AVROPA İTTİFAQI VƏ AZƏRBAYCAN RESPUBLİKASI MÜNASİBƏTLƏRİNDƏ ENERJİ AMİLİNİN YERİ VƏ ROLU

Post image

Şəbnəm Həsənova
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının doktorantı

E-mail: [email protected]

Giriş
Enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Əgər Samuel Hantinqton yaşadığımız XXI əsri dünya sivilizasiyalarının toqquşması əsri kimi xarakterizə edirdisə, müasir siyasi reallıqlar kontekstində bir sıra siyasi ekspertlər dünya siyasətinin aparıcı amili kimi dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması ilə səciyyələndirirlər. Enerji təhlükəsizliyinin siyasi məfhum kimi meydana çıxmasının tarixi başlanğıcı vardır. Belə ki, Birinci Dünya müharibəsi ərəfəsində Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü siyasi mənzərəsini müəyyənləşdirən əsas şəxslərdən biri olan Uinston Çörçill ingilis donanmasının gəmilərinin enerji qaynağını kömürdən neftə keçirtmək haqqında tarixi bir qərar qəbul etdi. Çörçill ingilis donanmasını alman donanmasından daha sürətli etmək niyyətində idi. Lakin bu keçid Kral Dəniz Qüvvələrinin təkcə Uelsdəki kömürə deyil, eyni zamanda, o dövrdə Fars körfəzindən gələcək neft tədarükünə olan ehtiyacın vacibliyini də ifadə edirdi. Beləliklə, enerji təhlükəsizliyi milli strategiyanın əsas məsələsinə çevrildi.
Enerji təhlükəsizliyi bu gün də dünya dövlətlərinin bir nömrəli gündəm mövzusu olmaqda davam edir. Enerji təhlükəsizliyinə olan diqqət artan yüksək neft qiymətləri ilə əlaqələndirilir. Bununla yanaşı, terror təhlükəsi, bəzi ixracatçı ölkələrdəki qeyri-sabitlik, geosiyasi rəqabət, həmçinin ölkələrin iqtisadi genişlənməsini təmin etmək üçün enerjiyə olan ehtiyacı daha da artırır. Çox uzaq gələcəkdə deyil, qarşıdan gələn onilliklərdə dünyanın enerji tələbatını ödəmək üçün kifayət qədər mənbələrin olub-olmayacağına dair narahatlıq artmaqda davam edir.
Enerji təhlükəsizliyinin hər kəs tərəfindən qəbul olunmuş vahid tərifi yoxdur. Əgər inkişaf etmiş ölkələr üçün bu, əlverişli qiymətlərlə kifayət qədər tədarükün olmasıdırsa, ayrı-ayrı ölkələr bu konsepsiyanı fərqli şəkildə izah edirlər. Belə ki, enerji ixrac edən ölkələr öz ixracatlarında “tələbat təhlükəsizliyini” qorumağa çalışırlar ki, bu da hökumət gəlirlərinin böyük hissəsini meydana gətirir. [4]
Beynəlxalq enerji agentliyinə istinadən desək enerji təhlükəsizliyi əlverişli qiymətə enerji ehtiyatlarının davamlı təmin olunmasıdır (IEA). Qısacası, enerji təhlükəsizliyi mənbələrin, idxalın və ixracın mövcudluğu ilə əlaqədardır. [6]
Son bir neçə onillikdə Avropa İttifaqında təbii qaz kimi təbii ehtiyatların istehlakı və idxalı xeyli artmışdır. Bu dinamika, xüsusilə Avropa İttifaqı ölkələrində tələbin artmasını müşahidə edərkən özünü göstərir. Əsasən, aşağıdakı paradiqma Avropada təbii qaz istehsalının azalmasından və bu prosesin nəticəsində qitənin alternativ enerji mənbələrini nəzərdən keçirməsindən irəli gəlir. Nəticədə, Avropa İttifaqı Şimali Afrika, Rusiya Federasiyası və Şimali Avropa kimi digər ölkələrdən təbii qaz ehtiyatlarının idxalından çox asılı vəziyyətə gəldi. Qeyd etmək vacibdir ki, Avropa qlobal kontekstdə üstünlük təşkil edən enerji istehlakçısını təmsil edir və bu reallıq bu mənbənin mövcudluğunu təmin edən canlı bir satınalma sisteminin mövcudluğunu tələb edir.
Avropanın enerji mənbələrinə olan geniş tələbini nəzərə alaraq, ittifaqın alternativ mənbə tədarükçülərini axtarmaq qərarını başa düşmək məntiqli olur. Bu vəziyyətdə Rusiya Federasiyası əvəzolunmaz ticarət tərəfdaşı olduğunu sübut etdi, lakin bu tərəfdaşlığın müstəsna olaraq müsbət olduğunu güman etmək də düzgün deyil.
Azərbaycanın Avropa İttifaqını müəyyən miqdarda təbii qazla təmin edə bilməsi qitənin Rusiyadan asılılığını minimuma endirə bilər. Eyni zamanda, bu məsələ Xəzəryanı ölkələri səmərəli şəkildə Avropa enerji siyasətinin mərkəzinə qoydu. Alternativ təbii qaz tədarükçüsü olaraq Azərbaycan Respublikası Avropa İttifaqının enerji təhlükəsizliyinin dayanıqlığının təmin edilməsində əsas tərəfdaşa çevrildi və nəticə olaraq da Avropa İttifaqına üzv ölkələrin milli təhlükəsizliyində enerji təhlükəsizliyini qorumaq baxımından onlara yardım göstərmək üçün mühüm rol oynayır.
