Giriş
Azərbaycan Prezidenti İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib: “Müasir dünyada təhlükəsizlik bir nömrəli məsələdir və buraya enerji təhlükəsizliyi də daxildir. Bu səbəbdən kiberhücumlara qarşı müdafiənin bizim üçün əhəmiyyəti daha da artacaq.” [2].
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə informasiya sahəsində milli təhlükəsizlik siyasətinin aspektləri barədə danışıb: “Bu gün münaqişələr artıq virtual məkana keçir, informasiya texnologiyalarının inkişafı cinayətlərin yeni növlərini yaradır. Azərbaycanda informasiya sahəsində təhlükəsizliyə milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi baxılır. 2004-cü ildə milli təhlükəsizlik haqqında qanun qəbul olunub və bu qanunda qeyd olunan məsələ də öz əksini tapıb.“ [3].
Azərbaycan Respublikasında kompüter-informasiya sahəsində ictimai təhlükəsizlik əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutan 3-cü maddə cinayət məcəlləsinə əlavə edilmiş (2000), MTN-də (indiki DTX) onunla mübarizə bölməsi (2012) və Nazirlikdə İnformasiya Təhlükəsizlik İdarəsi yaradılmışdır.
Azərbaycan Respublikasının “Milli təhlükəsizlik haqqında” Qanunun 7-ci (Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər) maddəsinin “İnformasiya sahəsində əsas təhdidlər” (7.9) bölməsində bildirilir:
7.9. İnformasiya sahəsində əsas təhdidlər aşağıdakılardır:
7.9.1. informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkanına daxil olmağa maneələrin mövcudluğu;
7.9.2. informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər;
7.9.3. dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;
7.9.4. digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;
7.9.5. informasiya sisteminə və ehtiyatlarına qarşı qəsdlər.
Həmin qanunun “Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması” maddəsində (maddə 20) bildirilir:
20.1. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsidir.
20.2. Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün görülən əsas tədbirlər aşağıdakılardır:
20.2.1. Azərbaycan Respublikasında informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistemin yaradılması və möhkəmləndirilməsi;
20.2.2. dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsi məqsədilə obyektiv və qabaqlayıcı məlumatların toplanılması;
20.2.3. informasiya infrastrukturunun inkişaf etdirilməsi;
20.2.4. dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi;
20.2.5. kibercinayətlərə qarşı mübarizə;
20.2.6. informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması [4].
***
CYBERO Kibertəhlükəsizlik Mərkəzinin məlumatlarına görə, 2019-cu ildə “.az” domenli saytlara 167 kiberhücum olub ki, bu da 2018-ci illə müqayisədə 88% çoxdur. Server sazlamalarının düzgün qurulmaması nəticəsində baş verən hücumların 45% Linux ƏS, 55% isə Win ƏS üzərində qurulmuş resurslar olub. Məlumatda qeyd olunur ki, “Hücumların 63%-inin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq CYBERO Kibertəhlükəsizlik Mərkəzi bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir.” [5].
Azərbaycan ən çox qonşu ölkələr tərəfindən informasiya təhlükəsizliyi ilə üzləşir. Bunların başında Ermənistan, daha sonra Rusiya və İran gəlir. Qərb ölkələri, xüsusilə ABŞ, transmilli informasiya şirkətlərinin İKT sahəsində geniş imkanlarını nəzərə alsaq, onların bu istiqamətdə istənilən ölkə üçün böyük kibertəhlükə yarada biləcəklərini söyləmək olar. Əslində, kiberhücum müharibənin yeni forması olan “hibrid savaş” (hybrid warfare) kimi tanınır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, statistikaya görə, internetin geniş yayıldığı ölkələrdən və yaxud həmin ölkələrə aid olan hansısa İP ünvanlardan Azərbaycana müxtəlif hücumlar edilir və bu hücumların sayı ildən-ilə artır, coğrafiyası genişlənir: “Bunların sırasında bir qədər qəribə görsənsə də, ABŞ-dan başlamış Rusiya, Çin kimi ölkələri də saymaq olar. Bunun da səbəbi bu ölkələrdə internetin çox geniş şəkildə yayılması ilə bağlıdır. Ermənistandan da periodik olaraq kiberhücumlar olur. Ancaq yenə də bunların hamısı diqqət mərkəzində saxlanılır... Azərbaycanda dövlət şəbəkəsinin qorunması üçün xüsusi dövlət agentliyi yaradılıb. Eyni zamanda cəmiyyətin, biznes qurumların, fərdi şəxslərin internet təhlükəsizliyinin təmin edilməsi üçün bizim nazirliyin yanında Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda informasiya təhlükəsizliyinə ciddi diqqət yetirilir.” [6].
