex 2015. Countries. Germany. http://www.mipex.eu/germany
7. Migrant İntegration Policy İndex 2015. Countries. United Kingdom. http://www.mipex.eu/united-kingdom
8. Migrant Integration Policy Index. International Key Findings. http://www.mipex.eu/key-findings
9. Multiculturalism Policies in Contemporary Democracies. Immigrant Minorities. Evidence. United Kingdom. https://www.queensu.ca/mcp/immigrant-minorities/evidence/united-kingdom
10. Multiculturalism Policies in Contemporary Democracies. Immigrant Minorities. Evidence. France. https://www.queensu.ca/mcp/immigrant-minorities/evidence/france
11. Multiculturalism Policies in Contemporary Democracies. Immigrant Minorities. Results. https://www.queensu.ca/mcp/immigrant-minorities/results.
12. Multiculturalism Policies in Contemporary Democracies. Immigrant Minorities. Evidence. Germany. https://www.queensu.ca/mcp/immigrant-minorities/evidence/germany
13. Multiculturalism/Definition, Impact, Challenges, & Facts ... https://www.britannica.com/topic/multiculturalism
14. Organisation Racism Islamophobia Watch. Report on Racism snd Islamophobia in European French-Speaking Countries. 2014,2015, 2016, 2017. http://www.oriw.org/wp-content/uploads/2018/03/Rapport_ORIW.14.17.pdf
15. PM’s speech at Munich Security Conference. https://www.gov.uk/government/speeches/pms-speech-at-munich-security-conference
16. Racism, xenophobia and related intolerance, p. 52 ‘Antisemitism and Islamophobia on display’ https://fra.europa.eu/sites/default/files/fra-annual-report-2014_en.pdf (13
17. Şener Aktürk, “Siyasi mühendislik ve Avrupa’da dindar muhafazakar müslümanların dışlanması” SETA, İstanbul 2018, 98 s. https://setav.org/assets/uploads/2018/10/122.Siyasi-Mu%CC%88hendislik-tamrapor.pdf
18. Smee, J. (2010) ‘The World from Berlin: Merkel’s Rhetoric in Integration Debate is ‘Inexcusable’’. Spiegel, 18 October. http://www.spiegel.de/international/germany/the-world-from-berlin-merkel-s-rhetoric-in-integration-debate-is-inexcusable-a-723702.html
19. Tell Mama Annual Report 2017. Beyond the Incident: Outcomes for Victims of Anti-Muslim Prejudice, Published 23 July 2018, p 108
20. The Guardian (2010). “Angela Merkel: German multiculturalism has utterly failed”. https://www.theguardian.com/world/2010/oct/17/angela-merkel-german-multiculturalism-failed
21. The İndependent (2011). “Cameron: My war on multiculturalism”. 5 February. www.independent.co.uk/news/uk/politics/cameron-my-war-on-multiculturalism-2205074.html
22. Widfeldt Anders, “The Growth of the Radical Right in Nordic Countries:Observations from the Past 20 Years”// Migration Policy İnstitute, June 2018

Orujova Tarlan Ahmed
Khazar University, Department of Political Science and Philosophy
COMPARISON OF MULTICULTURALISM AND ISLAMOPHOBIA IN
WESTERN EUROPE


SUMMARY
The article is devoted to the relationship between implementing of multiculturalism policy and spread of Islamophobia in Western Europe. In order to measure the interaction between multiculturalism and migration, the results of the European Multiculturalism Policy Index and the Migrant Integration Policy Index are compared, and the relationship between the migrant crisis and Islamophobia is analyzed.
The article argues that “the application of multiculturalism in European countries prevents the growth of Islamophobia, but the rejection of multiculturalism increases Islamophobic tendencies.”

Key words: multiculturalism policy, failure of multiculturalism, migration policy, islamophobia

Оруджева Тарлан Ахмед
Хазарский университет, кафедра политологии и философии
СРАВНЕНИЕ МУЛЬТИКУЛЬТУРАЛИЗМА И ИСЛАМОФОБИИ В ЗАПАДНОЙ ЕВРОПЕ


РЕЗЮМЕ
Статья посвящена взаимосвязи между реализацией политики мультикультурализма и распространением исламофобии в Западной Европе. Чтобы измерить взаимодействие между мультикультурализмом и миграцией, сравниваются результаты Индекса европейской политики мультикультурализма и Индекса политики интеграции мигрантов, а также анализируется взаимосвязь между кризисом мигрантов и исламофобией.
В статье утверждается, что «применение мультикультурализма в европейских странах предотвращает рост исламофобии, но отказ от мультикультурализма усиливает исламофобские тенденции».

Ключевые слова: политика мультикульту­рализма, неудача мультикультурализма, миграционная политика, исламофобия