Qlobal enerji bazarında Azərbaycanın mövqeyinin nəticəsi olaraq, Avropa İttifaqı Azərbaycanla münasibətlərini tərəfdaşlıq kontekstində davam etməsinə şərait yaradılmasını təmin etmək üçün çox səy göstərmişdir. Bu tərəfdaşlığın qarşılıqlı surətdə faydalı olması Avropa bazarının enerji ixracı strategiyasında Azərbaycanı əsas tərəfdaşı kimi qəbul olunduğunu nəzərə alması açıq aydın olur. Avropa İttifaqı ilə Azərbaycan arasındakı ticarət tərəfdaşlığı 2006-cı ilin iyul ayında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin yaradılmasından qaynaqlandı. Bu çərçivədə 2006-cı il noyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratdı. Əslində, bu Memorandum müvafiq dövlətlərin enerji təchizatının birindən digərinə ötürülməsi ilə bağlı strateji münasibət qurmaq öhdəliyini əhatə edirdi. [2]
Enerji təhlükəsizliyi bugünkü siyasətdə də Avropa İttifaqının əsas və uzunmüddətli strategiyasıdır. Aİ istehlak etdiyi enerjinin 50%-dən çoxunu idxal edir. Beləliklə, də idxaldan asılılıq çox yüksəkdir ki bu da tədarükün pozulmasının potensial risklərinin mövcudluğundan xəbər verir. Enerji idxalından asılılıq xam neft üzrə (90%), təbii qaz üzrə (66%) və bərk yanacaq üzrə (42%), həmçinin nüvə yanacağı üzrə (40%) təşkil edir. Bu asılılıq bəzən müxtəlif risklərlə daha da pik səviyyəyə çatmış olur. Belə ki, 2009-cu ildə Rusiya ilə Ukrayna arasındakı münaqişə Aİ-nın qaz təminatının kəsilməsinə səbəb oldu. Buna görə Aİ gələcəkdə belə risklərin azaldılması üçün tədbirlər həyata keçirdi ki, onlardan biri də tədarükü təmin etmək üçün qanunvericilik aktlarının hazırlanmısıdır. Beləliklə, Aİ-nin ener­ji təhlükəsizliyi məqsədləri yeni qaz mənbələri və Rusiyadan kənar mənbələrdən daha çox qaz gətirmək üçün alternativ mənbələr tapmaq, üstəlik, enerji sektoruna çox sərmayə yatırmaq və bölgədəki enerjinin sabit təmin edilməsidir. [5]
Məsələyə mövcud nümunələr kontekstindən yanaşdıqda Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni, yeganə, alternativ eneji mənbəyi funksiyasına malikdir. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və həmin ölkənin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbirincə desək, “Azərbaycan təbii qazı Cənub dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir”. [3]
Cənub Qaz Dəhlizi Gürcüstan və Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya ötürülməsini hədəfləyən və 3500 kilometr uzunluğunda qaz boru kəməri olan qlobal enerji infrastrukturu layihəsidir. Bu layihə bir-birinə bağlı dörd fərqli seqmentdən ibarət 38 milyard dollara başa gələn böyük bir infrastrukturdur.
Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentləri ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan Albaniya və Adriatik dənizin dibi ilə cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP).
Bu mənada Cənub Qaz Dəhlizi layihəsi Orta Asiya və Xəzər bölgəsindən Avropaya təbii qazın nəql edilməsi üçün enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Buna görə də Avropa İttifaqı marağındadır ki, Cənub Qaz Dəhlizinin reallaşdırılması ilə Azərbaycan qazı Qərb dövlətlərinə tezliklə nəql edilsin. Bu hədəfə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans–Anadolu Boru Kəməri və Trans–Adriatik Boru Kəmərinin inkişafı ilə nail olmaq mümkündür.
Bu məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Nəticə etibarilə Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunmuşdur. Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir. Bu, həm də o deməkdir ki, boru kəmərləri Azərbaycana Avropa İttifaqı ilə münasibətlərində daha geniş səlahiyyətlər verəcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq Avropa İttifaqı Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun 2019-cu il iyulun 9-da Azərbaycana səfəri bu münasibətin əsas göstəricilərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Donald Tuskla görüşdən sonra dedi: “Cənub Qaz Dəhlizi layihəsi uğurla icra olunur. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçməkdədir”. Donald Tusk da öz növbəsində bəyan etdi: “Avropa İttifaqı ilə Azərbaycan hər il bir-birinə daha da yaxınlaşır. Münasibətlərimiz daha da güclənir və Cənub Qaz Dəhlizi layihəsi bizi birləşdirir. Bu müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, xalqlarımıza fayda gətirməli və Azərbaycanın öz islahat proseslərini və iqtisadi şaxələndirilməsini müşayiət etməlidir”. [7]