Ekspert Şəmsəddin Əliyev xarici kiberhücumlar barədə deyibdir: “Azərbaycanla bağlı bir sıra ölkələrin marağı ola bilər. Bu sırada Avropa dövlələrinin, Rusiyanın, ən əsası isə İran və Ermənistanın adını çəkə bilərik. Yəni, hər bir dövlətin inkişafında narahatçılıq keçirən ölkələr çoxdur. Onlar Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar. Ancaq ən çox hansı ölkədən hücumun təşkil olunması haqqında ictimaiyyətə məlumat verilmir” [7].
“Kaspersky Lab” şirkətin vitse-prezidenti Anton Şinqaryov deyib ki, kiberhücum təhlükəsi hər bir ölkə üçün hər zaman var: “Sürətlə dəyişən dünyada hər şey əvvəlki kimi deyil. Bu təhlükə sərhəd tanımır. Azərbaycanda IT sahəsinə maraq böyükdür, ölkədə güclü proqramçılar var. Lakin onların bəziləri sənətin digər tərəfini seçir və kibercinayətkara çevrilir. Bu, hər bir ölkəyə xas olan problemdir. Bundan başqa, qonşularla siyasi-hərbi münaqişə şəraitində yaşayan ölkələrdə kiberhücum riski yüksək olur. Biz bilirik ki, qonşuları ucbatından Azərbaycan asan olmayan geosiyasi şəraitdədir. Mən Dağlıq Qarabağ münaqişəsini nəzərdə tuturam. Bu baxımdan IT infrastrukturun qorunması Azərbaycan üçün olduqca önəmlidir. Bununla yanaşı, ölkənin güclü sənayesi və maliyyə sektoru var. Bu da potensial riskləri artırır.”[8].
“Kasperski Laboratoriyası” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Müşfiq Məmmədov bildirib ki, “Azərbaycan ən çox kiberhücumlara məruz qalan ölkələrdən biridir. Çünki Azərbaycanda internet istifadəçiləri çoxdur və onlar olduqca fəaldırlar… Hətta adi cihazlardan - flaşkard, USB-dən istifadə edənlər belə bəsit təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün hücumlara məruz qalırlar.” [7].
İnformasiya hücumları yalnız ölkələr tərəfindən deyil, həmçinin, müxtəlif terror, ekstremist və separatçı təşkilatlar tərəfindən də gerçəkləşdirilə bilər. Bəzən bir ölkənin kəşfiyyat qurumu, başqa bir ölkəyə hər hansı bir terror təşkilatının adından kiberhücum təşkil edə bilər. Lakin, əksər hallarda informasiya hücumunun hansı ölkədən və ya hansı istiqamətdən gəlməsini müəyyənləşdirmək qeyri-mümkün olur. Çünki bu hücumu həyata keçirən qruplar tamamilə başqa bir ölkənin bayrağı və ya başqa simvolundan istifadə etməklə də öz məqsədlərinə çata bilərlər. Əksər hallarda, bunu hər iki ölkənin münasibətlərini korlamaq məqsədilə də həyata keçirə bilərlər. İnformasiya hücumunun digər mürəkkəb xüsusiyyətlərindən biri də odur ki, o, gözlənilməz və istənilən zamanda həyata keçirilə bilər. Hücumun kim tərəfindən və nə zaman baş verəcəyini müəyyənləşdirmək çətin olduğu üçün, bu sahədə peşəkar kadrların olmasına və hər bir zaman döyüş hazırlığı durumunda olmağa ehtiyac vardır.
