Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf dinamikası

Post image

Gülarə Bağırova
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının doktorantı

Tarixi köklərini hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu gün yüksələn xəttlə inkişaf edir. Ötən ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin və sentyabrın 15-də Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi parad­larda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın iştirak etməsi, iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Bakı səmasında uçuş nümayiş etdirməsi, türk və Azərbaycan əsgərlərinin birgə yürüşü bir daha iki ölkə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Sentyabrın 15-də Azadlıq meydanında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafından danışaraq demişdir: “Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər” [16].
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, digər tərəfdən Rusiyanın regionda surətlə Ermənistanı silahlandırması və iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, Ermənistanda yerləşən Rusiya hərbi bazalarının hərbi-texniki gücünün artırılması (1999-cu ildə Rusiya Ermənistandakı hərbi bazasında MiG-29-un sayını 22-yə çatdırmış və burada S-300 raket sistemlərini yerləşdirmişdir [18]) müstəqilliyin ilk illərində Azərbaycanın hərbi təhlükəsizliyinə təhdid yaradan amillər idi. Mövcud vəziyyətdə Azərbaycan üçün hərbi-siyasi müttəfiqlərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Mütəxəssislərin də qeyd etdiyi kimi, 1994-2010-cu illərdə Azərbaycanda hərbi təhlükəsizlik siyasətinin formalaşdırılması, milli ordu quruculuğunun həyata keçirilməsi, regionda və dünyada Ermənistanın hərbi təcavüzünü pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən siyasi və hərbi müttəfiqlərin axtarılması və s. təxirəsalınmaz tədbirlərin görülməsi milli fəaliyyətin ən vacib məsələləri sırasına çıxarılmışdır [32, s.4-5].
Mövcud vəziyyətdə Azərbaycan üçün Türkiyə kimi hərbi-siyasi müttəfiqin olması çox əhəmiyyətli idi. 2001-ci ilin mart ayında Türkiyə Böyük Millət Məclisində çıxış edən ölkə başçısı Heydər Əliyev bununla bağlı demişdir: “Türkiyə bizim üçün həm dostdur, həm qardaşdır, həm dayaq nöqtəsidir, həm də arxadır. Bilirsiniz ki, bizim Qafqaz bölgəsində vəziyyət çox yaxşı deyildir. Çünki biz, Azərbaycan, qonşu Ermənistanla savaşdayıq. Digər qonşularımızla münasibətlərimizdə çox problemlər var. Ona görə dünyada bizim bir nömrəli müttəfiqimiz, bir nömrəli dostumuz Türkiyədir. Bizim Türkiyənin köməyinə ehtiyacımız var. Yəni iqtisadi nöqteyi-nəzərdən bizim problemimiz yoxdur... Ancaq siyasi nöqteyi-nəzərdən, strateji nöqteyi-nəzərdən və Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması baxımından Türkiyənin yardımına çox ehtiyacımız var” [19].
Məlum olduğu kimi, Türkiyə hələ SSRİ-nin mövcud olduğu şəraitdə - 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı və 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. Türkiyə hökuməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ölkəmizə ilk gündən daim dəstək verərək problemin Azərbaycanın ərazi bütövlü­yü və sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. 1993-cü ildə Kəlbəcərin işğalından sonra Ermənistanla sərhədi bağlayan Türkiyə bugünədək bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır.