Son dörd ildə Azərbaycan və Avropa İttifaqının təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilmişdir. 2015-ci ildən bəri Avropa İttifaqı bu tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur.
Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində bilavasitə Ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas özəyini təşkil edir. Müqavilə imzalandığı dövrdə–1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə Ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. [1]
Qeyd olunduğu kimi, Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan Respublikası olmuşdur. Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan ¬Trans–Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazını birbaşa Avropaya çatdırmağa hazırdır. TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur. [9]
Nəticə etibarilə Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalacaq və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır. Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) tamamlandıqdan sonra Azərbaycan Şahdəniz -2 yatağından çıxarılan təbii qazı TANAP və TAP vasitəsilə Avropaya ötürəcəkdir. Onu da qeyd etmək lazımdır ki, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 95.1 faizdən çoxu tamamlanmışdır. [10]
Qeyd olunduğu kimi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji təhlükəsizliyi siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur. Cənub Qaz Dəhlizi layihəsi də bu uğurlu enerji təhlükəsizliyi siyasətinin mühüm tərkib hissəsidir. Bütövlükdə, Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi olmaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin əsas önəmi ondadır ki, o sözün əsl mənasında, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır. Bu məqamda xüsusilə vurğulamaq lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı məhz Azərbaycan Respublikası olmuşdur. Hazırda sözügedən layihənin reallaşması istiqamətində son tamamlanma işləri başa çatmaqdadır və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verməyə hazırdır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı da elə məhz Azərbaycanda keçirilir. Bu faktın özü də ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən əsas amillərdən biridir. Məşvərət Şurası meqa layihə hesab olunan Cənub Qaz Dəhlizi layihəsinin icrasında tərəfdaş ölkələrin səylərini möhkəmləndirən faydalı və effektiv işçi mexanizminə malikdir.
Bütün bu amilləri sadaladıqdan sonra belə bir sual ortaya çıxır: “Dünyada Azərbaycandan da çox enerji resursları olan dövlətlərin olmasına baxmayaraq niyə məhz Azərbaycan bu qədər nəhəng bir layihənin həyata keçirilməsində uğurludur? Bu uğur düsturunun sirri nədən ibarətdir?”
Heç şübhəsiz ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən görülmüş bütün işlər, o cümlədən beynəlxalq arenadakı mövqelərimiz, bir çox ölkələrlə, habelə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya kimi ölkələrlə dostluq münasibətlərimizin mövcudluğu, ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq - bütün bunlar enerji təhlükəsizliyi məsələsinin uğurla həyata keçirilməsinə böyük təkan vermişdir. Bu ölkələr Azərbaycana çox yaxın ölkələrdir, bu yaxınlığı təsdiqləyən amil isə ölkə başçımızın sözügedən ölkələrə səfəri və onların dövlət və hökumət başçıları ilə olan görüşləridir. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra olunması ona cəlb olunan tərəfdaş ölkələrin tək bir məqsəd ətrafında birləşməsidir. [8]
Bir sözlə, bu gün Aİ və ABŞ tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi layihəsi Rusiyanın enerji layihələrini Avropaya yönəltməyə məcbur etdi.