Müxtəlif ölkələrdə yaşayan və Azərbaycana düşmən mövqedə dayanan şəxslər Azərbaycanın maraqları ilə bağlı milli domen adlarını ələ keçirməklə virtual məkanda Azərbaycana qarşı informasiya müharibəsi aparırlar (Azərbaycana qarşı yayılan dezinformasiyalar, milli dəyərlərin saxtalaşdırılaraq təhrif edilməsi, informasiya blokadası, yəni Azərbaycana aid olmayan informasiyaların yerləşdirilməsi və s). Azərbaycan kimi, digər ölkələr də kiberhücumların hədəfinə çevrilir. Mütəxəssislər bu kimi halların baş verməsinin səbəblərini kibermühitdə hüquqi əməkdaşlıqla bağlı problemlərin olmasında, istifadəçilərin anonimliyinin qorunmasında, proksi-serverdən istifadə olunmasında, şəbəkədə boşluqların olmasında, qlobal şəbəkədə nəzarət mexanizminin olmamasında, şəbəkə istifadəçilərinin sayının durmadan artmasında, avtomatlaşma, şəbəkədə zaman və məkandan asılılğın aradan qaldırılmasında və digər məsələlərdə görürlər. Problemlərin aradan qaldırılması informasiya cəmiyyəti quruculuğunda beynəlxalq əməkdaşlığı zəruri edir. Çünki heç bir ölkə təşbaşına bu problemlərin öhdəsindən gəlmək iqtidarında deyildir [9].
Dövlət rəsmilərinin və ekspertlərin informasiya təhlükəsizliyi barədə verdiyi məlumatların təhlili göstərir ki, Azərbaycana edilən kiberhücumlar Ermənistan, Rusiya, ABŞ, İran, Çin və digər ölkələrdən mütəmadi xarakter daşıyır. Azərbaycan bu hücumları dəf etmək üçün, öz təhlükəsizlik tədbirlərini gücləndirir və bir çox dövlətlərlə, beynəlxalq qurumlarla əməkdaşlıq edir.
Qərbdən Azərbaycana yönələn kiberhücumları aşağıdakı kimi səciyyələndirmək olar:
İnformasiya təhlükəsi yanlız müəyyən ölkələrin və ya qrupların həyata keçirdikləri kiber əməliyyatlarla məhdudlaşmır. Bu təhlükələr, dünyada geniş yayılan kompüter proqramları ilə də həyata keçirilir. Onlardan biri də Azəbaycanda və dünyanın bir çox ölkələrində yayılan Microsoft şirkətinin proqramlarıdır. Bu şirkətin ABŞ xüsusi xidmət orqanı MKİ ilə, xüsusən də, məlumat kəşfiyyatına cavabdeh olan Milli Təhlükəsizlik Agentliyi (NSA - National Security Agency) ilə əməkdaşlığı barədə daim mətbuata sızan məlumatlar vardır. Dəfələrlə şirkəti onda ittiham etmişlər ki, Windows əməliyyat sistemində MKİ-nin istifadəçilərin kompüterlərinə icazəsiz giriş əldə etməyə imkan verən gizli şifrələr mövcuddur. Zatən, NSA rəsmi olaraq yeni Microsoft Windows Vista əməliyyat sisteminin təhlükəsizliyinin hazırlanmasına yardım etdiyini açıqlamışdır. Buna görə də, Microsoft şirkəti özünün proqram təminatı kodlarını gizli saxlayır. Bu isə, Microsoft Windows proqramından istifadə edən dövlətlərin dövlət sirlərinin NSA tərəfindən mənimsənilməsi təhlükəsini gündəmə gətirir. Bu səbəbdən, Avropada artıq qapalı mənbəli proqramdan açıq mənbəli proqramlara (Open Source) üstünlük verilir. Linux əməliyyat sistemləri və ya Open Office proqramının ofis paketi Microsoft Office proqramını əvəz edir. 2007-ci ildə Avropa Komissiyası AB üzv ölkələrinə etibarlılıq və təhlükəsizlik baxımından önəmli olan açıq mənbəli proqram (Open Source) təminatına keçmək üçün tövsiyə verdi. Bir çox ölkələr də bu təşəbbüsə qoşuldular (Kuba, Venesuela və s). [1, 29-30].