Beləliklə də, Azərbaycan Türkiyə ilə hərbi sahədə əməkdaşlığa çox böyük önəm verirdi. Prezident Heydər Əliyevin 2001-ci il martın 12-dən 17-dək Türkiyəyə rəsmi səfərinin əsas məqsədlərindən biri də məhz iki ölkə arasında hərbi əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə müzakirələrin aparılması ilə bağlı idi. Ölkə başçısı martın 15-də Türkiyənin NTV televiziya kanalının əməkdaşlarına verdiyi müsahibəsində də iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilənin imzalanmasının vacibliyini qeyd etmişdir [18]. Səfər zamanı Heydər Əliyevin Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hüseyn Kıvrıkoğlu ilə təkbətək görüşündə də bu məsələ ilə bağlı müzakirələrin apırıldığı şübhə doğurmur.
2003-cü ilin oktyabr ayında “Gülüstan” sarayında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə haradadır, Azərbaycan da oradadır, Azərbaycan haradadır, Türkiyə də oradadır” [7] sözlərini söyləməsi Türkiyənin Azərbaycanın əsas müttəfiqi olduğunu bir daha nümayiş etdirdi və iki ölkə arasında münasibətlərin gələcək illərdə daha da genişlənəcəyinə əminlik yaratdı.
Əsası 1992-ci ilin avqust ayında Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Turkiyə Respublikası Hökuməti arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Muqavilə”nin imzalanması ilə qoyulan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı 2010-cu ilin avqustunda “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin [8] və həmin ilin sentyabrında “Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanması ilə yeni impuls almış oldu və qarşıdakı illərdə daha yeni sahələri əhatə edərək genişləndi. Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələlərini araşdıran tədqiqatçı Ahmet Yücenin də qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında 2010-cu il qarşılıqlı iş birliyi baxımından bir “zirvə ili” olmuşdur. Həmin ilin noyabr ayında Türkiyənin Müdafiə naziri Vecdi Gönülün Azərbaycana səfəri baş tutmuşdur. Səfər çərçivəsində nazir Azərbaycan Prezidenti ilə yanaşı Baş nazir, Müdafiə naziri, Müdafiə Sənayesi naziri və Dövlət Sərhəd Xidməti komandanı ilə görüşmüşdür. Keçirilən görüşlər zamanı V.Gönül Azərbaycanla bütün sahələrdə çalışmağa hazır olduqlarını bildirmişdir [2, s. 84].
Beləliklə, mövcud sənədlərin imzalanmasından sonra iki ölkə arasında hərbi əməkdaşlıq əlaqələri dinamik inkişaf edərək genişlənməyə başladı. Hazırda ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin hüquqi bazasını çoxsaylı saziş və müqavilələr təşkil edir. İki ölkə arasında mövcud olan əməkdaşlıq əlaqələri demək olar ki, hərbi əməkdaşlığın bütün sahələrini əhatə edir. Bura hərbi-siyasi, hərbi-texniki, hərbi təhsil və təlim, hərbi maliyyə, hərbi tibb və s. sahələr daxildir.
Qeyd etmək lazımdır ki, 2007-ci ildən başlayaraq iki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq (YSHD) iclasları keçirilir. YSHD iclaslarında hər iki ölkənin nümayəndə heyətləri Siyasi-Hərbi, Maddi-Texniki Təminat və Müdafiə Sənayesində Əməkdaşlıq üzrə yardımçı işci qruplarında əməkdaşlığın cari vəziyyətini müzakirə edir, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyət istiqamətlərini müəyyən edir və iclasların nəticələrinə əsasən yekun Protokolunu imzalayırlar.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əsas istiqamətlərindən birini hərbi təhsil sahəsində əlaqələr təşkil edir. Bu əlaqələrin əsası, qeyd edildiyi kimi, 1992-ci ilin avqust ayında “Qarşılıqlı hərbi təlim-təhsil haqqında müqavilə” və 1996-cı ilin iyun ayında “Hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş”in [9] imzalanması ilə qoyulmuşdur və bu əlaqələr hazırda da uğurla inkişaf etməkdədir. Türkiyə Azərbaycana təhsil sahəsində yardım göstərən ölkələr sırasında birinci yerdədir. Qeyd etmək lazımdır ki, son