Nəticə
Mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət kursu Azərbaycanı regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regio­nal, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir. Elə bu səbəbdəndir ki, dünya dövlətləri irimiqyaslı və əhəmiyyətli layihələrdə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Nəticə etibarilə, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqının əsas enerji və geosiyasi təşəbbüsü olaraq qalmaqdadır və Azərbaycan öz qazını Avropa İttifaqına ixrac etməkdə maraqlıdır.

Açar sözlər: Avropa İttifaqı, Azərbaycan, enerji, əməkdaşlıq, Cənub Qaz Dəhlizi

ƏDƏBİYYAT SİYAHISI:
1. Həsənov Ə.M. Xəzər-Qara Dəniz hövzəsi və Cənubi Qafqazın Geoiqtisadiyyatı: Azərbaycanın Enerji Siyasəti
2. Jamalov R., Alizada T., “Energy security and energy union perspectives from Azerbaijan” 2015. Retrieved from: http://cesd.az/new/wp-content/uploads/2015/11/Energy_security_and_Energy_union_perspectives_for_Azerbaijan_CESD_Policy_Paper.pdf
3. Ratner M., et al, “U.S. Natural Gas Exports: New Opportunities, Uncertain Outcomes” CRS Report R42074
4. Yergin D., “Ensuring Energy Security”, 2006, p. 69-82
5. European Commission, (2014). Communication from the Commission to the European Parliament and the Council, European Energy Security Strategy. Retrieved from https://eur-lex.europa.eu/legal-content/EN/TXT/HTML/?uri=CELEX:52014DC0330&from=EN
6. IEA (International Energy Agency). Retrieved from https://www.iea.org/topics/energysecurity/whatisenergysecurity/
7. https://en.president.az/articles/28797
8. https://az.trend.az/azerbaijan/politics/3199993.html
9. https://azertag.az/xeber/TANAP_iyulun_1_den_Avropaya_tebii_qaz_neqli_uchun_tam_hazirdir-1301009
10. https://azertag.az/xeber/TAP_layihesinin_951_faizi_tamamlanib-1487629

Shabnam Hasanova
Ph.D. candidate, Department of International Relations and Foreign Affairs, Academy of Public Administration under the President of the Republic of Azerbaijan

THE ROLE OF ENERGY FACTOR IN
RELATIONS BETWEEN EUROPEAN UNION AND THE REPUBLIC OF AZERBAIJAN

SUMMARY
As an alternative supplier of natural gas, Azerbaijan has become a key partner in ensuring European Union’s energy security and, as a result, plays an important role in assisting European Union member states to protect energy security. For this purpose, a Joint Declaration on the Southern Gas Corridor was signed between the European Union and Azerbaijan in Baku back in 2011. As a result, significant progress has been made in relations between Azerbaijan and the European Union. If earlier Azerbaijan was seen as a mediating country, now our country has become a key player in determining the form and future of the Southern Corridor. It also means that the pipelines will give Azerbaijan greater powers in its relations with the European Union.

Keywords: EU, Azerbaijan, energy, cooperation, Southern Gas Corridor

 

Шабнам Гасанова
Докторант кафедры международных отношений и внешней политики Академии Государственного Управления при Президенте Азербайджанской Республики

РОЛЬ ЭНЕРГЕТИЧЕСКОГО ФАКТОРА
В ОТНОШЕНИЯХ МЕЖДУ ЕВРОПЕЙСКИМ СОЮЗОМ И АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКОЙ

РЕЗЮМЕ
Как альтернативный поставщик природного газа, Азербайджан стал ключевым партнером в обеспечении энергетической безопасности Европейского Союза и, как следствие, играет важную роль в оказании помощи государствам-членам Европейского Союза в защите энергетической безопасности. С этой целью в 2011 году в Баку между Европейским союзом и Азербайджаном была подписана Совместная декларация о Южном газовом коридоре. В результате был достигнут значительный прогресс в отношениях между Азербайджаном и Европейским союзом. Если раньше Азербайджан считался страной-посредником, то теперь наша страна стала ключевым игроком в определении формы и будущего Южного коридора. Это также означает, что эти трубопроводы дадут Азербайджану больше полномочий в отношениях с Евросоюзом.

Ключевые слова: Европейский союз, Азербайджан, энергетика, сотрудничество, Южный газовый коридор