Azərbaycan, “Microsoft” şirkəti ilə əməkdaşlıq əlaqələrini genişləndirir. Azərbaycan Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin süni intellekt sahəsində əməkdaşlığa başlamasından bəhs edən “Microsoft-Azerbaijan” şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib: “Bizim qarşımızda duran əsas məsələ “süni intellektə Azərbaycan dilinin tanıtdırmasıdır. Bunun üçün bizə həm Azərbaycan, həm də ingilis dillərində minimum 3 mln. cümlə gərəkdir. Biz bunu edib, “Microsoft”ta təqdim edə bilsək, iki ay ərzində “Microsoft” süni intellekti Azərbaycan dilində tanınmasını təmin edəcək. Bu, o deməkdir ki, istənilən təhsil müəssisəsi, şirkət və dövlət qurumu süni intellektin imkanlarından yararlana biləcəklər.” [10].
Prezidentin köməkçisi Şahmar Mövsümov “Microsoft” şirkətinin nümayəndələri ilə 16.06.2020 tarixində keçirilən videokonfrans zamanı bildirib ki, “Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk.” [11].
Göründüyü kimi, Azərbaycan hökuməti yaxın perspektivdə “Microsoft” şirkətiilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır. Silikon Vadisi nədir? Ona bənzər Abşeron Vadisinin yaradılması ideyası nə qədər səmərəlidir?
Silikon Vadisi (Silicon Valley), ABŞ-da Şimali Kaliforniya bölgəsində yerləşən mərkəzi Santa Clara Vadisidir. Bölgəyə “silikon” adının verilməsinin əsas səbəbi, oranın geniş İKT və çip istehsalı mərkəzinə və İKT sahəsində dünyanın əsas bazarına çevrilməsidir. Minlərlə yüksək texnologiya və informasiya şirkətlərinin (Microsoft, Intel, Apple, Google, Facebook, Xerox, Oracle, Cisco Systems, Netflix, Elon Maskın şirkətləri, NASA ilə əməkdaşlıq edən və adını Kosmos, Mars ilə əlaqəli sınaqlar və layihələrlə dünyaya tanıdan SpaceX kosmik nəqliyyat şirkəti, elektrikli avtomobillər və elektrik enerjisi ilə işləyən ictimai nəqliyyat layihələri ilə dünyada özünə bir ad çıxarmış Tesla Motors və s) və elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi və dünyanın müxtəlif ölkələrindən intensiv beyin axınının davam etdiyi bu bölgə, dünyada müasir texnologiyanın mərkəzi hesab olunur [12]. Buna bənzər bir mərkəzin Abşeronda yaradılması həm Azərbaycanın bölgədə İKT mərkəzlərindən birinə çevrilməsinə, informasiya cəmiyyəti istiqamətində sürətlə inkişaf etməsinə, həm də İKT sahəsində böyük bir bazara çevrilməklə böyük iqtisadi gəlirlər əldə etməyə hesablanmışdır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və siyasi təsiretmə imkanlarının yüksəlməsinə səbəb ola bilər.
Lakin, Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti çoxvektorlu olduğu üçün, həmçinin, Avropa Şurası Konvensiyasına qoşulmuşdur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda İSO standartlarının hazırlanıb tətbiq olunduğunu, Azərbaycanın İT sahəsində təhlükəsizliyə dair Avropa Şurası Konvensiyasına qoşulduğunu və NATO-nun bu sahədə öz təcrübəsini Azərbaycan ilə bölüşəcəyinə ümidvar olduğunu bildiribdir [3].
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib: “Xaricdə Azərbaycana olan maraqların artması ölkəmizə qarşı kiber hücumları da artırır. Bu, həmişə gözlənilən hadisədir. Ona görə də siravi istifadəçilər hazır olmalıdırlar. Eyni zamanda infrastruktur, kadr, həm də aparılan işlər cəhətdən dövlət qurumları da buna hazır olmalıdır… Həmçinin bununla bağlı müəyyən hüquqi baza da yaradılıb. Eyni zamanda kadrların hazırlanması istiqamətdə müəyyən addımlar atılıb. Amma Azərbaycanda kiber təhlükəsizlik istiqamətdə atılan addımları hələ tam mükəmməl hesab etmək olmaz. Kiberhücumlar zaman-zaman baş verir. Ona görə də aidiyyatı qurumlar nəticə çıxarmalı, daha ciddi addım atmalıdırlar... Nəzərə alaq ki, Azərbaycan kibercinayətkarlıqla bağlı Avropa Konvensiyasına qoşulub. Konsenvensiyanın tələblərinə uyğun olaraq qurumlarımız monitorinq apararaq hücumun hansı ölkədən gəldiyini müəyən edə bilirlər.” [7].