illərə qədər 7000-dən çox azərbaycanlı zabit Türkiyə hərbi məktəblərində təhsil almışdır [24, s. 290] və almaqdadırlar. Eyni zamanda Türkiyə Azərbaycana hərbi təhsil müəssisələrinin yaradılmasında da çox böyük yardım göstərmişdir. Bu gün iki ölkənin hərbi təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Buna misal olaraq cari ilin aprel ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin Türkiyəyə səfəri çərçivəsində Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi ilə görüşünü göstərmək olar. Görüşdə hər iki ölkənin hərbi təhsil müəssisələrinin müəllim-professor heyətinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilmişdir [6].
Azərbaycan-Türkiyə hərbi münasibətlərinin digər əsas istiqamətini hərbi-texniki əməkdaşlıq təşkil edir. İki ölkə arasında mövcud sahədə əməkdaşlıq haqqında müqavilə ilk dəfə 2000-ci ilin sentyabr ayında imzalanmışdır [10]. 2010-cu ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin “Hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri” bölməsinə əsasən tərəflər müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi-texniki vasitələrin təchizatı, müdafiə təyinatlı məhsulların yaradılması və istehsalı, müdafiə təyinatlı xidmətlərin təqdim edilməsi sahəsində əməkdaşlıq etmək barədə razılığa gəlmişdilər.
Ölkələrarası hərbi-texniki əməkdaşlığa hərbi silah və sursatların istehsalı üzrə birgə layihələrin həyata keçirilməsi, birgə müəssisələrinin yaradılması, hərbi məhsulların idxalı və ixracı, müdafiə sərgilərində iştirak və s. daxildir. Mövcud sahədə əməkdaşlıq hər iki ölkənin marağındadır. 2015-ci ilin mart ayında AzərTAc-a müsahibə verən Türkiyənin hazırkı xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğulayaraq demişdir: “Xüsusilə, hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı strateji cəhətdən, ümumi mənfəət və hədəflər çərçivəsində təkmilləşdirmək istəyirik” [21]. Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2017-ci ilin oktyabr ayında keçirilən 6-cı iclasında cıxış edən Azərbaycan Prezidenti İlham Əliyev də, öz növbəsində Azərbaycan üçün Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin maraq kəsb etdiyini vurğulayaraq demişdir: “...hərbi-texniki sahədə birgə fəaliyyətimiz davam edir. Türkiyənin gündən-günə inkişaf edən hərbi sənaye kompleksi bizim üçün böyük maraq kəsb edir. Biz Türkiyədən hərbi təyinatlı məhsulları alırıq və bundan sonra da alacağıq” [11]. Məhz həmin iclasın yekunun­da Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Sazişin [12] imzalanması mövcud sahədə tərəflərarası əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına şərait yaratmış oldu.
Beləliklə, Türkiyə şirkətləri Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşlıq etdiyi xarici ölkə şirkətləri arasında mühüm yer tutmaqdadırlar. MSN “Öztek”, “ASELSAN”, “Koza Teknik”, “MKEK”, “TİSAŞ”, “Otokar”, “HAVELSAN” şirkətləri ilə bir sıra hərbi məhsulların müştərək istehsalına nail olmuşdur. Məsələn, “Öztek” şirkəti ilə hərbi texnikaların termal və gecə görüş sistemlərinə görünməsini əngəlləyən multispektral örtüklərin, “Koza Teknik” şirkəti ilə təlim avadanlıqlarının, ASELSAN ilə müştərək moder­nizasiya işlərinin, termal görüş sistemlərinin və durbinlərin istehsalı daxildir [25].