Qərb ölkələrinin bir çox siyasi qurumları mütəmadi olaraq Azərbaycana qarşı informasiya müharibəsi aparırlar. Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasət aparması və Cənubi Qafqazda lider ölkəyə çevrilməsi, onları narahat edir. Bütün bu nailiyyətlərin mərkəzində ölkə Prezidenti İlham Əliyev dayandığı üçün, o, əsas hədəf seçilibdir.
Azərbaycana ən çox təzyiq edən informasiya mənbələri və onların saxta məlumatları aşağıdakılar:
1. “The New York Times” qəzetinə və ABŞ-ın siyasi-hərbi elitasında bir sıra anonim mənbələrə istinad edən mətbuat orqanları (İsrailin “İsrail24.info” və “Walla” nəşrləri, “Foreign Policy” jurnalı) mütəmadi şəkildə Azərbaycanda İsrail hərbi bazalarının və texnikasının yerləşdirilməsi, Pentaqonun casus peyklərinin İsrailin pilotsuz uçan aparatlarının Azərbaycandakı bazalardan uçduğu və İranın nüvə obyektlərinin foto-video çəkilişlərini apardığı, İranın hava hücumundan müdafiə sistemlərinin hazırlıq dərəcələrini yoxladığı, Azərbaycanın Hərbi Hava Qüvvələrinin dörd bazasının İsrailə verilməsi, İsrailin “Azərbaycan” hərbi aerodromunu alması və Azərbaycan ərazisindən İrana zərbə endiriləcəyi, “Stratfor” strateji proqnozlar mərkəzi isə, ABŞ bazalarının Azərbaycanda yerləşdirilməsinə dair müqavilənin olması ilə bağlı dezinformasiyalar yayırlar. Bu cür dezinformasiyalar Azərbaycanın öz qonşuları olan Rusiya və İran ilə münasibətlərinin korlanmasına hesablanıbdır. 2014-cü ildə Tehranda olan Azərbaycanın Müdafiə naziri Zakir Həsənov deyib: “Heç bir qüvvə Azərbaycan ərazisindən istifadə edərək qonşu ölkələrə hücum edə bilməz. Buna imkan verməyəcəyik. Bu, Azərbaycanın rəsmi siyasətidir və bunu beynəlxalq və regional strukturlarda açıq şəkildə bildirmişik.” [13].
2. “Vaşinqton Post” qəzetinin əməkdaşı jurnalist Bob Woodward “Fear: Trump in the White House” kitabında əsassız olaraq Prezident İlham Əliyevin 2017-ci ildə ABŞ-a səfəri zamanı Prezident Donald Trampa yanlış məlumat verməsi barədə iddia irəli sürübdür.
3. ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il Siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda qərəzli şəkildə Azərbaycanı Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirilib. “2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11, Ermənistanın 51, Gürcüstanın isə 63 xal topladığını bildirilib [14].
4. İngiltərənin “The Guardian” qəzeti 2019-cu il yanvar ayında Prezident İlham Əliyevin ailəsi haqqında yalan və böhtan dolu məqalə çap etdiribdir [15].
5. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın bir neçə beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etdiyi bir ərəfədə ABŞ Dövlət Departamenti 2018-ci il yanvarın 10-da heç bir əsas olmadan Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırıb və ABŞ vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağrılıb [16].
6. ICIJ (International Consortium of Investigative Journalists), OCCRP (“The Organized Crime and Corruption Reporting Projekt”) kimi qurumlar Azərbaycana qarşı informasiya müharibəsi yürüdürlər. Onların ABŞ hökuməti, Rokfeller (Rockefeller Brothers Fund and Rockefeller Family Fund) və Soros fondu tərəfindən maliyyələşdirildiyi barədə KİV-də kifayət qədər məlumatlar vardır. OCCRP təşkilatının Azərbaycanın əleyhinə olan məlumatlarının sürətlə dünya mediasında yayılması onu göstərir ki, bu təşkilatların arxasında böyük güclər dayanır. BBC, “Le Monde” və digər KİV-lərin Azərbaycana qarşı apardıqları informasiya müharibəsinin məzmununu yalnız insan hüquqları ilə bağlı məsələlər deyildir. Məsələn, onlar, Bakıda I Avropa Oyunları zamanı da Azərbaycana qarşı informasiya təxribatları həyata keçirmişlər.