1993-cü ildə rabitə sistemlərinə dair ilk müqavilənin imzalanması ilə başlanan ASELSAN Azərbaycan əməkdaşlığı 1998-ci ildə ilk müştərək “ASELSAN-Bakı” şirkətinin yaranması ilə davam etdi [4]. Azərbaycan ordusunun müasir texnika və avadanlıqlar ilə təmin edilməsi sahəsində bu şirkətin əhəmiyyətli rolu var. 1975-ci ildən Türkiyədə fəaliyyətə başlayan “ASELSAN” xaricdəki ilk şirkətini 1998-ci ildə məhz Azərbaycanda qurmuşdur. Bu şirkətin istehsal etdiyi hərbi rabitə vasitələri uzun illərdir Azərbaycan ordusunda geniş istifadə olunmaqdadır. Bura həmçinin “Şahin gözü” adlanan optik elektron sistemi, gecəgörmə cihazları və s. aiddir [5, s.77].
Bakıda keçirilən “ADEX-2018” Beynəlxalq müdafiə sərgisində iştirak edən “ASELSAN” şirkəti ilə Müdafiə Sənayesi Nazirliyi arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması [22] gələcək illərdə də mövcud əməkdaşlıq əlaqələrinin dinamik inkişaf etməsinə əminlik yaradır.
Bundan başqa, Türkiyədə tapança istehsalı üzrə aparıcı şirkətlərdən olan “TİSAŞ” ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən “Zigana K” və “Zigana F” modellərinin ölkəmizdə istehsalına icazə verilib. “Zəfər”, “Zəfər-K” və “İnam” adı ilə Bakıda istehsal olunan bu tapançalar Azərbaycan Müdafiə Nazirliyinin heyət silahı olaraq seçilib [1]. “ADEX-2018” sərgisində iştirak edən “TİSAŞ” şirkətinin İdarə heyətinin nümayəndəsi Murat Aləmdaroğlu testlərin keçirilməsi üçün yeni model tapançaların Azərbaycana göndərildiyini qeyd etmişdir. Şirkət nümayəndəsi testlər keçirildikdən sonra müvafiq qərar verilərsə Azərbaycanla polimer gövdəli tapançaların da istehsalının həyata keçiriləcəyini söyləmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan MDB ölkələri arasında Türkiyədən ən çox tapança alan ölkədir [26].
Azərbaycan Ordusunda geniş istifadə olunan “Bora-12” snayper tüfənginin istehsalçısı olan MKEK şirkəti Türkiyənin top və müxtəlif artil­leriya sursatlarının istehsalı üzrə aparıcı şirkətidir. Azərbaycan həmin şirkət ilə MP-5 tipli tapança-pulemyotunun birgə istehsalını həyata keçirir [30].
Bundan əlavə, Azərbaycan uzun illərdir Türkiyənin Otokar şirkəti ilə uğurlu əməkdaşlıq edir. Azərbaycan Ordusunun istifadəsində olan “Cobra” tipli zirehli döyüş maşını, ZPT tipli zirehli personal daşıyıçısı və “Land Rover Defender” tipli nəqliyyat vasitələri Türkiyənin Otokar şirkətinin məhsullarıdır. Azərbaycan Otokar ilə “Cobra” tipli zirehli maşınların birgə istehsalını həyata keçirmək niyyətindədir [29].
Türkiyənin HAVELSAN şirkəti Azərbaycanın hərbi təyinatlı simolyatorlara olan tələbatını qarşılayan başlıca şirkətlərdəndir. İlk dəfə Türkiyə milli müdafiə nazirliyinin maliyyə dəstəyi ilə AFOS artilleriya müşahidəçi simulyatorları dəsti Azərbaycan Silahlı Qüvvələrinin Təlim mərkəzində quraşdırılmışdır [31]. “ADEX-2018” Azərbaycan Müdafiə Sərgisində iştirak edən HAVELSAN şirkətinin Texnologiya və Elmi Araşdırmalar şöbəsinin direktoru Gökhan Özbilgin Azərbaycanla imzalanma mərhələsində olan nəzarət və idarəetmə texnologiyalarının istehsalı ilə də bağlı müqavilənin üzərində işlədiklərini söyləmişdir [17].
Yaxşı haldır ki, Türkiyə Müdafiə Sənayesi Katib­liyinin təşkilatçılığı ilə Azərbaycanda mütəmadi olaraq Türkiyə müdafiə sənayesində iştirak edən şirkətlərin imkanlarına dair təqdimatlar təşkil edilir. Eyni zamanda, həmin şirkətlərin nümayəndələri Azərbaycanın müdafiə sənayesi müəssisələrində olarkən orada istehsal prosesi və məhsullarla tanış olurlar. Bu kimi görüşlərin keçirilməsi ölkələrarası hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsində və genişlənməsində əhəmiyyətli rol oynayır və gələcək illərdə mövcud sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından hər iki ölkə üçün bir platforma olacağına əminlik yaradır.
2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkənin orduları arasında keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Qeyd etmək lazımdır ki, 2013-cü ildə əgər planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatmışdır [20]. 2019-cu il mayın 1-dən 3-dək “Mustafa Kamal Atatürk-2019” [33] , iyunun 7-dən 11-dək isə “Sarsılmaz qardaşlıq-2019” [34] Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimlərinin keçirilməsi bir daha iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdir­di.
Qeyd etmək lazımdır ki, hazırda hərbi təlimlər üçtərəfli formatda da həyata keçirilir. Belə ki, ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, ener­ji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları arasında hər il birgə “ETERNITY” kompyuter dəstəkli komanda-qərargah və hər üç ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin “Qafqaz Qartalı” təlimi keçirilir.
Qeyd etmək lazımdır ki, hər iki ölkənin Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirlikləri arasında, sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində də uğurlu əməkdaşlıq əlaqələri mövcuddur.
İki ölkə arasında hərbi tibb sahəsində də əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir. Türkiyə Respublikası Azərbaycana hərbi tibb mütəxəssislərinin hazırlanması sahəsində dəstək verən ölkələr arasında ön sırada dayanır. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında təhsil almış və təkmilləşmə kursu keçmiş mütəxəssislər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif tibb müəssisələrində xidmət göstərirlər. Eyni zamanda, türkiyəli mütəxəssislər tərəfindən mütəmadi olaraq Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin tələbə və rezidentlərinə mühazirələr oxunur, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan xəstələrin konsultasiyası, azərbaycanlı həkimlərlə birgə cərrahi və ortopedik əməliyyatlar həyata keçirilir [13].
Hər iki ölkənin hərbi tibb mütəxəssislərinin qarşılıqlı səfərləri, hərbi təbabətin müasir problemlərinə həsr olunmuş elmi-praktik konfranslarda birgə iştirakı mövcud sahədə əməkdaşlıq əlaqələrinin inkişafında və genişləndirilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan Gülhanə Hərbi Tibb Akademiyasının rəisi, korpus generalı Ömər Paçın 2015-ci ilin aprel ayında, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi kontr-admiral Hayati Bilgiçin 2017-ci ilin iyun ayında [23] Bakıya səfəri zamanı Azərbaycanın Müdafiə naziri ilə görüşü mühüm əhəmiyyət kəsb edir. Hər iki görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi tibb sahəsində əməkdaşlıq yüksək qiymətləndirərək bu əlaqələrin idən-ilə genişləndiyi qeyd olunmuşdur.
Qeyd etmək lazımdır ki, iki ölkənin hərbi tibb mütəxəssisləri hərbi tibb təlimlərində də müştərək iştirak edirlər. Belə ki, 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin üç həkiminin Türkiyənin Sağlamlıq Universiteti tərəfindən təşkil edilmiş təlimlər çərçivəsində Əskişəhər Yunus Əmrə Dövlət Xəstəxanasında hava və kosmos həkimliyi üzrə yüksək səviyyəli fizioloji təhsil kursunda və “Hipoksiya və hiperventilyasiya”, “Barotravmalar”, “Səs-küy və titrəyiş”, “Hərəkət xəstəliyi”, “Aviasiyada insan amilləri (HFACS)”, “Aviasiya psixologiyası” mövzularında akademik təlimlərdə iştirakını buna misal göstərmək olar [14].
2018-ci ilin dekabr ayında Ankara şəhərində keçirilmiş Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının sonunda “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında” protokolun imzalanması qarşıdakı illərdə iki ölkənin mövcud sahədə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə zəmin yaradır [15].