Avropa Biriliyində Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) kimi tanınan qurum, Soros Fondunun maliyyələşdirdiyi “İnsan Haqları Evi”, Avropa Stabillik Təşəbbüsü (ESI), “Human Rights Watch”, “Amnesty İnternational”, “Açıq dialoq” və digər QHT-lərin arxasında dayanaraq, Azərbaycanın AB-nə daxil olmasına mane olur [16].
Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov “EurActiv” fondunun saytına verdiyi müsahibəsində deyib: “Biz Avropaya yaxın olduqca, daha çox tənqid eşidirik. Bir çox hallarda bu tənqidlər sünidir. Və biz bilirik ki, bu tənqidlərin arxasında kimlər dayanır. Biz Avropaya yaxın olmaqda maraqlıyıq, ancaq bəzi qüvvələr bu inkişafın, bu hərəkətin qabağını almaq istəyir.” [19].
Bu siyasi qurumlar, əllərində olan informasiya imkanlarından istifadə edərək beynəlxalq aləmdə belə bir təəssürat yaratmaq istəyirlər ki, güya Azərbaycan iqtidarı destopik, antidemokratik, korrupsioner bir hakimiyyətdir. Onlar, bununla, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq və ona daha çox təzyiq etmək imkanları əldə edirlər. Əslində, bu təzyiqlərin arxasında müəyyən siyasi və iqtisadi maraqlar dayanır. Bu maraqların başında göründüyü kimi, Azərbaycanın öz ərazisini qonşu dövlətlərə qarşı istifadə etməyə imkan verməməsidir. Bu həm də, Azərbaycanın öz milli maraqlarına cavab verən siyasətdir. Çünki İranda sosial-siyasi durumun gərginləşməsindən ilk növbədə İrandakı soydaşlarımız əziyyət cəkəcək və onların Azərbaycana kütləvi miqrasiyası, ölkədəki sabitliyi pozacaqdır. Prezident İlham Əliyevin müstəqil və merhiban qonşuluq siyasəti aparması, onun özünün bir çox qlobal dövlət və qurumların hədəfinə çevrilməsinə səbəb olubdur.
Prezident İlham Əliyev oktyabrın 4-də Brüsseldə Avropa Birliyinin iclasında deyib: “Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsinə gəldikdə, mən hər zaman həmkarlarımız və dostlarımıza məsələnin mahiyyətinə nəzər salmağı tövsiyə edirəm. Azərbaycan medianın kəskin hücumuna məruz qalmaqdadır. Bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Onu totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Bu, bir tendensiyadır. Mən prezident seçildiyim gündən bu tendensiya bizim hökuməti müşayiət edir... Bunlardan biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır. Lakin mahiyyətə baxsanız görərsiniz ki, Azərbaycan demokratik ölkədir, biz 2001-ci ildən Avropa Şurasının üzvüyük, qanunvericiliyimiz demək olar ki, yüz faiz Avropa standartlarına uyğundur.” [18].
Nəticə
1. Azərbaycanın beynəlxalq əlaqələrində və milli maraqlarının müdafiəsində İKT amili mühüm əhəmiyyətə malikdir. İnternetin və informasiya cəmiyyəti inkişaf etdikcə, müxtəlif dövlət strukturlarının və bank sistemlərinin elektron məlumat və idarəetmə mərkəzlərinə, dövlət sirri olan informasiya mənbələrinə müdaxilə edən kiberhücumların sayı da artır və onlar, müasir dünya siyasətinə ciddi təsir göstərən amilə çevrilirlər. Buna görə də, kiberhücumlar nəinki İKT sahəsində zəif ölkələrə, hətta, bu sahədə çox irəlidə olan ölkələrə təhlükə təşkil edir. Azərbaycan da mütəmadi şəkildə müxtəlif istiqamətlərdən bu cür təhdidlərə məruz qalır. Əgər nəzərə alsaq ki, dünyada İKT və informasiya cəmiyyətinin inkişafı labüddür və artan xətt üzrə davam edir, o zaman, kiberhücumların və kibercinayətlərin də artan xətt üzrə inkişaf edəcəyini söyləyə bilərik. Çünki son dövrlərdə hakerlər artıq cinayətkar qruplar kimi deyil, informasiya cəmiyyətinin müasir ordusunu təşkil edən qruplar kimi səciyyələndirilir. Onlardan dövlətlərin kəşfiyyat orqanları digər dövlətlərə, fərdlərə, təşkilatlara hücum etmək məqsədilə istifadə edirlər.
2. Azərbaycan hər tərəfdən informasiya təhlükəsizliyi ilə üzləşir. Bunların başında Ermənistan, Rusiya, İran, Çin, Qərb ölkələri gəlir. Hər tərəfdən kiberhücumların intensiv xarakter daşıması onu göstərir ki, Azərbaycan bir dövlət kimi beynəlxalq aləmdə mühüm əhəmiyyətə malikdir. Böyük dövlətlərin hibrid savaşlarının mahiyyətində dayanan əsas məqsəd, Azərbaycanın strateji mövqeyi və enerji resurslarını nəzarət altına almaq və onu özündən asılı vəziyyətdə saxlamaqdır. Bunun üçün İKT-dan siyasi-psixoloji təzyiq vasitəsi kimi istifadə olunur. Lakin, Azərbaycan beynəlxalq əlaqələrində və milli maraqlarının müdafiəsində İKT amilinin önəmini nəzərə alaraq, bu sahədə perspektiv inkişaf strategiyasını formalaşdırır.
3. Azərbaycanın coğrafi mövqeyinin “İpək Yolu” və logistikada mühüm yer tutması, həmçinin, Cənubi Qafqazda və digər bölgələrdə bir sosial-mədəni mərkəzə çevrilməsi, Azərbaycanda İKT sahəsində yeni bazarın formalaşmasına şərait yaradır. Azərbaycanda belə bir bazarın və İKT mərkəzinin yaradılması, bir çox transmilli İKT şirkətlərinin maraqlarına cavab verir. Azərbaycan bundan istifadə edərək (kadr potensialını zənginləşdirmək, İKT məhsullarının istehsalını təşkil etmək və s), İKT sahəsində öz milli təhlükəsizliyini artıra bilər.
4. Azərbaycanın informasiya təhlükəsizliyi siyasəti çoxvektorludur. Azərbaycan İKT sahəsində ABŞ, İsrail və bir çox transmilli şirkətlərlə əməkdaşlıq edir, həmçinin, İT sahəsində təhlükəsizliyə dair Avropa Şurası Konvensiyasına qoşulmuşdur.
5. Bəzi Qərb ölkələrinin və siyasi qurumlarının Azərbaycana qarşı apardığı informasiya müharibəsində əsas məqsəd, Azərbaycan ilə qonşu Rusiya və İran arasında münasibətləri gərginləşdirən təxribat xarakterli məlumatlar yaymaq, bölgədə gərginlik yaratmaq və bu yolla bölgəyə daxil olmaqdır. Soros və digər onun kimi təxribatçılar Cənubi Qafqazda qarışıqlıq yaratmaq üçün, Azərbaycanın Prezidenti İlham Əliyevi hədəf seçiblər. Çünki o, onların bölgədə məqsədlərinin gerçəkləşməsinə mane olur. Onların bölgədə insan hüquqları və demokratiya bayrağı alıtında həyata keçirmək istədikləri siyasətin bariz nümunəsini, son onilliklərdə Ukraynada baş verən hadisələrin nəticələrində müşahidə etmək olar.
6. Azərbaycan hər tərəfdən informasiya müharibələrinin hədəfindədir. İKT inkişafı və gələcək inkişafın onunla bağlı olduğunu nəzərə alsaq deyə bilərik ki, yaxın gələcəkdə hibrid savaşlar daha da çoxalacaqdır. Azərbaycan bu durumdan çıxmaq üçün, bölgədə İKT-nın əsas mərkəzlərindən birinə çevrilməli, türkdilli ölkələrin birgə informasiya təhlükəsizliyini inkişaf etdirmək istiqamətində strateji planlar hazırlamalıdır.