Bir həqiqətdir ki, elə hərbi sahələr varki, bunlarda Azərbaycan yüksək təcrübəyə malikdir. Məsələn, Türkiyə minatəmizləmə sahəsində Azərbaycan təcrübəsinə maraq göstərir. Belə ki, Türkiyə Müdafiə Nazirliyinin minatəmizləmə mərkəzi rəhbərinin Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA-nın) təcrübəsini öyrənmək məqsədilə Azərbaycana səfər etməsini və əməliyyatların aparıldığı ərazilərdə olmasını göstərmək olar [3].
Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əlaqələrin möhkəmlənməsində önəmli rol oyna­yan məqamlardan biri də hər iki ölkənin hərbi qulluqçularının və onların ailə üzvlərinin qarşılıqlı səfərləridir. Belə ki, Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Azərbaycanın Müdafiə nazirinin əmrinə əsasən 2017-ci ilin iyul ayında [27] və 2018-ci ilin avqust ayında [28] türkiyəli zabitlər və onların ailə üzvləri Bakı, Gəncə, Şəki, Şəmkir və Göygöldə olaraq ölkəmizin zəngin mədəni irsi, qədim tarixi abidələri ilə tanış olmuş, onlar üçün təşkil edilmiş konsert proqramında iştirak etmişdilər. Belə səfərlərin təşkili hər iki xalqın digər tərəfin tarixi və mədəniyyəti ilə tanışlığına imkan yaratmaqla yanaşı ölkələrarası münasibətlərin genişlənməsinə də xidmət edir.
Göründüyü kimi, Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu söyləməyə əsas verir. Hərbi əməkdaşlığın bütün sahələrini əhatə edən bu əlaqələr iki ölkənin orduları arasında sıx münasibətlərin qurulmasına xidmət edir və ən başlıcası, bu əlaqələrin yüksələn xəttlə inkişaf etməsi regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Ədəbiyyat:
Azərbaycan dilində:
1. ADEX-2018: TİSAŞ yeni polimer tapançalarını Azərbaycanla birgə istehsal edə bilər. 28.09.2018 - http://az.azeridefence.com/adex-2018-tisas-yeni-polimer-tapancalarini-azerbaycanla-birge-istehsal-ede-biler/
2. Ahmet Yüce. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı (2003-2015). //“Hərbi bilik” jurnalı, 2016. N 1
3. ANAMA minatəmizləmə potensialını gücləndirir – müsahibə 11.09.2015 - http://az.azeridefence.com/anama-minatemizleme-potensialini-guclendirir-musahibe/
4. “ASELSAN-Bakı” yeni sektorlara yönəlməyi planlaşdırır. 22.04.2017 - http://az.azeridefence.com/aselsan-baki-yeni-sektorlara-yonelmeyi-planlasdirir/
5. “ASELSAN”ın Türkiyə milli müdafiə sənayesinin yaranmasında həlledici rolu. //Azimut. “Hərbi bilik” jurnalının elmi-nəzəri bülleteni.2016, N 1, s.77-79
6. Azərbaycan Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib. 18.04.2019 . https://mod.gov.az/az/news/azerbaycan-ali-herbi-mektebinin-reisi-turkiyede-bir-sira-goruslerde-istirak-edib-26516.html).
7. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yekun nitqi. 31.10.2003. s. 7 - http://files.preslib.az/site/ialiyev/2003.pdf
8. Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə. http://www.e-qanun.az/framework/21158
9. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş. 10.06.1996 (məxvi) - http://mfa.gov.az/files/file/Turkiye.pdf
10. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq inkişaf etdirilməlidir – nazir Vecdi Gönül (müsahibə). 10.03.2011 - https://az.trend.az/azerbaijan/politics/1842626.html
11. Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. 31.10.2017 - https://president.az/articles/25649
12. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu. - http://www.e-qanun.az/alpidata/framework/data/38/f_38157.htm
13. Azərbaycan və Türkiyə hərbi təbabət sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. 30.09.2014 - http://az.trend.az/news/politics/2317465.html
14. Azərbaycanlı hərbi həkimlər Türkiyədə təlim keçiblər. 13.10.2017. - http://kaspi.az/az/azerbaycanli-herbi-hekimler-turkiyede-telim-kecibler/pages/config/xml/pages/q/pdf/config.xml
15. Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb. 20.12.2018 - https://mod.gov.az/az/news/azerbaycan-turkiye-11-ci-yuksek-seviyyeli-herbi-dialoq-iclasi-basa-catib-25244.html
16. Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda İlham Əliyevin nitqi. 15.09.2018 - https://president.az/articles/30012
17. HAVELSAN: Azərbaycanla yeni texnologiyaların istehsalı üzrə müqavilə üzərində işləyirik. 28.09.2018 .
- https://ordu.az/az/news/141002/havelsan-azerbaycanla-yeni-texnologiyalarinin-istehsali-uzre-muqavile-uzerinde-isleyirik
18. Heydər Əliyevin TÜRKİYƏNİN NTV TELEVİZİYA KANALININ ƏMƏKDAŞLARI İRFAN SAPMAZ VƏ DİDƏM TUNCAYA VERDİYİ MÜSAHİBƏSİ (15 mart 2001) s. 222 - http://files.preslib.az/projects/toplu/v2/f3_11.pdf
19. Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisində çıxışı. 13.03.2001 - http://files.preslib.az/projects/toplu/v2/f3_11.pdf
20. Həsənov Z.: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır. 18.06.2019 - https://mod.gov.az/az/news/zakir-hesenov-prezident-ilham-eliyevin-rehberliyi-ile-azerbaycan-silahli-quvvelerinde-esasli-islahatlar-aparilir-27324.html
21. Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanla hərbi sahədə əməkdaşlığı ümumi hədəflər çərçivəsində təkmilləşdirmək istəyir. 05.03.2015 https://azertag.az/xeber/Movlud_CHavusoglu_Turkiye_Azerbaycanla_herbi_sahede_emekdasligi_umumu_hedefler_cherchivesinde__tekmillesdirmek_isteyir-837126
22. MSN ilə ASELSAN arasında memorandum imzalanıb. 25.09.2018. - http://az.azeridefence.com/msn-ile-aselsan-arasinda-memorandum-imzalanib/
23. Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi ilə görüşüb. 13.06.2017 - https://mod.gov.az/az/news/mudafie-naziri-turkiye-silahli-quvvelerinin-tibb-xidmeti-reisi-ile-gorusub-18895.html
24. Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə /məqalələr toplusu/. Bakı: “BEST-TMS” MMC, 2016, 645 s.
25. Süleymanov R. Azərbaycan HSK: layihələr, imkanlar və perspektivlər. 27.01.2012 - http://az.azeridefence.com/azrbaycan-hsk-layihlr-imkanlar-v-perspektivlr
26. Türkiyə Azərbaycana 4351 tapanca satıb. 23.06.2014 – http://news.lent.az/news/170541
27. Türkiyənin bir qrup zabit heyətinin ölkəmizə səfəri başa çatıb. 14.07.2017 - https://mod.gov.az/az/news/turkiyenin-bir-qrup-zabit-heyetinin-olkemize-seferi-basa-catib-19252.html
28. Türkiyəli hərbi qulluqçular ailə üzvləri ilə birlikdə Azərbaycanda səfərdədir. 03.08.2018 – https://mod.gov.az/az/news/turkiyeli-herbi-qulluqcular-aile-uzvleri-ile-birlikde-azerbaycanda-seferdedir-23716.html
Türk dilində:
29. Azerbaycan ve Türkiye arasında askeri alım ve savunma sanayi projeleri... - http://www.trsavunmasanayi.com/2018/07/azerbaycan-turkiye-silah-ticareti.html
30. Azerbaycan-Türkiye Silah Ticareti. - http://www.trsavunmasanayi.com/2018/07/azerbaycan-turkiye-silah-ticareti.html
Rus dilində:
31. ВС Азербайджана намерены закупить в Турции новый симулятор артиллерийского огня. 17.06.2014. http://news.mail.ru/inworld/azerbaijan/politics/18581177/?frommail=1
32. Ниязов Н.С. Основные векторы политики военной безопасности Азербайджанской Республики в 1994-2010 годы. Санкт-Петербург, 2010, 208 c.
Internet resursları:
33. https://mod.gov.az/az/news/olkemizde-azerbaycan-turkiye-birge-herbi-telimi-kecirilecek-video-26562.html 22.04.2019
34. https://mod.gov.az/az/news/naxcivanda-sarsilmaz-qardasliq-2019-azerbaycan-turkiye-birge-doyus-atisli-taktiki-telimi-baslayib-video-27148.html 07.06.2019