Açar sözlər: milli dövlətçilik, informasiya təhlükəsizliyi, Qərb, insan hüquqları, demokratiya, beynəlxalq münasibətlər.
Ədəbiyyat siyahısı
1. Мартиросян С. Некоторые вопросы информационной безопасности республики Армения. 21-й ВЕК, № 2 (6), 2007. s. 26-42.
2. https://fins.az/az/biznes/237382/prezident-aciqladi-kiberhucumlara-qarsi-mudafie/
3. http://hafta.az/ermenistan-azerbaycana-virtual-dunyada-da-tecavuzkarliq-edir-15643-xeber.html
4. http://www.e-qanun.az/framework/5455
5. https://www.tvreal.az/news/az/35516/az-domenli-saytlara-ugurlu-kiberhucumlar-88-artib
6. https://lent.az/news/161866
7. http://www.movqe.az/news/sosial/79243.html
8. https://qaziler.az/news.php?id=48991#.XuaWINUzbIU
9. http://sdf.gov.az/development/uploads/qrantlar_uzre_meqale_eif-ritn-mqm-2-ikt-2-2013-7-3/hesabat/17-hesabat.pdf
10. https://ictinfo.az/microsoft-suni-intellekti-azərbaycan-dilində-taninmasini-təmin-edəcək
11. https://musavat.com/news/prezidentin-komekcisi-silikon-vadisi-kimi-abseron-vadisini-yaratmaq-ucun-boyuk-potensial-var_710487.html
12. https://www.mediaclick.com.tr/blog/silikon-vadisi-nedir
13. https://sputnik.az/azerbaijan/20191225/422711215/azerbaycanda-israil-bazalari-haqqinda-dezinformasiyanin-muellifi-kimdir.html
14. http://musavat.com/news/freedom-house-un-sert-hesabati-naraziliq
15. http://musavat.com/news/the-guardian-qezetinin-meqalesine-deputatlardan-sert-tepki_580095.html
16. https://www.bbc.com/azeri/azerbaijan-42646536
17. http://hurriyyet.org/arxiv_ardi/azrbaycana-qar-novbti-tzyiq-dalasnda-kreml-v-soros-izihttp://modern.az/az/news/22517/#gsc.tab=0
18. http://musavat.com/news/qerbden-gelen-tezyiqlerin-perdearxasi-demokratiya-oyunu-yoxsa_472930.html
19. http://musavat.com/news/qerbden-gelen-tezyiqlerin-perdearxasi-demokratiya-oyunu-yoxsa_472930.html
NURADDIN MEHDIYEV
PhD candidate, The Academy of Public
Administration under the President of the Republic of Azerbaijan
E- mail: [email protected]
Information war of the West against Azerbaijan
Summary
The article discusses issues of information security in Azerbaijan, especially the nature and essence of the information war waged by the West against Azerbaijan. Information is given on the methods and provocations employed in the information war waged by Western media and organizations against Azerbaijan, and the subsequent threat to national statehood. The principal reasons for this war waged in the name of human rights and democracy are described. Further, the article seeks to identify the main reasons for their activity in the information war by Armenia and the Armenian Diaspora in the West. The article also raises issues arising from the new stage of uncertainty in traditional international relations in the context of the modern information war.
Keywords: national statehood, information security, the West, human rights, democracy, international relations.
НУРАДДИН МЕХТИЕВ
Диссертант Академии Государственного Управления при Президенте Азербайджанской Республики
E- mail: [email protected]
Информационная война Запада против Азербайджана
Резюме
В статье рассматриваются вопросы информационной безопасности Азербайджана, в частности характер и суть направленной против Азербайджана информационной войны Запада, приводится информация о том, какие именно западные СМИ наиболее активны в этом отношении, а также какие методы и способы они используют в своей деятельности, создающей угрозу национальной государственности. Автором предпринята попытка раскрыть основные причины ведущейся под ширмой борьбы за права человека и демократию информационной войны Запада против Азербайджана, и установить основные причины активности Армении и армянской диаспоры в западных странах в этой информационной войне. В статье также раcсматривается вопрос перехода на фоне современной информационной войны традиционных международных отношений на новый неопределенный этап.
Ключевые слова: национальная государственность, информационная безопасность, Запад, права человека, демократия, международные отношения.