 

Açar sözlər: Azərbaycan Respublikası, Türkiyə Respublikası, ikitərəfli hərbi əməkdaşlıq, birgə hərbi təlimlər, hərbi təhsil, hərbi-texniki əməkdaşlıq

 

Гюляра Багирова
Докторант Академии Государственного Управления при Президенте Азербайджанской Республики

Динамика развития азербайджано-турецкого военного сотрудничества
Резюме
Берущая свои исторические корни со времен Азербайджанской Демократической Республики азербайджано-турецкое военное сотрудничество, сегодня успешно развивается по восходящей линии. Двусторонние военные взаимоотношения охватывают, можно сказать, все области военного сотрудничества. Сюда входит военно-политическое, военно-техническое сотрудничество, а также сотрудничество в области военного образования, военной медицины и т.д.
Начиная с 2013 года, между вооруженными силами Азербайджана и Турции проводятся совместные военные учения, основная цель которых достижение координации взаимодействия между военными подразделениями армий двух стран, а также развитие навыков ведения совместных операций.
Азербайджано-турецкое военное сотрудничество сегодня успешно развивается также в многостороннем формате.
В статье исследованы вопросы двустороннего военного сотрудничества, в частности динамика развития этих отношений.

Ключевые слова: Азербайджанская Республика, Турецкая Республика, двустороннее и многостороннее военное сотрудничество, совместные военные учение, военное образование, военно-техническое сотрудничество.

Gulara Bagirova
PhD student of the Academy of Public
Administration under the President of
the Republic of Azerbaijan

 

The development dynamics of military
cooperation between Azerbaijan and Turkey
Summary
Taking its historical roots from the times of the Azerbaijan Democratic Republic, the military cooperation between Azerbaijan and Turkey is successfully developing on the ascending line. Bilateral military relations cover all areas of military coope­ration. This includes military-political, military-technical cooperation, as well as cooperation in military-educational, military-medical fields.
Starting from 2013, joint military exercises are held between armed forces of Azerbaijan and Turkey, the main goal of which is to achieve coordination of interaction between the military units of two countries’ armies, as well as the development of joint operations skills.
Today military cooperation between Azerbaijan and Turkey is also successfully developing in a multilateral format.
The article examines bilateral military cooperation issues, in particular the development dynamics of these relations.

Key words: Azerbaijan Republic, Republic of Turkey, bilateral military cooperation, joint military exercises, military education, military-technical cooperation.

 

"GEOSTRATEGİYA" jurnalı №04 (52) İyul-Avqust 2019